İyunun 8-də İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin görüşü olmuşdur.
Azərbaycan Prezidenti İlam ƏLİYEV Ukrayna Prezidentinə müraciətlə dedi:
- Gələcəkdə fəal, konstruktiv iş görüləcəyinə ümid edirəm. Ölkələrimiz arasında gözəl tarixi münasibətlər vardır. Bizim şəxsi münasibətlərimiz bundan sonra da mühüm rol oynayacaqdır. Bizim üçün Ukrayna ən yaxın dost və tərəfdaşdır. Mən əminəm ki, ən yaxın gələcəkdə biz əməkdaşlığımızın yaxşı nəticələrini görəcəyik.
Ukrayna Prezidenti Viktor YANUKOVİÇ Azərbaycan dövlətinin başçısına müraciətlə dedi:
- Sizi görməyimə şadam. Hesab edirəm ki, Ukrayna ilə Azərbaycan arasında ənənəvi münasibətlər, Sizinlə şəxsi dostluq münasibətlərimiz ölkələrimizin münasibətlərinə yeni şərait yaradacaq, deyərdim ki, bu münasibətlərə dinamika verəcəkdir. Mən buraya Sizi böyük məmnuniyyətlə növbəti dəfə görmək, ikitərəfli ticari-iqtisadi əlaqələrimizi müzakirə etmək üçün gəlmişəm. Əlbəttə, 2009-cu ildə əmtəə dövriyyəsinin azalması bizim ölkələrin real potensialına uyğun deyildir. İndi bizim vəzifəmiz əmtəə dövriyyəsinin əvvəlki səviyyəsini bərpa etməkdir. Hazırda o, təxminən 1 milyard dollar səviyyəsindədir. Fikrimcə, biz ən yaxın vaxtlarda əmtəə dövriyyəsini ən azı iki dəfə artıra bilərik.
Hörmətli cənab Prezident, mən çox şadam ki, ölkənizin iqtisadiyyatı kifayət qədər davamlıdır və bu, son illərdə Sizdə yaranmış sabitliyin sayəsində mümkün olmuşdur. Mən razılıq hissi ilə qeyd etmişəm ki, hətta gərgin 2009-cu ildə də Sizdə ümumi daxili məhsulun artımı 9 faizdən çox olmuşdur. Bu, çox böyük nailiyyətdir. Faktiki olaraq, Siz qısa bir dövr ərzində adambaşına ümumi daxili məhsulun həcmini iki dəfə, hətta iki dəfədən çox artırmısınız. Əlbəttə, güman edirəm ki, Azərbaycan xalqı bunu hiss edir. Əminəm ki, bu, daxili siyasətdə bir sıra məsələlərin həllinə şərait yaradır, cəmiyyəti və insanları birləşdirir. Bu, çox yaxşı haldır. Son illərdə Ukraynada bu hal çatışmırdı. Biz Sizə yaxşı mənada həsəd aparırıq. Lakin zənnimcə, indi Ukraynada yeni dövr başlanmışdır və əlbəttə, bu dövr bizim ticari-iqtisadi münasibətlərimizdə, ölkələrimizin, xalqlarımızın münasibətlərində özünü müsbət cəhətdən göstərəcəkdir. Bu gün mən Sizi görməyə, əla təşkil edilmiş bu tədbirdə Sizi salamlamağa şadam. Ümid edirəm ki, ən yaxın vaxtlarda Sizi bir daha görəcəyəm, əlbəttə, bu dəfə artıq Ukraynada.
Prezident İlham ƏLİYEV xoş sözlərə görə təşəkkür edərək dedi:
- Ölkəmiz haqqında xoş sözlərinizə görə sağ olun, Viktor Fyodoroviç. Siz tamamilə haqlısınız. Böhranlı 2009-cu ildə biz yüksək nəticələr nümayiş etdirdik. Sevindirici haldır ki, biz buna o vaxta qədər yaradılmış baza əsasında nail olduq. Bizim iqtisadiyyatımız 20-25 faiz artmışdır. Bizim iqtisadiyyat sabitdir və hətta bu il kredit agentlikləri Azərbaycanın kredit reytinqini artırmışlar. Bu onu göstərir ki, biz iqtisadiyyatı şaxələndirməyə və davamlı artıma nail olmuşuq. Siz tamamilə haqlısınız ki, burada əsas amil sabitlik - həm siyasi sahədə, həm iqtisadiyyatda sabitlik və vəziyyətin proqnozlaşdırıla bilməsi, eləcə də investisiya imkanlarıdır. Ona görə də əlbəttə, çox istəyirik ki, ikitərəfli iqtisadi potensial tam bərpa olunsun. Biz buna çox ümid bəsləyirik.
Ukrayna bizim üçün yaxın dost və tərəfdaşdır, strateji tərəfdaşdır. Əvvəlki onilliklərdə biz uzun illər boyu birgə yaşamışıq. Müstəqil dövlətlər kimi də biz həmişə bir-birimizə kömək etmişik. Sizinlə bizi şəxsi dostluq münasibətləri bağlayır. Bu dostluq artıq neçə illərdir ki, davam edir. Əminəm ki, Sizin rəhbərliyiniz altında dost Ukrayna xalqı böyük uğurlar qazanacaqdır. Əminəm ki, Siz Ukrayna hökumətinə başçılıq edərkən olduğu kimi, həm sənayenin, həm də iqtisadiyyatın inkişafına nail olacaqsınız. Bunun üçün hər cür imkan, ən başlıcası isə siyasi əzmkarlıq vardır.
Mən Sizi yenidən görməyimə çox şadam. Əminəm ki, yaxın illərdə bu cür görüşlər həm Ukraynada, həm də Azərbaycanda çox olacaqdır və biz bu cür möhkəm baza əsasında, xalqlarımızın bir-birinə qarşılıqlı rəğbəti və meyli sayəsində dostluğa, qarşılıqlı maraqlara, xalqlarımıza fayda gətirən amillərə əsaslanan münasibətlər quracağıq. Sizi bir daha şəxsən öz adımdan yüksək Prezident vəzifəsinə seçilməyiniz, Ukrayna xalqının Sizə göstərdiyi etimad münasibətilə təbrik etmək istəyirəm. Bu, Sizə münasibətin və Sizə bəslənilən ümidin əsas göstəricisidir. Əminəm ki, bütün bu ümidlər doğrulacaqdır.
Viktor YANUKOVİÇ: Sağ olun.
AzərTAc{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.