Yevlaxda Kür çayının sahilində "Bulvar" istirahət mərkəzi salınmışdır

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yevlax şəhərinə səfəri çərçivəsində Kür çayının sahilində salınan "Bulvar" istirahət mərkəzində aparılan tikinti və yenidənqurma işləri ilə tanış olmuşdur. 
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, bir neçə il əvvəl şəhərin Kür qırağının abadlaşdırılması, burada yeni bulvarın salınması ilə bağlı icra olunmağa başlanan layihə uğurla davam etdirilir. Bundan əsas məqsəd Kür çayının sahilini turizm zonasına çevirmək, insanların mənalı istirahətinə yardımçı olmaq və şəhərin simasına yeni memarlıq elementi daxil etməkdir.
Dövlətimizin başçısı "Bulvar"da istirahət edən sakinlərlə görüşüb söhbət etdi.
SAKİN: Salam, cənab Prezident, xoş gəlmisiniz!
Prezident İlham ƏLİYEV: Salam. Xoş gördük.
SAKİN: Necəsiniz, cənab Prezident?
Prezident İlham ƏLİYEV: Yaxşıyam, siz necəsiniz?
SAKİN: Çox məmnunuq. Bu gün balaca nəvəmlə buradayıq. Bazar günləri buraya gəlirik. Bu gün nəvəmin yadında qalacaqdır. Səhv etmirəmsə, Yevlaxa 7-8-ci dəfədir gəlirsiniz. Hər gəlişinizdən biz stimul alırıq, güc alırıq. Siz həmişə deyirsiniz ki, Avropa şəhərlərindən geri qalmamalıyıq. Nəinki Avropa şəhərlərinə, dünyanın böyük şəhərlərinə çatmalıyıq. Biz buna əminik, Sizin köməyinizlə bu yolla gedirik.
Prezident İlham ƏLİYEV: Elədir, keçən dəfə burada olanda hələ təmir işləri gedirdi. Artıq mənə məruzə edilmişdi. Bu, çox gözəl təşəbbüsdür. Əslində, bu təşəbbüs Yevlaxdan gəldi. Mən bu təşəbbüsü dəstəklədim, çünki bulvar Bakıya xas olan bir istirahət zonasıdır. Bakı bulvarının artıq 100 ildən çox tarixi vardır. Biz son illər ərzində Bakı bulvarını abadlaşdırdıq, uzatdıq, 3,5 kilometrdən indi Bayraq Meydanı ilə birlikdə 14 kilometrə çatıbdır. Yəni, indi geniş bir istirahət zonası açılıbdır. Biləndə ki, Yevlaxda bulvar salınır, çox sevindim. Çox gözəl təşəbbüsdür. Biz gərək bütün gözəl təşəbbüsləri dəstəkləyək. Bura boş yerlər idi, buraya heç kim gəlmirdi, demək olar ki, sahil yox idi. İndi gözəl bir istirahət zonasıdır. Özü də Kürboyu gəzinti xüsusi zövq verir. Bizim indi həm Dənizkənarı, həm də çayboyu bulvarımız vardır. Çox güman ki, hələ uzanacaqdır.
SAKİN: Bəli, o biri körpüyə çatmağa az qalıbdır. Cənab Prezident, mən özüm Yevlax sakiniyəm. Hər dəfə Sizin buraya gəlişiniz bizim üçün toy-bayramdır. Bakıya tez-tez gedirəm, cənab Prezident, çünki orada ailəmiz, uşaqlarımız vardır. İnanın, hər dəfə, Bakı bulvarını gəzəndə o qədər həsəd hissi keçirirdim ki, kaş bizim də belə bir bulvarımız olaydı. Amma bu gün ailəmlə, nəvəmlə gəzdiyimiz Kür çayının sahilində yerləşən bu bulvar heç də Bakının bulvarından geri qalmır. Buna görə, bütün yevlaxlılar Sizə təşəkkür edirlər. Xahiş edirəm, bizim salamlarımızı Mehriban xanıma çatdırın. Biz onu da, Sizi də çox istəyirik. Allah Sizi qorusun. Yevlaxa tez-tez gəlin, cənab Prezident.
Prezident İlham ƏLİYEV: Sağ olun, salamlarınızı çatdıraram. Mən Yevlaxa tez-tez gəlirəm, vəziyyətlə tanış oluram, maraqlanıram və görürəm ki, doğrudan da Yevlaxda böyük inkişaf gedir, böyük quruculuq işləri aparılır. Siz yevlaxlılar bunu hamıdan yaxşı bilirsiniz. Yevlax Azərbaycanın ən inkişaf etmiş rayonları arasındadır. Yəni, bu, onu göstərir ki, hər şeyi etmək mümkündür. Əgər güclü iradə varsa və yerlərdə kadrlar yaxşı işləyirlərsə hər şey etmək olar, hər bir yeri cənnətə çevirmək mümkündür. İndi Yevlaxda nəinki bulvar vardır, - bulvar əlbəttə ki, indi Yevlaxın bir xüsusiyyəti olacaqdır, - şəhər də cavanlaşır. Mən Prezident kimi bir neçə ildir ki, Yevlaxa gəlirəm, görürəm ki, burada çox yüksək zövqlə, səliqə ilə böyük quruculuq, abadlıq işləri görülür.
SAKİN: Cənab Prezident, bizə yeni Yevlax şəhəri bəxş etmisiniz.
Prezident İlham ƏLİYEV: Bəli, gözəl binalar, gözəl xiyabanlar. Yollar genişləndirilir, eyni zamanda, iş yerləri açılır, sosial infrastruktur yaradılır, məktəblər tikilir. Yəni, hərtərəfli inkişaf vardır. Əlbəttə, bu inkişaf, eyni zamanda, belə gözəl istirahət yerlərinin tikilməsində də özünü göstərməlidir. Çünki hər şey, nə edilirsə insanlar üçün edilir. Bu yaxınlarda mən Humanitar Forumda çıxışımda da dedim. Siyasətimizin təməlində Azərbaycan vətəndaşı, onun rifahı, rahat yaşaması durur. Bütün bu işlər insanlar üçün görülür. Bu bulvar artıq tarixdə qalacaqdır. Bu bulvarın da böyük tarixi olacaqdır. İndi biz deyirik ki, Bakı bulvarı 102 il bundan əvvəl salınıbdır. Yevlax bulvarı isə yeni salınıbdır. Bu, artıq tarixdə vardır. Siz bu tarixi bir yerdə qeyd edin. Yazın ki, Yevlax bulvarı bu tarixdə yaradılıb. Yüz ildən sonra burada gəzəcək insanlar deyəcəklər ki, bizim tarixi bulvarımız vardır, yaşı 100 ildir. Tarix belə yaradılır, ölkələr belə inkişaf edir.
SAKİN: Çox minnətdarıq, biz yevlaxlılar Sizi sevirik, Allah Sizə ömür versin.
Prezident İlham ƏLİYEV: Sağ olun, mən də sizi sevirəm. Çox şadam ki, Yevlax doğrudan da inkişaf edir. Əslində son illər ərzində Yevlaxda gedən quruculuq prosesləri onu dəqiqliklə göstərir ki, hər şey etmək mümkündür. Çünki yenə də deyirəm, Yevlax ölkə miqyasında ən qabaqcıl yerlərdədir. Bu uğurlar sizin zəhmətiniz hesabına mümkün olubdur. Mən də əlbəttə ki, kömək edirəm.
SAKİN: Bu, Sizin yevlaxlılara olan qayğınızın təzahürüdür, cənab Prezident.
Prezident İlham ƏLİYEV: Yevlax ölkəmizin coğrafi mərkəzidir, böyük və strateji mərkəzdir. İndi burada gedən quruculuq işləri inkişaf etmiş şəhərlərdə gedən işlərdən geri qalmır. Əslində mən bir neçə dəfə demişəm, bəzi hallarda, xüsusilə müstəqilliyimizin ilk illərində deyirdik ki, "Avropa standartları", "Avropa standartlarına çatmalıyıq", belə bir anlayış var idi. Amma indi görürük ki, bizim öz standartlarımız da geri qalmır. Yəni, indi artıq demək olar ki, Azərbaycan standartları vardır - səliqə, zövq, təmizlik, quruculuq, inkişaf, abadlıq işləri. Azərbaycan standartları digər sahələrdə də özünü göstərir. Misal üçün, təhlükəsizlik. Deyə bilərəm ki, dünya miqyasında ən təhlükəsiz yerlərdən biri Azərbaycandır. Yaxud da ki, iqtisadi inkişaf, sosial məsələlərin həlli, cəmiyyətdə hökm sürən gözəl ovqat, ab-hava, milli-dini dözümlülük - bu, Azərbaycan modelidir. Bu günlərdə İkinci Beynəlxalq Humanitar Forumunun iştirakçıları da bu inkişafı görürlər, vurğulayırlar və bizim təcrübəmizi öyrənməyə çalışırlar. Ona görə Azərbaycan standartları özünü hər yerdə göstərməlidir. Bu, müasirlik və inkişaf standartlarıdır. Eyni zamanda, milli dəyərlərə bağlılıq standartlarıdır.
SAKİN: Cənab Prezident, icazə versəydiniz mən bütün yevlaxlılar adından Sizi salamlayardım. Şəhərimizə xoş gəlmisiniz. Sizin hər gəlişiniz bizim üçün sözün əsl mənasında bayramdır. Biz bu gün bu gözəl bulvarda Sizi görməyimizə çox şadıq. Bizim üçün yaratdığınız hər bir şəraitə görə çox sağ olun. İndi doğrudan da Yevlax camaatı heç nədən əziyyət çəkmir. Buna görə də Sizə "çox sağ olun" deyirik. Çünki bu, Sizin işinizin, qayğınızın, bizə göstərdiyiniz diqqətin sayəsində mümkün olubdur.
Mən öz adımdan Sizə bir daha təşəkkür edirəm ki, bizi bu cür işləməyə ruhlandırırsınız. Yəni, Sizin hər gəlişiniz bizim həyat eşqimizi daha da artırır. Doğrudan da elədir. Mənim 56 yaşım vardır, amma mən istərdim ki, bundan sonra da heç olmasa 20 il yaşayım ki, Azərbaycanın o gözəl günlərini daha yaxından görüm, onun quruculuğunda mən də iştirak edim. Çox sağ olun, Sizə həm şəhərimizin əhalisi adından, həm öz adımdan, həm də bütün Azərbaycan xalqı adından bir daha təşəkkür edirəm. Siz doğrudan da bizim təhlükəsizliyimizi təmin edirsiniz. Vaxt var idi ki, Yevlaxda kimsə harayasa tək çıxa bilmirdi. Amma bu gün mən balaca nəvəmi də götürüb tək gəlirəm. Yay aylarında gecə saat 11-12-dək burada otururam ki, uşaq əylənsin. Çox sağ olun, bir daha Sizə minnətdaram.
Prezident İlham ƏLİYEV: Sağ olun.
SAKİN: Nəvələrimlə, nəticələrimlə gəlib bu gözəl parkda gəzirəm. Bura vaxtı ilə liman olubdur, buraya Bakıdan paroxod gəlibdir. İndi şükür Allaha gözəl sahil, park, gözəl bulvar salınıb, gəlib gəzirəm.
Cənab Prezident, Siz Ramil Səfərovu, Mübariz İbrahimovu Vətənimizə gətirdiniz və onlara sahib durdunuz, buna gözə çox sağ olun! Bu, Sizin Azərbaycan xalqına göstərdiyiniz diqqətin və qayğının nümunəsidir. Biz yaşlı adamlarıq. Biz Sizin diqqət və qayğınızı həmişə hiss edirik. Allah ulu öndərimizə rəhmət etsin! Biz Sizi ömürlük Prezident kimi qəbul edirik. Çox sağ olun, Allah Sizi qorusun!
Prezident İlham ƏLİYEV: Çox sağ olun! Azərbaycan doğrudan da, indi qüdrətli dövlətdir, öz maraqlarını müdafiə etməyə, ləyaqətini qorumağa, vətəndaşlarına yiyə durmağa qadirdir. Ramil Səfərovu Azərbaycana qaytarmağımız ədalətli idi, bütün beynəlxalq hüquq normalarına uyğun idi. Avropa Konvensiyasına, Azərbaycan Konstitusiyasına və haqq-ədalətə uyğun idi. Azərbaycan öz vətəndaşlarını qoruyur, qorumalıdır və çətin vəziyyətdən xilas etmək üçün əlindən gələni etməlidir. Bu gün bizim buna gücümüz çatır. Ona görə dünyada bizim rolumuz artır, dünya xəritəsində biz artıq layiqli yer tuta bilmişik. Bölgədə gedən proseslərdə bizimlə hesablaşmamaq artıq mümkün deyildir. Hesablaşmamaq istəyənlər də gördülər ki, axırda hesablaşmalıdırlar.
Bizim siyasətimiz də xoşniyyətlidir. Biz heç kimə qarşı pis fikirdə deyilik. Biz istəyirik ki, bütün xalqlar, bütün ölkələr bir-biri ilə yaxşı əlaqədə olsunlar. Ancaq, eyni zamanda, istəyirik ki, bizim haqlarımız da qorunsun, ərazi bütövlüyümüz bərpa olunsun və buna çalışırıq. Eyni zamanda, biz müstəqil siyasət aparırıq. Bu siyasətin mənbəyi Azərbaycan xalqıdır və onun maraqlarıdır. Burada heç bir başqa maraq nəzərə alınmır və alınmamalıdır. Müstəqil siyasət aparmaq üçün əlbəttə ki, güclü iradə, cəsarət, iqtisadi dayaqlar olmalıdır. Bunlar hamısı öz yerində. Amma ilk növbədə cəmiyyətdə birlik olmalıdır, xalqla iqtidar arasında birlik. Bu birlik nə qədər güclüdürsə, o qədər də beynəlxalq arenada bizim söz deməyə gücümüz çatır. Mən bunu istəyirəm və hər yeni icra başçısı təyin edərkən, əlbəttə, tövsiyələrimi verirəm. Bu tövsiyələrin ən vacibi xalqla bir yerdə olmaq, xalqın problemləri ilə yaşamaq, bütün səyləri insanların yaxşı yaşamalarına yönəltməkdir
Mən Yevlaxda da bunu görürəm. Mən görürəm ki, burada yerli icra orqanları vətəndaşlarla bir yerdə çalışırlar. Bu bulvar hamımızın əsəridir. Əlbəttə ki, mən də öz rolumu oynamışam, yerli icra orqanları da, vətəndaşlar da. Biz dövlət yaradırıq, özümüz üçün güclü dövlət qururuq ki, hər bir kəs Azərbaycan vətəndaşı olmağı ilə fəxr etsin. Nə qədər güclü olsaq, bizim mövqeyimiz də o qədər müdafiə olunacaq, maraqlarımız da o qədər təmin ediləcəkdir. Bütün bunlar hamısı bir-biri ilə bağlı olan məsələlərdir.
Bu gün biz öz maraqlarımızı ləyaqətlə qoruyuruq. Həm bölgədə, həm də dünyada gedən qlobal proseslərdə biz fəal iştirak edirik. Bizim rəyimizlə hesablaşırlar. Bizim mövqeyimiz bölgə məsələlərində həlledici rol oynayır, dünya məsələlərində də artıq eşidilir. Bütün bunlara biz 20 il ərzində nail olmuşuq. İyirmi il tarix üçün bir andır. İyirmi il ərzində bu qədər böyük işin görülməsi xalqımızın tarixi qələbəsidir. Biz bundan sonrakı 20 ili də nəzərə alırıq. İnşallah 20 ildən sonra da görüşəcəyik, bəlkə də bulvarın o tərəfində. Çünki bulvar bir qədər də uzanacaqdır.
SAKİN: Allah ömür versin!
Prezident İlham ƏLİYEV: Mən bundan sonrakı 20 ilin konturlarını da görürəm. Əminəm ki, Azərbaycan inkişaf etmiş ölkələrin sırasında olacaqdır. Həyat səviyyəsi ən yüksək həddə olacaqdır. Bütün infrastruktur layihələri, əlbəttə, ondan əvvəl öz həllini tapacaqdır. Əhalimiz artacaqdır. Əhali də çox vacibdir. Demoqrafiya vacibdir. Bizim əhalimiz 15 milyon, 20 milyon olmalıdır. İnşallah, o günləri də biz bərabər görəcəyik və daha da güclü, daha da təsirli dövlət yaradacağıq. Mən buna şübhə etmirəm. Bütün bunlara nail olmaq üçün Azərbaycanda hər şey vardır - siyasi iradə, xalqın dəstəyi, iqtisadi güc və gələcəyə olan baxışlarımız.
Bir daha qayıdıram Yevlaxda gedən inkişafa. Görürük ki, burada qısa müddət ərzində çox iş görülüb. Rayon icra hakimiyyətinin şəhərin inkişafı ilə bağlı başqa planları vardır. Şəhər, əlbəttə, böyüməlidir, böyüyür, yeni inkişaf konsepsiyası işlənməlidir. Əlbəttə, bütün infrastruktur layihələri vaxtında icra edilməlidir. Yevlaxda su layihəsi icra ediləcək, qazlaşdırılma 100 faiz olmalıdır. Bütün kəndlərdə qaz olmalıdır. Kənd yolları bərpa edilməlidir. Mərkəzi Rayon Xəstəxanası tikilib. Böyük xəstəxanadır. Ölkə miqyasında ən böyük xəstəxanalardan biridir. Nə lazımdırsa onu da edəcəyik və sizinlə də çox görüşəcəyik. Sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun!
SAKİNLƏR: Çox sağ olun, minnətdarıq.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
* * *
Elektromobillə "Bulvar" istirahət mərkəzinin ərazisini gəzən Prezident İlham Əliyev burada aparılan tikinti və yenidənqurma işlərinin gedişi ilə tanış oldu.
Bildirildi ki, şəhər əhalisinin istirahətinin səmərəli təşkili məqsədilə Kür çayının Yevlax şəhərinin ərazisindən keçən hissəsinin sağ sahili boyunca salınan "Bulvar" istirahət mərkəzinin uzunluğu 2,5 min metr, ümumi sahəsi 8,2 hektardır. Onun bir hissəsi sahil boyunca, digər hissəsi isə estakadalar üzərində yerləşir. Tikinti işlərinin gedişində istinad divarları tikilmiş, sütunlar inşa olunmuşdur. İstirahət zonasında müxtəlif həcmli 22 fəvvarə, şəlalə, dayaqlar üzərində 86 tağbənd də tikilmişdir. "Bulvar" istirahət mərkəzində müasir işıqlandırma sistemi yaradılmış, uşaqlar üçün attraksionlarla təchiz olunan əyləncə guşəsi qurulmuşdur.
Vurğulandı ki, idmana olan maraq nəzərə alınaraq burada futbol və voleybol meydançaları inşa olunmuş, çimərlik zonası salınmışdır. Hazırda Kür çayının sahilində beşulduzlu otel binasında tikinti işləri davam etdirilir.
Bir sözlə, "Bulvar" istirahət mərkəzində yaradılmış şərait Azərbaycanın hər bir bölgəsində abadlıq və quruculuq işlərinin aparılmasının dövlətin diqqət mərkəzində olduğunu göstərir.

{nl}


AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında