Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir
Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yasamal Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak etmişdir. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, yaradılmış şəraitlə tanış oldu.
Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr yaradılmışdır.
Dövlətimizin başçısı Yasamal rayon, Gəncə şəhəri Nizami rayon, Gədəbəy rayon məhkəmələrinin köhnə və yeni binalarının, eləcə də Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində hazırlanmış müasir məhkəmə kompleksinin layihələrini əks etdirən stendlərə baxdı.
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, 20-dən çox yeni məhkəmə binasının, həmçinin bir neçə məhkəmənin yerləşəcəyi məhkəmə komplekslərinin layihələri hazırlanmışdır. Ötən il Oğuz, bu il isə Bakı şəhər Yasamal, Gəncə şəhər Nizami, Gədəbəy rayon məhkəmələri üçün yeni binaların inşası başa çatdırılmışdır. Artıq tərkibində bir neçə məhkəmənin fəaliyyət göstərəcəyi Sabunçu və Şəki məhkəmə komplekslərinin, Quba Rayon Məhkəməsi üçün yeni binanın inşasına başlanılmışdır.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, Ədliyyə Nazirliyi Avropa Şurası Ədalət Mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyası ilə sıx əməkdaşlıq edir. Ötən il qurumun plenar iclasında Azərbaycanda hakimliyə namizədlərin seçimi proseduru müsbət nümunə kimi qiymətləndirilmiş və bu təcrübə digər Avropa ölkələrinə tövsiyə edilmişdir. Sentyabrda Vyanada Avropa ədliyyə nazirlərinin 31-ci konfransında isə bütün Avropa dövlətlərinin məhkəmə sistemlərinin təhlili üzrə hazırlanan hesabatın təqdimatı keçirilmişdir. Hesabatda qeyd olunmuşdur ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı məhkəmə-hüquq islahatlarının dərinləşməsi, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və infrastrukturunun yaxşılaşdırılması istiqamətində genişmiqyaslı layihələrin həyata keçirilməsi, xüsusilə məhkəmə binalarının layihələndirilməsi üçün vahid konsepsiyanın hazırlanması, müasir məhkəmə komplekslərinin inşası, məhkəmələrdə mütərəqqi informasiya texnologiyalarının tətbiqi üzrə sərmayələrin qoyulması ilə nəticələnmişdir.
Məlumat verildi ki, Yasamal Rayon Məhkəməsinin yeni binası da "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində, milli memarlıq üslubunda, müasir standartlar səviyyəsində tikilmişdir. Yeni binanın layihə işləri "MDM" MMC, inşaat işləri isə "Əfqan" firması tərəfindən həyata keçirilmişdir. Dördmərtəbəli binanın inşasına 2010-cu ilin martında başlanılmışdır. Müasir informasiya-kommunikasiya qurğularının quraşdırıldığı bina inzibati və ictimai zonalara bölünür və hər iki zonanın girişi ayrıdır. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulmuşdur. Ədliyyə Nazirliyinin icra qrupu, dövlət ittihamçıları və vəkillər ictimai zonadan istifadə edəcəklər. Bununla da hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər. Binada daimi fəaliyyət göstərən iki qurum - rayon məhkəməsi və icra şöbəsi yerləşir.
Diqqətə çatdırıldı ki, BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq Yasamal Rayon Məhkəməsinin binasında əlillərin sərbəst hərəkəti üçün də şərait yaradılmışdır. Girişdə əlillərin daxil olmaları üçün qaldırıcı qurğu quraşdırılmış, gözdən əlil vətəndaşların isə sərbəst hərəkəti üçün birinci mərtəbənin döşəməsinə xüsusi örtük salınmışdır. İctimai zonada bütün otaqların adlarını əks etdirən lövhələrdə gözdən əlil insanlar üçün də xüsusi yazılar vardır.
Prezident İlham Əliyev 1 saylı məhkəmə zalı ilə tanış oldu. Burada əsasən cinayət, zəruri hallarda digər işlərə də baxılır. Binada ümumilikdə 12 zal vardır. Zallardan beşi cinayət, yeddisi isə mülki işlər üçün nəzərdə tutulmuşdur. Zalın qarşısında məhkəmə prosesinin iştirakçıları üçün hər cür şərait yaradılmışdır. Burada vəkillər, dövlət ittihamçıları, şahidlər və icra məmurları üçün otaqlar ayrılmışdır. İnformasiya texnologiyalarının tətbiqi baxımından ölkəmizdə bənzəri olmayan bu məhkəmə zalında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazılışları aparan "Femida" sistemi, video-konfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün zəruri infrastruktur yaradılmış, habelə müasir tipli İP təhlükəsizlik kameraları istifadəyə verilmişdir.
Təqsirləndirilən şəxslər zalda dəmir barmaqlıqlar arxasında deyil, beynəlxalq standartlara uyğun xüsusi ayrılmış şüşə otaqda saxlanılırlar. Burada onların vəkillə birbaşa əlaqə saxlamaları üçün müvafiq qurğu da vardır. Məhkəmə zalında əcnəbi şəxslərin iştirakı ilə işlərə baxılan zaman tərcümə xidmətlərinin göstərilməsi üçün xüsusi yer ayrılmış və avadanlıq quraşdırılmışdır. Zalda təqsirləndirilən şəxslərin və şahidlərin məhkəməyə gətirilmədən uzaq məsafədən dindirilməsi üçün konfrans avadanlığı vardır.
Zalla tanışlıq zamanı Bakı İstintaq Təcridxanası ilə canlı bağlantı quruldu.
Qeyd edildi ki, binada təhlükəsizliyin etibarlı təmini məqsədilə müasir tipli 60 İP təhlükəsizlik kamerası, metal aşkarlayıcısı elektron və çanta yoxlayan rentgen qurğuları, turniketlər quraşdırılmışdır.
Bildirildi ki, vətəndaşların müraciət imkanlarının asanlaşdırılması, məlumatlılığın təmin edilməsi və şəffaf xidmətlərin geniş tətbiqi məqsədilə binanın birinci mərtəbəsində ilk dəfə olaraq müasir elektron məlumat daşıyıcıları, o cümlədən məlumat məntəqəsi, məlumat köşkü, iki tavanda yerləşdirilmiş böyük ölçülü ekran və məhkəmə zalının girişində divarda asılmış xüsusi monitor vardır ki, bu da vətəndaşların məhkəmə prosesləri və onların keçiriləcəyi tarix, məhkəmə zalı, hakim və digər məsələlərlə bağlı informasiyanı maneəsiz əldə etmələrinə imkan yaradır. Bundan başqa, vətəndaşlara bank, tibb xidmətindən və çay otağından istifadə etmək üçün şərait yaradılmış, məhkəmə zallarına qalxmaq məqsədilə müasir lift və eskalatorlar quraşdırılmışdır. Məhkəmə binasında ana və uşaqlar üçün otaq da yaradılmışdır.
Prezident İlham Əliyev mülki məhkəmə zalı ilə də tanış oldu. Burada məhkəmə prosesinin yüksək səviyyədə aparılması üçün lazımi avadanlıq quraşdırılmışdır.
Binanın dördüncü mərtəbəsində ulu öndər Heydər Əliyevin barelyefi qoyulmuşdur.
Bu mərtəbədəki konfrans zalı ilə tanışlıq zamanı dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, müasir avadanlıqla təchiz edilmiş bu zalda hakimlərə və məhkəmə işçilərinə Ədliyyə Nazirliyinin iclaslarına, müşavirələrinə, toplantılarına, həmçinin Ali Məhkəmənin Plenumuna birbaşa qoşulmaq imkanı yaradılmışdır. Həmçinin, məhkəmə sədrinin otağında quraşdırılmış və ölkəmizdə ilk dəfə tətbiq edilən "Bloostar" adlı video-konfrans telefon sistemi vasitəsilə 6 qurum rəhbəri ilə eyni vaxtda video-müzakirələr aparmaq mümkündür.
Sonra Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində respublikamızın üç bölgəsində yeni inşa olunmuş Gədəbəy, Oğuz, Gəncə şəhəri Nizami rayon məhkəmələri ilə videobağlantı yaradıldı və həmin məhkəmələrin hakimləri ilə canlı danışıqlar aparıldı.
Bildirildi ki, təqsirləndirilən şəxslər üçün binanın alt qatında hər cür şərait yaradılmışdır. Təqsirləndirilən şəxslər məhkəmə prosesinə ayrıca xüsusi təhlükəsizlik vasitələri ilə təchiz olunmuş liftlə gətirilir. Mühafizə otağı, arxiv, dəftərxana xidməti və icra şöbəsinin işi də müasir tələblər səviyyəsində qurulmuşdur.
Qeyd edildi ki, 300 minədək əhaliyə xidmət göstərən Yasamal Rayon Məhkəməsində ildə 13 minə yaxın mülki, cinayət, inzibati xəta və prosessual məcburiyyət tədbirləri barədə işlərə baxılır.
Yasamal Rayon Məhkəməsinin yeni binası ilə yaxından tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.
{nl}
AzərTAc
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.