Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir
Dekabrın 28-də Bakının Həsən Əliyev və Atatürk prospektlərinin kəsişməsində yeraltı avtomobil tuneli istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir.
Nəqliyyat Naziri Ziya Məmmədov dövlətimizin başçısına tunel tipli yol qovşaqlarının layihəsi barədə məlumat verdi. Bildirildi ki, bu layihə metronun “Gənclik” stansiyasının ətrafındakı “Qələbə meydanı” adlanan ərazidə və onunla kəsişən yollarda nəqliyyatın hərəkətinin nizamlanmasını, tıxacların aradan qaldırılmasını və işıqforsuz hərəkət rejiminin təmin olunmasını nəzərdə tutur. Layihə üzrə bu ərazidə 6 girişi, 10 çıxışı, ümumi uzunluğu 2470 metr olan 6 tunel tipli yol qovşağının, 10 piyada keçidinin inşası nəzərdə tutulmuşdur. Tunel tipli yol qovşaqları Atatürk və Vaqif prospektlərini, həmçinin Atatürk prospektini Əhməd bəy Ağaoğlu küçəsi vasitəsilə Təbriz prospektinə birləşdirəcəkdir. Beləliklə, Təbriz küçəsindən hərəkət edən avtomobillər “Gənclik” dairəsinə girmədən birbaşa tunel vasitəsilə Dərnəgül şosesinə çıxa biləcəkdir. Həmçinin avtomobilləri Xoyski prospektinə qısa döngələrlə istiqamətləndirmək mümkün olacaqdır. Vaqif prospektindən gələn avtomobillər Xoyski prospektinin altından keçərək, gələcəkdə tikintisi nəzərdə tutulan, ümumi sahəsi 280 min kvadratmetr, 400 avtomaşınlıq, üçmərtəbəli yeraltı avtomobil dayanacağından keçərək Atatürk prospektinə çıxacaq və bu istiqamətdən Həsən Əliyev prospektinin üstündən keçəcəkdir.
Qeyd edildi ki, layihə üzrə tikintisi nəzərdə tutulan yolların ümumi sahəsi 110 min kvadratmetrdir. Layihə tamamlandıqdan sonra “Qələbə meydanı” adlanan ərazidə hərəkətin intensivliyi xeyli artacaqdır. Vaqif prospektində inşa edilən yol qovşağı metronun “Gənclik” stansiyasının mövcud tuneli üzərindən keçir.
Diqqətə çatdırıldı ki, beynəlxalq standartlara uyğun layihələndirilmiş tunellərin 9 ballıq zəlzələyə davamlılığı nəzərə alınmışdır. Layihəyə uyğun olaraq ərazidə infrastruktur tamamilə yenilənmişdir. Mövcud çoxsaylı kommunikasiya xətləri dəyişdirilmiş və daha müasirləri ilə əvəz edilmişdir. Layihə üzrə qazma işləri 80 faiz, 5 tuneldə yeraltı qazma-betonlama işləri isə 100 faiz tamamlanmışdır. Layihəyə əsasən metronun “Gənclik” stansiyasında əlavə iki yeni piyada çıxışının inşası planlaşdırılmışdır. İlk olaraq metronun “Gənclik” stansiyasının Atatürk prospektinə çıxışının “Qələbə meydanı”nın mərkəzinə doğru yerdəyişməsi həyata keçirilmişdir.
Dövlətimizin başçısı Həsən Əliyev və Atatürk prospektlərinin
kəsişməsində istifadəyə verilən yeraltı avtomobil tunelinin rəmzi açılışını bildirən lenti kəsdi.
Bildirildi ki, tunelin ümumi uzunluğu 546, eni 16,5 metr, hərəkət zolaqlarının sayı isə dörddür. İnşaat işləri “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Tunelin daxili işıqlandırma sistemini isə İtaliyanın tanınmış dizayn şirkətləri layihələndirmişdir. Buradakı işıqlandırma sistemi dünyada keyfiyyət, səmərəlilik, təhlükəsizlik və uzunömürlülük baxımından özünü təsdiqləmişdir və yarımkeçirici diodlar əsasında işləyir. Sistem kompyuter vasitəsilə idarə olunur. Tunelin yan divarlarında kompyuterlə idarə olunan yarımkeçirici diodlar əsasında işləyən işıqlar quraşdırılmışdır. Tunelin tavanında quraşdırılan projektor isə bir neçə rejimdə gündüz, gecə və qəza şəraitində çalışır. Hərəkət zolağında isə çoxlu sayda istiqamətverici işıqlar quraşdırılmışdır. Tuneldə fasiləsiz enerji təminatı məqsədi ilə generatordan istifadə olunmuşdur. Burada istifadə edilən elektrik kabelləri alışmayan və yüksək dərəcə temperatura davamlı olan materiallardan hazırlanmışdır. Ərazidə tikinti işləri tam başa çatdıqdan sonra buradakı park əsaslı şəkildə yenidən qurulacaqdır.
Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.