Respublika Neyrocərrahiyyə Xəstəxanasının əsaslı yenidənqurmadan sonra açılışı olmuşdur

Prezident İlham Əliyev açılış mərasimində iştirak etmişdir

Prezident İlham Əliyev açılış mərasimində iştirak etmişdir

Dekabrın 28-də

Bakıda Respublika

Neyrocərrahiyyə

Xəstəxanasının

əsaslı yenidənqurmadan sonra açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimində iştirak etmişlər.

Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, 1985-ci ildə istifadəyə verilən bu tibb müəssisəsində uzun illər təmir işlərinin aparılmaması nəticəsində xəstəxananın binası yararsız vəziyyətə düşmüşdü. Bu da xəstələrə yüksək səviyyədə tibbi xidmətin göstərilməsinə mane olurdu. Azərbaycan Prezidentinin paytaxtdakı tibb müəssisələrində yenidənqurma işlərinin aparılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, 2010-cu ilin iyununda Respublika Neyrocərrahiyyə Xəstəxanasında da yenidənqurma işlərinə başlanmışdır. Ötən dövrdə respublikanın yeganə neyrocərrahiyyə xəstəxanasının binası əsaslı surətdə yenidən qurulmuş, müəssisə dünyanın ən müasir tibbi avadanlığı ilə təchiz olunmuşdur. Görülən işlər nəticəsində xəstələrin yüksək səviyyədə müalicəsi, 430 həkim və tibb işçisinin fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. 

Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı ki, xəstəxanada bir əməliyyat bloku, dörd cərrahiyyə otağı yaradılmış, burada mikroskopik cərrahi əməliyyatların aparılması üçün bütün zəruri avadanlıq quraşdırılmışdır. Reanimasiya şöbəsi də ən müasir avadanlıqla təchiz edilmiş, xəstələrin daim nəzarət altında saxlanması üçün bütün tələblər nəzərə alınmışdır. Bununla da 125 çarpayılıq xəstəxanada tibb işçilərinin fəaliyyəti və xəstələrin yüksək səviyyədə müalicəsi üçün hər cür şərait yaradılmışdır.

Tibb ocağı ilə tanışlıqdan sonra dövlətimizin başçısı xəstəxananın kollektivi ilə görüşdü.

Prezident İlham ƏLİYEV xəstəxananın kollektivini salamlayaraq dedi:

- Sizi qarşıdan gələn bayram münasibətilə təbrik edirəm. Eyni zamanda, biz Yeni il bayramı ərəfəsində neyrocərrahiyyə xəstəxanasının əsaslı təmirdən sonra açılışını qeyd edirik. Çox gözəl təəssürat bağışlayır. Xəstəxana o qədər də yaxşı vəziyyətdə deyildi, köhnəlmişdi, təmirə ehtiyacı var idi. İndi ən yüksək standartlara cavab verir, həm avadanlıq, həm təmir işləri. Yəni, burada çox yüksək səviyyəli tibbi xidmət göstərmək mümkün olacaqdır. Bu, məni çox sevindirir. Çünki hesab edirəm ki, ölkəmizin hər bir xəstəxanasında ən yüksək səviyyə, gözəl şərait olmalıdır. Biz buna çalışırıq və nəinki Bakıda, eyni zamanda, bütün bölgələrdə, bütün rayon və şəhərlərimizdə yeni tikilmiş xəstəxanalar bax bu səviyyədədir.

Bu, artıq səhiyyə sistemində Azərbaycan standartlarıdır. Şəhərdən, bölgədən asılı olmayaraq, hər bir yerdə Azərbaycan vətəndaşı üçün yüksək tibbi xidmət göstərilməlidir. Əvvəlki dövrdə bizim buna o qədər də imkanımız çatmırdı. Əvvəlki illərdə alınmış avadanlıq köhnəlmişdir, sıradan çıxmışdır. Ancaq bu gün Azərbaycan dövləti güclü dövlətdir, güclü iqtisadiyyatımız var və sosial məsələlərin həlli bizim üçün ön plandadır. Sosial məsələlərin arasında isə səhiyyə məsələləri əlbəttə ki, xüsusi yer tutur. Mən çox şadam ki, son illər ərzində Bakının bir sıra xəstəxanaları çox gözəl təmir edilmiş və istifadəyə verilmişdir. Demək olar ki, ixtisaslaşdırılmış bütün tibb mərkəzlərimiz artıq belə səviyyədədir. Növbəti illərdə bu işlər davam etdiriləcəkdir. Hələ ki, təmirə ehtiyacı olan xəstəxanalar vardır.

Biz bunu bilirik və bu işlər ardıcıllıqla görüləcəkdir.

Sizə uğurlar arzulayıram. Arzu edirəm ki, xəstələrə yaxşı xidmət göstərəsiniz. Xəstəxana əlbəttə ki, ilk növbədə xəstələr üçün olan bir tibb müəssisəsidir, amma, eyni zamanda, həkimlərin iş yeridir. Həkimlərin iş yeri də belə olmalıdır. Həkimlər çox böyük xidmət göstərirlər. Mən onların fəaliyyətini çox yüksək qiymətləndirirəm. Arzu edirəm ki, həkimlərimiz öz biliklərini artırsınlar, təkmilləşmə daim getməlidir. Çünki dünyada səhiyyə sahəsində çox böyük inkişaf gedir. İndi yeni texnologiyalar, yeni müalicə üsulları, yeni cərrahiyyə metodları tətbiq olunur. Biz də ən qabaqcıl təcrübəni Azərbaycanda tətbiq etməliyik. Bunu etmək üçün əlbəttə ki, müasir avadanlıq olmalıdır, eyni zamanda, təlim prosesi də daim getməlidir.

Sizi gözəl hadisə münasibətilə təbrik edirəm və sizə cansağlığı, uğurlar arzulayıram.

*  *  *

Sonda xatirə şəkli çəkdirildi.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında