Balaxanıda Bakı bərk məişət tullantılarının yandırılması zavodu istifadəyə verilmişdir

Prezident İlham Əliyev açılış mərasimində iştirak etmişdir

Prezident İlham Əliyev açılış mərasimində iştirak etmişdir

Dekabrın 19-da Balaxanıda Bakı bərk məişət tullantılarının yandırılması zavodu istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zavodun açılış mərasimində iştirak etmişdir. 

İqtisadi inkişaf naziri Şahin Mustafayev dövlətimizin başçısına məlumat verdi ki, müəssisənin tikintisi ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planı çərçivəsində həyata keçirilmişdir. Zavod 2008-ci ildə İqtisadi İnkişaf Nazirliyi ilə Fransanın “Cnim” şirkəti arasında imzalanan müqaviləyə əsasən inşa edilmişdir. Bu sahədə dünyanın ən aparıcı şirkətlərindən biri olan və 50 illik təcrübəyə malik “Cnim” bir çox ölkələrdə, xüsusilə də Avropada 120-dən çox bu tipli zavod tikmişdir. Müəssisənin təməli 2009-cu il noyabrın 3-də Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur.

Bildirildi ki, 20 hektar ərazidə inşa olunan və illik emal gücü 500 min ton məişət tullantısı və 10 min ton tibbi tullantı təşkil edən bu zavodun 20 illik istismarı da “Cnim” tərəfindən həyata keçiriləcəkdir.

Prezident İlham Əliyev müəssisəni işə saldı.

Məlumat verildi ki, zavod iki xətdən və elektrik enerjisi istehsal edən turbindən ibarətdir. İstismar zamanı tullantıların həcmi 10 dəfə, kütləsi isə 3 dəfədən çox azalacaqdır. Tullantıların yandırılması prosesi nəticəsində alternativ enerji kimi əldə ediləcək elektrik enerjisinin miqdarı ildə 231,5 milyon kilovat/saat olacaqdır.  Zavodun fəaliyyəti nəticəsində illik 60 milyon kubmetrdən artıq təbii qaz həcmində enerjiyə qənaət ediləcəkdir. Əldə edilən elektrik enerjisi 100 min evin enerji ilə təmin olunmasına imkan yaradacaqdır. 

Məlumat verildi ki, bərk məişət tullantılarının yandırılması zavodu istehsal gücünə görə Şərqi Avropada və MDB məkanında bu tipli ən iri müəssisədir. Dördüncü nəsil 4G texnologiyasının tətbiqi ilə qurulan zavod Avropa İttifaqının ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verəcəkdir. Yanma zamanı əmələ gələn tüstü külü xüsusi süzgəclərlə tutulacaqdır. Daha ağır və zərərsiz olan dib külündən isə yol tikintisində istifadə edilə bilər. Tullantı hədlərinin monitorinqinin  gündəlik aparılacağı zavod  ətraf mühitin idarə edilməsi üzrə ISO 14001 standartlarına tam cavab verir. Zavodun fəaliyyəti nəticəsində illik 100 min tona yaxın karbon dioksin-CO2 qazı ekvivalentində istilik effekti yaradan qazların atmosferə atılmasının qarşısı alınacaqdır.

Sonra dövlətimizin başçısı məişət tullantılarının idarə olunması sahəsində görülən işlərdən bəhs edən filmə baxdı.

Prezident İlham ƏLİYEV mərasimdə çıxış edərək dedi:

- Əziz dostlar!

Hörmətli xanımlar və cənablar!

Mən sizi Balaxanıda tikilmiş bərk məişət tullantılarının yandırılması zavodunun açılışı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu, gözəl hadisədir. Bu kiçik filmdə zavodun tikilməsi ilə bağlı bəzi məqamlar göstərilmişdir. Üç il bundan əvvəl - 2009-cu ilin noyabr ayında bu yerdə zavodun təməl daşı qoyuldu. Çox şadam ki, qısa müddət ərzində belə nəhəng sənaye müəssisəsi yaradılmışdır. Bu zavodun tikintisində iştirak etmiş bütün qurumlara, bütün şirkətlərə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Zavodun dəyəri, yəni, qoyulan investisiyanın həcmi 365 milyon avrodur. Onun bir hissəsi İslam İnkişaf Bankı tərəfindən kredit şəklində verilmişdir. Qalan hissə isə Azərbaycanın dövlət büdcəsi hesabına formalaşdırılmışdır. 

Zavodun tikintisində Fransanın böyük təcrübəyə malik olan “Cnim” şirkətinə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Onu da qeyd etmək istəyirəm ki, bu şirkətlə əməkdaşlığımız bundan sonra da davam edəcəkdir. Çünki 20 il ərzində zavodun idarə edilməsi “Cnim” şirkətinə həvalə edilmişdir. Mən çox şadam ki, Fransanın böyük şirkəti olan “Cnim” ilə Azərbaycan arasında belə işgüzar münasibətlər qurulmuşdur. Mən bu ilin sentyabr ayında Fransanın aparıcı şirkətləri ilə “Medef”də görüşdə bir daha gördüm ki, Azərbaycan ilə əməkdaşlıq etmək, biznes əlaqələrini  genişləndirmək üçün hər iki tərəfdə böyük maraq vardır və böyük imkanlar açılır. Fransa şirkətləri uzun illərdir ki, Azərbaycanda uğurla fəaliyyət göstərirlər. İstər energetika, istərsə də qeyri-neft, tikinti, nəqliyyat sektorlarında, kosmik sənaye müəssisələrinin inkişafında bizə kömək göstərirlər. Bu böyük investisiya tutumlu müəssisənin yaradılması da Fransa şirkəti tərəfindən icra edilmişdir.

Zavodun tikintisinə böyük ehtiyac var idi. Çünki bu kiçik filmdə göstərildiyi kimi, bu ərazi ekoloji fəlakət zonası idi. Bakı sakinləri yaxşı bilirlər ki, uzun onilliklər ərzində bu bölgədə yığılan tullantılar faktiki olaraq şəhərimizin ekoloji vəziyyətinə çox böyük zərbə vurmuşdur. Məişət tullantılarının burada yığılması və bir çox hallarda yandırılması ekoloji vəziyyəti daha da gərginləşdirirdi. Bu ərazinin üzərində daim tüstü buludları var idi. Bu tüstü Bakını bürüyürdü, bunun insanların sağlamlığına, şəhərimizin ekoloji vəziyyətinə çox mənfi təsiri olmuşdur. Bir neçə il bundan əvvəl bütövlükdə Bakının və Abşeron yarımadasının ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün kompleks tədbirlər görülməyə başlanmış və onların içərisində bu zavodun tikintisi xüsusi yer tutmuşdur. Azərbaycan dövləti bu istiqamətdə öz siyasətini davam etdirir. Çünki bizim üçün insanların sağlamlığı hər şeydən üstündür.

İnsanların sağlamlığının təmin edilməsi üçün kompleks tədbirlər görülür. Son illər ərzində Azərbaycanda, xüsusilə Bakıda ağacəkmə kampaniyası geniş vüsət almışdır. Artıq bu, kampaniya deyildir. Bu, artıq dövlət siyasətidir. On milyondan çox ağac əkilmişdir.

Bakının və bütün şəhərlərin təmiz içməli su ilə təmin edilməsi üçün konkret layihələr icra edilir. Bu layihələrin əsas hissəsi, yəni, mütləq əksəriyyəti gələn ilin sonuna qədər başa çatacaqdır. Beləliklə, hər bir şəhərdə, hər bir rayon mərkəzində əhali keyfiyyətli, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun olan içməli su ilə təmin ediləcəkdir ki, bu da tarixi nailiyyət olacaqdır.

İki il bundan əvvəl Oğuz-

Qəbələ-Bakı su kəmərinin istismara verilməsi Bakı şəhərində içməli su ilə təminatı böyük dərəcədə yaxşılaşdırılmışdır və bu istiqamətdə əlavə tədbirlər görülür. Tədbirlər nəticəsində vəziyyət daha da yaxşılaşacaqdır. Yəni, bu zavodun tikintisi böyük siyasi istiqamətin və eyni zamanda, sosial istiqamətin tərkib hissəsidir.

Bu zavodda Avropada mövcud olan ən sərt ekoloji normalar, meyarlar tətbiq edilir. Bu zavod ekoloji cəhətdən demək olar ki, dünya miqyasında ən öncül yerlərdədir. Eyni zamanda, burada ən müasir texnoloji proses də yaradılmışdır. Texnoloji cəhətdən yüksək avadanlıq gətirilmiş, quraşdırılmış və bu proses demək olar ki, tam şəkildə avtomatlaşdırılmışdır.

Zavodun istismara düşməsi və daha əvvəl tikilməsi nəticəsində müəssisənin ətrafında digər obyektlərin yaradılması üçün konkret tədbirlər görülmüşdür. Buraya gəlməzdən əvvəl mən yaxınlıqda yerləşən çeşidləmə zavodunun fəaliyyəti ilə tanış olmuşam. Məhz “Cnim” tərəfindən tikilmiş bu müəssisənin nəticəsi olan çeşidləmə zavodu da mühüm funksiya daşıyır. Eyni zamanda, zavodun tikintisi dövründə  belə bir fikir  yarandı, təşəbbüs irəli sürüldü ki, Balaxanıda texnologiya parkı yaradılsın və bu  gün o texnologiya parkının təməl daşı qoyulacaqdır. Yəni, gözəl bir təşəbbüsün görün nə qədər böyük təsiri vardır və burada yüzlərlə iş yeri açılmışdır. Burada işləyən işçilərin əksəriyyəti yerli vətəndaşlardır və getdikcə yerli kadrların sayı artacaqdır. Onlar yüksək maaş alırlar. Yəni, bu zavodun tikintisi kompleks tədbirlərin görülməsində bizə kömək göstərir. Onu da qeyd etmək istəyirəm ki, zavodun tikintisi ilə bağlı Balaxanıda sosial layihə də həyata keçirilmişdir. Balaxanı qəsəbəsinin içməli su ilə təchizatı üçün yeni layihə icra edilməyə başlamış və yaxın zamanlarda başa çatacaqdır. Bu layihənin dəyəri təqribən 10 milyon manat ətrafındadır. Bu layihə onu göstərir ki, biz məsələlərə kompleks şəkildə yanaşırıq, qarşıya qoyulan hədəfə uğurla çatırıq.

Mən əminəm ki, uzun illər bundan sonra zavod səmərəli şəkildə fəaliyyət göstərəcəkdir. Zavodun istehsal gücü 500 min tondur. Bakı şəhərində bəzi məlumatlara görə, daha çox məişət tullantıları yığılır və istisna edilmir ki, gələcəkdə zavodun sahəsi genişlənə bilər. Buna imkan da vardır. Əsas məsələ bundan sonra ondan ibarətdir ki, məişət tullantılarının yığılması, çeşidlənməsi, yandırılması və təkrar emala verilməsi prosesini biz bir-biri ilə uzlaşdıraq. Hazırda biz məsələnin son mərhələsini həll etdik. Çeşidləmə, yandırma, təkrar emal. Amma bu prosesin ilkin mərhələsi hələ ki, bizim tələblərimizə cavab vermir. Ona görə mən həm İqtisadi İnkişaf Nazirliyinə, həm Bakı Şəhər İcra Hakimiyyətinə tapşırıq verirəm ki, yaxın zamanlarda təkliflər hazırlansın. Evdən çıxan tullantının idarə  olunması, daşınması, yığılması və buraya gətirilməsi, yandırılması bir proses kimi təşkil edilməlidir ki, biz Bakıda bu məsələni birdəfəlik həll edək və bu təcrübə ondan sonra başqa şəhərlərdə də tətbiq edilməlidir.

Zavodda 37 meqavat gücündə elektrik stansiyası da fəaliyyət göstərir. Bu da çox gözəl hadisədir. Bir neçə meqavat zavodun fəaliyyəti üçün sərf olunacaq, qalan 33 meqavat isə şəhər şəbəkəsinə veriləcəkdir ki, bu da bizim enerji balansımızın bərpa olunan enerji ilə daha çox təmin edilməsi üçün vacibdir. Bilirsiniz ki, bizim zəngin neft-qaz yataqlarımız vardır. Bizim qazımız 100 il bundan sonrakı dövr üçün bizə və xarici istehlakçılara çatacaqdır. Buna baxmayaraq, biz bərpa olunan enerji növlərinin yaradılması ilə məşğuluq. Bu yaxınlarda Füzulidə 25 meqavat gücündə Su Elektrik Stansiyasının tikintisi başa çatmışdır. Bu elektrik stansiyasının tikintisi əlbəttə ki, bərpa olunan enerji növlərinin yaradılması işində çox gözəl bir hadisədir.

Eyni zamanda, bir daha demək istəyirəm ki, burada bütün beynəlxalq ekoloji normalar da nəzərdə tutulur. Beləliklə, bu zavodun istismara verilməsi nəticəsində Azərbaycan qlobal ekoloji məsələlərin həllinə kiçik də olsa öz töhfəsini vermiş olur. Bu gün, eyni zamanda, Balaxanı texnologiya parkının təməl daşı qoyulacaqdır.

Bu istiqamətdə kompleks tədbirlər görülür. Texnologiya parklarının bundan sonrakı uğurlu fəaliyyəti üçün əlavə tədbirlər paketi hazırlanır. Bu məsələnin qanunvericilik bazası hazırlanır və yaxın zamanlarda dövlət texnoloji parkların daha səmərəli fəaliyyət göstərməsi üçün əlavə güzəştlər paketi təklif edəcəkdir. Beləliklə, bir neçə yerdə böyük sənaye kompleksləri yaradılacaqdır – Sumqayıtda, Balaxanıda, Qaradağ rayonunda və digər yerlərdə.

Texnologiya parklarının ixtisaslaşması prosesi də artıq müəyyən edilibdir – yüksək Texnologiya Parkı, Kimya Texnologiya Parkı və Balaxanı Texnologiya Parkı. Hər biri öz sahəsini əhatə edir və bu parklarda yeni yaradılacaq müəssisələr ölkəmizin sənaye potensialının güclənməsinə xidmət göstərəcəkdir. Çünki bir neçə dəfə qeyd etdiyim kimi, əsas məqsədimiz sənaye istehsalını artırmaq, neft amilindən asılılığı azaltmaq və qeyri-neft sektorunu inkişaf etdirməkdir. Bu istiqamətdə böyük nailiyyətlər əldə edilibdir. Bu ilin yekunları onu göstərir. Hələ ki, dəqiq rəqəm yoxdur, ancaq ilkin rəqəm onu göstərir ki, qeyri-neft iqtisadiyyatımız təxminən 10 faiz artmışdır, qeyri-neft sənayemiz təqribən 7-8 faiz arta bilər. Bu, əvvəlki dövrdə sənayeləşmə istiqamətində görülmüş tədbirlər nəticəsində mümkün olmuşdur.

Bu zavodun və digər yeni böyük və kiçik müəssisələrin yaradılması nəticəsində biz uzunmüddətli dayanıqlı iqtisadi inkişafı təmin edəcəyik. Əlbəttə, enerji resursları bizə ilkin kapitalın yaradılmasında kömək göstərmişdir. Ancaq biz iqtisadi siyasətimizi elə aparmalıyıq ki, sanki bizdə neft, qaz yoxdur. Yalnız iqtisadi inkişaf, islahatlar, texnoloji prosesin təkmilləşməsi, müasir texnologiyaların gətirilməsi, investorlar üçün yaxşı investisiya şəraitinin yaradılması və xarici aparıcı şirkətlərlə uğurlu əməkdaşlığımız qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün bizə kömək göstərəcəkdir.

Qeyd etmək istəyirəm ki, son illər ərzində mən bir çox açılışlarda iştirak etmişəm. Yüzlərlə, bəlkə də daha da çox, indi onları saymaq üçün çox vaxt lazım olacaqdır. Ancaq onların içində  bu zavodun fəaliyyətə başlaması xüsusi yer tutur. Çünki bu zavoda qoyulan vəsait qeyri-neft sektoruna dövlət tərəfindən qoyulan ən böyük investisiyalardan biridir. Bu zavodun fəaliyyəti nəticəsində Bakının ekoloji vəziyyəti böyük dərəcədə yaxşılaşdırılacaqdır. İnsanların sağlamlığına çox böyük töhfə olacaqdır. Xarici əməkdaşlıq baxımından bu zavod da çox böyük əhəmiyyətə malikdir. Bir daha qeyd etmək istəyirəm ki, bu sahədə aparıcı şirkət olan “Cnim” şirkəti ilə biz uzunmüddətli əməkdaşlığa başlamışıq. Eyni zamanda, bu zavod Azərbaycan dövlətinin sosial siyasətini açıq-aydın göstərir. Bu sosial siyasəti bundan sonra da uğurla aparmaq üçün bizim iqtisadi gücümüz olmalıdır. Çünki mən qeyd etdim, həm İslam İnkişaf Bankı öz maliyyə dəstəyini, Dünya bankı öz tövsiyələrini verdi, ancaq əsas maliyyə yükü Azərbaycan büdcəsinin üzərinə düşmüşdür. Yəni, iqtisadi inkişaf elə olmalıdır ki, bundan sonrakı illərdə də biz sosial məsələlərin həllinə bax belə böyük dəstəyi verə bilək.

Mən bir daha əziz dostlar, sizi və bütün Bakı sakinlərini bu gözəl hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu zavodun tikintisində iştirak etmiş bütün insanları təbrik etmək, onlara öz minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, xarici tərəfdaşlarla əməkdaşlığımız bundan sonra da uğurla davam etdiriləcəkdir.

Sağ olun.

 * * *

Fransanın “Cnim” şirkətinin idarə heyətinin sədri Nikolya DMİTRİEF çıxış edərək dedi:

- Cənab Prezident!

Cənab nazir, xanımlar və cənablar!

Bu gün açdığınız tullantıların emalı zavodunun 2009-cu ilin noyabrında keçirilmiş təməlqoyma mərasimində bizimlə olmaq şərəfini bizə verdiniz. Azərbaycanın ətraf mühitinin qorunmasına xidmət edən, müasir texnologiyalarla işləyən zavodun beton və poladdan ibarət möhtəşəm binası strateji baxış və rəhbərliyinizin sayəsində başa çatdırılmışdır. Onun istismarı üçün mühəndis-texniklər və sadə işçilərdən ibarət heyət yorulmadan çalışır. Bu zavodda olan hər bir künclük, hər bir detal, hər bir maşın və avadanlıq keyfiyyət və əməkdaşlıq gücünün təzahürüdür və beynəlxalq heyət ümumi məqsəd uğrunda çalışmışdır. Məqsəd Azərbaycanın, Sizin başladığınız davamlı inkişaf siyasətinə əlavə mühüm töhfə verməkdir.

Cənab Prezident, mən 2009-cu ilin noyabr ayını çox yaxşı xatırlayıram. Sizin tövsiyələrinizi, ekologiya ilə bağlı siyasətinizi də xatırlayıram. Siz bu işinizi ilbəil davam etdirdiniz. Sizin burada olmağınızın özü bu zavod üçün böyük rəmzi əhəmiyyət daşıyır. Qeyd etmək istəyirəm ki, əslində bizim şirkət 150 ildir ki, fəaliyyət göstərir. Lakin məhz belə yeni müəssisələrin yaradılması əsasən son 50 ildə baş tutmuşdur.

Cənab Prezident, biz bu zavod ilə həqiqətən fəxr edə bilərik.

Cənab Prezident, bizə göstərdiyiniz etimada görə Sizə təşəkkürümü bildirirəm. Çox fərəhlənirəm ki, biz Sizin ölkənin davamlı inkişafına kömək edirik.

Çox sağ olun, cənab Prezident! 

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında