Geniş tərkibdə görüş

 

 

Fevralın 27-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Azərbaycan Prezidenti İlham ƏLİYEV görüş iştirakçılarını salamlayaraq dedi:

- Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar!

Sizi Azərbaycanda görməyə şadam. Xoş gəlmisiniz! Biz indicə ikitərəfli münasibətlərin mühüm məsələləri və regional problemlər barədə fikir mübadiləsi apardıq. İndi müzakirələrimizi geniş tərkibdə davam etdirəcəyik.

Əvvələn, demək istəyirəm ki, Sizi ölkəmizdə yenidən görməyə çox şadam. Sizin Azərbaycana rəsmi səfəriniz münasibətlərimizin inkişafında çox mühüm mərhələdir.

Son doqquz ildə biz Bakıda, Tbilisidə, Batumidə və başqa şəhərlərdə tez-tez görüşmüşük. Şadam ki, bu əlaqələrimiz davam edir və bizim münasibətlərin indiki mərhələsində Gürcüstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığın tam varisliyini təmin etmək zəruridir. Şadam ki, Siz səfərə bu cür nüfuzlu nümayəndə heyəti ilə gəlmisiniz. Onların əksəriyyətini çoxdan tanıyıram. Əminəm ki, sizin Bakıda olmağınız həmkarlar arasında əlaqələr baxımından da faydalı olacaqdır.

Bizim münasibətlər çox sınaqlardan keçmiş, ən yüksək səviyyəyə çatmışdır, bundan yüksəyini təsəvvür etmək yəqin ki, çətindir. Konkret layihələr həyata keçirilir, onlar ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdırır. Gələcək üçün də yaxşı perspektivlər vardır. Bunu təmin etmək üçün inamlı inteqrasiya kursunu, beynəlxalq sahədə səylərimizin əlaqələndirilməsini davam etdirmək lazımdır. Sizinlə başladığımız konkret iqtisadi və infrastruktur layihələrinin uğurla başa çatdırılması da regionda sabitliyə və xalqlarımızın rifahına şərait yaradacaqdır.

Gündəliyimiz həmişəki kimi, çox genişdir. Bizim gündəlikdə müxtəlif xarakterli çoxlu məsələlər vardır. Vacibdir ki, onların hamısı müsbət və səmərəli həll edilir. Güman edirəm ki, Sizin budəfəki səfərinizin yekunlarına əsasən, biz əməkdaşlığın daha da möhkəmləndirilməsinin konkret yollarını da müəyyən edəcəyik.

Bir daha xoş gəlmisiniz.

* * *

Azərbaycana yenidən gəlişindən və Prezident İlham Əliyev ilə görüşündən məmnunluq duyduğunu bildirən Gürcüstan Prezidenti Mixeil SAAKAŞVİLİ dedi:

- Çox sağ olun, cənab Prezident! Əvvələn, bizim üçün doğma olan Bakıya gəlmək, əlbəttə, böyük şərəf və həmişə sevindiricidir. Həqiqətən, Bakı regionun ən mühüm mərkəzi olmaqla bərabər, həm də dünyanın ən məftunedici və maraqlı şəhərlərindən biridir. Mən ilk dəfə prezidentlik müddətimin başlanğıcında Sizin andiçmə mərasiminə gəlişimdən sonra Bakının necə tərəqqi etdiyini gördüm. O vaxt Bakı yenicə inkişaf etməyə başlayırdı. Mən dünyada Azərbaycan kimi sürətlə inkişaf edən başqa ölkə tanımıram, ola bilsin ki, bir-iki daha zəngin və daha böyük ölkə vardır. Zənnimcə, bu, həm Sizin, həm də xalqınızın xidmətidir.

Bizim münasibətlərimiz də inkişaf edir. Bu münasibətlərin təməli ulu öndər Heydər Əliyevin uzaqgörən strateji siyasəti nəticəsində qoyulmuşdur. O, Azərbaycanın hansı istiqamətdə irəliləməli olması barədə tam qəti kurs müəyyən etmişdir. Məhz bu qətiyyət, strateji uzaqgörənlik, bütün bu tədbirlərin həyata keçirilməsində dəqiq ardıcıllıq Sizin siyasətinizdə də davam etmiş və Azərbaycanı bugünkü səviyyəyə çatdırmışdır. Mənim bütün həmvətənlərim və güman edirəm ki, dünyanın, ən azı bu regionun bütün düşünən, məlumatlı adamları Sizə heyrandır, vurğundur. Ona görə bu mənada biz bu əməkdaşlığın nəticələrinə bir növ yekun vururuq. Şadam ki, Gürcüstanın Baş naziri də hökumət nümayəndə heyəti ilə burada olmuşdur. Mən başa düşürəm, Gürcüstanda hakimiyyətdə kim olur-olsun, onlar Azərbaycanın əhəmiyyətini bilirlər, onlar başlanmış fəaliyyət kursunu davam etdirməyə bilməzlər. Bu kurs Gürcüstanda icra hakimiyyətinin başında kimin dayanmasından asılı deyildir. Çünki bu, iki xalq arasındakı kursdur. Bu kursun alternativi yoxdur. Ölkələrimiz arasında sadə vətəndaşlar, biznes, hökumətlər, prezidentlər, baş nazirlər səviyyəsində çox dərin strateji tərəfdaşlığın inkişaf etdirilməsindən fərqli heç bir inkişaf variantı yoxdur. Ona görə bu mənada biz Sizə çox minnətdarıq.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında