Prezident İlham Əliyev Füzuli soyuducu anbar kompleksinin açılışında iştirak etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Füzuli soyuducu anbar kompleksinin açılışında iştirak etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Füzuli soyuducu anbar kompleksinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısına məlumat verildi ki, kompleks Füzuli rayonunun Əhmədbəyli kəndində ən müasir standartlara cavab verən  səviyyədə qurulmuşdur. Ümumi dəyəri 4,5 milyon  manat olan kompleksin yaradılması məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 3,2  milyon  manat məbləğində güzəştli kredit verilmişdir. İki  hektar ərazidə inşa olunmuş anbar kompleksinin ümumi tutumu 5 min tondur.

Kompleksdə Almaniya, İtaliya və Finlandiyadan alınan, havalandırma, nəmləndirmə sistemləri və kompressorlar qurulmuş, çeşidləmə-qablaşdırma sexi yaradılmış və müasir avadanlıqla təchiz edilmişdir. Soyuducu anbar kompleksində əsasən Füzuli və ətraf rayonlarda məskunlaşmış məcburi köçkünlər tərəfindən istehsal edilən tərəvəz məhsullarının - kartof və soğanın saxlanılması nəzərdə tutulur.

Diqqətə çatdırıldı ki, hazırda soyuducu anbara iki min tondan artıq soğan və kartof vurulmuşdur, daha üç min ton məhsul tədarük olunacaqdır. Burada məhsullar müxtəlif çəkilərdə qablaşdırılır və birbaşa satış mərkəzlərinə göndərilir.

Bildirildi ki, kompleksin istifadəyə verilməsi bölgədə yaşayan əhalinin, o cümlədən məcburi köçkünlərin maddi rifahının daha da yaxşılaşmasına və regionda tərəvəz məhsullarının istehsalının artırılmasına şərait yaradacaqdır.

Azərbaycan Prezidenti İlham Əliyevə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Yuxarı Qarabağ iqtisadi rayonu üzrə sahibkarlara ödənilən güzəştli kreditlər barədə də məlumat verildi. Fondun icraçı direktoru Şirzad Abdullayev bildirdi ki, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 627 sahibkarlıq subyektinə 16,2 milyon manat, o cümlədən yeni texnologiyalara əsaslanan 5 investisiya layihəsinin maliyyələşdirilməsinə 10,8 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələrin reallaşdırılması 1600-dək yeni iş yerinin açılmasına imkan yaradacaqdır. Bundan başqa, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə Füzulidə fondun vəsaitləri hesabına yeni texnologiyalara əsaslanan, illik istehsal gücü 2,1 min ton quş əti olan fabrikə 5 milyon manat, Ağdam rayonunda illik istehsal gücü 3,4 min ton süd və 115 ton ət olan  müasir heyvandarlıq kompleksinə 1,1 milyon manat, Tərtər rayonunda soyuducu anbar kompleksinə 1,4 milyon manat, həmçinin ildə 320 ton üzüm istehsal etmək gücünə malik üzümçülük təsərrüfatına 113 min manat güzəştli kreditlər verilmişdir.

Prezident İlham Əliyevə yeni işə salınan “Qarabağ Broyler” fabriki  barədə də məlumat verildi. Bildirildi ki, fabrik 1994-cü ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən işğalından azad etdiyi ərazidə - Füzuli rayonunun Qarabağ kəndində yerləşən və yararsız vəziyyətdə olan heyvandarlıq kompleksinin bazasında yaradılmışdır. Bu layihənin də həyata keçirilməsində dövlətin güzəştli kreditlərindən istifadə olunmuşdur. Fabrikin ümumi dəyəri 7,2 milyon manatdır. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 5 milyon manat güzəştli kredit verilmişdir. Ümumi ərazisi 25 hektar olan fabrikdə 14 quş fermasında yenidənqurma işləri aparılmış, kəsim sexi, tutumu 150 ton olan soyuducu və şoklama kameraları inşa edilmişdir. Quşçuluq fabriki Türkiyədən gətirilən müasir yemləmə,  havalandırma, kəsim, soyutma və şoklama avadanlığı ilə təchiz edilmişdir. Fabrikdə ildə 2,1 min ton müxtəlif çeşiddə quş əti məhsulları istehsalı nəzərdə tutulur. İstehsal olunan məhsullar bazara “Qarabağ Broyler” brendi ilə çıxarılacaqdır. Fabrikdə Füzuli və ətraf rayonlardan 120 nəfər məcburi köçkün  yeni iş yeri ilə təmin olunmuşdur.

Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında