Qəbələ Mədəniyyət Mərkəzinin açılışı olmuşdur

 

 

Prezident İlham Əliyev açılış mərasimində iştirak etmişdir

Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələ Mədəniyyət Mərkəzinin açılışında iştirak etmişdir. Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi.

Dövlətimizin başçısına məlumat verildi ki, nəhəng “Ağ royal” formasında tikilmiş bina ətraf ərazi ilə ahəngdar mühit yaradır. Binanın alt qatında avtomobillər üçün xüsusi qaraj inşa olunmuşdur. Mərkəzin foyesi genişliyi və müasirliyi ilə diqqəti cəlb edir. Burada Mədəniyyət Mərkəzinin hazırkı görünüşü və gələcək layihələrlə bağlı maketlər də vardır. Foyedə, həmçinin ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşə də yaradılmışdır. Mərkəzdə teatr tamaşalarının, konsert proqramlarının, yeni texnologiya ilə təqdim olunan kinofilmlərin nümayişi və digər müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür imkan mövcuddur.

Bildirildi ki, üç qrim, bir məşq otağının fəaliyyət göstərdiyi mərkəzdəki 400 yerlik əsas tamaşa salonu nümunəvi tərtibatı ilə diqqəti cəlb edir. İkinci mərtəbədə müşavirə zalı, iki VİP, üç dərnək, rejissor və aktyorların istirahəti, həmçinin teatr kostyumlarını saxlamaq üçün otaqlar yerləşir. Bu binanı fərqləndirən cəhət daxili divarların ekoloji baxımdan təmiz və nəfis şəkildə işlənmiş taxta materiallarla üzlənməsidir. Bina ən müasir akustik texnologiya və dünya standartlarına uyğun teatr texnikası avadanlığı, Avropanın aparıcı şirkətlərinin istehsalı olan üzlük və tamamlama materialları ilə, məxsusi çıraq və mebellərlə təchiz edilmişdir. Tikinti zamanı müasir texnologiyadan, yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunması binanın xarici  və daxili görüntüsünü daha cəlbedici etmişdir.

Diqqətə çatdırıldı ki, Qəbələdə tez-tez mədəniyyət tədbirlərinin keçirilməsi və rayonda bir çox incəsənət kollektivinin fəaliyyət göstərməsi nəzərə alınaraq yeni binada rejissor, qrim, istirahət otaqları, dekorasiya və tikiş sexləri də yaradılmışdır. Burada xüsusi  qazanxana, transformator yarımstansiyası, mühafizə və yanğınsöndürmə sistemləri quraşdırılmış, su anbarı tikilmişdir. Mərkəzin yerləşdiyi ərazi Qəbələnin ümumi görkəminə uyğun olaraq abadlaşdırılmışdır.

Görülən işlərdən razılığını bildirən Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.

Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Prezident İlham ƏLİYEV rayon ictimaiyyətinin nümayəndələrini salamlayaraq dedi:

– Sizi ürəkdən salamlayıram. Qəbələ Mədəniyyət Mərkəzinin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Çox gözəl, möhtəşəm binadır. Çox gözəl memarlığa malikdir. Eyni zamanda, burada bütün tədbirlərin keçirilməsi üçün çox gözəl şərait vardır. Keçən dəfə Qəbələdə olarkən mərkəzin tikintisi ilə tanış olmuşdum və bu gün biz bu gözəl mərkəzin açılışında bərabər iştirak edirik.

Bu, doğrudan da gözəl hadisədir. İlk növbədə, Qəbələdə müasir mədəniyyət, incəsənət mərkəzinin tikilməsinə böyük ehtiyac var idi, digər tərəfdən ölkəmizin ümumi inkişafını göstərir. Çünki belə gözəl, həm memarlıq, həm funksional cəhətlərdən çox gözəl binaların tikilməsi onu göstərir ki, Azərbaycan dövləti uğurla inkişaf edir. Biz bu inkişafı Qəbələ rayonunun timsalında açıq-aydın görürük. Çünki burada həm sosial, həm mədəniyyət, infrastruktur layihələri uğurla icra edilir. Bir müddət bundan əvvəl biz Qəbələ Beynəlxalq Aeroportunun açılışını qeyd edirdik. O vaxt müəyyən fikirlər var idi ki, bu aeroport necə işləyəcək, işləyəcəkmi, yoxsa yox? Ancaq o vaxt mən demişdim ki, əgər biz Qəbələdə müasir turizm obyektlərini yaratmaq istəyiriksə, mütləq beynəlxalq aeroport olmalıdır. Artıq buradan xarici ölkələrə uçuşlar təşkil edilir. Bu uçuşların sayı getdikcə artacaqdır. Qəbələ rayonunun sakinləri və ətraf rayonlarda  yaşayan soydaşlarımız da bundan istifadə edirlər. Eyni zamanda, xarici qonaqlar da Qəbələyə indi rahat gələ bilirlər. Yəni, aeroportun tikilməsi, mədəniyyət ocaqlarının, otellərin yaradılması - bütün bunlar reallıqdır və bu, son illərin reallıqlarıdır.

Bu gün Qəbələ ölkəmizin mədəniyyət və turizm mərkəzlərindən birinə çevrilibdir. Bakıdan, digər yerlərdən, digər şəhərlərdən, başqa ölkələrdən buraya gələnlərin sayı getdikcə artır. Turizmin inkişafı gələcəkdə yəqin ki, Qəbələ rayonunun iqtisadi inkişafının müəyyən faizini öz üzərinə götürəcəkdir. Bu, elə bir sahədir ki, bu sahə daim inkişafda olur və iş yerlərinin yaradılmasına kömək, eyni zamanda, rayonun inkişafına və ölkəmizin dünyada tanınmasına xidmət göstərir. Bu gün müasir otellər, turizm kompleksləri, istirahət zonaları açılır. Əlbəttə, belə gözəl mədəniyyət mərkəzinin açılışı görülən bütün bu işlərə əlavə dəstək verəcəkdir.

Qəbələ artıq dünyada çox məşhur şəhərə çevrilibdir. Qəbələ musiqi festivalları artıq gözəl ənənədir. Dünyanın aparıcı musiqi kollektivləri bu festivalda iştirak etmək üçün gəlirlər. Bilirəm ki, bir dəfə gələnlər ondan sonra da gəlmək istəyirlər. Bu da çox gözəl əlamətdir. Çünki burada görülən işlər, qonaqlara göstərilən qonaqpərvərlik, yaradılan şərait, otellər və ümumiyyətlə, gözəl nadir ab-hava Qəbələyə turistləri daha da böyük dərəcədə cəlb edəcəkdir. Buraya gələn hər bir xarici qonaq öz ölkəsinə qayıtdıqdan sonra əlbəttə ki, Qəbələ haqqında, Azərbaycan haqqında tanışlarına və dostlarına məlumat verir.

Beləliklə, vaxt keçdikcə Qəbələ haqqında dünyada daha da dolğun məlumat əldə edilir və bu da çox sevindirici haldır. Çünki ölkəmizin inkişafı, eyni zamanda, bölgələrin inkişafından keçir. Doqquz il bundan əvvəl regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul edilməsi ilə o vaxtdan bu günə qədər regionlarda çox böyük işlər görülmüşdür. Regionlarla paytaxt arasındakı fərq azalır. Baxmayaraq ki, paytaxt da sürətlə inkişaf edir. Bu fərqi azaltmaq o qədər də asan məsələ deyildir. Ancaq hər bir şəhərdə yaşayış üçün normal şəraitin yaradılması bizim son illərdə apardığımız siyasətin əsas istiqaməti olmuşdur. Hər bir yerdə iş yerləri, gözəl şərait, yüksək səviyyədə tibbi xidmət olmalıdır, təhsil müəssisələri təmir edilməlidir. Qəbələnin inkişafı bunu göstərir. Əvvəlki illərdə gözəl diaqnostika mərkəzi tikilmişdir, məktəblər təmir olunur.

Yenə də deyirəm, turizm infrastrukturu yaradılır. Qəbələdə dağ xizəyi mərkəzi yaradılır. Bu da son illərin reallıqlarıdır. Çünki Azərbaycanda turizm üçün müxtəlif imkanlar vardır – Xəzər dənizi, meşələr, dağlar. Ancaq heç vaxt dağ xizəyi mərkəzləri olmamışdır. Sovet dövründə qonşu respublikalarda olmuşdur, Azərbaycanda olmamışdır. Ancaq bizim təbii şəraitimiz, iqlimimiz buna imkan verir və qərar qəbul edilmişdir ki, Azərbaycanda turizm, eyni zamanda, bu istiqamətdə də inkişaf etsin. Artıq bir neçə aydır ki, Qusar rayonundakı Şahdağ turizm xizək mərkəzi fəaliyyətə başlamışdır. Bu yaxınlarda mənə verilən məlumata görə, şənbə-bazar günlərində iki min insan, turist gəlir, bu imkanlardan istifadə edir. Yəni, bu, Qusar rayonunun inkişafına böyük bir dəstəkdir, orada gedən bütün işlərə böyük təkan verəcəkdir.

Eyni qaydada Qəbələdə də xizək mərkəzi yaradılır. Yəqin ki, gələn ildən, bəlkə də artıq bu ilin sonundan fəaliyyətə başlayacaqdır. Bu da əlavə turistlərin cəlb edilməsinə şərait yaradacaqdır. Buraya gəlmək üçün artıq beynəlxalq aeroport var, gözəl yollar çəkilir, infrastruktur layihələri icra edilir. Onların içində bildiyiniz kimi, indi əsas prioritet içməli su layihələridir. Bu layihələr Qəbələdə də həyata keçirilir, yaxın zamanlarda başa çatacaqdır. Qazlaşdırma istiqamətində işlər gedir, kənd yolları bərpa olunur, ən yüksək texnologiyalara uyğun şəkildə, yeni sənaye müəssisələri, heyvandarlıq fermaları yaradılır. Bax, bu hərtərəfli  inkişaf hər bir yerdə getməlidir. Sosial, iqtisadi məsələlər, sənaye, infrastruktur obyektlərinin və mədəniyyət ocaqlarının, tarixi, dini abidələrimizin bərpası və tikilməsi - biz bütün bu işləri kompleks şəkildə aparırıq.  Qəbələdə bax bu səpkili məsələlər uğurla icra edilir. Qəbələliləri bütün bu uğurlar münasibətilə təbrik etmək istəyirəm. Sizə yeni uğurlar, cansağlığı arzulayıram.

* * *

Qəbələ rayon ictimaiyyəti adından çıxış edən Şirin ŞİRİNOV rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edərək dedi:

– Möhtərəm cənab Prezident, Qəbələyə xoş gəlmisiniz! Sizi Qəbələnin bütün ictimaiyyəti  adından salamlayıram.

Cənab Prezident, bu gün Azərbaycanımızın çox yüksək sürətli inkişafı, onun əldə etdiyi uğurlar qəlbimizi dağa döndərir. Bu, Sizin apardığınız siyasətin, Heydər Əliyev siyasətinin bəhrəsidir. Bu siyasətin nəticəsində Azərbaycanımız yüksək sürətlə inkişaf edir. Rayonlarımız, şəhərlərimiz  gündən-günə gözəlləşir, abadlaşır, insanların normal yaşaması üçün yaxşı şərait yaradılır. Biz ziyalılar, cənab Prezident, həm də ağsaqqallar hələ də fevral ayının  12-də keçirilən müşavirədə Sizin tarixi nitqinizin təsiri altındayıq. Bizim hamımızı qəlbən sevindirən odur ki, Siz adamların çətinliklərini, onların problemlərini çox gözəl bilirsiniz və onları həll edirsiniz.

Cənab Prezident, bu gün bizə aydın oldu ki, insan amili, insan həyatı, insanların normal yaşayışı, onların həyata baxışı Sizin həyata keçirdiyiniz siyasətin ana xəttini təşkil edir. Siz hər addımda Azərbaycan vətəndaşlarının qanuni hüquqlarını qoruyursunuz,   Azərbaycan dövlətinin inkişafı üçün əsaslı tədbirlər həyata keçirirsiniz. Bütün bunlar üçün, cənab Prezident,  mən Sizə bir daha təşəkkür edirəm, “Çox sağ olun” deyirəm.

Cənab Prezident! Müstəqil Azərbaycanımızda Qəbələ şəhəri bu gün mədəniyyət, turizm sahələrində inkişaf etmiş mərkəzlərdən birinə çevrilmişdir. Bu gün burada istifadəyə verilən zavodlar, fabriklər, istehsalat  müəssisələri, otellər, digər obyektlər - bunların hamısı xalqın istifadəsindədir. Bunlar hamısı yeni iş yerləridir, həyatımızın sosial təminatının və adamların  maddi rifahının yaxşılaşdırılmasına xidmət edir. Cənab Prezident, biz ona görə çox sevinirik ki, bütün bu obyektlərin istifadəyə verilməsi bizim gələcək nəsillərimiz üçün çox böyük təminatdır. Biz arxayınıq. Arxayınıq ki, onlar üçün gələcəkdə də daimi iş yerləri yaradılmışdır. Çox sevinc hissi ilə qeyd etmək istəyirəm ki, Qəbələnin inkişafında çox mühüm rol oynayan əsas sahələrin - heyvandarlığın, bitkiçiliyin, üzümçülüyün inkişafında da istifadəyə verilən həmin obyektlərin çox böyük payı vardır.  Bütün bunların hamısı Sizin əməyinizin bəhrəsidir.

Cənab Prezident! Bu gün Qəbələ öz tarixi görkəmini saxlamaqla yenidən qurulur. Bugünkü Qəbələ yalnız xarici və yerli turistlərin istirahət mərkəzi deyil, o, həm də beynəlxalq əhəmiyyətli görüşlərin, mötəbər idman  və incəsənət tədbirlərinin həyata keçirildiyi böyük bir mərkəzə çevrilmişdir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə son dörd ildə Qəbələdə keçirilən beynəlxalq musiqi festivalları dünyanın mötəbər mədəniyyət tədbirləri sırasına daxil olmuşdur. Mən fürsətdən istifadə edərək, bunun üçün də, milli musiqi mədəniyyətimizin hamisi Mehriban xanım Əliyevaya bütün qəbələlilər adından dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Bu gün burada  açılışında iştirak etdiyimiz bu gözəl mədəniyyət ocağı da  Sizin tərəfinizdən qəbələlilərə çox böyük töhfədir.  Çox sağ olun, cənab Prezident! Buna görə də, Qəbələyə göstərdiyiniz sonsuz diqqət və qayğıya görə də təkrarən Sizə cansağlığı arzulayıram. Sizə minnətdarlığımızı bildirirəm. Ailənizə və özünüzə  böyük xoşbəxtlik arzu edirəm. Biz qəbələlilər həmişə Prezidentimizə, dövlətimizə səmimi və sadiq olmuşuq. Biz Sizi çox sevirik, Sizinlə fəxr edirik. Biz həmişə Sizin apardığınız  siyasəti dəstəkləyirik. Biz gözəl şəxsiyyətə, hamımızın sevimlisi Prezidentimizə bir  daha cansağlığı arzulayaraq qeyd etmək istəyirəm ki, bu günümüzü, gələcəyimizi yalnız və yalnız Sizinlə görürük. Tanrı Sizi qorusun! Bir daha deyirəm, Qəbələyə xoş gəlmisiniz!

Sonda xatirə şəkli çəkdirildi.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında