Belarus Prezidenti Aleksandr Lukaşenkonun bəyanatı
{nl}
Xüsusi müxbirimiz xəbər verir ki, avqustun 28-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış etmişlər.
- Hörmətli dostlar!
Bu gün biz Azərbaycan Prezidenti İlham Heydər oğlu ilə həm məhdud, həm də geniş tərkibdə çox səmərəli danışıqlar apardıq. Biz dəfələrlə demişik ki, görüşlərimiz müntəzəm xarakter daşıyır. Bu görüşlərdə biz, ilk növbədə, səfərlərimiz zamanı - bizim nümayəndə heyətinin Bakıya, Azərbaycan nümayəndə heyətinin Minskə səfərləri zamanı qəbul etdiyimiz qərarların icrasına nəzarət edirik. Bu gün görə bildiyimiz işlər dostumuz İlham Heydər oğlunun çox böyük xidmətidir. Özü də bunlar bəlağətli sözlər deyil, bütün Belarus xalqı bilir ki, bizim vəziyyətimiz çox çətin olanda bir sıra dövlətlərə müraciət etmişdik. Üzləşdiyimiz mürəkkəb və çətin məsələləri həll etmək üçün bizim xahişimizə birinci olaraq Prezidentin şəxsində Azərbaycan cavab verdi. Hörmətli İlham Heydər oğlu, biz bunu yaxşı xatırlayırıq və heç vaxt unutmayacağıq.
Vaxtilə mən Sizə demişdim ki, Belarus xalqı qədirbilən xalqdır, o, borclu qalmaz. Buna görə də Siz bizə ümid bəsləyə bilərsiniz. Əgər Sizə Avropanın mərkəzində öz maraqlarınızı irəlilətmək üçün Belarusdan istifadə etmək və ya beynəlxalq arenada bizimlə haradasa birlikdə çıxış etmək lazım gələrsə, yaxud bu gün etdiyimiz kimi, müştərək iqtisadi istehsalatlar, ticari-iqtisadi münasibətlər yaradılmasında Belarus həmişə Azərbaycanın yanında olacaqdır, Siz həmişə Belarusa arxalana bilərsiniz.
Bu sözləri ona görə deyirəm ki, mən Azərbaycan Prezidentinin "Xalqlar dostluğu" ordeni ilə təltif olunması haqqında qərar qəbul etmişəm. Biz bu ordeni Belarus dövlətinin inkişafına, bizim qarşılıqlı əlaqələrin genişlənməsinə sanballı töhfə vermiş az sayda siyasətçilərə təqdim edirik. Bu tarixi təltif, İlham Heydər oğlu, Sizə və bütün Azərbaycan xalqına hörmət əlamətidir.
Mən əminəm ki, biz strateji tərəfdaşlığımızı inkişaf etdirməklə münasibətlərimizi daha yüksək səviyyəyə çatdırmaq iqtidarındayıq. Bu gün biz çox məsələlər haqqında razılığa gəldik. Bəzən gözlənilmədən yeni-yeni layihələr və əməkdaşlığımızın yeni kontraktları yaranır. Əgər bizdən asılı olarsa, biz Azərbaycanda təkcə müştərək istehsalat layihələrini deyil, elmi-texniki sahədə də layihələr həyata keçirmək əzmindəyik. Əgər Sizə lazımdırsa, biz gücümüz çatan istiqamətlər üzrə Sizin mütəxəssislərinizi də hazırlaya bilərik. Biz də öz növbəmizdə ümid edirik ki, Sizdə olan və Belarusda olmayan istiqamətləri inkişaf etdirməkdə və mütəxəssislər hazırlamaqda bizə kömək edərsiniz.
Əməkdaşlığımızın bünövrəsini vaxtilə biz Heydər Əliyev ilə birlikdə yaratmışıq. Lakin o vaxt mənim heç fikrimə də gəlməzdi ki, bizim ümumi evimizin, Azərbaycan ilə Belarusun qarşılıqlı münasibətlərinin yaranmasında bu qədər irəliləyə biləcəyik. Son illərdə Sizinlə birlikdə nə etmişiksə, əməkdaşlığımızın bu və ya digər istiqamətləri üzrə Sizin dəstəyiniz sayəsində mümkün olmuşdur. On il ərzində Sizinlə biz çox iş görmüşük, heç bir başqa ölkə bu qədər iş görməmişdir. Bir daha vurğulayıram, mütəxəssislərimiz, Belarus və Azərbaycan nümayəndə heyətlərinin üzvləri, sözün yaxşı mənasında, bu əməkdaşlığı inkişaf etdirmək sahəsində bizim ideyalara yoluxmuşlar. Yeni layihələrin, təşəbbüslərin yaranması ona dəlalət edir ki, biz Azərbaycan ilə Belarus arasında əməkdaşlığın həcmini iki, bəlkə də üç dəfə artıra bilərik. Mən artıq demişəm, - əməkdaşlığın bu yeni istiqamətlərini burada sadalamayacağam, - qida məhsulları istehsalından tutmuş dava-dərmana, tikintidən tutmuş istehsalatın modernləşdirilməsinə, hərbi-texniki əməkdaşlığa qədər, bir sözlə, ən geniş spektr vardır. Burada heç bir qapalı mövzu yoxdur.
Bu gün biz Belarus iqtisadiyyatına investisiyalar barədə danışdıq. Əgər Azərbaycanın bu cür marağı olarsa, Siz Belarusda ən prioritet imkanlar əldə edəcəksiniz. Çünki biz bir-birimizi tanıyırıq, çünki Azərbaycan bizi heç vaxt məyus etməyibdir. Bizim kənardan investisiyalara, xüsusən Belarus müəssisələrinin özəlləşdirilməsi zamanı belə investisiyalara necə səliqəli və diqqətli yanaşdığımızı Siz bilirsiniz. Biz o barədə də danışdıq ki, gənclər gələcəyimizdir. Biz təhsil məsələlərində əməkdaşlığı genişləndirməyə hazırıq. Burada biz xeyli irəliləmişik və bu istiqamətdə fəaliyyət göstərməyə hazırıq. Bir sözlə, bu gün bizim problemlərimiz yoxdur, möhtəşəm vəzifələr var və Azərbaycan Prezidenti ilə biz bütün bu məsələləri həll etmək əzmindəyik.
Məni növbəti dəfə gözəl ölkənizə səfərə dəvət etdiyinizə görə Sizə minnətdaram. Biz nümayəndə heyəti ilə hökmən Bakıya gələcəyik və orada bizim burada, Belarusda əldə etdiyimiz razılaşmalara artıq nəzarət etməyə imkanımız olacaqdır.
Mütəxəssislərdən ibarət geniş nümayəndə heyəti ilə bizə gəldiyinizə görə sağ olun. Bu, dəyərli addımdır, bu, bizim əməkdaşlığımızı irəlilədir.
{nl}
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı
- Hörmətli Aleksandr Qriqoryeviç, ölkəmiz haqqında xoş sözlərinizə görə sağ olun. Yenidən gözəl ölkənizdə olmaq və münasibətlərimizin gələcək inkişafı yollarını Sizinlə birlikdə müəyyən etmək imkanına görə təşəkkürümü bildirmək istərdim. Bizim münasibətlər zamanın sınağından çıxmış, real əməkdaşlıqda sınanmışdır. Bu gün mənə xüsusilə xoşdur ki, Siz məni Belarus Respublikasının yüksək dövlət ordeni - "Xalqlar dostluğu" ordeni ilə təltif etməyi mümkün saymısınız. İnanın ki, mən ölkələrimizi və xalqlarımızı bir-birinə daha çox yaxınlaşdırmaq üçün gələcəkdə də əlimdən gələni edəcəyəm.
Ölkələrimiz arasında əməkdaşlığın mövcud səviyyəsi bizim birgə işimizin nəticəsidir. Düzgün qeyd etdiniz ki, ölkələrimiz arasında münasibətlərin əsasını mənim atam Heydər Əliyev və Siz qoymusunuz. Lakin son illərdə bu münasibətlər, Sizin tamamilə düzgün səciyyələndirdiyiniz kimi, strateji tərəfdaşlar arasında münasibətlərə transformasiya etmişdir. Biz çox geniş məsələlər spektri üzrə əməkdaşlıq edirik. Bu əməkdaşlığın dərinləşdirilməsinə aid konkret məsələləri həll edirik, beynəlxalq təşkilatlarda bir-birimizi çox fəal dəstəkləyirik. Keçən ilin payızında BMT-nin Təhlükəsizlik Şurasında səsvermə zamanı Azərbaycanın namizədliyini fəal dəstəklədiyinizə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Biz bu məsələdə Belarusun dəstəyini çox yüksək qiymətləndiririk. Biz başqa beynəlxalq təşkilatlarda da həmişə əməkdaşlıq edirik və həmişə bir-birimizi dəstəkləməyə çalışırıq. Ümumiyyətlə, əsl dostluq elə budur - biz həmişə bir-birimizi dəstəkləməyə, imkan olduqda, gücümüz çatan yerdə bir-birimizə səmimi, təmənnasız, dostcasına dəstək göstərməyə çalışırıq. Strateji tərəfdaşlığın mahiyyəti də elə bundan ibarətdir.
Bu gün mən yenidən Sizin gözəl ölkənizə yola düşəndə əvvəlcədən güman edirdim ki, bu səfərim də uğurlu olacaqdır. Bunun üçün hər cür əsas vardır. Bu gün həll etdiyimiz məsələlər Azərbaycanda istehsalatı inkişaf etdirməkdə bizə çox cəhətdən kömək etmişdir. Mən bunu heç vaxt unutmaram. Bu, yəqin, real əməkdaşlığın ilk belə təcrübəsidir ki, Azərbaycanda müştərək istehsalat yaradılması barədə razılıq əldə edilməsindən layihənin həyata keçirilməsinə qədər bir neçə ay keçmişdir. Sizin iradəniz, tabeliyinizdə olanlara verdiyiniz göstərişlər sayəsində qısa müddətdə istehsal kompleksi yaradılmışdır. Bu gün həmin kompleks genişlənir və inkişaf edir. Bu gün biz həmin kompleksin bazasında yeni istehsalat yaradacağıq. Bu da bizim bugünkü müzakirələrin bir hissəsi olmuşdur.
Bir sahədə uğurlu əməkdaşlıq yeni ideyalar yaradır. Bu gün bizim nümayəndə heyətlərinin üzvləri yeni ideyalar irəli sürmək üçün olduqca nikbin və təşəbbüskardırlar. Hətta bizim bugünkü geniş tərkibdə görüş çərçivəsində yeni təşəbbüslər irəli sürüldü və mən əminəm ki, Sizin ölkənizə növbəti səfərimizə qədər həmin təşəbbüslər də reallaşdırılacaqdır. Bizim münasibətlər səmimilik, qarşılıqlı hörmət və qarşılıqlı dəstəklə səciyyəvidir. Bundan əlavə, bir daha deməliyəm ki, biz əməkdaşlığımızın konkret nəticələrini görəndə bu, bizi daha da ruhlandırır və biz öz münasibətlərimizin daha yeni sahələrini tapmağa çalışırıq. Bizim iqtisadiyyatlar bir-biri ilə rəqabət aparmır, əksinə, onlar bir-birini qarşılıqlı tamamlayır. Humanitar sahədə əməkdaşlıq xalqlarımızı daha da yaxınlaşdırır. Azərbaycanda Belarus xalqına böyük rəğbət, Sizin ənənələrinizə, mədəniyyətinizə böyük maraq vardır. Biz Belarusu özümüz üçün artıq çoxdan kəşf etmişik. Hesab edirik ki, Sizin ölkənizi tanıyırıq.
Bizim həyata keçirdiyimiz layihələr üzrə əmtəə dövriyyəsinin mal nomenklaturasına nəzər salsaq, bu layihələr bütün sahələri əhatə edir. Bizim əməkdaşlığımızın siyasi, iqtisadi, energetika, nəqliyyat, sənaye istiqamətləri bu gün tam həcmdə reallaşır. Bu işdə Sizin böyük xidmətiniz var, hörmətli Aleksandr Qriqoryeviç.
Mən bu fürsətdən istifadə edib Sizə və bütün Belarus xalqına yeni uğurlar, yeni qələbələr arzulamaq istəyirəm. Biz həmişə Sizin yanınızda olacağıq, Sizin uğurlarınıza həmişə sevinəcəyik və başlanmış işləri birlikdə məntiqi sona çatdıracağıq. Qonaqpərvərliyə və səmimi qəbula görə bir daha təşəkkür edirəm.
{nl}
AzərTAc
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.