Prezident İlham Əliyevin giriş nitqi
{nl}
Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.
- Ölkə iqtisadiyyatı uğurla inkişaf edir və doqquz ayın yekunları bunu bir daha əyani şəkildə göstərir. Bütün makroiqtisadi göstəricilərimiz yüksək səviyyədədir, iqtisadiyyatımız doqquz ayda 1,1 faiz artmışdır. Ancaq qeyri-neft iqtisadiyyatımız 10,3 faiz artmışdır. Son aylar və illər ərzində bu, ən vacib göstəricidir. Çünki məqsədimiz məhz ondan ibarətdir ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin. Əlbəttə, qeyri-neft iqtisadiyyatının inkişafı imkan verəcəkdir ki, gələcəkdə Azərbaycan neft-qaz amilindən asılılığını böyük dərəcədə aşağı endirə bilsin.
Bütün bölgələrdə quruculuq-abadlıq işləri aparılır. Yeni sənaye müəssisələri yaradılır. Əminəm ki, qeyri-neft iqtisadiyyatımız ilin sonuna qədər yüksək səviyyədə qalacaq, eyni zamanda, bu, bizə imkan verəcəkdir ki, gələn il də iqtisadi sahədə şaxələndirmə siyasətimiz uğurla davam etdirilsin.
Doqquz ay ərzində ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulmuşdur. Bu, çox böyük rəqəmdir. Keçən ilə nisbətən daha da böyük rəqəmdir. Nəzərə alsaq ki, hər il təxminən bu səviyyədə investisiya qoyulur, görə bilərik ki, Azərbaycan iqtisadiyyatına nə qədər böyük sərmayə qoyulur. Sərmayələrin əsas hissəsi daxili investisiyalardır, təqribən 70 faizə yaxın. Qalan hissə isə xarici investorların vəsaitidir. Hesab edirəm ki, bu balans da ən optimaldır. Həm xarici investorlar üçün iqtisadiyyatımız cəlbedici iqtisadiyyatdır, eyni zamanda, daxili investisiyalar, ilk növbədə, onu göstərir ki, dövlətin investisiya siyasəti çox uğurludur. Çünki daxili investisiyaların böyük əksəriyyəti dövlət xətti ilə qoyulan vəsaitdir. Eyni zamanda, özəl sektor da bu investisiya layihələrində uğurla iştirak edir. Özəl sektorun - həm yerli, həm xarici biznes cəmiyyətinin Azərbaycan iqtisadiyyatına böyük inamı vardır. Əgər bu inam olmasaydı, əlbəttə, bu qədər investisiya qoyulmazdı.
Deyə bilərəm ki, bütövlükdə özəl sektor ümumi daxili məhsulda öz yüksək çəkisini saxlamaqdadır. Son məlumata görə ölkə iqtisadiyyatının 83 faizi özəl sektorda formalaşıb. Bu da öz növbəsində göstərir ki, Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri tam şəkildə bərqərar olunubdur.
Kənd təsərrüfatı 6,3 faiz artmışdır. Bu da çox gözəl göstəricidir. Bu barədə mən hələ fikirlərimi bildirəcəyəm. Ancaq bəri başdan demək istəyirəm ki, bu sahə həmişəki kimi, prioritet sahə olaraq qalır və gələcəkdə bu sahəyə daha da böyük diqqət göstərilməlidir. Mən çox şadam ki, bir müddət əvvəl verdiyim tapşırıqlar yerinə yetirilir. Kənd təsərrüfatının inkişafı bizə imkan verəcəkdir ki, idxaldan daha da az asılı vəziyyətdə olaq. Eyni zamanda, iş yerlərinin açılması, bölgələrdə sənaye müəssisələrinin fəaliyyətə başlaması birbaşa kənd təsərrüfatının inkişafı ilə bağlıdır. Ona görə, hesab edirəm ki, 6,3 faiz artım çox yaxşıdır. Çalışmalıyıq ki, gələcəkdə bu yüksək templəri saxlayaq.
Ölkəmizin strateji valyuta ehtiyatları ilin əvvəlindən təxminən 5 milyard dollar artmışdır, hazırda 45 milyard dollar səviyyəsindədir. Deyə bilərəm ki, bu, dünya miqyasında çox böyük rəqəmdir və Azərbaycan o ölkələrdəndir ki, böyük valyuta ehtiyatlarına malikdir. Ölkənin ərazi ölçülərinə və əhalinin sayına görə, hesab edirəm ki, əgər valyuta ehtiyatlarımızı adambaşına hesablasaq biz dünya miqyasında ən qabaqcıl yerlərdən birindəyik. Çox sevindirici hal ondan ibarətdir ki, böyük investisiya layihələrinin dövlət xətti ilə həyata keçirilməsinə baxmayaraq, strateji valyuta ehtiyatlarımız azalmır, əksinə artır. Biz çalışmalıyıq ki, gələcək illərdə müəyyən səviyyədən aşağı düşməyək. Çünki bu, bizim ehtiyat mənbəyimizdir, eyni zamanda, baxmayaraq ki, indi dünyada hökm sürən maliyyə böhranı faiz dərəcələrini aşağı salmışdır və bu vəsaitin idarə edilməsi nəticəsində biz hələ ki, o qədər də böyük mənfəət əldə edə bilmirik, ancaq valyuta ehtiyatlarının idarə edilməsi istiqamətində yeni istiqamətlər artıq araşdırılır. Beləliklə, vəsaitimizin daha da səmərəli şəkildə mənfəət gətirmə əmsalı əminəm ki, daha da yüksək səviyyədə olacaqdır.
Bütün bu göstəricilər təsdiq edir ki, iqtisadi sahədə inkişaf çox sürətlidir. Təbii ki, bu inkişaf insanların yaşayış səviyyəsinə də təsirini göstərir. Doqquz ayda əhalinin pul gəlirləri 12 faiz, inflyasiya isə cəmi 1,5 faiz artmışdır. Gördüyünüz kimi, inflyasiya ilə əhalinin pul gəlirləri arasında 10 faiz fərq vardır və hesab edirəm ki, Azərbaycan bu göstəricilərə görə dünya miqyasında ən qabaqcıl yerlərdədir. Bizim bütün iqtisadi təşəbbüslərimiz və ümumiyyətlə, iqtisadi strategiyamız Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına yönəldilmişdir. Biz bu istiqamətdə böyük nailiyyətlərə çatmışıq və bu göstəricilər görülən işlərin məntiqi nəticəsidir.
Sənaye istehsalında vəziyyət o qədər də ürəkaçan deyildir. Mən istəyirəm bu barədə fikirlərimi bir qədər ətraflı bildirim və yaranmış vəziyyətlə bağlı Azərbaycan ictimaiyyəti də məlumatlı olsun. Artıq birinci dəfə deyildir ki, biz Nazirlər Kabinetinin toplantılarında sənaye istehsalı ilə bağlı o qədər də xoşa gəlməyən rəqəmlər səsləndiririk. Hər rübdən-rübə, ildən-ilə, xüsusilə son bir neçə il ərzində Azərbaycanda ümumi sənaye istehsalı azalır. Bu vaxta qədər biz bunu, sadəcə olaraq, statistik göstərici kimi ifadə edirdik. Daha bunun izahatı ilə biz demək olar ki, məşğul olmurduq. Hesab edirdik ki, bu, müvəqqəti bir prosesdir, müvəqqəti məsələdir və bu məsələ öz həllini tapacaqdır, sənaye istehsalı nəinki azalacaq, artacaqdır. Doqquz ayın göstəriciləri də onu göstərir ki, Azərbaycanda ümumi sənaye istehsalı 3,5 faiz azalmışdır. Ancaq qeyri-neft sənayemiz 7,7 faiz artmışdır. Bir tərəfdən bu, yenə də bizim iqtisadi və sənaye sahələrində apardığımız islahatların məntiqi nəticəsidir. Çünki ölkəmizdə geniş sənayeləşmə prosesi gedir. Bir neçə il bundan əvvəl mənim tərəfimdən bu məsələ ilə bağlı konkret tapşırıqlar verilmişdir və biz bu tapşırıqların gözəl nəticələrini görürük. 7,7 faiz artan qeyri-neft sənayemiz böyük nailiyyətdir. Ancaq neft sənayesinin böyük dərəcədə aşağı düşməsi bizi, əlbəttə ki, narahat edir. Bu proses - yəni azalma, bu sahədə yaşanan tənəzzül bilavasitə neftin hasilatı ilə bağlıdır. Burada da biz məsələni iki yerə bölməliyik. Çünki Azərbaycanda neftin hasilatı ilə Azərbaycan Dövlət Neft Şirkəti məşğuldur və 1994-cü ildə "Azəri", "Çıraq" yataqları üzrə bağlanmış kontrakt əsasında beynəlxalq konsorsium - Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradılmışdır, operator məhz Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti idi. Ondan sonrakı mərhələlərdə o konsorsiuma daxil olan şirkətlər arasında birləşmə prosesi getdiyi üçün operator funksiyaları bp şirkətinə həvalə edilmişdir.
O vaxtdan bu günə qədər neft strategiyamızın icrası sahəsində çox böyük uğurlar əldə edilmişdir.
Biz haqlı olaraq neft strategiyamızla fəxr edirik. Çünki Azərbaycanın uğurlu iqtisadi inkişafı, siyasi çəkisinin artması və dünya proseslərində fəal iştirakı ölkəmizin iqtisadi imkanları ilə bilavasitə bağlı məsələdir. İqtisadi imkanları bizə məhz neft strategiyamız yaratmışdır. O da həqiqətdir ki, biz bu imkanlardan bəzi başqa ölkələrdən fərqli olaraq səmərəli şəkildə istifadə etdik - neft kapitalını qeyri-neft sektorunun inkişafına yönəltdik. Beləliklə, infrastruktur layihələrinin icrası və digər iqtisadi islahatlar əslində imkan verdi ki, biz bugünkü reallıqlar haqqında xalqa qürur hissi ilə danışa bilək. Ancaq konsorsium tərəfindən buraxılan kobud səhvlər ucbatından son illər ərzində "Azəri", "Çıraq" yataqlarında neft hasilatı kəskin şəkildə aşağı düşməyə başlamışdır. Bu, birinci il deyildir ki, neft hasilatı aşağı düşür. Əlbəttə, neft sənayesində çalışanlar, neft mütəxəssisləri bilirlər ki, hər bir neft yatağının bir ömrü vardır. Hasilat artır, pik zirvəsinə çatır, sonra müəyyən illər ərzində sabit qalır, ondan sonra tənəzzül başlayır. Yəni, bu proses hər bir neft mütəxəssisi üçün çox tanış olan məsələdir. Ancaq söhbət ondan getmir ki, biz pik səviyyəsinə çatdıq və ondan sonra təbii, necə deyərlər, tənəzzül prosesləri yaşanır. Söhbət ondan gedir ki, verilən proqnozlar yerinə yetirilmir. Onu da deyə bilərəm ki, "Azəri", "Çıraq" neft yataqları üzrə kontrakt pay bölgüsü əsasında imzalanmışdır. İlkin mərhələlərdə payların bölgüsü bir qədər fərqli idi. İlkin mərhələlərdə ki, böyük investisiyalar qoyulurdu, xarici investorların payı daha da böyük idi - təxminən 75-25 faiz xaricilərin xeyrinə, əgər belə demək mümkünsə. Onlar öz investisiyalarını qaytardıqdan sonra pay bölgüsü dəyişməyə başlamışdır - əllinin-əlliyə səviyyəsində bölünürdü. 2008-ci ilin ortalarında artıq "Azəri", "Çıraq" neft yataqlarının səmərəliliyini və kontrakt şərtlərini nəzərə alaraq bu pay bölgüsü Azərbaycanın xeyrinə dəyişmiş və hazırda - 2008-ci ilin ortalarından bu günə qədər 75-25 faiz təşkil edir. Yəni, hasil edilən mənfəət neftinin 75 faizi Azərbaycanın payına düşür. Bir daha demək istəyirəm ki, kontrakt şərtləri əsasında bu pay bölgüsündə dəyişiklik baş verdikdən sonra "Azəri", "Çıraq" neft yataqlarında neftin hasilatı nədənsə azalmağa başlamışdır.
Sözlərimə konkret rəqəmlər əlavə etmək istəyirəm. Belə ki, 2009-cu ildə "Azəri", "Çıraq" yataqlarında bizə verilən hasilat proqnozu 46,8 milyon ton idi. Faktiki isə 40,3 milyon ton səviyyəsində neft hasil edilmişdir. 2010-cu ildə proqnoz 42,1 milyon ton idi, fakt 40,6 milyon ton olmuşdur. 2011-ci ildə proqnoz 40,2 milyon idi, real hasilat isə 36 milyon. 2012-ci ildə verilmiş proqnoz 35,6 milyon tondur. İndiki hasilatı nəzərə alaraq belə təxmin etmək olar ki, ilin sonuna qədər bp "Azəri", "Çıraq" yataqlarından 33 milyon tondan artıq neft hasil edə bilməyəcəkdir.
Bütün bu rəqəmləri toplayaraq və neftin qiymətini 100 dollar səviyyəsində götürərək, - halbuki bu illər ərzində daha da yüksək idi, - hesablasaq görərik ki, Azərbaycanın bilavasitə əldə edilməmiş gəliri 8,1 milyard dollardır. Bu, reallıqdır. Kiçik bir statistik rəqəmin arxasında bu reallıq dayanır. Ona görə ildən-ilə, aydan-aya, rübdən-rübə neft sənayesində istehsalın düşməsi bu vəziyyətin məntiqi nəticəsidir.
Onu da deyə bilərəm və mən artıq bu barədə qeyd etdim ki, "Azəri", "Çıraq" neft yataqlarına böyük investisiyalar qoyulmuşdur. Biz buna görə bütün investorlara minnətdarıq və yenə də deyirəm, bu investisiyalar bizə imkan verdi ki, bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən biridir. Ancaq istəyirəm ictimaiyyət onu da bilsin ki, bu investisiyalar xeyriyyəçilik funksiyalarını daşımırdı. Bu, sırf biznes layihədir. Yenə də bir neçə rəqəmi səsləndirmək istəyirəm. "Azəri", "Çıraq" neft yataqlarına əvvəldən bu günə qədər bp-nin rəhbərlik etdiyi konsorsium tərəfindən 28,7 milyard dollar investisiya qoyulmuşdur. Bu günə qədər konsorsium 73 milyard gəlir götürmüşdür. Yəni, böyük mənfəət əldə edilmişdir. Əlbəttə, bütün bu mənfəət kontraktın şərtləri əsasında mümkün olmuşdur. Azərbaycan tərəfi də böyük mənfəət götürmüşdür. Bu gün bizim 45 milyard səviyyəsində olan valyuta ehtiyatlarımızın böyük hissəsi Neft Fondunun vəsaitidir. Nə qədər vəsait də son 12 il ərzində xərclənmişdir. Dövlət Neft Fondu 1999-cu ilin sonunda - dekabr ayında yaradılmışdır. O vaxtdan bu günə qədər ölkə iqtisadiyyatına qoyulan vəsaitin, infrastruktur layihələrinə, məktəblərin, yolların tikintisinə, abadlıq işlərinə qoyulan investisiyaların əsas mənbəyi bizim neft sənayemizdir. Ona görə bu, sırf kommersiya layihəsidir. Hesab edirəm ki, bütün vədlər, verilən proqnozlar yerinə yetirilməlidir. Qeyd etməliyəm ki, gözlənilməyən bu tənəzzül sırf "Azəri", "Çıraq" yataqları üzrə fəaliyyət göstərən konsorsiuma rəhbərlik edən bp şirkətinin kobud səhvləri nəticəsində mümkün olmuşdur. Biz bp şirkəti ilə uzun illərdir ki, əməkdaşlıq edirik. Onların fəaliyyətini bütün dövrlərdə dəstəkləmişik. Onlar üçün ən ağır günlərdə onları dəstəkləmişik. Biz adekvat münasibət gözləyirik. Bizə verilən səhv proqnozlar qəbuledilməzdir. Dövlət Neft Şirkətinə verilən yalan vədlər qəbuledilməzdir. Dünya biznesində, biznesin bu səviyyəsində belə münasibətlərə yer yoxdur, mümkün deyildir. Biz həmişə bütün tərəfdaşlarla - istər siyasətdə, istər iqtisadi sahədə ədalətli olmuşuq. Həmişə dediyimiz sözlərə əməl etmişik. Biz adekvat münasibət gözləyirik. Mən hesab edirəm ki, bu məsələ ilə bağlı çox ciddi dəyişikliklər edilməlidir. Mən nə üçün bu məsələ ilə bağlı məlumatı məhz bu gün ictimaiyyət üçün açıram? Ona görə ki, keçən ay bp tərəfindən mənə rəsmi qaydada söz verilmişdir ki, bütün bu xoşagəlməz halların qarşısı qısa müddət ərzində alınacaqdır. Bütün səhvlər etiraf edildi. Etiraf edildi ki, vəziyyət çox ürəkaçan deyildir.
Mənə verilən vədlər ondan ibarət idi ki, qısa müddət ərzində çox ciddi dəyişikliklər ediləcək, işçi proqrama düzəlişlər olunacaq, hasilatı sabit səviyyədə saxlamaq üçün əməli tədbirlər görüləcək və ən önəmlisi, bu kobud səhvləri buraxan insanlar dəyişdiriləcəkdir. Ancaq o gündən bu günə qədər, - təxminən bir ay vaxt keçibdir və mən bu vədlərin yerinə yetirilməsini görmürəm. Əksinə, hesab edirəm ki, burada vaxt uzatma prosesi gedir. Ona görə, hesab edirəm ki, bu, tamamilə dözülməz bir haldır. Artıq Dövlət Neft Şirkətinə tapşırıq verilmişdir ki, bu məsələ rəsmi qaydada qaldırılsın və lazımi tədbirlər görülsün. Öz vəzifə borcunu, kontrakt şərtlərini yerinə yetirə bilməyən investorlar gərək, nəticə çıxarsınlar, ciddi ölçülər, tədbirlər görülməlidir və görüləcəkdir.
Beləliklə, əgər iqtisadi sahədə bu xoşagəlməz hadisələri nəzərə almasaq, vəziyyət ümumiyyətlə çox müsbətdir və ölkəmizdə aparılan iqtisadi islahatlar beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Keçən rübdə dünyanın ən mötəbər iqtisadi qurumlarından biri olan Davos İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliliyi ilə bağlı yeni cədvəl dərc etmişdir və Azərbaycan o siyahıda 46-cı yerdədir. MDB məkanında birinci, dünya miqyasında 46-cı. Keçən ilə nisbətən biz 9 pillə yuxarı qalxmışıq. Yəni, bu, onu göstərir ki, Azərbaycanın iqtisadi inkişafı və uğurları iqtisadi islahatlarla bağlıdır və bu hesabatda, eyni zamanda, makroiqtisadi vəziyyətlə bağlı cədvəl dərc edilmişdir. Makroiqtisadi sabitliyə görə Azərbaycan dünya miqyasında 18-ci yerdədir. Yəni, dünya miqyasında bu sahədə 18-ci yerdə olmaq nə deməkdir, hesab edirəm ki, bunu izah etməyə lüzum yoxdur. Əsas reytinq agentlikləri ki, hazırda Avropanın inkişaf etmiş ölkələrinin kredit reytinqlərini endirirlər, aşağı salırlar, Azərbaycanın kredit reytinqlərini artırırlar. "Fitch", "Standard & Poor's", "Moody's" - yəni 3 əsas reytinq agentliyi bizim kredit reytinqlərimizi artırıblar və bu da görülən işlər, aparılan islahatlar nəticəsində mümkün olmuşdur. Yəni, bu iqtisadi inkişaf prosesi elədir ki, bu inkişafı, irəliləyişi həm gözlə görmək mümkündür və həm də statistik rəqəmlərdə öz əksini tapır.
Digər sahələrdə, yenə də deyirəm, sosial məsələlərin həllində də böyük nəticələr vardır. Bildiyiniz kimi, sovet vaxtından qalmış əmanətlərə kompensasiya verilməsi prosesi başlanmışdır və bütün MDB məkanında ən qısa müddət ərzində və ən yüksək əmsalla bu vəsait məhz Azərbaycanda veriləcəkdir. Bu da sosial siyasətimizin nə qədər geniş olduğunu göstərir.
Orta aylıq əmək haqqı, orta aylıq pensiya artıb və MDB məkanında bu göstərici ən yüksək göstəricilər arasındadır. Müqayisə aparmaq üçün daha çox dollarla hesablanır. Belə ki, Azərbaycanda orta maaş 500 dollara bərabərdir, orta pensiya 190 dollara bərabərdir. Artım sürətlidir, ancaq bu, bizi qane edə bilməz. Baxmayaraq ki, müqayisə aparmaq və uğurlarla öyünmək üçün imkan var, hesab edirəm ki, gələcək illərdə bu sahədə daha da böyük uğurlar əldə ediləcəkdir. Bu, davamlı bir prosesdir, pensiyalar, əmək haqları ildən-ilə qaldırılır. Hazırda Azərbaycanda pensiyalar əmək haqlarının 40 faizini təşkil edir ki, bu da Avropanın inkişaf etmiş ölkələrinin kriteriyaları səviyyəsindədir.
Regionlarda işlər çox uğurla gedir. Regionlara səfərlərim mənə imkan verir ki, həm vəziyyətlə yaxından tanış olum, həm əlavə göstərişlər verilsin, əlavə vəsait ayrılsın. Bütün bölgələrdə canlanma, inkişaf, infrastruktur layihələrinin icrası, yeni iş yerlərinin açılması prosesi gedir. Bu ilin əvvəlindən 94 min yeni iş yeri açılmışdır ki, onlardan 73 mini daimi iş yeridir. Regionların sosial-iqtisadi inkişafı proqramının əvvəlindən - 2004-cü ildən bəri bir milyon 100 min iş yeri açılmışdır ki, onlardan 800 mini daimi iş yeridir.
Yenə də deyirəm, bütün başqa sahələrdə, tikinti-quruculuq, sosial infrastrukturun yaradılması istiqamətində böyük nailiyyətlər vardır. İl ərzində 188 məktəb və əlavə korpuslar tikilmiş, 103 məktəb əsaslı təmir edilmişdir. Bu proses həm Bakıda geniş vüsət almışdır, həm də bölgələrdə. Bakı məktəblərinə gəldikdə, gələn tədris ilinə qədər nəinki qəzalı vəziyyətdə, heç bir dənə də olsun, təmirsiz məktəb qalmayacaqdır. Bölgələrdə də bu istiqamətdə böyük işlər gedir. Yəqin ki, bölgələrdə bütün məsələni tam şəkildə həll etmək üçün bir qədər çox vaxt lazım olacaqdır.
Keçən rübdə idmançılarımız bizi sevindirdilər. Azərbaycan Olimpiya və Paralimpiya oyunlarında çox böyük nəticələr göstərmişdir. Olimpiyaçılarımız dünya miqyasında 30-cu yerə çata bilmişlər. Medalların sayına görə 24-cü, keyfiyyətinə görə 30-cu yerdədirlər. Avropa ölkələri arasında 15-ci, İslam ölkələri arasında 3-cü yerdədirlər. On medal qazanmışıq, ikisi qızıl, ikisi gümüş, altısı bürünc. Böyük tarixi qələbədir. Paralimpiyaçılarımız 27-ci yerə çata bilmişlər. On iki medal qazanmışlar ki, onlardan dördü qızıldır. Yəni bu, yenə də deyirəm, həm bizi sevindirir, həm fərəhləndirir, həm də ki, ölkəmizin qüdrətini, gənclərimizin potensialını göstərir. Çünki idman hər bir ölkənin ayrılmaz bir hissəsidir, çox mühüm bir amildir. İdmanın inkişafı ölkənin ümumi inkişafını göstərir. Adətən iqtisadi tərəfdən güclü, siyasi sabitliyə malik olan ölkələrdə idman da sürətlə inkişaf edir. İdmanın inkişafı üçün dövlət vəsaiti, dövlət dəstəyi lazımdır, təlim-məşq prosesi yüksək səviyyədə keçirilməlidir, infrastruktur layihələri lazımdır. Azərbaycanda 35 regional Olimpiya Mərkəzi fəaliyyət göstərir və artıq 10-a yaxın yeni Olimpiya İdman Kompleksi tikilməkdədir.
Bir sözlə, keçən rüb və bu ilin doqquz ayı bütün istiqamətlər üzrə ölkə iqtisadiyyatı üçün uğurlu olmuşdur. Beynəlxalq arenada böyük uğurlar əldə edilmişdir. Biz BMT Təhlükəsizlik Şurasının iclaslarında fəal iştirak edir, prinsipial mövqe nümayiş etdiririk. Keçən ilin oktyabr ayında, - artıq bir il keçir, - biz Təhlükəsizlik Şurasına üzv olduqda, mən o vaxt xalqa müraciətimdə demişdim ki, biz bu qurumda ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik və bu sözə həmişə olduğu kimi, əməl edirik. Bizim mövqeyimiz böyük rəğbətlə və böyük hörmətlə qarşılanır. Çünki bir daha demək istəyirəm ki, biz ədaləti və beynəlxalq hüququ müdafiə edirik. Eyni zamanda, seçkilər zamanı bizə göstərilən dəstək artıq özünü digər formatlarda büruzə verir. Bildiyiniz kimi, Azərbaycanın namizədliyini 155 ölkə dəstəkləmişdir. Bu yaxınlarda Qoşulmama Hərəkatının zirvə görüşündə 120 ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair qətnamə qəbul etmişdir. Bu, bizim növbəti böyük diplomatik uğurumuzdur, Ermənistanın növbəti məğlubiyyətidir. Çünki 120 ölkə dünya ictimaiyyətinin əksəriyyətini təşkil edir. Dünyada 200-dən bir qədər çox ölkə vardır. Bunlardan 120-si ərazi bütövlüyümüzü dəstəkləyir, münaqişənin həllini yalnız bu prinsiplər əsasında görür. Əgər biz NATO-nun Çikaqo sammitinin qərarlarını, bəyannamələrini nəzərə alsaq, - təbii ki, NATO-ya üzv olan ölkələr Qoşulmama Hərəkatının üzvü ola bilməz, - orada da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həll olunması açıq şəkildə vurğulanmışdır. Bu da ermənilərin növbəti məğlubiyyəti, bizim növbəti uğurumuzdur. Yəni, dünya birliyinin dörddə üç hissəsi məsələnin həllini yalnız ərazi bütövlüyü prinsipi əsasında görür. Əlbəttə, bu, çox ədalətli mövqedir və məsələnin həlli üçün başqa mövqe, başqa variant ola bilməz.
O ki qaldı xalqların müqəddəratını təyinetmə prinsiplərinə, ermənilər çalışırlar dünya birliyini çaşdırsınlar, artıq dediyim qərarlar və bəyannamələr bütün bu yalan təbliğatını alt-üst edir. Xalqların öz müqəddəratını təyinetmə prinsipləri ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Helsinki Yekun Aktının sənədlərində məsələ məhz belə qoyulubdur. Ona görə, bütün bu növbəti diplomatik uğurlar, siyasi qələbələr, Ermənistan üzrə mütləq qələbəmiz bizi daha da ruhlandırır və məsələnin həllinə yaxınlaşdırır.
Biz daha da güclü olmalıyıq və oluruq. Beynəlxalq mövqelərimizi möhkəmləndiririk, dünya miqyasında böyük dəstəyə malikik. Mən bu yaxınlarda Azərbaycan Diplomatik Akademiyasının açılışında və ölkəmizin xaricdəki səfirləri ilə görüşdə xarici siyasətlə bağlı strateji baxışlarımı kifayət qədər geniş ifadə etdim, təkrar etmək istəmirəm. Bir şeyi demək istəyirəm ki, biz indi dünyada yeni tərəfdaşlar əldə edirik və görürük ki, bizim üçün, əməkdaşlıq üçün ənənəvi olmayan qitələrdən də Azərbaycana böyük maraq vardır. Xüsusilə Latın Amerikasından. Biz də Latın Amerikası ölkələri ilə çox sıx əlaqələr qururuq və görürük ki, bu əlaqələr çox səmimidir, qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və dostluq əsasında qurulur. Münasibətlər hər bir ölkə ilə məhz bu prinsiplər üzərində qurulmalıdır. Biz bunu dəfələrlə bəyan etmişik. Mən dəfələrlə demişəm ki, Azərbaycan ancaq bərabərhüquqlu münasibətləri qəbul edir. Əgər kimsə fikirləşirsə ki, öz iradəsini bizə qəbul etdirə bilər, səhv edir. Biz ancaq bərabərhüquqlu, qarşılıqlı maraqlar, bir-birinin işinə qarışmamaq prinsiplərini qəbul edirik. Biz Latın Amerikası ölkələri ilə münasibətlərimizi məhz bu prinsiplər əsasında sıx bağlayırıq və hesab edirəm ki, həm xarici siyasət və həm də iqtisadi məsələlərin həlli üçün bu istiqamət çox perspektivlidir. Həm xarici siyasət sektoruna, həm iqtisadi məsələlərlə bağlı olan qurumlara müvafiq tapşırıqlar verilmişdir ki, biz Latın Amerikası ölkələri ilə münasibətlərimizi daha da sürətlə qurmalıyıq. Əlbəttə, ənənəvi tərəfdaşlarla da bizim dostluq münasibətlərimiz vardır. Təbii ki, bu əlaqələr davam etdiriləcəkdir.
{nl}
Mərkəzi Bankın idarə heyətinin sədri Elman RÜSTƏMOV çıxışında bildirdi ki, 2012-ci ilin doqquz ayında milli iqtisadiyyatımız sabitlik, inkişaf və dayanıqlılıq nümayiş etdirmişdir. Bu prosesin bank və maliyyə sektorundan da yan keçmədiyini bildirən E.Rüstəmov dedi:
- Cari ilin 9 ayında qeyri-neft sektoru qeyd etdiyimiz kimi 10 faizdən artıq yüksəlmişdir. Nəticədə son 4 ildə qeyri-neft sektorunun ÜDM-də payı 5 faiz bəndindən çox yüksəlmişdir.
Ölkəmiz orta gəlirli dövlətlər qrupunda öz mövqeyini daha da möhkəmləndirmişdir. Manatın paritet qiymətlərdə adambaşına düşən ÜDM həcmi 10 min ABŞ dollarını ötür. Bu göstəriciyə görə Azərbaycan dünyanın 100 ölkəsini geridə qoyur.
Ölkənin ticarət və tədiyə balansının strukturunda da şaxələnməni əks etdirən xarakterik proseslər gedir. İxracın həcmi idxalın həcmindən 3 dəfə böyükdür. Qeyri-neft əmtəə və xidmət ixracı da cari ilin sonuna təxminən 5 milyard ABŞ dolları həcmində gözlənilir. 2008-ci ildən bəri bu göstərici 2 dəfəyədək artmışdır.
Xidmətlər ixracı da böyüyür və cəmi qeyri-neft ixracının 60 faizini təşkil edir.
Tədiyə balansında ilin sonuna biz 16-17 milyard ABŞ dolları həcmində profisit gözləyirik. İlin sonuna strateji valyuta ehtiyatlarının 50 milyard dolları ötəcəyi proqnozlaşdırılır. Strateji ehtiyatlar ÜDM-in 70 faizinə çatır ki, bu göstərici üzrə ölkə dünyada ilk onbeşlikdədir. Ötən dövrdə ehtiyatlardan əldə olunan gəlirlər yarım milyard dollardan çox olmuşdur və artıq Siz qeyd etdiniz ki, cənab prezident, dünyada faiz dərəcələri bu gün çox aşağıdır, lakin Sizin tapşırığınıza uyğun olaraq ölkənin qızıl valyuta ehtiyatlarının alət, valyuta və coğrafi şaxələndirilməsi artıq həyata keçirilməyə başlanmışdır. Burada əsas məqsəd təbii ki, etibarlılıq, valyuta ehtiyatlarının idarə olunmasının səmərəliliyinin daha da artırılmasıdır.
Ölkədə investisiya aktivliyi də yüksəkdir. Cari ilin 9 ayında investisiyalar 27 faiz, o cümlədən qeyri-neft sektorunda 31 faiz artmışdır. Qeyri-neft sektoruna birbaşa xarici investisiyalar da artır ki, onun həcmi bu il 1 milyard dollar həcmində gözlənilir. Cari ildə təkcə regionlarda 284 yeni müəssisə yaradılıb, daha 444 müəssisə isə yaradılmaqdadır.
Azərbaycan stabil və dinamik büdcə sisteminə malikdir. Ötən 9 ayda büdcə xərcləri 27 faiz, o cümlədən investisiya xərcləri 20 faiz artmışdır. Qeyri-neft vergi daxilolmaları 14 faiz artmışdır. Büdcə proqnozları tam yerinə yetirilir və o profisitə malikdir.
SSRİ dövründən qalmış əmanətlərin qaytarılmasına başlanılıb. 871 min əmanətçiyə nəzərdə tutulan vəsaitin artıq 30 faizi, təxminən 366 milyon manat ödənilmişdir.
Qeyri-neft sektorunun davamı və dinamik inkişafı ölkədə işsizlik probleminin həllinə imkan vermişdir. Ölkədə məşğulluq səviyyəsi 95 faiz təşkil edir. 2008-ci ilin əvvəlindən 430 mindən çox yeni iş yeri yaradılmışdır. Təkcə cari ilin 9 ayında 94 min yeni iş yeri açılmışdır.
Əhalinin real pul gəlirləri ötən 9 ayda 12 faiz artmış, 2008-ci ildən bəri isə bu artım 2 dəfə olmuşdur. Dünya Bankının məlumatına görə, milli gəlirin ədalətli bölgüsünə görə Azərbaycan 110 inkişaf edən ölkəni geridə qoyur. Yəni davamlı inkişafdan dar bir təbəqə yox, daha geniş əhali kütləsi yararlanır. Başqa sözlə, iqtisadi inkişafın "inklyuzivliyi" artır. Yenə də Dünya Bankının hesabatına görə, Azərbaycan dünyanın 153 ölkəsi arasında ən aşağı yoxsulluğa malik 20 ölkədən biridir.
Belə bir inkişaf fonunda ölkənin beynəlxalq reytinqləri daha da yaxşılaşır. Siz artıq bunları qeyd etdiniz. Sadəcə, mən ölkənin investisiya-kredit reytinqi haqqında demək istəyirəm. Artıq biz top-reytinqin yəni A zonasının cəmi 2 addımlığındayıq.
Cənab Prezident, ölkə iqtisadiyyatının sürətli inkişafı dünyada iqtisadi gərginliyin davam etdiyi son 4 ildə baş verir. Qlobal güc mərkəzləri arasında yenidən tarazlaşma prosesi çox ağrılı gedir. Aparıcı ölkələrin irimiqyaslı iqtisadi stimul paketləri yalnız vəziyyətin kəskin pisləşməsinin qarşısını ala bilir. 3-cü rübdə qlobal artım tempi əvvəlki rüblərə nisbətən orta hesabla 1,5 faiz bəndi aşağı olmuşdur.
Sizin ölkənin sosial-iqtisadi inkişafının 6 ayının yekunlarına həsr edilmiş toplantıda qeyd etdiyiniz kimi, bunun əsas səbəbi bir sıra inkişaf etmiş ölkələrdə dövlət borcunun həddindən artıq yüksək səviyyəsidir. Bəzi ölkələrdə büdcə kəsiri ümumi daxili məhsulun 10 faizi, dövlət borcu isə onun 100 faizindən yuxarıdır. Tarixi təcrübə göstərir ki, yığılmış belə borcları azaltmaq üçün 10 illərlə vaxt tələb olunur. Zəruri və ağrılı büdcə konsolidasiyası tədbirləri radikal struktur standartları dərin siyasi restabilləşməyə və kəskin sosial etirazlara səbəb olur. Hazırda beynəlxalq təşkilatlarda ekspertlər cəmiyyətində yeni qlobal böhranın yeni dalğasının və onun nəticələri, riskləri geniş müzakirə olunur.
Azərbaycanda isə hökm sürən sabitlik və dayanıqlığın əsas səbəbi ölkədə uzun müddət həyata keçirilən diqqətli və məsuliyyətli makroiqtisadi strategiya və siyasətdir. Azərbaycan qlobal riskləri qarşılamaq üçün kifayət qədər manevr imkanlarına malikdir. Ölkənin uğurlu böhran qarşılaması təcrübəsi və böyük maliyyə ehtiyatları vardır. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda dövlət borcu ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir, valyuta ehtiyatlarımız isə xarici dövlət borcunu 9 dəfə üstələyir.
Makroiqtisadi sabitlik institutu olaraq Mərkəzi Bank cari ildə öz mandatına uyğun olaraq fəaliyyətini qiymətlərin sabitliyi, milli valyutanın və bank sisteminin sabitliyinin təmin edilməsində cəmləşdirmişdir. İnflyasiya artıq qeyd olunduğu kimi təkrəqəmlidir. Orta illik inflyasiya isə cəmi 1,5 faiz təşkil edir. Əmək haqqının artım tempi inflyasiya tempini 7 faiz üstələyir.
İyun-sentyabr aylarında dünya ərzaq qiymətləri 8 faiz artsa da, ərzağın yerli istehsalın artması hesabına qiymət sabitliyinə müsbət təsir göstərmişdir. Məzənnə sabitliyi makroiqtisadi sabitliyinin mühüm dayağıdır. Ötən 9 ayda manatın sabitliyi qorunmuşdur. Artıq uzunmüddətli 15 illik bir dövr üçün milli valyutamızın sabitliyindən danışa bilərik. Manat nəinki ölkə daxilində, hətta regionda etibarlı valyuta kimi tanınmışdır. Biz görürük ki, bəzi ölkələrdə qeyri-sabit məzənnə necə ciddi sosial-iqtisadi gərginliklərə səbəb ola bilir.
2012-ci ildə bank sektorunda da maliyyə sabitliyi davam etmişdir. Bankların kapitalizasiya səviyyəsi yüksəkdir, risklərə qarşı kifayət qədər ehtiyatlar mövcuddur. Cari ildə bankların kapitalı 18 faiz, son 4 ildə 49 faiz artmışdır. Bank aktivləri də artıb. Cari ildə 11 faiz, son 4 ildə isə 51 faiz artmışdır. Bank aktivlərinin qeyri-neft daxili məhsuluna nisbəti 65 faiz təşkil edir. Kreditlər artır, cari ildə 12 faiz, son 4 ildə isə 55 faiz artmışdır. Kreditlərin təxminən 72 faizi uzunmüddətlidir, yəni investisiya yönümlüdür.
Əhalinin müddətli əmanətlərində cari ildə 8 faizdən çox artım olmuşdur və dünya iqtisadi böhranının başlandığı dövrdən bəri əhalinin əmanətləri 2,3 dəfə yüksəlmişdir. Bank aktivlərinin maliyyələşməsində xarici borcun payı son 4 ildə 20 faizdən 13 faizədək azalmışdır. Sektorun likvid aktivləri xarici borcun öhdəliklərini 100 faizdən çox ötür.
Cənab Prezident!
Yeni strateji dövr bank sektoru üçün mühüm çağırışlar müəyyən edir. Sektorun sabitliyi və inkişaf prioritetləri bankların kapitalına tələbin 5 dəfə artırılaraq 50 milyon manata çatdırılmasını zəruri etmişdir. Bu, bankların risklərə dözümlülüyünü, maliyyə vasitəçiliyi dərinliyini və effektivliyini artıracaqdır. Bank sektorunun iqtisadiyyatın artan miqyasına uyğunlaşması təmin ediləcəkdir. Kiçik və sağlam bankların isə maliyyə, texnoloji, institusional konsolidasiyasına şərait yaranacaq, onların rəqabət qabiliyyəti güclənəcəkdir.
Cari ildə ödəniş sistemlərinin də sabit və etibarlı fəaliyyəti təmin edilmişdir. Milli ödəniş sisteminin infrastrukturu vasitəsilə 2012-ci ilin 9 ayında həyata keçirilən ödənişlərin həcmi 16 faiz artaraq 85 milyard manata çatmışdır.
Cari ildə ölkədə qiymətli kağızlar bazarının inkişafının şahidi oluruq, onun həcmi 34 faiz artmışdır. Təkcə səhm bazarı 3,3 dəfə böyümüşdür.
Cənab Prezident, ölkə iqtisadiyyatı 2012-ci ili uğurla başa vurur və biz əminik ki, bu bizim iqtisadi inkişaf tariximizdə ən uğurlu illərdən biri olacaqdır. Eyni zamanda, iqtisadi inkişaf sahəsində yeni vəzifələr, yeni məqsədlər və yeni çağırışlar qarşıda durub. Sizi əmin edirik ki, rəhbərliyiniz altında ölkənin Mərkəzi Bankı və ölkənin digər iqtisadi orqanları bu vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün öz səylərini əsirgəməyəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Respublikada gedən iqtisadi inkişafın nəqliyyat sektorunda da müşahidə olunduğunu, son illərdə bu sahənin inkişafı ilə bağlı zəruri tədbirlərin görüldüyünü və bunun cari ilin doqquz ayında da davam etdirildiyini bildirən nəqliyyat naziri Ziya MƏMMƏDOV dedi:
- 2012-ci ilin 9 ayı ərzində nəqliyyat-yol kompleksi üzrə əsas iqtisadi göstəricilər yerinə yetirilmiş, 114 milyon ton yük, 1,2 milyard nəfər sərnişin daşınmışdır. Yüklərin 16,7 milyon tonu dəmir yolu, 9,3 milyon tonu su, 87,9 milyon tonu avtomobil nəqliyyatı ilə daşınmışdır. Limanlarda 9,1 milyon ton həcmində yükləmə-boşaltma əməliyyatları yerinə yetirilmişdir. Bu dövr ərzində nəqliyyat sektoruna yönəldilmiş investisiyaların ümumi həcmi 1,7 milyard manat təşkil etmişdir.
Ölkəmiz üçün dəmir yollarının strateji əhəmiyyətini, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bərpa olunan "Tarixi İpək Yolu" marşrutu üzərində dəmir yolunun xüsusi yerini nəzərə alaraq, magistralın dayanıqlı fəaliyyətinin təmin edilməsi üçün irihəcmli yenidənqurma və tikinti işləri aparılmaqdadır. Sizin, cənab Prezident, təsdiq etdiyiniz dəmir yolu nəqliyyatı sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramında müəyyən olunmuş tədbirlərin icrası olaraq Şərq-Qərb istiqamətində yol təsərrüfatının yenidən qurulması, enerji, rabitə-işarəvermə sisteminin tam dəyişdirilməsi, yeni lokomotiv və vaqonların alınması, mərkəzi dispetçer idarəetmə sisteminin yaradılması işləri hazırda 4 komponent üzrə mərhələlərlə davam etdirilir.
Layihə üzrə bu istiqamətdə sürət həddi saatda 140 kilometr olacaq yolun artıq 85 kilometr hissəsi yenidən qurulmuş, bağlanmış müqavilələr əsasında tələb olunan avadanlıq və materialların müəyyən hissələri alınmışdır.
Ölkəmizin tranzit imkanlarının artırılması, regional əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən və cənab Prezident, Sizin tapşırığınızla həyata keçirilən Bakı-Tbilisi-Qars layihəsi xüsusi yer tutur. Burada tikinti işləri sürətlə davam etdirilir. Hazırda Axalkalaki-Türkiyə sərhədi hissəsində 5,2 kilometr uzunluğunda yeni yolun üst quruluşu inşa edilmiş və bu hissədə süni qurğuların və torpaq yatağının tikintisi, o cümlədən Axalkalaki və Kartsaxi stansiyalarında vağzal binalarının, yolun 101-103 kilometrlik ərazisində yerləşən uzunluğu 150 metr olan körpünün, Türkiyə-Gürcüstan sərhədində 4,2 kilometrlik tunelin tikintisi və uzunluğu 153 kilometr olan Marabda-Axalkalaki sahəsində reabilitasiya-rekonstruksiya işləri davam etdirilir.
Su nəqliyyatı sahəsində Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmilərin və bərələrin müasir gəmilərlə əvəz edilməsi işləri davam etdirilmişdir.
Hazırda dövlət büdcəsi hesabına Xorvatiyada sifariş olunmuş 2 ədəd 54 vaqon tutumlu bərə ölkəyə gətirilir və yaxın günlərdə istismara veriləcəkdir.
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi layihəsi çərçivəsində ərazinin tikintiyə hazırlanması və liman kompleksini birləşdirən yol infrastrukturunun tikintisi işləri davam etdirilir. Liman akvatoriyasında aparılan dib dərinləşdirmə işləri yekunlaşmaq üzrədir.
Hava nəqliyyatı infrastrukturunun müasirləşdirilməsi, hava gəmiləri parkının yeniləşdirilməsi məqsədi ilə 2012-ci ildə "Azərbaycan Hava Yolları" QSC tərəfindən 2 ədəd "Boeing-767" tipli sərnişin təyyarəsi alınmış və "Boeing" şirkəti ilə yeni sifarişlərlə bağlı müqavilələr imzalanmışdır.
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin tikintisi davam etdirilmişdir.
Ölkəmizdə daşımaların böyük hissəsi avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilir və bu dinamika ilbəil artmaqdadır. Bu daşımaların təhlükəsiz həyata keçirilməsinin təmin edilməsi ilə bağlı, cənab Prezident, Sizin verdiyiniz tapşırıqların icrası məqsədilə avtonəqliyyat parkının yeniləşdirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.
2012-ci ilin 9 ayı ərzində paytaxtda 400 ədəd yeni iri və orta tutumlu avtobus və 1000 ədəd "London taksi"ləri olmaqla, 1085 ədəd yeni taksi minik avtomobilləri gətirilərək istismara verilmişdir.
Cari ilin əvvəlindən Daşkəsən, Gəncə və Horadiz avtovağzallarının tikintisinə başlanılmış, Yevlax avtovağzal kompleksinin tikintisi isə başa çatdırılaraq istifadəyə verilmişdir.
Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası hökumətləri arasında imzalanmış texniki-iqtisadi əməkdaşlıq Sazişi çərçivəsində Çin tərəfindən ayrılmış texniki yardımlar hesabına ölkəmizə kommunal xidmət təyinatlı 163 nəqliyyat vasitəsinin gətirilməsi təmin edilmişdir.
Hesabat dövründə, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi diqqət mərkəzində saxlanılmış, yollarda təhlükəsizlik tədbirləri gücləndirilmiş, yolların texniki təchizatı, işarələnməsi və zəruri nişanların yerləşdirilməsi təmin olunmuşdur.
Möhtərəm cənab Prezident!
Avtomobil daşımalarında vacib amillərdən biri də müasir tələblərə cavab verən avtomobil yolları infrastrukturunun mövcudluğudur. Bu sahədə Sizin xüsusi tapşırıqlarınız əsasında ölkəmizdə müasir yol şəbəkəsinin yaradılması məqsədilə irimiqyaslı yol layihələri həyata keçirilir, yeni yollar çəkilir, körpülər tikilir.
2012-ci ilin 9 ayı ərzində 362,8 kilometr, o cümlədən 77,5 kilometr respublika əhəmiyyətli, 285,3 kilometr yerli əhəmiyyətli yol təmir olunmuş, avtomobil yollarında 11 körpü tikilmişdir. Daxili investisiyalar hesabına Bakı-Ələt avtomobil yolunun 2-4 kilometrlik hissəsi istismara verilmiş, bu yolun 50-69 kilometr hissəsinin tikintisi, Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi, Qəbələ-Ağdaş, Ağstafa-Poylu-Gürcüstan sərhədi avtomobil yollarının yenidən qurulması, Ələt-Hacıqabul, Qəbələ-Oğuz, Goran-Naftalan, M2 Gəncə, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar avtomobil yollarının əsaslı bərpa işləri həyata keçirilmişdir.
Həmçinin Cəlilabad-Yardımlı, İsmayıllı-Lahıc, Quba-Qəçrəş, Şəki-Qax və digər yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması və əsaslı təmiri işləri aparılmışdır.
Beynəlxalq kreditlər hesabına Yenikənd-Salyan, Salyan-Şorsulu, Kür çayı üzərində körpü keçidinin tikintisi, Muğanlı-Yevlax, Tağıyev-Sahil, Yevlax-Gəncə, Hacıqabul-Bəhramtəpə avtomobil yollarının yenidən qurulması, Hacıqabul-Kürdəmir və Bakı-Şamaxı-Muğanlı avtomobil yollarının 4 zolağa genişləndirilməsi işləri davam etdirilmişdir.
Möhtərəm cənab Prezident!
"Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı"na uyğun olaraq, Heydər Əliyev Beynəlxalq Aeroportu-Mərdəkan-Bilgəh-Novxanı-Sumqayıt M1-M2 magistralına çıxış avtomobil yolunun 8 cərgəli hərəkət üçün yenidən qurulması, Ziya Bünyadov prospektinin əsaslı təmiri və prospekt boyu 4 yerdə və Qələbə meydanında yol qovşaqlarının tikintisi davam etdirilmişdir.
Böyük Şor yol qovşağının üçüncü mərhələsi və Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun birinci hissəsinin layihəsi çərçivəsində uzunluğu 566 metr olan tunel istismara verilmişdir.
Buzovna-Mərdəkan-Qala, Zığ dairəsi-Beynəlxalq Aeroport avtomobil yolundan Qala istiqamətində avtomobil yollarının tikintisi davam etdirilməkdədir.
Bakı şəhərində 75 kilometr yol əsaslı təmir olunmuş və 5 yeraltı piyada keçidi istismara verilmişdir.
"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Sizin 2011-ci il 23 may tarixli Fərmanınızın icrası olaraq Nəqliyyat Nazirliyinin elektron xidmət portalı yaradılmış və istifadəyə verilmişdir.
Möhtərəm cənab Prezident!
İcazə verin, nəqliyyat sektorunun işinə göstərdiyiniz daimi diqqət və qayğıya, istifadəyə verilən yeni nəqliyyat obyektlərinin açılışlarında vaxt tapıb şəxsən iştirak etdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildirim və Sizi əmin edim ki, nəqliyyatçılar bundan sonra da zati-alilərinizin tapşırıq və tövsiyələrini böyük məsuliyyət hissi ilə yerinə yetirəcəklər.
Diqqətinizə görə minnətdaram!
* * *
İlin doqquz ayında sosial proqramların icrası sahəsində mühüm tədbirlərin həyata keçirildiyini, əhalinin sosial müdafiəsinin yüksək səviyyədə təşkilinin diqqət mərkəzində saxlanıldığını vurğulayan əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli ƏLƏKBƏROV dedi:
- Sizin, cənab Prezident, sosial sahəyə xüsusi diqqətinizin daha bir nəticəsi kimi, ölkəmizdə icra olunan ünvanlı yardım proqramı hazırda 127 minə yaxın ailəni əhatə edir. Hər ailəyə isə ayda orta hesabla 112 manat vəsait ödənilir.
Təyinat zamanı subyektiv amillərin minimuma endirilməsi məqsədilə hazırda 27 rayonda tətbiq olunan poçt və elektron qaydada alternativ müraciət mexanizmlərinin bütün ölkədə icrası üçün iş aparılır.
Araşdırmalar göstərir ki, ünvanlı yardım alan ailələrin təxminən 40 faizinin ailə tərkibində və əmlak vəziyyətində yaxın illərdə onların bu növ dəstək almaq hüququna təsir edəcək dəyişikliklər gözlənilmir. Ona görə də belə ailələrə təyinat müddətinin iki, yaxud üç ilədək uzadılması barədə aidiyyəti orqanlara təkliflər göndərilmişdir.
Bu dəyişiklik təkrarən ünvanlı yardım almaq üçün vətəndaşları hər il yenidən sənəd toplayıb təqdim etmək çətinliklərindən qurtarmaqla, məmur-vətəndaş təmaslarının daha da azalmasına səbəb olacaqdır.
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.