Şriftin ölçüsü:
10.11.2012 09:53 | Oxunma sayı: 737
Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir
Noyabrın 8-də Bakının Xətai rayonunun Əhmədli qəsəbəsində 14 nömrəli şəhər poliklinikasının açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev poliklinikanın açılışında iştirak etmişdir.
Ötən il aprelin 1-də Prezident İlham Əliyev Əhmədli qəsəbəsinin sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən işlərlə tanış olarkən burada yeni poliklinikanın tikilməsinə dair tapşırıqlarını vermişdi. Dövlətimizin başçısının 2011-ci il 1 aprel tarixli sərəncamı ilə bu tibb müəssisəsinin inşası üçün 1,5 milyon manat vəsait ayrılmışdı.
Əhmədli qəsəbəsinə gələn Prezident İlham Əliyev poliklinikanın əvvəlki və hazırkı vəziyyətini əks etdirən şəkillərdən ibarət stendə baxdı.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov məlumat verdi ki, poliklinikanın 1936-cı ildə inşa edilmiş əvvəlki binasında məktəb fəaliyyət göstərmiş, 1991-ci ildən öz təyinatı üzrə istifadə olunmağa başlanmışdır. Poliklinika 15 min nəfərədək əhaliyə, həmçinin bu ərazidə yaşayan Böyük Vətən müharibəsi əlillərinə və iştirakçılarına, Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, 400-dək qaçqın və məcburi köçkünə tibbi xidmət göstərir. Xidmət ərazisində yaşlı əhalinin və uşaqların da sayı çoxdur. Bu insanların digər yerlərə stasionar müalicəyə getmələri onlar üçün həmişə çətinliklər yaradırdı. Poliklinikanın yeni binasının istifadəyə verilməsi ilə əhaliyə tibbi xidmətin göstərilməsində bir çox məsələlər həll olunacaqdır.
Prezident İlham Əliyev poliklinikanın rəmzi açılışını bildirən lenti kəsdi, yaradılan şəraitlə tanış oldu.
Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə səhiyyənin inkişafına diqqət və qayğısını əks etdirən fotoguşə yaradılmışdır.
Bildirildi ki, səhiyyə ocağının müasir memarlıq üslubunda inşa olunmuş üçmərtəbəli yeni binasının sahəsi 3,6 min kvadratmetrdir. Burada 80 nəfərlik tibbi heyət əhaliyə xidmət göstərəcəkdir.
Dövlətimizin başçısı poliklinikada funksional diaqnostika şöbəsində yaradılan şəraitlə tanış oldu. Burada stasionar ultrasəs müayinəsi, rentgen kabineti, klinik laboratoriya, ultrasəs və elektrofarez aparatları ilə təchiz olunmuş fizioterapiya otaqları vardır. Poliklinikada 25 nəfərlik bufet də vardır.
Poliklinikanın terapiya şöbəsi ilə tanış olan Prezident İlham Əliyevə bildirildi ki, burada fəaliyyət göstərən müxtəlif şöbələrdə ən müasir tibbi avadanlıq quraşdırılmış, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün lazım olan bütün şərait yaradılmışdır.
Poliklinikanın eyvanından ətrafı seyr edən dövlətimizin başçısına məlumat verildi ki, eyni zamanda, iki min kvadratmetr ərazidə abadlıq işləri aparılmış, yaşıllıq zolaqları salınmış, ağac və gül kolları əkilmiş, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Həmçinin qəsəbənin bir sıra küçələrinə yeni asfalt örtük salınmış, müasir işıqlandırma sistemi yaradılmış, hasar və səkilər bərpa olunmuşdur.
Poliklinikada yaradılmış şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev 2011-ci ilin aprelində Əhmədli qəsəbəsində ictimaiyyətin nümayəndələri ilə görüşdə iştirak edən qəsəbə sakini Qurbanəli Əlizadə ilə söhbət etdi.
Qurbanəli ƏLİZADƏ: - Salam, xoş gəlmisiniz. Gələn qədəmləriniz var olsun, Allah Sizə yar olsun. Möhtərəm Prezidentim, belə möhtəşəm müalicə ocağını bizə Siz hədiyyə etmisiniz.
Prezident İlham ƏLİYEV: - Təbrik edirəm. Sabah da gözəl bayramdır, Dövlət Bayrağı Günüdür. Biz bu gün bu ərəfədə belə gözəl poliklinikanın, - əslində bu, xəstəxanadır, - açılışında görüşürük. Keçən dəfə qəsəbə sakinləri ilə görüşdə bu məsələ qaldırıldı. Yəni, əsas iki məsələ qaldırılmışdı - biri yol məsələsi idi, o da indi öz həllini tapır. İkincisi isə poliklinikanın yenidən qurulması idi. İndi əvvəlki şəkillər də burada vardır, siz də yaxşı xatırlayırsınız, əvvəlki vəziyyət necə idi. İndi belə gözəl, möhtəşəm tibb ocağı yaradıldı və sakinlərə xidmət göstərəcəkdir. Sizi təbrik edirəm. Ancaq görüləsi işlər hələ çoxdur. Ölkə üzrə bütün yerlərdə belə gözəl tibb ocaqları yaradılır. İnşallah, gələcək illərdə daha böyük işlər görəcəyik. Sizi təbrik edirəm. Sağ olun.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.