Ali qonağın şərəfinə
{nl}
Sinqapur Prezidenti Toni Tanın nitqi
Xəbər verdiyimiz kimi, noyabrın 21-də Sinqapur Respublikasının Prezidenti Toni Tanın adından bu ölkədə dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilmişdir. Dövlət başçıları rəsmi naharda nitq söyləmişlər.
- Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri İlham Əliyev!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
Zati-aliləri, Sizi və hörmətli nümayəndə heyətinizi Sinqapurda salamlamaqdan şərəf duyuram. Sizin səfəriniz Azərbaycanın dövlət başçısının Sinqapura ilk səfəridir və ikitərəfli münasibətlərimizdə tarixi mərhələni əks etdirir. On səkkiz il bundan əvvəl diplomatik münasibətlərimiz qurulandan bəri Sinqapur ilə Azərbaycan arasında ikitərəfli əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edib. Son bir neçə ildə çoxsaylı əlamətdar hadisələr baş verib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 2010-cu ilin mart ayında Sinqapura səfər edən ilk Azərbaycan naziri olub. Bundan iki həftə sonra isə o vaxtkı xarici işlər nazirimiz Corc Yeo Azərbaycana rəsmi səfər edib. Səfər çərçivəsində o, Sizin iştirakınızla Sinqapurun "Keppel" şirkəti tərəfindən Bakıda inşa ediləcək yeni gəmiqayırma zavodunun təməlqoyma mərasimində iştirak etmək şərəfinə nail olub. Bu gün biz Sizin ölkəmizə dövlət səfərinizin reallaşmasından həqiqətən fəxarət hissi duyuruq.
Münasibətlərimiz ümumi maraq və qarşılıqlı ehtirama söykənir. Daha iri dövlətlərlə əhatə olunmuş kiçik ölkələr kimi, biz beynəlxalq təşkilatların və çoxtərəfli forumların əhəmiyyətini alqışlayırıq. Buna görə də təəccüblü deyil ki, ölkələrimiz Qoşulmama Hərəkatında və bu il 20 illiyi qeyd olunan "Kiçik Dövlətlərin Forumu" kimi beynəlxalq tədbirlərdə yaxşı əməkdaşlıq edirlər. Sizin Sinqapura səfəriniz ölkələrimiz arasında daha sıx əlaqələrin qurulması üçün yaxşı zəmin yaradacaqdır. Səmimi qəlbdən inanıram ki, münasibətlərimizin siyasi, iqtisadi və digər sahələrdə böyük potensialı vardır.
Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir. Keçən il ölkənizdə 7,6 faiz artım müşahidə olunub və bu gün Azərbaycan dünyada iqtisadiyyatı ən sürətlə inkişaf edən ölkələrdən birinə çevrilib. Sinqapur şirkətləri regiondan kənarda imkanları əhəmiyyətli dərəcədə nəzərdən keçirir və mən inanıram ki, Azərbaycan biznes qurmaq üçün onlara daha cəlbedici olacaqdır. Bu, artıq bizim artmaqda olan ticari və sərmayə əlaqələrimizdən də bəllidir. 2000-2012-ci illər arasında ikitərəfli ticarət dövriyyəsi iki dəfədən çox artaraq 200 milyon Sinqapur dollarına çatıb. Bir sıra yaddaqalan uğurlarımız olub. Məsələn, "Keppel Offshore and Marine" şirkəti Azərbaycan Dövlət Neft Şirkəti və Azərbaycan İnvestisiya Şirkəti ilə 52 hektar sahəsi olan yeni gəmiqayırma zavodu və tərsanənin inşasına, idarə olunmasına dair əməkdaşlıq haqqında saziş imzalayıb. Eyni zamanda, "Keppel" şirkəti ARDNŞ ilə birgə 1997-ci ildə Xəzər Gəmiqayırma Şirkətini yaradıblar. Bu, Xəzər regionunda ilk beynəlxalq neft-qazma qurğuları, təmiri və modernləşdirilməsi üzrə zavod idi. "Surbana Corporation", "Sembcorp" və "Franklin Offshore Group" kimi bir sıra Sinqapur şirkətləri də Azərbaycanda müxtəlif layihələrdə iştirak ediblər. İnanıram ki, bu cür səylər bizim qarşılıqlı faydalı tərəfdaşlığımızın müsbət əlamətidir. Ümid edirəm ki, Zati-aliniz ölkələrimiz arasında daha sıx iqtisadi əməkdaşlığa dəstək verməyə davam edəcəkdir.
Azərbaycan zəngin tarixə və mədəniyyətə, rəngarəng adət-ənənələrə malik olan ölkədir və Sinqapur sizin müxtəlifliyinizdən və mədəni irsinizdən çox şey öyrənə bilər. Azərbaycan kimi, Sinqapurda da biz mədəni müxtəlifliyə dəyər veririk, il boyu müxtəlif dini və etnik bayramlar, festivallar keçiririk. Ölkələrimizin mədəniyyət və incəsənət sahəsində əməkdaşlığı üçün fürsətləri səbirsizliklə gözləyirəm. İnanıram ki, Sizin səfəriniz əksəriyyəti səyahət həvəskarı olan sinqapurlularda ölkənizin gözəlliklərinə daha çox maraq oyatdı.
Zati-aliləri, əminəm ki, Sizin Sinqapura səfəriniz Azərbaycan ilə Sinqapur arasında münasibətlərin çiçəklənməsinə səbəb olacaqdır.
{nl}
Prezident İlham Əliyevin nitqi
- Zati-aliləri cənab Prezident!
Əziz dostlar!
Cənab Prezident, hər şeydən öncə, mənə və nümayəndə heyətimin üzvlərinə göstərdiyiniz səmimi qonaqpərvərliyə və gözəl ölkənizə səfərə dəvət etdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istərdim. Dünəndən bəri ölkənizin müstəqillik illərində əldə etdiyi inkişaf və tərəqqi mənə böyük təəssürat bağışlayır. Bu gün Sinqapur inkişaf, sosial müdafiə, investisiya imkanları və beynəlxalq aləmə açıq olmaq baxımından dünyada lider ölkələrdən biridir.
Xalqlarımız və ölkələrimiz arasında bir çox bənzərliklər vardır. Azərbaycan da inkişaf etməkdə olan müstəqil ölkədir. Bizim üçün müstəqillik illərində keçid dövrü güclü dövlətçilik, eyni zamanda, bazar iqtisadiyyatı və yaxşı investisiya imkanları deməkdir. Ölkənizin nümunəsi yenicə müstəqil olan ölkələr üçün olduqca cəlbedicidir. Buna görə də ölkələrimiz arasındakı əməkdaşlıq təbii olaraq sürətlə və uğurla inkişaf edir. Digər bənzərlik isə Sizin də qeyd etdiyiniz kimi, ölkələrimizin çoxmədəniyyətli olmasıdır. Bu, ölkələrimizin əldə etdiyi ən böyük müsbət keyfiyyətlərdən biridir. Müxtəlif etnik və dini qrupların nümayəndələrinin sülh şəraitində birgə yaşaması ənənələri regionda həqiqətən olduqca xüsusi bir mühit yaradır. Sinqapur kimi Azərbaycan da multikulturalizm prinsiplərinə yüksək dəyər verir. Buna görə də bizim cəmiyyətlərimiz bütün insanlara öz iradələrini ifadə etməyə, eləcə də sülh və əmin-amanlıq şəraitində yaşamağa imkanlar yaradır.
Təbiidir ki, ölkələrimiz arasındakı münasibətlər olduqca uğurla inkişaf edir və mən deyərdim ki, siyasi əlaqələr çox güclüdür. Mənim ölkənizə ilk dövlət səfərim siyasi əlaqələrimizin bir təzahürüdür. Biz bir çox sahələrdə və müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində fəal şəkildə işləyir və əməkdaşlıq edirik. Keçən ilin oktyabrında Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi zamanı bizə verdiyi dəstəyə, həmçinin Qoşulmama Hərəkatına üzv ölkələrin sammiti zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipləri əsasında həlli ilə bağlı qəbul edilən qətnaməyə səs verdiyinizə görə ölkənizə təşəkkür edirəm. Biz bu siyasi dəstək əlamətlərinə görə Sizə təşəkkür edirik. Biz də öz növbəmizdə bütün beynəlxalq təşkilatlarda Sinqapuru dəstəkləməyə davam edəcəyik.
Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizlik və sabitliyə ən böyük təhlükədir. Əfsuslar olsun ki, müstəqilliyimiz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin Ermənistan tərəfindən işğal olunması, azərbaycanlılara qarşı etnik təmizləmə və 1 milyon soydaşımızın öz doğma şəhər və kəndlərindən qovulması, öz vətənində qaçqın və məcburi köçkünə çevrilməsi ilə nəticələnən bu münaqişə ilə qeyd olundu. Beynəlxalq ictimaiyyət bu münaqişənin həlli ilə bağlı öz yanaşmasını ifadə edib və bu münaqişə ərazi bütövlüyü və beynəlxalq hüquq prinsipləri əsasında həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilmir. Buna görə də Qoşulmama Hərəkatına üzv ölkələrin sammiti zamanı Sinqapurun yekdil dəstəyi ədalətə və beynəlxalq hüquqa dəstək əlaməti idi. Ona görə də düşünürəm ki, biz gələcəkdə fəal şəkildə əməkdaşlıq etməyi və siyasi əlaqələrimizi gücləndirməyi davam etdirəcəyik.
Cənab Prezident, bu imkandan istifadə edərək mən dialoqumuzu davam etdirmək üçün Sizi bir daha münasib bildiyiniz vaxtda Azərbaycana dövlət səfərinə dəvət edirəm. Bu gün biz həm də iqtisadi əməkdaşlıq perspektivlərini müzakirə etdik. Siz çıxışınızda bu əməkdaşlığın müsbət nümunələrini qeyd etdiniz. Bizim, həqiqətən də yaxşı nümunələrimiz vardır. "SOCAR" və "Keppel" arasındakı əməkdaşlığın artıq uzun tarixi və ənənələri mövcuddur. İndi isə bu əməkdaşlıq yeni sahələri əhatə edərək uğurla inkişaf edir. Azərbaycanda tərsanə inşası bizə regiondakı bütün dövlətlərin faydalana biləcəyi güclü Xəzər donanmasını yaratmağa imkan verəcəkdir. Biz qədim İpək Yolu üzərində yerləşirik. Azərbaycan ilə Avropa arasında dəmir yolu xəttinin inşası və bunun Xəzər dənizi vasitəsilə Asiya regionunu birləşdirməsi, yüklərin daşınması üçün əlavə gəmilərin alınması - bütün bunlar bizim regionun inkişafına töhfəmiz olacaqdır. Düşünürəm ki, tarixi İpək Yolunun bərpası bu regionda yerləşən bütün ölkələr üçün çox vacibdir.
Biz, həmçinin iqtisadi əlaqələri genişləndirməyi və bu sahədə qarşılıqlı faydalı biznes əlaqələrinin inkişaf etdirilməsi üçün digər imkanları da araşdırmağı düşünürük. Fikrimcə, ölkələrimizin biznes dairələri bir araya gəlməli və müxtəlif istiqamətlərdə məsələləri müzakirə etməlidirlər. Azərbaycan inkişaf edir, cənab Prezident, Sizin də qeyd etdiyiniz kimi, ümumi daxili məhsulun artımı çox sürətlə gedir və son 9 ildə bu, 300 faiz təşkil edib. Daha çox Sinqapur şirkətlərini həm investor, həm də podratçı qismində Azərbaycana işləməyə dəvət etmək üçün çoxlu imkanlar vardır. Biz də öz növbəmizdə investisiya planlarımızla bağlı yeni imkanları nəzərdən keçiririk. Sizin ölkəniz bunun üçün ən əlverişli məkanlardan biridir. Çünki müstəqillik illərində Siz çox güclü iqtisadiyyat qurmağa nail olmusunuz. Qeyd etdiyim kimi, müxtəlif mədəniyyətlərə malik cəmiyyət, siyasi baxımdan sabit vəziyyət. Ona görə də indi Sinqapur artıq bütün dünya üçün çox məna kəsb edir. Sizin transformasiyanız və uğurunuz əvvəldə qeyd etdiyim kimi, transformasiyaya, eləcə də bu potensialdan öz xalqları və qonşuları üçün istifadə etməyə ehtiyacı olan bir çox ölkələr üçün yaxşı nümunədir.
Bizim, həmçinin humanitar, mədəni mübadilə və təhsil sahələrində əməkdaşlıqla bağlı böyük planlarımız vardır. Şadam ki, gənc azərbaycanlılar sizin universitetlərinizdə təhsil alırlar və ümid edirəm ki, Azərbaycandan bir çox insanlar sizin ölkənizə təhsil almağa və müxtəlif sahələrdə yaxşı mütəxəssis olmağa gələcəklər.
Cənab Prezident, mən bir daha Sizə səmimi qonaqpərvərliyə və dəvətinizə görə təşəkkürümü bildirmək istərdim. Dünən axşam və bu gün gördüklərimin məndə necə yüksək təəssürat yaratdığını bir daha qeyd etmək istərdim. Sizi və xalqınızı bu böyük uğura görə təbrik etmək istəyirəm. Sizə və Sinqapur xalqına ən xoş arzularımı çatdırır, yeni nailiyyətlər diləyirəm.
{nl}
AzərTAc
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.