Bakıda Krans Montana Forumunun rəsmi açılışı olmuşdur (2)

Gürcüstan Prezidenti Mixeil SAAKAŞVİLİ çıxışında yenidən Bakıda olmağından qürur hissi keçirdiyini vurğuladı. O, beynəlxalq tədbirin Bakıda, gözəl bir yeni binada - Heydər Əliyev Mərkəzində keçirilməsini Azərbaycanın sürətli iqtisadi inkişafı və beynəlxalq aləmdə qazandığı nüfuzla əlaqələndirərək dedi:
- Mən Azərbaycana birinci dəfə 1990-cı illərin əvvəllərində gəlmişdim. Çox xaotik, çox pərakəndə şəkildə fəaliyyətdə olan bir ölkə idi. Çoxlu yoxsul insanlar var idi, onların sayı çox idi. Bundan başqa, müharibə vaxtı idi, müharibənin yükü çox böyük idi. Doğrudan da, ölkədə elə bil ki, ümidlər yox idi. Ölkənin inkişafı üçün heç bir ümid hiss olunmurdu.
Sovet vaxtında da Azərbaycanda təbii ehtiyatlar var idi. Lakin ölkə yenə də o qədər zəngin deyildi və kasıb idi. Ona görə də hər şeyi sadəcə olaraq təbii ehtiyatlarla bağlamaq olmaz. Məsələn, dünyada təbii ehtiyatları olan başqa ölkələr də vardır. Biz o ölkələrdə həmin təbii ehtiyatların düzgün paylanmasını görmürük. Biz həmin ölkələrdə o təbii ehtiyatların olmasına baxmayaraq, orada bu tərəqqini görmürük. O ölkələr regionda öz qonşuları ilə bu sahədə əməkdaşlıq etmirlər, bu sahədə uğurlu deyillər. Lakin Azərbaycan əslində öz enerji ehtiyatlarının paylanılması, düzgün bölünməsi sayəsində iqtisadi sahədə çox uğurlar əldə etmişdir.
Bundan başqa, sosial, mədəniyyət və təhsil sahələrində böyük inkişafa nail olunmuşdur. Yeni məktəblər tikilmiş, istifadəyə verilmişdir. Bu, bütün regiona örnəkdir. Ona görə ki, bu məsələlər Azərbaycanda həm də çox ucqar kəndlərdə həll olunur. Bundan başqa, Azərbaycan beynəlxalq müstəvidə, beynəlxalq aləmdə çox gözəl təmsil olunmuşdur.
Mixeil Saakaşvili vaxtilə enerji və yanacaq çatışmazlığı ilə bağlı Gürcüstanda yaranmış ağır vəziyyət zamanı Prezident İlham Əliyevin nümayiş etdirdiyi humanizmi xatırladı və buna görə bir daha Azərbaycanın dövlət başçısına minnətdarlığını bildirdi. Gürcüstan Prezidenti çıxışında qloballaşma məsələlərinə toxundu, ölkəsində həyata keçirilən sosial-iqtisadi islahatlardan danışdı. "Regional əməkdaşlıq regional təhlükəsizliyi əks etdirir", - deyən Saakaşvili bu mənada həyata keçirilən layihələrə toxundu və tikintisi davam edən Bakı-Tbilisi-Qars dəmir yolunun beynəlxalq əhəmiyyətini qeyd etdi. Gürcüstan dövlətinin başçısı "Eurovision" mahnı müsabiqəsinin yüksək səviyyədə təşkilinin Azərbaycanın daha bir uğuru kimi dəyərləndirdi.
* * *
Monteneqro Prezidenti Filip VUYANOVİÇ Krans Montana Forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirərək dedi:
- Mənə Azərbaycanın nailiyyətləri çox böyük təsir bağışladı. Mən rəsmi səfərlərimdə Azərbaycan haqqında çox şey öyrənmişəm. Azərbaycan rəhbərliyi ilə çoxlu müxtəlif görüşlər keçirmişəm. Azərbaycanın beynəlxalq prinsiplərə nə dərəcədə yaxın olduğunu gördüm. Mən gördüm ki, Azərbaycan öz tarixinə hörmətlə yanaşır, yenicə qazandığı müstəqilliyini qoruyub saxlayır, iqtisadi nöqteyi-nəzərdən çox sabit bir ölkədir. Çoxlu nailiyyətləri vardır. Azərbaycanın gələcəyə çox dəqiq baxışı vardır. Azərbaycanın başqa ölkələrlə çox gözəl əməkdaşlığı vardır. Bundan başqa, mən Avropa İttifaqı ilə sizin münasibətlərinizin belə inkişaf etməsi ilə bağlı verdiyiniz qərarları çox dəstəkləyirəm və bu qərarlara hörmətlə yanaşıram. Həmçinin, ehtiyac olduqda sizin regiondakı ölkələri belə dəstəklədiyinizi də çox alqışlayıram.
Monteneqronun nümayəndəsi olaraq, mən Azərbaycan rəhbərliyinə təşəkkürümü bildirmək istərdim. Xüsusilə də Prezident İlham Əliyevin səylərini yüksək qiymətləndirirəm. Bizim ölkəmizlə yaranmış bu gözəl münasibətlərə və əməkdaşlığa görə təşəkkürümü bildirmək istərdim. Coğrafi nöqteyi-nəzərdən o qədər də bir-birinə yaxın olmayan ölkələr arasında belə gözəl əməkdaşlığın yaradılması doğrudan da böyük işdir. Buna görə sizə təşəkkürümü bildirmək istərdim.
Hər bir dövlətin əsas məqsədinin iqtisadi inkişafa nail olmaqla əhalinin rifahını yaxşılaşdırmaqdan ibarət olduğunu vurğulayan Monteneqro Prezidenti dövlət və özəl sektorlar arasında əməkdaşlığın genişləndirilməsində ölkəsinin təcrübəsindən danışdı. Dövlətin sosial ədalətin və ekoloji tarazlığın qorunmasında məsuliyyətinə toxunan Filip Vuyanoviç bu məsələlərdə bütün ölkələrin əməkdaşlığının önəminə də toxundu. O, qeyd etdi ki, XXI əsrin yeni iqtisadi modelində işsizliyin aradan qaldırılması, təhsilin və mədəniyyətin inkişafı mühüm əhəmiyyət daşıyır və Monteneqro inkişaf edən cəmiyyət formalaşdırmaq üçün bu amilləri diqqət mərkəzində saxlayır.
* * *
Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın Prezidenti George İVANOV dedi ki, dünya qloballaşdıqca dəyişir və bu, bütün sahələrdə öz əksini tapır. O, dünyada gedən miqrasiya problemlərinə toxundu, yoxsulluğun, baş verən münaqişələrin fonunda insanların rifahını düşünməyin aktuallığından danışdı. George İvanov ölkəsinin inkişaf mərhələləri barədə də məlumat verdi. NATO-ya üzvlük, Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsi ilə bağlı prioritetlərdən söhbət açdı. Makedoniya Prezidenti ölkəsinin Azərbaycanla enerji sahəsində əməkdaşlığa böyük önəm verdiyini vurğulayaraq bildirdi:
- Biz bilirik ki, Azərbaycan neft və qaz ehtiyatları ilə çox zəngin bir ölkədir. Biz də Azərbaycan ilə bu sahədə əməkdaşlıq etməyə çox şadıq. Bilirsiniz ki, Makedoniya da Azərbaycan kimi öz regionunda önəmli bir yer tutur, önəmli bir enerji dəhlizi rolunu oynayır. Ona görə biz Azərbaycan kimi, bu sahədə enerji marşrutlarının şaxələndirilməsinə daha çox önəm veririk.

{nl}

* **
Sonra söz Birləşmiş Ərəb Əmirliyinin Füceyra Əmirliyinin şahzadəsi Şeyx Məhəmməd Hamad bin Məhəmməd əl ŞƏRQİYƏ verildi. O dedi:
- Zati-aliləri cənab Prezident İlham Əliyev, əziz dostlar!
İlk növbədə, icazə verin bu cür vacib tədbirin təşkil edilməsi üçün göstərdiyi səylərə görə Prezident İlham Əliyevə təşəkkür edim.
Enerji təhlükəsizliyi məsələsi insan təhlükəsizliyinin təminində vacib amillərdən biridir. Mən qonaqpərvərliyinə görə cənab İlham Əliyevə çox təşəkkür etmək istərdim. Çox şadam ki, Sizinlə belə gözəl şəhərdə, gözəl ölkədə görüşə bildim. Bu gözəl forumda Birləşmiş Ərəb Əmirliklərini təmsil etdiyim üçün çox şadam.
"XXI əsrdə inkişaf üçün böyük potensial vardır",- deyən Birləşmiş Ərəb Əmirliyinin nümayəndəsi bildirdi ki, enerji təhlükəsizliyi müasir dünyada əsl insan dəyəridir, biz bunu dəstəkləyib inkişaf etdirməliyik.
* * *
İraqın Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Rouş Nuri ŞAVEYS Bakıda keçirilən bu mötəbər tədbirin dünya ölkələri arasında əməkdaşlığın genişlənməsinə yeni töhfələr verəcəyinə əminliyini bildirdi. O, ölkəsinin neft ehtiyatları, neftdən əldə olunan gəlirlərin istifadə mexanizmi, həmçinin qeyri-neft sektoruna göstərilən diqqətdən də danışdı. Rouş Nuri Şaveys İraqda aparılan demokratik proseslərə verdiyi dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edərək dedi:
- Mən zati-aliləri Prezident İlham Əliyevə təşəkkürümü bildirmək istərdim. İraqda aparılan demokratik proseslərdə dəstək verdiyinə görə Azərbaycana təşəkkürümü bildirmək istərdim. Azərbaycan bu sahədə 2003-cü ildən fəaldır. Qonaqpərvərliyinizə görə bir daha təşəkkürümü bildirirəm. Ümumiyyətlə, gözəl Bakı şəhərində dostlar arasında olmaqdan çox şadam. Forumun təşkil olunmasında səy göstərdiyinə görə Jan Pol Karterona təşəkkür etmək istərdim. Mən Heydər Əliyev Mərkəzində olmaqdan çox böyük qürur hissi duyuram. Bu binanın memarı iraqlı xanımdır. Mən bunu xüsusilə qeyd etmək istərdim.
** *
Estoniya parlamentinin sədri xanım Ene ERQMAN Sovet İttifaqının dağılmasından sonra bir çox ölkələrdə gedən iqtisadi inkişaf proseslərindən danışdı və bu baxımdan Azərbaycanda baş verən yeniliklərə heyran qaldığını vurğulayaraq bildirdi:
- Mən birinci dəfədir ki, Bakıdayam. Bilirsiniz ki, mən Sovet İttifaqı dövrünü də görmüşəm. O vaxt biz, üzr istəyirəm bu sözlərimə görə, Bakıya gəlmək istəmirdik. Düşünürdük ki, bu, neft emalı şəhəridir, burada maraqlı bir şey yoxdur. Lakin biz bu gün görürük ki, insanlar öz həyatları üçün məsələlərə məsuliyyətlə yanaşsalar, hər şey necə dəyişə bilər. Allahın verdiyi ehtiyatlardan düzgün istifadə etdikdə nəyə nail olmaq olar. Prezident İlham Əliyev demişdir ki, enerji ehtiyatlarından siyasi təzyiq, siyasi məqsəd üçün istifadə oluna bilməz. Bu, çox düzgün deyilmişdir. Ona görə ki, enerjidən iqtisadiyyatın inkişafı üçün istifadə etməliyik. Ölkələr iqtisadi vəziyyətlərini düzəltsələr, yoxsulluğu azalda bilərlər. Bunlar bir-biri ilə bağlı olan məsələlərdir. Mən sizin dediyiniz bütün məsələlərlə tam razıyam. Avropaya bir mənbədən deyil, müxtəlif enerji qaynaqları lazımdır. Siz qeyd etdiniz ki, müxtəlif dəhlizlər yaratmısınız. Müxtəlif enerji dəhlizləri üzrə layihələr həyata keçirmisiniz. Mən bunu çox yüksək qiymətləndirirəm.
Xanım Erqman Krans Montana Forumunun əhəmiyyətindən danışdı və dünyada gedən qloballaşma prosesinin müxtəlif aspektlərdən müzakirəsi üçün Bakıda keçirilən bu tədbirin münbit şərait yaratdığını vurğuladı.
* * *
Sonra forumda müzakirələr başlandı. Ötən illərdə Gürcüstanın qazandığı nailiyyətləri xarakterizə edən Prezident Mixeil SAAKAŞVİLİ ölkəsinin Azərbaycan ilə uğurlu əməkdaşlıq qurduğunu, həmçinin respublikamızın, paytaxt Bakının çox sürətlə inkişaf etdiyini vurğulayaraq dedi:
- Baxın, indi Azərbaycana. Belə inkişaf kimin ağlına gələrdi?! Estoniyadan da xanım bunu dedi. Bəli, əvvəllər - sovet vaxtı heç kim heç düşünmürdü də Bakıya o qədər gələk. Hamı düşünürdü ki, bu bir neft şəhəridir və s. Lakin hətta beş il bundan qabaq Bakı fərqli idi. Üç il bundan qabaq Bakı fərqli görünüşə malik idi. Bakı elə bir şəhərdir ki, saatlar ərzində dəyişir. Artıq aylardan, illərdən söhbət getmir. Bu, onu göstərir ki, bilirsiniz, biz bir-birimizi tamamlayırıq. Bizim aramızda, Gürcüstan ilə Azərbaycan arasında bu sinergiya, bu birləşmə, bu əməkdaşlıq bizə çox dəstək olur.
* * *
Müzakirələr zamanı Estoniya-Avropa İttifaqı əlaqələri barədə də geniş fikir mübadiləsi aparıldı.
Növbəti sual Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlandı.
- Növbəti 15 il üçün Azərbaycanın iqtisadi strukturunu Azərbaycan Prezidenti necə görür?
Prezident İlham ƏLİYEV: Çox sağ olun, təşəkkür edirəm. Əslində doğrudan da, bu, indi bizim diqqət dairəmizdə olan məsələlərdən biridir. Bilirsiniz ki, iqtisadiyyatımızın sürətli inkişafı elə enerji sahəsinin inkişafı ilə başlanmışdır. Bilirsiniz ki, Azərbaycan iqtisadiyyatına 100 milyarddan çox sərmayə qoyulmuşdur və sərmayə qoyuluşu üçün çox münbit şərait yaradılmışdır. Lakin enerji layihələrindən əldə etdiyimiz gəlirlərdən çox səmərəli şəkildə istifadə edirik. Biz "holland sindromu"nun ölkəmizdə baş verməsinə yol vermədik. Bəzi təhlilçilər proqnoz verirdilər ki, Azərbaycanda da "holland sindromu" olacaqdır. Lakin bu, belə olmadı. Biz Dövlət Neft Fondunu yaratdıq. Bu gəlirlər orada toplanır. Aktivlərimiz də orada toplanır. Biz aktiv və passivlərimizi idarə edə bilirik və Neft Fondunun idarəçiliyi parlament debatları əsasında həyata keçirilir. Yəni, deputatlar qərar qəbul edirlər ki, oradan nə qədər vəsait götürülməlidir və hara istifadə olunmalıdır. Bundan başqa, biz bu vəsaitləri əsasən layihələrin inkişaf etdirilməsi üçün xərcləyirik. Biz regionlarda, əyalətlərdə insanların yaşayış səviyyəsinin yüksəldilməsi üçün bunu sərf edirik. 2004-cü ildə qəbul olunan ən önəmli proqramlardan biri regionların inkişaf etdirilməsi dövlət proqramı idi. Bu, bizə 9 milyonluq əhalisi olan ölkədə bir milyondan çox iş yerinin yaradılmasına imkan vermişdir. Əvvəldə dediyim kimi, 8 il bundan qabaq yoxsulluq səviyyəsi 49 faiz idi, indi 7 faizdir. Gələcək onilliklər üçün bizim bununla bağlı çox aydın baxışımız vardır. Azərbaycanı 2020-2030-cu illərdə biz necə görürük?! Bizim əsas məqsədimiz son 8 ildə üç dəfə artmış ümumi daxili məhsulun daha iki dəfə artırılmasıdır və xüsusilə də bunun qeyri-neft və qaz sektorunda olmasını nəzərdə tutmuşuq. Bundan başqa, məqsədimiz İKT sahəsinin, müasir sənaye sahələrinin inkişaf etdirilməsidir. Biz Azərbaycanı adambaşına düşən yüksək gəlirli ölkəyə çevirmək istəyirik. Bir neçə il bundan əvvəl neftin qiyməti 140 dollardan 40 dollara düşəndə belə, bizim iqtisadiyyatımız güclü idi. Ona görə ki, artıq çoxşaxələnmə siyasəti həyata keçirilirdi. Bundan başqa, üç güclü reytinq şirkəti - Standard & Poor's, Fitch, Moody's Azərbaycanın reytinqini artırmışdır. Bu, o deməkdir ki, beynəlxalq maliyyə institutları da bizim gələcəyimizə inanırlar. Biz İKT-nin inkişaf etdirilməsini, texnoloji parkların, kosmos sənayesinin inkişaf etdirilməsini nəzərdə tutmuşuq. Artıq elə bir məqsədə nail olmaq istəyirik ki, gələcəkdə bizim dövlət məmurlarımız öz işlərinə başlayanda birinci neft qiymətlərinin necə olmasına baxmadan başlasınlar.
* * *
Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın Prezidenti George İVANOV ölkəsinin Avropa İttifaqı ilə əməkdaşlığının gələcəyinə böyük ümidlər bəslədiyini vurğuladı.
İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-TÜVEYCRİ Prezident İlham Əliyevə sualında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq dedi:
- Zati-aliləri cənab Prezident düzgün dedi ki, BMT Təhlükəsizlik Şurası çoxlu qətnamələr qəbul etmişdir və bu qətnamələr işğalçılardan Azərbaycan torpaqlarından çıxmağı tələb edir.
Zati-aliləri cənab Prezident bu işğalın necə, hansı yollarla bitməsini düşünür. Ona görə ki, Azərbaycanın torpaqlarının 20 faizinin işğal altında olması beynəlxalq hüquqa ziddir. Ona görə ki, bu, eyni zamanda, regionda olan sabitliyə çox böyük zərbə vurur, çoxlu sayda Azərbaycan vətəndaşlarının öz doğma torpaqlarına qayıtmasının qarşısını alır. Əlbəttə ki, bu, insanların sadəcə olaraq, ləyaqətlərinə zərbə vurur və yoxsulluğa da təsirini göstərir. Sizcə, nəyə görə beynəlxalq təşkilatlar bu qətnamələri icra etmirlər? Bu işğala son qoymaq üçün yenə nə etmək lazımdır? Qeyd olunduğu kimi, Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır. Nəyə görə biz hamımız öz səsimizi qaldırmayaq? Nəyə görə tələb etməyək ki, həmin qətnamələr icra olunsun, işğal olunan torpaqlar azad edilsin? Bu, axı, beynəlxalq ikiüzlülükdür! Yəni, ən yüksək beynəlxalq dairələrdə qətnamə qəbul etmək, sonra da onları icra etməmək. Ona görə də mən istərdim ki, bu forum öz işinin sonunda bir bəyannamə qəbul etsin. Bu bəyannamə də Azərbaycanın hüquqlarını dəstəkləsin.
Zati-aliləri, gələcəkdə biz, doğrudan da, bu dilemmanın həll olunmasının yollarını necə tapa biləriksə, bu haqda öz fikirlərinizi söyləsəniz bunu yüksək qiymətləndirərdim.
Prezident İlham ƏLİYEV: Sualınıza görə çox sağ olun cənab Əl -Tüveycri.
Doğrudan da bu, yalnız Azərbaycan üçün deyil, demək olar ki, bütün region üçün çox ciddi, böyük bir problemdir. Bu, Cənubi Qafqaz ölkələri üçün çox böyük bir təhdid, maneə yaradır. Gələcəkdə birlikdə inkişafın qarşısını alır. Bundan başqa, Azərbaycan ərazilərinin işğal edilməsi, yüz minlərlə qaçqın və köçkünün olması məsələsi çox böyük problemdir. Əlbəttə ki, buna baxmayaraq, Azərbaycanda son illər ərzində çox böyük nailiyyətlər qazanılmışdır. Biz bununla çox böyük qürur hissi keçiririk. Bu qətnamələrin icrası mənə elə gəlir ki, Ermənistanın marağında olmalıdır. Mən əminəm ki, Ermənistan bu işğaldan heç nə qazanmır. Birincisi, bu, tarixi nöqteyi-nəzərdən ədalətsizlikdir. Biz tarixdən bilirik ki, ermənilər qonşu ərazilərdən Dağlıq Qarabağa XIX əsrin əvvəlində köçürülmüşlər. "Qarabağ" sözü Azərbaycan mənşəli sözdür. Dağlıq Qarabağ inzibati ərazi vahidi inqilabdan sonra, sovet dövründə Azərbaycanın tərkibində yaradılmışdır. Onun Ermənistan ilə heç bir inzibati sərhədləri yox idi. Bu məkan Azərbaycanın daxilində, mərkəzində yerləşir. Sovet İttifaqının dağılmasından sonra ermənilər, Ermənistan, Qarabağda olan separatçılar Azərbaycana qarşı müharibəyə başladılar. Orada yaşayan bütün azərbaycanlıları Dağlıq Qarabağın özündən və ətraf rayonlardan çıxardılar və indi həm Dağlıq Qarabağı, həm də ətrafda olan rayonları işğal altında saxlayırlar. Eyni zamanda, etnik təmizləmə apardılar, mən artıq bu haqda qeyd etdim.
Ermənistan BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamələrinin icrasına başlamalıdır. Bu, onun xeyrinədir. Biz heç vaxt icazə vermərik ki, Azərbaycan ərazisində ikinci Ermənistan dövləti yaradılsın. Qətnamələr yalnız belə həll olunmalıdır və nəyə görə problem həll olunmayıb, bu da çox aydındır. Beynəlxalq birlik, Təhlükəsizlik Şurasında bu qətnamələri qəbul edən ölkələr işğalçıya kifayət qədər təsir göstərmirlər. Əlbəttə, təsir olmalıdır. İşğal aydındır, heç kim bunu inkar etmir, hamı bunu bilir. İşğala son qoyulmalıdır. Biz bu yaxınlarda bununla bağlı bəzi müsbət mülahizələr eşitmişik. Xüsusilə də, məsələn, Minsk qrupunun həmsədrləri tərəfindən. Onlar bildirirlər ki, status-kvo artıq qəbulolunmazdır. Bu, müsbət bir mülahizədir.
Bu status-kvonu necə dəyişə bilərik, kim dəyişməlidir? Ermənistan işğal olunmuş əraziləri tərk etməyə başlamalıdır, bundan sonra artıq əlaqə yarana, qaçqınlarımızın oraya köçürülməsi başlaya bilər, praktiki tədbirlər görülər. Lakin Ermənistan bunu etmir. Ancaq status-kvonun qəbulolunmazlığı ilə bağlı fikirlər artıq müsbət bir siqnaldır. Digər müsbət bir siqnal ondan ibarətdir ki, vasitəçilər bu münaqişənin yalnız sülh yolu ilə həll olunmasının mümkünlüyünü qeyd etmişlər. Biz bununla razıyıq. Lakin Ermənistanda sülh yolunu danışıqları uzatmaq, bu torpaqları istədikləri qədər işğal altında saxlamaq kimi başa düşürlər. Onlar elə zənn edirlər ki, danışıqlar hələ 20 il də gedə bilər.
ATƏT-in Minsk qrupu da bilirsiniz artıq neçə illərdir ki, yaranıb və fəaliyyətdədir. Mən bu qeyri-adi vəziyyətin yaranmasından təəssüf hissi keçirirəm. Yadınızdadırsa, Liviya barədə qətnamə bir neçə saat ərzində icra olundu. Ancaq Azərbaycanla, Dağlıq Qarabağla bağlı qətnamələr 20 ildir ki, icra olunmur. Bu nə deməkdir? Bu ikili standartlardır. Nəyə görə, səbəb nədən ibarətdir? Səbəblər haqqında çox danışa bilərəm. Səbəblərdən biri ikili standartlardır, ikincisi dünyada Ermənistan diasporudur. Bu diaspor Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini güclü şəkildə dəstəkləyir. Başqa səbəblərə gədikdə, onlar da öz rolunu oynayır. Lakin qeyd etdiyim əsas səbəblər bu səbəblərdir. Zənnimcə, bu məsələni beynəlxalq hüquqa uyğun olaraq həll etmək Ermənistanın xeyrinədir. Ona görə ki, onlar bu işğaldan heç bir bəhrə görmürlər. Orada hər şey dağıdılıb, həyat yoxdur, boşluqdur. Bundan başqa, statistik məlumatlara görə, bu ilin beş ayı ərzində minlərlə Ermənistan vətəndaşı ölkəni tərk etmişdir. Yəni, Ermənistanın əhalisi get-gedə azalır. Bunun səbəblərindən biri qonşu ölkəyə qarşı işğalçı siyasətin yürüdülməsidir. Bu, beynəlxalq aləmdə Azərbaycana qarşı həmlələr, təbliğatdır. Mən Ermənistanın qonşuluqla bağlı siyasətinin başqa cəhətlərindən danışmaq istəməzdim. Lakin demək istərdim ki, bu, qeyri-dostyana siyasətdir. Bu ölkə öz müstəqilliyindən istifadə edərək qonşuları ilə əlaqələrini, münasibətlərini normallaşdırmalıdır. Ermənistan ilə Azərbaycan arasında güclərin tarazlığı fərqi çox böyükdür. Beş-on ildən sonra bu fərq daha da böyük olacaqdır. Bu boşluq çox böyük olacaqdır, müqayisə olunmayan səviyyədə. Bu, millətlərin milli maraqlarına uyğun olan bir məsələdir. Bu, Ermənistanda gəlib-gedən liderlərlə bağlı olan bir məsələ deyildir. Bu, həmin xalqın öz milli maraqlarına cavab verməli olan məsələsidir.
Biz öz ərazilərimizin, öz suverenliyimizin bərpa olunması üçün əlimizdən gələni edəcəyik.
* * *
Forumda iştirak edən Tunisin nümayəndəsi Azərbaycanda təhsil və yeni iş yerlərinin yaradılması ilə bağlı görülən tədbirlərlə maraqlanaraq dedi:
- Mənim sualım Prezident İlham Əliyevədir. Cənab Prezident, qonaqpərvərliyinizə görə sağ olun. Bu gözəl ölkədə apardığınız işlə bağlı Sizi təbrik etmək istərdim. Mənim sualım iş yerlərinin açılması və təhsillə bağlıdır. Tunisdən olaraq demək istərdim ki, biz doğrudan da bu "Ərəb baharı"ı fəlsəfəsi ilə çox yaşadıq. Mənə elə gəlir ki, bizdə baş verən inqilabın əsas səbəblərindən biri təhsil sistemimizin uğursuzluğa düçar olması, məzun tələbələrin iş yerləri tapa bilməməsi idi.
Gələcəkdə məzun tələbələrə iş yerləri açmaq üçün hansı strategiyanız vardır?
Prezident İlham ƏLİYEV: Təşəkkür edirəm. Bu, Azərbaycan üçün önəmli məsələdən biridir. Bizim də təhsil üçün strategiyamız vardır və təhsil bizim prioritet istiqamətlərimizdən biridir. Ona görə ki, Azərbaycanda müstəqilliyin son illəri ərzində əldə etdiyimiz bütün nailiyyətlərimiz xalqımızın nailiyyətləridir. Əlbəttə ki, neft və qaz kifayət deyildir. Mən bizim həmkarlarımızın, xüsusilə də neft və qazları olmayanların bu hisslərini çox yaxşı başa düşürəm. Lakin adətən nefti və qazı olan ölkələrin bəzilərində inkişaf olmur, kasıb və zənginlər arasında boşluq artır. Lakin Azərbaycan bu ölkələrdən deyildir. Azərbaycan ümumilikdə neft və qaz hasil edən ölkələrin həcmə görə ən yüksək yeri tutan ölkələr arasında da deyildir. Buna görə də biz neft və qaz sahəsinin inkişafına çox böyük önəm veririk. Mən həmişə demişəm ki, təhsili olmayan gənclər ölkə üçün çox böyük problemlər yaradar. Biz əminik ki, ölkədə yerlərini düzgün tutan yüksək bacarıqlı, peşəkar işçilərin, əməkdaşların, insanların olması çox önəmlidir. Bizim insanlarımız təhsillidir. Bizdə əhali 100 faiz təhsillə əhatə olunmuşdur. Bundan başqa, Prezidentin Sərəncamı ilə gənclərimizə Avropa universitetlərində təhsil almaq üçün imkanlar yaradılır. Bu, Neft Fondu tərəfindən dəstəklənir və minlərlə azərbaycanlı tələbə xaricdə təhsil alır. Azərbaycanda təhsil sistemi belə yaradılıbdır. Gələcəkdə bizdə şərait elə olacaqdır ki, bu səviyyə elə artırılacaqdır ki, vətəndaşlarımızın xaricə təhsil almaq üçün getmələrinə ehtiyac qalmayacaqdır. Zənnimcə, belə forumların keçirilməsi, eyni zamanda, təhsilə də öz töhfəsini vermiş olur. Ona görə ki, burada bizim intellektuallarımız, siyasi elmlə məşğul olan gənclərimiz iştirak edəcəklər. Düşünürəm ki, bir çox gənclərimiz maraqlanırlar ki, bu binada nə baş verir və onlar da bu foruma qoşulmaq, onun işində iştirak etmək istəyirlər.
Mənə elə gəlir ki, bunun siyasi vəziyyətə, işsizliyə o qədər də birbaşa təsiri yoxdur. Bəlkə də Tunisdə bunun belə bir təsiri olmuşdur. Lakin zənnimcə, orada inqilabın səbəbi daha çox sosial və ədalət axtarışı məsələləri ilə bağlıdır, nəinki iş yerləri ilə. Mənə elə gəlir ki, gənclər daha çox istəyirdilər ki, milli sərvətlərində payları olsun. Bu paylarını ala bilmədiklərinə görə orada inqilab baş verdi. Biz müstəqilliyimizin ilk illərində çox yoxsul bir ölkə idik. Sovet İttifaqı ölkələri arasında ən yoxsul ölkələrdən biri idik. Küçələrdə insanlar "Kalaşnikov" avtomatı ilə gəzirdilər, yəni xaos idi. Təxminən 20 il bundan qabaq. Ona görə də sosial ədalət və sərvətlərin ədalətli bölgüsü hər hansı bir inqilabın, xoşagəlməz proseslərin qarşısını ala bilər. Mən bir Prezident kimi deyə bilərəm ki, bu məsələlər daha önəmlidir, hətta ümumi daxili məhsulun üç dəfə artmasından da vacibdir. Çünki bu məsələlərlə biz insanlara daha yaxın oluruq. Ona görə də təhsil, sosial ədalət, korrupsiyaya qarşı mübarizə, iqtisadi inkişaf və hamı üçün bərabər imkanlar prinsipləri çox önəmlidir. Bu prinsiplər ölkənin inkişafına gətirib çıxarmışdır və bu, gələcək üçün əsas istiqamətdir və əsas rəhbər prinsipdir. Çox sağ olun.
Monteneqronun ötən illərdə əsaslı inkişaf yolu keçdiyini konkret faktlarla diqqətə çatdıran Prezident Filip VUYANOVİÇ ölkəsinin Azərbaycan ilə də sıx əməkdaşlıq qurduğunu vurğulayaraq bildirdı:
- Monteneqro Azərbaycan ilə tamamilə yaxşı iqtisadi münasibətlərə malik olan ölkəyə çevrilməyə hazırdır. Bu, onu göstərir ki, bizim Azərbaycandan olan dostlarımız, Azərbaycandan olan şirkətlər, biznesmenlər görəcəklər ki, Monteneqro elə bir ölkədir ki, orada investorlar üçün münbit şərait yaradılmışdır. Belə ki, burada mənfəət əldə etmək üçün çox yaxşı şərait yaradılmışdır. Ona görə də bizim bu münasibətləri dəstəkləyərək, eyni tarixə malik olmağımız, eyni səylər göstərməyimiz və s. ona gətirib çıxarmışdır ki, ARDNŞ Monteneqroya da sərməyə qoyuluşunu həyata keçirdi. Mənə elə gəlir ki, bu, Azərbaycan ilə Monteneqro arasında gələcək layihələr üçün yaxşı bir zəmin yaradır. Mən sizi əmin edirəm ki, bu sərmayə qoyuluşları bizim Boko körfəzində ən yaxşı yer tutmuş olacaqdır. Bilirsiniz ki, bu, Monteneqronun ən qabaqcıl yerlərindən biridir. Burada gözəl komplekslər tikilmişdir. Mənə elə gəlir ki, bu, Azərbaycanın başqa şirkətləri üçün yaxşı nümunədir ki, onlar Monteneqroya sərmayə yatırsınlar. Zənnimcə bu, iqtisadi münasibətlərimizin gələcək inkişafı üçün yaxşı zəmindir. Mən əminəm ki, Monteneqro ilə Azərbaycanın yüksək səviyyədə siyasi münasibətləri ölkələrimiz arasında iqtisadi münasibətlərin də inkişaf etdirilməsi üçün böyük rol oynayacaqdır.
* * *
Daha sonra müzakirələrdə ərəb ölkələrində neft-qaz sektorundan əldə edilən gəlirlərin xərclənməsi istiqamətləri, Pakistan və İraqın inkişafı ilə bağlı həyata keçirilən işlər və nəzərdə tutulan tədbirlər barədə geniş fikir mübadiləsi aparıldı.
* * *
Rəsmi açılış mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Forum iştirakçılarının şərəfinə nahar verildi.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında