Mayın 3-də Nyu-Yorkda Prezident İlham Əliyevin adından Azərbaycan Respublikasının BMT-yə üzv qəbul olunmasının 20-ci ildönümü və ölkəmizin 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə rəsmi qəbul təşkil edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, BMT-nin Baş katibi Pan Gi Mun, ABŞ-ın nüfuzlu siyasi və ictimai xadimləri mərasimdə iştirak etmişlər.
Bu tədbir Azərbaycan-BMT əməkdaşlığının verdiyi töhfələri təhlil etmək, onun nəticələri barədə müzakirələr aparmaq baxımından xüsusi əhəmiyyəti ilə diqqəti cəlb etdi.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edən BMT-nin Baş katibi Pan Gi Mun ilə görüşdü.
Mərasimə dəvət olunan qonaqlar da Azərbaycan Prezidenti ilə görüşərək ölkəmizin BMT-yə üzv qəbul olunmasının 20 illiyi və BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbriklərini çatdırdılar. Bu, bir daha ölkəmizin dünya birliyində tutduğu mövqenin möhkəm təməllər üzərində qurulduğunu göstərdi. Həmçinin bütün beynəlxalq təşkilatlarla, o cümlədən BMT ilə səmərəli əməkdaşlıq quran Azərbaycanın beynəlxalq aləmdə qazandığı etimadın və dəstəyin nümayişinə çevrildi.
Bu il ölkəmizin BMT-yə qəbul olunmasının 20-ci ildönümüdür. 1992-ci il martın 2-də BMT Baş Məclisinin 46-cı sessiyasında Azərbaycanın təşkilata üzv qəbul olunması haqqında qətnamə qəbul edilmişdir. Nyu-Yorkda - BMT-nin iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın bayrağı qaldırılmışdır. Mayın 6-da isə təşkilatda Azərbaycan nümayəndəliyi fəaliyyətə başlamışdır. Ötən müddətdə qurumla əməkdaşlıq Azərbaycanın dünya birliyinə sıx inteqrasiyasına nail olmaq və ölkəmizin beynəlxalq mövqeyini möhkəmləndirməklə yanaşı, həm də Ermənistanın təcavüzkar siyasətini ifşa etməyə geniş imkan yaratmışdır.
Dövlətimizin başçısı mərasimdə çıxış etdi.
{nl}
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı
{nl}
- Xanımlar və cənablar!
Hörmətli qonaqlar, hörmətli dostlar!
Dəvətimizi qəbul edib bu gün axşam bizimlə olduğunuza görə, sizə çox minnətdaram. Belə bir möhtəşəm ziyafəti təşkil etməkdən və sizin hamınızı burada görməkdən böyük şərəf hissi duyuram.
Burada uzun illərdən bəri tanıdığım insanları, bir çox dostları, o cümlədən yeni dostları görürəm. Əminəm ki, hamımız bu günü hələ çox xatırlayacağıq. Bu gün biz Azərbaycanın müasir tarixində iki mühüm hadisəni qeyd edirik. İyirmi il öncə Azərbaycan BMT-nin üzvü oldu. Ötən il isə ölkəmiz bu təşkilatın Təhlükəsizlik Şurasına üzv seçildi. Həmin iki əlamətdar hadisə bu gün qeyd olunur. Bir neçə gün öncə Azərbaycan Təhlükəsizlik Şurasında sədrliyi qəbul etdi.
Mən bizə səs verən və etimad göstərən, xüsusilə seçki prosesinin ən mühüm məqamında bizi dəstəkləyən şəxslərin hamısına təşəkkürümü bildirmək istəyirəm. Rəqabət isə çox güclü və ədalətli idi. Azərbaycan səslərin çoxunu topladı. Bu, müstəqillik illərində göstərdiyimiz səylərin qiymətləndirilməsidir. Bu, son iyirmi il ərzində kəskin surətdə dəyişmiş, qarşısında olduqca böyük məqsədlər qoymuş və bu məqsədlərə çatmağa çalışan müasir gənc ölkəyə göstərilən dəstəyin rəmzi oldu. Biz iyirmi il öncə müstəqil ölkəyə çevrildik. Xalqımızın böyük tarixi, mədəniyyəti və adət-ənənələri vardır. Lakin biz müstəqil deyildik. İyirmi il öncə dövlətimizi, dövlətçiliyi qurmaq, qonşularımız və dostlarımızla sülh və dostluq şəraitində həyatımızı yaşamaq fürsəti bizə nəsib oldu.
İyirmi il ərzində baş verən dəyişikliklər göstərdi ki, Azərbaycan böyük uğurlar əldə edib. Biz siyasi sistemdə böyük dəyişikliklərə nail olduq və köklü siyasi islahatlar həyata keçirdik. Bu gün Azərbaycan bütün siyasi azadlıqları - mətbuat azadlığını, ifadə azadlığını, azad interneti, dini azadlığı təmin edən müasir, demokratik və açıq ölkədir.
Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Biz bundan qürur hissi duyuruq. Bu, bizim keçmişdən qalan irsimizdir. Siyasi sistemdən asılı olmayaraq, həyatımızın bütün dövrlərində Azərbaycan dinlərin və xalqların qovuşduğu, bir ailə kimi yaşadığı məkan olub. Biz çox fərəhlənirik ki, həmin iyirmi il ərzində biz keçmişimizin bu mühüm irsini nəinki qoruyub saxlamağa, o cümlədən əməkdaşlıq, qardaşlıq və tərəfdaşlıq ruhunu gücləndirməyə nail olduq.
Biz multikulturalizm ideyasına, müxtəlif mənşəyə və dini köklərə malik olan insanların birgə yaşamasına və müasir ölkənin qurulmasına həsr olunmuş bir çox beynəlxalq tədbirləri də keçiririk.
Biz olduqca ciddi iqtisadi layihələri həyata keçirmişik. Bu isə, gündəliyimizin çox mühüm hissəsi olub. Çünki biz planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçməli idik. İyirmi illik dövr ərzində bazar iqtisadiyyatının payı ümumi daxili məhsulda 80 faizi ötüb. Bu gün isə biz inkişafı və iqtisadi islahatların nəticələrini, həqiqətən, hiss edirik. Son on ildən az müddətdə ümumi daxili məhsul 3 dəfə artmışdır. Sənaye istehsalı da 3 dəfə artmışdır. Yoxsulluq səviyyəsi təxminən 50 faizdən 7,6 faizə düşmüşdür. İşsizlik səviyyəsi 5,4 faizdir. Biz "Holland sindromu"na məruz qalmadıq və yalnız enerji sektorundan asılı olmamaq məqsədilə iqtisadiyyatımızı şaxələndirdik.
İqtisadi islahatlarımızı davam etdirəcəyik. Çünki ölkə əhalisi üçün bu islahatların faydasını görürük. Çox məmnunuq ki, beynəlxalq maliyyə təsisatları ölkəmizdə görülən işlərə dəstək verirlər və bunu qiymətləndirirlər. Xüsusən də, iqtisadi və maliyyə böhranının baş verdiyi illərdə "Standard & Poor", Fitch" və "Moody's" kimi əsas beynəlxalq maliyyə təsisatları kredit reytinqimizi yaxşılaşdırmışlar. Bu gün iqtisadiyyatımız əvvəlki illərə nisbətən daha rəqabətədavamlıdır. Bu gün iqtisadiyyatın şaxələndirilməsi artıq reallıqdır. Biz İKT-nin inkişafı kimi məsələlər üzərində işləyirik, kosmos sənayesini yaradırıq, bir sözlə, iqtisadiyyatımızı müasir və inkişaf edən iqtisadiyyata çeviririk. Məqsədimiz dünyanın inkişaf etmiş ölkələri sırasında olmaqdır. Artıq 3 dəfə artmış ümumi daxili məhsulu gələn 10 il ərzində daha 2 dəfə artırmaq və yüksək gəlirli ölkəyə çevrilmək məqsədimiz vardır.
Biz, həmçinin sosial problemlərin həlli üzərində çalışırıq. Əsas sosial problemlərdən biri qaçqın və məcburi köçkünlərlə bağlı vəziyyətdir. Artıq 20 ildir ki, Ermənistanın təcavüzündən və torpaqlarımızın işğalından əziyyət çəkirik. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi hələ də işğal altındadır. BMT-nin Təhlükəsizlik Şurası məsələ ilə bağlı 4 qətnamə qəbul edib. Əfsuslar olsun ki, onlar hələ də icra olunmayıb. Ermənistan onlara məhəl qoymur. Həmin qətnamələrdə erməni silahlı qüvvələrinin ərazilərimizdən qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə əsas təhlükədir. Bu, regionda böyük ədalətsizlikdir və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Azərbaycan BMT-yə 20 il öncə suveren və bütöv ölkə kimi daxil oldu. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. O, hər zaman Azərbaycanın tarixi hissəsi olub. O, hüquqi baxımdan Azərbaycanın ayrılmaz hissəsidir. Əlbəttə ki, biz ərazi bütövlüyümüzün bərpasını, qaçqın və məcburi köçkünlərimizin doğma yerlərinə qayıtmasını istəyirik.
Ölkəmizin problemləri və nailiyyətləri haqqında çox danışa bilərəm. Lakin ən vacibi odur ki, bizdə 20 il öncə yaranmış fürsətdən düzgün istifadə olunmuşdur. Biz müstəqilliyimizi gücləndirə bildik, iqtisadiyyatımızda dəyişiklik etdik, siyasi təsisatları qurduq, dostlarımızla yaxşı tərəfdaşlıq əlaqələri yaratdıq.
Bu gün gözəl Nyu-York şəhərində çıxış edərək bildirmək istəyirəm ki, biz Birləşmiş Ştatlarla ikitərəfli münasibətlərimizə böyük əhəmiyyət veririk. Bu münasibətlərin böyük tarixi var və onlar bir çox sahələri əhatə edir. Biz siyasi inkişaf, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və bütövlükdə təhlükəsizlik məsələləri və antiterror əməliyyatları ilə bağlı fəal əməkdaşlıq edirik. Azərbaycan Birləşmiş Ştatların etibarlı tərəfdaşıdır və 20 illik dövr ərzində bu münasibətlər hər iki tərəf üçün strateji tərəfdaşlıq münasibətlərinə çevrilib. Əminəm ki, əlaqələrimizin gələcəyi də çox uğurlu olacaqdır. Hazırda biz regional miqyaslı mühüm məsələlər üzərində işləyirik.
Regionun aparıcı ölkəsi kimi güclü iqtisadiyyata malikik. Təhlükəsizlik Şurasının üzvü olan Azərbaycan qlobal işlərdə öz rolunu oynamağa hazırdır.
Əlbəttə ki, regional səviyyədə irəli sürdüyümüz istər siyasi, istər iqtisadi, istərsə də enerji və digər sahələrdə təşəbbüslər yeni vəziyyət yaradır. Enerji təşəbbüslərimiz regional enerji xəritəsini dəyişir və regionda çiçəklənməyə, proqnozlaşdırmaya doğru aparır. Biz qonşularımızla sülh şəraitində yaşamaq istəyirik və dostlarımızla əməkdaşlığı gücləndirmək arzusundayıq. Bir neçə ay öncə beynəlxalq ictimaiyyət və BMT ailəsi bizə öz böyük dəstəyini verdi. Biz Təhlükəsizlik Şurasına seçildik. Bu gün mən bizə dəstək verən bütün ölkələrə minnətdarlığımı bildirmək istəyirəm. Seçilmək üçün biz 16 turdan keçməli olduq. Çox güclü rəqiblərimiz var idi. Bu, güclü, lakin ədalətli rəqabət oldu. 155 ölkənin dəstəyini almaqdan qürur hissi duyuruq.
Mən bizə səs vermiş bütün tərəflərə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bu dostluq, dəstək, eləcə də ölkə daxilində və qlobal səviyyədə gördüyümüz işlərə verilən qiymətin rəmzidir. Bu, həmçinin böyük məsuliyyətdir. Gələn iki il ərzində biz bu məsuliyyəti Təhlükəsizlik Şurasındakı tərəfdaşlarımızla bölüşəcəyik. Sizi əmin edə bilərəm ki, Azərbaycan Təhlükəsizlik Şurasının fəal və konstruktiv üzvü olacaqdır. Seçildiyimiz zaman mən bəyanat verərək xalqımızı təbrik etdim və bildirdim ki, Azərbaycan Təhlükəsizlik Şurasında ədalət və beynəlxalq hüququ müdafiə edəcəkdir. Bir daha sizi, dostlarımızı əmin etmək istəyirəm ki, biz bu prinsiplərə sadiqik, sülh və beynəlxalq əməkdaşlığa, sabitlik və inkişafa töhfə vermək üçün əlimizdən gələni edəcəyik.
Çox sağ olun, əziz dostlar. Bizimlə olduğunuza görə minnətdaram. Sizə ən xoş arzularımı çatdırıram. Sağ olun.
* * *
Sonra Prezident İlham Əliyevin adından Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 20-ci ildönümü və ölkəmizin 2012-2013-cü illər üçün BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə ziyafət verildi.
{nl}
AzərTAc
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.