Prezident İlham Əliyev İstanbulda Azərbaycan jurnalistlərinə müsahibə vermişdir

İyunun 8-də Prezident İlham Əliyev İstanbulda Azərbaycan jurnalistlərinə müsahibə vermişdir. AzərTAc həmin müsahibəni təqdim edir.
- Cənab Prezident, Siz Türkiyədə zirvə toplantısı çərçivəsində çoxtərəfli görüşlər keçirmisiniz. Ümumiyyətlə, istərdik ki, bu zirvə toplantısındakı çıxışınız, bu görüşləriniz barədə məlumat verəsiniz.
- Görüşlərin hamısı çox yaxşı və uğurlu keçdi. Yəni, bu görüşlər deyə bilərəm ki, ənənəvi xarakter daşıyır. Biz öz tərəfdaşlarımızla mütəmadi qaydada görüşlər keçiririk. Bu fürsətdən istifadə edib müxtəlif görüşlər keçirildi. Həm Türkiyə Prezidenti və Baş naziri, Rusiyanın Baş naziri, Ukrayna və İran prezidentləri ilə apardığım danışıqlar çox yaxşı nəticələr verdi. Yəni, bu ölkələr ilə Azərbaycan arasında əlaqələr çox böyük tarixə malikdir və biz müxtəlif sahələrdə fəal çalışırıq. Həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq uğurludur. Bütün ölkələrlə əlaqələrimiz qarşılıqlı maraqlar və qarşılıqlı hörmət əsasında qurulub. Hesab edirəm ki, bu gün və dünən apardığım danışıqlar, keçirdiyim görüşlər, ümumiyyətlə, bu ölkələrlə Azərbaycan arasında əlaqələrin inkişafına xidmət göstərəcəkdir.
- Cənab Prezident, Siz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dəfələrlə bəyan etmisiniz ki, Ermənistan Madrid prinsiplərinə cavab verməsə, "yox" desə ölkənin mövqeyi, qəti iradəsi ortaya qoyulacaqdır. Amma Ermənistan cavab verməsə, nə baş verəcəkdir?
- Hazırda biz elə həmən o dediyiniz vəziyyətlə üzləşirik. Çünki Ermənistandan nə "hə", nə "yox" cavabı gəlir. Ona görə indiki şəraitdə yəqin ki, vasitəçilər öz qəti sözünü deməlidirlər. Çünki bildiyiniz kimi, mən bu barədə dəfələrlə öz fikrimi bildirmişəm ki, Azərbaycan prinsip etibarilə yenilənmiş Madrid prinsipləri ilə razıdır. Düzdür, o təkliflərdə müəyyən məqamlar vardır ki, onlar bizi qane edə bilməz. Amma onlar daha çox texniki və redaktə xarakteri daşıyır.
Bütövlükdə prinsiplərə baxsaq, yenilənmiş Madrid prinsiplərində Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğaldan əziyyət çəkmiş bütün insanların öz doğma torpaqlarına qaytarılması məsələləri öz əksini tapır. Ermənistandan isə cavab yoxdur və hesab edirəm ki, həmsədr ölkələr bu məsələ ilə bağlı öz qəti fikrini bildirməlidirlər. Nə vaxta qədər Azərbaycan bu cavabı gözləməlidir?! Daha doğrusu, həmsədr ölkələrin özləri nə vaxta qədər bu cavabı gözləməlidirlər?! Çünki yenilənmiş Madrid prinsipləri bizim təklifimiz deyildir, bu, üç həmsədr ölkənin təklifidir. Yəni ümid edirəm ki, bu ölkələr öz təkliflərinə hörmətlə yanaşacaqlar və son aylar ərzində danışıqlar prosesində pozuculuq fəaliyyəti aparan Ermənistana ciddi siqnallar getməlidir. Əgər biz hamımız danışıqların davam etdirilməsinə maraqlıyıqsa, onda hər hansı bir addımlar atılmalıdır. Əgər bu olmasa və əgər Ermənistan tərəfindən ya vaxt uzatma taktikası davam edərsə, yaxud da ki, rəsmi qaydada bu prinsiplərə mənfi cavab verilərsə, o zaman Azərbaycan təbii ki, bu danışıqlarda və ümumiyyətlə bu prosesdə öz iştirakının perspektivi haqqında ciddi düşünməlidir. Biz bu barədə düşünürük. Biz müxtəlif variantları nəzərdən keçiririk və çalışacağıq ki, Azərbaycanın ərazi bütövlüyünü istənilən yolla bərpa edək. Mən şəxsən şübhə etmirəm ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Məsələ ondadır ki, necə və nə vaxt?! Biz istəyirik ki, bunu tezliklə və sülh yolu ilə həll edək. Ancaq əgər Ermənistan tərəfi öz işğalçı siyasətini davam etdirmək istəsə və danışıqları sadəcə bir imitasiya prosesi kimi davam etdirmək istəsə, onda Azərbaycan əlbəttə ki, öz mövqeyində ciddi dəyişikliklər edəcəkdir.
- Cənab Prezident, dünən "Şahdəniz" qazının Azərbaycandan Türkiyəyə ixracı ilə bağlı saziş imzalandı. Ümumiyyətlə, bu sazişi Azərbaycanın enerji siyasətində mühüm bir tarixi hadisə kimi qiymətləndirmək olarmı? Bu layihənin perspektivləri ilə bağlı nə deyə bilərsiniz?
- Mən hesab edirəm ki, Azərbaycanın enerji sahəsindəki uğurları arasında bu sazişin öz xüsusi yeri vardır. Əhəmiyyət və mahiyyət baxımından bu, çox nəhəng bir layihənin həyata keçirilməsinə gətirib çıxaracaqdır. Əgər bu məsələnin maliyyə tərəfinə nəzər salsaq görərik ki, ilkin hesablamalara görə bu layihənin həyata keçirilməsi üçün 20 milyard dollar sərmayə qoyulacaqdır. Nəzərə alsaq ki, 1995-ci ildən bu günə qədər Azərbaycanın neft-qaz sektoruna 40 milyard dollar sərmayə qoyulubsa, görərik ki, bu, nə dərəcədə böyük maliyyə resursları tələb edən layihədir. Digər tərəfdən, bu layihənin icrası bizə imkan verəcək ki, Azərbaycanın zəngin qaz potensialı tam şəkildə realizə edilsin.
Hazırda hasilatımız bildiyiniz kimi, mövcud bazarların imkanları ilə məhdudlaşır. Biz hasilatı rahatlıqla, qısa müddət ərzində artıra bilərik. Ancaq qaz sahəsində, bilirsiniz ki, hasilat mövcud bazarların imkanlarına birbaşa bağlıdır. Bu bizə imkan verəcək ki, 5 ildən sonra "Şahdəniz" yatağından əlavə ən azı 16 milyard kubmetr qaz hasil edilsin və nəql olunsun. Azərbaycanın artıq çox güclü və şaxələndirilmiş qaz ixracı infrastrukturunun olduğunu nəzərə alsaq görərik ki, mövcud kəmərlərin genişləndirilməsi sayəsində biz istənilən istiqamətə istənilən həcmi ötürə biləcəyik. Bu bizə imkan verəcək ki, ölkəmizə böyük həcmdə valyuta axını təşkil edilsin. Digər tərəfdən, bildiyiniz kimi, qaz sahəsindəki əməkdaşlıq, əlbəttə ki, təkcə iqtisadi maraqlarla məhdudlaşmır. Bu, təbii ki, Azərbaycanın bölgədəki, qitədəki mövqeyini böyük dərəcədə gücləndirəcək bir amilə çevriləcəkdir.
Mən çox şadam ki, nəhayət, biz bütün məsələlər ətrafında razılığa gələ bildik. Həm Türkiyəyə əlavə qazın verilməsi məsələsi öz həllini tapıbdır, həm bundan əvvəlki dövrdə müəyyən qiymət fərqini ödəmək üçün lazımi tədbirlər nəzərdə tutulur, həm də ki, gələcəkdə əgər belə bir imkan yaranarsa, biz Azərbaycan qazını müxtəlif istiqamətlərə nəql edə biləcəyik.
Ümid edirəm ki, bizim bütün planlarımız həyatda öz əksini tapacaqdır. Bunu deməyə əsas verən odur ki, bu vaxta qədər enerji sahəsində nəzərdə tutulmuş bütün vəzifələr uğurla və vaxtında icra edilibdir.
- Cənab Prezident, Amerika Prezidentindən məktub almısınız. Bu məktuba Sizin münasibətinizi bilmək istərdim. Ümumiyyətlə, Sizin bu məktuba cavabınız olacaqmı?
- Əlbəttə, cavabım olacaqdır. Bu məktubda əks olunan məqamlar əminəm ki, Amerika-Azərbaycan əlaqələrinin perspektivlərini müəyyən edəcəkdir. Çünki məktubda həm bu vaxta qədər əldə edilmiş məqamlar öz əksini tapıb və həm də hesab edirəm ki, məktub daha çox gələcəyə ciddi bir addımdır. Məktubda sadalanan bütün istiqamətlər üzrə Amerika ilə Azərbaycan arasında əlaqələrin çox böyük tarixi vardır. Əlaqələrimiz son bir-iki il ərzində formalaşmayıb. Bu əlaqələrin çox böyük tarixi vardır. Həm sülhməramlı əməliyyatlarda rolumuz, enerji sahəsində təşəbbüslərimiz, - hansılar ki, bax bugünkü sazişin də imzalanmasına gətirib çıxardı, - bütövlükdə Azərbaycan tərəfindən 1990-cı illərin ortalarında başlanmış enerji siyasətimiz dünyanın enerji xəritəsini dəyişdirdi. Yəni, bunu biz etdik və bu gün biz bu müsbət təcrübə əsasında digər layihələr ətrafında çalışırıq və işləyirik.
Amerika ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin gündəliyi çox genişdir. Mən ümid edirəm ki, biz gələcək illərdə iki tərəfi razı sala biləcək əməkdaşlığa yeni, əlavə amilləri daxil edəcəyik.
Məktub çox xoşniyyətlidir. Biz məktubda göstərilən bütün məsələlər ətrafında gələcək əməkdaşlığımızı davam etdirəcəyik.
- Cənab Prezident, Siz Vladimir Putin ilə də görüşdünüz. Düzdür, bunu nə qədər inkar etsə belə, Qarabağ münaqişəsinin həllində Rusiyanın da rolu vardır. Yəni, münaqişənin həllinin tezləşdirilməsində Rusiyanın iradəsindən də çox şey asılıdır. Bu görüşdə, həmin məsələlərə toxunuldumu?
- Əslində, bildiyiniz kimi, bu məsələ ilə məşğul olan Minsk qrupunun həmsədr ölkələri ilə Azərbaycan arasında mütəmadi qaydada ikitərəfli məsləhətləşmələr aparılır. Həm Amerika, həm Fransa, həm də Rusiya nümayəndələri ilə müxtəlif səviyyələrdə məsləhətləşmələr aparılır. Heç bir ölkə bu məsələnin həllində öz rolunu inkar etmir, yəni onu hansısa yollarla fərqləndirmir. Biz də öz növbəmizdə, burada heç bir ayrı-seçkiliyə yol verə bilmərik. Bizim üçün bütün həmsədr ölkələr bir qrup şəklində mövcuddur. Yəni, biz onları belə qəbul edirik və əlbəttə ki, hər bir ölkənin öz imkanları vardır. Təbii Rusiya, yeganə ölkədir ki, Azərbaycan ilə qonşudur, yəni bu bölgədə yerləşir. Rusiya həm Xəzər, həm Qafqaz ölkəsidir, həm də ki, qonşumuzdur. Şübhəsiz ki, bu bölgədə yerləşən ölkənin özünəməxsus imkanları və təsir mexanizmləri vardır.
Ancaq buna baxmayaraq, mən yenə də demək istəyirəm ki, biz heç vaxt bu üç ölkəni bu məsələ ilə bağlı bir-birindən ayırmamışıq, yəni Minsk qrupu vahid bir orqanizmdir. Onun həmsədrləri də vahid mövqedən çıxış edirlər və onların verdikləri təkliflər fərdi xarakter daşımır. Yəni, bu, ümumi təkliflərdir.
Əlbəttə, biz bütün həmsədr ölkələrdən gözləyirik ki, onlar Ermənistan tərəfinə çox ciddi təsir edəcəklər. Çünki hazırda danışıqlarda yeni bir dövr başlayır. Bu dövr başqa dövrlərdən fərqlidir. Bütün başqa dövrlərdə, 1992-ci ildən, Minsk qrupunun yaranması tarixindən bu günə qədər danışıqlar aparılırdı. Baxmayaraq ki, danışıqlar müxtəlif təkliflər əsasında aparılırdı, bu, bir proses idi. Bu gün biz o mərhələyə gəlmişik ki, artıq son Praqa prosesinin nəticəsi olan yeniləşmiş Madrid prinsipləri əsasında hazırlanmış təkliflər masanın üstündədir.
Azərbaycan tərəfi bunu qəbul edir, Ermənistan tərəfi bunu qəbul etmir. Qayıdıram sizin əvvəlki sualınıza, əgər bu belə davam edəcəksə, onda nə isə baş verməlidir. Nə baş verə bilər?! Burada çox da böyük seçim yoxdur. Ya məsələ belə asılı vəziyyətdə qalacaqdır. Yəni status-kvo davam edəcək ki, biz bunu heç cür qəbul edə bilmərik. Status-kvo dəyişməlidir. Ya danışıqlar bir görüntü üçün, imitasiya üçün davam etdirilməlidir ki, Azərbaycan heç vaxt buna da razı olmayacaqdır. Mən dəfələrlə demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O vaxta qədər iştirak edəcəyik ki, nəticəyə çatmaq ümidimiz olacaqdır. Ya da ki, məsələ dondurulmuş vəziyyətdən çıxıb başqa bir müstəviyə keçəcəkdir. Yəni sirr deyil ki, bu da hərbi variantdır. O heç vaxt istisna olunmurdu, bu gün də istisna olunmur və biz bu varianta da hər zaman hazır olmalıyıq. Ona görə indiki dövrün öz məntiqi və öz əhəmiyyəti vardır. İndiki dövrdə həm Ermənistan, həm də həmsədr ölkələr tərəfindən atılacaq addımlar bax, bu məsələnin hansı yolla həll olunmasını müəyyən edəcəkdir.
Biz çox istəyirik ki, həmsədr ölkələr öz nüfuzundan, təsir imkanlarından istifadə edib Ermənistan tərəfinə ciddi siqnallar göndərməklə onları vadar etsinlər ki, yenilənmiş Madrid prinsiplərini qəbul etsinlər və biz bunun əsasında sülh müqaviləsi üzərində işə başlayaq.
- Cənab Prezident, Türkiyənin Baş naziri mətbuat konfransında bildirdi ki, Siz Aralıq dənizində baş verən hadisələrlə bağlı Türkiyəyə böyük dəstək olursunuz. Bu fikri Sizin öz dilinizdən eşitmək istərdik.
- Bu barədə mən bu gün çıxışımda da öz fikirlərimi söylədim. Bildiyiniz kimi, Azərbaycan bu qanlı hadisəyə reaksiya verən ilk ölkələrdəndir və bu belə də olmalı idi. Çünki biz hər zaman Türkiyənin yanındayıq. Biz bütün məsələlərdə Türkiyəyə həmişə dəstəyimizi əsirgəməmişik və bu gün də bu dəstəyi veririk. Beynəlxalq sularda mülki vətəndaşlara qarşı edilən bu qanlı hadisə, bu hücum əleyhinə öz səsimizi ucaltmışıq. Bu gün də mən çıxışım zamanı bunu bir daha ifadə etdim. Biz bu hücumu pisləyirik. Biz Türkiyə ilə, türk xalqı ilə öz həmrəyliyimizi ifadə edirik, şəhidlərin yaxınlarına başsağlığı veririk. Hesab edirik ki, ciddi araşdırmalar aparılmalıdır və cinayətkarlar məsuliyyətə cəlb olunmalıdır. Yəni burada bizim mövqeyimiz, bir daha demək istəyirəm ki, birmənalıdır, qətidir və bizimlə Türkiyə arasında qardaşlıq münasibətlərimizə, beynəlxalq hüquqa əsaslanır. Biz əlbəttə, hesab edirik ki, Türkiyəyə müttəfiq sayılan ölkələr də eyni mövqedən çıxış etməlidirlər. Bilirsiniz, bu, bir həqiqət anıdır. Yəni bu çətin anlarda dostlar, əsl dostlar öz mövqeyini bildirməlidirlər. Əgər hər şey yaxşıdırsa, yəni bu həyatda da belədir, çox adam yaxşı sözlər deyə bilər, amma çətin gündə, yəni seçim qarşısında olan günlərdə həm ölkələr, həm də ki, insanlar öz mövqeyini bildirməlidirlər. İnsanlar üçün də, ölkələr üçün də mövqe çox vacibdir, yəni prinsipial mövqe. Azərbaycan bütün zamanlarda, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyini heç vaxt gizlətməmişdir. Bizə yaxın olan ölkələrə aid bütün məsələlərdə biz öz səsimizi ucaltmışıq və bu, haqq-ədalət səsi olmuşdur. Heç vaxt Azərbaycan hansısa qanunsuz hərəkəti dəstəkləməmişdir və eyni zamanda, qanunsuz hərəkətlərə biganə olmamışdır, xüsusilə Türkiyə ilə münasibətlərimizdə.
Eyni münasibəti biz Türkiyədən görürük. Yəni Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra bu günə qədər həmişə Türkiyə bizim yanımızda olubdur, həmişə bizə ən böyük dəstəyi Türkiyə veribdir. Bu gün də bu, belədir. Bəzən Türkiyə ilə Azərbaycan arasında olan münasibətlərə müdaxilə etmək istəyən qüvvələr olur. Onlar bəzən bir görüntü yarada bilərlər, amma işin mahiyyətinə təsir edə bilməzlər. Əfsuslar olsun ki, Türkiyə mətbuatında və o cümlədən, bəzi hallarda Azərbaycan mətbuatında bu son bir il ərzindəki vəziyyətlə bağlı çox nalayiq və çirkin yazılar dərc edilmişdir. Biz buna heç cür yol verə bilmərik. Biz yol verə bilmərik ki, bizi istəməyən qüvvələr burada hansısa süni bir məsələni qabartmaqla Türkiyə-Azərbaycan münasibətlərinə zərrə qədər zərbə vursunlar. Yəni bu mümkün deyil və bugünkü hadisələr, Türkiyə-Azərbaycan əlaqələrinin bugünkü vəziyyəti bunu əyani şəkildə sübut edir.
Bu yaxınlarda Türkiyənin Baş naziri Azərbaycana rəsmi səfər etmişdir. Səfər zamanı böyük öndər Mustafa Kamal Atatürkün Bakının mərkəzində abidəsinin açılışı olmuşdur. Yəni belə hadisələr çoxdur. Bizim aramızda olan əlaqələr, sözün əsl mənasında, qardaşlıq əlaqələridir. Ona görə də biz hər an öz dəstəyimizi verməliyik və əminəm ki, bundan sonra da belə olacaqdır.
- Cənab Prezident, Soçi danışıqlarından sonra bildiyiniz kimi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində müəyyən durğunluq yaranıb. Bilmək istərdik ki, Sizin Ermənistan prezidenti ilə yaxın zamanlarda görüşünüz planlaşdırılırmı?
- Hələ ki, bu barədə heç bir təklif olmamışdır. Bildiyiniz kimi, Soçidən sonra, ümumiyyətlə, heç bir görüş keçirilməmişdir. Baxmayaraq ki, Soçidə Ermənistan prezidenti verilən təklifə münasibət bildirmək üçün iki həftə vaxt istəmişdir. Ancaq artıq altı ay keçibdir, hələ heç bir xəbər yoxdur. Ona görə belə bir görüş yaxın zamanlarda planlaşdırılmır. Hər halda, bu barədə bizə heç bir təklif verilməmişdir.
- Çox sağ olun, cənab Prezident, bu gərgin iş qrafikinizdə bizə vaxt ayırdınız. Çox sağ olun.
- Sağ olun. Mənim mətbuat nümayəndələri ilə görüşlərim, necə deyərlər, o qədər də fəal deyildir. Ancaq buna baxmayaraq, mən həmişə sizinlə görüşməyə hazıram, sadəcə olaraq, Bakıda yəqin ki, fürsət olmur. Ya da ki, mən demək istədiyim məsələlərə digər yollarla vaxtaşırı toxunuram, fikirlərimi bildirirəm.
Mən sizin də fəaliyyətinizi yüksək qiymətləndirirəm. Qeyd edim ki, sizin dünənki sualınız da Aralıq dənizindəki hadisələrə Azərbaycanın münasibətini açıqlamaq üçün bir imkan yaratdı. Azərbaycan haqqında həqiqətləri çatdırmaq bizim ümumi işimizdir. Əfsuslar olsun ki, bəzi hallarda xarici mətbuatda bizə qarşı çox ədalətsiz və qərəzli mövqe nümayiş etdirilir. Bunun müxtəlif səbəbləri vardır. İndi mən onların çoxunu heç açıqlamaq istəmirəm. Ümumiyyətlə, buna bəlkə də əhəmiyyət verməməliyik. Ancaq digər tərəfdən, biz buna qarşı öz həqiqətlərimizi qoymalıyıq. Ölkəmiz haqqında reallıqlar, ölkədə gedən proseslər, ölkənin inkişafı diqqətə çatdırılmalıdır. Bəzi hallarda xarici kütləvi informasiya vasitələrində bu, ya danılır, ya da təhrif edilmiş şəkildə təqdim olunur və beləliklə istər-istəməz ölkə haqqında reallığı əks etdirməyən bir rəy formalaşır. Düzdür, biz dövlət olaraq buna əhəmiyyət vermirik. Çünki mən hesab edirəm, əsas məsələ odur ki, biz öz işimizi davam etdirək. Əgər biz əminik ki, bu iş ölkəmiz üçün lazımdır, heç bir şeyə baxmadan bunu etməliyik. Azərbaycanın bugünkü reallıqları və əldə edilmiş nailiyyətlər onu göstərir ki, seçdiyimiz yol düzgün yoldur. Baxmayaraq ki, son illər ərzində müxtəlif tərəflərdən bəzi təzyiqlər, yumşaq desək, bəzi tövsiyələr oldu, yaxud hər halda cəhdlər göstərildi. Ancaq onların heç biri bizi əsas ana xəttimizdən döndərə bilmədi. Bizim yolumuz müstəqillik, inkişaf yoludur. Azərbaycan xalqı öz taleyini özü müəyyən edir və müəyyən edəcəkdir. Azərbaycan o ölkələrdəndir ki, öz hesabına yaşayır və ildən-ilə daha da yaxşı yaşayacaqdır. Sadəcə olaraq, biz istəyirik ki, ölkəmiz haqqında reallıqlar dünya ictimaiyyətinə çatdırılsın. Ola bilər ki, bizim haqqımızda qərəzli mövqedə olan qüvvələr hələ bir neçə il öz fəaliyyətini davam etdirsinlər. Ancaq bizim reallıqlarımızı danmaq mümkün deyildir. Vaxt keçdikcə, imkanlarımız, xarici əlaqələrimiz genişləndikcə Azərbaycan haqqında real vəziyyəti danmaq mümkün olmayacaqdır.
Hər halda keçirdiyim bütün görüşlərdə, nəinki bu gün və bundan əvvəlki dövrlərdə, bütün xarici səfərlərdə, ən yüksək səviyyədə apardığım danışıqlarda mən Azərbaycan haqqında ancaq müsbət fikirlər eşitmişəm. Ən önəmlisi odur ki, Azərbaycan cəmiyyətində də, prinsip etibarilə, gələcək inkişafla bağlı fikir ayrılığı yoxdur. Yəni Azərbaycan cəmiyyəti də bu məsələdə vahid mövqedən çıxış edir. Biz elə etməliyik ki, hər birimiz öz sahəsində, gündəlik həyatda ölkəmizin qüdrətini artıraq, müstəqilliyimizi möhkəmləndirək və Azərbaycan xalqının rifah halının yaxşılaşmasına çalışaq. Bu işlərdə bütün Azərbaycan xalqına uğurlar arzulayıram.
- Çox sağ olun, cənab Prezident!
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında