Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Şəhər Gömrük İdarəsinin inzibati binasının açılışında iştirak etmişdir

Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Şəhər Gömrük İdarəsinin inzibati binasının açılışında iştirak etmişdir. 
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Asəf Məmmədov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, Naxçıvan Şəhər Gömrük İdarəsi 2001-ci ildə yaradılmışdır. Qurum bu vaxtadək uyğunlaşdırılmış binada fəaliyyət göstərmişdir. Tikintisinə ötən il başlanılan Naxçıvan Şəhər Gömrük İdarəsinin inzibati binası ən müasir avadanlıqla təchiz edilmişdir.
Üçmərtəbəli bina gömrük orqanlarının tanınma nişanında əksini tapan açar formasında inşa olunmuşdur. Burada xidməti otaqlar, server və tədris otaqları, arxiv vardır. Müşahidə otağında quraşdırılan 22 nəzarət kamerası ilə eyni vaxtda müşahidə aparmaq mümkündür. Binadakı iclas, konfrans və akt zalları da müasir tələblər səviyyəsində yaradılmışdır. Elektron lövhələr, proyektorlar və digər informasiya texnologiyaları qurğuları ilə təchiz edilən bu zallarda müxtəlif beynəlxalq görüşlərin, seminarların və tədbirlərin keçirilməsi üçün geniş imkanlar vardır. İnzibati binada gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə, texniki nəzarət vasitələri, həmçinin statistika və informasiya texnologiyaları bölmələri yerləşir.
Qeyd edildi ki, dörd hektar ərazidə yerləşən bu kompleksdə inzibati bina, yük xətti, rəsmiləşdirmə binaları və gömrük laboratoriyası, kinoloji xidmət yaradılmışdır. Yük xəttində geniş platforma və ümumi sahəsi 2097 kvadratmetr olan iki anbar tikilmişdir. Anbar binalarında "Rapiskan" tipli rentgen qurğuları quraşdırılmışdır. Anbarın kompyuterləri vasitəsilə mərkəzdən buradakı prosesə birbaşa nəzarət etmək mümkündür. Yük xəttində xüsusi saxlanma şəraiti tələb edən malların yerləşdirilməsi üçün hər birinin tutumu beş ton olan iki soyuducu anbar yaradılmışdır. İdarənin həyətində ən müasir tələblərə cavab verən tərəzi quraşdırılmışdır. Ərazidə yarımstansiya, qazanxana vardır. Bu kompleks daxili və beynəlxalq yükdaşımaları həyata keçirən nəqliyyat vasitələrinin şəhərə girmədən hərəkətinə şərait yaradır, xarici ticarətin inkişaf etdirilməsi, idxal-ixrac prosedurunun sadələşdirilməsi və ümumilikdə gömrük işinin keyfiyyətinin artırılmasında mühüm rol oynayır.
Dövlətimizin başçısına inzibati binanın birinci mərtəbəsində yaradılan avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi bölməsindəki şərait barədə məlumat verildi. Bildirildi ki, avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi "bir pəncərə" prinsipi ilə həyata keçiriləcəkdir. Bölmədə gömrük işçiləri, brokerlər, dövlət yol polisinin və notariat xidmətinin əməkdaşları fəaliyyət göstərir. Bundan başqa, burada bank filialı vardır və post-terminal quraşdırılmışdır. Bölmədə yaradılan şərait vətəndaşa cəmi 20 dəqiqə ərzində avtomobilinin rəsmiləşdirilməsini tam yerinə yetirməyə imkan verir. Bu, ilk növbədə insanların rahatlığı, digər tərəfdən isə şəffaflıq baxımından böyük əhəmiyyət kəsb edir. Bölmədəki xüsusi məlumat köşkündə isə vətəndaşlar gömrük bəyannaməsi yaza, çap edə və gömrük ödənişlərinin eyniləşdirilməsi nömrəsi, qanunvericilik aktları barədə Azərbaycan, ingilis və rus dillərində ətraflı məlumat əldə edə bilərlər.
Diqqətə çatdırıldı ki, idarənin gömrük rəsmiləşdirilməsi və nəzarəti şöbəsi də müasir tələblər səviyyəsində qurulmuşdur. Kompleksdə operativliyin və şəffaflığın təmini üçün müraciət edən şəxslərin qəbulu ardıcıllığının müəyyən olunmasına xidmət edən elektron növbə sistemi və infoköşk yaradılmışdır. Bu köşkdə vətəndaşlar bəyanetmə və rəsmiləşdirməni elektron formada həyata keçirə bilərlər. Bu bölmənin fəaliyyəti də "bir pəncərə" prinsipi ilə aparılır. Burada gömrük işçiləri ilə bərabər, brokerlər, baytarlıq, fitosanitar və karantin xidmətlərinin əməkdaşları da vətəndaşlara xidmət edəcəklər. Bölmə ən son texniki nəzarət vasitələri ilə təchiz olunmuşdur. Buradakı bəzi müasir vasitələr Cənubi Qafqazın digər ölkələrində hələ ki, yoxdur. Narkotik və partlayıcı maddələrin, həmçinin gizli saxlanc yerlərinin aşkarlanması, metal və kimyəvi maddələrin tərkibini və radioaktiv sızıntıları müəyyən edən qurğular, baxış alətləri və digər müasir avadanlıq Naxçıvan Şəhər Gömrük İdarəsi əməkdaşlarına işi ən yüksək səviyyədə həyata keçirməyə imkan verəcəkdir. Gömrük rəsmiləşdirilməsi və nəzarəti şöbəsində iclas, seminar zalları və rəsmiləşdirməyə dair biliklərin artırılması üçün tədris otağı vardır.
Prezident İlham Əliyev idarənin laboratoriyası ilə tanış oldu.
Bildirildi ki, yeni inşa olunmuş gömrük laboratoriyası da ən yüksək standartlara cavab verir. İkimərtəbəli binada laborator analizlərin götürüləcəyi ayrıca bölmələr və xidməti otaqlar inşa olunmuşdur. İkinci mərtəbədə laborator analizlərin aparılacağı spektrometriya, atom absorbsiya, nümunə və mühitlərin hazırlanması, bakterioloji əkin, inkubasiya, mikroskopiya, avtoklavlama və yuma, xromatoqrafiya, radioloji, fiziki-kimyəvi tədqiqat otaqları, mikrobioloji laboratoriya fəaliyyət göstərir. Burada Cənubi Qafqazda yeganə olan geni dəyişdirilmiş malların təyini və mikrobioloji laboratoriyası yaradılmışdır. Avropanın və ABŞ-ın aparıcı şirkətlərinin istehsalı olan avadanlıqla təchiz edilən laboratoriyalar beynəlxalq sertifikata malikdir.
Diqqətə çatdırıldı ki, idarənin həyətində geniş abadlıq işləri görülmüş, yaşıllıq zolaqları salınmışdır.
Naxçıvan Şəhər Gömrük İdarəsində yaradılan şəraitdən razılığını bildirən Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında