Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir
Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalının açılışında iştirak etmişdir. Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin hospitalın həyətində ucaldılmış abidəsini açdı. Prezident İlham Əliyev abidənin üzərindən ağ örtüyü götürdü, önünə gül dəstəsi qoydu.
Sonra dövlətimizin başçısı hospitalın rəmzi açılışını bildirən lenti kəsdi, yaradılan şəraitlə tanış oldu.
Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə səhiyyənin inkişafına diqqət və qayğısını əks etdirən fotoguşələr yaradılmışdır.
Milli təhlükəsizlik naziri Eldar Mahmudov Azərbaycan Prezidentinə məlumat verdi ki, yeni tikilmiş hərbi hospitalda quraşdırılan avadanlıq tibbin ən son nailiyyətlərinə əsaslanır. Müasir texniki baza ilə təchiz olunan hərbi hospitalın istifadəyə verilməsi həm də Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının sosial məsələlərinin həllində mühüm əhəmiyyət daşıyır. Tibb ocağında yaradılan müasir şərait bütün növ ağır cərrahi əməliyyatları aparmağa, müayinə və müalicə işlərini ən yüksək səviyyədə həyata keçirməyə imkan verir.
Qeyd edildi ki, 150 çarpayılıq hospitalda poliklinika, klinik laboratoriya, əməliyyat, reanimasiya və intensiv terapiya bloku, angioqrafiya, radiologiya, endoskopiya şöbələri yaradılmışdır. Burada respublikada ilk dəfə olaraq tibbi oksigen istehsal edən generatorlar qurulmuşdur. Bununla yanaşı, binada pnevmatik poçt və tibbi tullantıların zərərsizləşdirilməsi və utilləşdirilməsi avadanlıqları quraşdırılmışdır.
Prezident İlham Əliyevə məlumat verildi ki, hospital binasının ümumi sahəsi 34 min 500 kvadratmetrdir. İki yeraltı, yeddi yerüstü mərtəbədən ibarət binanın damında ölkəmizdə ilk dəfə olaraq beynəlxalq tələblərə cavab verən helikopter meydançası inşa edilmişdir. Tibb ocağında yeraltı avtomobil parkı da yaradılmışdır. Ətrafda geniş abadlıq işləri görülmüş, yaşıllıq zolaqları salınmışdır.
Diqqətə çatdırıldı ki, hospitalın poliklinika şöbəsində mərkəzi müraciət, ilk yardım, ixtisaslaşdırılmış müayinə kabinələri yerləşir. Kabinələrdə səhiyyə qurğuları operativ və dəqiq müayinə aparmağa geniş imkan verir. Poliklinikanın klinik laboratoriyasında da müasir standartlara cavab verən avadanlıq quraşdırılmışdır.
Prezident İlham Əliyev hərbi hospitalın konfrans salonuna da baxdı. Burada Azərbaycan səhiyyə sisteminin inkişafında müstəsna xidmətləri olan məşhur həkimlərin portretləri və onlar haqqında məlumatlar əks olunmuşdur. Bildirildi ki, 120 nəfərlik konfrans salonunda müxtəlif seminarların, elmi-praktik tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır.
Hərbi hospitalın mikrobioloji laboratoriyası da müasir standartlara cavab verir. Binadakı apartament və VİP palatalar da yüksək səviyyədədir. Xəstələrin müalicəsi, istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün zəruri tədbirlər görülmüşdür. Hospitalın 10 VİP palatası vardır. Xüsusi zövqlə salınan "Qış bağı" da müalicə olunanların ixtiyarına veriləcəkdir. Hospitaldakı bütün şöbələrdə dünyanın ən qabaqcıl ölkələrində istifadə edilən avadanlıq və tibbi cihazlar quraşdırılmışdır.
Dövlətimizin başçısına məlumat verildi ki, burada yaradılan şərait ürək cərrahiyyəsi, travmatologiya və ortopediya, ümumi cərrahlıq, urologiya, LOR və digər sahələrdə əməliyyatların səhiyyənin ən son nailiyyətləri əsasında aparılmasına imkan verəcəkdir. Reanimasiya və intensiv terapiya şöbələrindəki şərait də müalicəvi tədbirlərin tam və keyfiyyətlə aparılmasına xidmət edəcəkdir. Tibb ocağındakı palataların 48-i iki çarpayılıq, 17-si bir çarpayılıqdır. Burada, həmçinin Wİ-Fİ internet şəbəkəsi, İP TV və tibbi heyətin çağırış sistemi kimi texnoloji yeniliklərdən istifadə olunacaqdır. Hospitalın radiologiya şöbəsində son nəsil texnoloji yeniliklərə əsaslanan 3 tesla maqnit-rezonans tomoqrafiyası, kompyuter tomoqrafiyası, rentgen, densinometr, mammoqraf, ultrasəs skanerləri və digər avadanlıq istifadəyə verilmişdir. Bir sözlə, Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalında yaradılan şərait buraya müraciət edənlərin müayinə və müalicəsinin səmərəli təşkili üçün ideal imkan yaradacaqdır.
Hospitalda yaradılmış şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları və tibb ocağının kollektivi ilə görüşdü.
Dövlətimizin başçısı İlham ƏLİYEV mərasim iştirakçılarını salamlayaraq dedi:
- Mən indi Milli Təhlükəsizlik Nazirliyinin hospitalının bütün bölmələri ilə tanış olarkən görürəm ki, doğrudan da, hospital yüksək səviyyədə tikilmişdir, ən müasir standartlara cavab verir. Burada ən müasir avadanlıq quraşdırılıbdır. Yəni, burada keyfiyyətli tibbi xidmət göstərmək üçün bütün imkanlar vardır, gözəl şərait yaradılıbdır. Xarici görünüşü də çox gözəldir, daxili tərtibatı da. Yəni, bu hospital deyə bilərəm ki, dünya miqyasında seçilən bir tibb müəssisəsi olacaqdır. Mən buna çox sevinirəm, çox şadam. Çünki bildiyiniz kimi, son illərdə ölkəmizdə müxtəlif yerlərdə - Bakıda, bölgələrdə müasir tibb ocaqları yaradılır. Qarşıya məqsəd qoyulmuşdur ki, hər bir şəhərdə yüksək tibbi xidmət göstərmək üçün yaxşı şərait olsun. Yüzlərlə yeni xəstəxana, hospital, tibb mərkəzi tikilib istifadəyə verilmişdir. Ölkəmizdə insanlara göstərilən tibbi xidmət indi yüksək səviyyədədir. Əlbəttə ki, səhiyyə sisteminin təkmilləşdirilməsi üçün əlavə tədbirlər görüləcəkdir. Burada həm poliklinika, diaqnostika, cərrahiyyə, terapiya şöbələrində, laboratoriyalarda ən son avadanlıqlar quraşdırılıb. Bir sözlə, kompleksdə müayinə və müalicə tədbirlərinin görülməsi üçün çox gözəl şərait vardır.
Mən sizi bu gözəl hadisə münasibətilə təbrik etmək istəyirəm. Çox şadam ki, nəhayət, Milli Təhlükəsizlik Nazirliyinin işçilərinin özlərinin gözəl tibb mərkəzi vardır. Mən bilirəm ki, siz əvvəlki dövrdə başqa qurumların imkanlarından istifadə edirdiniz, ancaq vaxt gəlib çatıb ki, özünüzün belə gözəl tibb mərkəzi olsun. Çünki bu, doğrudan da lazımdır, ölkəmizin inkişafını göstərir. Milli Təhlükəsizlik Nazirliyinin işçilərinin sağlamlığını qorumaq üçün artıq gözəl imkanlar vardır.
Buraya gələrkən ulu öndər Heydər Əliyevin abidəsinin açılışında biz bərabər iştirak etdik, bu da təbiidir. Çünki ulu öndər Azərbaycanın milli təhlükəsizlik orqanlarının formalaşdırılmasında çox böyük rol oynamış, əvəzolunmaz xidmətlər göstərmişdir. Onun həyatının böyük hissəsi təhlükəsizlik orqanları ilə bağlı olmuşdur. Həyatının o dövrünü ulu öndər həmişə çox böyük məhəbbətlə yada salırdı. Həm onun gənclik illəri olmuşdur. Eyni zamanda, təhlükəsizlik orqanlarında çalışdığı dövr ərzində onun xidmətləri, doğrudan da böyük olmuşdur.
1970-ci illərdə, 1980-ci illərin əvvəllərində Azərbaycana rəhbərlik edən Heydər Əliyev əlbəttə ki, bütün işlərdə milli təhlükəsizlik orqanlarında əldə edilmiş təcrübədən də istifadə edirdi. Təsadüfi deyildir ki, ölkəmiz müstəqilliyə qovuşandan iki il sonra Azərbaycan xalqı ulu öndərə müraciət edib, onu dəvət edib və öz taleyini ona etibar etmişdir. Həyat onu göstərdi ki, bu, yeganə düzgün addım idi. Çünki 1990-cı illərin əvvəllərində gedən proseslər hamımızın yaxşı xatirindədir. Bəlkə gənc həkimlər bunu o qədər də xatırlamırlar. Ancaq biz yaxşı xatırlayırıq, orqanların əməkdaşları yaxşı xatırlayırlar ki, 1991-ci, 1992-ci, 1993-cü illər doğrudan da, faciəvi və çox təhlükəli illər olmuşdur. Çünki bərpa edilmiş müstəqillik faktiki olaraq əldən gedirdi. Ulu öndərin qətiyyəti, cəsarəti, müdrikliyi xalqımızı, ölkəmizi böyük bəlalardan qurtara bilmişdir və 1993-cü ildən bu yana ölkəmiz inkişaf yolu ilə gedir.
Bu inkişafda milli təhlükəsizlik orqanlarının əməkdaşlarının da çox böyük rolu, çox böyük zəhməti vardır. 1990-cı illərin ortalarında dövlət çevrilişlərinə cəhdlər, hərbi qarşıdurma, vətəndaş müharibəsinin alovlanması demək olar ki, müstəqilliyimizi böyük dərəcədə sarsıtmışdır. Milli təhlükəsizlik orqanlarının fəaliyyəti nəticəsində o illərdə və xüsusilə son illərdə böyük tədbirlər görülmüş, cinayətkar dəstələr zərərsizləşdirilmiş və ölkə vətəndaşlarının normal təhlükəsiz həyatı təmin edilmişdir.
Sizin nazirliyin spesifikası ondan ibarətdir ki, fəaliyyətiniz geniş ictimaiyyətə bəzi hallarda o qədər də bəlli deyildir. Bu da təbiidir. Çünki dünyanın istənilən ölkəsində xüsusi təhlükəsizlik orqanlarının spesifikası bundan ibarətdir. Ancaq siz də bilirsiniz, mən də Ali Baş Komandan kimi bilirəm ki, sizin nə qədər böyük zəhmətiniz, fədakarlığınız, peşəkarlığınız olmuşdur ki, vətəndaşlarımız rahat yaşasınlar.
Son illər ərzində Azərbaycana qarşı edilən terror, təxribat cəhdlərinə, xaricdən göndərilən casusluq şəbəkələrinin nümayəndələrinə Azərbaycan dövləti və milli təhlükəsizlik orqanları tərəfindən layiqincə cavab verilmişdir. Azərbaycan dövlətinin uğurlu inkişafı, Azərbaycan xalqının rahat yaşaması təmin edilmişdir.
Bu gün Milli Təhlükəsizlik Nazirliyi inkişaf dövrünü yaşayır. Həm peşəkarlıq artır, eyni zamanda, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən xoşagəlməz halların aşkar edilməsinə və qabağının alınmasına baxmayaraq, əfsuslar olsun ki, onların sayı artır. Bu, onu göstərir ki, Azərbaycana qarşı edilən təxribat cəhdləri artır. Bu da təbiidir. Çünki ölkəmiz inkişafdadır. Azərbaycan müstəqil siyasət aparır. Bu, heç də bütün xarici dairələrin ürəyincə deyildir. Ancaq biz öz yolumuzla gedirik. Yolumuzu müdafiə etmək, bizi təhlükələrdən qorumaq üçün Milli Təhlükəsizlik Nazirliyi çox uğurla, peşəkarlıqla çalışır. Əminəm ki, bu səviyyə gələcəkdə də təmin ediləcəkdir. Həm peşəkarlıq artır, eyni zamanda, orqanların əməkdaşları vətənpərvər, öz Vətəninə, Azərbaycanın müstəqilliyinə bağlı olan insanlardır. Eyni zamanda, texniki təchizat indi əlbəttə ki, əvvəlki illərlə müqayisəedilməz dərəcədə artıbdır. İndi texniki imkanlarımız elədir ki, bizə qarşı hətta planlaşdırılan hər hansı bir təxribatın qarşısını vaxtında almaq üçün imkan vardır. Elə imkanları biz yaratmışıq. Həm texniki təchizat, peşəkarlıq, düşünülmüş iş, operativ əməliyyatlar və eyni zamanda, beynəlxalq əlaqələrimiz və təmaslarımız, əlbəttə ki, bax indiki vəziyyətə gətirib çıxarıb. Bu gün Milli Təhlükəsizlik Nazirliyi öz üzərinə düşən funksiyaları çox şərəflə, ləyaqətlə yerinə yetirir.
Onu da qeyd etməliyəm ki, biz, eyni zamanda, dünyada gedən prosesləri izləyirik və bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün öz töhfəmizi veririk. Bu barədə də əlbəttə ki, açıq danışmaq olmaz. Ancaq qeyd etməliyəm ki, bu gün Azərbaycan və onun təhlükəsizlik orqanları bölgədə sabitliyin, sülhün təmin edilməsi üçün öz dəyərli töhfələrini verirlər.
Əlbəttə, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının bütün məişət, mənzil məsələləri də öz həllini tapmalıdır və tapır. Siz bunu yaxşı bilirsiniz. Hər il bu məsələlərə baxılır, həll edilir. Bu gün isə belə gözəl tibb mərkəzi sizin sərəncamınıza verilir. Arzu edirəm ki, siz bu mərkəzdən az istifadə edəsiniz. Ancaq həyat belədir ki, bunsuz da mümkün deyildir. Hər bir yeni, xüsusilə bölgələrdə yeni xəstəxananın açılışında bir sözü mən təkrarlayıram, bu gün də demək istəyirəm və arzu edirəm ki, hər bir vətəndaş ildə bir dəfə müayinədən keçsin, sağlamlığını yoxlatsın və çalışsın ki, daim sağlam olsun. Sizin sağlamlığınız xalqımıza, dövlətimizə lazımdır.
Bir daha sizi ürəkdən təbrik edirəm.
* * *
Milli təhlükəsizlik naziri Eldar MAHMUDOV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
Cənab Ali Baş Komandan!
Milli Təhlükəsizlik Nazirliyinin hospitalının açılışında iştirak etdiyinizə görə bütün şəxsi heyət adından Sizə dərin minnətdarlığımızı bildiririk. Ulu öndər Heydər Əliyevin apardığı daxili və xarici siyasəti Siz çox uğurla inkişaf etdirirsiniz. Ölkəmizdə bütün sahələrdə inkişaf gedir. Dövlət strukturlarında aparılan islahatlar, o cümlədən də Milli Təhlükəsizlik Nazirliyində strukturun formalaşması, onun maddi-texniki bazasının möhkəmlənməsi və sosial problemlərin həlli daim Sizin diqqət mərkəzinizdə olubdur. Bu gün Azərbaycanda çox böyük layihələr həyata keçirilir. Bu hərbi hospitalın açılışı o layihələrdən biridir və ilk gündən daim Sizin diqqət və nəzarətinizdə olub. Həm onun tikintisi, həm də maddi-texniki təminatı.
Möhtərəm Prezident, təhlükəsizlik orqanlarının əməkdaşları, onların ailələri bu hospitalın xidmətindən istifadə edəcəklər. Deməli, tibbi yardım və lazım olan müalicəni ala biləcəklər.
Mən bir daha bütün şəxsi heyət adından Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Sizi əmin etmək istəyirəm ki, verilən tapşırıqlar və göstərişlər bütün şəxsi heyət tərəfindən dərhal icra olunacaqdır. Çox sağ olun.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.