Bakıda Krans Montana Forumunun rəsmi açılışı olmuşdur

Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir
İyunun 29-da Bakıda, Heydər Əliyev Mərkəzində Krans Montana Forumunun rəsmi açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Bu il 23-cü dəfə keçirilən Krans Montana Forumunda Gürcüstanın, Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın və Monteneqronun dövlət başçıları, xarici ölkələrdən gəlmiş ictimai xadimlər, parlament nümayəndələri, ziyalılar, biznes dairələrinin təmsilçiləri mərasimdə iştirak etmişlər.
Tədbirin əsas məqsədi 2013-cü ildə keçiriləcək növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi ilə bağlı təşviqatın aparılması və ölkəmizin bu dialoqun mərkəzi olması barədə təbliğatın gücləndirilməsidir.
Forum 1986-cı ildə İsveçrə rəsmilərinin dəstəyi ilə yaradılan beynəlxalq təşkilatdır. Dünyada böyük nüfuza malik bu qurum BMT, Avropa İttifaqı, Avropa Şurası, həmçinin UNESCO, İSESCO və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Forumun təsisçisi və prezidenti, səfir Jan Pol Karterondur. Beynəlxalq əməkdaşlıq və dialoqa yardım məqsədilə yaradılan bu qurumun işində Azərbaycan da yaxından iştirak edir. Sivilizasiyaların kəsişdiyi məkanda yerləşən, mədəniyyətlərarası dialoqa töhfələrini əsirgəməyən ölkəmizin fəaliyyəti beynəlxalq səviyyədə, o cümlədən Krans Montana Forumu çərçivəsində layiqincə qiymətləndirilir. 2011-ci ildə Brüsseldə Krans Montana Forumunda Prezident İlham Əliyevin bu təşkilatın ən ali mükafatına - "Prix De La Fondation" mükafatına, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın forumun Qızıl medalına layiq görülmələri bunun əyani nümunəsidir. Krans Montana Forumunun bu il Bakıda keçirilməsinə qərar verilməsi də Azərbaycanın durmadan artan beynəlxalq nüfuzuna, mədəniyyətlərarası dialoqun və beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsinə dəlalət edir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva forumun işində iştirak edən dövlət başçıları və müxtəlif ölkələrin yüksək vəzifəli rəsmiləri ilə görüşdülər.
Mərasimi açan forumun təsisçisi və prezidenti, səfir Jan Pol KARTERON Bakıda keçirilən 23-cü illik toplantıda iştirak edən qonaqları salamladı. Azərbaycan Prezidentinə yaradılan yüksək şəraitə görə təşəkkür edən Jan Pol Karteron bu gün dünyanın mühüm dairələrinin Azərbaycana toplaşdığını dedi. O, 1993-cü ildən Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən və bu gün uğurla davam etdirilən proseslərin ölkəmizin inkişafı ilə nəticələndiyini bildirərək dedi:
- Mən şəxsən hesab edirəm və böyük məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, 1993-cü ildən etibarən - Prezident Heydər Əliyev bu ölkəyə rəhbərliyə gələndən sonra Azərbaycanda böyük inkişaf başlamışdır. Həmin vaxtlardan etibarən mən, həmçinin gördüm ki, o, çox böyük müdrikliyə, uzaqgörənliyə malik bir şəxsiyyətdir. Çox şadam ki, cənab Prezident, mənə belə bir fürsət qismət oldu. Biz Heydər Əliyev Mərkəzində, yeni binada bu cür nüfuzlu, mühüm, mötəbər iclasımızı keçirəcəyik və gələn iki gün ərzində müzakirələrimizi aparacağıq.
Cənab Prezident, hörmətli birinci xanım, mən gözəl bilirəm ki, Siz burada hansı fəaliyyəti aparırsınız və bu, çox yüksək səviyyəli fəaliyyətdir. Siz Brüsselə səfər etdiyiniz zaman mən Sizə və birinci xanıma bildirdim ki, gördüyünüz işlər sözün əsl mənasında möcüzəli nəticələr verir. Biz bu gün görürük ki, Azərbaycanda nələr baş verir. Biz bilirik ki, ölkəniz xüsusi əhəmiyyət kəsb edən bir oyunçuya çevrilir. Həm sosial, həm mədəni, həm də humanitar sahələrdə siz get-gedə dünyaya daha çox açılırsınız. Böyük hörmət və iftixarla mən burada birinci xanımı salamlayıram. O, Heydər Əliyev Fonduna rəhbərlik edərək bir çox mühüm sahələrdə hökumətin gördüyü işləri də üstələyərək, bütün çətinlikləri aradan qaldırır. Təbii ki, məqsəd sırf yaxşı, xeyirxah işlər görməkdən ibarət deyildir. Məqsəd ondan ibarətdir ki, burada iradə vardır, razılıq vardır. Biz bilirik ki, Heydər Əliyev Fondu bir çox işlər görür, həmçinin müxtəlif təhsil, mədəniyyət ocaqlarında yeniliklər həyata keçirir.
Biz bilirik ki, Azərbaycan Avropa İttifaqının enerji təchizatçılarından biridir. Biz görürük ki, bu gün qarşımızda həmin o tarix yazılır. İqtisadi əhəmiyyət artır. Artıq bizim əlimizdə məşəl yanır. Bu məşəl, alov artıq güclənir. Məhz belə hisslərlə, cənab Prezident, mən bildirirəm ki, bu, Sizin fəaliyyətiniz sayəsində hasilə gələn işlərdir. Buna görə də biz Sizə minnətdarıq.
Bu gün biz, həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya mükafat təqdim edəcəyik. Mən bunu çox vacib hesab edirəm. Mən bunu xüsusilə qeyd etmək istəyirəm ki, biz onun fəaliyyətinə böyük hörmət və rəğbət bəsləyirik. Biz, eyni zamanda, xüsusilə də burada digər şəxsiyyətlərin iştirakını da qeyd edirik. Bilirik ki, uğur əldə etmək, humanitar məqsədlərə çatmaq istiqamətində qarşımızda duran yol asan deyildir. Azərbaycan bu gün çox qeyri-adi nəticələr əldə edərək düzgün yoldadır. Bu məqsədlə mən, hörmətli cənab Prezident çıxışımı bitirirəm.
* * *
Sonra Azərbaycan Prezidenti nitq söylədi.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında