Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 92-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi keçirilmişdir
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev təlimin əsas mərhələsini izləmişdir
İyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 92-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi keçirilmişdir.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bölmələrin, hissələrin və silah sistemlərinin taktiki döyüş tətbiqini əhatə edən təlimin əsas mərhələsini izləmişdir.
Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Ali Baş Komandana raport verdi.
Prezident İlham Əliyev xüsusi təyinatlıların döyüş fəaliyyətinin nümayişinə baxdı.
Sonra dövlətimizin başçısı hərbi texnika və silah nümunələri ilə tanış oldu.
Ali Baş Komandana məlumat verildi ki, burada nümayiş olunan hərbi texnika yüksək standartlara cavab verir və güclü döyüş qabiliyyətinə malikdir.
Hərbi Hava Qüvvələrinin modernləşdirilmiş Mi-24G tipli vertolyotu gecə döyüş əməliyyatları üçün nəzərdə tutulmuşdur. Prezident İlham Əliyev radiolokasiya stansiyalarına, zenit-raket briqadasının avtomatlaşdırılmış komanda məntəqəsinə baxdı, kompyuter və multimedia avadanlığı ilə təmin olunmuş mobil komanda-qərargah və rabitə kunqlarında yaradılan şəraitlə tanış oldu.
Müxtəlif atıcı silahlar, çoxfunksiyalı əməliyyat-idarəetmə sistemi, telegörüntülü müşahidə vasitələri, mina əleyhinə sistemlər, müxtəlif teplovizual və lazer ballistik nişangahlar, gecə nişangahları, hədəfləri müəyyən etmək üçün optik cihazlar, tank əleyhinə raket kompleksləri, minaatanlarla tanış olan Ali Baş Komandan daşınan çoxfunksiyalı kəşfiyyat robotunun fəaliyyətini izlədi.
Prezident İlham Əliyev ən yüksək tələblərə cavab verən, qoşunların manevr imkanlarını və atəş gücünü əhəmiyyətli dərəcədə artırmağa imkan yaradan T 72 M-1 əsas döyüş tankına, 82 millimetrlik avtomatik minaatana, "Qrad" və "LAR" döyüş maşınlarına, avtomatlaşdırılmış idarəetmə sistemləri kompleksinə, düşmənin artilleriyasını, minaatanlarını, texnikasını, canlı qüvvəsini və idarəetmə məntəqələrini məhv etmək, müdafiə qurğularını dağıtmaq qabiliyyətinə malik 122 millimetrlik özüyeriyen minaatan qurğuya, reaktiv mərmilərin daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrinə, piyadaların modernləşdirilmiş döyüş və zirehli kəşfiyyat-dozor maşınlarına, ön müşahidə sistemlərinə baxdı.
Ali Baş Komandan mobil səhra hamamında yaradılan şəraitlə maraqlandı, mobil səhra çörəkbişirmə bölməsi, qoşqulu səhra mətbəxi ilə tanış oldu, hərbçilərin səhra şəraitindəki qida menyusuna daxil olan ərzaq nümunələrini nəzərdən keçirdi.
Sonra müdafiə naziri Səfər Əbiyev hərbi təlimlərin operativ-taktiki vəziyyəti barədə Ali Baş Komandana məruzə etdi.
Prezident, Ali Baş Komandan İlham Əliyev bölmələrin, hissələrin və silah sistemlərinin döyüş tətbiqi üzrə təlimlərini izlədi.
Azərbaycan Respublikasına qarşı yönələn silahlı təcavüzün dəf edilməsi məqsədi ilə müxtəlif güc strukturlarının birgə fəaliyyətinin planlaşdırılması və təşkili, birinci müdafiə həddində müdafiə əməliyyatının aparılması, müasir silah sistemləri və aviasiyanın tətbiqi ilə düşmənə böyük dərəcədə zərər yetirilməsi, müxtəlif güc strukturlarının birləşmə və hissələrinin birgə hücum əməliyyatı aparmaqla müdafiəyə soxulan düşmən qruplaşmasının darmadağın edilməsi, əməliyyat ehtiyatlarının döyüşə yeridilməsi ilə hücumun dərinliyə inkişafı və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi mövzusu üzrə irimiqyaslı birgə əməliyyat-taktiki təliminə ümumilikdə 4 min nəfərdən çox şəxsi heyət, 100 tank, 77 zirehli döyüş maşını, 125 artilleriya sistemi, 17 döyüş təyyarəsi, 12 döyüş vertolyotu və 4 nəqliyyat-döyüş vertolyotu cəlb edilmişdi.
Artilleriya bölmələrinin şəxsi heyəti təlim sahəsindəki hədəflərə sərrast atəş açmaqla peşəkarlıq nümayiş etdirdi. Döyüş təyyarələri və vertolyotları yüksək pilotajla yanaşı, hədəflərə dəqiq aviasiya zərbələrinin endirilməsində məharətlərini göstərdilər. Tank və piyadanın döyüş maşını heyətləri idarə etdikləri texnikanın manevr və atəş gücündən tam istifadə edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirdilər. Xüsusi təyinatlı bölmələrin taktiki hava desantı tərkibində paraşütlə tullanması və qarşıya qoyulan tapşırığın dəqiq yerinə yetirilməsi onların əsl peşəkarlığını göstərdi.
Ümumiyyətlə, təlimə cəlb olunan bütün şəxsi heyət yüksək döyüş hazırlığı nümayiş etdirdi. Təlimdə qarşıya qoyulan bütün məqsədlərə nail olundu.
Sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hərbçilər qarşısında çıxış etdi.{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.