Prezident İlham Əliyev İmişli şəhər su anbarları kompleksinin istifadəyə verilməsi mərasimində iştirak etmişdir

Oktyabrın 28-də Prezident İlham Əliyev İmişli şəhər su anbarları kompleksinin istifadəyə verilməsi mərasimində iştirak etmişdir.
İmişli rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Azərbaycan Prezidenti İmişli şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin situasiya planını və İmişli şəhər su anbarları kompleksinin baş planını əks etdirən stendlərə baxdı.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə məlumat verdi ki, "Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Belə bir böyük layihə İmişli rayonunda da həyata keçirilir. Şəhərdə mərkəzləşdirilmiş içməli su şəbəkəsi 1978-ci ildə yaradılmışdır. Mənbə kimi Bəhrəmtəpə qəsəbəsinin yaxınlığında qazılan 4 subartezian quyusundan istifadə olunur. Uzun müddətdir istismar olunan bu mənbənin su ehtiyatlarının keyfiyyətinin getdikcə aşağı düşməsi və qrunt sularının qarışması ilə duzlaşma ehtimalının artması şəhərin içməli su təsərrüfatının yenidən qurulması zərurətini yaratmışdır. Buna görə də İmişlidə yeni su anbarları kompleksi yaradılmışdır.
Su mənbəyinin texniki göstəriciləri barədə məlumat verilərkən Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı ki, İmişlinin su təchizatı və kanalizasiya sistemi şəbəkəsi tamamilə yenidən qurulacaqdır. Həmçinin rayon mərkəzi və magistral kəmərin keçdiyi ərazidə yerləşən 6 kəndə su veriləcəkdir. Layihəyə uyğun olaraq istehlakçıların dayanıqlı və keyfiyyətli su ilə təmin edilməsi üçün mənbə olaraq Beyləqan rayonu ərazisindəki yeraltı sular seçilmişdir. Burada üç əsas subartezian quyusunda işlər başa çatdırılmış, iki ehtiyat quyunun qazılmasına isə hazırlıq görülür. Quyu zonasından İmişli şəhərinə 31 kilometr uzunluğunda magistral su xətti çəkilmişdir.
Layihəyə uyğun olaraq, İmişli şəhərinə verilən suyun keyfiyyət göstəricilərini daim nəzarətdə saxlamaq üçün müasir standartlara cavab verən laboratoriya və avtomatik idarə olunmanı təmin edən SCADA sistemi yaradılacaqdır.
Dövlətimizin başçısı rəmzi olaraq suyun şəhərə verilməsini təmin edən qurğunu işə salan düyməni basdı.
Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Prezident İlham ƏLİYEV mərasim iştirakçılarını salamlayaraq dedi:
- Əziz dostlar, əziz imişlililər! Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün biz sizinlə bərabər bu tarixi günü bir yerdə qeyd edirik. Bir il bundan əvvəl İmişlinin su təchizatının yaxşılaşdırılması üçün çox önəmli hadisə baş vermişdir. Bu böyük su layihəsinin təməl daşını qoyduq. Çox şadam ki, bir ildən sonra artıq İmişliyə içməli suyun gətirilməsini biz bərabər qeyd edirik. Yaxın həftələrdə bu su mövcud şəbəkəyə qoşulacaqdır. Bununla paralel olaraq yeni, müasir supaylayıcı şəbəkə qurulur. Beləliklə, İmişli şəhərinin içməli su problemi birdəfəlik həllini tapacaqdır.
Bu, doğrudan da böyük və tarixi hadisədir. Çünki uzun illərdir ki, İmişli sakinləri təmiz, dayanıqlı içməli, suya möhtac idilər. Bu problem var idi. Mən bunu bilirdim və çalışırdıq ki, bu məsələni tezliklə həll edək. Çox şadam ki, nəhayət biz bu məsələni həll edirik və bu layihə, eyni zamanda, böyük ehtiyatla nəzərdə tutulmuşdur. Şəhərin inkişafını, əhalinin sayının artmasını nəzərə alır və 2035-ci ilə qədər bu layihə öz imkanlarını İmişli sakinlərinə təqdim edəcəkdir.
Bu, çox böyük tarixi layihədir. Çünki içməli su insan sağlamlığı üçün ən əsas məsələlərdən biridir. İnsan sağlamlığı isə bizim üçün, yəni dövlət üçün ən əsas məsələdir. Ümumiyyətlə, səhiyyə sisteminin təkmilləşdirilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, əhalinin təmiz içməli su ilə təmin edilməsi məsələləri diqqət mərkəzindədir.
Bu gün İmişlidə yenicə əsaslı təmirdən çıxmış Mərkəzi Rayon Xəstəxanasının açılışını qeyd etdik. Bu xəstəxana ən yüksək standartlara cavab verir. Bu gün, eyni zamanda, içməli su layihəsinin açılışını qeyd edirik. Mən əminəm ki, bu layihələr, görülən işlər mütləq öz müsbət təsirini insanların sağlamlığında göstərəcəkdir. Çünki insan amili bizim üçün əsas sosial məsələdir. Bu gün bölgə sahibkarları ilə görüşdə də bu məsələyə toxundum. Çünki biz, əlbəttə, iqtisadi islahatları uğurla icra edirik, bölgələr inkişaf edir, gözəlləşir, abadlaşır, yeni iş yerləri açılır. Ancaq bütün bu işlərin təməlində və mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşı sağlam olmalıdır. Azərbaycan vətəndaşı yaxşı şəraitdə gözəl şəhərlərdə yaşamalıdır. Bütün infrastruktur layihələri icra edilməlidir ki, biz dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsindən geri qalmayaq. Biz bunu edirik, edəcəyik. Ölkəmizdə gedən quruculuq, abadlıq işləri hər bir rayonda öz bəhrəsini verir.
Xüsusilə İmişli rayonunun son bir neçə ay ərzində uğurlu inkişafı məni ürəkdən sevindirir. Mən dəfələrlə İmişlidə olmuşam. Keçən il də olmuşam. İmişlinin inkişafı üçün lazımi tədbirlər görülmüşdür. Kənd yollarının tikintisinə vəsait ayrılmışdır. Ancaq mən bilirdim və siz də bilirdiniz ki, işlər daha da sürətlə gedə bilər. Son bir neçə ayın təcrübəsi mənim sözlərimi təsdiqləyir. Əminəm ki, bu reallıqları sizdən yaxşı bilən heç kim tapılmaz. Ancaq mən də, yəni, keçən il burada olduğuma görə öz təəssüratlarımı sizinlə bölüşmək istəyirəm.
Doğrudan da, son bir neçə ay ərzində İmişli rayonunun inkişafı üçün çox böyük, tarixi işlər görülmüşdür. İmişlini tanımaq mümkün deyil. Buraya gələrkən çox təəccüb edirdim ki, mən indi İmişlidəyəm, yoxsa hansısa başqa şəhərdəyəm. Doğrudan da, tarixi dəyişikliklər baş vermişdir. Gözəllik, abadlıq, yeni meydan, Bayraq meydanı, yeni parklar, Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzinin tikintisi, binaların bərpası, küçələrin salınması, yeni işıq dirəklərinin qurulması. Görülən bütün işləri sadalamaq üçün yəqin ki, çox vaxt lazım olacaq, ancaq bir sözlə, siz İmişli sakinləri bunu yaxşı bilirsiniz və bütün bu quruculuq, abadlıq işlərində fəal iştirak edirsiniz. Bu, sizin ümumi zəhmətinizin bəhrəsidir.
Bu dəyişikliklər əlbəttə ki, məni ürəkdən sevindirir. Əminəm ki, sizi də sevindirir. Ancaq eyni zamanda, bir vacib məsələni üzə çıxarır ki, istək, siyasi iradə və öz xalqına qayğı olan yerdə hər şey etmək mümkündür. Bir neçə ay bundan əvvəl İmişli rayonuna yeni icra başçısı təyin edilmişdir. O, təyin edilərkən mən ona çox önəmli tövsiyələr, göstərişlər verdim və dedim ki, İmişli rayonu geridə qalmamalıdır, əksinə ölkəmizin ən qabaqcıl rayonlarının birinə çevrilməlidir. Son neçə ayın təcrübəsi göstərir ki, siz bu yolda uğurla irəliləyirsiniz. Əminəm ki, gələn səfərdə yeni gözəl binaları, yeni açılan obyektləri görəcəyəm və beləliklə, İmişlinin uzunmüddətli inkişafı təmin ediləcəkdir.
Dövlət isə öz tərəfindən siyasətini davam etdirəcəkdir. Ölkəmizin bütün yerlərində infrastruktur layihələri icra edilir, yollar çəkilir, sürətlə qazlaşdırma gedir, o cümlədən İmişlidə də qazlaşdırma gedir və qarşıya məqsəd qoyulmuşdur ki, İmişlidə qazlaşdırma yüz faiz səviyyəsində olmalıdır. Bütün kəndlər qazlaşdırılmalıdır. Əminəm ki, gələn ilin sonuna qədər biz bu məqsədə çatacağıq.
İçməli su layihəsinin başlamasını biz artıq qeyd edirik. Çəkilən su xətti bir ay ərzində ümumi şəbəkəyə qoşulacaq və imişlililər təmiz, dayanıqlı içməli suya malik olacaqlar. Eyni zamanda, kanalizasiya sisteminin yaradılması prosesi başlayıb, kənd yollarının tikintisi gedir. Sağlamlığı bərpa etmək üçün gözəl xəstəxana vardır. İstirahət etmək üçün gözəl parklar, küçələr, xiyabanlar salınır, məktəblər tikilir. Əgər imişlililər bu yüksək templəri saxlaya bilsələr, - mən əminəm ki, saxlayacaqlar, - çox qısa müddət ərzində İmişli ölkəmizin ən qabaqcıl rayonuna çevriləcəkdir.
Eyni zamanda, bu gün mən yeni sənaye müəssisələrinin açılışında da iştirak etmişəm. Bu da məni çox sevindirir. Özəl sektor tərəfindən yaradılan ən böyük taxıl anbarı İmişlidə açılmışdır. Eyni zamanda, ən böyük damazlıq yumurta fabriki açılmışdır. Bu, həm ölkə iqtisadiyyatına verilən bir töhfədir, eyni zamanda, yeni iş yerlərinin açılışı deməkdir, insanların rifah halının yaxşılaşdırılması üçün atılan çox vacib addımdır.
Ölkəmiz hərtərəfli inkişaf edir. Bu inkişaf haradasa daha da sürətlidir, haradasa o qədər də sürətli deyildir. Ancaq elə bölgə, elə rayon yoxdur ki, orada quruculuq-abadlıq işləri aparılmasın, inkişaf özünü göstərməsin. Bu, Azərbaycanın reallıqlarıdır. Azərbaycan hətta dünyanı bürümüş maliyyə və iqtisadi böhran illərində öz uğurlu inkişafını təmin etmişdir, bu böhrandan şərəflə, üzüağ çıxmışdır. Demək olar ki, Azərbaycan sakinləri böhranın acı fəsadlarını hiss etməmişlər. Çünki bizim düşünülmüş iqtisadi siyasətimiz vardır.
