Şriftin ölçüsü:
22.11.2012 11:08 | Oxunma sayı: 605
Hörmətli toplantı iştirakçıları !
Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasının Azərbaycanın paytaxtı Bakı şəhərində öz işinə başlaması münasibətilə sizi ürəkdən təbrik edir, bu mühüm beynəlxalq tədbirin işinə uğurlar arzulayıram. Düşünürəm ki, Asiyada təhlükəsizlik, sülh və əməkdaşlıq mövzusuna həsr olunmuş bu tədbirin Bakıda keçirilməsi Azərbaycanın regionda artan nüfuzunun və ona olan etimadın göstəricisidir.
Asiya və Okeaniyanın 300-dən çox siyasi partiyasını birləşdirən bu mötəbər qurum ölkələrimiz arasında əməkdaşlığı inkişaf etdirmək üçün uğurlu platformadır. Bu baxımdan, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının müasir dünyamızı düşündürən aktual çağırışlara xüsusi diqqət yetirməsini təqdirəlayiq hal hesab edirəm.
Qloballaşan dünyamızın müasir siyasi mənzərəsinin formalaşmasında Asiya regionu ölkələrinin rolu və əhəmiyyəti gündən-günə artır. Hazırda Asiya dünyanın iqtisadi mərkəzinə çevrilməkdədir. Aparıcı Asiya dövlətlərinin dinamik inkişafının kökündə dayanan yeni iqtisadi modellərin öz təsdiqini tapması dünya iqtisadi sisteminin əsas meyillərini təşkil edir. Müasirləşən Asiya zəngin mədəniyyəti, nəhəng iqtisadi potensialı və insan resursları ilə bəşəriyyətin gələcək taleyinin müəyyən edilməsinə böyük töhfə verir. Elə dövlət müstəqilliyinin 21-ci ildönümünü böyük iqtisadi və sosial yüksəlişlə qeyd edən Azərbaycan da iqtisadi inkişafın "Azərbaycan modelini" yaratmağa nail olmuşdur.
Məmnuniyyətlə müşahidə etdiyimiz bu müsbət meyillərlə bərabər, bir sıra Asiya ölkələrində yoxsulluq, qeyri-sabitlik, etnik və dini münaqişələr, terror və separatizm, lokal münaqişə və qarşıdurmalar bizi ciddi şəkildə narahat edir.
Bu baxımdan, Azərbaycanın üzləşdiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll edilməməsi regionda iqtisadi sabitliyə, təhlükəsizliyə, əməkdaşlığa və inkişafa maneçilik törədən əsas amillərdəndir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon 20 ildən artıq müddətdir ki, işğal altındadır. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində etnik təmizləmə siyasəti aparılmış, bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu ərazilərdə qədim mədəniyyət abidələri məhv edilmiş, məktəblər, muzeylər, məscidlər dağıdılmış, məzarlıqlar təhqir olunmuş, dünya sivilizasiyasının nadir inciləri yer üzündən silinmişdir.
Münaqişənin həlli ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi, BMT Baş Məclisinin, ATƏT-in, Avropa Şurasının, NATO-nun, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq təşkilatların qərar və qətnamələri vardır. Ermənistan isə bütün bunlara məhəl qoymur. Bu səbəbdən də bölgədə davamlı sülh və təhlükəsizlik üçün ən böyük təhlükə olan bu münaqişənin beynəlxalq hüquq çərçivəsində danışıqlar yolu ilə ədalətli həlli istiqamətində Azərbaycanın göstərdiyi səylər nəticəsiz qalmışdır.
Hörmətli toplantı iştirakçıları!
İnanıram ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyası çərçivəsində siz beynəlxalq aləmdə təhlükəsizlik, sülh və əməkdaşlığın təmin olunması və möhkəmlənməsi üçün səmərəli fikir mübadiləsi aparacaq, mühüm qərarlar qəbul edəcəksiniz. Eyni zamanda, şübhə etmirəm ki, Baş Assambleyanın iştirakçı ölkələri bir-birinin təcrübəsindən faydalanaraq beynəlxalq və regional əməkdaşlıq sahəsində yeni imkanları lazımınca dəyərləndirəcək və dövrümüzün bu aktual problemlərinin həllinə layiqli töhfələrini verəcəklər.
Bir daha Baş Assambleyanın işinə müvəffəqiyyətlər, hamınıza can sağlığı, xoşbəxtlik diləyir, sülh və əməkdaşlıq yolunda dialoqun geniş vüsət alması naminə səylərinizdə uğurlar arzulayıram.
{nl}
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 noyabr 2012-ci il
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.