Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir
{nl}
İyulun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabulda Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimində iştirak etmişdir. Dövlətimizin başçısı Şirvan-Muğan qrup su kəmərinin planını və texniki göstəricilərini əks etdirən stendlərə baxdı.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə məlumat verdi ki, Kür-Bakı su kəmərlərindən biri ilə nəql edilən su Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin Salyanda 41, Neftçalada 44, Biləsuvarda 23, Sabirabadda 13 - ümumilikdə 121 kəndin tələbatının ödənilməsinə yönəldiləcəkdir. Ümumilikdə, Şirvan-Muğan qrup su kəmərinin istismara verilməsi ilə 470 min insan keyfiyyətli və fasiləsiz su ilə təmin olunacaqdır. Magistral kəmərin çəkilişi ilə yanaşı, hər bir şəhərdə içməli su və kanalizasiya şəbəkəsi müasir standartlara uyğun yenidən qurulacaq, çirkab sularını təmizləyən qurğu inşa ediləcəkdir. Layihəyə uyğun olaraq Şirvan-Muğan qrup su kəmərinin inşası 2013-cü ilin sonuna qədər yekunlaşacaqdır. Bildirildi ki, hazırda Kür çayından götürülən içməli su SSRİ dövründə inşa olunmuş qurğuda təmizlənərək Şirvan şəhərinə günün bütün saatlarında, Salyan şəhərinə sutka ərzində 5-7 saat, Neftçala şəhərinə isə sutka ərzində 10 saat verilir. Biləsuvar şəhərinin sakinləri isə Əzizbəyov adına kanaldan götürülən su ilə sutkada cəmi 6 saat təmin edilirlər. Hacıqabul şəhərinə içməli su Kür Sutəmizləyici Qurğular Kompleksindən verilir və istehlakçılar sutkada 14 saat su ilə təchiz olunurlar. Sonra Azərbaycan Prezidenti Şirvan-Muğan qrup su kəmərinin təməlini qoydu. Dövlətimizin başçısı su kəmərinin tikintisində istifadə olunacaq inşaat materiallarına və avadanlığa baxdı. Diqqətə çatdırıldı ki, bu layihə çərçivəsində 600-1200 millimetr diametrli borulardan 170 kilometr uzunluğunda magistral xəttin inşası planlaşdırılır. Layihəyə uyğun olaraq, magistral kəmərin Salyan şəhərinə qədər olan hissəsi polad borulardan, buradan Neftçala və Biləsuvara qədər olan hissəsi isə polietilen borulardan çəkiləcəkdir. Həmin ərazilərin fasiləsiz su təchizatını təmin etmək üçün Şirvan və Salyan şəhərlərinin yaxınlığında anbar komplekslərinin inşası da nəzərdə tutulur. Azərbaycan Prezidenti mərasimdə çıxış etdi.
{nl}
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı
{nl}
- Əziz dostlar! Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün biz yeni böyük su layihəsinin təməl daşını qoyduq. Bu münasibətlə mən sizin hamınızı ürəkdən təbrik edirəm.
Bu layihənin çox böyük əhəmiyyəti vardır. Bildiyiniz kimi, son illər ərzində ölkəmizdə su və kanalizasiya layihələri icra edilir, bu proses geniş vüsət almışdır. Vəzifə qoyulmuşdur ki, bir neçə ildən sonra Azərbaycanın bütün su və kanalizasiya layihələri başa çatsın. Buna böyük ehtiyac var idi. Çünki bildiyiniz kimi, bölgələrdə ümumiyyətlə su qıtlığı daim hökm sürürdü, kanalizasiya layihələri ümumiyyətlə yox idi. Ancaq görülmüş tədbirlər nəticəsində və qəbul edilmiş proqramlar çərçivəsində bu layihələrin icrası nəzərdə tutulur.
Şirvan-Muğan su kəməri də bu böyük proqramın tərkib hissəsidir. Bu gün təməl daşını qoyduğumuz layihə əminəm ki, gələn ilin sonuna qədər başa çatacaq və beləliklə, altı rayonun su problemi demək olar ki, həll olunacaqdır. Bu layihə Hacıqabul, Şirvan, Biləsuvar, Neftçala, Salyan və Sabirabad rayonlarının 121 kəndini və beş şəhərini əhatə edəcəkdir. Beləliklə, bu layihənin və digər bölgələrdə su layihələrinin icra edilməsi nəticəsində uzun illər problem olaraq qalan su məsələsi öz həllini tapacaqdır. Beləliklə, Azərbaycan yeni mərhələyə qədəm qoyacaqdır. Çünki ölkəmizdə gedən geniş quruculuq, abadlıq işləri bütün sahələri əhatə edir. Bu işlərin içərisində infrastruktur layihələri birinci yerdədir və son illərdə bu istiqamətdə böyük işlər görülmüşdür. Demək olar ki, bizim indi enerji potensialımız xeyli dərəcədə artmışdır və biz nəinki özümüzü təmin edirik, eyni zamanda, elektrik enerjisini ixrac edirik. Bizdə yaranan enerji gücləri imkan verir ki, öz enerji təhlükəsizliyimizi tam şəkildə təmin edək və gələcəkdə daha böyük həcmdə enerji ixrac edək. Hazırda Şirvan şəhərində tikilməkdə olan "Cənub" elektrik stansiyasının bu il işə düşməsindən sonra enerji potensialımızın artırılmasına yeni təkan veriləcəkdir. Biz indi yeni elektrik xətlərinin çəkilişi ilə gələcəkdə elektrik enerjisini ixrac etmək üçün yeni imkanlara malik olacağıq.
Ölkəmizdə qazlaşdırma layihələri icra edilir. Vəzifə qoyulmuşdur ki, gələn ilin sonuna qədər Azərbaycanda qazlaşdırma 95 faizə çatsın. Ucqar dağ kəndləri istisna olmaqla bütün qalan kəndlərə təbii qazın verilməsi nəzərdə tutulur. Bu altı rayonda 100 faiz qazlaşdırma gələn ilin sonuna qədər başa çatmalıdır. Kənd yollarının tikintisi ilə bağlı ciddi tədbirlər görülür. Prezidentin Ehtiyat Fondundan ən çox ayrılan vəsait məhz kənd yollarının tikintisinə yönəldilir. Bu da təbiidir. Çünki kəndlərdə yollar, onların vəziyyəti bizi qane edə bilməz və biz yeni müasir asfalt yolların tikilməsi ilə bu böyük problemi də həll etmiş oluruq. Yenə də bu məsələnin həlli üçün konkret tapşırıqlar verilmişdir, müddət müəyyən edilmişdir və əminəm ki, gələn ilin sonuna qədər əksər kəndlərdə yeni yollar çəkiləcək və bu proses bundan sonra da davam edəcəkdir. Elə etməliyik ki, Azərbaycanda bütün kəndlərdə yaxşı yollar olsun. Yəni, bu böyük layihələr əslində Azərbaycanda mövcud olan infrastrukturun yeniləşdirilməsi məqsədini daşıyır. Bunların içində su və kanalizasiya problemləri xüsusi əhəmiyyət kəsb edir. Çünki su həyat, inkişaf deməkdir, kənd təsərrüfatının inkişafı, insanların sağlamlığı deməkdir.
Həm Bakıda, həm bölgələrdə müasir standartlara cavab verən yeni su xətləri insanların sağlamlığına da böyük dəstək olacaqdır. Azərbaycan əhalisinə verilən və veriləcək su Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun olmalıdır.
Bakını içməli su ilə təmin etmək üçün Oğuz-Qəbələ-Bakı su kəməri artıq istismara verilmişdir və bu kəmərin fəaliyyəti nəticəsində su ilə təchizat xeyli dərəcədə yaxşılaşdırılmışdır. Bakı qəsəbələrində bu layihə icra edilir və bəzi qəsəbələrdə artıq 24 saat fasiləsiz su verilir. Eyni yanaşma bölgələrdə də tətbiq edilir. Mən istəyirəm ki, hər bir yerdə, hər bir şəhərdə, hər bir kənddə 24 saat fasiləsiz su verilsin. Bu gün başladığımız layihə bu bölgənin su ilə təminatını xeyli dərəcədə yaxşılaşdıracaqdır. Bu yeni imkanlardan istifadə edəcək insanların sayı 470 mindir. Nəzərə alsaq ki, Kür-Araz boyu yerləşən çaylarda modul tipli təmizləyici qurğular quraşdırılır və artıq 200-dən çox kənddə bu qurğular quraşdırılıbdır, 400 mindən artıq əhali artıq təmiz, içməli su ilə təmin edilir, bu layihələrin nə qədər böyük əhəmiyyəti olduğunu görmək mümkündür.
Mən şübhə etmirəm ki, qarşımıza qoyduğumuz bütün vəzifələr vaxtında və keyfiyyətlə icra ediləcəkdir. Bunu demək üçün əsas vardır. Çünki ölkəmiz yeniləşir, müasirləşir. Ölkəmizdə dövlət xətti ilə həyata keçirilən bütün layihələr ekspertizadan keçirilir. Onların müasir standartlara cavab verməsi üçün lazımi tədbirlər görülür.
Bizim valyuta ehtiyatlarımız artır, maddi imkanlarımız genişlənir. Texniki imkanlar da genişlənir. Bu da çox vacibdir. Mən çox şadam ki, Azərbaycanda infrastruktur layihələrində iştirak edən şirkətlərin mütləq əksəriyyəti yerli şirkətlərdir. Hələ bir neçə il bundan əvvəl biz daha çox xarici şirkətlərə müraciət edirdik. Onların dəstəyinə ehtiyac var idi. Ancaq yeni kadrların hazırlanması, bu sahədə dövlət siyasətinin aparılması nəticəsində yeni şirkətlər, yəni Azərbaycan şirkətləri artıq bu işləri görür. Bunun çox böyük mənası vardır. Çünki birincisi, iş yerləri yaradılır, ikincisi, yerli şirkətlər böyüyür, daha çox vəsait əldə edir, vergilər ödəyir. Dövlət xətti ilə icra edilən layihələrə Azərbaycan şirkətlərinin cəlb edilməsi bu prosesi daha da stimullaşdırır. Dövlət tərəfindən özəl sektora göstərilən dəstək, eyni zamanda, maddi dəstək, yerli şirkətlərin Azərbaycanda icra edilən layihələrə cəlb edilməsi prosesi bütün bu yeni reallıqları təmin edir. Yəni, bizim texniki imkanlarımız, peşəkar kadrlarımız vardır. Dövlət şirkətlərində yeni, müasir standartlara keçid mərhələsi də çox uğurla gedir. Çünki bu da çox vacibdir. Bizim şirkətlərimiz, xüsusilə dövlət şirkətlərimiz dünya standartlarına cavab verməlidir. Hazırda biz bunu görürük və əminəm ki, bu layihənin icrası da uğurlu olacaq və uzun illər bundan sonra bu altı rayon və digər rayonlar davamlı, dayanıqlı içməli su ilə təmin ediləcəklər. Onu da qeyd etməliyəm ki, bu layihə ehtiyatla icra edilir. Çünki əhalinin artımı nəzərə alınmaqla suyun verilmə həcmi 2035-ci ilə hesablanıbdır. Yeni xətlərin çəkilməsi, yeni texniki tədbirlərin görülməsi nəticəsində 2035-ci ildən sonra da bütün bu bölgələr su ilə təmin ediləcəkdir.
Azərbaycanın inkişafı bu istiqamətdə uğurla gedir, hər bir istiqamətdə uğurla gedir. Bizim gördüyümüz işlərin təməlində Azərbaycan vətəndaşının zəhməti dayanır və biz bütün bu uğurları öz hesabımıza əldə edə bilmişik. Biz iqtisadi islahatlar, uğurlu enerji siyasəti aparmaqla müstəqil siyasətimizi təmin edə bilmişik. İqtisadi sahədə müstəqillik siyasi sahədə müstəqilliyi şərtləndirir və bu gün Azərbaycanın iqtisadi vəziyyəti çox müsbətdir.
Bizim valyuta ehtiyatlarımız artır, dövlət büdcəsindən maliyyələşən layihələr, o cümlədən infrastruktur layihələri ölkəmizi irəliyə aparır. İqtisadi sahədə gördüyümüz işlər özəl sektorun inkişafına səbəb olur və hazırda ölkə iqtisadiyyatının 83 faizi özəl sektorda formalaşır. Sosial siyasət çox fəal aparılır. Bu layihə, eyni zamanda, Azərbaycan dövləti tərəfindən aparılan sosial siyasətin təzahürüdür. Çünki bu layihə böyük vəsait tələb edir və bu vəsait heç vaxt suyun tarifləri ilə tam şəkildə geri qayıtmayacaqdır. Yəni bu layihənin iqtisadi səmərəsi çox aşağıdır. Biz buna bu prizmadan yanaşmırıq. Çünki bu layihə sırf sosial məna, sosial xarakter daşıyır - insanları təmiz içməli su ilə təmin edək və beləliklə, bu ciddi problemi həll edək.
Sosial siyasət bizim siyasətimizin ayrılmaz hissəsidir. Mən dəfələrlə demişəm ki, biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik və Azərbaycanın uğurları bunun əyani sübutudur. Ancaq bununla bərabər, biz güclü sosial siyasət aparılmadan inkişaf edə bilmərik. Çünki bizim bütün işimizin mərkəzində, təməlində Azərbaycan vətəndaşı dayanır və Azərbaycan vətəndaşının rahat, rifah içində yaşaması bizim başlıca borcumuzdur. Ona görə sosial siyasətin aparılması müxtəlif istiqamətlərdə özünü büruzə verir - bu layihələrin icra edilməsində, kənd yollarının tikintisində, qazlaşdırma layihələrinin həyata keçirilməsində, sosial ödəmələrin, əmək haqqının, pensiyaların artırılmasında, sovet dövründən qalmış əmanətlərə kompensasiya verilməsində, ünvanlı sosial proqramın icra edilməsində. Bu siyahını davam etdirmək olar. Azərbaycan o nadir ölkələrdəndir ki, hətta böhranlı illərdə sosial proqramları ixtisar etməmiş, əksinə onları artırmışdır.
İndi Avropada hökm sürən və hələ sonu çatmayan iqtisadi və maliyyə böhranı davam edir. Bu böhranın ikinci dalğası başlanmışdır. Artıq böyük ölkələr də bu çətinliklərlə üzləşirlər - sosial ödəmələr, iş yerləri, büdcə xərcləri ixtisar edilir. Ancaq biz Azərbaycanda bunun tam əksini görürük. Bu böhranlı illərdə biz sovet dövründən qalan əmanətlərin kompensasiyasına başlamışıq. Yəni, bu, böyük layihədir, böyük iqtisadi və maliyyə resursları tələb edən layihədir.
Bu böhranlı illərdə infrastruktur layihələrinə daha da böyük diqqət göstərilir. Dövlət büdcəsinin xərcləri daha da artırılır. Bizim ümumi xərclərimiz artır. Yəni, bu gün Azərbaycan reallıqları bundan ibarətdir. İndiki reallıqlarımızın başlıca səbəbi odur ki, biz öz hesabımıza yaşamışıq, borc almamışıq. Bizim dövlət borcumuz ümumi daxili məhsulda cəmi yeddi faiz təşkil edir. İnkişaf etmiş ölkələrdə bu, hətta 100 faizi də keçir, 80 faiz olan yerlərdə hesab olunur ki, orada dövlət borcu yaxşı səviyyədədir. Bizdə isə yeddi faizdir. Biz ayağımızı yorğana görə uzatmışıq və bu yanaşma hər yerdə olmalıdır - ailədə, siyasətdə, iqtisadi islahatların aparılmasında. Ona görə biz özümüzü tam əmin və rahat hiss edirik.
Valyuta ehtiyatlarımız ildən-ilə artır, enerji layihələrimiz bizə imkan verir ki, bundan onilliklər sonra da Azərbaycanı inkişaf yolu ilə irəliyə aparaq. Güclü sosial layihələrin icrası imkan verir ki, insanları ən çox narahat edən məsələlər həllini tapsın. Onların içərisində su layihəsi birinci yerdədir. Odur ki, bu gün toplaşdığımız mərasimdə başlanan layihəyə çox böyük önəm verilir və ona görə də biz bu gün təməl daşını böyük təntənə ilə qoyuruq. Çünki bu layihə doğrudan da ölkəmizdə gedən proseslərin əyani təzahürüdür. İnkişaf, sosial siyasətin aparılması, iqtisadi islahatların davam etdirilməsi və öz hesabımıza yaşamağımız bu gün Azərbaycan reallıqlarıdır. Mən tam əminəm ki, qarşıda duran bütün vəzifələr uğurla icra ediləcəkdir.
Bu yaxınlarda bu ilin birinci altı ayının sosial-iqtisadi inkişafının yekunları müzakirə edildi. Bütün statistik göstəricilər yüksək səviyyədədir. İlin sonuna qədər bütün proqramlar və infrastruktur layihələri həllini tapacaqdır. Beləliklə, biz bundan sonra da yalnız və yalnız inkişaf yolu ilə gedəcəyik.
2004-cü ildə bizim tərəfimizdən irəli sürülmüş, bu gün uğurla icra edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası Azərbaycanı hərtərəfli inkişaf etdirmək üçün əsas alət idi və bölgələrin inkişafı, bölgələrdə yeni iş yerlərinin, yeni müəssisələrin yaradılması artıq bir ənənəyə çevrilibdir. Elə həftə keçmir ki, hansısa yeni müəssisə, yeni istehsal sahələri yaradılmasın, yeni iş yeri açılmasın. Budur, Azərbaycan reallıqları. Bir daha demək istəyirəm ki, bu reallıqları biz təmin etmişik, Azərbaycan xalqı öz zəhməti ilə və Azərbaycan dövləti öz müstəqil siyasəti ilə.
Mən bu gün sizi bir daha ürəkdən salamlamaq istəyirəm. Bu gün burada altı rayonun nümayəndələri toplaşmışlar. Xahiş edirəm, mənim səmimi salamlarımı yaşadığınız rayonların sakinlərinə çatdırasınız. Əminəm ki, gələn ilin sonuna qədər bütün altı rayonda gözəl mərasimlər keçiriləcəkdir və bu altı rayona təmiz içməli suyun verilməsi mərasimində sizinlə birlikdə iştirak edəcəyik.
Bir daha sizi təbrik edirəm.
{nl}
"Azərsu" ASC-nin sədri Qorxmaz HÜSEYNOV təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf proqramının bu gün uğurla davam etdirildiyini bildirdi. O, ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycanda içməli su məsələsini daim diqqətdə saxladığını və su təchizatı sektoruna əvəzsiz töhfələr verdiyini vurğulayaraq dedi:
- Bu gün təməlini qoyduğunuz Şirvan-Muğan layihəsinin su mənbəyi olan Kür su kəmərləri sisteminin tikintisi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Azərbaycana rəhbər təyin olunandan sonra ümummilli liderin təşəbbüsü ilə Kür su kəmərləri sisteminin inşası "xalq tikintisi"nə çevrilmiş və işlər qısa müddətdə başa çatdırılmışdır. Su kəmərləri sisteminin birinci növbəsinin açılışı ulu öndərin iştirakı ilə 1970-ci il sentyabrın 27-də olmuşdur. Onun ikinci növbəsi isə 1984-cü ildə işə salınmışdır.
Cənab Prezident, ulu öndər müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrlərdə də içməli su sektoruna daim diqqət və qayğı göstərmişdir. Köhnəlmiş Kür və Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksi onun bilavasitə rəhbərliyi ilə 1998-2002-ci illərdə yenidən qurulmuşdur. Azərbaycanda icra olunmuş ən böyük infrastruktur layihəsi - Oğuz-Qəbələ-Bakı su kəmərinin ideya müəllifi də ümummilli lider Heydər Əliyev olmuşdur.
Qorxmaz Hüseynov bildirdi ki, Kürətrafı ərazilərdə içməli su probleminin həllinə xüsusi diqqətlə yanaşan Prezident İlham Əliyevin tapşırıqlarına əsasən qısa müddətdə bu zonada su təchizatının vəziyyəti, perspektiv inkişaf və əhalinin sayı təhlil edilmişdir. Məlum olmuşdur ki, Kürətrafı şəhərlərin bəzilərində sovet dövründə sutəmizləyici qurğular tikilsə də onlar müasir tələblərə cavab vermir. Əksər kəndlərin sakinləri isə Kür çayının və kanalların suyunu durultmaqla istifadə edirlər. Məsələnin kompleks həlli üçün içməli su mənbələrinin imkanlarının bir daha araşdırıldığını bildirən Q.Hüseynov dedi:
- Ötən il sentyabrın 8-də təməlini qoyduğunuz Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğu istismara veriləndən sonra Abşerona saniyədə altı kubmetr içməli su veriləcəkdir. Nəzərə alsaq ki, hazırda Oğuz-Qəbələ-Bakı kəməri ilə saniyədə beş kubmetr su alırıq, onda Abşeron yarımadasında saniyədə əlavə 11 kubmetr su ehtiyatı yaranacaqdır. Bunları əsas götürərək Bakını təmin edən Kür Sutəmizləyici Qurğular Kompleksinin imkanlarından istifadə etməklə Kürətrafı şəhər və kəndlərin su təchizatının aparılması qərara alınmışdır. Beləliklə, Sizin tapşırığınızın icrası olaraq regionlarda həyata keçirdiyimiz ən böyük layihənin - Şirvan-Muğan qrup su kəmərinin tikintisinə başlayırıq.
Şirvan-Muğan qrup su kəməri layihəsi çərçivəsində 170 kilometr uzunluğunda magistral xəttin inşası nəzərdə tutulur. Yeni kəmər istismara veriləndən sonra Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərləri, Salyan rayonunun 41, Neftçalanın 44, Biləsuvarın 23 və Sabirabadın 13 kəndi su ilə təchiz ediləcəkdir.
Ümumilikdə, Şirvan-Muğan qrup su kəmərinin istismara verilməsi ilə 470 min insan, o cümlədən beş şəhərin 240 min, 121 kəndin 230 min əhalisi keyfiyyətli su ilə təmin olunacaqdır. Layihəyə uyğun olaraq, Şirvan-Muğan qrup su kəmərinin inşası 2013-cü ilin sonuna qədər yekunlaşacaqdır. Magistral kəmərin çəkilişi ilə yanaşı, hər bir şəhərdə içməli su və kanalizasiya şəbəkəsi yenidən qurulacaq, çirkab sutəmizləyici qurğular tikiləcəkdir.
"Azərsu" ASC-nin sədri əhalinin keyfiyyətli və fasiləsiz içməli su ilə təmin olunması istiqamətində görülən digər işlərdən də danışdı. O, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq 62 qəsəbənin su təchizatı və kanalizasiya sistemlərinin müasir standartlar səviyyəsində yenidən qurulduğunu vurğuladı. Qeyd etdi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq hazırda 35 şəhər və rayon mərkəzinin, onların ətrafında yerləşən 182 kəndin içməli su təchizatı layihələri uğurla icra olunur. Q.Hüseynov ilin sonuna qədər daha 15 rayonda işlərə başlanmasının nəzərdə tutulduğunu diqqətə çatdıraraq bildirdi:
- Cənab Prezident!
Məruzə etmək istəyirəm ki, təkcə son bir ildə həyata keçirilən layihələr çərçivəsində paytaxtın və ətraf qəsəbələrin 600 min sakininin fasiləsiz su təchizatına nail olunmuşdur. Su təchizatı yaxşılaşdırılmış əhalinin sayı isə 690 min nəfərdir. İçməli su təchizatının yaxşılaşdırılmasının əsas mənbəyi Sizin rəhbərliyinizlə reallaşdırılmış Oğuz-Qəbələ-Bakı su kəməri olmuşdur.
Möhtərəm cənab Prezident!
Azərbaycan əhalisinin fasiləsiz və keyfiyyətli su ilə təmin olunması barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyəti qarşısında həlli vacib tapşırıqlar qoymusunuz. Verdiyiniz tapşırıqlara və təsdiq etdiyiniz Dövlət proqramlarına uyğun olaraq, bütün ölkə ərazisində su təchizatı və kanalizasiya sistemlərinin müasir standartlar səviyyəsində yenidən qurulması, əhalinin fasiləsiz içməli su ilə təminatına nail olunması üçün "Azərsu" Açıq Səhmdar Cəmiyyəti bütün qüvvələrini səfərbər edəcək, etimadınızı doğrultmaq üçün kollektivimiz daha səylə çalışacaqdır.
* * *
Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd MUXTAROV bu kəmərin çəkilməsinin bütün bölgə üçün əlamətdar hadisə olduğunu qeyd etdi. O, layihənin insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addım olduğunu vurğulayaraq dedi:
- Şirvan-Muğan qrup su kəmərinin əhatə edəcəyi bölgənin sakinləri illər boyu içməli sudan korluq çəkmiş, Kür çayının fiziki, kimyəvi və bioloji cəhətdən çirklənmiş suyundan istifadə etməyə məcbur olmuşlar. Təkcə Hacıqabul rayonunun 68 min əhalisindən ancaq 31 min nəfəri, yəni, 45 faizi təmiz içməli su ilə təmin olunub. Qalan sakinlər isə hələ də çirkli və zərərli kanal sularından istifadə edirlər.
Şirvan-Muğan qrup su kəmərinin çəkilişi başa çatdıqdan sonra bölgəmizin yüzdən artıq yaşayış məntəqəsinə ekoloji cəhətdən təmiz içməli su veriləcək, 450 mindən çox sakinin illərlə davam edən içməli su probleminə birdəfəlik son qoyulacaqdır. Hər bir sakinin evinə yeni su xətti çəkiləcəkdir və onlar insan həyatı və sağlamlığı üçün əvəzsiz olan içməli su ilə təmin ediləcəklər. Bu da gələcəkdə Azərbaycan xalqının genofondunun sağlam saxlanılmasına xidmət edəcəkdir.
Əhməd Muxtarov 2010-cu ilin mayında Kür çayının daşması nəticəsində baş verən təbii fəlakətin nəticələrinin aradan qaldırılması zamanı Prezident İlham Əliyevin rəhbərliyi altında görülən təxirəsalınmaz tədbirlərdən danışdı, ziyan çəkən bütün insanların dövlət qayğısı ilə əhatə olunduğunu bildirərək dedi:
- Sadə insanlar o çətin günlərdə dövlətin gücünü, onun rəhbərinin qayğısını gördülər. Belə təbii fəlakətlərdən sığortalanmaq mümkün deyildir. Dünyanın bir çox ölkələrində bu cür hadisələr baş verir. Lakin heç də bütün dövlətlər insanların üzləşdiyi fəlakətlərdən qurtula bilmirlər.
Sizin tapşırığınızla bütün dövlət orqanları səfərbər olunaraq fəaliyyətlərini təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına yönəltdilər. Görülən tədbirlər nəticəsində qısa müddətdə təbii fəlakətə məruz qalmış ərazilərdə yüzlərlə yeni ev inşa edildi. Zərər çəkmiş insanlara maddi kömək göstərildi. Təkcə rayonumuzun Meyniman kəndində bütün sosial şəraiti olan 63 ev tikilərək sakinlərin istifadəsinə verilmişdir. İnsanlarımız bir daha gördülər ki, Azərbaycan dövləti, onun rəhbəri insanların həyatına, onların təhlükəsizliyinə necə böyük önəm verir.
Artıq rayonumuzun bütün əhalisi üçün vacib olan digər problemlər həllini tapmaqdadır. Sizin tapşırığınızla əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı, yol infrastrukturunun yenidən qurulması istiqamətində də böyük layihələr həyata keçirilir. Şəhər və kəndlərimizdə elektrik təsərrüfatının tam yeniləşməsinə başlanmışdır. İlin sonuna kimi Hacıqabulun bütün yaşayış məntəqələrinə, o cümlədən heç vaxt qaz olmayan kəndlərinə də təbii qazın verilməsi ilə bağlı müvafiq işlər görülür. Hacıqabul şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi uğurla icra edilir. Əhalinin ekoloji cəhətdən təmiz içməli suya olan tələbatını ödəmək məqsədi ilə Kür çayı boyu kəndlərimizdə sutəmizləyici qurğular quraşdırılır.
* * *
Şirvan-Muğan qrup su kəmərinin çəkilməsi ilə yüz minlərlə insanın, o cümlədən Şirvan şəhərinin sakinlərinin təmiz içməli su ilə təmin olunacağını bildirən Şirvan şəhər sakini Aynurə RZAYEVA dedi:
- Bildirmək istəyirəm ki, Şirvan şəhərinin əhalisi yarandığı gündən indiyədək üç dəfə artmışdır. Suyun fasilələrlə verilməsi, bəzi məhəllələrə maşınlarla daşınması, çoxmərtəbəli binaların yuxarı mərtəbələrinə çatdırılmaması həmişə problem olaraq qalırdı və böyüməkdə olan şəhərin əhalisini narahat edirdi. Bu problem yay aylarında özünü daha qabarıq şəkildə büruzə verirdi. İnanırıq ki, bu layihə başa çatdırıldıqdan sonra sakinlərimizin həmin sahədəki problemləri də həllini tapacaqdır.
Möhtərəm cənab Prezident, Sizin diqqət və qayğınızla Şirvan şəhərində mövcud olan problemlər son səkkiz il ərzində ardıcıllıqla aradan qaldırılmışdır. Bu gün şəhər həyatı üçün vacib olan dayanıqlı elektrik enerjisi ilə təmin olunuruq. Şəhər və qəsəbələrimizin təbii qazla təminatının yaxşılaşdırılması üçün əsaslı işlər görülür. Eyni zamanda, şəhərimiz də gündən-günə gözəlləşir, inkişaf edir. Küçə və meydanlarımız abadlaşır, parklar və xiyabanlar, nümunəvi məhəllələr salınır, avtomobil yolları yenidən qurulur. Bir sözlə, şəhərimizin görünüşü ağlasığmaz dərəcədə dəyişir. Sakinlərimizin rahatlığı, istirahəti üçün hər cür şərait yaradılır.
Aynurə Rzayeva son illərdə ölkədə gedən inkişaf proseslərinin Şirvanı da əhatə etdiyini vurğuladı. O, son vaxtlarda Şirvanda istifadəyə verilən sosial infrastruktur layihələrinin şəhərin simasını dəyişdirdiyini və bu prosesin indi də davam etdiyini bildirdi.
* * *
Salyan rayon Qızılağac bələdiyyəsinin sədri Bünyad YOLÇUYEV bildirdi ki, bu gün təməli qoyulan bu layihə Salyan sakinləri üçün də vacib əhəmiyyət daşıyır. Bu layihənin həyata keçirilməsi nəticəsində Salyanın bütün yaşayış məntəqələrində içməli su probleminin birdəfəlik həll olunacağını qeyd edən Bünyad Yolçuyev dedi:
- Bələdiyyə sədri kimi deyə bilərəm ki, rayonumuzun bələdiyyələri əhalini narahat edən problemləri müəyyən edir, onların sosial sifarişlərini öyrənir və həlli istiqamətində tədbirlər görməyə çalışırlar. Son illərdə bələdiyyələrimiz ərazilərin abadlaşdırılması və yaşıllaşdırılması, yerli əhəmiyyətli yolların və su xətlərinin, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin binalarının saxlanması, idman meydançalarının inşası, məişət tullantılarının yığılması və daşınması kimi digər yerli əhəmiyyətli məsələlərin həlli ilə məşğul olurlar. Bununla belə rayonumuzda əhalinin içməli su ilə təmin olunması əsas problemlərdən biri olaraq qalmışdır. Problemin həlli bələdiyyələrimizin imkanları xaricində olduğu üçün biz bu barədə aidiyyəti orqanlara müraciət etmişik.
Bildirmək istəyirəm ki, respublikamızın ən böyük çayı olan Kür çayının 60 kilometrdən çox hissəsi Salyan rayonunun ərazisindən keçir. Salyan rayonunun bir çox yaşayış məntəqələri, o cümlədən Qızılağac bələdiyyəsi ərazisinə daxil olan dörd kəndin əhalisi bu günədək içməli su kimi Kür çayının suyundan istifadə edir. Su isə ilin çox vaxtı bulanıq axdığına və digər tullantılarla çirkləndiyinə görə ondan içməli su kimi lazımınca istifadə etmək mümkün olmur. Bu da əhalinin həyat şəraitinə, sağlamlığına mənfi təsir göstərir.
Möhtərəm cənab Prezident, Siz bir neçə il öncə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsinə həsr olunmuş iclasların birində demişdiniz: "Ölkənin bütün əhalisi yaxın vaxtlarda içməli su ilə təmin olunacaqdır". Bu istiqamətdə həyata keçirdiyiniz tədbirlər nəticəsində respublikanın, o cümlədən Salyan rayonu əhalisinin bir hissəsi keyfiyyətli içməli su ilə təmin edilmişdir. Sizin tapşırığınızla rayonumuzun Kür çayı boyunca yerləşən 22 kəndində quraşdırılmış modul tipli içməli su qurğuları bu problemi qismən də olsa aradan qaldırmışdır.
Bildirmək istəyirəm ki, biz yerli özünüidarəetmə orqanlarının nümayəndələri kimi insanlarla daim bir yerdəyik. Onların Sizə olan inamını və etibarını çox yaxşı görürük. Sakinlərimiz Salyan-Muğan su kəməri layihəsinin həyata keçirilməsini böyük sevinclə qarşılayır, əsrlər boyu həllini tapmamış içməli su probleminin aradan qaldırılmasını Sizin onlara göstərdiyiniz yüksək diqqət və qayğı kimi qəbul edirlər. İcazə verin, insanlarımızın həyatı üçün mühüm əhəmiyyət kəsb edən belə bir nəhəng layihəni reallaşdırdığınıza görə Sizə rayon sakinlərinin minnətdarlığını çatdırım.
* * *
Mərasimin sonunda Prezident İlham Əliyev Şirvan-Muğan qrup su kəməri layihəsinin əhatə etdiyi 6 rayonun sakinlərini bir daha təbrik etdi və ən xoş arzularını çatdırdı.
{nl}
AzərTAc
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.