Bir daha deyirəm ki, iqtisadi siyasətimizin-bir daha qayıdıram həmin bu məsələyə-təməlində Azərbaycan vətəndaşı dayanır. İqtisadi islahatları aparmaq olar. Bəzi ölkələrdə bu, daha uğurlu olur, bəzi ölkələrdə o qədər də böyük uğur gətirmir. Ancaq vacib olan məsələ ondan ibarətdir ki, islahatları apararkən sosial məsələlər yaddan çıxmasın. Çünki transformasiya dövrünü yaşayan ölkələrdə iqtisadi islahatlar bəzi hallarda çox acı nəticələrə gətirib çıxarır. İnsanların yaşayış səviyyəsi aşağı düşür. İslahatlar insanların maddi rifahına mənfi təsir göstərir. Bax, gözümüzün qabağında Avropanın bəzi ölkələrində gedən proseslər dayanmışdır və biz bunu müşahidə edirik. Orada indi köklü islahatlar aparılır. Dövlət xərcləri ixtisar edilir. Bu islahatlar istər-istəməz insanların yaşayış səviyyəsinə çox mənfi təsir göstərir. Bizim islahatların üstünlüyü ondan ibarət idi ki, bu islahatlar sosialyönümlüdür. İslahatlar nəticəsində əldə edilən əlavə gəlirlər insanların rifah halının yaxşılaşdırılmasına sərf edilmişdir, ədalətli şəkildə. Ona görə biz gələcəyə də böyük ümidlərlə baxırıq. Çünki iqtisadi sahədə növbəti illərdə ancaq və ancaq inkişaf gözlənilir, xüsusilə qeyri-neft sektoru sahəsində. Bölgə sakinləri də bu inkişafdan bəhrələnirlər və əminəm ki, uğurlar daha da böyük olacaqdır.
Azərbaycan regionda siyasi sahədə söz sahibidir, çox güclü mövqelərə malikdir, dünya miqyasında tədbirlərdə də çox fəal iştirak edir. Biz dünyanın ən aparıcı, ən böyük qurumu olan BMT Təhlükəsizlik Şurasının üzvüyük. Biz dünya məsələlərinin həllində öz sözümüzü deyirik və gələcək illərdə bizim təsir imkanlarımız yalnız artacaqdır.
Sosial sferada nəzərdə tutulmuş bütün layihələr icra edilir. Bu layihələrin icrası insanların ildən-ilə artan maddi rifahında özünü göstərir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci hissəsi artıq başa çatmaq üzrədir, gələn il başa çatacaqdır. Artıq növbəti 10 illik üçün yeni proqram hazırlanır və vaxt gələndə proqram ictimaiyyətə təqdim ediləcəkdir.
Bütün infrastruktur layihələri icra edilir. Bir sözlə, biz qurur hissi ilə deyə bilərik ki, Azərbaycan dövləti müstəqillik dövründə özünü dünya xəritəsində təsdiq edib. İqtisadi və siyasi cəhətdən müstəqil Azərbaycan dövləti uğurla inkişaf edir. Uğurumuzun dayanıqlı, davamlı olması üçün bütün bölgələr sürətlə inkişaf etməlidir. Bir daha demək istəyirəm ki, İmişli rayonunda gedən inkişaf çox müsbətdir, uğurludur.
Mən sizi əldə edilmiş bu uğurlar münasibətilə təbrik edirəm. Bütün İmişli sakinlərinə cansağlığı və yeni uğurlar arzu edirəm.
Sağ olun.
* * *
Rayon sakini Validə ZÜLFÜQAROVA İmişlinin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edərək dedi:
- Möhtərəm cənab Prezident! Bu gün biz imişlililər üçün çox sevimli gündür. Ona görə ki, biz Sizinlə Muğanın barlı-bərəkətli mərkəzi olan İmişli torpağında yenidən görüşürük. Bu dəfə Siz bizə insan həyatı üçün əvəzsiz olan bir nemət, təmiz su bəxş edirsiniz. Təmiz içməli su rayonun inkişafı, insanların sağlamlığı üçün çox böyük məna daşıyır. İçməli su həyat deməkdir. Təmiz içməli su isə sağlam həyat deməkdir. Aran bölgəsində yaşayan sakinlər daha çox içməli sudan korluq çəkirdilər. Uzun illər rayonumuzun ərazisindən keçən Araz və Kür çaylarının suyundan istifadə edirdik. Bu da təbii ki, insanların sağlamlığına mənfi təsir göstərirdi.
Əvvəlki illərdə Sizin Sərəncamınızla rayonumuzun 13 kəndində quraşdırılmış sutəmizləyici qurğular insanların təmiz suya olan tələbatını qismən ödəsə də, bütün rayon əhalisini tam təmin edə bilmirdi. Bu gün isə Siz bizi çoxdan gözlədiyimiz arzumuza çatdırmısınız. Yeni çəkilmiş su xəttindən İmişli şəhəri və ətraf kəndlərin hamısı istifadə edəcəkdir. Biz inanırıq ki, Sizin tapşırığınızla qısa müddətdə İmişli şəhərində kanalizasiya xətti də çəkiləcəkdir. Bütün bunlar Sizin bizə verdiyiniz böyük töhfə və göstərdiyiniz qayğının bariz nümunəsidir.
İcazə verin, rayonumuzun sakinlərinin dərin minnətdarlığını və səmimi təşəkkürünü Sizə çatdırım.
Cənab Prezident! Siz regionlara səfəriniz zamanı belə bir fikir ifadə etmişdiniz: "Mən görülən işləri, insanlara yaradılmış şəraiti öz gözlərimlə görmək üçün buradayam!" Siz həmişə insanların problemləri, çətinlikləri ilə maraqlanır, onların firavan yaşamasına, rifah halının yaxşılaşmasına xidmət edəcək tədbirlər həyata keçirirsiniz. Bütün Azərbaycan xalqı kimi, biz imişlililər də bunu hər zaman hiss edir və Sizə arxalanırıq.
2010-cu ildə baş vermiş təbii fəlakət nəticəsində İmişli rayonunun 3 kəndi tamamilə su altında qaldığı zaman bizi bu bəladan qurtaran məhz Siz oldunuz. Sizin tapşırığınıza əsasən görülən təcili tədbirlər nəticəsində insan tələfatı olmadı, insanlar böyük çətinliklə üz-üzə qalmadı.
Cənab Prezident! Bu gün Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Bu inkişaf bölgələrdə də aydın şəkildə hiss olunur. Belə ki, İmişli şəhərində qazlaşdırma işləri artıq başa çatdırılmışdır. Rayonun kəndlərində isə qaz çəkilişi davam etdirilir. Yeni təhsil müəssisələri istifadəyə verilir, yollarımız abadlaşır. İmişli şəhərinin siması günbəgün yeniləşir, günbəgün gözəlləşir. Böyük abadlıq, quruculuq işləri aparılır. Sakinlərin normal istirahəti üçün şərait yaradılır. Rayonumuzdakı Mərkəzi Xəstəxana əsaslı təmir edilmiş və istifadəyə artıq hazırdır.
Bu gün isə Siz insanların normal həyatı üçün müstəsna əhəmiyyəti olan içməli su xəttinin açılışında iştirak etməklə rayon sakinlərinə daha böyük bir sevinc bəxş etdiniz.
Möhtərəm, cənab Prezident! Görülmüş bütün işlərə və biz imişlililərə göstərdiyiniz qayğıya görə, ilk növbədə Sizə minnətdarıq. Sizi əmin edirik ki, rayonumuzun, o cümlədən respublikamızın daha da inkişafı və tərəqqisi üçün bundan sonra da əzmlə çalışacaq, Sizin doğma İmişlimizə olan diqqətinizi heç vaxt unutmayacağıq. Ulu Tanrıdan Sizə və ailənizə səadət, xoşbəxtlik və əmin-amanlıq arzulayırıq!

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında