Prezident İlham Əliyev Nəsimi Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etmişdir

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nəsimi Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etmişdir.
Rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev Prezident İlham Əliyevə məlumat verdi ki, yeddi mərtəbədən ibarət yeni bina ən müasir tələblər səviyyəsində inşa edilmişdir. Ümumi sahəsi 5 min kvadratmetr olan bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilmişdir. Müasir memarlıq üslubunda yüksək zövqlə inşa olunmuş binanın interyeri Azərbaycanın zəngin təbiətini əks etdirən fotolarla bəzədilmişdir. Binadakı otaqların hamısı müasir tələblər səviyyəsində qurulmuşdur. Burada, həmçinin üç müşavirə zalı, arxiv, rabitə otaqları, yeməkxana, 25 avtomobillik yeraltı qaraj da yaradılmışdır.
Prezident İlham Əliyev Nəsimi Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının rəmzi açılışını bildirən lenti kəsdi.
Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulmuş, Azərbaycanın dövlət rəmzlərinin əks olunduğu stendlər yaradılmışdır. Foyedə, həmçinin ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətini əks etdirən fotoguşə vardır. Fotoguşədə ümummilli lider Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin Nəsimi rayonunda müxtəlif illərdə keçirilən tədbirlərdə iştiraklarını əks etdirən fotolar böyük maraq doğurur.
Dövlətimizin başçısı binada quraşdırılan elektron idarəetmə və məlumat bazası ilə tanış oldu. Bildirildi ki, Prezident İlham Əliyevin "elektron hökumət"in yaradılması barədə tapşırıqlarına uyğun olaraq, icra hakimiyyətinin elektron idarəetmə və məlumat bazasında vətəndaşların ərizə və şikayətlərinin qəbulu da reallaşacaqdır. Rayonun hər bir sakini icra hakimiyyətinin binasına gələrək bu sistem vasitəsilə elektron ərizə yaza və müvafiq şöbəyə göndərə bilər. Bununla yanaşı, vətəndaşlar bu sistemdən internetlə rayon icra hakimiyyətinin rəsmi saytına və ya bu bazaya daxil olaraq evlərindən birbaşa müraciət edə bilərlər.
Prezident İlham Əliyev vətəndaşların qəbulu otağı ilə tanış oldu.
Diqqətə çatdırıldı ki, vətəndaşların qəbulunu operativ və səmərəli həyata keçirmək üçün burada geniş imkanlar vardır. Qəbul otağında ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsi barədə maraqlı kitablar toplanmışdır. 300 yerlik akt zalı ən müasir standartlar səviyyəsində qurulmuşdur.
Müşavirə zalı ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, burada bütün lazımi inventar və avadanlıq quraşdırılmışdır. 65 yerlik müşavirə zalındakı şərait ən müasir tələblərə cavab verir. Yeni inzibati binada işçilərin normal fəaliyyəti üçün geniş və hərtərəfli imkan yaradılmışdır. Binada ekspo-mərkəz də vardır. Mərkəzdə paytaxtımızın keçmiş və müasir vəziyyətini əks etdirən maraqlı fotolar yerləşdirilmişdir. Gələcəkdə burada rayon məktəblilərinin müxtəlif sərgilərinin keçirilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev yeni inzibati binanın operativ idarəetmə mərkəzi ilə tanış oldu. Mərkəzdə rayonun maketinə baxan dövlətimizin başçısına məlumat verildi ki, maket xüsusi proqramla təchiz edilmişdir. Rayon ərazisində yerləşən bütün tikililər barədə proqram vasitəsilə məlumat almaq mümkündür. Xüsusi proqram rayondakı bütün mənzil istismar sahələrinin ərazilərinin bölgüsünü aydın göstərir. Təbii fəlakətlərin, istehsalat qəzalarının, dağıntıların yaranması təhlükəsi baş verəcəyi təqdirdə mərkəzdə idarəetmənin, xəbərdarlığın və rabitənin təşkili sxemi də yaradılmışdır. Rayon ərazisində hər hansı bir hadisə baş verdikdə mərkəzdə yaradılan şərait birbaşa xüsusi proqram vasitəsilə aidiyyəti orqanlarla qısa zamanda videoəlaqənin yaradılmasına imkan verir.
Dövlətimizin başçısına rayon ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri barədə də məlumat verildi.
Sonra Prezident İlham Əliyev yeni inzibati binanın qarşısında əsaslı təmir edilən parkla tanış oldu.
Bildirildi ki, bu ərazidə geniş yenidənqurma işləri həyata keçirilmiş, ətraf abadlaşdırılmışdır. Ümumi sahəsi 6 min 760 kvadratmetr olan parkın 4 min 560 kvadratmetr ərazisi tamamilə yenidən qurulmuşdur. Parkda geniş yaşıllıq zolaqları salınmış, fəvvarələr quraşdırılmış, sakinlərin səmərəli istirahəti üçün hər cür şərait yaradılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında