Şriftin ölçüsü:
03.07.2010 08:25 | Oxunma sayı: 488
Prezident İlham Əliyev kompleksin açılışında iştirak etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Bakının Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki müxtəlif səviyyəli Böyükşor yol qovşağının ikinci kompleksinin açılışında iştirak etmişdir.
İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə yeni yol qovşağının texniki göstəriciləri haqqında məlumat verdi.
Bildirildi ki, Böyükşor yol qovşağı respublikamızda yol-nəqliyyat sisteminin ən müasir standartlar səviyyəsində yenidən qurulmasının əyani nümunələrindəndir. Prezident İlham Əliyevin sərəncamları ilə təsdiq edilmiş "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı", eləcə də, "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı" çərçivəsində paytaxtda çoxlu sayda yolötürücü, yeraltı və yerüstü piyada keçidləri inşa edilmiş, ən müasir standartlara cavab verən avtomobil yolları salınmışdır. Həyata keçirilən ardıcıl tədbirlər hesabına respublikamızın bütün bölgələrində olduğu kimi, Bakı şəhərinin yol-nəqliyyat kompleksi də əsaslı şəkildə yenilənir və tıxac probleminin aradan qaldırılması istiqamətində mühüm işlər görülür.
Qeyd olundu ki, Böyükşor yol qovşağı Azərbaycan Prezidentinin 2006-cı il 1 fevral tarixli sərəncamı əsasında inşa olunur. Qovşaq 3 kompleksdən ibarətdir. Layihəyə əsasən həmin qurğu ümumi uzunluğu 3145 metr təşkil edəcək 9 körpü, körpü girişləri və qovşağın tərkib hissəsi olan avtomobil yollarından ibarət olacaqdır. Kompleksin tikintisinə 2006-cı ilin martında başlanmışdır. Təməlqoyma mərasimində Prezident İlham Əliyevin iştirak etdiyi Böyükşor yol qovşağının Ziya Bünyadov prospektini Qara Qarayev küçəsi və hava limanı avtomobil yolu ilə birləşdirən birinci kompleksi 2008-ci ilin sentyabında istifadəyə verilmişdir.
İndi isə yol qovşağının ikinci kompleksi istismara buraxıılır. Nəqliyyat Nazirliyinin sifarişi ilə "Azərkörpü" ASC-nin inşa etdiyi bu kompleks Heydər Əliyev, Ziya Bünyadov və Qara Qarayev prospektlərini hava limanı və Bakıxanov qəsəbəsi istiqamətində yollarla birləşdirən, ümumi uzunluğu 1194 metrə çatan 5 xüsusi yolötürücüsü, onun yanaşmaları və bir sıra digər yollardan ibarətdir. Tikinti zamanı 650 min kubmetr torpaq və 61 min kubmetrdən çox dəmir-beton işi görülmüşdür. 176 min kvadratmetr sahəyə yüksək keyfiyyətli asfalt örtük salınmışdır. Tikinti işləri zamanı əsasən yerli materiallardan istifadə edilmişdir. Kompleksdəki yolötürücülərinin maksimum eni 27,5 metrdir. Yolötürücülərinin yerdən hündürlüyü isə 6,5 metrə bərabərdir.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, aşırımının uzunluğu 56 metr olan tağlı yolötürücü əraziyə həm də əlavə gözəllik verir. Bu yolötürücünün tağları metaldandır. Onların radiusu 60, yerdən hündürlüyü isə 36 metrdir.
Kompleksin ətrafında əsaslı abadlıq və yaşıllaşdırma işləri görülmüşdür.
Böyükşor yol qovşağının ikinci kompleksinin tikintisində 425 nəfər işləmişdir.
Prezident İlham Əliyev yol qovşağının layihəsinə və inşaat işlərinin gedişini əks etdirən fotoşəkillərə baxdı.
Məlumat verildi ki, hazırda bu yol qovşağının üçüncü kompleksinin inşası davam edir. 665 metr uzunluğunda yolötürücü və onun yanaşmalarından ibarət olacaq 3-cü kompleks hava limanı avtomobil yolunu Qara Qarayev prospekti ilə birləşdirəcəkdir. Regionda ilk dəfə inşa olunan vant konstruksiyalı ikiaşırımlı bu yolötürücünün uzunluğu 360 metr, orta dayağın yer səviyyəsindən hündürlüyü isə 98 metr olacaqdır. Bu yolötürücü hava limanı istiqamətindən gələn nəqliyyat vasitələrinin 8-ci Kilometr, Əhmədli, Günəşli yaşayış massivləri və Zığ dairəsi-hava limanı magistral avtomobil yoluna birbaşa hərəkətini təmin etmək üçün inşa edilir. Həmin kompleksin 2011-ci ilin mayında istifadəyə verilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi, inşaatçıları təbrik edərək onlara uğurlar arzuladı.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.