Prezident İlham Əliyevin yekun nitqi
{nl}
- Əminəm ki, iqtisadiyyatda müsbət meyillər ilin sonuna qədər daha da güclənəcəkdir. İlin sonuna qədər hələ görüləsi işlər çoxdur. Biz infrastruktur layihələrini başa çatdırmalıyıq. Eyni zamanda, əminəm ki, makroiqtisadi vəziyyət ilin sonuna qədər sabit olaraq qalacaqdır. Çünki altı ayda inflyasiyanın cəmi 2,2 faiz səviyyəsində olması belə deməyə əsas verir. Əlbəttə, bu, çox müsbət göstəricidir. Qeyd etdiyim kimi, əhalinin pul gəlirləri inflyasiyanı 10 faizdən çox üstələyir. Şübhəsiz ki, bu dinamika və bu göstəricilər hər bir vətəndaşın həyatında, onun maddi rifahında öz izlərini buraxmalıdır.
Manatın məzənnəsi bizdə sabitdir. Hətta biz ən çətin, böhranlı illərdə manatın məzənnəsini saxlamışıq. Baxmayaraq ki, bəzi ölkələrdə 20, 30, 40 faiz devalvasiya olurdu, amma biz manatın məzənnəsini saxlamışıq ki, Azərbaycan vətəndaşları bu böhrandan az itki ilə çıxsınlar. Bu gün də manatın məzənnəsi və manatın gücü ölkəmizin iqtisadi qüdrətini göstərir, əlbəttə ki, Azərbaycana xaricdə olan inamı daha da artırır.
Biz, pul sahəsində islahat aparanda, yeni manatı dövriyyəyə buraxanda bir manatı dollara bərabər etdik. Amma hazırda bir manat bir avroya bərabərdir, ondan daha da dəyərlidir. Hesab edirəm ki, bu, düzgün yanaşmadır. Bizim iqtisadi potensialımız və sənaye gücümüz imkan verir ki, manatın məzənnəsini bax, belə güclü səviyyədə saxlayaq. Bəzi ölkələrdə ümummilli valyutanın qiymətdən düşməsi ixrac imkanlarını daha da genişləndirir. Ancaq bizim ixrac imkanlarımız onsuz da genişlənir və ölkəmizdə yaradılan və yaranmaqda olan yeni müəssisələr, o cümlədən ixracyönümlü müəssisələrdir. Bizim üçün əsas vəzifə makroiqtisadi sabitliyi saxlamaqdır. Çünki investisiya xərclərimiz, büdcəmiz, sosial ödəmələr artır, əmanətlərin kompensasiyası məsələləri əlavə yükdür. Bütün bunlar istər-istəməz inflyasiyaya təkan verə biləcək amillərdir. Amma buna baxmayaraq, inflyasiya çox aşağı səviyyədədir.
Eyni zamanda, istehlak qiymətlərinə nəzarət daim güclü olmalıdır. Bu sahədə müsbət dəyişikliklər vardır. Hesab edirəm ki, əlavə tədbirlərin görülməsi nəticəsində bu sahədə daim müsbət vəziyyət qalacaqdır. Biz sağlam rəqabəti gücləndirməliyik. İnhisarçılığa qarşı mübarizəni daha da gücləndirməliyik. Bu mübarizə öz nəticələrini verir. Amma hələ də görüləsi işlər çoxdur. Yəni, iqtisadiyyatımızın bu bloku daim diqqət mərkəzindədir və burada aparılan islahatlar, atılan addımlar ümumi iqtisadi iqlimimizi sağlamlaşdırır.
Baxmayaraq ki, Azərbaycanda aparılan köklü iqtisadi islahatlar bugünkü reallıqları mümkün etmişdir, biz iqtisadi islahatları daha da sürətləndirməliyik. Biz 20 il ərzində həm siyasi, həm iqtisadi sahədə köklü islahatlar aparmaqla ölkəmizi yeni müstəviyə gətirib çıxarmışıq. Azərbaycan artıq ortagəlirli ölkələr sırasındadır, qarşıya vəzifə qoyulubdur ki, yüksəkgəlirli ölkələr sırasında olsun, inkişaf etmiş ölkəyə çevrilsin. Bunun üçün iqtisadi islahatlar davam etdirilməlidir. Bu islahatların böyük bir hissəsi artıq icra edilib, həm qanunvericilikdə öz əksini tapıbdır, həm verilən qərarlarda və gündəlik həyatda da biz bunu görürük. Beynəlxalq təşkilatlar, yəni mötəbər beynəlxalq maliyyə təşkilatları bizim uğurlarımızı qeyd edir. Dünyanın üç aparıcı reytinq agentliyi - "Standard & Poor's", "Fitch" və "Moody's" Azərbaycanın kredit reytinqini artırmışlar. Baxmayaraq ki, Avropa ölkələrinin və Avropa banklarının reytinqləri eyni agentliklər tərəfindən aşağı salındı, Azərbaycanın kredit reytinqi qalxdı.
Yəni, bu, görülən işlərin, aparılan islahatların məntiqi nəticəsidir. Biz islahatları aparmaqla neft-qaz amilindən iqtisadi asılılığımızı böyük dərəcədə aşağı sala bilmişik və gələcəkdə şaxələndirmə, yerli istehsalın, sağlam rəqabətin gücləndirilməsi, investisiyaların cəlb edilməsi sayəsində, əminəm ki, daha da böyük uğurlara çatacağıq.
Biznes mühitinin yaxşılaşdırılması sahəsində əhəmiyyətli dərəcədə müsbət dəyişikliklər baş vermişdir. Bu il biznes proqramında Azərbaycan yüksək səviyyədədir. Ancaq hesab edirəm ki, daha da yüksək pilləyə qalxmaq üçün imkanlar vardır. Müəyyən bürokratik əngəllərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılacaq yeni addımlar, əminəm ki, bu il biznes cədvəlində Azərbaycanı daha da yüksək pilləyə çıxaracaqdır. Yəni, məsələ onda deyildir ki, biz reytinqlərdə lap yüksək pillədəyik, - baxmayaraq ki, bu da vacibdir, - əsas məsələ konkret, real işlərin görülməsi, biznes iqliminin yaxşılaşdırılması və özəl sektorun inkişafı üçün əlavə tədbirlərin görülməsidir.
Qeyd etməliyəm ki, özəl sektora diqqət yüksək səviyyədədir. Hər il sahibkarlarla və yerli icra orqanlarının nümayəndələri ilə geniş müşavirə keçirilir. Hər il sahibkarlara həm siyasi, həm də iqtisadi dəstək verilir və Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə yüz milyonlarla ölçülən kreditlər verilir, bu kreditlər işləyir. Yəni bu, bizim özəl sektora konkret münasibətimizdir. Bir daha demək istəyirəm ki, şəxsən mənim üçün Azərbaycanın dövlət və özəl şirkətləri arasında heç bir fərq yoxdur. Hər ikisi Azərbaycan şirkətləridir, hər ikisində Azərbaycan vətəndaşları işləyir və maaş alır, biz hər ikisini də dəstəkləməliyik. Ona görə biznes mühitinin yaxşılaşdırılması daimi prosesdir. Biz yeni yanaşmaları tətbiq etməklə bu sahədə daha da böyük nəticələrə çata bilərik.
Dövlət orqanlarının biznes strukturlarına əsassız müdaxilə hallarına tamamilə son qoyulmalıdır. Bu sahədə müsbətə doğru irəliləyiş vardır. Ancaq hələ ki, bu müdaxilələr olur. Əlbəttə, bu, o demək deyildir ki, bu sahə tamamilə nəzarətsiz qalsın. Nəzarət qanun çərçivəsində güclü olmalıdır. Ancaq nəzarət biznesi əngəlləməməlidir və əsassız maneələr yaradılmamalıdır.
Ümumiyyətlə, bu sahədə elektron xidmətə keçid daha da sürətli olmalıdır. Bəzi dövlət qurumları bu sahədə çox sürətlə irəliyə gedirlər, bəzi qurumlar hələ ki, ləng tərpənirlər. Keçən müşavirədə mən bu məsələ ilə bağlı fikirlərimi daha da geniş bildirdim. Elektron sistemə keçid qaçılmaz bir reallıqdır. Bu, labüddür və biz bunu etməliyik. Dünya iqtisadiyyatının inkişafı bu istiqamətdə gedir, eyni zamanda, bu, bizə həm şəffaflıq gətirəcəkdir, həm çox məsələlər daha da dəqiq təşkil ediləcək və xoşagəlməz hallara qarşı mübarizə daha da güclü olacaqdır.
Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə yaxşı nəticələr vardır. İctimaiyyət də görülən işlər haqqında mütəmadi qaydada məlumat alır, məlumatlandırılır. Bu mübarizə davam etdiriləcəkdir. Mən bir daha demək istəyirəm ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə kampaniya xarakteri daşımır. Bu, bizim şüurlu seçimimizdir. Elə etməliyik ki, bu böyük bəlanı Azərbaycandan çıxaraq, buna son qoyulsun. Bu sahədəki işlər daha da sürətlə getməlidir. Burada, əlbəttə ki, cəza tədbirləri tətbiq olunmalıdır. Əfsuslar olsun, hələ ki, bunsuz mümkün deyildir. Eyni zamanda, institusional islahatlar, tədbirlər, yenə də elektron sistemə keçid, "elektron hökumət"in bütün əlamətlərini tətbiq etməklə biz daha da ciddi nəticələrə çata bilərik. Burada, əlbəttə, hələ ki, təkmilləşdirməyə imkanlar çoxdur. Əminəm ki, növbəti aylar ərzində daha da böyük nəticələr olacaqdır.
Yerli istehsalın gücləndirilməsi sahəsində konkret addımlar atılır. Yeni sənaye parklarının yaradılması prosesi gedir. Kimya parkı artıq yaranmaqdadır.
Yüksək texnologiyalar parkının yaradılması haqqında müvafiq göstərişlər verilmişdir. Sumqayıt texnoparkı öz fəaliyyətini genişləndirir. Balaxanı texnoparkının yaradılması istiqamətində konkret addımlar atılır. Qaradağ rayonunda yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması və ümumiyyətlə Qaradağın sənaye mərkəzlərindən birinə çevrilməsi prosesi uğurla gedir. Bu sahədə bütün göstərişlər verilib, iş ardıcıllıqla gedir, sadəcə olaraq, mən həmişə bu işlərdə çox tələbkaram, dövlət qurumlarının nümayəndələrini tələsdirirəm ki, bu işləri daha da qısa müddət ərzində görək. Bu işlərin gözəl nəticələrini biz bax bugünkü statistik göstəricilərdə də görürük. Qeyri-neft sənayemiz təxminən 10 faiz artmışdır. Əminəm ki, bu dinamika yeni yaradılan müəssisələrin fəaliyyəti nəticəsində saxlanılacaqdır.
Dünən Qaradağ rayonunda "Holcim" sement zavodunun açılışında iştirak edərkən bir daha vurğuladım ki, belə layihələr Azərbaycan iqtisadiyyatını gücləndirir. Bu layihələri icra etmək üçün Azərbaycanda çox gözəl işlək mexanizm vardır. Dünən də qeyd etmişəm, bu gün də qeyd etmək istəyirəm, sevindirici haldır ki, xarici investorlar Azərbaycanın təkcə neft-qaz sektoruna deyil, qeyri-neft sektoruna da maraq göstərir. Bu layihəyə xarici şirkət, yəni "Holcim" şirkəti 300 milyon avro dəyərində investisiya qoymuşdur. Vaxtilə bizim təşəbbüsümüzlə yaradılan Azərbaycan Dövlət İnvestisiya Şirkəti də bu layihədə iştirak edir. Bu iştirak xarici investorları daha da ruhlandırır. Bu, onu göstərir ki, vaxtilə Azərbaycan Dövlət İnvestisiya Şirkətinin yaradılması çox düzgün addım idi. O şirkətə verilən vəsait artıq işləyir. Biz istədiyimiz məqsədə çatmışıq.
Dövlət İnvestisiya Şirkətinin yaradılması iqtisadiyyatda, yaxud da ki, sənayedə dövlət sektorunun artırılması məqsədlərini güdmürdü. Təsadüfi deyil ki, məhz sement zavodunun layihəsində Dövlət İnvestisiya Şirkətinin payı cəmi 10 faizdir. Ancaq biz bu 10 faiz ilə həm idarəetmə prosesində iştirak edirik, eyni zamanda, konkret vəsaiti investisiya şəklində qoyuruq, investorlarda inamı gücləndiririk və istisna edilmir ki, Azərbaycan Dövlət İnvestisiya Şirkəti gələcəkdə öz payını lazım gəldikdə hərrac, yəni tender yolu ilə satışa da çıxara bilər. Çünki əsas məqsədimiz sənaye müəssisələrinin yaradılmasıdır. Nə üçün mən bu gün bu məsələ ilə bağlı xüsusilə geniş danışıram. Təkcə ona görə yox ki, dünən biz bu zavodun açılışında iştirak etmişik. Ümumiyyətlə, bu zavodun açılışı onu göstərir ki, investorlar bizə inanırlar. Böhranlı illərdə, 2009-cu ildə Avropa bankları demək olar ki, iflasa uğrayırdı. Böhranın ən ağır dövrü hökm sürürdü. O vaxt böyük məbləğdə investisiyaların qoyuluşu Azərbaycan iqtisadiyyatına və Azərbaycanın gələcəyinə böyük inamın təzahürüdür. Azərbaycanda müsbət investisiya mühitinin mövcudluğu, xarici investorlara gözəl şəraitin yaradılması sayəsində biz buna nail ola bildik. Yeni, müasir, ekoloji cəhətdən tamamilə təhlükəsiz zavod artıq dünəndən fəaliyyətə başlayıb.
Bir neçə il bundan əvvəl Azərbaycanda sementin istehsalı təxminən 1 milyon ton səviyyəsində idi, tələbat isə ildən-ilə artırdı. Çünki bu qədər tikinti, bu qədər sənaye müəssisələrinin yaradılması sement tələb edir. Hazırda tələbat 3,3 milyon tondur. İstehsal ondan azdır, biz özümüzü təqribən 70 faiz təmin edirik. Ancaq icrada olan layihələr bir neçə ildən sonra Azərbaycanda sementin istehsalını 5 milyon tona çatdıracaqdır. Bu, təqribən 2014 -2015-ci illərdə olmalıdır. Beləliklə, biz bu sahədə həmin məhsula daxili tələbatımızı ödəyirik.
Bütövlükdə, bu meyillər hər bir sahədə özünü büruzə verməlidir. Həm kənd təsərrüfatı sahəsində, - bu barədə hələ danışacağıq, - həm tikinti materiallarının istehsalında.
Dünən biz metal konstruksiyalar zavodunun açılışını qeyd etdik. Bu layihə də dövlət dəstəyi ilə icra edilmişdir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kreditlər ayrıldı, yerli iş adamları öz vəsaitini qoydu və müasir müəssisə yaradıldı. Yəni, belə layihələrin sayı çox olmalıdır. Həm iri, həm orta həcmli, həm kiçik müəssisələrin yaradılması bu gün artıq reallıqdır.
Kənd təsərrüfatının inkişafı ilə bağlı görülən tədbirlər öz nəticəsini verir. Kənd təsərrüfatı 10 faizdən çox artmışdır. Əminəm ki, biz növbəti illərdə çalışıb bu dinamikanı saxlamalıyıq. Mən dəfələrlə bu barədə fikirlərimi bildirmişəm. Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün əsas sahələrdən biridir və məşğulluğun təmin edilməsi üçün demək olar ki, əsas sahədir. Çünki əhalimizin təxminən yarısı bölgələrdə, yəni, kənd yerlərində yaşayır. Burada həm yeni təşəbbüslərin icra edilməsi, eyni zamanda, təkmilləşmə proseslərinin sürətlə getməsi daha da gözəl nəticələr verəcəkdir.
İri fermer təsərrüfatlarının yaradılması prosesi, nəhayət, başlamışdır. Mən bu barədə hələ bir il bundan əvvəl demişəm, əfsuslar olsun ki, buna o qədər də böyük diqqət verilməmişdir. Ancaq keçən müşavirədə mənim sahibkarlarla bağlı kəskin sözlərim bizim dövlət məmurlarını da hərəkətə gətirdi. Hazırda yerlər müəyyən edildi. Artıq birinci beş min hektar hazırlanır ki, biz orada iri fermer təsərrüfatlarının yaradılmasına başlayacağıq. Əminəm ki, bu təcrübə uğurlu olacaqdır və biz bundan sonra dövriyyəyə buraxılacaq əkin sahələrinin həcmini böyük dərəcədə artırmalıyıq. Yerlər müəyyən edilib, indi orada aqrotexniki, meliorativ tədbirlər görülməlidir ki, sahibkarlığa daha da güclü təkan verilsin.
Eyni zamanda, məhsuldarlığın artırılması məsələləri xüsusilə taxıl yığımı prosesində daha da ciddi diqqət tələb edir. Müəyyən təcrübə vardır və bu il daha da çox məhsuldarlıq gözlənilir. Ancaq biz hamımız yaxşı bilirik, imkan var ki, hətta indiki əkin sahələrini də nəzərə almaqla, məhsuldarlığı artırmaqla ərzaq təhlükəsizliyini tam şəkildə təmin edə bilək. Ümumiyyətlə, kənd təsərrüfatı məhsullarının istehsalında özümüzü yüz faiz təminetmə prinsipi tətbiq edilir. Yaxın illərdə biz özümüzü əsas ərzaq məhsulları ilə yüz faiz təmin edəcəyik.
Bununla paralel olaraq meliorativ tədbirlərin həyata keçirilməsi prosesləri gedir. Bu sahədə iki böyük layihə icra edilir. Samur-Abşeron kanalı - Taxtakörpü su anbarı və Şəmkirçay Dəryaçası tikilir. Hər iki layihə qlobal layihədir. Ölkə iqtisadiyyatına, yəni bir layihəyə qoyulan investisiya baxımından bəlkə də ən böyük layihələrdir və kənd təsərrüfatının inkişafı üçün ən vacib layihələrdir. Bu layihələrin icrası nəticəsində on minlərlə, bəlkə də yüz minlərlə hektar yeni əkin sahələri dövriyyəyə buraxılacaq, yeni iş yerləri, yeni istehsal sahələri yaranacaq, yəni, o bölgələrdə böyük canlanma müşahidə olunacaqdır.
Orada işlər cədvəl üzrə gedir və bəlkə də cədvəli bir qədər qabaqlayırlar. Ona görə, baxmaq lazımdır, - düzdür, bizim dövlət büdcəmiz artıq formalaşıbdır, əlavə vəsait yoxdur, - ancaq əgər haradasa bir imkan yaranarsa, mən hesab edirəm ki, bu layihələri daha da sürətləndirmək, vaxt itirməmək üçün əlavə vəsait ayrıla bilər.
Altı ayda digər infrastruktur layihələrinin icrası davam etmişdir. Prezidentin ehtiyat fondundan və dövlət büdcəsi hesabına bir çox yeni layihənin icrası başlamışdır, xüsusilə, kənd yollarının tikintisi. Biz çalışmalıyıq ki, gələn ilin sonuna qədər kənd yollarının tikintisi ilə bağlı əsas məsələləri həll edək. Tərtib edilmiş proqrama əsasən, - əgər biz bu templəri saxlaya bilsək, - gələn ilin sonuna qədər kənd yerlərində əhalinin yaşadığı məntəqələrin 85 faizində yeni kənd yolları artıq istismara veriləcəkdir.
Bölgələrdə, Bakıda su və kanalizasiya layihələri icra edilir. Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi nəticəsində bu sahədə dönüş yaranmışdır. Digər layihələr icra edilir.
Bu yaxınlarda mənə verilən məlumata görə, Hövsan qəsəbəsində artıq 24 saat fasiləsiz su verilir. Bu, çox gözəl göstəricidir. Çünki biz yaxşı bilirik ki, Hövsan qəsəbəsində, ümumiyyətlə o bölgədə həmişə su ilə problemlər olmuşdur. Yadımdadır, mən bir neçə dəfə Hacıbala Abutalıbovla oraya getmişdim, əhali ilə görüşmüşdüm. Yuxarı mərtəbələrə, ümumiyyətlə, su çatmırdı. Gündə bir-iki saat su verilirdi və daim ən ağır yerimiz ora idi. Amma görülən tədbirlər nəticəsində indi 24 saat fasiləsiz keyfiyyətli su verilir. Bu, onu göstərir ki, hər bir işi görmək olar, təki iradə, istək və işə düzgün münasibət olsun. Biz bu layihənin timsalında görürük ki, bütün Bakıətrafı qəsəbələrdə bu layihələr icra ediləcək və bütövlükdə ölkə üzrə bu layihələr icra edilir. Bakıda, qəsəbələrdə, hər bir şəhərdə, hər bir rayon mərkəzində və artıq rayon mərkəzinə yaxın olan kəndlərdə, yaxud da ki, yeni çəkiləcək su xətlərinin üzərində yerləşən kəndlərdə bu layihələr maksimum dərəcədə icra edilir. Paralel olaraq, kanalizasiya layihəsi icra edilir.
Mənə bu yaxınlarda yeni layihələr təqdim edilmişdir, hansılar ki, əvvəllər nəzərdə tutulmurdu. Kür çayının suyunu rayon istiqamətinə yönləndirməklə biz yeddi rayonun su təchizatını böyük dərəcədə yaxşılaşdıra biləcəyik. Gələn ilin sonuna qədər Hacıqabul, Şirvan, Neftçala, Biləsuvar, Salyan, Sabirabad, Saatlı rayonlarının 111 kəndinə yeni layihə əsasında təmiz içməli suyun verilməsi nəzərdə tutulur. Bu böyük layihə bu yaxınlarda artıq start götürəcəkdir. Digər infrastruktur layihələrinə gəldikdə, qazlaşdırma, elektrik enerjisi ilə təchizatla bağlı sahələrdə işlərin mütləq əksəriyyəti görülmüşdür. Sadəcə olaraq, qalan işlər də cədvəl üzrə görülməlidir ki, burada 100 faiz təminat təşkil edilsin.
Biz artıq bərpa olunan enerji mənbələrinin yaradılması ilə ciddi məşğuluq. Bu məsələ ilə bağlı konkret addımlar atılmış, strukturlar formalaşmışdır. Artıq Bakı və Sumqayıtda günəş panelləri zavodu fəaliyyətə başlamışdır. Hesab edirəm ki, bütün aidiyyəti qurumlar - dövlət qurumları və özəl qurumlar bu zavodun məhsullarından istifadə etməlidirlər. Məsələn, dövlət xətti ilə tikilən yeni evlər, indi zəlzələ bölgəsində, yaxud da ki məcburi köçkünlər üçün tikilən evlərdə biz günəş panellərindən daha da geniş şəkildə istifadə etməliyik. Çünki bu, böyük iqtisadi səmərə verəcəkdir, bu, təmiz enerji növüdür. Düzdür, hazırda Azərbaycanda qeyri-təmiz enerji növlərindən istifadə edilmir. Bizim enerji növlərimiz təbii qaz və sudur. Hər ikisi təmizdir. Ancaq günəş enerjisi qazdan daha da təmizdir. Bir də ki, bunun böyük iqtisadi səmərəsi olacaqdır, bizə qaza əlavə qənaət etmək imkanı yaradacaqdır. Nəzərə alsaq ki, bizim indi ixrac imkanlarımız genişlənir, təbii qaza nə qədər çox qənaət olunsa, o qədər də çox ixrac oluna bilər.
Eyni zamanda, bərpa olunan enerjidən istifadə texnologiyalarının yaradılması ölkəmizin müasirliyə doğru getməsini əks etdirir. Bu, bizim böyük məsuliyyətimizi göstərir. Çünki neftlə, qazla zəngin olan ölkədə bərpa olunan enerji növlərinin inkişafı, ilk növbədə, məsuliyyətimizi və niyyətimizi göstərir. Eyni zamanda, bu, iş yerləri, müasir texnologiyalar, kadrların hazırlanması deməkdir. Hesab edirəm ki, bu sahədə daha da böyük işlər görülməlidir. Biz təzə başlamışıq, ancaq yaxşı başlamışıq. Hesab edirəm ki, bizim təcrübə başqa ölkələrdə də öyrənilə bilər.
Əlbəttə, bizim üçün bərpa olunan enerji növlərinin yaradılması və genişləndirilməsi çox da təcili xarakter daşımır, çünki bizim zəngin neft-qaz yataqlarımız vardır. Yeni yataqlar aşkar edilib. "Şahdəniz", "Abşeron", "Ümid" və digər yataqlarımızda 2,6 trilyon kubmetr qaz ehtiyatları vardır ki, bu da gələn 100 il ərzində bizə və tərəfdaşlara kifayət edəcəkdir. Ancaq bununla bərabər, biz bərpa olunan enerji növlərini mütləq inkişaf etdirməliyik.
Enerji təhlükəsizliyi məsələlərinə gəldikdə, bu sahədə də deyə bilərəm ki, biz ölkə qarşısında duran bütün vəzifələri icra edirik. Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı həll olunmamış heç bir məsələsi qalmayıbdır. Bütün məsələlər həll edilib. Sadəcə olaraq, neft-qaz sektorunun inkişafının indiki mərhələsində biz strategiyamızı düzgün işləməliyik. Bunu müəyyən etmişik və bu strateji hədəflərə çatmaq üçün konkret addımlar da atılmalıdır. Bu sahədə görülən bütün işlər haqqında ictimaiyyət bilir.
Bizim çoxşaxəli ixrac nəqliyyat infrastrukturumuz vardır. Hasilat lazımi səviyyədədir. Keçən ay biz TANAP layihəsinə start verdik. Bu layihə bir neçə səbəbə görə tarixi layihədir. İlk növbədə, bildiyiniz kimi, uzun illərdir ki, Azərbaycan və ümumiyyətlə, Xəzər qazının Avropaya çatdırılması ilə bağlı müzakirələr, danışıqlar aparılır, konfranslar, zirvə görüşləri keçirilir. Ən azı son yeddi il ərzində bu məsələ ilə bağlı müzakirələr gedir, ancaq nəticə yoxdur. Belə olan halda biz qərara gəldik ki, bu sahədə də Azərbaycan liderliyi üzərinə götürməlidir. Necə ki, 1990-cı illərin ortalarında Azərbaycan Bakı-Tbilisi-Ceyhan layihəsinin icrası ilə bağlı liderliyi, bütün məsuliyyəti və öhdəlikləri öz üzərinə götürmüşdür. Biz gördük ki, əgər bu sahədə də liderliyi üzərimizə götürməsək, bu danışıqlar hələ bəlkə bir on il də heç bir nəticəsiz davam edəcəkdir. Qısa müddət ərzində türkiyəli tərəfdaşlarımızla bu məsələ ilə bağlı müzakirələr, danışıqlar aparıldı. Layihəyə ad verildi - TANAP, Trans-Anadolu Qaz Kəməri. Bütün məsələlər həllini tapdıqdan sonra keçən ay İstanbul şəhərində gözəl mərasim keçirildi və TANAP ilə bağlı bütün sənədlər imzalandı. Yəni, bu layihəyə start verildi. Bir daha vurğulamaq istəyirəm ki, bu layihə sırf Azərbaycan-Türkiyə layihəsidir. Pay bölgüsü 80 faiz Azərbaycan, 20 faiz Türkiyə tərəfinə çatacaqdır. Pay bölgüsü bu əsasda aparılmışdır. Bu pay bölgüsü, eyni zamanda, maliyyə öhdəliyini göstərir. Yəni, biz hazırıq ki, layihənin 80 faizinin maliyyəsini özümüz təmin edək. Eyni zamanda, mən bunu elan etmişəm, bu gün də demək istəyirəm ki, bu layihə tərəfdaşlar üçün, bizim üçün dost olan şirkətlər, Azərbaycanda uzun illər fəaliyyət göstərən şirkətlər üçün də açıqdır. Əgər hər hansı bir şirkət bu layihədə səhmdar, investor kimi iştirak etmək istəyərsə, biz buna müsbət baxacağıq. Əlbəttə, biz qərar verəcəyik ki, hansı şirkətlər bu layihədə iştirak edə bilər.
Çünki bu layihə, yenə də deyirəm, Azərbaycan və Türkiyə layihəsidir. Mən tam əminəm ki, bu layihənin uğurlu nəticəsi olacaqdır. Çünki bu günə qədər Azərbaycan tərəfindən irəli sürülmüş layihələrin heç biri iflasa uğramayıb. Hər biri gözəl nəticələrlə sonuclanıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa, Bakı-Novorossiysk kəmərləri və digər kəmərlər Azərbaycan tərəfindən icra edilib və uğurla icra edilib.
O ki qaldı neft-qaz yataqlarının işlənilməsinə, bizim son illər ərzində, bu sahədə də heç bir problemimiz olmamışdır. Biz bütün hədəflərə çatmışıq. Bu gün bir daha demək istəyirəm ki, Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib, başqa ölkələrin enerji təhlükəsizliyi məsələlərinin həllində iştirak edir və gələcəkdə daha da geniş şəkildə iştirak edəcəkdir. Bu layihə, yenə də deyirəm, böyük əhəmiyyətə malik olan layihədir, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrindən az əhəmiyyət daşımır. Bu, bizə imkan verəcək ki, öz qaz resurslarımızı Türkiyəyə və ondan sonra Avropaya daha da böyük həcmdə nəql edək. Beləliklə, biz enerji siyasətimizdə əsas amil olan şaxələndirmə məsələlərinə tam şəkildə çatacağıq.
Biz bu gün də bu sahədə heç bir problemlə üzləşmirik. Azərbaycanda hasil edilən neft-qaz ixrac olunur, daxildə istehlak edilir. Hazırda hasilatın səviyyəsi bizi qane edir və əslində uzun illər bundan sonra bu səviyyə qalarsa, iqtisadiyyatımız yalnız inkişaf edəcəkdir. Nəzərə almalıyıq ki, biz indi neft-qaz amilindən iqtisadi asılılığımızı azaldırıq və azaldacağıq. Yəni, demək istəyirəm ki, hər şey indiki səviyyədə də qalsa, yenə də biz inkişaf edəcəyik və inkişafımızı yavaşıdan amil olmayacaqdır. Ancaq bu layihə icra edilsə, inkişafımız əlbəttə ki, daha da sürətli olacaq, təsir dairəmiz daha da genişlənəcəkdir. Çünki bu sahə - enerji sahəsi iqtisadi maraqlarla bərabər, digər maraqları da təmin edir. Artıq bu, heç kəs üçün sirr deyil və Azərbaycanın, şübhəsiz ki, regional və beynəlxalq mövqeləri yalnız və yalnız güclənəcək və möhkəmlənəcəkdir.
Sənaye inkişafımız ilə bağlı bir məsələyə də toxunmaq istəyirəm. İri sənaye müəssisələrinin şəhər mərkəzindən çıxarılması prosesi gedir, getməlidir. Bakı sakinləri bu prosesin müsbət nəticələrini görürlər. Biz vaxtı ilə köhnəlmiş, ekoloji cəhətdən təhlükəli sənaye müəssisələrini şəhərin mərkəzindən çıxarırıq, yeni yerlərə köçürürük. Eyni zamanda, köhnəlmiş müəssisələrin fəaliyyətə davam etməsi də lüzumsuzdur. Biz yeni, güclü sənaye potensialı yaradırıq. Əlbəttə, çalışmalıyıq ki, ən qabaqcıl texnologiyalar tətbiq edilsin. Şəhərin mərkəzində - köçürülən köhnəlmiş sənaye müəssisələrinin yerlərində ictimai istifadə üçün yerlər yaradılmalıdır. Parklar, avtomobil dayanacaqları, bağçalar salınmalıdır ki, insanlar üçün daha da yaxşı şərait yaradılsın. Yaşıllıq zolaqları, ağaclar əkilməlidir. Bu il iki milyondan artıq ağac əkilmişdir. Əvvəlki dövrdə daha da çox idi. Çünki "Ekologiya ili" çərçivəsində hər yerdə bu proses gedirdi. Ancaq mən "Ekologiya ili" başa çatdıqda demişdim ki, hesab edin ki, "Ekologiya ili" bu gün də davam edir, sabah da davam edəcək, hər il bizdə "Ekologiya ili" olmalıdır. Çünki bu, həyatımızdır, sağlamlığımızdır, gələcəyimizdir. Yəni, bu proses davam etdirilir və bu prosesin müsbət nəticələri vardır. Bayraq meydanına gedən yol və Yeni Bulvar bunun bariz nümunəsidir. Bu yerlər köhnəlmiş, yəni sovet dövründə tikilmiş və heç bir əhəmiyyət daşımayan zavodlarla elə bil ki, əhatə olunmuşdu. Onları oradan köçürmək o qədər də asan olmamışdır. Müqavimətlər də oldu. Ancaq siyasi iradə olduqda heç bir müqavimət heç bir nəticə vermir.
Ancaq bu gün Bakı sakinləri və Azərbaycan vətəndaşları görürlər ki, nə qədər böyük işlər görüldü. Bu sahə ümumi istifadəyə verildi, bulvar uzadıldı, gözəl yaşıllıq zolaqları yaradıldı və insanlar rahat istirahət edirlər. Belə yerlər Bakının mərkəzində hələ çoxdur və biz çalışmalıyıq ki, onları mərkəzdən çıxaraq və işləyən müəssisələri köçürək, işləməyən müəssisələr də oradan yığışdırılmalıdır.
Eyni zamanda, şəhərimizdə və ətraf qəsəbələrdə çirklənmiş göllər həddindən artıq çoxdur. Təxminən 30-a qədər göl vardır. O göllərin yaranması tarixi bizə bəllidir. Oraya lay suları, kanalizasiya suları axır. Bu, əlbəttə ki, Bakının müasir simasına uyğun gəlmir. Göstəriş verilmişdir, hazırda İqtisadi İnkişaf Nazirliyi və "Azərsu" şirkəti bu məsələ ilə bağlı təkliflər hazırlayır. Biz bu gölləri təmizləməliyik, abadlaşdırmalıyıq, kanalizasiya və drenaj sistemlərini yaratmalıyıq ki, bu göllərdən Bakı sakinləri və onun qonaqları istifadə etsinlər. Hazırda çox acınacaqlı mənzərə təşkil edən bu göllər gözəl, şəffaf göllərə çevrilməlidir. Mən hesab edirəm ki, biz buna nail olacağıq. Baxmayaraq ki, bu, böyük və çətin bir işdir. Həm maliyyə resursları tələb edən, həm də texniki cəhətdən çox çətin bir işdir. Ancaq mən hesab edirəm ki, biz bunu mütləq etməliyik. Bunun ölkəmizin gələcəyi üçün çox böyük əhəmiyyəti olacaqdır. Təsəvvür edin ki, çirklənmiş, ekoloji vəziyyəti korlayan bu göllər gələcəkdə əgər təmiz göllərə çevrilərsə, görün nə qədər yaxşı şərait, nə qədər yeni istirahət yerləri, parklar, meşə zolaqları yaradılacaqdır. Misal üçün, Böyük Şor gölü. İndi ən ağır vəziyyətdə olan Böyük Şor gölü şəhərin lap mərkəzindədir. İndi Böyük Şor gölünün təmizlənməsi, yeni kanalizasiya sistemlərinin, lay sularının ötürülməsi, yaşıllıq zolaqlarının yaradılması layihəsi əgər uğurla başa çatarsa, böyük bir ərazidə, şəhərin mərkəzində gözəl, təmiz göl yaranacaqdır.
Xocasən gölü, Xırdalan gölü, Qanlı göl, Zığ gölü yəni, bu göllərin sayı həddindən artıq çoxdur. Bütün bu göllərə yuxarıdan, vertolyotdan baxanda dəhşətli bir mənzərə açılır. Biz bu gölləri təmizləməliyik. Göstərişlər verilib, bu il əlavə vəsaitin ayrılması da nəzərdə tutulub. Ancaq gələn ilin investisiya proqramında bu məsələ xüsusilə qeyd olunmalıdır və çalışmaq lazımdır ki, mümkün olan işləri bu il görək. Əsas işləri gələn ilin əvvəlində maksimum diqqətlə görməliyik.
Bakı və qəsəbələrin Proqramı icra edilir. Bu barədə mən giriş nitqimdə sözümü dedim. Burada bütün vəzifələr qarşıya qoyulub. Əminəm ki, proqramda olan bütün məsələlər 2013-cü ilə qədər öz həllini tapacaqdır. Proqrama əlavələr də edildi. Çünki baxmayaraq ki, proqram tərtib olunanda yerlərdən bizə daha çox məlumat gəldi və bu məlumat, sifarişlər əsasında biz bu proqramı yaratdıq. Ancaq əlbəttə ki, indi yeni məsələlər ortaya çıxır. Misal üçün qəzalı məktəblərin təmiri. İndi qəzalı məktəb hansı məktəb sayılır? Dağılan məktəb, yoxsa ki, pis vəziyyətdə olan məktəb? Yəni bu qəzalı məktəbi müəyyən etmək o qədər də asan məsələ deyildir. Ancaq bir halda ki, indi biz ən pis vəziyyətdə olan məktəbləri ya sökürük, yenidən tikirik, ya da bərpa edirik, o qədər də yaxşı vəziyyətdə olmayan məktəblər qalır kənarda, onlar da təmir olunmalıdır. Yəni, onlar da proqrama əlavə edilir. İndi uşaq bağçalarının hamısı təmir olunacaqdır. Şəhərdə bir dənə də təmirsiz uşaq bağçası qalmayacaqdır.
Ancaq uşaq bağçalarının sayı və potensialı bizi təmin etmir. Yeni bağçalar tikilməlidir, ona görə proqrama əlavələr edildi, vəsait də ayrıldı. Əminəm ki, gələn ilin sonuna qədər icra ediləcəkdir.
Gələn ilin büdcəsi haqqında biz artıq indidən fikirləşirik. Bu gün Maliyyə Nazirliyi bu məsələ ilə məşğuldur. Gələn ilin büdcəsi həmişə olduğu kimi, yenə də investisiya yönümlü olmalıdır. Əlbəttə ki, sosial yönümlü olmalıdır. Gələn il Bakı və qəsəbələrin Proqramı, böyük infrastruktur layihələri başa çatmalıdır. Ona görə göllərlə bağlı ekoloji tədbirlər icra edilməlidir. Ona görə gələn il bizim xərcimiz yəqin ki, çox olacaqdır. Yəqin ki, yox, dəqiq çox olacaqdır. Biz bu işi indidən planlaşdırmalıyıq və bu barədə mən artıq göstəriş vermişəm. Bu gün də bir daha demək istəyirəm ki, gələn ilin investisiya proqramını biz bu ilin sonunda təsdiq etməliyik. Çünki adətən bizdə investisiya proqramı ilin əvvəlində, təqribən yanvar ayında təsdiq edilir. Ondan sonra vəsait açılır və investisiya layihələri demək olar ki, fevral ayına qədər öz icrasını gözləyir. Ancaq vaxt itirməmək üçün investisiya proqramı bu ilin sonunda qəbul edilməlidir ki, yanvarın əvvəlindən artıq bu proqram icra edilməyə başlasın.
Bizim maliyyə vəziyyətimiz bütövlükdə yaxşıdır. İlin əvvəlindən ölkəmizin strateji valyuta ehtiyatları artmışdır. Hazırda Azərbaycanın valyuta ehtiyatları 44 milyard dollar səviyyəsindədir. İlin sonuna qədər bu rəqəm artmalıdır. Xarici dövlət borcu çox aşağı səviyyədədir. Ümumi daxili məhsulun 7 faizini təşkil edir. Bu, dünya miqyasında ən müsbət göstəricilərdən biridir. Buna baxmayaraq, mən göstəriş vermişəm ki, biz əlavə kreditlərin götürülməsində daha da ehtiyatlı olmalıyıq. Bu gün biz özümüz kreditlər veririk və bu, həm siyasi, həm iqtisadi cəhətdən müsbət haldır. Biz öz pulumuzu müxtəlif alətlər vasitəsilə yerləşdiririk. Götürüləcək kreditlər, sadəcə olaraq, istisna hal kimi ola bilər. Çünki əsas işlər dövlət büdcəsi, yaxud da ki, əvvəllər götürülmüş kreditlər hesabına görülür. Mən yeni kreditlərin götürülməsinə o qədər də böyük ehtiyac görmürəm. Yəni, müstəsna hal kimi etmək olar, hər bir kreditin götürülməsi əsaslandırılmalıdır. Bu, krediti götürmək istəyən şirkət, yaxud da nazirlik tərəfindən əsaslandırılmalıdır ki, biz xarici dövlət borcunu artırmayaq. Düzdür, ümumi daxili məhsulun 7 faizi çox aşağı göstəricidir. Müqayisə üçün deyim ki, inkişaf etmiş ölkələrdə bu, 80, 100, 150 faizdir və o, artıq iflasa gedən yoldur. Bizdə 7 faizdir. Ola bilər müəyyən dərəcədə artsın, çünki əvvəlki illərdən götürülmüş kreditlər hələ gəlməyə davam edir. Ola bilər artsın, amma heç bir halda 10 faizi keçməməlidir və çalışmalıyıq ki, növbəti illərdə biz bu kreditlərin borcunu bir az endirək. Halbuki biz bu borcu bir gündə ödəyə bilərik. Yəni, bizim valyuta ehtiyatlarımız borcumuzdan 10 dəfə çoxdur.
Amma yenə də elə etməliyik ki, bu gün də, sabah da, 10 ildən, 20 ildən, 50 ildən sonra ancaq inkişaf yolu ilə gedək. Avropanın bəzi ölkələri borc götürməklə bax, bu vəziyyətə düşdülər. Borc götürürdülər, o borcu yönəldirdilər sosial proqramlara, seçkiqabağı vədlərin yerinə yetirilməsinə. Populist çıxışları təmin etmək üçün ondan sonra gələn siyasi qüvvələr yenə də borc götürürdülər və beləliklə, piramida yaranırdı ki, o da çökməli idi, çökdü də. Belə təhlükə bizdə yoxdur, ola da bilməz. Amma hər halda həmişə deyirəm ki, siyasətdə də, iqtisadiyyatda da, həyatda da hər kəs ayağını yorğanına görə uzatmalıdır.
Bir məsələyə də toxunmaq istəyirəm. "Eurovision" mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi bizə imkan verdi ki, ölkəmizi dünyaya olduğu kimi təqdim edək. Ancaq sözün düzü, keçən il bizim istedadlı gənc müğənnilərimiz Almaniyada keçirilən müsabiqədə qalib gəldikdə heç təsəvvür edə bilməzdik ki, bu müsabiqə bu qədər siyasiləşdiriləcəkdir. Çünki bu vaxta qədər bu müsabiqə sadəcə olaraq mahnı yarışması idi, bunun heç bir siyasi tərəfi olmamışdı və ola da bilməz. Ancaq əfsuslar olsun ki, Azərbaycana gəldikdə bunu siyasiləşdirmək istəyən qüvvələr tapıldı və deyə bilərəm ki, Azərbaycana qarşı böyük və çirkin kampaniya başlamışdı. Qeyd etməliyəm ki, "Eurovision"u Azərbaycanda keçirmək üçün biz heç vaxt təşəbbüs irəli sürməmişdik, bu, mümkün deyil. Çünki yarışmanın qaydaları belədir ki, qalib olan ölkə məcburdur ki, bu tədbiri keçirsin və biz də bunu böyük məsuliyyət kimi qəbul etdik. Doqquz ay ərzində, - bu da dünya miqyasında yəqin ki, rekord göstəricidir, - "Crystal Hall" kimi möhtəşəm idman-konsert sarayını tikdik. Bayraq Meydanı onsuz da genişləndirilirdi, biz orada işləri sadəcə olaraq sürətləndirdik və bütün şəraiti yaratdıq.
Təşkilati nöqteyi-nəzərdən ən gözəl müsabiqə idi. Bizə gələn minlərlə xarici qonaq təşkilati məsələləri yüksək qiymətləndirdi və bütövlükdə şəhərimizə heyran oldu. Çünki Bakının gözəlliyi elədir ki, Bakıya vurulmamaq mümkün deyil. Biz bütün qonaqları ənənəvi olaraq qonaqpərvərliklə qarşıladıq, çalışdıq ki, onlar üçün gözəl şərait yaradaq və elə edək ki, bu mahnı müsabiqəsi hər bir cəhətdən yadda qalsın və əvvəlkilərdən fərqlənsin. Görürəm və bilirəm ki, biz buna müvəffəq olduq.
Bakıda keçirilmiş "Eurovision" müsabiqəsi hesab edirəm ki, başqa şəhərlər üçün nümunə ola bilər. Ancaq bununla bərabər, biz gözlənilməz kampaniya ilə də üzləşdik. Bu, bizim üçün gözlənilməz idi. Çünki yenə də deyirəm, "Eurovision"un tarixində heç vaxt siyasi məqamlar olmamışdı. Burada antiazərbaycan qüvvələrin birləşməsi prosesi sürətlə getmişdir. İlk növbədə, erməni lobbisi və bu məsələ ilə bağlı mən əvvəllər də demişəm, bu gün də deyirəm, "Eurovision" müsabiqəsi bir daha mənim sözlərimi təsdiqləyir ki, bizim üçün, Azərbaycan xalqı, Azərbaycan dövləti üçün bir nömrəli düşmən dünya erməni lobbisidir. Onlar gündəlik fəaliyyətdə Azərbaycanı ləkələmək, qaralamaq, şayiə, böhtan yaymaq üçün çalışırlar və bütün maliyyə-siyasi qüvvələrini səfərbər edirlər ki, təki Azərbaycana zərbə vursunlar. Erməni lobbisi, ondan sonra digər qurumlar, digər dairələr, Avropada islamofobiya xəstəliyinə düçar olmuş bəzi dairələr bu kampaniyaya qoşuldu. Bunu da mən təəssüf hissi ilə deyə bilərəm. Belə fikirlər səsləndi ki, müsəlman ölkəsində Avropa müsabiqəsi keçirilə bilməz. Bu, əlbəttə ki, çox məyusedici bəyanatlardır. Düzdür, belə qüvvələrin Qərb dünyasında, siyasi müstəvidə çəkisi çox aşağı səviyyədədir. Ancaq bu qüvvələr, belə partiyalar, bu fikirdə olan siyasətçilər əfsuslar olsun ki, vardır.
Əgər belə təsnifat aparsaq deyə bilərəm ki, üçüncü qüvvələr sadəcə olaraq Azərbaycanın uğurlu inkişafını qəbul edə bilməyən, Azərbaycanın böhranlı illərdə bu qədər inkişaf etdiyini həzm edə bilməyən və sadəcə olaraq uğurlarımıza qısqanan, paxıllıq edən dairələrdir. Onları qıcıqlandıran budur ki, necə ola bilər ki, hər yerdə böhran, hər yerdə problem, nümayişlər, polis ilə əhalinin toqquşması, - indi bəzi şəhərlərdə bu ənənəvi hal almışdır, - ancaq burada sakitlik, rahatlıq, inkişaf və xoş ovqat hökm sürür.
İnkişafımızı qəbul etməyən qüvvələr, insanlar, siyasətçilər var və biz onları tanıyırıq. Bunlara qoşulmuş yerli, antimilli qüvvələr, özünü müxalifət adlandıran, əslində, uzun illər antiazərbaycan mövqeyində dayanan və Azərbaycana qarşı kampaniya aparan qüvvələr vardır. Mən onlara qüvvə demərəm, elementlər, ünsürlər desəm daha dəqiq olar, - bax, bunların simbiozu birləşərək Azərbaycana qarşı çox çirkin, yalan və böhtan üzərində kampaniya aparmağa başlamışlar. Həm xarici, həm daxili mətbuatda qəsdən müəyyən təxribatların baş verməsini onlar təşkil etmişlər. Onlar üçün, yəni xüsusilə daxildəki bu elementlər üçün siyasi həyatda bir prinsip var ki, Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün bir o qədər yaxşıdır. Yəni, Azərbaycanı ləkələmək, Azərbaycan haqqında yanlış məlumat yaymaq, erməni lobbisi ilə birləşmək - bütün bunlar bizim gözümüzün qabağında baş vermiş hadisələr idi. Əlbəttə, Azərbaycan xalqı bir daha açıq-aydın gördü ki, kim kimdir. Demək olar ki, bütün Azərbaycan xalqı bu bir ay ərzində sevinc içində idi. Bu qədər qonaq gəlir, hər kəs istəyirdi ki, öz ölkəsini təqdim etsin, tanıtdırsın, gözəl yerləri göstərsin. Antimilli qüvvələr isə xarici qonaqlara deyirdilər ki, siz baxmayın ki, bura belə gözəldir, gəlin biz sizi kənara aparaq, siz görərsiniz ki, bura necə pisdir. Yəni, adamın ağlına gəlmir ki, bu dərəcədə antimilli duyğularla yaşayan insanlar burada ümumiyyətlə özləri üçün necə yer tapa bilirlər?! Yəni, onlar üçün hər gün dərddir, hər gün faciədir. Bir yenilik görəndə üzülürlər, bir inkişaf görəndə yasa batırlar. Bunlar doğrudan da, çox ağır bir psixoloji durumda olan insanlardır, özü də uzun illər ərzində. Çünki Azərbaycanın inkişafı bu günün işi deyil. Bu, ardıcıllıqla gedən bir inkişafdır. 1990-cı illərin ortalarından bu günə qədər hər il inkişaf, gözəllik, abadlıq - indi Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir. Bunu biz demirik, xarici qonaqlar deyirlər. Bunlar üçün bu, daimi stressdir və yəqin ki, onların məntiqsiz hərəkətləri illərcə yığılmış bu stressin təzahürüdür. Çünki o hərəkətləri başqa cür izah etmək mümkün deyildir.
"Eurovision"a qədər 20-ci sahədə ayrılan yerdə üç mitinq keçirilmişdir. Mən bir daha demək istəyirəm ki, onlar üçün ən məqbul yer 20-ci sahədir və özləri də öz xoşu ilə 20-ci sahədə mitinqləri çox sakit şəkildə keçirdilər. Heç kim onlara dəymədi. Amma görəndə ki, hər dəfə, - yəni üç dəfə belə yığıncaqlar keçirildi, - oraya gələn insanların sayı getdikcə azalır, yeni taktikaya əl atdılar. Şəhərin mərkəzində qanunsuz piket, ya mitinq keçirməklə xarici mətbuatın diqqətini cəlb etməyə cəhd etdilər. Bu, sırf təxribat xarakteri daşıyan bir addım idi. Yaxşı, "Eurovision" artıq qurtardı. Haradadır o piketlər, haradadır o mitinqlər?! Hacıbala Abutalıbov onlara müraciət etsin və onları 20-ci sahəyə dəvət etsin. "Eurovision" növbəti dəfə nə vaxt Azərbaycanda keçiriləcək, biz bilmirik. Yəni, biz o qədər gözləyə bilmərik.
Bu, nə qədər gülməli olsa da, bir o qədər də acınacaqlıdır. Çünki doğrudan da öz xalqına, öz millətinə, öz dövlətinə bu qədər mənfi münasibət bəsləyən insanlara bir ad vermək olar - milli satqınlar, xəyanətkarlar və antimilli qüvvələr. Ancaq bütün bu cəhdlərə və bizə qarşı bu çirkin kampaniyaya baxmayaraq, yenə də biz qalib gəldik - Azərbaycan dövləti, Azərbaycan xalqı qalib gəldi. Çünki biz güclüyük. Bizim gücümüz xalqın dəstəyidir və biz haqlıyıq. Haqlı qüvvə qalib gələndə o zaman ədalət zəfər çalır və əminəm ki, biz bundan sonra da həmişə qalib gələcəyik!
{nl}
AzərTAc
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.