Londonda keçiriləcək XXX Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətini yolasalma mərasimi (2)

Sonra gənclər və idman naziri Azad RƏHİMOV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
Əziz idmançılar, hörmətli qonaqlar!
Azərbaycan müstəqillik dövründə artıq beşinci dəfədir ki, dünyanın ən ali idman tədbiri - Olimpiya Oyunlarında iştirak etməyə hazırlaşır. Hər dəfə idmançılarımızın belə təntənəli şəkildə yola salınması gözəl ənənəyə çevrilmişdir. İlk dəfə bu gözəl ənənənin təşəbbüskarı və yaradıcısı ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə idmançılarımız 1996-cı ildə Atlantaya, 2000-ci ildə Sidneyə Olimpiya oyunlarına yola düşmüşlər. Ulu öndərimizin dəyərli tövsiyələri həmişə idmançılarımızın qələbə əzmini yüksəltmiş, onlarda nikbin əhval-ruhiyyə yaratmış və nəticədə Olimpiya Oyunlarında böyük qələbələrimizin əsası qoyulmuşdur.
Fərəhli haldır ki, olimpiyaçıları təntənəli yolasalma ənənəsi bu gün də cənab Prezident, Sizin birbaşa rəhbərliyinizlə davam etdirilir.
Fürsətdən istifadə edib ölkəmizdə idmanın və Olimpiya hərəkatının inkişafına göstərdiyiniz xüsusi diqqətə və bu gün bizimlə görüşdüyünüzə görə bütün idmançılarımız və idman ictimaiyyəti adından Sizə dərin təşəkkürümüzü bildiririk.
Hörmətli mərasim iştirakçıları!
Artıq növbəti London Olimpiya Oyunlarına çox az vaxt qalır. Sevindirici haldır ki, müstəqil respublikamızın Olimpiya yığma komandası belə möhtəşəm bir tədbirdə əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə - 53 idmançı ilə təmsil olunacaqdır.
Möhtərəm cənab Prezident!
Dörd il bundan əvvəl başlamış Olimpiadaya hazırlıq prosesi Sizin 2010-cu il 22 iyun tarixli "XXX Yay Olimpiya Oyunlarına hazırlıq haqqında" Sərəncamınızla daha da sürətlənmişdir.
Ölkəmizdə idmanın inkişaf etdirilməsi, Olimpiya hərəkatının genişləndirilməsi, yeni idman və Olimpiya komplekslərinin tikilməsi zərurəti, eləcə də idmançılarımızın London Olimpiadasında, dünya və Avropa çempionatlarında yüksək göstəricilərinin təmin edilməsi məqsədi ilə 2012-ci ilin ölkəmizdə "İdman ili" elan edilməsi də Olimpiya oyunlarına hazırlıq prosesinə olduqca müsbət təsir göstərmişdir.
Bu gün Azərbaycan dünyanın idman mərkəzlərindən biri kimi nüfuzlu idman tədbirlərinə ev sahibliyi edir. Belə ki, 2011-ci ildə respublikamızda 36 beynəlxalq yarış təşkil edilmişdir.
Cari ilin altı ayı ərzində isə artıq 28 beynəlxalq yarışa ev sahibliyi etmişik. Bu günədək 126 respublika tədbiri keçirilmişdir. 217 beynəlxalq tədbirdə, 79 təlim-məşq toplanışında yığma komandalarımızın iştirakı təmin edilmişdir.
Olimpiadaya hazırlıq dövründə keçirilmiş yarışlar Azərbaycanımızın təbliği baxımından da əhəmiyyətli olmuşdur.
Xüsusilə may ayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş, dörd kontinental, dörd milli və 12 qarışıq kollektivdə, ümumilikdə 180 idmançının iştirak etdiyi 23 yaşadək velosipedçilər arasında beşmərhələli beynəlxalq veloyürüşü qeyd etmək lazımdır.
"İdman ili"nə həsr olunmuş, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda təşkil edilmiş, dünya şöhrətli "Formula-1"in hazırkı çempionu "Red Bull Racing" komandasının canlı əfsanəsi Devid Kulthardın iştirakı ilə avtoyürüş və nümunəvi çıxışlar paytaxtımızın sakinləri və qonaqları tərəfindən maraq və sevinclə qarşılanmışdır.
Sevindirici haldır ki, artıq bir sıra beynəlxalq yarışlar təkcə Bakıda deyil, ölkəmizin müxtəlif bölgələrində də keçirilir. Bu sıradan Naxçıvan Muxtar Respublikasında şahmat, yunan-Roma güləşi, üzgüçülük və digər idman növləri üzrə təşkil edilmiş beynəlxalq turnirlər Naxçıvanın da region ölkələri arasında idman mərkəzlərindən birinə çevrilməsi yolunda mühüm addımlardır.
Bütün bunlar isə, cənab Prezident, Sizin həyata keçirdiyiniz idman siyasətinin böyük uğuru və konkret nəticəsidir.
Bakı şəhərinin 2016-cı və 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququ uğrunda mübarizəyə qoşulması ölkəmizdə idmanın inkişafının bariz sübutudur.
Bakı şəhəri namizəd şəhər mərhələsini keçə bilməsə də, iddiaçı şəhər mərhələsində böyük iş aparıldı. İnanıram ki, bu sahədə qazanılan təcrübə gələcək olimpiadalar uğrunda mübarizədə öz sözünü deyəcəkdir.
Hörmətli mərasim iştirakçıları!
Pekin Olimpiadasından ötən dövr ərzində Azərbaycan idmançıları Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və federasiyalar tərəfindən mütəmadi dünya və Avropa çempionatlarına ezam edilmiş, bu yarışlardan Vətənə uğurlu nəticələrlə dönmüşlər. Bu göstəricilər həm medalların nisbətində, həm də ötən Olimpiya oyunları ilə müqayisədə əldə olunmuş lisenziyaların fərqində öz əksini tapmışdır.
Müqayisə üçün deyə bilərik ki, Olimpiya idman növləri üzrə qazanılmış medalların sayında da dinamik inkişaf müşahidə olunur. Belə ki, Atlanta Olimpiadası ərəfəsində (1993-1996-cı illər) 71 medal; Sidney Olimpiadası ərəfəsində (1997-2000-ci illər) 146 medal; Afina Olimpiadası ərəfəsində (2001-2004-cü illər) 262 medal; Pekin Olimpiadası ərəfəsində (2005-2008-ci ilin yeddi ayı) 467 medal; London Olimpiadası ərəfəsində isə (2009-2012-ci ilin altı ayı) 835 medal qazanılmışdır.
Göründüyü kimi, hər dəfə Olimpiada ərəfəsində Olimpiya idman növlərində qazanılan medalların sayı əvvəlki Olimpiada ilə müqayisədə təxminən iki dəfə artmışdır.
Xüsusilə qeyd etmək istərdim ki, əgər Pekin Olimpiya Oyunlarında Azərbaycan 44 lisenziya qazanaraq 11 idman növündə təmsil olunurdusa, Londonda 53 lisenziya ilə 16 idman növündə təmsil olunacaqdır.
Ümumiyyətlə isə London Olimpiadasında Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq beş yeni - kanoe, akademik qayıqlarda avarçəkmə, velosıped idmanı, idman gimnastıkası və qılıncoynatma idman növlərində də təmsil olunacaqdır.
Pekində Azərbaycanı bir hakim təmsil edirdısə, Londona beş hakımımiz (iki güləş, gimnastika, boks və ağırlıqqaldırma) yollanacaqdır.
Bundan başqa, idmançılarımızla yanaşı, altı həkim, 29 məşqçi Londona gedəcəkdir.
Londonda ölkəmizi təmsil edəcək 53 idmançıdan 41-i ilk dəfə Olimpiya oyunlarının iştirakçıları olacaqdır. Komandamız daha geniş beynəlmiləl tərkibə malikdir və əsasən titullu idmançılardan ibarətdir. Onların əksəriyyəti nüfuzlu beynəlxalq idman yarışlarında lisenziya qazanmaqla yanaşı, eyni zamanda, həmin yarışların qalibi olaraq dünya və Avropa çempionları adına layiq görülmüşdür.
Sevindirici haldır ki, komandamızın tərkibində müstəqillik dövründə dünyaya gəlmiş və ilk dəfə ölkəmizi Olimpiadada təmsil edəcək gənc idmançılarımız da vardır.
Bu fakt bir daha sübut edir ki, həqiqətən Azərbaycan idmanı müstəqillik illərində böyük inkişaf yolu keçmiş, perspektivli yeniyetmə və gənc idmançıların aşkar edilməsi üçün ölkəmizdə əlverişli şərait yaradılmışdır.
Möhtərəm cənab Prezident!
Son illər ölkəmizdə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər təkcə idmançılar tərəfindən deyil, bütün ölkə vətəndaşları tərəfindən rəğbətlə qarşılanır.
Artıq ölkəmizdə 34 olimpiya idman kompleksi fəaliyyət göstərir.
Son dövrlərdə ölkədə tikilib istifadəyə verilən və geniş bir şəbəkəni əhatə edən bu idman qurğuları idman sahəsində nəticələrimizin ildən-ilə artmasına, bədən tərbiyəsinin kütləvi inkişafına, Olimpiadaya hazırlıq işinin sürətləndirilməsinə şərait yaratmışdır. Elə bunun nəticəsidir ki, indi Olimpiya yığma komandamızın tərkibində ölkəmizi təkcə Bakı şəhərinin deyil, həm də Sumqayıt, Gəncə, Naxçıvan, Mingəçevir, Lənkəran, Astara və s. rayon və şəhərlərimizin idmançıları da təmsil edirlər.
Möhtərəm cənab Prezident!
Hörmətli mərasim iştirakçıları!
Artıq XXX Yay Olimpiya Oyunlarında Azərbaycan yığma komandasının iştirakı ilə bağlı bütün hazırlıq işləri başa çatır.
Gənclər və İdman Nazirliyinə hazırlıq prosesinin yüksək səviyyədə aparılması üçün dövlət büdcəsindən 14 milyon 785 min manat məqsədli vəsait ayrılmışdır. Bundan başqa, Milli Olimpiya Komitəsi, müvafiq federasiyalar və idman cəmiyyətləri tərəfindən hazırlıq prosesinin mütəşəkkil aparılması üçün lazımi kömək göstərilmişdir.
Digər təşkilati məsələlər - akkreditasiya, nəqliyyat, tibbi ləvazimat, idman geyimləri və xüsusi geyimlər kimi məsələlər də həll olunmuşdur. Olimpiya komandamızın geyimləri İtaliyanın məşhur "Ermanno Scervino" şirkətinin moda evi tərəfindən hazırlanmışdır.
İdman nümayəndə heyətimiz iki qrupda - birinci qrup iyulun 24-də, ikinci qrup isə avqustun 4-də Londona yola düşəcəkdir. İdmançılarımızın yerləşəcəyi Olimpiya kəndində iyulun 25-də Azərbaycan komandasının salamlanması - Azərbaycan bayrağının qaldırılması mərasimi keçiriləcəkdir.
İyulun 28-də keçiriləcək "Azərbaycan günü" adlı tədbirin hazırlıq işləri də başa çatmaqdadır. Bu tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin, bir çox milli olimpiya komitələrinin və beynəlxalq federasiyaların nümayəndələrinin iştirakı gözlənilir.
Qarşıda isə idmançılarımıza Olimpiya oyunlarında layiqli iştirak etmək - iradə, dözüm, mərdlik və milli qürur hissi nümayiş etdirib qələbə uğrunda mübarizə aparmaq qalır. Biz onları, hörmətli cənab Prezident, Sizin xeyir-duanızla böyük ümidlərlə yola salırıq, inanırıq ki, onlar bu etimadı doğruldacaq, ölkəmizi layiqincə təmsil edəcək, Vətənə medallarla dönəcəklər.
Diqqətinizə görə çox sağ olun.
* * *
Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının böyük məşqçisi Firdovsi UMUDOV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
Əziz idmançılar və qonaqlar!
Biz Olimpiya oyunları kimi çox mötəbər yarışların ərəfəsindəyik. Bir neçə gündən sonra Olimpiya yığma komandamız bu yarışlara qatılacaqdır. Biz daim yolasalma mərasimində ümummilli liderimiz Heydər Əliyevin xeyir-duasını almışıq. Bu xeyir-dua yarışlarda qələbə qazanmağımıza daim böyük dəstək olmuşdur. Bütün olimpiyaçılar bu dahi insanın xeyir-duasından, diqqət və qayğısından bəhrələnmişlər. Çox sevinirəm ki, bu gün dahi öndərimizin arzu və istəkləri, tövsiyələri reallaşır, onun qoyduğu ənənə davam edir.
Londonda keçiriləcək XXX Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətini yolasalma mərasimi
Mən idmançılarımızı şərəfli ada - olimpiyaçı adına layiq görüldüklərinə görə ürəkdən təbrik edirəm. Bu ada doğru gedən yol asan olmamışdır. Dövlətimizin göstərdiyi diqqət və qayğı, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və federasiya tərəfindən Olimpiya oyunlarına hazırlığın ilk günlərindən başlayaraq tərtib edilən proqram və bu hazırlığın düzgün istiqamətdə qurulması, məqsədyönlü fəaliyyət, hər kiçik detala, hər kiçik problemə həssaslıqla yanaşma bugünkü uğurumuzun əsasını qoymuşdur. Bu müvəffəqiyyət biz məşqçilər üçün də böyük sevincdir.
Möhtərəm cənab Prezident!
Bütün idmançılar və məşqçilər həmişə Sizin qayğınızla əhatə olunublar, həmişə Sizin diqqətinizi hiss ediblər. Bu isə idman sahəsində çalışan hər bir insan üçün çox vacibdir. Məhz bu qayğı daim idmançılarda ruh yüksəkliyi yaratmış, onları əzmlə mübarizə aparmağa, qələbə qazanmağa ruhlandırmışdır.
Olimpiya oyunlarına yola düşəcək idman heyəti adından Sizə dərin təşəkkürümü bildirirəm.
Mən bir məşqçi kimi idmanın güləş növünü təmsil edirəm. Güləşin ölkəmizdə nə qədər populyar olmasından yəqin ki, söhbət açmaq çox vaxt aparardı. Lakin onu qeyd edim ki, ötən Olimpiya oyunlarında güləşçilərimiz respublikamızın idman salnaməsinə medallar bəxş etmişlər. Bu, Azərbaycanda güləş məktəbinin potensialının güclü olmasını təsdiqləyən bir faktdır.
Bu gün biz 53 lisenziyanın sahibiyik. Bu lisenziyalardan 13-ü güləşçilərin payına düşmüşdür. Mən ümidvaram ki, idmançılarımız öz əvvəlki uğurlarını davam etdirərək, bu Olimpiya oyunlarında da böyük əzmkarlıqla çıxış edəcək və yeni nailiyyətlər qazanacaqlar.
Bütün idmançılara dözüm və dəyanət, qələbə uğrunda var qüvvə ilə mübarizə aparmağı arzulayıram.
Diqqətinizə görə sağ olun!
* * *
İdmanın atletika növü üzrə paralimpiya yığma komandasının üzvü, üçqat dünya çempionu Hüseyn HƏSƏNOV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
İcazə verin Sizi, bütün paralimpiyaçılar adından salamlayım, xüsusi diqqət və qayğınıza görə dərin minnətdarlığımızı bildirim.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş milli Paralimpiya hərəkatı bu gün şəxsən Sizin sayənizdə böyük uğurlara imza atmışdır. Bu günə qədər həvəskar idman növü kimi tanınan paralimpiya hərəkatı peşəkar idman səviyyəsinə yüksəlmişdir.
Xatirinizdədirsə, 2008-ci ildə Pekin Yay Paralimpiya oyunlarına yola salarkən bizlərə inandığınızı, güvəndiyinizi demişdiniz. O zaman biz idmançılar Sizə verdiyimiz sözü iki qızıl, üç gümüş və beş bürünc medal qazanmaqla yerinə yetirdik. Bu gün mən bütün paralimpiya idmançıları adından Sizi əmin etmək istəyirəm ki, XIV London Yay Paralimpiya oyunlarında bütün gücümüzü və bacarığımızı sərf edərək çıxışlarımızı Sizin dünya səviyyəsindəki yüksək nüfuzunuza uyğun quracaq və ölkəmizə daha çox medallar qazandıracağıq.
Biz, paralimpiya idmançıları XIV London Yay Paralimpiya oyunlarına xüsusi proqram əsasında hazırlaşmışıq. Bu il əvvəlki illərdən fərqli olaraq altı idman növü üzrə 21 idmançı 34 lisenziya qazanaraq yüksək yerlər uğrunda mübarizə aparacaqdır.
Xüsusilə qeyd etmək istəyirəm ki, 1996-cı ildən dörd Paralimpiya oyunlarının iştirakçısı olan milli komandamızın tərkibində yalnız bir qadın idmançı var idi. Çox sevindirici haldır ki, 2012-ci il London Yay Paralimpiya Oyunlarında komandamızı beş qadın idmançısı təmsil edəcəkdir.
Eyni zamanda, bildirmək istəyirəm ki, dövlətimiz biz paralimpiyaçılara qayğısını əsirgəmir. İdmançılarımız artıq cəmiyyətin hörmətli, nüfuzlu və tanınmış insanlarına çevrilmişlər. Bu da öz növbəsində məsuliyyətimizi qat-qat artırır.
Çıxışımın sonunda bir daha minnətdarlığımı bildirir və Sizi əmin etmək istəyirəm ki, biz paralimpiyaçı idmançılar XIV London Yay Paralimpiya Oyunlarında milli ənənəyə sadiq qalacaq və yalnız yüksək əyarlı medallar uğrunda ciddi mübarizə aparacağıq. Hər bir idmançımız dövlət bayrağımızın qaldırılmasına və himnimizin səsləndirilməsinə nail olmağa çalışacaqdır.
Cənab Prezident, bizlərə bu şəraiti yaratdığınız üçün Sizə ürəkdən, səmimi qəlbdən təşəkkür edirəm. Çox sağ olun ki, bizə bu şəraiti yaratdınız. Azərbaycan xalqı xoşbəxtdir ki, Sizin kimi Prezidentimiz vardır. Çox sağ olun.
* * *
Boks üzrə yığma komandanın üzvü Vətən HÜSEYNOV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
Hörmətli tədbir iştirakçıları!
Əziz idmançılar!
Bu gün biz həyatımızın ən məsuliyyətli və şərəfli anlarını yaşayarıq. Dövlətimiz, xalqımız haqlı olaraq bizdən London Olimpiadasında böyük uğurlar gözləyir. Bu oyunlarda xalqımızın, Olimpiya hərəkatımızın lideri kimi, cənab Prezident, şəxsən Sizin etimadınızı doğrultmaq üçün öz sözümüzü burada yox, London Olimpiadasında deyəcəyik.
İcazə verin, bütün idmançılar adından Olimpiya andını səsləndirim:
Biz, XXX Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan idmançıları bu mötəbər yarışlarda ölkəmizin idman şərəfini ləyaqətlə qoruyacağımıza and içirik!
İDMANÇILAR: And içirik!
Dövlətimizin, xalqımızın bizə olan etimadını doğrultmaq üçün yarışlarda var gücümüzlə mübarizə aparacaq, daim ölkəmizin adını uca tutacaq, əsl idman rəqabəti nümayiş etdirəcəyik.
Olimpiya Oyunlarının keçirildiyi yarış meydanlarında müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağının qaldırılması, dövlət himnimizin səsləndirilməsi, doğma Vətənimizə qələbələrlə dönmək naminə sonadək əzmlə mübarizə aparacağımıza and içirik!
İDMANÇILAR: And içirik!
* * *
Sonra olimpiyaçılar və paralimpiyaçılar Azərbaycanın dövlət bayrağını öpdülər.
Prezident İlham Əliyev idmançılara bir daha uğurlar arzuladı.
Sonda dövlətimizin başçısı və xanımı idmançılarla xatirə şəkli çəkdirdilər.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında