Ali qonağın şərəfinə

Fevralın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Serbiya Prezidenti Tomislav Nikoliçin və xanımı Dragitsa  Nikoliçin şərəfinə rəsmi ziyafət verilmişdir.

Serbiya Prezidentini və nümayəndə heyətini bir daha Bakıda salamlayan Prezident İlham Əliyev qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığın inkişafına və münasibətlərin yeni müstəviyə yüksəlməsinə təkan verəcəyini bildirdi. 2011-ci illə müqayisədə 2012-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin bir neçə dəfə artdığını bildirən dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan Serbiyaya sərmayə qoyuluşunda yaxından iştirak edir və bu fəaliyyət iqtisadi əlaqələrin inkişafından xəbər verir. Bu səfər çərçivəsində imzalanan sənədlərin ikitərəfli əlaqələrin inkişafına zəmin yaratdığını deyən Prezident İlham Əliyev Serbiya-Azərbaycan mədəni və humanitar əlaqələrinin inkişafının məmnunluq doğurduğunu diqqətə çatdırdı. Bildirdi ki, ölkələrimiz, həmçinin beynəlxalq və regional təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edir.

Beynəlxalq terrorizmə qarşı mübarizə və regionlarımızda sabitliyin möhkəmləndirilməsində, ərazi bütövlüyü məsələlərində mövqelərimizin üst-üstə düşdüyünü vurğulayan Prezident İlham ƏLİYEV dedi:

- Azərbaycan regionda təhlükəsizliyin, sabitliyin, inkişafın və əməkdaşlığın tərəfdarıdır.

Lakin regionun ən ağrılı problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi  - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Dünya birliyi və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq normalara uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, ATƏT, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə ancaq beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

 * * *

Yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Serbiya dövlətinin başçısı Tomislav  Nikoliç bu səfərin ölkələrimiz arasındakı münasibətlərin bütün sahələrdə dərinləşməsinə xidmət etdiyini bildirdi. İqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətinə toxunan Tomislav Nikoliç qeyd etdi ki, Serbiya və Azərbaycanı xalqlarımız arasında olan yaxın əlaqələrin tarixi və strateji tərəfdaşlığa bağlılıq birləşdirir.

Serbiya dövlətinin başçısı ölkələrimiz arasında mədəni, elmi və digər sahələrdə münasibətlərin inkişafının vacibliyini bildirdi. Serbiyanın Azərbaycan ilə dialoq və əməkdaşlığın inkişaf etdirilməsində hər zaman maraqlı olduğunu qeyd edən Prezident Tomislav NİKOLİÇ dedi:

- Təmsil etdiyim ölkə üçün Azərbaycan dövlətlərimizin ərazi bütövlüyü məsələsində bizimlə eyni mövqeni paylaşan, son dərəcə vacib və yaxın bir tərəfdaşdır. Azərbaycan kimi Serbiya da çətinliklərlə üz-üzə gəlməkdədir və bu çətinliklərə, habelə bölgəmizdə yerləşən bütün ölkələrə ardıcıl, konstruktiv, adekvat və dostyana tərzdə yanaşmağa çalışır. Digər dövlətlər kimi biz də ölkəmizin ərazi bütövlüyünü, ləyaqətini və qanunlarını təhlükə altına qoya bilmərik. Buna baxmayaraq, biz yenə də dialoqun aparılmasına və bölgəmizdə hazırda mövcud olan ziddiyyətlərin ən mükəmməl və düzgün üsullarla həll olunmasına tam hazırıq.

Serbiya Prezidenti əmin olduğunu bildirdi ki, xalqlarımız və ölkələrimiz arasında qurulan münasibətlər qarşılıqlı anlaşma və dəstəyin davamlı təkmilləşməsinin nümunəsi olaraq qalacaqdır. 

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında