Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtərdə yeni inşa edilən Gənclər Mərkəzinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.
Bildirildi ki, bu gün ölkəmizdə savadlı, bilikli, intellektual, vətənpərvər ruhlu gənclərin yetişməsi məsələsinə xüsusi diqqət yetirilir. Məhz bundan ruhlanan gənclərimiz siyasət, iqtisadiyyat, mədəniyyət, incəsənət, idman və digər sahələrdə Azərbaycanı dünyada layiqincə təmsil edirlər.
Diqqətə çatdırıldı ki, ümumi sahəsi bir hektar olan mərkəzin tikintisinə bu ilin mayında başlanılmışdır. Mərkəzin ikimərtəbəli binasının inşası maksimum keyfiyyətlə və sürətlə həyata keçirilmişdir. Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulmuş, ulu öndərin və Prezident İlham Əliyevin Tərtərə səfərlərini, rayon zəhmətkeşləri ilə görüşlərini, həmçinin gənclərə göstərdikləri diqqət və qayğını əks etdirən fotostendlər qurulmuşdur.
Qeyd edildi ki, mərkəzdə hər cür şəraitin olduğu gənclər kafesi yaradılmışdır. Mərkəzin 112 yerlik iclas zalı da müasir standartlara cavab verir. Zalda rayon miqyaslı müxtəlif tədbirlər keçirmək də mümkündür. Bundan başqa, mərkəzin birinci mərtəbəsində müasir avadanlıqla təchiz edilmiş karaoke-diskoteka və virtual-rinq otaqları da yaradılmışdır. Virtual-rinq otağında gənclərin müxtəlif intellektual oyunlar keçirmələri üçün zəruri sistem qurulmuşdur. Mərkəzdəki tir otağı da müasir standartlar səviyyəsindədir. Beşzolaqlı tirdə gənclər idmanın atıcılıq növünə daha yaxşı yiyələnmək üçün imkan əldə edirlər. Otaqdakı virtual tir böyük maraq doğurur. Gənclər dünyanın aparıcı şirkətlərinin istehsalı olan xüsusi lazer effektli tirdən də istifadə edə biləcəklər. Mərkəzdə ən son texnoloji avadanlıqla təchiz edilən 30 nəfərlik 3D kino zalı, xarici dillər və linqafon otağı, həmçinin fotostudiya da vardır. Bundan başqa, burada gənclərin müxtəlif tədbirlər keçirmələri üçün konfrans zalı da yaradılmışdır.
Gənclər Mərkəzinin həyətində mini stadion inşa edilmiş, ətraf abadlaşdırılmış, fəvvarə quraşdırılmış, müasir işıqlandırma sistemi yaradılmış, geniş yaşıllıq işləri görülmüşdür.
Mərkəzlə tanışlıqdan sonra dövlətimizin başçısı burada bölgə gənclərinin nümayəndələri ilə görüşdü. Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış etdi.
{nl}
Prezident İlham Əliyevin çıxışı
- Mən sizi ürəkdən salamlayıram, ilk növbədə, Tərtərdə yeni tikilmiş Gənclər Mərkəzinin açılışı münasibətilə təbrik edirəm. Tərtərli gənclər gərək bu mərkəzdən səmərəli istifadə etsinlər.
Bildiyiniz kimi, indi Azərbaycanda gənclər mərkəzlərinin tikintisi geniş vüsət almışdır. Hər bir rayonda müasir standartlara cavab verən Gənclər Evi, Gənclər Mərkəzi yaradılmalıdır. Artıq bu proses başlamışdır, uğurla gedir. Əminəm ki, yaxın illərdə hər bir rayonda belə gözəl mərkəzlər olacaqdır. Bu binalar həm rayonlara əlavə gözəllik verir, çox yaraşıqlı binalardır, müasir memarlıq üslubunda tikilir, eyni zamanda, burada gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün bütün imkanlar vardır.
Bütövlükdə, Azərbaycanda gənclər siyasəti çox uğurlu aparılır. Bu siyasətin təməlini ulu öndər qoymuşdur. Heydər Əliyevin təşəbbüsü ilə gənclər siyasətinin əsas konturları müəyyən edilmişdir. Son 20 il ərzində Azərbaycanda bu siyasət çox uğurla aparılmışdır. Artıq bu illər ərzində, müstəqillik dövründə gənclər yetişiblər və ölkəmizin həyatında mühüm rol oynayırlar.
Dövlətin siyasəti ondan ibarətdir ki, Azərbaycan gəncləri bilikli, savadlı, Vətənə bağlı olsunlar və ölkəmizin gələcək inkişafına töhfələrini versinlər. Gənclərin vətənpərvərlik ruhunda böyümələri də çox mühüm əhəmiyyət daşıyır.
Azərbaycan 21 ildir ki, müstəqil dövlətdir. Müstəqilliyimizin əsasları artıq çox möhkəmdir. Gənclər də bu ruhda, milli ruhda böyüməlidirlər. Xüsusilə, qloballaşan dünyada buna böyük ehtiyac vardır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, vətəndaşlarımız, xalqımız öz milli-mənəvi dəyərlərinə çox bağlıdır. Uzun illər, əsrlər boyu başqa imperiyaların, ölkələrin tərkibində yaşamağımıza baxmayaraq, biz milli mənliyimizi qoruya bilmişik, ilk növbədə, milli dəyərlər hesabına. Ona görə, indiki zəmanədə biz artıq müstəqil dövlətik və Azərbaycanın gələcəyi, taleyi xalqımızın əlindədir. Dünyada gedən proseslər onu göstərir ki, bəzi hallarda qloballaşma adı altında xoşagəlməz meyillər də üzə çıxır. Buna davam gətirmək, bu xoşagəlməz meyillərin qarşısını almaq üçün, ilk növbədə, milli-mənəvi dəyərlər ön plana çıxmalıdır. Mən şadam ki, bütövlükdə Azərbaycan gəncləri öz Vətənlərinə bağlıdırlar, Vətən eşqi ilə yaşayırlar və bu meyillər nəsildən-nəslə keçməlidir.
Mən bu yaxınlarda Bakıda yaradılan yeni ali məktəblərin açılışlarında həm təhsil, həm ümumiyyətlə, humanitar məsələlərlə bağlı fikirlərimi kifayət qədər geniş bildirmişəm, təkrar etmək istəmirəm. Ancaq onu bir daha qeyd etmək istəyirəm ki, gənclərin hərtərəfli hazırlığı üçün, ilk növbədə, bilik öz rolunu oynamalıdır. Hər bir gənc bilməlidir ki, onun taleyi öz əlindədir, bilik səviyyəsindən asılıdır.
Azərbaycan azad ölkədir, azad cəmiyyətdir. İqtisadiyyatımız bazar iqtisadiyyatı prinsipləri əsasında qurulubdur. Hər bir vətəndaş üçün bütün imkanlar vardır. Bilik olmadan indi həyatda layiqli yer tutmaq çətin olar. Buna görə mən həmişə gənclərlə görüşlərimdə bu məsələyə diqqət yetirirəm. Sadəcə olaraq, bu, bir şüar deyildir, doğrudan da hər bir gəncin fəaliyyəti, gələcəyi üçün ilk növbədə bilik çox vacibdir.
Nəzərə alsaq ki, indi Azərbaycanda bu sahədə islahatlar aparılır, yeni texnologiyalar tətbiq edilir, gənclərimiz də bütün müasir texnologiyalara hazırlıqlı olmalıdırlar. Yəni, dünya bu istiqamətdə inkişaf edir. Dünyanın gələcəyi ancaq biliyin səviyyəsi ilə bağlıdır. Bu gün bu, özünü büruzə verir. Əminəm ki, 10, 20 ildən sonra bilik və texnoloji tərəqqinin səviyyəsi hər bir ölkənin inkişafını müəyyən edəcəkdir.
Dünyada rəqabət gedir və ölkələr bir-biri ilə rəqabət aparır. Bəzi hallarda bu rəqabət sivil yollarla aparılır, bəzi hallarda bu, toqquşmalara, müharibələrə gətirib çıxarır. Ona görə, hər bir cəmiyyətin inkişafı, ilk növbədə, bilavasitə intellektual səviyyə ilə bağlıdır.
Mən qeyd etmişəm, bir daha demək istəyirəm ki, Azərbaycanda bütövlükdə intellektual səviyyə lazımi yerdədir. Ancaq bu, daimi prosesdir. Biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik.
Elmin inkişafı da çox vacibdir. Əlbəttə, Azərbaycan hələ ki, elmi-texniki tərəqqi istiqamətində təşəbbüskar rolunu oynaya bilməz. Ancaq Azərbaycanda dünyada mövcud olan ən müasir texnologiyalar, ən gözəl yeniliklər tətbiq edilməlidir. Bu yenilikləri tətbiq edə biləcək şəxslər, insanlar olmalıdır. Əgər cəmiyyətin ümumi intellektual potensialı aşağıdırsa, onda bizim heç bir təşəbbüsümüz uğur gətirə bilməz. Cəmiyyətin ümumi intellektual potensialı yüksək olmalıdır. Yeni texnologiyalar gətirilməlidir. Gənclər peşəkar olmalıdırlar. Əvvəlki dövrdə - sovet dövründə ixtisaslaşma özünü çox qabarıq şəkildə büruzə verirdi. Bu gün müasir menecerlərin hazırlanması çox vacibdir və bu istiqamətdə ölkəmizdə işlər gedir.
Mən gənclərin ictimai həyatda fəaliyyətinə də böyük ümidlərlə baxıram. Gənclər daim cəmiyyətin ən fəal üzvləridirlər. Bu fəallıq davam etdirilməlidir. Ölkəmizdə ictimai proseslər çox müsbət istiqamətdə gedir. Gənclər də bu proseslərin gücləndirilməsində öz rolunu oynayırlar və ölkəmizin dünyada tanıdılması işində ön plana çıxırlar. Bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dünya birliyinə çatdırılması üçün gənclər də öz rolunu oynayırlar. Xocalı soyqırımını tanıtdırmaq prosesi artıq başlamışdır. Üç ölkə Xocalı soyqırımını tanıyıb və gənclərin bu işlərdə rolu çox müsbətdir.
Xaricdə yaşayan və oxuyan gənclərimiz müxtəlif aksiyalarda, müxtəlif tədbirlərdə fəal iştirak edirlər. İndi bizim diaspor təşkilatlarımız güclənib, formalaşıb və dünyanın istənilən nöqtəsində aksiya keçirməyə qadirdirlər. Bu aksiyalara televiziya vasitəsilə tamaşa edərkən görürük ki, orada da ön planda gənclərimizdir. Yəni, gənclər həmişə fəal olurlar və bu fəallıq müsbət istiqamətə yönəldilməlidir.
Mən çox şadam ki, gənclərimiz ölkəmizin hərtərəfli inkişafında öz rolunu oynayırlar. Gənclər vətənpərvərdirlər, vətənə bağlıdırlar, milli ruhda tərbiyə alırlar, gələcəkdə ölkəmizi uğurla idarə etmək üçün indidən hazırlaşmalıdırlar. Hərə öz yerində, çünki bu, daimi prosesdir.
Bu gün Azərbaycan dünya miqyasında layiqli yer tuta bilibdir. Bizimlə hesablaşırlar. Bizim təşəbbüslərimiz bölgədə həlledici rol oynayır. Nəsillər dəyişir, hər yeni nəsil əvvəlki nəsildən daha da hazırlıqlı, daha da peşəkar olmalıdır. Belə olarsa, onda ölkəmizin uzunmüddətli inkişafı çox uğurlu ola bilər. Hər bir ölkənin gücünü heç də onun təbii resursları müəyyən etmir. Baxmayaraq ki, müəyyən mərhələdə bu da vacibdir. İnsanların peşəkarlığı, ilk növbədə intellektual potensial və vətənpərvərlik əsas anlayışlardır ki, bunlar hər bir ölkənin uğurunu şərtləndirir. Ona görə peşəkarlıqla yanaşı, əlbəttə, dövlətimizin ideoloji əsaslarının möhkəmləndirilməsi üçün gənclər də öz töhfəsini verməlidirlər. Mən bunu görürəm, bunu alqışlayıram və çalışıram ki, gəncləri qabağa çəkək. Bu proses artıq sürətlə gedir.
Gənclər biznes sahəsində çox fəaldırlar. Çünki Azərbaycanda iqtisadi sahədə çox güclü və təsirli inkişaf gedir. Əlbəttə, biznes imkanlarımız da genişlənəcəkdir.
Hazırda Azərbaycan iqtisadiyyatı dünya miqyasında aparıcı iqtisadiyyatlar sırasındadır. Rəqabət qabiliyyətliliyə görə biz dünya miqyasında 46-cı yerdəyik. MDB məkanında birinci yerdəyik. Rəqabət qabiliyyətlilik heç də neft-qaz hasilatı ilə ölçülmür. Bu, aparılan islahatların mahiyyətini göstərir. Yəni, iqtisadiyyatımız indi geniş biznes fəaliyyətinin aparılması üçün bütün imkanları ortaya qoyur. Mən görürəm ki, biznes strukturlarının əksəriyyətinin rəhbərliyində gənclərdir. Mən bunu çox bəyənirəm, alqışlayıram. Hesab edirəm ki, gələcəkdə bu proses daha da sürətlə getməlidir.
Eyni zamanda, milli ənənələrimizi, mədəniyyətimizi yaşatmaq üçün də gənclər öz rolunu oynayırlar. Milli musiqimizin təbliği ilə, digər tədbirlərlə bağlı gənclərin fəallığını görəndə mən çox sevinirəm. Məsələn, muğam müsabiqələrinin keçirilməsi çox gözəl bir təşəbbüsdür, gözəl tədbirdir. Nəinki gənclərin, balaca uşaqların gözəl ifaçılıq qabiliyyətini görəndə adam sevinir, görür ki, doğrudan da Azərbaycan xalqı öz istedadını bütün dünyaya təqdim edir. Öz mədəniyyətinə, musiqisinə, ədəbiyyatına bağlı olan insan şübhəsiz ki, vətənpərvər insan olacaqdır.
Mənim gənclərlə görüşlərim mütəmadi xarakter daşıyır - həm Bakıda, həm bölgələrdə. Bu gün biz bu gözəl mərkəzdə bölgə gənclərinin toplantısını keçiririk. Mən əminəm ki, siz hərəniz yaşadığınız yerlərdə ölkəmizin ümumi inkişafına öz töhfənizi verəcəksiniz.
Mən rayonlarda tez-tez oluram. Bizim regional inkişaf proqramımız bu rayonlarda uğurla icra edilir. Görürsünüz şəhərlər necə gözəlləşir, abadlaşır, yollar çəkilir, sosial infrastruktur yaradılır. Bu, ölkəmizin ümumi inkişafıdır. Ümumi inkişafımız bundan sonrakı illərdə də çox sürətli olacaqdır və ölkəmiz dünya miqyasında öz mövqeyini daha da möhkəmləndirəcəkdir.
Bir daha sizi ürəkdən salamlayıram, gözəl binanın açılışı münasibətilə sizi təbrik edirəm.
***
Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri Amil CAVADOV çıxış edərək dedi:
- Cənab Prezident, mən Sizi Ağdam gəncləri adından salamlayıram. Mütəmadi olaraq gənclərlə bu cür görüşlər keçirdiyinizə görə Sizə minnətdarlığımızı bildiririk.
Cənab Prezident, mən bir Azərbaycan gənci, həmçinin də torpağı işğal altında olan qarabağlı gənc kimi Sizə bildirmək istəyirəm ki, biz gənclər Sizin Qarabağımızın azad olunması yolunda atdığınız addımları daim dəstəkləyirik və Ali Baş Komandanımızın hər an "İrəli" əmrini gözləyirik.
Cənab Prezident, artıq iyirmi ilə yaxın bir zamanda torpaqlarımızın geri qaytarılması ilə bağlı aparılan danışıqlarda işğalçı Ermənistan dövləti müxtəlif bəhanələr gətirməklə sülh prosesinə mane olmağa, eyni zamanda, mövcud vəziyyətin uzadılmasına çalışır. Hətta son olaraq Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun ölkəmizə verilməsi və Sizin tərəfinizdən əfv olunmasını aparılan sülh danışıqlarına mənfi təsir kimi təbliğ edirlər. Xahiş edirik, buna münasibətinizi bildirəsiniz.
Prezident İLHAM ƏLİYEV: Sağ olun, əyləşin. Mən dəfələrə bu barədə öz fikrimi bildirmişəm və bir daha demək istəyirəm, Ermənistanın əsas məqsədi ondan ibarətdir ki, bu münaqişə öz həllini tapmasın. Hələ bir neçə il əvvəl Minsk qrupunun həmsədrlərinə öz fikrimi bildirmişdim və demişdim ki, məndə yaranan təəssürat bundan ibarətdir. Çünki əgər Ermənistan rəhbərliyi münaqişənin həllini istəsəydi, buna nail olmaq çox asandır. Müxtəlif variantlar təklif edilmişdi və 2009-cu ilin sonunda ATƏT-in xarici işlər nazirlərinin toplantısında yeni təqdim edilmiş variant Azərbaycan tərəfindən prinsip etibarilə qəbul edilmişdi və bu barədə Azərbaycan rəsmi qaydada öz mövqeyini bildirmişdi.
Bu variant nədən ibarət idi, bu barədə artıq mən dəfələrlə öz fikirlərimi bildirmişəm. Bütün işğal edilmiş rayonlardan erməni silahlı qüvvələrinin çıxarılması, Azərbaycan köçkünlərinin o torpaqlara qayıdışı, Ermənistan ilə Dağlıq Qarabağ arasında dəhlizin fəaliyyəti, sülhməramlı qüvvələrinin bölgəyə gətirilməsi nəzərdə tutulurdu və Dağlıq Qarabağın gələcək statusu qeyri-müəyyən bir vaxtda müəyyən olunacaqdı. Status nədən ibarət olacaqdı? Verilən təklifdə bu, göstərilmirdi. Hesab edirəm ki, bu, düzgün yanaşma idi. Çünki bu, gələcəyin işidir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz torpağıdır, tarixi torpağımızdır, əzəli torpağımızdır və bu gün Dağlıq Qarabağda yaşayan ermənilər gələcəkdə vahid Azərbaycan dövləti çərçivəsində yaşayacaqlar. Mən buna şübhə etmirəm.
Ermənistan tərəfi hesab edir ki, Dağlıq Qarabağ nə vaxtsa müstəqil dövlət olacaqdır. Bu, xülyadır, bu, fantaziyadır, bu, heç vaxt mümkün olmayacaqdır. Dünya birliyi Dağlıq Qarabağı Azərbaycan torpağı kimi tanıyır və bütün vacib beynəlxalq təşkilatların sənədlərində bu, öz əksini tapıb. Bu yaxınlarda Qoşulmama Hərəkatının qətnaməsində də - o Hərəkatda 120 ölkə cəmləşir, yəni, dünya birliyinin əksəriyyətidir, - məsələnin ərazi bütövlüyü çərçivəsində həll olunması nəzərdə tutulur. Bu ilin mayında Çikaqoda keçirilən NATO zirvə görüşündə son bəyanatda yenə də münaqişənin Azərbaycanın ərazi və ancaq ərazi bütövlüyü çərçivəsində həlli nəzərdə tutulur. Əlbəttə, bilirsiniz ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri və s. vardır.
Yəni, bu, birmənalı yanaşmadır və mən şübhə etmirəm ki, vaxt gələcək və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Yəni, o təklifə biz prinsip etibarilə müsbət baxmışdıq. Çünki hesab edirdik ki, bu, ədalətli təklifdir. Ermənistan isə buna etiraz etmiş, bu təklifi qəbul etməmiş və ondan sonra müxtəlif yollarla verilən təklifə dəyişikliklər etmə cəhdləri göstərmişdir.
Münaqişənin həllinə gəldikdə biz bir neçə ay bundan əvvəl həmsədr ölkələrin dövlət başçılarının bəyanatını eşitdik ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Çox müsbət bəyanatdır. Münaqişənin ilkin mərhələlərində belə bəyanatlar əfsuslar olsun ki, verilməmişdir. Ancaq bu bəyanatdan sonra real addımlar olmalıdır. Yoxsa, bu bəyanat havada qalacaqdır. Status-kvonun dəyişdirilməsi erməni qoşunlarının işğal olunmuş torpaqlardan çıxarılması deməkdir. Status-kvo başqa necə dəyişə bilər? Biz Ermənistan torpağını zəbt etməmişik ki, nəyisə dəyişək, hansısa güzəştə gedək. Ancaq əfsuslar olsun ki, bu bəyanatdan sonra hələ ki, konkret addımlar atılmır.
Qeyd etdiyiniz kimi, Ramil Səfərov məsələsi də həm ermənilər tərəfindən, həm də əfsuslar olsun ki, bəzi xarici dairələr tərəfindən bir bəhanə kimi ortaya qoyuldu və bu məsələyə görə danışıqlar indi dalana dirənib. Danışıqlar dalana dirənib ona görə ki, Ermənistan status-kvonu dəyişdirmək istəmir. Ermənistan öz diasporunun gücünə arxayındır və hesab edir ki, bu status-kvonu əbədi saxlaya bilər. Ramil Səfərovun məsələsi elə bil ki, həm onlara, həm bu məsələ ilə məşğul olan bəzi xarici ölkələrə imkan verdi ki, artıq Azərbaycanı qınasınlar, sanki Azərbaycan danışıqlar prosesinə zərbə vurur. Biz 2009-cu ilin sonunda ATƏT-in Minsk qrupu tərəfindən verilmiş yeniləşmiş Madrid prinsiplərinin əsas parametrlərini qəbul etdik, Ermənistan etiraz etdi. Bu, ədalətsizlikdir və biz bu vəziyyətlə barışa bilmərik. Heç vaxt imkan verə bilmərik, belə rəy formalaşsın ki, guya Azərbaycanın addımları danışıqların uğursuzluğuna gətirib çıxarır. Bu, belə deyil və bu ədalətsiz mövqe üstünlük qazana bilməz.
Ramil Səfərov məsələsinə gəldikdə, bir daha demək istəyirəm ki, hər şey qanun çərçivəsində həll edilibdir. Avropanın qəbul etdiyi konvensiyalar əsasında ekstradisiya məsələsi həll olundu və Azərbaycan Konstitusiyası əsasında Ramil Səfərov mənim tərəfimdən əfv edildi. Bu çox düzgün qərar idi və mən bir daha demək istəyirəm ki, əgər lap o vaxt bilsəydim ki, ermənilər və onların havadarları belə hay-küy qaldıracaqlar, yenə də mən Ramil Səfərovu Azərbaycana gələn kimi əfv edəcəkdim.
Azərbaycan öz zabitini Vətənə qaytardı. Ən vacib məsələ bundan ibarətdir. Ermənilər nə deyir desinlər, bu, məni qətiyyən maraqlandırmır. Onların havadarları nə deyir desinlər, bu, məni maraqlandırmır, mən bu bəyanatlara əhəmiyyət vermirəm və Azərbaycana edilən əsassız hücumların heç biri cavabsız qalmamışdır.
Avropa Parlamenti əfsuslar olsun ki, ikinci dəfə antiazərbaycan qətnamə qəbul edir. Azərbaycanın Milli Məclisi onlara layiqli cavab verdi, Prezident Administrasiyası da layiqli cavab verdi. Digər beynəlxalq təşkilatlar, Avropa Şurasının baş katibi, - o adam ki, ümumiyyətlə humanizmin keşiyində durmalıdır, insan haqlarının qorunmasının keşiyində durmalıdır, - Avropa Şurası əvvəlki illərdə bəzi hallarda humanitar əsaslar bəhanə gətirərək Azərbaycan dövlətini məcbur edirdi ki, cinayət törətmiş insanları əfv etsin, yəni cinayətkarları əfv etsin. Yaxşı, Ramil Səfərov doqquz ilə yaxın həbsdə yatdı, yəni artıq onun əfvi bütün mənəvi, siyasi, hüquqi cəhətdən tamamilə əsaslıdır. Ancaq biz nəyi görürük? Yenə ikili standartlar siyasətini görürük. Əgər, mən tam əminliklə deyirəm, erməni zabiti Azərbaycan zabitini öldürsəydi, bax əgər tamamilə əks vəziyyət olsaydı, heç vaxt bu qədər hay-küy qalxmazdı. Bizə qarşı ikili standartlar siyasəti aparılır, bu, reallıqdır, bu siyasətin səbəbləri var, hamımız bu səbəbləri bilirik.
Ancaq yenə də deyirəm, bizi tutduğumuz yoldan heç kim döndərə bilməz. Azərbaycan müstəqil dövlətdir, beynəlxalq təşkilatlarda fəaliyyət göstərir və aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini müdafiə edir. BMT, onun Baş Məclisi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim maraqlarımıza uyğun olan qətnamə qəbul etmişdir. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Qoşulmama Hərəkatı, hansı ki, 120 ölkəni birləşdirir, bizim mövqeyimizi dəstəkləmişdir. İslam Əməkdaşlıq Təşkilatı bizim mövqeyimizi dəstəkləmişdir. Ona görə biz, yenə də deyirəm, tutduğumuz yoldan dönməyəcəyik, ermənilərin qaldırdığı hay-küy heç bir əhəmiyyətə malik deyildir. Biz onu, ümumiyyətlə, heç nəzərə almırıq. Bəzi Avropa siyasətçilərinin əsassız hücumları da cavabsız qalmayacaq və qalmır.
Goranboy şəhər 2 nömrəli orta məktəbin XI sinif şagirdi Xədicə MƏMMƏDLİ dedi:
- Hörmətli cənab Prezident! Mən ilk növbədə Sizi Goranboy gəncləri adından salamlayıram! Sizə gənclərə göstərdiyiniz diqqət və qayğıya görə təşəkkürümü bildirirəm. Cənab Prezident, son dövrdə Sizin tapşırıqlarınıza əsasən Azərbaycanda təhsil sahəsində yüksək səviyyəli və ən müasir maddi-texniki bazanın yaradılmasının şahidiyik. Xüsusilə bölgələrdə inşa edilən təhsil müəssisələrinin artması dövlətimizin təhsilə göstərdiyi diqqət və qayğının nəticəsidir. Bu isə bizim daha böyük biliklər almaq imkanımızı artırır. Lakin buna baxmayaraq, təhsil sahəsində bir sıra problemlər yaşanmaqdadır. Biz buna bölgə məktəblərində elektron kitabxanaların sayının az olmasını və internetə çıxış sürətinin aşağı olması kimi səbəbləri misal göstərə bilərik. Cənab Prezident, bizim üçün maraqlıdır, təhsil sahəsində islahatlar davam etdiriləcəkmi?
Prezident İlham ƏLİYEV: Şübhəsiz, davam etdiriləcəkdir. Bütövlükdə bütün sahələrdə islahatlar davam etdirilməlidir. Yəni, islahatlar elə bir anlayışdır ki, onların sonu yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, əlbəttə ki, təhsil sahəsində islahatlar aparılmalıdır. İslahat yenilik deməkdir. Həyat yerində durmur, həyat davam edir, dünya inkişaf edir. İslahat, sadəcə olaraq, düzgün addımın düzgün vaxtda atılması deməkdir. Təhsil sahəsində son illərdə islahatlar aparılmışdır.
Qeyd etdiyiniz kimi, təhsilin maddi-texniki bazası böyük dərəcədə möhkəmləndirilmişdir. Bölgələrdə 2200-dən çox məktəb tikilmişdir. Bakı şəhərində gələn ilin sonunda bir dənə də olsun qəzalı vəziyyətdə, təmirsiz məktəb qalmayacaqdır. Bölgələrə gəldikdə, əfsuslar olsun ki, hələ bölgələrdə qəzalı vəziyyətdə məktəblər vardır. Hər bir rayona getməzdən əvvəl mənə verilən arayışda, xüsusilə mən deyirəm göstərilsin ki, neçə məktəb qəzalı vəziyyətdədir?! Biz bunu bilirik. Bu problem var. Problem bu gün yaranmayıb və demək istəyirəm ki, son 8-9 ildə 2200-dən çox məktəbin tikintisi bu problemin tədricən aradan qaldırılmasına kömək göstərmişdir.
Məktəblərin müasir avadanlıqlarla təchiz edilməsi əlbəttə ki, çox vacib məsələdir. İndi kompyuterləşmə prosesi gedir. Əgər 10 il bundan əvvəl 1000 şagirdə bir kompyuter düşürdüsə, indi təqribən 30, bəlkə ondan da az şagirdə bir kompyuter düşür. Yəni ki, kompyuterləşmə gedir, kəndlərə qədər internet çəkilir. Genişzolaqlı internet çəkilir. Azərbaycan internetin genişlənməsi istiqamətində bölgədə ən sürətlə inkişaf edən ölkədir. Statistikaya görə əhalimizin 65 faizi internet istifadəçisidir. Əlbəttə, bu işlər davam etdiriləcəkdir. Amma bu, məsələnin texniki və maddi tərəfidir.
Biz təhsilə böyük investisiyalar qoyuruq. Bundan sonra da qoyacağıq, informasiya-kommunikasiya texnologiyalarının inkişafına investisiya qoyuruq. Dövlət öz tərəfindən maddi-texniki bazanı gücləndirir. Təhsilin keyfiyyətinə gəldikdə, əlbəttə, burada islahatlar daha da əsaslı olmalıdır. Bütövlükdə cəmiyyətimizin intellektual səviyyəsi yüksəkdir, ancaq bu sahədə də hər hansı uğurla kifayətlənmək olmaz. Tədris prosesinə, təhsilin səviyyəsinə əlbəttə ki, yenidən baxılmalıdır. Elə etməliyik ki, orta məktəbi bitirən insan doğrudan da hazırlıqlı, bilikli olsun.
İlkin bilik bazası orta məktəbdə formalaşır. Kompleks tədbirlər əlbəttə ki, burada öz rolunu oynayır. Ali məktəblərdə müəllimlərin hazırlanması, onların məsuliyyəti, ailələrdə bu məsələyə verilən diqqət və dövlət tərəfindən ayrılan investisiyalar, məqsədyönlü şəkildə aparılan islahatlar əminəm ki, yaxın illərdə təhsildə daha da ciddi irəliləyişə gətirib çıxara bilər.
Bakı Dövlət Universiteti hüquq fakültəsinin IV kurs tələbəsi Kamal MƏMMƏDZADƏ dedi:
- Möhtərəm Prezident! Tərtər gəncləri adından Sizi salamlayır və rayonumuza "Xoş gəlmisiniz!" deyirik. Cənab Prezident! Biz bilirik ki, Siz hər zaman gənclərimizə xüsusi diqqət və qayğı göstərirsiniz. Müasir Gənclər Mərkəzinin rayonumuzda tikilməsi bunun bariz nümunəsidir. Möhtərəm Prezident, sıx iş qrafikinizin olmasına baxmayaraq, biz gənclərlə görüşə vaxt ayırdığınız üçün Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Bildiyimiz kimi, ölkəmizdə korrupsiyaya qarşı ciddi mübarizə gedir. Ölkəmizdə aparılan quruculuq işlərinə, sosial-iqtisadi sahədə aparılan islahatlara, eləcə də Azərbaycanın işgüzar nüfuzuna xələl gətirən korrupsiya faktlarının aradan qaldırılmasında ciddi tədbirlər görülür. Lakin məlum son hadisələr korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi zərurətini yaradır. Bu haqda Sizin fikrinizi bilmək istərdik.
Prezident İlham ƏLİYEV: Korrupsiyanı şərtləndirən amillər vardır. Təkcə inzibati addımlarla bu bəla ilə mübarizə aparmaq çox çətindir. Çünki inzibati addımlar atılır, cəza tədbirləri görülür, insanlar cəzalandırılır, həbs edilir. Ancaq ondan sonra o yerlərə gələn yeni təyin edilmiş insanlar da bəzi hallarda müəyyən müddətdən sonra eyni yolla gedirlər. Ona görə inzibati tədbirlər əlbəttə ki, davam etdiriləcəkdir. Cəza tədbirləri daha da sərt olacaqdır. Ancaq bununla bərabər, korrupsiyanı mümkünsüz etmək üçün yeni üsullar da artıq işə salınır. Elektron hökumət, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin xətti ilə tətbiq edilən yeni sistemlər, qeydiyyat məsələsi, indi yeni yaradılmış "Asan" xidməti böyük dərəcədə bu korrupsiyanın qarşısını alacaqdır. Biz çalışırıq ki, Azərbaycanda şəffaflığı maksimum dərəcədə tətbiq edək. Bu sahədə də uğurlara nail olmuşuq. Bizim Dövlət Neft Fondu bu gün dünya miqyasında ən şəffaf neft fondudur.
Dünyada bu istiqamətdə gedən islahatlarda biz birinciyik və Hasilat Sənayelərində Şəffaflıq Təşəbbüsünün birinci tamhüquqlu üzvü məhz Azərbaycandır. Yəni, bu, mümkündür, biz bunu etmişik. Dövlət qurumlarının şəffaflığı məsələləri əhəmiyyət daşıyır, yəni, şəffaflıq olan yerdə korrupsiya üçün meydan daralır. Ona görə, cəza tədbirləri, inzibati tədbirlər mütləq davam etdirilməlidir, bu, reallıqdır, bunsuz mümkün deyildir.
Dövlət siyasəti var, bütün lazımi tədbirlər görülübdür, bütün göstərişlər verilibdir və hesab edirəm ki, biz artıq tədricən bu mübarizədə qalib gəlməyə başlamışıq. Azərbaycanda olan inkişaf dünya miqyasında bəlkə də heç bir yerdə yoxdur. İlk dəfə Azərbaycana - istər bölgələrə, istər Bakıya gələn hər bir qonaq öz təəccübünü gizlədə bilmir, deyir ki, təsəvvür etmirdik ki, bu dərəcədə inkişaf etmiş ölkəniz var, bu dərəcədə yenilik, quruculuq, abadlıq, infrastruktur işləri aparılır. Eyni zamanda, demək olar ki, ilk dəfə gələn hər bir xarici qonaq bir şeyi vurğulayır ki, gözəl insanlarınız var, əhval-ruhiyyə çox gözəldir. Yəni, bunlar hamısı bizim üstünlüyümüzdür və bunun fonunda korrupsiyaya dözümlülük qətiyyən mümkün deyildir. Mən əminəm ki, bütün başqa sahələrdə olduğu kimi, bu sahədə də biz istədiyimizə nail olacağıq.
Tərtər rayonundan 646 balla Azərbaycan Tibb Universitetinə daxil olan Aygün Məmmədli dedi:
- Cənab Prezident, əvvəlcə sizi Tərtər gəncləri adından salamlayıram və göstərdiyiniz diqqətə görə təşəkkürümü bildirirəm. Biz Azərbaycan gənclərinin arzusu hər zaman yüksək təhsil almaq, təhsilimizi bitirdikdən sonra isə savadlı kadr kimi dövlətimizə və xalqımıza xidmət göstərməkdir. Son dövrlərdə dövlət qurumlarında gəncləşmə prosesi müşahidə olunur. Bu isə Sizin uğurlu siyasətinizin məntiqi nəticəsidir. Bununla yanaşı, sizin sərəncamınız ilə təsdiq olunmuş "Azərbaycan gəncliyi" Dövlət Proqramında da gənc kadrlar barəsində müddəalar vardır. Son dövrlərdə regionlarımızda sosial-iqtisadi inkişaf sürətlə gedir. Sürətlə gedən inkişaf isə, biz bilirik ki, kadrlarla birbaşa bağlıdır. Biz istərdik ki, bu sürətli inkişaf prosesində gənc kadrların potensialından da səmərəli şəkildə istifadə olunsun. İstərdik ki, bunlar barəsində öz fikrinizi bildirəsiniz.
Prezident İlham ƏLİYEV: Burada bizim mövqeyimiz tamamilə aydındır. Mən bu barədə dəfələrlə öz fikrimi bildirmişəm. Gəncləşmə prosesi getməlidir və gedir. Hər bir cəmiyyətdə bu, olmalıdır. Əgər bu olmasa, nə olacaq? Durğunluq olacaq. Biz buna imkan verə bilmərik. Ona görə 2011-2015-ci illəri əhatə edən Azərbaycan gəncliyi Dövlət Proqramının icrası məhz bu zərurətdən əmələ gəlibdir. Proqram çox genişdir və proqramın tərtibatında gənclər fəal iştirak etmişlər. Çünki proqram qəbul edilməzdən əvvəl geniş müzakirələr aparılmışdı, təkliflər gəlmişdi. Ondan sonra mənə yenidən məruzə edildi, dedim ki, yerlərdən gələn təkliflər daha da çox nəzərə alınsın. Beləliklə, proqram artıq formalaşıb, icra edilir. Gənclər Fondu yaradılmışdır. Bu da çox vacibdir və Prezidentin Ehtiyat Fondundan Gənclər Fonduna ilkin olaraq, beş milyon manat vəsait köçürülmüşdür. Yəqin ki, gələn il əlavə vəsait köçürüləcəkdir. Bu fond vasitəsilə də müxtəlif layihələr icra edilə bilər.
Peşəkar, bilikli, savadlı, Vətənə bağlı olan müasir gənclərimizi biz qabağa çəkməliyik. Amma yenə də burada ən vacib rolu gənclərin hazırlığı oynamalıdır. Eyni zamanda, yəqin bilirsiniz ki, bir neçə müddət bundan əvvəl pensiyaya gedəcək şəxslərin də yaş həddi müəyyən edildi. Bu da çox vacibdir. Müəyyən yaş həddindən sonra dövlət qurumlarında işləyən insanlar pensiyaya getməlidirlər. İstisna hal kimi, onların fəaliyyəti bir neçə il uzadıla bilər.
Mən yeni müəssisələrin açılışlarında tez-tez oluram. Yeni biznes sahələrinin yaradılması ilə bağlı konkret tapşırıqlar verilir və çox şadam ki, bu sahədə əsas fəaliyyət göstərən gənclərdir. Həm bilikli, savadlı, əlbəttə ki, xarici dil bilmək də çox vacibdir, xüsusilə, internet dövründə bunsuz mümkün deyildir. Bizim gənclərimiz həm ingilis dili, həm rus dili, azı iki dil bilməlidirlər və onların hazırlıq səviyyəsi, peşəkarlığı elə olmalıdır ki, onlar bütün vacib vəzifələrdə öz məharətlərini inamla göstərə bilsinlər.
Bərdə şəhər 3 nömrəli tam orta məktəbin tarix müəlliməsi Gülşən ORUCOVA dedi:
- Cənab Prezident, ilk növbədə, Sizi öz adımdan, Bərdə gəncləri adından salamlayır və gənclərə göstərdiyiniz yüksək qayğıya görə Sizə minnətdarlığımızı bildiririk.
Cənab Prezident, bildiyiniz kimi, bu gün Azərbaycanda sosial şəbəkələrdən istifadə daha geniş yayılmışdır. İnternetin daha çox yayıldığı bir dövrdə sosial şəbəkə artıq yeni bir media növünə çevrilmişdir. İnsanlar sosial şəbəkədən əsasən informasiya əldə etmək, həmçinin informasiyanın paylanması üçün istifadə edirlər. Bu isə Azərbaycanın hər bir sahədə olduğu kimi, həmçinin sosial şəbəkə sistemində olan fikir azadlığının ən gözəl, ən bariz nümunəsidir. Bugünkü gəncliyimizə nəzər salsaq, gənclərin bir qismi sosial şəbəkədən əsasən əyləncə vasitəsi kimi istifadə edir. Amma sosial şəbəkədən əsasən informasiya əldə etmək, həmçinin Azərbaycanda və dünyada gedən prosesləri izləmək, paylaşmaq daha əhəmiyyətli və daha vacibdir.
Cənab Prezident, bu barədə Sizin fikirlərinizi dinləmək, tövsiyələrinizi eşitmək bizlər üçün maraqlı olardı.
Prezident İlham ƏLİYEV: Sosial şəbəkələr nisbətən yeni bir anlayışdır, dünyada geniş şəkildə yayılır. Azərbaycan açıq dövlətdir, cəmiyyətimiz açıq cəmiyyətdir, bütün azadlıqlar var, heç bir məhdudiyyət yoxdur. Hər şey ancaq qanun çərçivəsində olmalıdır. Əgər hər şey qanun çərçivəsindədirsə, heç bir məhdudiyyət ola bilməz. Bizdə mətbuat azadlığı, vicdan azadlığı, bütün siyasi azadlıqlar vardır. Azərbaycanda İnternet azaddır. Əgər ölkələrin statistikasına baxsaq, - yəni harada internet azaddır, harada yox, - görərik ki, heç də hər bir dövlətdə azad internet yoxdur. Məhdudiyyətlər, qadağalar vardır. Bizim dövlətimizin, dövlət siyasətimizin bu istiqamətdə fəaliyyəti tamamilə şəffaf və açıqdır.
Mən çox istərdim ki, ilk növbədə, bu şəbəkələrdən informasiya, bilik əldə edilməsi üçün istifadə olunsun.
Eyni zamanda, çox istərdim və xüsusilə mənim gənclərə müraciətim ondan ibarətdir ki, ölkəmiz haqqında dolğun məlumatı bax, bu sosial şəbəkələr vasitəsilə dünyaya çatdırsınlar. Çünki bəzi hallarda Azərbaycan haqqında qəsdən formalaşdırılan rəy reallıqla tamamilə ziddiyyət təşkil edir. Nə üçün bu rəy formalaşdırılır, biz bunu da bilirik, bunu kim formalaşdırır, biz onu da bilirik. Bir tərəfdən dünya erməniliyi, erməni lobbisi Azərbaycanı ləkələmək üçün, digər tərəfdən Azərbaycan reallıqlarını həzm edə bilməyən bəzi siyasi və ictimai qurumlar. Üçüncü təbəqə, onu da biz açıq deməliyik, islamofobiya xəstəliyinə düçar olmuş bəzi dairələr, qeyri-hökumət təşkilatlarıdır ki, onların gündəlik fəaliyyəti Azərbaycanı qaralamaqdan ibarətdir. Mən onların adlarını heç çəkmək də istəmirəm. Ancaq deyə bilərəm ki, onların heç bir şantaj cəhdləri uğur gətirməyəcək, bütün səylər əbəsdir. Ancaq bu, var və biz öz ölkəmizi, öz mədəniyyətimizi təbliğ etmək üçün sosial şəbəkələrdən geniş şəkildə istifadə etməliyik. Dövlət bu istiqamətdə öz fəaliyyətini aparır - xaricdə müxtəlif tədbirlər keçirilir, diaspor təşkilatları güclənir, səfirliklər öz fəaliyyətlərini göstərirlər. Mən bilirəm, xaricdə oxuyan gənclərimiz də çox fəaldırlar, sərgilər, tədbirlər, konsertlər keçirirlər. Xarici qonaqları dəvət edirik. Bu günlərdə İkinci Beynəlxalq Humanitar Forum keçirilmişdir. Cəmi iki il ərzində biz öz təşəbbüsümüzü artıq real, konkret formata çevirdik. Forumda 10 keçmiş prezident, 11 Nobel mükafatı laureatı, yüzlərlə siyasətçi, ictimai xadim iştirak etmişlər. Bu gün və dünən onlar bölgələrə səfərlər ediblər, bölgələrlə tanış olublar. Yəni, bu, bizim əlimizdə olan çox güclü bir tanıtma imkanımızdır. Ancaq buraya, misal üçün, bu foruma 600 nəfər gəlib, hansısa başqa tədbirə ola bilər 200 nəfər gəlir. Sosial şəbəkələr vasitəsilə minlərlə, milyonlarla insan Azərbaycanla tanış ola bilər. Ona görə gənclərdən xahişim ondan ibarətdir ki, sosial şəbəkələrdən bu məqsədlə istifadə etsinlər, öz ölkəsi ilə fəxr etsinlər, öz ölkəsi haqqında dolğun, dəqiq, qərəzsiz məlumat ötürsünlər. Bütün dünya da bilsin ki, insanların sərbəst, bütün xalqların nümayəndələrinin bir ailə kimi yaşadığı belə bir ölkə var - Azərbaycan. Bu da əfsuslar olsun ki, heç də hər bir ölkəyə xas olan məsələ deyildir. Azərbaycanda inkişaf, tərəqqi var və gələcəyə baxışlar da çox nikbindir.
Mən sizi bir daha ürəkdən salamlayır, sizə uğurlar arzulayıram. Sağ olun.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
{nl}
AzərTAc
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.