Prezident İlham Əliyev Lənkəranda yenidən qurulan Heydər Əliyev Mərkəzi ilə tanış olmuşdur

Lənkərana səfəri çərçivəsində Prezident İlham Əliyev iyulun 31-də yenidən qurulan Heydər Əliyev Mərkəzi ilə tanış olmuşdur. 
Dövlətimizin başçısına məlumat verildi ki, yenidənqurma işlərindən əvvəl mərkəzin ümumi sahəsi 300 kvadratmetr olmuşdur. Hazırda isə binanın ümumi sahəsi üç min kvadratmetrdir. Mərkəzin ikimərtəbəli binasının interyeri nəfis tərtibatda işlənmişdir.
Heydər Əliyev xatirə parkında yerləşən mərkəzin muzeyində ulu öndərin büstü qoyulmuşdur. Muzeydə görkəmli dövlət xadiminin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərinə aid maraqlı sənədlər və fotolar toplanmışdır. Burada ulu öndər Heydər Əliyevin uşaqlıq, gənclik və tələbəlik illəri, eləcə də dövlət təhlükəsizlik orqanlarında çalışdığı dövrlərə aid maraqlı fotolar vardır. Bu fotolardan aydın görünür ki, bütün həyatını xalqının inkişafına həsr edən ümummilli lider istər sovet hakimiyyəti, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründə ölkəmizi tərəqqi yoluna çıxarmışdır. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə Lənkərana səfərləri rayonun tərəqqisi ilə xarakterizə olunur. Bu səfərlər Lənkəranın tarixinə yeni inkişaf mərhələsinin başlanğıcı kimi düşmüşdür.
Mərkəzdə dahi şəxsiyyətin ordu quruculuğuna göstərdiyi diqqət və qayğı, eləcə də Prezident İlham Əliyevin Lənkərana səfərlərini əks etdirən fotolar da vardır.
Burada, həmçinin 3D avadanlığı ilə təchiz edilmiş kinozal, elektron kitabxana, internet klub, kafe, linqvistika otağı, rəsm studiyası, fotostudiya, sərgi salonu, şahmat və intellektual oyun otaqları, kompyuter kursları və virtual sinif vardır. Buradakı elektron kitabxana vasitəsilə dünyanın 45 ölkəsinin müvafiq kitabxanaları ilə əlaqə saxlamaq mümkündür.
Binada yaradılan tədqiqatçılar qrupunda ümummilli lider Heydər Əliyevin 1973-1998-ci illərdə Lənkərana səfərlərinə dair fotolar, qəzetlər, sənədlər toplanmışdır. Həmin səfərlər zamanı ulu öndər Heydər Əliyev ilə görüşən insanların xatirələri və səs yazıları burada toplanmışdır.
Mərkəzdəki 300 yerlik akt və 80 yerlik konfrans zallarında rayonun ictimai-siyasi və mədəni həyatında, əlamətdar günlərdə müxtəlif tədbirlərin keçirilməsi üçün geniş şərait yaradılmışdır. Zallar müasir akustika sistemləri ilə təchiz olunmuşdur.
Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Biz bu gün Heydər Əliyev Mərkəzinin yenidənqurmadan sonra açılışını qeyd edirik. Gözəl mərkəzdir, həm yaraşıqlı binadır, həm də ki, mərkəzin tərtibatı çox dəyərlidir, qiymətlidir.
Bu gün sizinlə yenidən görüşürəm. Mən buna çox şadam. Bu, mənim Prezident kimi Lənkərana səkkizinci səfərimdir. Səkkiz ildə səkkizinci dəfə səfər edirəm və çox şadam ki, Lənkəranda işlər yaxşı gedir. Rayon inkişaf edir, şəhər gözəlləşir, abadlaşır, gözəl binalar ucaldılır. Bu gözəl mərkəz də həm memarlıq, həm funksional baxımdan çox dəyərlidir, qiymətlidir, ulu öndərin xatirəsinə ehtiramın əlamətidir.
Biz keçən il müstəqilliyimizin bərpasının 20 illik yubileyini qeyd edərkən, yenə də keçmişə baxarkən bir daha görürdük ki, ulu öndərin Azərbaycan dövlətçiliyinin formalaşmasında müstəsna xidmətləri olmuşdur. Ən ağır dövrdə ölkə rəhbərliyinə gəlmiş Heydər Əliyev xalqı böyük bəlalardan qurtara, dövlətçiliyin əsaslarını yarada bilmişdir, ölkəmizin bugünkü reallıqlarını təmin etmişdir. Çünki onun tərəfindən irəli sürülmüş bütün təşəbbüslər ölkəmizin inkişafına yönəldilmişdir. Ölkəmiz beynəlxalq aləmdə layiqli yerini tuta bilmişdir, daxildə proseslər müsbət istiqamətdə getmişdir, islahatlar aparılmış, böyük nailiyyətlər əldə edilmişdir. Biz hamımız ulu öndərin siyasi xəttinə sadiqik, bu xətti davam etdiririk. Lənkəranda son illər ərzində görülmüş işlər bu siyasətin bariz nümunəsidir, onun təzahürüdür.
Mən çox şadam ki, Lənkəranda, doğrudan da həm şəhərdə, həm kəndlərdə işlər yaxşı gedir, əlavə tədbirlər də görüləcəkdir. Lənkəranın sosial-iqtisadi inkişafı ilə bağlı yeni sərəncam imzalanacaq və əlavə vəsait ayrılacaqdır ki, işlər daha da sürətlə getsin. Siz yaxşı bilirsiniz ki, son illər ərzində, bir sıra obyektlərin istifadəyə verilməsi nəticəsində rayonda inkişaf daha da sürətlə getmişdir.
Lənkəran Aeroportu yenidən quruldu. Bu gün mən Lənkərana təyyarə ilə gəlmişəm və artıq beynəlxalq uçuşlar da təşkil edilir. Əminəm ki, gələcəkdə bu uçuşların sayı artacaqdır. Lənkəranın çox gözəl təbiəti, çox gözəl iqlimi, turizm imkanları vardır. Bu gün mənim səfər proqramımda yeni otelin təməlqoyma mərasimi də vardır və ümid edirəm ki, gələcək illərdə turizm daha da sürətlə inkişaf edəcəkdir.
Hazırda daxili turizm inkişaf edir. Mən bilirəm ki, Bakıdan, Azərbaycanın digər bölgələrindən insanlar dincəlmək üçün Lənkərana gəlirlər. Amma istərdim ki, xaricdən də gəlsinlər, Lənkəranı daha çox tanısınlar və burada istirahət etsinlər. Beləliklə, turizm potensialı çox güclüdür. Bu potensial var, sadəcə olaraq infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində biz bu potensialı daha da aşmalıyıq.
Bakı-Astara magistral yolunun tikintisi gedir. Bu yol da Lənkərandan keçəcəkdir. Ümid edirəm ki, ən müasir standartlara cavab verən magistral yol gələn ilin sonuna qədər istifadəyə veriləcəkdir və beləliklə, gediş-gəliş daha da rahat olacaqdır.
Kənd yollarının tikintisinə dair sərəncamlar verilmişdir. Keçən ay 40 min əhalisi olan 20 yaşayış məntəqəsini birləşdirən kənd yolunun tikintisi üçün vəsait ayrılmışdır və əminəm ki, yaxın zamanlarda tikinti başlanacaq və yol istifadəyə veriləcəkdir.
İcra hakimiyyətinin başçısı və deputatlar yeni məsələlər qaldırırlar ki, əlavə kənd yollarının tikintisinə ehtiyac vardır. Biz bu məsələyə də baxacağıq. Mərkəzi rayon xəstəxanasının vəziyyəti o qədər də yaxşı deyildir. Biz bu məsələyə də baxacağıq. Bildiyiniz kimi, Lənkəranda Müalicə-Diaqnostika Mərkəzi tikilmişdir və bu mərkəz insanlara yaxşı xidmət göstərir. Ancaq mərkəzi rayon xəstəxanasının təmirinə, yenidən qurulmasına ehtiyac vardır. Əlbəttə ki, bu məsələ də öz həllini tapacaqdır.
Qəzalı vəziyyətdə olan məktəblər Lənkəranda da, başqa bölgələrdə də hələ ki, vardır. Baxmayaraq ki, son illərdə 2 mindən artıq məktəb tikilmişdir, hələ ki, qəzalı vəziyyətdə məktəblər vardır. Biz çalışacağıq ki, bütün qəzalı məktəbləri gələn ilin sonuna qədər əsaslı şəkildə bərpa edək.
Digər infrastruktur layihələri də Lənkəranda ardıcıllıqla icra edilir. Çünki biz birinci mərhələdə elektrik enerjisi ilə bağlı məsələləri həll etdik. Astarada modul tipli elektrik stansiyasının istifadəyə verilməsi nəticəsində bütün cənub zonasının elektriklə təchizatı böyük dərəcədə yaxşılaşdırılmışdır. İndi demək olar ki, problem yoxdur.
Ondan sonrakı mərhələdə qazlaşdırma icra edilməyə başlanmışdır. İndi bu proses geniş vüsət almışdır. Mən qarşıya vəzifə qoymuşam ki, Lənkəranın bütün yaşayış məntəqələri gələn ilin sonuna qədər qazlaşdırılsın. Şəhər qazlaşdırılıbdır, proses davam edir və bu məsələ də öz həllini tapacaqdır.
İnsanları narahat edən digər problem içməli su ilə bağlıdır. Amma bu problem də artıq öz həllini tapmaqdadır. Yenə də qarşıya vəzifə qoyulubdur ki, Lənkəran şəhərinin su və kanalizasiya problemi gələn ilin sonuna qədər əsaslı şəkildə həll olunsun. Ətraf kəndlər də bu proqramla əhatə olunacaq və ondan sonrakı mərhələdə digər kəndlərin su-kanalizasiya problemi öz həllini tapmalıdır. Yəni, bu əsas infrastruktur layihələrinin sadalanması göstərir ki, nə qədər böyük işlər görülür.
Hələ mən sahibkarlığın inkişafına verilən dəstəyi demirəm, biznes mühitinin yaxşılaşdırılması üçün irəli sürülən təşəbbüsləri qeyd etmirəm. Yəni, əgər biz bunların hamısını təhlil etsək, Lənkəran rayonunun timsalında ölkənin dinamik inkişafını görərik. Bu inkişaf hər yerdə, hər bir bölgədə özünü büruzə verir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası bu problemlərin həlli üçün əsas bir mexanizm olmuşdur. Mən çox şadam ki, Proqram uğurla icra edilir. İkinci Dövlət Proqramı gələn ilin sonuna qədər başa çatacaqdır. Ondan sonrakı dövr üçün də planlarımız vardır. Bu barədə mən artıq öz fikirlərimi bildirmişəm. 2014-2023-cü illəri əhatə edəcək yeni Dövlət Proqramı artıq hazırlanır.
Ancaq birinci proqramların icra edilməsi nəticəsində əsas infrastruktur, sosial məsələlər öz həllini tapacaqdır. Növbəti onillik Proqram gələcəyə baxışlarımızı əks etdirəcəkdir. Çünki biz növbəti 10 il ərzində Azərbaycanı daha da sürətlə inkişaf etdirməliyik. Ölkə qarşısında duran əsas vəzifələr icra edilibdir. Ancaq həyat yerində durmur, yeni vəzifələr ortaya çıxır. Elə etməliyik ki, növbəti 10 il ərzində iqtisadi gücümüzü iki dəfə artıra bilək. Son səkkiz il ərzində iqtisadiyyatımız üç dəfə artıbdır. Növbəti on il ərzində daha iki dəfə artmalıdır. Bu Proqramın reallaşdırılması nəticəsində Azərbaycan dünya miqyasında yüksək gəlirli ölkəyə çevriləcəkdir. Beləliklə, insanların rifah halı daha da yaxşılaşacaq, ölkəmiz daha da güclü olacaq, bizim dünyadakı mövqeyimiz daha da möhkəmlənəcəkdir.
Qlobal məsələlərlə yanaşı, yəni, həm xarici siyasətlə, həm enerji siyasətimizlə bağlı irəli sürülmüş təşəbbüslərin reallaşması ilə bərabər, hər bir kəndin problemi də həll olunur. Hesab edirəm ki, bu, dünyada nadir bir təcrübədir. Çünki biz istənilən istiqamət üzrə ancaq və ancaq uğurlar qazanırıq. Biz indi dünyanın ən mötəbər beynəlxalq təşkilatının üzvüyük. BMT Təhlükəsizlik Şurasının 15 üzvü vardır, onlardan beşi daimi üzvdür, 10-u seçilən üzvlərdir. Bu 10 ölkənin içərisində Azərbaycan da vardır. 155 ölkə bizə inandı, bizi dəstəklədi və öz səsini bizə verdi.
Enerji siyasətimiz bu gün nəinki bölgənin, qitənin enerji siyasətini müəyyən edir. Bunu biz öz zəhmətimizlə etmişik. Gələcək illərdə bu istiqamətdə əlavə təşəbbüslərin irəli sürülməsi nəticəsində bizim dünyadakı mövqeyimiz daha da güclənəcəkdir və iqtisadi maraqlarımız daha da dolğun şəkildə təmin ediləcəkdir. Yəni, hər bir istiqamət üzrə konkret proqramlar vardır və addımlar atılır. Ancaq yenə də deyirəm, bütün bu qlobal məsələlərlə yanaşı, daxildəki vəziyyət, insanların yaşaması, infrastruktur layihələrinin icra edilməsi, təhsil, səhiyyə məsələlərinin həlli də prioritetdir.
Mən bir daha demək istəyirəm ki, Lənkəranın uğurlu inkişafı demək olar ki, ölkəmizdə gedən bütün prosesləri özündə cəmləşdirir. Biz növbəti illərdə daha da sürətli inkişafa nail olmalıyıq ki, Lənkəran şəhəri də, rayonu da gözəlləşsin, abadlaşsın, insanlar daha da yaxşı yaşasınlar.
Bir daha sizi ürəkdən salamlayıram və yeni uğurlar arzulayıram.
Lənkəran sakini, əməkdar müəllim Mənsur AĞAYEV göstərdiyi diqqət və qayğıya görə rayon ictimaiyyəti adından dövlətimizin başçısına minnətdarlıq edərək dedi:
- Möhtərəm cənab Prezident! İcazə verin, Sizi Lənkəran ictimaiyyəti adından salamlayım, şəhərimizə "Xoş gəlmisiniz!" deyim. Ulu öndərimiz Heydər Əliyev bütün mənalı ömrünü Azərbaycanın inkişafına sərf etmişdir. Onun səyləri nəticəsində Azərbaycan uğurla və yüksək sürətlə inkişaf etmişdir. Bu gün Siz onun siyasətini uğurla davam etdirirsiniz. Biz buna görə Sizə minnətdarıq. Sizin uğurlu siyasətiniz də Azərbaycanın inkişafını, onun beynəlxalq nüfuzunun artmasını, əhalinin rifah halının yaxşılaşmasını təmin etmişdir. Bu gün şəhərlər böyüyür, abadlaşır və Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilir. Bütün bunlara görə biz Sizə minnətdarıq, cənab Prezident!
Digər bölgələr kimi, cənub bölgəsinin incisi sayılan Lənkəran da sürətlə inkişaf edir. Lənkəran Azərbaycanın mədəni mərkəzlərindən biri kimi tanınmışdır. Bu gün Sizin qayğı və diqqətiniz nəticəsində Lənkəran yenə də cənub bölgəsinin mədəniyyət mərkəzi kimi diqqəti cəlb edir. Lənkəranda dram teatrı, musiqi məktəbi, muzeylər fəaliyyət göstərir ki, bu da onun zəngin mədəniyyət mərkəzi olmasından xəbər verir.
Cənab Prezident, biz bilirik ki, Sizin əsas məqsədiniz hər bir azərbaycanlı ailəsinin firavan yaşamasıdır. Mən 40 ilin müəllimi, 20 ilin məktəb rəhbəri və mübarək Sərəncamınız ilə Əməkdar Müəllim fəxri adına layiq görülən bir şəxs kimi Sizin sosial sahəyə verdiyiniz önəmi çox yaxşı başa düşürəm. Başa düşürəm ki, Siz bütün fəaliyyətinizi bu sahəyə yönəltmisiniz. Dünyada iqtisadi böhran baş verən zaman, dünya ölkələrində əmək haqlarının, sosial müavinətlərin azaldığı bir dövrdə Azərbaycanda əksinə, sosial müavinətlər və əmək haqları artırıldı. Bu, onu sübut edir ki, Sizin fəaliyyətinizin ana xəttini Azərbaycan vətəndaşının, hər bir azərbaycanlının rifahının yüksəlməsi təşkil edir.
Möhtərəm cənab Prezident, Siz əhalinin bütün zümrələrinə eyni məhəbbətlə, eyni həssaslıqla yanaşırsınız. Sovet dönəmindən qalan əmanətlərin əhaliyə verilməsi buna daha bir bariz nümunədir. Azərbaycan o nadir ölkələrdəndir ki, onlarda sosial proqramlar maliyyə böhranları nəticəsində aradan çıxmır, əksinə, Sizin rəhbərliyiniz altında onlar daha da artırılır və həyata keçirilir.
Cənab Prezident, bu gün Azərbaycanın digər şəhərləri kimi Lənkəran da inkişaf edir. Sizin əməyiniz, zəhmətiniz nəticəsində Lənkəran abadlaşır, gözəlləşir və Azərbaycanın dilbər guşələrindən birinə çevrilmişdir. Bütün bunlara görə lənkəranlılar Sizə minnətdardırlar. Çünki onlar həmişə Sizin qayğı və diqqətinizi öz üzərlərində hiss edirlər.
Hörmətli cənab Prezident! İcazə verin, lənkəranlılara bu diqqət və qayğınıza, Lənkəranda görülən bütün işlərə görə Sizə və eyni zamanda, Lənkərana çox səmimi, xoş münasibət bəsləyən Mehriban xanım Əliyevaya lənkəranlıların minnətdarlığını və xoş arzularını bildirim.
* * *
Prezident İlham ƏLİYEV: Sağ olun. Siz çox vacib məsələlərə toxundunuz. Doğrudan da sosial məsələlərin həlli bizdə prioritetdir və son illərin, ayların təcrübəsi bunu göstərir. Sosial proqramları icra etmək üçün ilk növbədə iradə, digər tərəfdən iqtisadi güc lazımdır. Bizdə həm iradə, həm iqtisadi potensial vardır və bu iqtisadi gücü biz özümüz yaratmışıq. Çünki 20 il əvvəl, müstəqilliyimizin ilk illərində bizdə demək olar ki, iqtisadiyyat, sənaye yox idi, sovet dövründən qalmış müəssisələr işləmirdi, kütləvi işsizlik və ümidsizlik hökm sürürdü. Bundan əlavə siyasi və hərbi böhran, torpaqlarımızın işğalı, vətəndaş müharibəsi - demək olar ki, biz məhvə doğru gedirdik. Ulu öndərin o vaxt qətiyyətli addımları bizi bu bəladan qurtara bildi və ondan sonra aparılan iqtisadi islahatlar, enerji siyasətimiz və çəkilən neft-qaz kəmərləri bizə böyük iqtisadi dəstək verdi.
Ondan sonra iqtisadiyyatın digər sektorlarının inkişafı hesabına biz çoxşaxəli iqtisadiyyata malik ola bildik. Misal üçün, bu ilin altı ayının yekunlarına görə qeyri-neft sektorumuz 11 faizdən çox artmışdır. Bu, dünya miqyasında ən yüksək göstəricidir. Yəni, bu, bizə əlavə maddi imkanlar verdi ki, infrastruktur və sosial məsələləri həll edək.
Bununla bərabər güclü iradə də vardır. Əmanətlərin qaytarılması, böhranlı illərdə müavinətlərin, maaşların, pensiyaların artırılması məhz bu güclü iradəyə söykənir. Onu da qeyd etməliyəm ki, postsovet məkanında əmanətlər ən yüksək əmsalla və ən qısa müddət ərzində Azərbaycanda verilir. Çünki biz bu proqramı gələn ilin sonuna qədər yekunlaşdıracağıq. Postsovet məkanında ölkələrin əksəriyyətində bu proses başlanılıb, amma hələ ki, başa çatmayıbdır və nə vaxt başa çatacağını heç kim bilmir. Amma Azərbaycanda hər şey planlı şəkildə aparılır, göstərişlər verilir, qərarlar qəbul olunur və icra edilir. Bundan sonra da, sonrakı illərdə də sosial məsələlərin həllinə daim böyük diqqət göstəriləcəkdir. Maaşlar, pensiyalar daim artmalıdır, artacaqdır. Ünvanlı sosial yardım proqramı, digər sosial proqramlar aparılır. Biz bunu bundan sonra da edəcəyik. Çünki bizim maliyyə imkanlarımız ildən-ilə artacaqdır. O ki qaldı siyasi iradəyə, o da ildən-ilə güclənəcəkdir.
Ona görə mən əminəm ki, Lənkəranda hələ görüşlərimiz, açılışlar, tədbirlər çox olacaqdır. Bu gün otelin, Gənclər Mərkəzinin təməl daşı qoyulur. Bu da rəmzi xarakter daşıyır. Gənclər bizim gələcəyimizdir. İndi Azərbaycan Gəncliyi Dövlət Proqramı icra edilir, Gənclər Fondu yaradılıbdır. Prezidentin Ehtiyat Fondundan Gənclər Fonduna beş milyon manat vəsait ayrılıbdır ki, biz gəncləri ölkə üçün lazım olan layihələrə cəlb edək, onları stimullaşdıraq, qrantlar verilsin, müxtəlif layihələr üzrə vəsait verilir. Otelin təməl daşı qoyulur, əminəm ki, bir-iki ildən sonra gözəl turizm mərkəzinə çevriləcəkdir.
Yəni, hələ görüşlər, işlər çox olacaqdır. Biz inamla addımlayırıq və gələcəyimiz də açıqdır. Əminəm ki, bizi gələcəkdə ancaq uğurlar gözləyəcəkdir. Sizə də yeni uğurlar arzulayıram. Sağ olun.
* * *
Sonda xatirə şəkli çəkdirildi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında