London Yay Olimpiya Oyunları bir daha sübut etdi ki, Azərbaycan sözün əsl mənasında idman dövlətidir

Prezident İlham Əliyevin nitqi

{nl}

Azərbaycan Prezidenti İlham Əliyev XXX London Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşmüşdür 
- Əziz dostlar!
Əziz idmançılar!
Əziz olimpiyaçılar!
Bu gün nümayiş etdirilən bu kiçik videofilmdə Olimpiya oyunlarının unudulmaz anları bir daha gözümüzün önündən keçdi. Doğrudan da, unudulmaz anlar idi və bu qələbə sevincini bizə idmançılarımız bəxş etdilər.
Azərbaycan, sözün əsl mənasında, idman dövlətidir. London Yay Olimpiya Oyunları bunu bir daha təsdiqlədi, bir daha sübut etdi. Azərbaycan Olimpiya oyunlarında ən böyük uğuru London Olimpiya Oyunlarında qazanmışdır. Bu Olimpiya oyunlarında 200-dən çox ölkə iştirak edirdi. Azərbaycan bu yarışda 30-cu yeri tuta bilmişdir. Medalların sayına görə 24-cü yerdəyik. Avropa ölkələri arasında 15-ci, müsəlman ölkələri arasında isə 3-cü yerdəyik. Azərbaycan idmançıları 10 medal qazanmışlar - ikisi qızıl, ikisi gümüş, altısı bürünc medaldır. Bu, doğrudan da, böyük və tarixi nailiyyətdir. Bu, Azərbaycan idmanının, Azərbaycan dövlətinin təntənəsidir. Bu qələbə gözlənilən idi. Biz idmançıları Londona yola salarkən onlardan böyük ümidlərlə nəticə gözləyirdik. Bu ümidlərin əsası var idi. Çünki biz artıq neçə ildir ki, bu qələbəyə doğru irəliləyirik. Birinci dəfə müstəqil dövlət kimi Atlantada bir medal, ondan sonra Sidneydə üç, Afinada beş, Pekində yeddi və nəhayət, Londonda on medal qazanmışıq. Əhali və ərazi baxımından bizdən bir neçə dəfə böyük olan ölkələri arxada qoyduq.
Bir daha demək istəyirəm ki, bu, tarixi qələbədir. Bu qələbə idmançılarımızın qələbəsidir. Azərbaycan dövləti və xalqı adından bütün idmançılara - peşəkarlığını, Vətən sevgisini nümayiş etdirən bütün idmançılara dərin minnətdarlığımı bildirmək istəyirəm. Ümidvaram ki, bizi gələcəkdə də medallar, qələbələr gözləyir. Bu qələbələr bütün xalqımızı sevindirəcəkdir. Medallar qazanmış idmançıları bu gün xüsusilə qeyd etmək istəyirəm. Bürünc, gümüş medallar qazanmış idmançıları və əlbəttə, bizim çempionları - Toğrul Əsgərovu və Şərif Şərifovu xüsusilə qeyd edirəm. Onlar, doğrudan da, xalqımıza sevinc bəxş etdilər.
Bütövlükdə, idmançılarımızın Olimpiya oyunlarında çıxışı çox uğurlu idi. İlk günlərdən biz artıq xəzinəmizə medal daxil edə bildik. Yəni, birinci medalı ilk günlərdə qazandıq. Ondan sonrakı günlərdə də biz medallar qazana bilmişik. Amma, əlbəttə ki, bütün Azərbaycan xalqı qızıl medal gözləyirdi. Nəhayət, Olimpiadanın son günlərində bir gündə iki qızıl medal qazana bildik.
Mən bir daha demək istəyirəm ki, bu qələbə Azərbaycan xalqının qələbəsidir, idmançıların qələbəsidir. Mən idmançıları xüsusilə qeyd edirəm, təbrik edirəm. Onların məşqçilərini təbrik edirəm. Məşqçilərin də böyük zəhməti vardır. Bütün idman mütəxəssislərini təbrik edirəm.
Azərbaycan bu qələbəyə layiqdir. Azərbaycan güclü dövlətdir. Güclü dövlətin güclü idmanı da olmalıdır. Həyatımızın hər sahəsində olduğu kimi, idmanda da qələbələrimiz görülən işlərin məntiqi nəticəsidir.
Azərbaycanda çox güclü və mehriban idman ailəsi vardır. Bu istiqamətdə düzgün dövlət siyasəti aparılır. Dövlət siyasətinin düzgün istiqamətdə aparılması, idmanın inkişafına cavabdehlik daşıyan bütün qurumların vahid komanda şəklində fəaliyyət göstərməsi, idmançılarımızın peşəkarlığı və Vətənə olan sevgisi bu qələbələri şərtləndirdi.
Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar - biz hamımız bu qələbələri təmin etmişik və əlbəttə ki, son sözü idmançılar döyüş meydanında deyirlər.
Mən çox şadam ki, idmanda proseslər çox müsbət istiqamətdə gedir. Ölkəmizin ümumi inkişafını idmanda gedən proseslər işıqlandırır. Sirr deyildir, Olimpiya oyunları dünya miqyasında yeganə beynəlxalq mötəbər tədbirdir ki, ölkələr öz aralarında rəqabətə çıxırlar. Dünyada istənilən başqa sahədə, əlbəttə ki, rəqabət vardır və Azərbaycan da bu rəqabətdə daim yüksəklərdədir. Ancaq bu rəqabət idmanda qabarıq şəkildə özünü göstərir. Bu rəqabət idmanda medalların sayı, ölkələrin müxtəlif yerləri tutması ilə müəyyən edilir. Təsadüfi deyildir ki, hər bir ölkə istəyir ki, onun idmançıları daha da böyük qələbə qazansın, cədvəldə o ölkənin yeri daha da yuxarılarda olsun. Biz buna nail ola bilmişik. Otuzuncu yer Azərbaycan kimi o qədər də böyük olmayan ölkə üçün tarixi nailiyyətdir.
Onu da qeyd etməliyəm ki, medalların sayı daha da çox ola bilərdi. Çünki bəzi idmançılarımız medalların bir addımlığında dayanmışdılar. Onlar da medallara layiq idilər. Amma hamımız - həm idmançılar, həm ictimaiyyət yaxşı bilirik ki, bəzi hallarda hakimlərin ədalətsizliyi imkan vermədi ki, bəzi idmançılarımız daha da yüksək əyarlı medallara nail ola bilsinlər. Bütün bunlar gözümüzün qarşısında baş verən hadisələr idi. Ancaq idmançılarımızın həm peşəkarlığı, həm davranışı, həm ləyaqəti onlara olan hörməti daha da artırır.
Hamının gözü qarşısında əldə edilən qələbənin əlindən alınması da idmançılarımızı sarsıtmadı. Onların, necə deyərlər, duyğularına təsir etmədi. Onlar bu ədalətsiz qərarlara ləyaqətlə dözdülər. Əminəm ki, bütün o yarışları seyr edənlər gördülər ki, əsl qalib kimdir.
İdmançılarımızın əksəriyyəti gəncdir, onların böyük gələcəyi vardır. Hakimlərin ədalətsizliyi ucbatından daha da yüksək medal ala bilməyən idmançılar, əminəm ki, növbəti yay Olimpiya oyunlarında bu ədalətsizliyi aradan götürəcək və ədaləti bərpa edəcəklər.
Medallar qazana bilməyən, yaxud da ki, o qədər də yüksək nəticə göstərə bilməyən idmançılar da hesab edirəm ki, peşman olmamalıdırlar. Halbuki biz onlardan da qələbə gözləyirdik. Amma bu, idmandır. İdmanda məğlubiyyət də, qələbə də olur. Əsas odur ki, məğlubiyyət heç kimi ruhdan salmasın. İstənilən nəticəyə çatmayan idmançılar isə nəticə çıxarsınlar, gələcək yarışlara daha da inamla hazırlaşsınlar və güclərini gələcək yarışlarda göstərsinlər. Mən əminəm ki, belə də olacaqdır.
London Yay Olimpiya Oyunlarında Azərbaycan böyük say tərkibi ilə iştirak edirdi. Dünya miqyasında 50-dən çox idmançısı olan ölkənin nümayəndə heyəti böyük nümayəndə heyəti hesab olunur. Əllidən çox idmançı ilə təmsil olunan Azərbaycan 10 medal qazandı və yenə də bir neçə idmançımız yüksək yerlərə nail ola bilmişdir.
Beləliklə, London Yay Olimpiya Oyunları tarixə Azərbaycanın növbəti uğuru kimi düşür.
Bizim ölkə hər bir sahədə gözəl nəticələr göstərir. Beynəlxalq aləmdə biz böyük qələbələrə nail ola bilmişik. Keçən il dünya birliyi yenə də çətin rəqabət şəraitində Azərbaycanın namizədliyini dəstəkləyərək dünyanın ən mötəbər beynəlxalq qurumuna üzv seçdi. Hazırda Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvüdür. Orada da rəqabət kifayət qədər ciddi idi. Ancaq Azərbaycan öz mövqeyini şərəflə qorudu və sözün əsl mənasında, tarixi qələbə qazana bildi.
İqtisadi sahədə Azərbaycanda əldə edilən uğurlar dünyada artıq nəinki tanınır, bilinir, eyni zamanda, bizim təcrübəmiz öyrənilir. Azərbaycan nəyin hesabına bu qədər böyük inkişafa nail ola bilmişdir?! Son illər ərzində dünyanın heç bir yerində Azərbaycan qədər iqtisadi sahədə inkişaf edən ölkə olmamışdır! Bütün başqa sahələrdə, yəni, bütün bu qələbələrin, uğurların təməlində Azərbaycan xalqının zəhməti və istedadı, Azərbaycanda düzgün siyasətin aparılması dayanır. Bu siyasət idmanda da özünü göstərir. Artıq Azərbaycan ictimaiyyəti də idmanda olan uğurlara bir növ öyrəşib, idmançılardan daim daha da böyük qələbələr gözləyir. Vaxtilə bir, ya iki, ya üç medalla kifayətlənən ictimaiyyətimiz artıq böyük qələbələrə çatmaq üçün yarışları seyr edir və biz bu qələbələrə layiqik. Hər dəfə Olimpiya oyunlarında medallarımızın sayı artır. Əminəm ki, növbəti dəfə də artacaqdır.
Azərbaycanda çox güclü gənc nəsil yetişir, o cümlədən idman sahəsində. Son 10 il ərzində 35 regional Olimpiya İdman Kompleksi tikilmişdir ki, bizim uşaqlar, yeniyetmələr bu komplekslərdən səmərəli şəkildə istifadə edirlər. Yəni, idman infrastrukturunun yaradılması nəticəsində biz hər bir bölgədə idmanla məşğul olmaq üçün gözəl şərait yaratmışıq. Bizdə istedadlı idmançılar çoxdur - uşaqlar, gənclər, yeniyetmələr. Təsadüfi deyildir ki, yeniyetmələr arasında I Olimpiya Oyunlarında Azərbaycan 11-ci yerə çata bilmişdir. Bu, dünya miqyasında çox böyük nəticədir. Yəni, gənc nəsil yetişir. Onlar yaxın illərdə böyüklər arasında keçiriləcək yarışlarda da iştirak edəcəklər. Olimpiyaçılarımızın da əksəriyyəti gənclərdir.
Bizim Olimpiya çempionumuz Toğrul Əsgərovun heç 20 yaşı yoxdur. Yəni, bu insanlar, bu gənclər, bu idmançılar son illər ərzində yetişib, püxtələşib və artıq dünyanın bir nömrəli idman yarışının qalibləri olmuşlar. Yəni, bütün bu işlərin təməlində düşünülmüş siyasət və ardıcıl, məqsədyönlü fəaliyyət dayanır.
Mən çox şadam ki, gənclərimiz idmana meyillidirlər. Azərbaycan dövlətində idmana və xüsusilə, idmançılara hörmət, qayğı, dəstək gəncləri də, uşaqları da idmanla məşğul olmağa sövq edir. Mən hesab edirəm ki, hər bir bölgədə, - bu, artıq reallıqdır, - idmançılara daha da böyük diqqət və dəstək göstərilməlidir. Bizim olimpiyaçıların tərkibində bölgələrdən olan idmançılar da vardır. Olimpiya çempionumuz Toğrul Əsgərov bölgədən olan idmançıdır və fürsətdən istifadə edərək, bütün gəncəliləri Toğrulun qələbəsi münasibətilə ürəkdən təbrik etmək istəyirəm. İstedadlı gənclərimiz hər bir rayonda, hər bir kənddə vardır. Seleksiya işləri düzgün aparılmalıdır, təlim-məşq toplanışları əlbəttə ki, müasir səviyyəyə çatmalıdır. Hesab edirəm ki, bu gün idman növlərinin əksəriyyətində bu, belədir. Əlbəttə ki, peşəkar məşqçilərin fəaliyyəti uğurlarımızı daha da artıracaqdır.
Gənc nəsil vətənpərvərlik ruhunda tərbiyə alır. Vətənpərvərliyi gücləndirən amillərdən biri, bəlkə də birincisi idman qələbələridir. İdman qələbələri insanları coşdurur, insanların ürəyi qürur hissi ilə dolur. İnsanlar bəzi hallarda sevincdən göz yaşlarını saxlaya bilmirlər. Hər dəfə milli bayrağımız qaldırılanda, dövlət himnimiz səslənəndə hər bir vətənpərvər Azərbaycan vətəndaşı fəxr edir. Olimpiya oyunlarında idmançılarımız sevinclə dolu bu günləri bizə bəxş etdilər. Bizim bayrağımız 10 dəfə qaldırıldı, iki dəfə dövlət himnimiz səsləndirildi. Bu, böyük və tarixi nailiyyətdir. Bu, böyük və tarixi qələbədir. Mən əminəm ki, bu qələbələrin sayı daha da çox olacaqdır. Bunu deməyə kifayət qədər əsaslar vardır. London Yay Olimpiya Oyunlarında uğurlarımız sadəcə olaraq, son dörd il ərzində görülən işlərin məntiqi nəticəsidir. Ancaq yenə də deyirəm, bu, idmandır. İdmanda məğlubiyyət də, ədalətsizlik də ola bilər. Bayaq qeyd etdiyim kimi, idmançılarımızın bəziləri ədalətsizliklə üzləşdilər. Gözlənilməz hadisə ola bilər, zədə ola bilər. Ancaq iki qızıl, iki gümüş və altı bürünc medalın qazanılması hesab edirəm ki, məntiqi cəhətdən də, ədalət baxımından da düzgündür. Çünki həm idmançılarımız, həm dövlətimiz bu qələbəyə layiq idi. Mən əminəm ki, gələcək illərdə biz bu yüksək templəri saxlayacağıq. Biz əldə edilmiş uğurlarla kifayətlənməyəcəyik. Çünki biz heç bir sahədə əldə edilmiş uğurlarla kifayətlənmirik. Heç bir uğur, heç bir qələbə, heç bir inkişaf bizi sakitləşdirməməlidir və sakitləşdirmir. Biz daim irəliyə, gələcəyə baxmalıyıq. Növbəti Olimpiya mərhələsində hansı işlər görülməlidir, hansı idman növlərində qüsurlar vardır, biz federasiyaları harada daha da gücləndirməliyik, hansı idman növündə islahatlara daha böyük ehtiyac vardır, harada geriləmə vardır?! Yəni, bu, canlı prosesdir. Biz əlbəttə ki, uğurlarımızla fəxr edirik. Ancaq nöqsanları da görməliyik və görürük. Düzgün nəticə çıxarmaq, gələcəkdə səhvlərə yol verməmək üçün düzgün təhlil işləri aparılmalıdır və aparılacaqdır. Mən hesab edirəm ki, idmanın inkişafına cavabdehlik daşıyan bütün qurumlar sakit şəraitdə bütün təhlilləri aparacaqlar. Növbəti Olimpiya mərhələsinin daha da səmərəli keçməsi üçün əlavə tədbirlərin görülməsi də zəruridir.
Əziz dostlar, bir daha qeyd etmək istəyirəm ki, həm ölkə Prezidenti, həm Milli Olimpiya Komitəsinin prezidenti, həm də bir vətəndaş kimi mən doğrudan da qürur hissi keçirirəm. Çünki idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etdilər. Bizə qələbə sevinci bəxş etdilər. Dünya miqyasında Azərbaycanı yüksəklərə qaldırdılar. Vətənə üzüağ, alnıaçıq, qələbə ilə qayıtdılar.
Mən sizi bir daha ürəkdən təbrik edirəm. Azərbaycan dövləti, Milli Olimpiya Komitəsi və bütün digər idman qurumları bundan sonra da idmançıların fəaliyyəti, məişət problemlərinin həlli üçün nə lazımdırsa onu edəcəkdir. İdmançıların mükafatlandırılması prosesi artıq başa çatmışdır. Pul mükafatları verilmişdir. Ancaq idmançılarımızın Olimpiya oyunlarındakı uğurlarını nəzərə alaraq Azərbaycan dövləti olimpiyaçılarımızı dövlət mükafatları ilə, ordenlərlə, medallarla təltif edir. Bu gün müvafiq Sərəncam imzalanmışdır. İndi biz təltifetmə mərasiminə keçəcəyik.
Bir daha demək istəyirəm ki, Azərbaycan idmançıları Azərbaycanın idman şöhrətini, Azərbaycan dövlətinin gücünü yüksəklərə qaldırdılar. Bütün dünyaya nümayiş etdirdilər ki, gənc müstəqil Azərbaycan dövləti böyük uğurlara nail olmaq üçün tam hazırdır. Biz bütün dünyaya sübut etmişik ki, güclü ölkəyik. Bizim güclü idmançılarımız, güclü gənclərimiz vardır. Bizim qələbəyə çatmaq üçün güclü iradəmiz vardır.
Bütün uğurlar münasibətilə bir daha idmançıları, məşqçiləri, idman mütəxəssislərini ürəkdən təbrik edirəm. Olimpiyaçılara, idmançılara yeni uğurlar arzulayıram. Sağ olun.

{nl}

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan milli olimpiya komandasının üzvlərinin təltif edilməsi haqqında" Sərəncamı elan edildi.
Prezident İlham Əliyev Azərbaycan idmanının inkişafındakı xidmətlərinə və XXX Yay Olimpiya Oyunlarında göstərdikləri yüksək nailiyyətlərə görə təltif edilmiş idmançılara və onların məşqçilərinə "Şöhrət" ordenini, "Tərəqqi" medalını və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"nu təqdim etdi, onlara bir daha uğurlar arzuladı.
* * *
Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının böyük məşqçisi Firdovsi UMUDOV idmançılara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edərək dedi:
-Möhtərəm cənab Prezident!
Əziz dostlar, idmançılar, qonaqlar!
Mən fürsətdən istifadə edərək, möhtərəm cənab Prezident, Sizi, idmançılarımızı, olimpiyaçılarımızı bu qələbə münasibətilə təbrik edirəm.
Möhtərəm cənab Prezident, bu qələbə Sizin qələbənizdir, başda Siz olmaqla bütün Azərbaycan xalqının qələbəsidir. London Yay Olimpiya Oyunlarına yolasalma mərasimində idmançılarımızın, xüsusilə güləşçilərimizin uğurla çıxış edəcəklərinə söz vermişdik. Biz bu məsuliyyəti başa düşürdük, dərk edirdik ki, möhtərəm cənab Prezidentimizə söz vermişik, yarış meydanlarında axıra qədər mübarizə aparıb qələbə qazanmalıyıq!
Bizim üçün ən sevindirici hal o oldu ki, işinizin çox vaxtında ailə üzvlərinizlə bir yerdə Londona gələrək idman yarışlarını izlədiniz, bizlərə dəstək oldunuz. Sizin bizə azarkeşlik etməyiniz bizi daha da ruhlandırdı və qələbə üçün bizə qüvvə verdi. Məhz bunun nəticəsində idmançılarımız ilk dəfə olaraq London Yay Olimpiya Oyunlarından 10 medalla Vətənə döndülər.
Möhtərəm cənab Prezident!
Bir daha bu böyük qələbə münasibətilə Sizi təbrik edirəm. Söz veririk ki, Azərbaycanın bayrağını yüksəklərə qaldırmaq, himnimizi səsləndirmək üçün bundan sonra da gücümüzü əsirgəməyəcəyik. Hər zaman Sizin etimadınızı doğruldacağıq.
Sizin tövsiyələriniz heç vaxt yadımızdan çıxmayacaqdır. Biz Azərbaycanın bayrağını və himnini həmişə qəlbimizdə əziz tutmalıyıq.
Qarşıda bizi böyük sınaqlar - beynəlxalq turnirlər, Avropa, dünya çempionatları, 2016-cı ildə Rio-de-Janeyro Yay Olimpiya Oyunları gözləyir. Biz orada da sübut etməliyik ki, Azərbaycan güclü dövlətdir. Azərbaycanın İlham Əliyev kimi güclü Prezidenti vardır.
Yaşasın möhtərəm cənab Prezidentimiz İlham Əliyev!
Yaşasın Azərbaycan!
* * *
Görüşdən sonra Prezident İlham Əliyev olimpiyaçılarla və onların məşqçiləri ilə xatirə şəkli çəkdirdi.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında