Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak etmişdir
Azərbaycan Prezidenti əvvəlcə Ağcabədi və Beyləqan rayonlarında yaradılan özəl pilot taxılçılıq təsərrüfatlarının layihəsini və İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə verilmiş güzəştli kreditlərə dair məlumatları əks etdirən stendlərlə tanış oldu.
İqtisadi inkişaf naziri Şahin Mustafayev Aran iqtisadi rayonunun iqtisadi potensialı, göstəriciləri, sosial və infrastruktur layihələri, istehsal və emal müəssisələri və görülmüş digər işlər, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə verilmiş güzəştli kreditlərin dinamikası, yaradılmış yeni iş yerləri, maliyyələşdirilmiş müasir texnologiyaların tətbiqinə əsaslanan layihələr barədə məlumat verdi. Bildirildi ki, fond tərəfindən indiyədək 14 min 600-dən çox sahibkara 910 milyon manatdan artıq güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 103 mindən çox iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlərin 63 faizi aqrar sektorun, 33 faizi sənayenin, 4 faizi isə turizmin payına düşür.
Bildirildi ki, fond vasitəsilə müasir texnologiyaların tətbiqinə əsaslanan 236 layihənin maliyyələşdirilməsinə 460 milyon manat kredit verilmişdir. Dövlətin güzəştli kreditləri hesabına rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən kiçik və orta həcmli qeyri-neft sənaye müəssisələrinin yaradılması respublikanın müxtəlif yeyinti və digər sənaye məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi ilə yanaşı, ölkənin ixrac potensialının artırılmasında mühüm əhəmiyyətə malikdir.
Şahin Mustafayev dövlətimizin başçısının tapşırığı ilə özəl pilot taxılçılıq təsərrüfatlarının yaradılması ilə bağlı görülən işlər barədə də Prezident İlham Əliyevə məlumat verdi.
Sonra Prezident İlham Əliyevin sahibkarlarla görüşü keçirildi.
Dövlətimizin başçısı görüşdə giriş nitqi söylədi.
{nl}
Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi
{nl}
- Həm Bakıda, həm bölgələrdə sahibkarlarla görüşlərim mütəmadi xarakter daşıyır. Bugünkü görüş də bölgənin sahibkarları ilə keçirilir. Əminəm ki, müzakirə ediləcək məsələlər bu bölgənin biznes mühitinin yaxşılaşdırılmasına öz töhfəsini verəcək və biz istədiyimizə nail olacağıq.
Son illərdə Azərbaycanın regionlarında böyük quruculuq işləri aparılır. İki Dövlət Proqramı qəbul edilmişdir. 2004-2008-ci illəri və 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramları uğurla icra edilir. Böyük həcmdə investisiyalar qoyulmuşdur və bu proses davam etdirilir. 2004-cü ildən bu günə qədər 90 milyard dollardan çox vəsait qoyulmuşdur. Təkcə bu ilin doqquz ayında bu məbləğ 16 milyard dollara çatmışdır. Bu, çox böyük rəqəmdir. Nəzərə alsaq ki, son illər ərzində hər il təxminən eyni məbləğdə investisiya qoyulur, təsəvvür etmək çətin deyil ki, bu, nə qədər böyük əhəmiyyətə malik olan məsələdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı hesab edirəm ki, son illər ərzində ölkəmizi hərtərəfli inkişaf etdirən əsas alət olmuşdur. Bu proqram qəbul olunanda hədəflər də müəyyən edilmişdi və hədəflər müxtəlif istiqamətləri əhatə edirdi. Ancaq bir sözlə demək mümkündür ki, əsas hədəf ölkə iqtisadiyyatını şaxələndirmək idi və neft-qaz amilindən asılılığı azaltmaq məqsədləri daşıyırdı. Hesab edirəm ki, biz bu hədəflərə çatmışıq, bütün bölgələrdə quruculuq, abadlıq, infrastruktur işləri aparılır. Bölgələrlə şəhərlər arasında, yəni paytaxt arasında fərq azalır. Bu gözəl nəticələri biz gündəlik həyatda, statistik göstəricilərdə də müşahidə edirik.
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 900 milyon manatdan çox vəsait ayrılmışdır. Təkcə bu il bu məbləğ 200 milyon manatdır. Gələn il 300 milyon manat olacaqdır. Bu, bölgələrin inkişafına verilən ən böyük töhfələrdən biridir. Çünki hər bir layihə ölkə iqtisadiyyatının şaxələndirilməsinə xidmət göstərir. Hər bir layihə iqtisadiyyatımızın real sektoruna qoyulan investisiyalardır. Bu investisiyaların mahiyyəti ondan ibarətdir ki, investisiyalar ilk növbədə dövlət siyasətinə uyğun şəkildə qoyulur, digər tərəfdən dövlətlə özəl sektor arasında yeni, çox sağlam münasibətlər formalaşır. Çünki Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə həyata keçirilən layihələrin, demək olar ki, hamısı həm dövlətin, həm özəl sektorun kapitalı hesabına həyata keçirilir. Verilən güzəştli kreditlər və eyni zamanda, sahibkarların öz vəsaiti artıq bu tərəfdaşlığı möhkəmləndirir.
Hesab edirəm ki, bizim təcrübəmiz dünya miqyasında çox dəyərlidir, çox uğurludur. Bu təcrübə onu göstərir ki, dövlətlə özəl sektor arasında birlik var və mən dəfələrlə qeyd etmişəm, bir daha demək istəyirəm ki, ölkənin gələcək inkişafı sahibkarlığın uğurlu inkişafından asılı olacaqdır. Əlbəttə, bizim böyük enerji resurslarımız vardır və biz bu resurslardan səmərəli şəkildə istifadə edirik. Yenə də deyə bilərəm ki, dünya miqyasında ən səmərəli üsul və yanaşma məhz Azərbaycandadır. Bizim təcrübəmiz öyrənilir. Xarici tərəfdaşlarla enerji sahəsində əməkdaşlığımız nümunəvi xarakter daşıyır. Çünki bir tərəfdən biz investorların investisiyalarını lazımi şəraitdə, lazımi səviyyədə qoruyuruq. Digər tərəfdən, dövlət maraqlarını maksimum dərəcədə müdafiə edirik. Bu sahədə əldə edilmiş təcrübə əlbəttə ki, başqa sahələrdə də tətbiq edilir. Son illər ərzində Azərbaycanda qoyulan böyük həcmdə xarici sərmayələr daxili biznes mühitini də böyük dərəcədə yaxşılaşdırmışdır.
Xarici sərmayələr nəticəsində icra edilən kontraktlarda iştirak etmiş şirkətlər gücləndi, böyüdü, öz vəsaitini əldə etdilər və öz növbəsində ölkəmizin qeyri-neft sektorunun inkişafına maliyyə dəstəyini göstərmiş oldular. Yəni, bu, vacib məsələlərdən biridir və gələcəkdə vacib məsələ kimi qalacaqdır. Ancaq bununla bərabər, qeyri-neft sektorunun inkişafı bizim üçün prioritetdir və regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının qəbul olunması və icra edilməsi məhz bu məqsədi daşıyır. Deyə bilərəm ki, bu ilin statistik göstəriciləri bir daha nümayiş etdirir ki, biz bu sahədə böyük uğurlara nail ola bilmişik. Doqquz ayda qeyri-neft sektorumuz 10 faizdən çox artmışdır. Qeyri-neft sənayemiz 7 faizdən çox artmışdır. Beləliklə, ölkə iqtisadiyyatının şaxələndirilməsi prosesi davam etdirilir.
Kreditlərin verilməsi və dövlət tərəfindən layihələrin icrasına nəzarətin gücləndirilməsi öz müsbət rolunu oynayır. Eyni zamanda, İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanmış müxtəlif layihələr üzrə biznes planlar, əlbəttə ki, sahibkarların işini də asanlaşdırır. Çünki sahibkarlıqla məşğul olmaq üçün təkcə ilkin kapital kifayət etməz. Eyni zamanda, düşünülmüş, sınaqdan keçmiş və beynəlxalq təcrübəyə əsaslanan biznes plan da lazımdır. Dövlətimiz bu sahədə sahibkarlara öz yardımını əsirgəmir. Həm güzəştli kreditlər, eyni zamanda, müxtəlif layihələrin uğurla icra edilməsi üçün tövsiyələrini verir, inkişaf etdiriləcək istiqamətləri müəyyən edir. Eyni zamanda, sahibkarlara göstərilən dövlət dəstəyi və Prezident tərəfindən göstərilən dəstək əlbəttə ki, sahibkarları həm ruhlandırır, həm də onlar üçün yeni gözəl şərait yaradır.
Onu da qeyd etmək istəyirəm ki, bölgə sahibkarlarının uğurlu fəaliyyəti üçün yerli icra orqanlarına da mütəmadi qaydada göstərişlər verilir ki, sahibkarların fəaliyyətini dəstəkləsinlər, onların fəaliyyətini gücləndirsinlər və onlar üçün bütün lazımi şəraiti yaratsınlar. Çünki bir daha demək istəyirəm ki, ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır.
Biz gələcək illər üçün yeni proqramlar hazırlayırıq. Bu da təbiidir. Çünki həyat yerində durmur. Deyə bilərəm ki, 2004-2013-cü illəri əhatə edən iki Dövlət Proqramının uğurlu icrası nəticəsində bölgələrdə mövcud olan əsas infrastruktur layihələri başa çatacaqdır. Bu layihələrin böyük əksəriyyəti artıq başa çatmışdır. Əvvəlki illərdə müxtəlif sahələr üzrə mövcud olan problemlər artıq yoxdur. Bu problemlər artıq aradan qaldırılıb. Vaxtilə elektrik enerjisi ilə təchizat narahatlıq yaradırdı. Artıq bu problem aradan qaldırılmışdır və beləliklə, sahibkarların fəaliyyəti, yeni müəssisələrin yaradılması üçün gözəl şərait vardır.
Yollarla bağlı problemlər öz həllini tapmaqdadır. Bütün magistral yollarda əsaslı təmir işləri davam etdirilir, yaxud da ki, başa çatmışdır. Şəhərlərarası yollar təmir edilir. Biz indi kənd yollarının tikintisinə ciddi şəkildə başlamışıq. Gələn illər ərzində bu proses davam etdiriləcəkdir.
Qazlaşdırma ilə bağlı məsələlər, kənd təsərrüfatı texnikasının çatışmazlığı sahibkarlığı əngəlləyən ən böyük məsələ idi. Vaxtilə "Aqrolizinq", "Aqroservis" dövlət şirkətlərinin yaradılması bu istiqamətdə atılan çox önəmli addım idi. Dövlət öz tərəfindən texnikanı alır və lizinq şərtləri ilə sahibkarlara icarəyə verir. Yəni, bu problemi də dövlət öz üzərinə götürmüşdür. Eyni zamanda, kənd təsərrüfatında fəaliyyət göstərən sahibkarlar torpaq vergisindən başqa bütün vergilərdən azaddırlar və onlara lazımi səviyyədə subsidiyalar verilir - həm yanacaq, həm gübrə, güzəştli kreditlər. Dövlət dəstəyi, infrastruktur layihələrinin dövlət tərəfindən icra edilməsi prosesi bu gözəl şəraiti yaradır. Sahibkarlar da öz növbəsində bu imkanlardan səmərəli şəkildə istifadə etməlidirlər. Onların biznes fəaliyyəti genişləndirilməlidir. İlk növbədə, bu, onların özlərinə lazımdır. Eyni zamanda, dövlətə, xalqa lazımdır. Çünki son illər ərzində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində ölkəmizdə bir milyon yüz min yeni iş yeri açılmışdır ki, onların mütləq əksəriyyəti bölgələrdə açılan iş yerləridir.
Beləliklə, işsizlik probleminin aradan qaldırılması istiqamətində çox böyük addım atılmışdır. Bu gün Azərbaycanda işsizlərin sayı 5,3 faizdir. Dünya miqyasında bu, ən aşağı göstəricilərdən biridir. İnkişaf etmiş ölkələrin bəzilərində işsizliyin səviyyəsi 25 faizə çatmışdır. İşsizlik kimi böyük bəlanı aradan qaldırmaq, insanlara yeni şərait yaratmaq, yəni, işlə təmin etmək siyasəti deyə bilərəm ki, uğurla nəticələndi. İşsizliyin aradan qaldırılması bilavasitə yoxsulluğun azaldılmasına da xidmət göstərir. Bu sahədə də deyə bilərəm ki, tarixi nailiyyətlər əldə edilibdir. On ildən az bir müddətdə yoxsulluğun səviyyəsi 5 dəfə aşağı düşmüşdür, hazırda 7 faizdən bir qədər çoxdur. Əminəm ki, görüləcək tədbirlər nəticəsində biz yoxsulluq kimi böyük bəlanı ümumiyyətlə aradan götürəcəyik. İşləmək istəyən hər bir insan işlə təmin edilməlidir. Əlbəttə, yeni iş yerlərinin açılması bundan sonra yalnız sahibkarlığın inkişafı hesabına mümkün olacaqdır. Çünki dövlət qurumlarında artıq bütün struktur islahatları demək olar ki, başa çatmışdır və dövlət sahəsində yeni iş yerlərinin açılması o qədər də geniş vüsət ala bilməz, buna ehtiyac da yoxdur. Yəni, əsas iş yerləri özəl sektorda yaranacaqdır.
Nəzərə almalıyıq ki, Azərbaycanda demoqrafik vəziyyət çox müsbətdir. Bəzi başqa ölkələrdən fərqli olaraq, əhalimizin sayı artır, bu da çox müsbət haldır. Daha da sürətlə artmalıdır. Bu, öz növbəsində onu göstərir ki, gələcəkdə iş yerlərinin açılması prosesi davam etdirilməlidir. Yenə də deyirəm, dövlət bu istiqamətdə öz səylərini göstərəcəkdir. Gələcəkdə sahibkarların fəaliyyəti üçün bütün lazımi tədbirlər görüləcəkdir. Bayaq qeyd etdiyim kimi, gələn il Sahibkarlığa Dəstək Fondunun xətti ilə 300 milyon manat kreditin verilməsi rekord həddir. Bu günə qədər heç vaxt bu məbləğdə vəsait ayrılmamışdır. Hesab edirəm ki, növbəti bir neçə il ərzində biz bu xətti saxlamalıyıq ki, 4-5 ildən sonra artıq verilən kreditlərin qaytarılması hesabına yeni sahibkarlara yeni kreditlərin verilməsi mümkün olsun.
Sahibkarlığın inkişafı həm bölgələrdə, həm şəhərlərdə gedir. Ölkəmizin sənaye potensialının gücləndirilməsi sahəsində böyük işlər görülür, böyük planlarımız vardır. Artıq bu planlar həyata keçirilir. Yeni texnologiya parklarının yaradılması, yeni stimullaşdırma tədbirlərinin görülməsi prosesi başlamışdır. Yaxın gələcəkdə ölkə sənayesinin uğurlu və sürətli inkişafını daha da gücləndirmək üçün yeni stimullaşdırıcı tədbirlər nəzərdə tutulubdur. Yaxın gələcəkdə ictimaiyyət bu məsələlərlə bağlı məlumat əldə edəcəkdir. Biz sözlə, demək istəyirəm ki, sahibkarlığın inkişafı dövlət siyasətidir və dövlət siyasəti kimi qalacaqdır.
Sahibkarlar üçün Azərbaycanda analoqu olmayan şərait yaradılmışdır. Həm dövlət dəstəyi, maliyyə dəstəyi, texniki və intellektual dəstək göstərilir. Sahibkarlar da sadəcə olaraq, bir daha demək istəyirəm ki, bu imkanlardan səmərəli şəkildə istifadə etməlidirlər.
Kənd təsərrüfatı ilə bağlı qarşımızda duran, sahibkarların qarşısında duran əsas məsələ ərzaq təhlükəsizliyimizi tam şəkildə daxili resurslar hesabına təmin etməkdir. Mən bu hədəfi bir neçə il əvvəl qarşıya qoymuşdum. O vaxt özümüzü təminetmə əmsalı çox aşağı səviyyədə idi. Ancaq biz həmişə qarşımıza böyük hədəflər, məqsədlər qoyuruq. Çünki uğura nail olmaq üçün başqa cür imkan olmayacaqdır.
Bir neçə il bundan əvvəl məsələ qoyuldu ki, biz ərzaq təhlükəsizliyimizi daxili imkanlarımız hesabına təmin etməliyik. Deyə bilərəm ki, bu istiqamətlər üzrə böyük uğurlu yol keçmişik. Demək olar ki, hazırda əsas ərzaq məhsulları Azərbaycanda 100 faiz istehsal olunur. O məhsullar ki, hələ idxalla bağlıdır, yəni, idxaldan asılılığımız var, əminəm ki, yaxın gələcəkdə bu asılılıq da aradan qaldırılacaqdır, xüsusilə taxılçılıq sahəsində.
Bildiyiniz kimi, ilkin böyük fermer təsərrüfatlarının yaradılması layihələri bu bölgədə həyata keçirilir. Ağcabədi və Beyləqan rayonlarında iri fermer taxılçılıq təsərrüfatları fəaliyyətə başlamışdır. Biz bu layihələrə böyük ümidlərlə yanaşırıq. Çünki bu layihələr pilot layihələrdir. Baxmayaraq ki, bu layihələr 5 min hektarı əhatə edir, böyük layihələrdir, ancaq birinci təcrübədir. Bu təcrübənin uğurlu nəticələri, əlbəttə, hesab edirəm ki, bu istiqamətdə atılacaq yeni addımlara gətirib çıxaracaqdır. Mən əminəm ki, təcrübə uğurlu olacaqdır. Gələn il biz bu təcrübənin ilkin nəticələrini görəcəyik. Həm məhsuldarlıq böyük dərəcədə artmalıdır, bəlkə də orta məhsuldarlıqdan iki dəfə çox olmalıdır. Eyni zamanda, yeni əkin sahələrinin dövriyyəyə buraxılması da ərzaq təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayacaqdır.
Dövlət siyasətinin icrası nəticəsində sahibkarlar üçün yeni imkanlar yaranır. Bu imkanları dövlət yaradır, dövlət siyasəti yaradır. Bu seçilmiş istiqamətlər üzrə dövlət bütün səylərini səfərbər edir. Böyük fermer təsərrüfatlarının yaradılması üçün texnika, suvarma sistemi, gübrələr, güzəştli şərtlərlə verilən kreditlər lazımdır. Bütün bunları dövlət öz üzərinə götürür. Yəni, bir daha demək istəyirəm ki, Azərbaycanda sahibkarlar üçün yaradılan şəraiti heç bir başqa ölkədə görmək mümkün deyildir. Sahibkarlar da birinci növbədə bundan istifadə etməlidirlər, bunu qiymətləndirməlidirlər. Eyni zamanda, sahibkarlar sosial məsuliyyəti də dərk etməlidirlər və hiss etməlidirlər.
Mən çox şadam ki, sahibkarlarımız bölgələrdə müxtəlif sosial layihələrdə iştirak edirlər. Bəziləri məktəb tikintisi, bəziləri məktəb təmiri, bəziləri isə digər xeyriyyə işləri ilə məşğuldurlar. Mən bunu alqışlayıram. Hesab edirəm ki, dövlət tərəfindən sahibkarlara verilən güzəştlər, maliyyə dəstəyi və yaradılan şərait onların bu işlərdə daha da fəal olmalarını təmin edəcəkdir. Bu gün isə biz bu bölgənin müxtəlif layihələri haqqında danışacağıq.
{nl}
İqtisadi inkişaf naziri Şahin MUSTAFAYEV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
Hörmətli tədbir iştirakçıları!
Sizin rəhbərliyiniz altında həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətləri olan qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması nəticəsində əhalinin rifahı daha da yaxşılaşmış, ölkənin davamlı sosial-iqtisadi tərəqqisinə nail olunmuş, son 8 ildə qeyri-neft sektoru 2,2 dəfə, bu ilin doqquz ayında isə 10,3 faiz artmışdır.
Cənab Prezident! Regionların inkişafına verdiyiniz önəm və göstərdiyiniz diqqət, bölgələrə mütəmadi səfərləriniz, infrastruktur obyektlərinin və müəssisələrin təməlqoyma və açılış mərasimlərində iştirakınız, xüsusilə regionlarda sahibkarlığın inkişafı ilə bağlı müəyyən etdiyiniz siyasət ölkə iqtisadiyyatında regionların rolunu və əhəmiyyətini daha da artırmış, hər bir rayonun potensialının reallaşmasına möhkəm zəmin yaratmışdır.
İnkişafın sistemli və məqsədyönlü həyata keçirilməsində regionların sosial-iqtisadi inkişafı, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı, yoxsulluğun azaldılması, davamlı inkişaf və digər dövlət proqramları mühüm rol oynayır.
Bu proqramlar üzrə bütün regionlarda müasir dövrün tələblərinə uyğun olaraq mövcud potensialdan daha səmərəli istifadə etməklə qeyri-neft sektorunun davamlı inkişafı, infrastrukturun daha da yaxşılaşdırılması, müasir texnologiyalar tətbiq olunmaqla yeni istehsal və emal müəssisələrinin yaradılması, iqtisadiyyatın ənənəvi sahələrinin müasir üsullarla inkişafına nail olunması üzrə kompleks tədbirlər həyata keçirilir.
Möhtərəm cənab Prezident! Bu məqsədlə tapşırıqlarınıza uyğun olaraq, hər bir regionun potensialı təhlil olunur, bölgələrdə iqtisadiyyatın ənənəvi sahələrinin inkişafı imkanları və tələbat müəyyənləşdirilir, bu istiqamətlərdə dövlət dəstəyi tədbirləri həyata keçirilir. Misal olaraq qeyd etmək istəyirəm ki, sahibkarları burada təmsil olunan Aran və Yuxarı Qarabağ iqtisadi rayonlarında müasir heyvandarlıq komplekslərinin, quşçuluq, iri taxılçılıq, intensiv üzümçülük təsərrüfatlarının, ət və meyvə-tərəvəz emalı müəssisələrinin, çörək zavodlarının yaradılması perspektiv inkişaf istiqamətləri kimi qəbul edilmişdir.
Cənab Prezident! Sizin siyasətinizin əsasında insan amilinin durması regionlarda istehsal və sosial infrastrukturun, kommunal xidmətlərlə təminatın daha da yaxşılaşdırılmasında, məşğulluğun artırılması və sosial məsələlərin həlli istiqamətində görülən işlərdə öz təsdiqini bir daha tapır. Belə ki, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi məqsədi ilə regionlarda infrastrukturun, o cümlədən elektrik enerjisi, qaz, su ilə təminatın yaxşılaşdırılması, yolların, körpülərin, su kanallarının tikintisi, meliorativ tədbirlərin görülməsi üçün ikinci Dövlət Proqramının qəbulundan ötən dövr ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 11 milyard manat, o cümlədən Aran iqtisadi rayonu üzrə 2,5 milyard manat, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 173,4 milyon manat investisiya yönəldilmişdir.
Bununla yanaşı, regionlarda 450-dən çox təhsil, 100-ə qədər səhiyyə müəssisəsi, o cümlədən Aran iqtisadi rayonu üzrə 121 təhsil, 24 səhiyyə, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə isə 14 təhsil, 4 səhiyyə müəssisəsi tikilmiş və ya əsaslı təmir olunmuşdur.
Təkcə bu ilin 9 ayı ərzində isə regionlarda 125 məktəb, 8 uşaq bağçası, 14 səhiyyə, 13 mədəniyyət, 16 gənclər və idman obyektinin tikintisi başa çatmış, 24 məktəb, 22 uşaq bağçası, 10-dan çox mədəniyyət, səhiyyə, gənclər və idman obyektində əsaslı təmir işləri yekunlaşmış, 270-dən çox sosial müəssisənin tikintisi isə davam etdirilir.
Cənab Prezident! Sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun və onun aparıcı sahəsi olan kənd təsərrüfatının inkişafına göstərdiyiniz dəstək, kənd təsərrüfatına subsidiyaların, vergi güzəştlərinin, güzəştli kreditlərin verilməsi, lizinq və aqroservis xidmətlərinin təşkili yerlərdə fəaliyyət göstərən sahibkarları daha da ruhlandırır, onlar Sizin həm də siyasi və mənəvi dəstəyinizə arxalanaraq, daha ciddi və iqtisadiyyatımıza töhfə verə biləcək layihələrin həyata keçirilməsində inamla iştirak edirlər.
İkinci Dövlət Proqramının qəbulundan ötən müddət ərzində regionların iqtisadiyyatında, məşğulluğun təmin olunmasında önəmli rol oynayan yüzlərlə istehsal, xidmət və emal müəssisəsi fəaliyyətə başlamışdır. Bu müəssisələr hesabına Aran iqtisadi rayonu üzrə 38 mini daimi olmaqla 55 min, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə isə 7 mini daimi olmaqla 11 min yeni iş yeri yaradılmışdır.
Təkcə Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə Aran iqtisadi rayonu üzrə 5034 sahibkara 246,3 milyon manat, o cümlədən tutumu 44 min ton olan 10 soyuducu və tutumu 170 min ton olan 8 taxıl anbarı komplekslərinin, istehsal gücü 11 min ton quş əti və 110 milyon ədəd əmtəəlik və 12,4 milyon ədəd damazlıq yumurta olan 9 quşçuluq təsərrüfatının, 9700 başlıq 6 heyvandarlıq kompleksinin, istehsal gücü 23 min ton olan 2 ət kəsimi fabrikinin, emal gücü 110 min ton olan 4 süd emalı və istehsal gücü 8 min ton olan 2 çörək zavodunun, gücü 22 min ton olan 5 meyvə-tərəvəz emalı müəssisəsinin, eləcə də istixanalar, intensiv bağçılıq və üzümçülük təsərrüfatlarının və digər istehsal və emal müəssisələrinin yaradılmasına 140,3 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər hesabına 24 min 500 yeni iş yerinin yaradılması təmin edilmişdir.
Yuxarı Qarabağ iqtisadi rayonu üzrə isə 604 sahibkara 15,8 milyon manat, o cümlədən tutumu 8 min ton olan 2 soyuducu anbarın, istehsal gücü 2,1 min ton quş əti və 7 milyon ədəd damazlıq yumurta olan 2 quşçuluq təsərrüfatının, 450 başlıq heyvandarlıq kompleksinin və üzümçülük təsərrüfatının yaradılmasına 11,8 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 1540 yeni iş yerinin yaradılması təmin edilmişdir.
Cənab Prezident, bu layihələrin həyata keçirilməsi ərzaq təhlükəsizliyinin davamlı olaraq gücləndirilməsi və özünü təminetmə səviyyəsinin yüksəldilməsi ilə bağlı verdiyiniz tapşırıqların icrasına xidmət edir. Qeyd etmək istəyirəm ki, quşçuluğun inkişafına yönəlmiş tədbirlər quş əti ilə özünü təminat səviyyəsini 2011-ci ildəki 81 faizdən 2013-cü ildə 92,5 faizə, sonrakı illərdə tam təmin olunmaqla, yumurta üzrə isə 77,4 faizdən 100 faizə çatmasını təmin edəcəkdir.
Bu sahədə Sizin müəyyən etdiyiniz ən mühüm vəzifələrdən biri də yaxın gələcəkdə ölkəmizin ərzaq buğdası ilə özünü təmin etməsi və bu məqsədlə ölkə ərazisində 50-dək iri taxılçılıq təsərrüfatının yaradılmasıdır. Bu tapşırıqların icrası istiqamətində tədbirlər həyata keçirilir, Ağcabədi və Beyləqan rayonlarının ərazilərində 4800 hektar sahədə özəl pilot taxılçılıq təsərrüfatlarının yaradılmasına başlanmışdır.
Bununla əlaqədar, torpaqların təyinatı dəyişdirilmiş, dövlət investisiyaları hesabına enerji təminatı və Yuxarı Mil kanalı 10,7 kilometr artırılaraq su təminatı yaradılmış, kompleks meliorativ tədbirlər görülmüşdür. Müsabiqə vasitəsilə seçilmiş "Qarabağ Taxıl" şirkəti tərəfindən layihə üzrə işlər həyata keçirilir, müasir suvarma sistemləri qurulur və artıq taxıl səpininə başlanılmışdır. Layihə çərçivəsində ərazidə həm də taxıl anbarı, heyvandarlıq kompleksi, bitki yağları istehsalı zavodu və aqroservis yaradılacaqdır. Təsərrüfatda 350-400 nəfərin, əsasən məcburi köçkünlər və yerli sakinlərin daimi işlə təmin olunacağı, eləcə də məhsuldarlığın respublika üzrə orta göstəricidən minimum 2 dəfə artıq olacağı planlaşdırılır.
Möhtərəm cənab Prezident! Əminik ki, Sizin məqsədyönlü, ölkəmizin sürətli inkişafını gələcəkdə də təmin edəcək uzaqgörən siyasətiniz, regionların inkişafına, sahibkarlığa göstərdiyiniz böyük diqqət və qayğı bundan sonra da öz bəhrəsini verəcək, Azərbaycanın hər bir rayonu, qəsəbə və kəndi daha da abadlaşacaq, əhalinin həyat səviyyəsi daha da yüksələcəkdir.
Bu istiqamətdə müəyyən etdiyiniz vəzifələrin və verdiyiniz tapşırıqların ən yüksək səviyyədə yerinə yetirilməsi üçün bütün imkanlarımızı səfərbər edəcəyik.
Diqqətinizə görə minnətdaram!
* * *
Sonra çıxış edən "Qarabağ Taxıl" müəssisəsinin rəhbəri Rəcəb ORUCOV ölkə iqtisadiyyatının sürətlə inkişafı, dünyanın qabaqcıl texnologiyalarının Azərbaycanda tətbiqinə şərait yaradılması, müasir istehsal, emal müəssisələrinin, iş yerlərinin açılması, ölkə əhalisinin rifahının yaxşılaşdırılması istiqamətində əldə olunan bütün nailiyyətlərin Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olduğunu bildirdi. Müasir texnologiyaların tətbiqi ilə təsərrüfatda ildə 25 min tondan artıq taxıl istehsalı gözlənildiyini bildirən Rəcəb Orucov dedi:
- İstehsal olunacaq taxıl məhsullarının itkisiz və uzun müddət keyfiyyətli saxlanılması üçün layihə çərçivəsində ümumi tutumu 30 min ton olan müasir taxıl anbarının, eləcə də min başlıq müasir heyvandarlıq kompleksinin, bitki yağları istehsalı zavodunun inşası, özəl "Aqrotexservis"in yaradılması nəzərdə tutulur. Layihənin həyata keçirilməsi nəticəsində 350-400 məcburi köçkün və yerli sakin daimi iş yeri ilə təmin olunacaqdır.
Belə təsərrüfatların yaradılması yaxın gələcəkdə ölkəmizin keyfiyyətli ərzaq buğdası ilə tam təmin olunmasına imkan verəcəkdir.
* * *
"Araz" damazlıq quşçuluq fabrikinin rəhbəri Əlif HEYDƏROV dövlətin sahibkarlar göstərdiyi yüksək diqqət və qayğının özəl bölmədə çalışanlara əlavə stimul verdiyini söylədi. O qeyd etdi ki, respublikamızda damazlıq yumurta istehsalı fabriklərinin yaradılması damazlıq yumurta idxalının azalmasına və növbəti illərdə bu məhsula olan tələbatın bütövlükdə daxili istehsal hesabına ödənilməsinə imkan verəcəkdir. Bunun isə öz növbəsində quş ətinin maya dəyərinin 8-10 faiz aşağı düşməsinə şərait yaradacağını qeyd edən Əlif Heydərov bildirdi:
- Son bir ayda müəssisəmiz bir neçə quşçuluq təsərrüfatı ilə birgə xaricə 5 milyon əmtəəlik yumurta ixrac etməklə dünya standartlarına uyğun məhsullar istehsal etmək qabiliyyətinə malik olduğunu bir daha sübuta yetirmişdir.
Bundan başqa, quşçuluqda çox vacib olan qarışıq yem istehsal edən zavodun yaradılması üçün Türkiyənin "Meqa-Makina" şirkətindən müasir avadanlığın alınması barədə müqavilə bağlanmış, tikinti işlərinə başlanılmışdır. Tikinti işləri 2013-cü ilin may ayında başa çatdırılacaq və zavod saatda 30 ton qarışıq yem istehsal edəcəkdir.
* **
Füzuli soyuducu anbarının rəhbəri Aydın HÜSEYNOV hazırda respublikada istehsal olunan meyvə-tərəvəzin tədarükü və saxlanması məqsədilə müasir soyuducu anbarların yaradılması işlərinə dövlət tərəfindən göstərilən dəstəyi yüksək qiymətləndirdi. Aydın Hüseynov bildirdi ki, hazırda soyuducu anbara Füzulidə və ətraf rayonlarda məskunlaşmış məcburi köçkünlər tərəfindən istehsal edilən iki min tonadək soğan tədarük olunmuşdur. Soyuducu anbara əlavə olaraq üç min ton meyvə-tərəvəz tədarük ediləcəyini bildirən Aydın Hüseynov dedi:
- Bununla yanaşı, yerli fermerlərə istehsal etdikləri məhsulları uzun müddətə saxlamaq üçün soyuducu kameralar icarəyə verilir. Belə bir müəssisənin tikilib istifadəyə verilməsi, dövlətimizin cəbhə bölgəsində çalışan sahibkarlara və yerli əhaliyə göstərdiyi diqqətin bariz nümunəsi olmaqla, 23 yerli sakinin işlə təmin edilməsinə şərait yaratmışdır.
Biz füzulililər inanırıq ki, işğal altında olan rayonlarımız Sizin rəhbərliyiniz ilə tezliklə işğaldan azad olunacaq və regionumuz respublikamızın ən inkişaf etmiş bölgəsinə çevriləcəkdir. Füzuli rayonunda fəaliyyət göstərən sahibkarlar adından Sizi əmin edirik ki, bundan sonra da ölkə iqtisadiyyatının inkişafında yaxından iştirak edəcəyik.
* **
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.