Bərdədə əsaslı surətdə yenidən qurulmuş mərkəzi istirahət parkı ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Bərdədə əsaslı surətdə yenidən qurulmuş mərkəzi istirahət parkı ilə tanış olmuşdur. 
Dövlətimizin başçısına məlumat verildi ki, parkda tikinti işlərinə bu ilin martında başlanılmış, iyunda başa çatdırılmışdır. Ən yüksək standartlar səviyyəsində salınan parkın ərazisi iki hektardır. Parkda tikilmiş yay konsert səhnəsində açıq havada rayon əhəmiyyətli müxtəlif tədbirlər və mədəni proqramlar təşkil olunacaqdır.
Parkın ərazisindəki uşaq incəsənət məktəbinin fasadı yenidən qurulmuş, binanın qarşısında tanınmış musiqiçilərin heykəlləri qoyulmuşdur.
Prezident İlham Əliyev parkda yeni ucaldılmış dövlət bayrağına baxdı. Bayraq dirəyinin hündürlüyü 85 metrdir. Bu da dövlət bayrağının şəhərin hər yerindən görünməsinə şərait yaradır.
Ən müasir işıqlandırma sisteminin quraşdırıldığı parkda yeni fəvvarə inşa olunmuş, geniş yaşıllıq zolaqları salınmış, dekorativ ağac və bəzək kolları əkilmişdir. Burada bulaq kompleksləri yaradılmışdır. Parkda quraşdırılmış böyük monitorda kütləvi-mədəni tədbirlər zamanı müxtəlif videogörüntüləri izləmək mümkün olacaqdır.
Mərkəzi istirahət parkının ərazisində yerləşən Heydər Əliyev Mərkəzinin, rayon icra hakimiyyətinin, rəsm qalereyasının, Yeni Azərbaycan Partiyası rayon təşkilatının və şəhər bələdiyyəsinin binalarının fasadlarında yenidənqurma işləri aparılmışdır. Parkda istirahət guşələri yaradılmış, 40-dan çox müasir oturacaq qoyulmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, ətrafdakı binalarda əsaslı təmir işləri aparılmışdır. Parkın ətrafı milli memarlıq üslubunda tikilmiş 800 metr uzunluğunda hasarla əhatələnmişdir. Yaşıllaşdırılan ərazidə avtomatik suvarma sistemi quraşdırılmışdır.
Prezident İlham Əliyev burada yeni salınacaq Heydər Əliyev parkının layihə sənədləri ilə bağlı stendlərə baxdı.
Bildirildi ki, yaxın vaxtlarda şəhərin Heydər Əliyev prospektində, Tərtər çayının sahilində tikiləcək park 16 hektar ərazini əhatə edəcəkdir. Burada ulu öndər Heydər Əliyevin büstü qoyulacaqdır. Yeni parkda müasir fəvvarələr, əyləncə meydançaları yaradılacaq, yay konsert zalı və müxtəlif iaşə obyektləri tikiləcəkdir. Parkda istirahət üçün yüksək şərait yaradılacaqdır.
Sonra dövlətimizin başçısına 24 min nəfərdən çox əhalinin yaşadığı 14 kəndi birləşdirən Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı avtomobil yolunun göstəriciləri barədə məlumat verildi.
Vurğulandı ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq indi rayonda əsas diqqət kənd yollarının abadlaşdırılmasına yönəldilmişdir. Azərbaycan Prezidentinin 2011-ci il 18 iyul tarixli sərəncamı ilə bu yolun tikintisinə ötən ilin dövlət büdcəsində kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulan vəsaitdən 4 milyon manat ayrılmışdır. Yolun tikintisinə ötən ilin sentyabrında başlanılmış və müasir tələblərə uyğun olaraq başa çatdırılmışdır. Avtomobil yolunun ümumi uzunluğu 22 kilometr, eni çiyin hissələri ilə birlikdə 10 metrdir. Bu yolun istifadəyə verilməsi ilə Alpout və Nazırlı kəndləri arasında gediş-gəliş məsafəsi üç dəfə qısalmışdır.
Azərbaycan Prezidentinə yeni istifadəyə verilmiş "Qarabağ" Aqrar Sənaye Kompleksinin Bərdə ət emalı fabriki və soyuducu anbar kompleksi barədə də məlumat verildi.
Bildirildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq rayonun Mehdili kəndi ərazisində tərkibində illik istehsal gücü 5,4 min ton olan ət emalı fabriki və 5 min tonluq soyuducu anbar olan aqrar sənaye kompleksinin ümumi dəyəri 6,5 milyon manatdır. Bu layihəyə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 4,5 milyon manat güzəştli kredit verilmişdir. Fabrikdə ilkin olaraq Bərdə və ətraf rayonlardan mal-qaranın alınması, sanitar-gigiyenik normalara əməl edilməklə kəsilməsi, doğranması və 10 çeşiddə qablaşdırılaraq istehlakçılara təqdim edilməsi mümkün olacaqdır. Soyuducu anbar kompleksi müəssisənin öz məhsulları ilə yanaşı, Bərdə və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarların istehsal etdikləri meyvə-tərəvəz, ət və süd məhsullarının uzun müddət itkisiz saxlanmasına imkan yaradacaqdır. Ət emalı fabrikinin xammal bazasının yaradılması məqsədi ilə 3 min başlıq ətlik və südlük istiqamətli heyvandarlıq komplekslərinin tikinti işlərinə başlanılmışdır. Bu layihələrin maliyyələşdirilməsinə də Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 9 milyon manatadək güzəştli kredit ayrılmışdır. Layihələrin icrası nəticəsində 250 nəfər işlə təmin olunmuşdur.
Görülmüş işlərdən razılığını bildirən Prezident İlham Əliyev həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin yüksək keyfiyyətlə və vaxtında başa çatdırılması üçün tapşırıq və tövsiyələrini verdi.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında