Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ rayonunda "Holcim-Azərbaycan" ASC-nin yeni sement zavodunun açılışında iştirak etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Bakının Qaradağ rayonunda "Holcim-Azərbaycan" ASC-nin yeni sement zavodunun açılışında iştirak etmişdir.
İqtisadi inkişaf naziri Şahin Mustafayev və "Holcim"in baş icraçı direktoru Bernard Fontana dövlətimizin başçısına yenidənqurma işləri barədə ətraflı məlumat verdilər. Bildirildi ki, quru üsulla məhsul istehsal edən zavod Cənubi Qafqaz regionunun sement sənayesində yeni dövrün başlanğıc nöqtəsi olacaqdır. Üç yüz milyon avro dəyərində olan zavodun təməli 2009-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. Dünyanın 70-dən çox ölkəsində 80 min əməkdaşı çalışan İsveçrənin "Holcim" şirkətinin Azərbaycan iqtisadiyyatının inkişafında yaxından iştirakı ölkəmizdə istər yerli, istərsə də xarici investorlar üçün yaradılan əlverişli və etibarlı investisiya mühitinin məntiqi nəticəsidir. "Holcim-Azərbaycan"ın səhmdarları İsveçrənin "Holcim" Şirkətlər Qrupu, Azərbaycan İnvestisiya Şirkəti, Avropa Yenidənqurma və İnkişaf Bankı, həmçinin bir qrup yerli fiziki şəxslərdir. Azərbaycan İnvestisiya Şirkəti bu layihəyə 19 milyon manat məbləğində sərmayə yatırmışdır. Müəssisədə 500 nəfər işlə təmin olunmuşdur.
Azərbaycan Prezidenti müəssisənin istehsal prosesini əks etdirən stendlərə baxdı.
Qeyd edildi ki, quru üsulla sement istehsalı yanacaq sərfiyyatı və ətraf mühitə təsiri baxımından daha səmərəli olduğu üçün Avropada geniş yayılmış texnologiyadır. Ölkənin qeyri-neft sektoruna yönəldilən bu investisiya Azərbaycan iqtisadiyyatının daha da inkişafına və keyfiyyətli yerli məhsul istehsalının genişləndirilməsinə hərtərəfli təkan verəcəkdir.
Vurğulandı ki, istehsal avadanlığının 80 faizi təkmilləşdirilmiş, köhnə yaş üsulla işləyən dörd sobanı hazırda quru üsulla işləyən bir soba xətti əvəzləyir. Müəssisə tam gücü ilə işə düşdükdə sement istehsalının həcmi 30 faiz artaraq ildə 1,3 milyon tondan 1,7 milyon tona, klinker istehsalı isə 0,86 milyon tondan 1,24 milyon tona çatdırılacaqdır. Ətraf mühitə mənfi təsirin minimuma endirilməsi baxımından da həyata keçirilən tədbirlər böyük əhəmiyyət kəsb edir. Bu prosesin daha da təkmilləşdirilməsi və innovativ alternativ yanacaq resurslarından istifadə daim diqqət mərkəzində saxlanılır.
Dövlətimizin başçısına "Holcim-Azərbaycan" ASC-nin məhsullarının çeşidi, istehsalatda istifadə edilən xammal və digər qatqılar nümayiş etdirildi.
Prezident İlham Əliyevə texniki-iqtisadi göstəricilər əsasında yeni və köhnə müəssisələrdəki əsas avadanlığın müqayisəli təhlili göstərildi. Qeyd olundu ki, yeni müəssisədə ABŞ, Almaniya, İtaliya, İsveçrə və digər inkişaf etmiş ölkələrin avadanlığı quraşdırılmışdır.
Azərbaycan Prezidenti "Holcim" şirkətinin Azərbaycanda fəaliyyəti və yeni texnologiya əsasında quraşdırılmış müəssisə barədə qısa filmə baxdı.
Prezident İlham Əliyev zavodu işə saldı.
Dövlətimizin başçısı açılış mərasimində çıxış etdi.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında