Bakıda “Azəryol” klubunun inzibati binası, voleybol meydançası və “Azəryol” oteli istifadəyə verilmişdir

Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir

Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir

Dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Voleybol Federasiyasının “Azəryol” voleybol klubunun yeni inzibati binasının, voleybol meydançasının və “Azəryol” otelinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı əvvəlcə inzibati binada yaradılan şəraitlə tanış oldu.

Nəqliyyat naziri, Azərbaycan Voleybol Federasiyasının prezidenti Ziya Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, Azərbaycan Voleybol Federasiyasının yerləşdiyi bu kompleks qadınlardan ibarət “Azəryol” və “Azərreyl” voleybol klublarının mərkəzi bazası kimi fəaliyyət göstərəcəkdir.

Binada ümummilli lider Heydər Əliyevin büstü qoyulmuş, ulu öndərin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdikləri diqqət və qayğını, eləcə də veteran voleybolçuların fotolarını əks etdirən stendlər yaradılmışdır.

Diqqətə çatdırıldı ki, müasir memarlıq üslubunda ən son texnologiyalar əsasında inşa olunan binanın tikintisinə ötən il başlanılmışdır. Binanın layihəsi 2009-cu ildə Kölndə keçirilən memarlıq sərgisində ən yaxşı layihələrdən biri hesab edilmişdir. Kompleksin tikintisində azərbaycanlı və xarici mütəxəssislər birgə çalışmışlar. Üçmərtəbəli binada işçi qrupları, məşqçilər və menecerlərin fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Buradakı konfrans zalı müasir avadanlıqla təchiz edilmişdir.

Yüksək səviyyəli qonaqlar üçün nəzərdə tutulan otaqlarda yaradılan şəraitlə tanışlıq zamanı Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, burada oyunları izləmək üçün bütün imkanlar vardır. Binadakı 100 nəfərlik yeməkxananın xidmətindən həm idmançılar, həm də qonaqlar istifadə edəcəklər. Bundan əlavə, burada ən müasir avadanlığın quraşdırıldığı məşq zalı və tibbi yardım otağı vardır.

Dövlətimizin başçısı “Azəryol” klubunun yeni voleybol meydançasında yaradılan şəraitlə də tanış oldu.

Məlumat verildi ki, meydança Avropa Voleybol Konfederasiyasının və Beynəlxalq Voleybol Federasiyasının standartlarına tam uyğundur. “Azərreyl” və “Azəryol” klublarının təlim-məşq toplanışlarının da keçiriləcəyi bu idman qurğusunun daha bir xüsusiyyəti onun fəza konstruksiyasına malik olmasıdır. İki min tamaşaçı yerlik meydançada müasir tablo quraşdırılmışdır. Bu tablo Avropa Voleybol Konfederasiyası tərəfindən bütün federasiyalara nümunə kimi tövsiyə olunmuşdur. Oyunların gedişini zalda quraşdırılan led monitorlar vasitəsilə də izləmək mümkündür.

Azərbaycan Prezidenti İlham Əliyev burada voleybolçularla görüşdü.

İdmançıları təbrik edən Prezident İlham ƏLİYEV dedi:

– Mən çox şadam ki, bizim yerli - Azərbaycan voleybolçuları da yetişir və milli komandamızda təmsil olunurlar. Milli komandamız da, klublarımız da ölkəmizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil edirlər. Deyə bilərəm ki, bizim daxili çempionatımız Avropada bəlkə ən güclü çempionatlardan biridir. Bir neçə komandamız yüksək zirvələrə çatmışdır və ən önəmlisi, milli yığmamız da çox gözəl oyun nümayiş etdirir. Əminəm ki, Avropa çempionatında da yığma komandamız yaxşı nəticə göstərəcəkdir.

Bildiyiniz kimi, 2015-ci ildə Bakıda birinci Avropa Olimpiya Oyunları keçiriləcəkdir. Voleybol idman növü də o oyunların siyahısına daxil edilib. Biz voleybolçularımızdan yeni qələbələr gözləyirik. Şübhəsiz ki, 2016-cı ilin Yay Olimpiya Oyunlarına da ciddi hazırlıq gedir. İndi belə gözəl şərait yaradılıbdır və əminəm ki, nəticələr daha da yaxşı olacaqdır.

Sizi, federasiyanı, bütün voleybol ictimaiyyətini gözəl nəticələr münasibətilə təbrik etmək istəyirəm. Oyun idman növləri arasında voleybol bizdə ön plandadır, birinci yerdədir. Hesab edirəm ki, digər oyun növlərinin də bu səviyyəyə çatması üçün fəal iş görülməlidir. Sizi bir daha təbrik edirəm.

Dövlətimizin başçısına Azərbaycan Voleybol Federasiyasının rəmzi topu və üzərində idmançıların imzaları olan voleybol topu hədiyyə edildi.

İdmançılar Azərbaycan Prezidenti ilə xatirə şəkli çəkdirdilər.

Sonra Prezident İlham Əliyev “Azəryol” otelində yaradılan şəraitlə tanış oldu.

Bildirildi ki, altımərtəbəli oteldə ikisi VİP olmaqla 36 nömrə, restoran və kafeteriyalar vardır. Oteldə təlim-məşq toplanışlarına gələn idmançıların, qonaqların istirahəti üçün hər cür şərait yaradılmışdır. Yüksək standartlara uyğun inşa olunmuş otelin binası kompleksin memarlıq quruluşuna da xüsusi yaraşıq verir.

Diqqətə çatdırıldı ki, “Azərreyl” Azərbaycan voleybolunun flaqmanı hesab olunur. 2000-ci ildə yaradılan klub 2002-ci ildə Avropa “Top Komandalar” kubokunu əldə etmişdir. 2004-cü ildə Çempionlar Liqasının “Dördlər finalı”na yüksələn “Azərreyl” 2010-cu ildə “Çağırış Kuboku”nu qazanmışdır. Komanda hazırda Çempionlar Liqasında çıxış edir. 2011-ci ildə yaranan “Azəryol” klubu isə beynəlxalq yarışlarda çıxışlarına yeni başlamışdır.

Dövlətimizin başçısı yaradılan şəraitdən razılığını bildirdi.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında