Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın dövlət katibi Hillari Klintonu qəbul etmişdir

İyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-ın dövlət katibi Hillari Klintonu qəbul etmişdir.
Dövlətimizin başçısı ABŞ-ın dövlət katibini qarşıladı.
Prezident İlham ƏLİYEV hörmətli qonağı salamlayaraq dedi:
- Xanım katib, Azərbaycana xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Ümidvaram ki, görüşümüz çox uğurlu olacaqdır. İlk növbədə mən bu gün qeyd etdiyiniz Müstəqillik Günü münasibətilə sizi təbrik etmək və Amerika xalqına ən xoş arzularımı çatdırmaq istərdim.
Biz sizin səfərinizə böyük əhəmiyyət veririk. Əminəm ki, səfəriniz tərəfdaşlığımızı daha da gücləndirəcəkdir. İkitərəfli münasibətlərimizin gündəliyi çox genişdir. Müxtəlif sahələrdə uğurlu əməkdaşlığımızın böyük tarixi vardır. Bir daha qeyd etmək istərdim ki, səfəriniz tərəfdaşlığımızı daha da gücləndirəcək və bu, region üçün çox önəmlidir. Biz müstəqilliyi əldə etdikdən sonra ABŞ ilə Azərbaycan arasındakı əlaqələr çox uğurla inkişaf edir. Biz iqtisadi sahədə sıx əməkdaşlıq edirik. Sülhməramlı əməliyyatlarda iştirak edirik. Terrorçuluğa qarşı mübarizə ilə bağlı məsələlərdə birgə fəaliyyət göstəririk. Enerji təhlükəsizliyi məsələləri daim gündəliyimizdədir.
Təbii ki, ABŞ ATƏT-in Minsk qrupuna həmsədr ölkələrdən biri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində bizimlə və digər ölkələrlə yaxından çalışır. Bu münaqişə bizim üçün ən böyük problem və regional təhlükəsizlik üçün əsas təhlükədir. Bildiyiniz kimi, uzun illərdir ki, torpaqlarımız işğal altındadır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, ATƏT, Avropa Parlamenti, Avropa Şurası, İslam Konfransı Təşkilatı - bu təşkilatların hamısı vəziyyəti əks etdirən və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarılmasını tələb edən müxtəlif qətnamələr qəbul edib. Biz münaqişəni beynəlxalq hüquq çərçivəsində həll etmək istəyirik və bu münaqişənin həllinə mümkün qədər tez nail olmaq istəyirik. Çünki insanlarımız bundan əziyyət çəkirlər.
Əminəm ki, biz bu gün bu və digər məsələləri müzakirə edəcəyik. Əminəm ki, onların nəticələri yaxşı olacaq və səfərinizdən sonra ölkələrimiz arasında əlaqələr uğurla inkişaf etməyə davam edəcəkdir. Bir daha xoş gəlmisiniz.
ABŞ-ın dövlət katibi Hillari KLİNTON təşəkkür edərək dedi:
- Çox sağ olun, cənab Prezident. Mən Bakıya, ölkənizə ilk səfərimdən məmnunluq və şərəf hissi duyuram. Xüsusilə xoş haldır ki, səfərim ölkəmizin Müstəqillik Gününə təsadüf edir.
Bilirəm ki, iqtisadi və sosial inkişaf üçün möhkəm bünövrənin qurulmasında ölkəniz son 20 il ərzində çox çalışmışdır. Mən əlaqələrimizə çox sadiqəm. Son 18 ay ərzində aramızda mütəmadi və məzmunlu söhbətlərimiz olub. Qeyd etdiyiniz məsələlər bizim üçün vacibdir. Fikrimcə, çox əhəmiyyətli haldır ki, bizim hərtərəfli müzakirə aparmaq imkanımız vardır.
Məni burada - Xəzər dənizinin sahilində, gözəl bir gündə, ölkələrimiz arasında dostluq və tərəfdaşlıq ruhunda qəbul etdiyinizə görə bir daha minnətdarlığımı bildirirəm.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında