- Hesab edirəm ki, ikinci rübdə işlər daha da sürətlə gedəcəkdir. Çünki adətən, hər ilin birinci rübündə işlərin başlanması prosesi gedir və eyni zamanda, Dövlət İnvestisiya Proqramı da birinci rübdə təsdiq edilir. Ümid edirəm ki, ikinci rübdə Dövlət İnvestisiya Proqramı daha da dolğun icra ediləcəkdir. Ümumiyyətlə, belə bir təklif irəli sürüldü. Mən də bunu dəstəkləyirəm ki, Dövlət İnvestisiya Proqramı hər ilin sonunda təsdiqlənsin ki, ilin ilk aylarında biz vaxt itirmədən işə başlaya bilək.
İkinci rüb ilə bağlı bütün vəzifələr bəllidir, bütün göstərişlər verilibdir, bütün proqramlar vardır. Makroiqtisadi sabitlik qorunmalıdır, 3,1 faiz inflyasiya bayaq dediyim kimi, yaxşı göstəricidir. Çalışmalıyıq ki, inflyasiyanı ilin sonuna qədər birrəqəmli səviyyədə saxlayaq. Əlbəttə, əhalinin pul gəlirləri daim inflyasiyadan üstün olmalıdır.
Nəzərə alsaq ki, bu il və gələn il əmanətlərin qaytarılması prosesi aparılacaqdır, əlbəttə, inflyasiyaya daha da böyük təkan verə biləcək amillər də olacaqdır. Əlavə yükdür, 1 milyard manata yaxın vəsait dövriyyəyə buraxılacaqdır. Elə etməliyik ki, istehsal qiymətlərinə nəzarət daha da güclü olsun. Bu nəzarət güclənir, istehsal qiymətlərinin səviyyəsi, demək olar ki, sabitdir. Hətta ənənəvi bayramlarımız ərəfəsində də bizim müvafiq qurumlar çalışırlar ki, qiymətləri sabit saxlasınlar. Çünki əvvəlki illərdə bayram ərəfəsində qiymətlər qaldırılırdı və bayramdan sonra da qiymətlər enmirdi. Beləliklə, hər il ildə iki dəfə - ən azı iki dəfə qiymətlər süni şəkildə şişirdilir. Biz bu xoşagəlməz meyillərlə ciddi mübarizə aparırıq və aparacağıq. Qiymətləri süni şəkildə şişirtmək istəyənlərə qarşı mübarizə daha da ciddi olmalıdır. Onlara qarşı cəza tədbirləri daha da təsirli olmalıdır.
Yenə də deyirəm, əmanətlərin qaytarılması inflyasiyaya əlavə təkan verəcək, eyni zamanda, maaşlar və pensiyalar qaldırılır. Keçən il orta pensiya təxminən 40 faiz artırılmışdır və pensiya islahatları bundan sonra da aparılacaqdır. Hazırda Azərbaycanda orta pensiyanın səviyyəsi 150 manat və ya 190 dollardır. Orta maaş 370 manat, yəni 470 dollardır. Bu, artır, getdikcə daha da artacaq və beləliklə, qiymətlərin normal səviyyədə qalmasına daim diqqət göstərilməlidir.
Burada, əlbəttə, müasir yanaşmalara keçid də böyük əhəmiyyət daşıyır. Posterminalların quraşdırılması, nağdsız ödəmələrin daha da geniş yayılması prosesi sürətlə getməlidir. Müvafiq göstərişlər verilmişdir və vergilər naziri çıxışında qeyd etdi. Qısa müddət ərzində 20 minə yaxın posterminal tətbiq edilib. Hazırda bu proses geniş vüsət alıbdır. Əminəm ki, bu posterminalların fəaliyyətə başlamasının nəticəsidir. Ümumiyyətlə, bizim həm istehlak bazarımız, həm maliyyə sistemimiz daha da şəffaflaşacaqdır.
Bir məsələyə də toxunmaq istəyirəm. Bizdə indi maaşların, pensiyaların mütləq əksəriyyəti plastik kartlarla ödənilir. Ancaq pensiyanı alan pensiyaçı dərhal gedir o terminaldan o vəsaiti nağd şəkildə çıxarır. Nəyə görə? Çünki birinci növbədə bu, psixoloji bir məsələdir. Buna bir növ öyrəşmək lazım idi. Digər tərəfdən, o kartla bir çox yerlərdə o, öz alış-verişini apara bilmir. Posterminallar olmadığı üçün bu kartlar sadəcə olaraq bir funksiyanı daşıyırdı ki, pensiyaların, əməkhaqlarının verilməsi zamanı xoşagəlməz hallara son qoyulsun.
Çünki hamımız yaxşı xatırlayırıq ki, əvvəllər maaş, pensiya kassirlər vasitəsilə verilirdi və xoşagəlməz hallar kifayət qədər çox idi. Əslində, bu, bir ənənəyə çevrilmişdi. Hər bir maaş alan özünü borclu hesab edirdi ki, kassirə maaşından pul versin. Nə üçün o pulu verməli idi?! O, kassirin babasının puludur?! O, dövlətin puludur. Ancaq bir ənənə yaranmışdı və bu, geniş vüsət almışdı. Biz hamımız bunu yaxşı bilirik. Ona görə, maaşların, pensiyanın plastik kartlarla verilməsi artıq buna son qoydu. Ancaq maaşın, pensiyanın kartlarla verilməsi təkcə bu məqsədi güdmürdü. Eyni zamanda, nağdsız ödəmələrin genişlənməsinə yol açmalı idi. Ona görə, posterminalların geniş şəkildə tətbiq edilməsi Bakıda, böyük şəhərlərdə və ondan sonra bütövlükdə ölkə üzrə bu məsələnin - nağdsız ödəmələrin həlli bizim bütün maliyyə sistemimizə müsbət təsir göstərəcəkdir.
Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır. Müvafiq göstərişlər verilmişdir, sərəncamlar imzalanmışdır. Beynəlxalq təcrübə tam şəkildə tətbiq edilməlidir. Burada həm inzibati tədbirlər, həm də cəza tədbirləri gücləndirilməlidir. Eyni zamanda, sistem xarakterli, institusional xarakter daşıyan islahatlar daha da sürətlə aparılmalıdır. Mübarizə bir gün, bir dəqiqə səngiməməlidir. Bu məsələ daim diqqət mərkəzində olmalıdır.
Elektron xidmətlərin geniş şəkildə tətbiq edilməsi korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə çox böyük amildir. Müvafiq göstəriş verilmişdir, sərəncam imzalanmışdır ki, bütün qurumlar elektron xidmətlər göstərsin. Ancaq mənə bu yaxınlarda verilən arayışa görə, heç də hər yerdə bu, belə deyildir. Elə qurumlar, nazirliklər vardır ki, tam şəkildə elektron xidmətləri göstərirlər. Məndəki siyahıda elə qurumlar var ki, elektron xidmətləri qismən göstərirlər. Elə qurumlar da var ki, ümumiyyətlə elektron xidmət göstərmirlər. Mən o qurumların adlarını hələ ki, çəkmək istəmirəm, iki həftə vaxt verirəm, hər bir dövlət qurumunda elektron xidmət yaradılmalıdır. Mənim sərəncamlarım şərtsiz və yubanmadan icra edilməlidir. Sərəncam verilir və hər kəs bilməlidir ki, sərəncamın icrasına nəzarət də var və bu nəzarət güclüdür.
Biz müasirləşmə siyasəti aparırıq. Biz müasir dövlət qururuq. Güclü, ancaq öz imkanlarına söykənən, müasir dövlət qururuq. Müasir dövlətə xas olan bütün məsələlər bizdə tətbiq edilməlidir, siyasi, iqtisadi islahatlarda, bütün başqa sahələrdə. Bu sahəyə çox böyük əhəmiyyət verilir. Biz korrupsiyaya və rüşvətxorluğa qarşı daha da geniş və ardıcıl mübarizə aparmalıyıq, aparırıq və aparacağıq.
Bu rübdə və əvvəlki dövrdə idxalı əvəzləyən məhsulların istehsalına diqqət göstərilir. Bu növdən olan məhsulların sayı Azərbaycanda artmaqdadır. Həm emal sahəsində, həm inşaat materialları sahəsində bizim çox güclü potensialımız, maliyyə imkanlarımız vardır. Kredit resurslarımız da kifayət qədər çoxdur. Çalışmalıyıq ki, hər bir sahədə, harada ki, mümkündür idxalı əvəzləyən məhsulların istehsalına daha da çox dəstək verək. Bu, həm özəl qurumlardan, həm dövlət dəstəyindən asılıdır. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə verilən kreditlər məhz bu məqsədi güdür. Harada ki, biz hələ özümüzü hansısa məhsullarla təmin edə bilmirik, o məhsulların istehsalına daha da çox diqqət göstərilir.
Bu ilin əvvəlində - fevral ayında regional İnkişaf Proqramı ilə bağlı keçirilən müşavirədə bütün lazımi təkliflər, göstərişlər verilmişdir. Təkrar etmək istəmirəm, sadəcə olaraq, qeyd etmək istəyirəm ki, bu məsələ daim diqqət mərkəzindədir, o vaxta qədər ki, biz daxili bazarı maksimum şəkildə öz istehsalımız hesabına təmin edəcəyik.
Bu il texnoparkların yaradılması istiqamətində çox təsirli və ciddi addımlar atılmalıdır. Bütün müvafiq göstərişlər verildi, sərəncamlar imzalandı, torpaq sahələri ayrıldı. Artıq təcrübə də vardır, Sumqayıt Texnoparkı çox gözəl təcrübədir. İndi Gəncədə, Balaxanıda və Sumqayıtda buna oxşar yeni texnoparkların salınması prosesi gedir. Mən hesab edirəm ki, bu il biz artıq konkret işlərə başlamalıyıq. Çünki bütün qanunvericilik, ondan sonra, infrastruktur bazası artıq yerindədir, torpaq sahələri də müəyyən edilibdir. Bu texnoparkların yaradılmasına biz özəl sektorun dəstəyi ilə nail olacağıq. Ancaq dövlət kredit resurslarını həmin istiqamətə yönəltməlidir ki, özəl sektor bu imkanlardan istifadə etsin. Beləliklə, yerli istehsal daha da güclənəcəkdir. Qeyri-neft sənayemizdə artım indi 16,5 faizdir, daha da artacaqdır. Biz Azərbaycanda, sözün əsl mənasında çox güclü qeyri-neft sənayesi yaradacağıq.
Artıq müxtəlif istiqamətlər üzrə işlər yaxşı gedir. Bu yaxınlarda mən yeni sement zavodunun tikintisi ilə tanış oldum. Bu sement zavodu və ondan sonra Bakıda tikilən yeni sement zavodu, Qaradağ sement zavodu, digər sement zavodları bizi sementlə tam təmin edəcək və gələcəkdə bizdə ixrac potensialı da yaranacaqdır. Ölkəmizdə belə istiqamətlər çox olmalıdır. Biz bu istiqamətləri bilirik, hədəfləri qoyuruq və hədəflərə çatmaq üçün ardıcıl fəaliyyət göstərilməlidir. Bu istiqamətdə, yəni, texnoparkların yaradılması istiqamətində işlər pis getmir. Sadəcə olaraq, mən hesab edirəm ki, bu ilin sonuna qədər artıq konkret yerlərdə işlər başlamalıdır.
Kənd təsərrüfatı birinci rübdə 3,1 faiz artmışdır. Bu artım bitkiçilikdə 6,4 faiz, heyvandarlıqda 3,2 faiz olmuşdur. Müsbət dinamika vardır. Mən hesab edirəm ki, biz kənd təsərrüfatının inkişafı üçün ən müasir texnologiyaları tətbiq etməliyik. Yenə də deyirəm ki, bölgələrə son səfərim zamanı tanış olduğum yeni aqroservis müəssisəsi çox müsbət təsir göstərir. Burada ilk növbədə, bu şirkətin quruluşu çox müsbətdir. Burada özəl və dövlət tərəfdaşlığı özünü əks etdirir, Azərbaycan Dövlət İnvestisiya Şirkəti 25 faiz paya malikdir. Azərbaycan Dövlət İnvestisiya Şirkətini biz məhz bu məqsədlə yaratmışdıq ki, yerli və xarici investorlarda daha da güclü inam formalaşsın. Mən çox şadam ki, xarici investorlar da bu sahəyə vəsait qoyurlar. Orada mənə göstərilən texnika ən müasir standartlara cavab verir, ümumiyyətlə, bu sahəyə, aqrotexniki məsələlərə yanaşma da çox müsbətdir. Yəni, əsaslı yanaşmadır. Bu müəssisə müsbət beynəlxalq təcrübənin əsasında yaradılıbdır. Mənə orada söz verildi ki, bu müəssisənin - Ağstafa Aqroservis Şirkətinin fəaliyyəti nəticəsində taxılçılıqda hər hektardan 50 sentner məhsulun götürülməsi mümkün olacaqdır. Bəlkə də ondan da çox. Əgər inkişaf etmiş, müsbət təcrübəyə malik olan ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, orada rəqəm daha da yüksəkdir. Bizdə isə ölkə üzrə məhsuldarlıq 25 sentnerdir. Çox aşağı səviyyədədir və yəni, biz bu məhsuldarlığı artıra bilmirik. Bir il artır, bir il azalır. Məhz bu məqsədlə iri fermer təsərrüfatlarının yaradılması ideyası da ortaya çıxmışdır ki, biz mövcud olan bütün torpaqlardan istifadə edək. Ancaq əgər biz bununla bərabər, məhsuldarlığa daha da böyük diqqət göstərsək, eyni torpaqdan, indi dövriyyədə olan torpaqdan iki dəfə çox məhsul götürə və beləliklə, özümüzü taxılla tam şəkildə təmin edə bilərik.
Ona görə Ağstafa aqroservis müəssisəsinin timsalında biz ölkə üzrə geniş proqram icra etməliyik. Kənd Təsərrüfatı Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə təkliflər versinlər. Lazım olarsa əlavə kreditlərin verilməsi də nəzərdə tutula bilər. Dövlət İnvestisiya Şirkətinin nizamnamə kapitalına əlavə vəsait qoyula bilər.
Mənə orada deyildi ki, yaradılan müəssisə və texniki imkanlar, aqrotexniki xidmətlər hesabına təqribən 15 min hektara yaxın əkin sahəsinə xidmət göstəriləcəkdir. Əgər biz 10, 20, 50 belə müəssisə yaratsaq bu, ərzaq təhlükəsizliyimizin təmin edilməsinə əhəmiyyətli dərəcədə şərait yaradacaq. Ona görə, hər iki nazirliyə göstəriş verirəm, birinci rübdə mənə əlavə təkliflər verin: biz harada buna bənzər aqroservis şirkətləri yarada bilərik? Dövlət buna necə dəstək ola biləcək? Biz özəl sektoru necə stimullaşdıra bilərik?!
Ağstafada daha çox xarici investor vəsait qoyub. Mən hesab edirəm ki, yerli investorlar da maraqlı olmalıdırlar. Çünki bu yanaşma hər bir iştirakçıya xeyir gətirir - həm fermerə, həm bu şirkətin fəaliyyətinin gücləndirilməsinə, həm də ki, dövlətə. Bu, iqtisadi cəhətdən çox əlverişlidir. Biz beləliklə, ərzaq təhlükəsizliyimizi təmin edəcəyik.
Biz bütövlükdə kənd təsərrüfatı ilə bağlı ən müasir yanaşmaları tətbiq etməliyik. Bizim nümayəndə heyətlərimiz bu sahədə böyük təcrübəyə malik olan ölkələrə ezam edilmişlər, onların təcrübəsini öyrənmişlər. Damcılı suvarma texnologiyalarını öyrənmişlər. Vaxt gəlib çatıb ki, biz kütləvi şəkildə bu texnologiyaları Azərbaycanda tətbiq etməyə başlayaq və bu sahədə, yenə də deyirəm, hansısa bir yenilik icad etmək əvəzinə, inkişaf etmiş, müsbət təcrübəyə malik olan ölkələrin praktikasını tətbiq etməliyik.
Bütövlükdə subsidiyalarla, ondan sonra dövlət tərəfindən verilən güzəştlərlə bağlı yeni təkliflər yəqin ki, verilməlidir. Birinci mərhələdə biz kənd təsərrüfatını, xüsusilə taxılçılığı stimullaşdırmaq üçün bu subsidiyaları ayırdıq. Həm yanacağa, həm gübrələrə, eyni zamanda, əkilən məhsullara hektarbaşı subsidiyalar pul şəklində verilir. Bu, çox müsbət təşəbbüs idi və işgüzarlığın artmasına böyük təkan verdi. Mənim təklifim ondan ibarətdir ki, biz bu subsidiyaları daha da təkmilləşdirək. Söhbət ondan getmir ki, bunu azaldaq, yaxud da ki, aradan götürək. Yox, əksinə, söhbət ondan gedir ki, bunlar daha da səmərəli şəkildə işləsin. Bəlkə buna daha da böyük məbləğ ayrılsın. Ancaq verilən subsidiyalara görə nəticə daha da təsirli olsun. İndi subsidiyaların həcmi verilən nəticə ilə uyğun gəlmir. Nəticə daha da çox və təsirli olmalıdır. Ona görə, yenə də bu sahədə islahatların dərinləşməsi üçün əlavə təkliflər verin ki, biz orada da maksimum səmərə ilə işləyək.
Ərzaq təhlükəsizliyi dedikdə biz, eyni zamanda, ərzağın keyfiyyətini də nəzərdə tuturuq. Çünki bu məsələyə də çox böyük diqqət göstərilməlidir. Son zamanlar bu sahədə ciddi dönüş yaradılmışdır. Əvvəlki dövrdə deyə bilərəm ki, bu sahə ümumiyyətlə diqqətdən kənarda qalmışdır və yoxlamaları aparan qurumlar əfsuslar olsun ki, vəzifə borclarını layiqincə yerinə yetirmirdilər. Onların yoxlamaları formal xarakter daşıyırdı. Yaxud da ki, gedib hansısa yoxlamanın aparılmasından sonra onlar qanunsuz tələblərdə də iştirak edirdilər. Beləliklə, həm yerli, həm xarici keyfiyyətsiz məhsullar bizim bazarımızı bürümüşdür.
Bu, insanların sağlamlığına çox böyük mənfi təsir göstərmişdir. Son müddət ərzində bu sahədə müsbətə doğru dəyişikliklər göz qabağındadır. Bu proses daim aparılmalıdır. Yerli sahibkarlar da bilməlidirlər ki, keyfiyyətsiz məhsul buraxsalar, onlar nəinki bazardan kənarlaşdırılacaqlar, cəzalandırılacaqlar. İdxala nəzarət daha da güclü olmalıdır. Əlbəttə ki, bu məsələnin həll yolları, yenə də deyirəm, daxili istehsalın artırılmasından keçir. Biz buna bir neçə ildən sonra nail olacağıq. Ancaq hələ ki, müəyyən dərəcədə idxaldan asılıyıq. Baxmalıyıq ki, bizə gətirilən məhsullar yüksək keyfiyyətə malik olsun. Çünki ərzaq təhlükəsizliyi, eyni zamanda, insanların sağlamlığı deməkdir. Bizim insanlar təmiz, keyfiyyətli qida almalıdırlar, təmiz, keyfiyyətli su içməlidirlər.
Bu gün səhiyyə naziri də çıxışında dedi ki, səhiyyə sisteminin təkmilləşməsinə nə qədər böyük investisiyalar qoyulur. Nə qədər vəsait qoyulur və nə qədər gözəl nəticələr vardır. Dünya Səhiyyə Təşkilatı nailiyyətlərimizi çox böyük, həvəslə qeyd edir və misal çəkir. Azərbaycanda bu sahədə görülən işlər, doğrudan da, bir örnək ola bilər. Diaqnostika mərkəzləri, rayon xəstəxanaları, mərkəzi xəstəxanalar, idman qurğuları tikilir, ekoloji tədbirlər görülür, içməli su layihələri icra edilir. Bu gün ekologiya və təbii sərvətlər naziri də bu barədə danışmışdır. Məişət tullantıları zavodu tikilir ki, havamız çirklənməsin.
Bütün bu addımlar insanın sağlamlığına birbaşa müsbət təsir göstərir. Bununla bərabər, keyfiyyətsiz ərzaq, əlbəttə ki, böyük təhlükə mənbəyidir. Mən hesab edirəm ki, bu sahəyə daha da böyük diqqət göstərilməlidir. Bir halda ki, bundan söz düşdü, bir məsələyə də diqqət yetirmək istəyirəm. Bizim televiziya kanallarımız, demək olar ki, onların hamısı indi belə verilişlər, yəni mətbəxlə, yeməklərin bişirilməsi, hazırlanması ilə bağlı verilişlər təqdim edirlər. Birincisi onu demək istəyirəm ki, bu da xaricdən gələn bir meyildir. O ölkələrdə ki, evlərdə yemək bişirilmir, onlar üçün bəlkə bu, daha da aktualdır. Təbii ki, Azərbaycanda evlərdə bişirilən yemək, indi istənilən restorandan daha da yaxşıdır, ləzzətlidir. Amma bu, bir dəbdir, bizə də gəlib çatıbdır. Mən etiraz etmirəm, olsun. Ancaq bir şərtlə ki, orada göstərilən reseptlər və yeməklərin bişirilmə qaydaları insanların sağlamlığına mənfi təsir göstərməsin. Mən o verilişlərə hərdənbir baxıram və bəzi hallarda çox ürək ağrısı ilə görürəm ki, indi yağın içində üzən yeməklər təbliğ edilir. Axı olmaz. Bu yeməkləri gündə yeyən insan xəstələnəcəkdir. Yəni, nə qədər gülməlidisə, bir o qədər də faciəvidir. Doğrudan, biz sağlam həyat tərzini təbliğ edirik. İnsanları pis vərdişlərdən çəkindirməyə çalışırıq, idmanı təbliğ edirik, siqaret çəkənə müsbət münasibət ola bilməz. Alkoqollu içkilərə aludə olanlar qınaq obyektinə çevrilməlidir. Belə olan halda, bizim bəzi kanalların insanlara verdikləri təkliflər əlbəttə ki, çox məyusedicidir.
Mən özəl kanalların siyasətinə qarışmaq fikrində deyiləm. Ancaq məsləhət verə bilərəm ki, insan orqanizmi üçün sağlam reseptləri daha çox tətbiq etsinlər.
Bu il məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğun artırılması istiqamətində çox dəyərli addımlar atılacaqdır. Bu il bu sahəyə ayrılan vəsait də rekord həddindədir. Bu il biz məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün 300 milyon manat ayırırıq. İlin əvvəlində bu məbləğ 100 milyon manat ətrafında müəyyən edilmişdir. Ancaq sonra mənim təşəbbüsüm ilə biz bu rəqəmi üç dəfə artırdıq ki, hələ də doğrudan da çətin vəziyyətdə yaşayan soydaşlarımızı daha tezliklə normal şəraitlə təmin edə bilək.
Bildiyiniz kimi, bu sahədə köklü dəyişikliklər baş vermişdir. Çadır şəhərcikləri artıq beş ildir ki, ləğv edilibdir. Yeni evlər, qəsəbələr, yaşayış binaları, məktəblər və sair tikilir. Bütün bunlar haqqında kifayət qədər geniş məlumat verilir. Bu işləri daha da sürətləndirməliyik və beləliklə, 300 milyon manat Neft Fondundan ayrılır. Əsas vəzifə odur ki, biz bu məsələyə tezliklə və keyfiyyətlə nail olaq. Çünki bu məbləğ çox böyükdür. Əlbəttə, yaxşı olardı ki, bu layihə ilin sonuna qədər tam şəkildə icra edilsin.
Bakının kənd və qəsəbələrinin inkişafı Proqramı icra edilir. Bu məsələ ilə bağlı biz ayrıca yığışacağıq, danışacağıq. Deyə bilərəm ki, bu, çox ciddi, vaxt baxımından çox məhdud Proqramdır. Bu Proqram 2013-cü ilin sonuna qədər icra edilməlidir. Çox böyük məsələlər vardır. İnfrastruktur, yollar, su-kanalizasiya xətləri, qazlaşdırma, elektrik xətləri, xəstəxanalar, tibb məntəqələri, məktəblər - yəni biz bütün qəsəbələrdə bu layihələri kompleks icra edirik. Burada da nəzarət həm şəhər icra hakimiyyəti və İqtisadi İnkişaf Nazirliyi, hökumət tərəfindən olmalıdır. İşlər yüksək keyfiyyətlə aparılmalıdır.
Enerji təhlükəsizliyi ilə bağlı məsələlər Azərbaycanda uğurla həll edilir. Biz enerji təhlükəsizliyimizi çoxdandır ki, təmin etmişik. Başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində iştirak edirik. Bu sahədə fəaliyyətimizi gələcəkdə də davam etdirəcəyik. Biz tərəfdaş ölkələrlə enerji təhlükəsizliyi ilə bağlı məsələləri qarşılıqlı maraqlar, qarşılıqlı mənfəət əsasında həll edəcəyik.
Bu gün Azərbaycan istər neft, istər qaz sahəsində çox önəmli, qlobal oyunçuya çevrilir, tərəfdaşlarımızın sayı artır. Əməkdaşlıq etdiyimiz ölkələrin sayı artmaqdadır. Azərbaycan bu sahədə çox etibarlı və çox gözəl tərəfdaş kimi tanınır. Biz bu sahədə fəaliyyətimizi davam etdirməyə hazırıq. Xarici bazarlara da çıxırıq. Xarici bazarlara böyük investisiyalar qoyulur, eyni zamanda, ölkə daxilində. Mən bizim enerji sahəsində fəaliyyət göstərən bütün qurumlara daim göstərişlər verirəm ki, ilk növbədə investisiyalar Azərbaycana qoyulmalıdır. Ən böyük investisiyalar, ilk növbədə Azərbaycana qoyulmalıdır, ondan sonra xarici bazarlara.
Birinci rübdə bu sahədə də çox vacib və deyə bilərəm ki, tarixi bir addım atıldı. Bakıda yeni neft-kimya, neftayırma və qaz emalı zavodlarının ilkin təqdimatı keçirildi. Bu layihələr üzərində Azərbaycan Dövlət Neft Şirkəti müəyyən müddətdir ki, işləyibdir. Bu layihələrin həyata keçirilməsi haqqında əvvəlki dövrdə mənim tərəfimdən göstərişlər verilmişdir. Hazırda bu göstərişlər artıq reallığa çevrilir. Bu sahəyə - sadaladığım yeni müəssisələrin yaradılmasına qoyulacaq investisiya milyardlarla ölçülür. Bəlkə, 10 milyard manatdan da artıq ola bilər.
Bu, gələcəyə yönəldilən investisiyalardır. Bu investisiyalar hesabına biz bu sahədə bütün işləri müasir səviyyədə qura biləcəyik.
Yeni böyük neftayırma zavodunun tikintisi bizə daha da keyfiyyətli məhsulun istehsalına şərait yaradacaqdır, ixrac potensialımız böyük dərəcədə artacaqdır, eyni zamanda, uzun illər fəaliyyət göstərən iki neftayırma zavodunun fəaliyyətinin dayandırılmasına da gətirib çıxaracaqdır. Buna da böyük ehtiyac vardır. Yeni neftayırma zavodu tikilməyənə qədər bu iki zavod fəaliyyətini davam etdirəcəkdir. Ancaq mən çox istəyirəm ki, tezliklə yeni neft emalı zavodu tikilsin. O zavodda ən müasir ekoloji standartlara uyğun yanacaq istehsal ediləcəkdir. Beləliklə, indiki zavodların əraziləri də abadlaşacaqdır. Çox güman ki, birinin ərazisi ümumi bulvarın genişlənməsinə veriləcəkdir. Dənizkənarı zolağı biz Zığa qədər davam etdirmək fikrindəyik. O biri zavodun ərazisində də,- indi demək bəlkə də bir qədər tezdir,- hesab edirəm ki, yeni, gözəl parkın yaradılması yerinə düşər. Biz, ümumiyyətlə, şəhərdə yeni parkların, meşə zolaqlarının yaradılmasına nail oluruq, buna böyük ehtiyac vardır. Harada mümkündür park yaradılmalıdır.
İndi vaxtilə bəzi hallarda qanunsuz tikilmiş binaların köçürülməsi prosesi gedir. Bu məsələyə də toxunmaq istəyirəm. Çünki bəzi hallarda bu məsələ ilə bağlı spekulyasiyalara yol verilir. Xüsusilə xarici mətbuatda. Bu da Azərbaycana qarşı bir növ qaralama kampaniyasının tərkib hissəsidir. Yalan məlumatlar verilir, böhtanlar yayılır. Təəssüf edirəm ki, özünü hörmətli mətbu orqan sayan telekanallar, yaxud da ki, qəzetlər bu təxribata qarışırlar.
Azərbaycanda verilən kompensasiya ən yüksək səviyyədədir. Hər kvadratmetrinə görə 1500 manat vəsait ödənilir. Deyə bilərəm ki, kompensasiya alanların mütləq əksəriyyəti bu məbləğlərlə razıdırlar. Amma təxribatçı qüvvələr vardır ki, bundan öz məqsədlərinə çatmaq üçün istifadə etmək istəyirlər. Bu, şəhərimizin ümumi abadlaşma prosesini hansısa tədbirlərlə bağlamaq istəyirlər. Bizim ümumi xəttimiz, siyasətimiz, şəhərsalma proqramlarımız vardır. Bakının inkişafı hansı istiqamətlərdə gedəcəkdir?! Bu barədə biz dəfələrlə danışmışıq, yığışmışıq. Mən Bakının yeni şəhərsalma konsepsiyasını təsdiq etmişəm. Bütün bu məsələlərə özüm baxmışam. Ona görə yenilik, quruculuq və köçürmə prosesləri artıq əvvəlki dövrdən müəyyən edilmiş qaydada aparılır. Bunun heç bir beynəlxalq tədbirlə əlaqəsi yoxdur. Biz nə qədər mümkündür hər yerdə parklar, yaşıllıq zolaqları salırıq. Şəhərin mərkəzindən köçürülən ərazilərdə avtomobil dayanacaqları, yeraltı avtomobil dayanacaqları yaradılır. Buna böyük ehtiyac vardır. Onun üstündə gözəl yaşıllıq zolaqları, parklar, ictimai yerlər tikilir və biz bu siyasəti davam etdirəcəyik.
Su və kanalizasiya layihələrinin icrası bütün ölkə üzrə gedir. Hər bir yerdə, hər bir rayon mərkəzində işlər ya başlamışdır, yaxud da ki, bu yaxınlarda başlanacaqdır.
Ancaq burada bir məsələyə toxunmaq istəyirəm. Bu, doğrudan da çox böyük layihədir. Şəhərlərimizin əksəriyyətində kanalizasiya sistemi, ümumiyyətlə, heç vaxt olmamışdır. İçməli su xətləri də heç vaxt olmamışdır. Yəni, biz bunları sıfırdan yaradırıq. O cümlədən Bakıda içməli su problemi bu gün də vardır. Düzdür, biz bu problemi müəyyən dərəcədə yaxşılaşdırdıq, əminəm ki, yaxın iki il ərzində tamamilə aradan qaldıracağıq. Bakıda içməli su, keyfiyyətli su və kanalizasiya layihələrinin icrası uğurla gedəcəkdir.
Bölgələrdə isə bu layihə rayon mərkəzlərini, şəhərləri əhatə edir. Ancaq elə rayonlar vardır ki, əhalisinin 80-90 faizi kəndlərdə yaşayır. Elə rayonlar vardır ki, rayon mərkəzi ilə kəndlərdə yaşayan əhali əlli-əlliyə bölünür. Ona görə, biz bir qədər gələcəyə baxmalıyıq. İndi biz rayon mərkəzlərini, şəhərləri kanalizasiya və içməli su xətləri ilə təmin edəcəyik. Bəs kəndlərdə necə olacaqdır? Mən başa düşürəm, bilirəm, biz bütün bu investisiya imkanlarımızı götür-qoy edirik. Bu, böyük vəsait və texniki peşəkarlıq tələb edən layihədir. Ancaq biz buna da hazır olmalıyıq.
Əlbəttə, birinci növbədə 2014-cü ilin sonuna qədər bütün şəhərlər və rayon mərkəzləri içməli su, kanalizasiya layihələri ilə təmin edilməlidir. Ancaq indidən hazırlıq işləri aparılmalıdır ki, rayon mərkəzlərinə yaxın yerləşən böyük yaşayış yerlərində də, kəndlərdə də bu layihələr icra edilsin. Burada modul tipli sutəmizləyici qurğulardan söhbət açılmışdır. Bu da bizim təşəbbüsümüz idi. Artıq yüz minlərlə insan bu layihələrin icrası nəticəsində təmiz içməli su içir. Bu layihə daha da geniş vüsət almalıdır. Lazım gələrsə, bu il biz investisiyaları bir qədər artıra bilərik ki, çayların kənarında yerləşən kəndlərdə, - təkcə Kür, Araz çaylarından söhbət getmir, - digər çayların yaxınlığındakı kəndlərdə də bu layihələr icra edilsin.
Xəzər dənizinin duzsuzlaşdırılması layihəsi başlayır. Bu da birinci təşəbbüsdür. Bildiyiniz kimi, bizim əsas su mənbələrimiz ölkəmizin hüdudlarından kənarda formalaşır. Belə olan halda Xəzər dənizinin suyundan istifadə etmək təbiidir. Baxmayaraq ki, bizim qonşu ölkələrlə əldə etdiyimiz razılaşmalar maraqlarımızı tam şəkildə təmin edir və su qıtlığı heç vaxt olmayacaqdır. Yeni rezervuarlar tikilir. Taxtakörpü su anbarı bu istiqamətdə atılan çox böyük addımdır. Şəmkirçay su anbarı həm meliorasiya, həm də içməli su məsələlərini təmin edəcəkdir. Ancaq, eyni zamanda, biz Xəzər dənizinin suyundan da istifadə etməliyik. Burada da dünya praktikası vardır. Biz bu praktikanı tətbiq etməliyik. Mən pilot layihənin icrasını gözləyirəm. Hesab edirəm ki, pilot layihədən dərhal sonra genişmiqyaslı işlər aparılmalıdır. İlk növbədə suvarma üçün, ondan sonra lazım olarsa, içməli su məsələlərinin həlli üçün də biz bundan istifadə etməliyik.
Bir məsələyə də toxunmaq istəyirəm. Bu da hesab edirəm ki, indiki zamanda çox aktualdır. İnformasiya təhlükəsizliyi. Biz enerji, ərzaq təhlükəsizliyi haqqında geniş danışırıq. Bu, çox vacibdir. İnformasiya təhlükəsizliyi də indiki dövrdə çox vacibdir. Çünki mən hesab edirəm ki, bu sahədə hələ çox işlər görülməlidir. Müxtəlif istiqamətlər üzrə işlər görülməlidir. Biz internet dövründə yaşayırıq. Bu, reallıqdır və biz bu reallığa hazırıq. Azərbaycan o ölkələrdəndir ki, burada azad internet vardır. Bunu, bəzən bizi tənqid etmək istəyənlər unutmasınlar.
İnternet istifadəçilərinin sayı getdikcə artır, 50 faizdən çoxdur. Biz indi hər bir kəndə, hər bir yaşayış məntəqəsinə genişzolaqlı internetin çəkilməsinə çalışırıq və buna nail olacağıq. Əlbəttə, informasiya təhlükəsizliyi məsələləri daha da çox aktuallaşır. Çünki qlobal informasiya məkanında informasiyalarla bərabər, təxribatlar da kifayət qədər çoxdur. Bu təxribatlar bəzi hallarda açıq, bəzi hallarda məxfi, yəni, gizli xarakter daşıyır.
Bizə qarşı informasiya müharibəsi aparılır. Bu, həqiqətdir. Mən buna tam əminəm, bu barədə iki fikir ola bilməz. Bu informasiya müharibəsinin aparılması işində, əlbəttə ki, ilk növbədə, erməni lobbisi öz fəallığı ilə seçilir. Azərbaycanı qaralamaq, Azərbaycan reallıqlarını danmaq, Azərbaycanı geridə qalmış, antidemokratik ölkə kimi dünyaya təqdim etmək cəhdləri, ilk növbədə, erməni lobbisinin çirkin əməllərindən qaynaqlanır.
Onların təsir dairəsi kifayət qədər genişdir. Onlar müxtəlif ölkələrin aparıcı mətbu orqanlarında təmsil olunurlar. Bəzən başqa familiyalarla təmsil olunurlar, öz mənşəyini gizlədirlər. Bu, indi ikinci məsələdir. İnsan öz milli mənsubiyyətini gizləməməlidir. İstənilən insan öz milli mənsubiyyəti ilə fəxr etməlidir. Amma onlar başqa ölkələrdə nədənsə bu sahədə də seçilirlər.
Bəzi hallarda Azərbaycana qarşı açıq şəkildə kampaniya aparırlar və çalışırlar ki, Azərbaycanın imicinə koordinasiya edilmiş şəkildə xələl gətirsinlər. Onların fəaliyyəti məqsədyönlüdür və bu gün erməni lobbisi üçün bir nömrəli hədəf Azərbaycandır. Bizim üçün də, bir daha demək istəyirəm ki, bir nömrəli düşmən erməni lobbisidir. Biz bu mübarizəyə də hazır olmalıyıq.
Son illər ərzində biz vəziyyəti böyük dərəcədə öz xeyrimizə dəyişdirə bilmişik. Azərbaycanın diaspor təşkilatları, bizim sağlam qeyri-hökumət təşkilatlarımız, Azərbaycanın xaricdəki səfirlikləri, bizim ictimaiyyətimiz, xarici mətbuata çıxış imkanlarımız və mövqeyimiz güclənir. Ancaq hələ ki, biz reallıqları da nəzərə almalıyıq. Erməni lobbisi Avropada və başqa ölkələrdə, böyük ölkələrdə onilliklər, bəlkə əsrlər boyu fəaliyyət göstərir, təşkilatlanmış çox aqressiv və mənfi bir qüvvədir. Bizə qarşı, necə deyərlər, mənfi informasiyanın təkanvericisi erməni lobbisidir. Erməni lobbisinin təsiri altında olan, onların çirkli pulları ilə dolanan bəzi ölkələrin siyasi xadimləridir. Biz onların adlarını bilirik, onları tanıyırıq. Onların qondarma "Dağlıq Qarabağ respublikası"na səfərlərinin sayına baxmaq kifayətdir ki, hər bir adam bilsin, nə üçün onlar oraya gedirlər. Bu, ikinci qüvvədir.
Üçüncü qüvvələr. Əfsuslar olsun ki, bəzi ölkələrdə islamofobiya meyilləri güclənir. Bu da reallıqdır. Çox mənfi reallıqdır, ancaq reallıqdır. Biz də bu reallıqla hesablaşmalıyıq. İslamofobiya meyilləri gücləndikcə müsəlman ölkələrinə münasibət də mənfiyə doğru istiqamətdə gedir. Biz bunu bilməliyik və deməliyik. İslamofobiya xəstəliyinə yoluxmuş siyasətçilərin sayı artmaqdadır. Bu qüvvələr müsbət mənada seçilən, öz müasirliyi, müstəqil siyasəti ilə fərqlənən, İslam dəyərlərinə sadiq olan ölkə kimi Azərbaycanı görəndə, əlbəttə ki, sevinmirlər, məyus olurlar. Biz bu amili də daim nəzərdə saxlamalıyıq və çalışmalıyıq ki, bu vəziyyəti öz siyasətimizlə xeyrimizə dəyişdirək.
Azərbaycanda bütün millətlərin, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Azərbaycanda multikulturalizm yaşayır. Bunu biz yaşadırıq və yaşadacağıq. Multikulturalizmin iflasa uğradığını deyən siyasətçilər islamofobiya dəyirmanına su tökmüş olurlar. Bu, çox təhlükəli meyildir. XX əsrdə buna bənzər meyillər nəyə gətirib çıxardığını biz unutmamışıq.
Bizə qarşı informasiya müharibəsi aparan digər qüvvələr sadəcə olaraq Azərbaycanın müstəqil siyasətini qəbul etməyənlərdir. Onlara elə gəlir ki, Azərbaycan kimi ölkə müstəqil siyasət aparmamalıdır. Kiminsə qanadının altına keçməlidir və müstəqil siyasətə malik olmamalıdır. Elə qüvvələr də vardır ki, biz onları tanıyırıq. Onların Azərbaycana qarşı gizli mübarizəsi gedir. Bu mübarizəni bəzi hallarda onlar açıq şəkildə yox, qorxaqcasına informasiya məkanında aparırlar.
Əlbəttə ki, Azərbaycanın müstəqil siyasəti, hər bir beynəlxalq məsələ ilə bağlı qəti mövqeyi və bu mövqeyin güclü olması dünya birliyi tərəfindən Azərbaycana göstərilən böyük hörmətdir. BMT Təhlükəsizlik Şurasına seçilməyimiz bizim böyük təntənəmizdir, zəfərimizdir. Bizi 155 ölkə dəstəklədi. Budur, dünya ictimaiyyəti. Dünya ictimaiyyəti hansısa regional təşkilat deyildir. Dünya ictimaiyyəti BMT-dir. BMT də bizi dəstəkləyir.
Əlbəttə, bizim müstəqil siyasətimizi qəbul etməyən qüvvələr vardır. Onları bizim siyasətimiz qıcıqlandırır. Onlar çalışırlar ki, yeni imkanlardan istifadə edib informasiya təxribatları ilə məşğul olsunlar, yalan, böhtan xarakterli məlumatları ötürsünlər. Mətbuat hazırda, nəinki informasiya mənbəyidir, eyni zamanda, təxribat mənbəyidir. Əfsuslar olsun ki, bu, belədir. Biz isə öz növbəmizdə buna hazır olmalıyıq. Biz hazırıq. Hər bir əsassız hücuma biz cavab verməliyik, veririk və verəcəyik.
Bir daha demək istəyirəm ki, Azərbaycan öz yolu ilə gedir. Bizə qarşı informasiya təxribatları əfsuslar olsun ki, dediyim faktlarla məhdudlaşmır. Elə qüvvələr vardır ki, bölgədə vəziyyəti qarışdırmaq istəyirlər. Elə qüvvələr vardır ki, Azərbaycanı öz qonşuları ilə üz-üzə qoymaq istəyirlər. Burada da informasiya təxribatlarından istifadə edilir. Başqa necə istifadə edə bilərlər?! Mümkün deyildir. Çünki qonşularımızla əlaqələrimiz tarixi köklərə söykənir. Biz bütün qonşularla, - Ermənistan təbii ki, istisna olmaqla, - normal, yaxşı dostluq münasibətləri yaratmışıq və bu dostluq münasibətlərini gücləndiririk, gücləndirəcəyik. Heç bir qonşumuzla problemimiz yoxdur.
Azərbaycan heç vaxt başqa ölkələrin planlarında iştirak etməyəcəkdir. Mən bunu dəfələrlə demişəm. Hələ prezidentlik dövrümün əvvəlində demişəm. Azərbaycan qarşıdurma arenasına çevrilməyəcəkdir. Kim istəyir Azərbaycanı qarşıdurma arenasına çevirsin, getsin özü üçün başqa yer axtarsın. Biz heç vaxt imkan verə bilmərik ki, ərazimizdən qonşulara qarşı hansısa mənfi planlarda istifadə edilsin və bunu hamı bilir. Belə olan halda yenə gəlir informasiya təxribatı məsələləri. Mötəbər, dünya səviyyəli mətbu orqanlarda çirkin yalanlar dərc edilir. Sonra bu yalanları təsir altında olan digər mətbu orqanlar yayır. Beləliklə, rəy formalaşır. Yaxud da ki, formalaşdırmağa çalışırlar ki, Azərbaycan bölgədə hansısa başqa planlara malikdir.
Bizim bir istəyimiz var ki, bölgədə sülh, sabitlik, əmin-amanlıq olsun. Qonşularla münasibətlər prioritet xarakter daşıyır. Biz bu bölgədə yaşayırıq və yaşayacağıq. Mən qonşulardan da Azərbaycana ancaq müsbət münasibət görürəm və buna çox şadam. Ona görə, biz bunu bilməliyik, bu barədə açıq deməliyik və buna qarşı biz öz prinsipial mövqeyimizi qoymalıyıq və qoyuruq.
Nəhayət, "Eurovision" mahnı müsabiqəsi ilə bağlı ölkəmizə qarşı mətbuatda çirkin kampaniya əfsuslar olsun ki, davam edir. Biz bu kampaniyanın arxasında hansı qüvvələrin dayandığını yaxşı bilirik. Yaxşı bilirik ki, hansı ölkənin mətbuatında bu kampaniya daha sürətlə gedir. Elə ölkələr var ki, orada nəinki hər həftə, hər gün Azərbaycan ilə bağlı çirkin, böhtan xarakterli yazılar gedir. Təbii ki, bu, əlaqələndirilmiş şəkildə aparılan bir siyasətdir. Ancaq bu siyasətin heç bir nəticəsi yoxdur və olmayacaqdır. Çünki bizim siyasətimizə təsir edə biləcək qüvvə yoxdur və nə qədər ki, mən bu kürsüdəyəm heç vaxt olmayacaqdır. Biz öz yolumuzla gedəcəyik. Müstəqillik yolumuzla, azadlıq yolumuzla gedəcəyik!
Azərbaycanda bütün azadlıqlar vardır. Bizi bəzi hallarda nədəsə, yəni, antidemokratik addımlarda ittiham etmək istəyənlər getsinlər öz ölkələrində nə baş verdiyini görsünlər. Orada hər gün, hər həftə nümayişə çıxan insanlar döyülür, əzilir, onların başı partlayır, yüzlərlə nümayişçi həbs edilir. Bu, o ölkələrdir ki, onların bəzi mətbu orqanları Azərbaycana qarşı çirkin kampaniya aparırlar. Yaxşı atalar sözü var bizdə, deyir: "Öz gözündə tiri görmür, başqasının gözündə tükü seçir". Bax, yerinə düşər bu atalar sözü.
Bizdə demokratiya da, söz azadlığı da, vicdan azadlığı da, sərbəst toplaşmaq azadlığı da vardır. İndi bütün Azərbaycan ictimaiyyəti bunu da gördü ki, ölkəmizdə sərbəst toplaşmaq azadlığı vardır. Əgər bütün bu imkanlardan istifadə etmək istəyənlər normal davranış qaydalarını gözləsələr, şəhər meriyasının göstərdiyi yerdə öz tədbirlərini keçirsələr onda sərbəst toplaşmaq hüququndan yararlana bilərlər. Mən hesab edirəm ki, şəhər meriyası çox müdrik addımlar atıbdır və nümayişlər, mitinqlər üçün ən məqbul, yəni, o insanlar üçün ən məqbul və onlara yaraşan yeri seçibdir. O yerdə istənilən tədbiri keçirmək mümkündür. Bu tədbirlər məhz o yerdə keçirilməlidir.
O ki qaldı bizim gələcək planlarımıza, bir daha demək istəyirəm ki, biz inamla qabağa gedirik. Bizə qarşı təxribatlar bundan sonra da olacaqdır. Bizə qarşı informasiya mübarizəsi bundan sonra da aparılacaqdır. Bu, bizi narahat etmir. Sadəcə olaraq, biz bu barədə danışmalıyıq, öz tədbirlərimizi görməliyik, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin etməliyik. Sağ olun.
{nl}
AzərTAc
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.