Azərbaycan Prezidenti İlham Əliyevin nitqi (29.06.2012)

- Hörmətli xanımlar və cənablar!
Zati-aliləri!
Mən sizin hamınızı ölkəmizdə salamlamaq istərdim. Mən Krans Montana Forumuna, onun sədri cənab Karterona təşəkkürümü bildirmək istərdim. Çox təşəkkür etmək istərdim ki, o, bu gün Azərbaycana, Bakıya təşrif buyurub və bu forumda iştirak edir.
Mən bilirəm ki, sizlərdən çoxu Azərbaycana ilk dəfədir gəlib, ilk dəfədir Azərbaycanda belə bir forumda iştirak edir. Əminəm ki, siz cəmiyyətimizdə olan bu inkişaf ruhunu, bu inkişafı özünüz hiss edəcəksiniz. Çox gözəl görəcəksiniz ki, Azərbaycanda, Bakıda hansı işlər həyata keçirilir. Azərbaycan, Bakı siyasi-iqtisadi sahələrdə dialoqun keçirildiyi, formalaşdığı yerlərdən birinə çevrilibdir. Azərbaycan, Bakı artıq çox mötəbər beynəlxalq forumların keçirilməsi məkanına çevrilmişdir. Məhz buna görə, çox şadıq.
Bakıda çox müxtəlif məsələlər, siyasi müstəvidə çox maraqlı mövzular ətrafında birgə müzakirələr, debatlar, forumlar təşkil olunur. Bunun hamısı bizim siyasətimizin nəticəsidir, eyni zamanda, bu, ölkəmizin tarixi irsidir. Ona görə ki, Azərbaycan tarixən, əsrlər boyu müxtəlif mədəniyyətlərin, müxtəlif millətlərin sülh şəraitində yaşadığı bir məkan olmuşdur. Ona görə də bizim ölkədə belə tədbirlərin keçirilməsi, müxtəlif millətlərin, mədəniyyətlərin nümayəndələrinin bir araya gəlməsi, birlikdə işləməsi, müzakirələrin, debatların keçirilməsi bizim üçün çox təbii bir haldır. Biz həmişə öz işimizlə multikulturalizmi, yəni çoxmədəniyyətlilik amilini inkişaf etdirməyə üstünlük veririk və bunun gücləndirilməsinə çalışırıq. Çünki qloballaşan bugünkü dünyada başqa bir yol, başqa bir alternativ yoxdur. Ona görə də bir daha qeyd etmək istərdim ki, müxtəlif etnik mənşəyə mənsub olan, müxtəlif mədəniyyətləri təmsil edən insanların əsrlər boyu burada birlikdə yaşaması Azərbaycan üçün təbii bir hal olub. Azərbaycan çox böyük tarixə malik olan bir ölkədir. Mən əminəm, qonaqlarımızın imkanı olacaqdır ki, onlar bizim tarixi yerlərə baş çəkə bilsinlər, Azərbaycanın tarixi abidələrini görə bilsinlər və onlara toxuna bilsinlər.
Müstəqil ölkə olaraq biz yalnız 20 ildir ki, mövcuduq. Ötən il biz müstəqilliyimizin 20-ci ildönümünü qeyd etdik. Müstəqilliyimiz bizim üçün və xalqımız üçün ən böyük xoşbəxtlikdir, ən böyük dəyərdir. Xalqımız azadlıq fikri ilə yaşayıb və bu müstəqilliyə nail olubdur. İndi Azərbaycan artıq 20 ildir ki, beynəlxalq birliyin üzvüdür və uğurla inkişaf edir. Bu 20 il ərzində həm siyasi, həm də iqtisadi sahədə çox ciddi dəyişikliklər baş vermişdir. Əvvəllər Azərbaycan həm müstəqil, həm də azad deyildi. Ona görə ki, biz totalitar bir ölkə çərçivəsində yaşayırdıq.
Ona görə, müstəqillikdən sonra bizdə siyasi müstəvidə dəyişikliklər, transformasiya baş verdi. Dövlətçiliyimizin qurulması bizim üçün çox böyük önəm daşıyırdı, bizim üçün böyük imkanlar yaratmışdı. Ancaq çoxlu çətinliklər də oldu. Lakin buna baxmayaraq, biz müstəqilliyimizin qazanılması ilə artıq möhkəm dövlətçiliyimizi yarada və iqtisadi-siyasi sahələrdə güclü transformasiyaya malik ola bildik. İndi demokratik prosesimizi inkişaf etdirir, gücləndiririk. Biz qanunun aliliyi, insan haqlarının müdafiəsi və qorunması sahələrinə çox böyük önəm veririk. Azərbaycanda bütün siyasi qurumlar, tərəflər öz fəaliyyətini uğurla davam etdirirlər.
Eyni zamanda, biz əlbəttə, iqtisadi müstəvidə də transformasiyaya çox böyük önəm vermişik və veririk. Ona görə ki, iqtisadi sahəni inkişaf etdirmədən və güclü iqtisadiyyat qurmadan siyasi islahatlar mümkün deyildir. Ona görə də biz bu islahatları paralel olaraq həm siyasi, həm iqtisadi müstəvidə apardıq. Siyasi və iqtisadi islahatlar bir-birini dəstəkləmişdir və bugünkü Azərbaycan onu göstərir ki, biz düzgün yolu seçdik və düzgün işlər gördük.
Son on il ərzində Azərbaycanda iqtisadi inkişaf dünyada ən sürətli olmuşdur. Bizim iqtisadiyyatımız üç dəfə artmışdır. Sənaye istehsalı üç dəfə artmışdır. Eyni zamanda, biz sosial problemlərin həllinə çox böyük önəm vermişik. Ona görə ki, həddən çox çətin iqtisadi islahatlar bəzi ölkələrdə insanların narazılığına səbəb olur. Lakin Azərbaycanda bu, olmamışdır. Azərbaycanda yoxsulluğun səviyyəsi son səkkiz il ərzində beş dəfə azalaraq 7 faizə enmişdir. Bundan başqa, biz onu nümayiş etdirə bildik ki, bazar iqtisadiyyatı yolu ilə inkişaf etmək sosial məsələlərin unudulması demək deyildir.
Azərbaycan sabit iqtisadiyyata malik olan bir ölkədir. Bizdə işsizlik səviyyəsi 5,4 faizdir. Xarici borc ümumi daxili məhsulumuzun yalnız 7 faizini təşkil edir. Bizim ixracımız idxalımızdan bir neçə dəfə yüksəkdir.
İqtisadi transformasiya, dəyişikliklər bizə daha çox islahatlar həyata keçirməyə imkan yaratmışdır və ölkəmizdə tamamilə yeni bir vəziyyətin yaradılmasına imkan vermişdir. Azərbaycan öz hesabına yaşayan, öz hesabına inkişaf edən ölkədir. Azərbaycan, eyni zamanda, çox önəmli xarici siyasətini də inkişaf etdirir. Zənnimcə, bu, hər bir ölkə üçün çox önəmli bir məsələdir. Xüsusilə də o ölkə üçün ki, uzun müddət, əsrlərlə müstəqil olmamışdır.
Beləliklə, regional əməkdaşlıq məsələləri, eyni zamanda, bizim üçün çox önəmlidir. Biz regional əməkdaşlığı gücləndirmək üçün bir neçə layihə başlamışıq və bu layihələr xalqımıza və qonşularımıza fayda verəcəkdir. Biz düşünürük ki, regional əməkdaşlıq regional təhlükəsizlik olmadan mümkün deyildir. Ona görə də Azərbaycanın regionda artan təsiri bölgədə stabilləşdirici amildir, onun əsasını yaratmışdır.
Müstəqilliyimizi bərpa etdikdən sonra əsas problemlərdən biri Ermənistan tərəfindən torpaqlarımızın işğalı olmuşdu. Bu, bizə çox böyük zərbə vurmuşdur. Bu, ümumiyyətlə, regionun təhlükəsizliyinə, əməkdaşlığına çox böyük zərbə vurmuşdur. Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq müstəvidə tanınmış tarixi ərazisidir və Ermənistan bu torpaqları işğal etmişdir. Ermənistan Azərbaycanın bu torpaqlarında etnik təmizləmə aparmışdır. Ümumilikdə 20 faiz torpağımız indi erməni işğalı altındadır. BMT-nin qətnamələri, Helsinki xartiyası vardır. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Bu qətnamələr Ermənistandan öz qoşunlarını dərhal Azərbaycan torpaqlarından çıxarmasını tələb edir. Lakin onlar bu qətnamələri icra etməmişlər. Avropa Şurası, ATƏT və başqa mötəbər beynəlxalq təşkilatlar belə qətnamələr qəbul etmişlər. Lakin bunlara əməl olunmamışdır. Bundan başqa, bu qətnamələrin uzun illər ərzində icra olunmaması beynəlxalq təşkilatların bu sahədə işlərinin dəyərini sual altına qoyur.
Dağlıq Qarabağ demək olar ki, Azərbaycanın mərkəzində yerləşir və münaqişə ilə bağlı qəbul edilmiş bütün qətnamələr bu torpaqların işğaldan azad olunması, oradan zorla çıxarılmış, qovulmuş insanların öz doğma torpaqlarına qaytarılması ilə bağlıdır. Bununla bağlı ATƏT-in faktaraşdırıcı missiyalarının orada keçirilən missiyaları göstərmişdir ki, bizim torpaqlarda - Dağlıq Qarabağda olan bütün tarixi, mədəni abidələr dağıdılmışdır. Lakin mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Ona görə ki, Azərbaycanın ərazi bütövlüyü BMT tərəfindən qəbul olunmuşdur. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz ərazisidir və bu, bütün beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuşdur. Dağlıq Qarabağ ayrıca bir ölkə kimi heç bir dövlət tərəfindən qəbul olunmamışdır.
Biz bu sahədə böyük diplomatik səylər görürük. Biz iqtisadiyyatımızı gücləndiririk. Əminəm ki, bütün bu amillər bizə öz suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etməyə imkan verəcəkdir. Münaqişə yalnız beynəlxalq hüququn norma və prinsipi əsasında, Helsinki Yekun Aktı əsasında həll olunmalıdır. O aktda qeyd olunmuşdur ki, ərazi bütövlüyü prinsipi xalqların öz müqəddəratını təyin etmək prinsipi ilə ziddiyyət yaratmamalıdır və xalqların öz müqəddəratını müəyyən etmək hüququ ərazi bütövlüyü prinsipi çərçivəsində həll olunmalıdır.
Bütün bu məsələlər bizim əsas prioritetlərimizdir. Bizim xarici siyasətimiz tam aydındır. Biz siyasi və iqtisadi nöqteyi-nəzərdən beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətimizi belə qururuq.
Bildiyiniz kimi, Azərbaycan bu yaxınlarda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Azərbaycan indi qlobal təhlükəsizlik məsələlərində öz səsinə malikdir. Ötən ay Azərbaycan dünyanın bir nömrəli beynəlxalq təşkilatı olan Təhlükəsizlik Şurasına sədrlik etmişdir və namizədliyimizi dəstəkləyən bütün ölkələrə təşəkkürümü bildirmək istərdim. Bu, onu göstərir ki, ötən 20 il ərzində ölkəmiz özünü etibarlı tərəfdaş kimi tanıda bilmişdir. Təhlükəsiz Şurasının qeyri-daimi üzvü seçilərkən bizi 155 ölkə dəstəkləmişdir. Bizi dəstəkləyən, Azərbaycana inanan ölkələrin etimadını doğruldacağıq. Bu seçimdən sonra mən nitq söylədim, dedim ki, Azərbaycan ədalət və beynəlxalq hüquq prinsipləri əsasında fəaliyyət göstərir. Mən onu da qeyd etdim ki, əksər hallarda beynəlxalq hüquq və ədalət pozulur. Biz istəməzdik ki, bu, belə olsun. Azərbaycan buna yol verməyəcəkdir. Ona görə ki, bütün bu pozuntular beynəlxalq birliyin böyük problemləridir. Ona görə ki, belə münaqişələrin həll olunması üçün qəbul edilən qətnamələr, sənədlər işləmirsə və beynəlxalq qurumların verdikləri qərarlar bəzi ölkələr tərəfindən nəzərə alınmırsa, onlara əməl edilmirsə, onda biz düşünməliyik ki, belə beynəlxalq qurumların, onların qərarlarının səmərəli olması üçün nə etməliyik. Hərdən elə hallar olur ki, beynəlxalq təşkilatların, məsələn, xüsusilə də Təhlükəsizlik Şurasının qərarları bir neçə saat ərzində icra edilir. Amma bizim problemimizlə bağlı təəssüf ki, bu, belə olmamışdır.
Qlobal gündəlikdə duran məsuliyyətdən biri sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasıdır. Təhlükəsizlik Şurasının üzvü olaraq Azərbaycan çox gözəl başa düşür ki, biz bu işdə çox fəal olmalıyıq. Bizim ümumilikdə əsas məqsədlərimiz əməkdaşlığı genişləndirməkdir. Biz əməkdaşlıq və birgə qarşılıqlı dəstək nəticəsində məqsədlərimizə nail ola bilərik. Bizim bu siyasətimiz, beynəlxalq məsələlərə də, enerji məsələlərinə də aiddir. Siz bilirsiniz ki, Azərbaycan böyük neft və qaz ehtiyatlarına malikdir. Bizim enerji təhlükəsizliyi siyasətimiz çox aydındır və dəqiqdir. Əminəm ki, enerji təhlükəsizliyi ilə bağlı danışıqlar başlayanda müzakirələr çox maraqlı olacaqdır. Mənə elə gəlir ki, enerji təhlükəsizliyinin qarşısını nə alırsa, onu müzakirə etməyə dəyər.
Azərbaycan bu sahədə investorlarla, sərmayə qoyan tərəflərlə, şirkətlərlə qarşılıqlı maraqlar əsasında səmərəli münasibətlərin qurulmasının tərəfdarıdır və bunu həyata keçirir. Bundan başqa, enerji siyasətinin yeni müstəvilərinin açılmasının tərəfdarıdır. Bundan başqa, Azərbaycan bu siyasəti həyata keçirməklə qarşısına iqtisadi rifaha və qarşılıqlı dəstəyə nail olmaq prinsiplərini və məqsədlərini qoyur.
Enerji amillərindən heç vaxt siyasi məqsədlərə, hansısa başqa mənfəətlərə nail olmaq üçün istifadə edilməməlidir. Bizim ölkəmizdə enerji ehtiyatlarından çox məsuliyyətli şəkildə istifadə olunur. Bizim gündəlikdə olan bütün layihələr hələ 1990-cı illərdən başlayaraq çox uğurla həyata keçirilmişdir. Biz bir neçə neft və qaz boru kəməri layihəsini həyata keçirmişik. Bunlar bu gün bizim enerji ehtiyatlarımızın müxtəlif istiqamətlərdə nəqlinə imkan yaradır. Azərbaycanın enerji ehtiyatları bəzi Avropa ölkələrinin ümumilikdə enerji balansının 25-30 faizini təşkil edir və bu rəqəm artır. Azərbaycan, əsasən neft ölkəsi kimi tanınmışdır. Belə ki, ilk dəfə nefti Azərbaycanda tapmışdılar və quruda da ilk dəfə neft Azərbaycanda hasil olunmuşdur. İndi Azərbaycan bütün qlobal enerji təhlükəsizliyi məsələlərində həm də böyük qaz ehtiyatlarına malik olan ölkə kimi tanınmışdır.
Transanadolu qaz boru kəmərinin inşasına dair Türkiyə ilə Azərbaycan arasında bu yaxınlarda imzalanmış müqavilə bunun bariz nümunəsidir. Biz bu layihənin həyata keçirilməsi ilə Xəzər dənizi, Qara dəniz və Aralıq dənizi arasında dəhliz açmış olacağıq. Bu, həm bizim üçün, həm də qonşularımız üçün bir enerji layihəsidir. Bu dəhlizdən artıq nəqliyyat infrastrukturu kimi istifadə olunmuşdur. Bu, tarixən Azərbaycan-Gürcüstan-Türkiyə arasında əlaqə yaratmaq üçün istifadə edilən bir dəhliz olmuşdur. Bu, eyni zamanda, İpək Yolunun bərpa olunmasına da öz töhfəsini verəcəkdir. Bütün bu layihələr Azərbaycanın qonşularına da fayda verəcəkdir. Biz bununla həm regionda, həm də ümumiyyətlə qitədə enerji xəritəsini dəyişmiş olacağıq. Əlbəttə ki, gündəliyimizdə olan bütün enerji layihələrini nəzərə alaraq, potensialımızı, təchizat potensialını və Avropa istehlakçılarının artan ehtiyaclarını bilirik. Bundan başqa, təbii qaza olan ehtiyac xüsusilə də nüvə enerjisi istehsalı məntəqələrinin bağlanmasından sonra daha da artacaqdır. 2020-ci ildən sonra bu, xüsusilə böyük önəm daşıyacaqdır. Azərbaycan böyük enerji ehtiyatlarına malik bir ölkə kimi həmin vaxt Avropanın enerji təhlükəsizliyində çox böyük rol oynayacaqdır. Biz hazırda bu məsələlər üzərində işləyirik. Biz bilirik ki, şaxələndirmə məsələsi nə dərəcədə önəmlidir. Ona görə ki, bu məsələ həm istehsalçılar, həm istehlakçılar və həm də bütün ölkələr üçün önəmlidir. İstehsalçı, istehlakçı və tranzit ölkələr arasında münasibətlərin düzgün qurulması uğura gətirən yoldur. Əminəm ki, bizim yeni layihəmiz uğurla həyata keçiriləcəkdir. Ona görə ki, bizim bu sahədə çox güclü iradəmiz vardır. Biz bunu bilirik. Bundan başqa, bizim lazımi maliyyə gücümüz vardır. Texniki nöqteyi-nəzərdən də biz bu sahədə çox bacarıqlıyıq. Bundan başqa, bizim regionda ənənəvi qonşularımızla, müttəfiqlərimizlə çox gözəl münasibətlərimiz vardır. Bu günə kimi, başladığımız heç bir layihə uğursuzluğa düçar olmamışdır. Ona görə də biz işimizi belə də davam etdirəcəyik.
Bilirəm ki, bu gün və sabah bizim çox maraqlı diskussiyalarımız olacaqdır. Forumun gündəliyi çox genişdir, çox mühüm məsələləri əhatə edir. Əminəm ki, sizin fikirləriniz bu müzakirələrdə yeni ideyaların, yeni yanaşmaların ortaya çıxmasına xidmət edəcəkdir. Biz gələcək üçün bu ideyaların üzərində birlikdə işləyəcəyik. Bir daha deyirəm ki, Azərbaycana xoş gəlmisiniz. Sizə uğurlar arzu edirəm. Sağ olun.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında