Vergilər naziri Fazil MƏMMƏDOV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
Hörmətli iclas iştirakçıları!
Dövlət müstəqilliyinin bərpasından ötən qısa tarixi dövr ərzində ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkəmizin hərtərəfli inkişafı və dünya iqtisadi sisteminə inteqrasiyası sahəsində əldə olunmuş nailiyyətlər möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək iqtisadi inkişafın Azərbaycan modelinin alternativsiz olduğunu bir daha sübut etmişdir.
Cari ildə qlobal böhranın mənfi təsirindən səmərəli şəkildə sığortalanaraq sosial-iqtisadi və mədəni modernləşməni yeni keyfiyyət mərhələsinə uğurla transformasiya edən Azərbaycanın bütövlükdə regionun ən nüfuzlu dövlətinə çevrilməsi, ilk növbədə, elmi əsaslar üzərində irəli sürülmüş milli iqtisadi inkişaf strategiyası ilə bağlıdır. Respublikanın bütün problemlərinə milli dövlətçilik kontekstindən yanaşan, cəmiyyətin ümumi inkişaf qanunauyğunluqlarını dəqiq şəkildə qiymətləndirən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev praqmatik liderlik keyfiyyətləri sahəsində yeni dövr üçün qarşıda duran prioritet vəzifələri dəqiq müəyyənləşdirmişdir.
Ölkə başçısının rəhbərliyi ilə son illər ardıcıl və sistemli şəkildə həyata keçirilən çoxşaxəli islahatlar bütün strateji əhəmiyyətli sahələrdə əsaslı dəyişikliklərə səbəb olmaqla hər bir ölkə vətəndaşının taleyində mühüm rol oynamış, respublikamızı dinamik uğur magistralına çıxarmışdır. Bütün bunların nəticəsi olaraq son illərdə müstəqil Azərbaycan həm də özünəməxsus inkişaf modeli ilə beynəlxalq qurumların, aparıcı maliyyə institutlarının diqqət mərkəzindədir.
Müstəqilliyimizin birinci onilliyində milli iqtisadiyyatın inkişafı və maliyyə bazarı karbohidrogen hasilatının artırılması fonunda formalaşsa da, ikinci onillikdən başlayaraq qeyri-neft sahələrinin sürətli artım dinamikası çoxvektorlu yüksəlişə səbəb olmuşdur.
Təsadüfi deyildir ki, Dünya İqtisadi Forumu tərəfindən 2011-2012-ci illər üçün hazırlanmış "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyinə görə MDB ölkələri arasında lider mövqeyini bir daha təsdiqləmişdir.
Dünya bazarlarında mənfi tendensiyaların davam etdiyi bir vaxtda, möhtərəm cənab Prezident, Sizin rəhbərliyiniz ilə həyata keçirilən düşünülmüş dövlət siyasəti iqtisadi sahədə ənənəvi hesab edilən neft-qaz sektoru ilə yanaşı investisiya, sahibkarlıq, maliyyə-bank sektoru, kənd təsərrüfatı kimi böyük sahələrdə də dinamik inkişafa səbəb olmuşdur.
"İqtisadi təhlükəsizlik yastığı" olan strateji valyuta ehtiyatlarının makroiqtisadi riskləri tam neytrallaşdıra bilən səviyyəyə çatması, iqtisadi artımın qeyri-neft sektorundan qaynaqlanması, inflyasiyanın optimal idarə olunan birrəqəmli səviyyədə saxlanması davamlı inkişafa möhkəm zəmin yaratmışdır.
Bu ilin birinci rübü ərzində Azərbaycan iqtisadiyyatının inkişaf tendensiyasının davamı nəticəsində ümumi daxili məhsulun həcminin artımı ilə yanaşı, qeyri-neft sektorunda 7,7 faizlik artıma nail olunmuş, ölkədə muzdla işləyənlərin orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 8,5 faiz yüksələrək 368,5 manat, əhalinin gəlirləri 13,9 faiz artaraq 7 milyard 231,6 milyon manat təşkil etmiş, hər nəfərə düşən gəlirlər isə 12,3 faiz artmışdır. Milli valyutanın sabit kursunun saxlanılması və əhalinin ümumi gəlirlərinin yüksəlməsi fonunda inflyasiyanın cəmi 3,1 faiz təşkil etməsi hesabat rübündə banklara qoyulan əmanətlərin həcminin 4,3 faiz artmasına səbəb olmuşdur.
Zati-aliləri!
Azərbaycan vətəndaşlarının keçmiş SSRİ Əmanət Bankında olan əmanətlərinin fərdi birdəfəlik ödəmələr şəklində qaytarılması məqsədi ilə imzaladığınız 2012-ci il 14 mart tarixli Fərman hesabat dövrünün ən mühüm hadisələrindən biri olmaqla Sizin xalqımızın rifah halının yüksəldilməsinə xidmət edən siyasətinizin bariz nümunəsidir. Fərmanın icrası üçün ilkin olaraq 1 milyard manata yaxın vəsait nəzərdə tutulur ki, bu da 2 milyon 400 min şəxsi əhatə edəcəkdir.
Möhtərəm cənab Prezident!
İcazə verin, 2012-ci ilin birinci rübü ərzində dövlət büdcəsinə daxilolmalar üzrə proqnozların icrası, görülmüş işlər və qarşıda duran vəzifələr barədə ali diqqətinizə məruzə edim.
Hesabat dövründə dövlət büdcəsinə 3 milyard 487,7 milyon manat və ya ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz və yaxud 719,3 milyon manat çox vəsait daxil olmuşdur. Daxilolmanın 1 milyard 390,4 milyon manatı Vergilər Nazirliyinin, 251,7 milyon manatı Dövlət Gömrük Komitəsinin, 1 milyard 839,8 milyon manatı isə Dövlət Neft Fondunun xətti ilə təmin edilmişdir.
Cari ilin birinci rübündə dövlət büdcəsinin xərcləri 2 milyard 843,2 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 755,8 milyon manat və ya 36,2 faiz çox icra olunmuşdur. Xərclərin 41,4 faizi və ya 1 milyard 178 milyon manatı sosialyönümlü olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 178 milyon manat və ya 17,8 faiz çox olmuşdur. Bu ilin birinci rübündə dövlət büdcəsindən investisiya xərclərinə 1 milyard 15 milyon manat vəsait yönəldilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faiz çoxdur.
Vergilər Nazirliyinin xətti ilə 2012-ci ilin birinci rübündə dövlət büdcəsinə neft-qaz sektoru üzrə 598,7 milyon manat, qeyri-neft-qaz sektoru üzrə isə 791,7 milyon manat vəsait daxil olmuşdur. Eyni zamanda, qeyri-neft-qaz sektoru üzrə daxilolmalarda ötən ilin müvafiq dövrünə nisbətən 111,5 milyon manat və ya 16,4 faiz, o cümlədən sənayedə 28,1 faiz, tikintidə 27,5 faiz, xidmət sahəsində 19,1 faiz, pərakəndə ticarətdə isə 11,2 faiz artıma nail olunmuşdur.
Regionların inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarının icrası nəticəsində 2012-ci ilin birinci rübündə ötən ilin müvafiq dövrünə nisbətən regionlar üzrə vergi daxilolmaları 13,3 faiz artaraq 110 milyon manat olmuş, ümumi vergi daxilolmalarının 8 faizini, qeyri-neft sektoru üzrə daxilolmaların isə 14 faizini təşkil etmişdir. Məlumat üçün bildirmək istərdim ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasına başlanılana qədər icmal büdcənin tərkibində vergi daxilolmalarında bu rəqəm cəmi 5,5 faiz, məruzə edim ki, cənab Prezident, birinci proqramdan əvvəl isə 3,2 faiz idi.
Kiçik və orta sahibkarlığa şəxsən Sizin tərəfinizdən verilən dəstək nəticəsində iqtisadi fəallıq yüksəlmiş, biznes strukturlarının fəaliyyəti genişlənmiş, təkcə qeyri-neft sektoru üzrə sahibkarlıq subyektlərinin əmtəə-pul dövriyyəsinin artımı 13,2 faiz və ya 488 milyon manat təşkil etmişdir.
Ötən ilin müvafiq dövrünə nisbətən qeydiyyata alınmış obyektlərin sayı 2,7 dəfə, sahibkarlıq subyektlərinin sayı 30,6 faiz, o cümlədən xarici investisiyalı sahibkarlıq subyektlərinin sayı 4,8 faiz artmışdır. Qeydiyyata alınan sahibkarlıq subyektlərinin 57,5 faizi regionların payına düşür.
Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 2011-ci il 23 may tarixli Fərmanının icrası ilə əlaqədar olaraq biznes mühitinin yaxşılaşdırılması məqsədilə ötən ilin ortalarından fiziki şəxslərin, bu ilin əvvəlindən isə hüquqi şəxslərin internet vasitəsilə elektron qeydiyyatına başlanılmış, artıq 11 mindən yuxarı sahibkar elektron qaydada qeydiyyata alınmışdır ki, bu da ümumi qeydiyyatın 60 faizini təşkil edir.
Vergitutma bazasını genişləndirmənin əsas metodlarından biri də sahibkarlıq subyektlərinin fəaliyyətində şəffaflığın artırılması, nağdsız hesablaşmalara üstünlük verilməsi, müasir dünyanın istifadə etdiyi ödəniş alətlərinin tətbiqinin genişləndirilməsidir.
Bu baxımdan 2011-ci il yanvarın 14-də Nazirlər Kabinetinin geniş iclasında nağdsız ödənişlərin stimullaşdırılması ilə bağlı verdiyiniz tapşırıqların icrası ilə əlaqədar aidiyyəti dövlət qurumları ilə birlikdə müvafiq tədbirlər həyata keçirilir ki, artıq vergi və rüsumların ödəniş kartları vasitəsilə internet üzərindən ödənilməsi ilə bağlı işlər yekunlaşdırılmışdır.
"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna edilmiş dəyişikliklərlə əlaqədar Sizin müvafiq Fərmanınız ölkəmizdə posterminalların tətbiqi ilə bağlı işləri daha da sürətləndirmişdir. İqtisadiyyatda nağd hesablaşmaların minimuma endirilməsi barədə cənab Prezident, Sizin tapşırıq və tövsiyələriniz biznes qurumları və vətəndaş cəmiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmaqla posterminalların quraşdırılmasında fəallıq nümayiş etdirilir.
Hazırda respublikamızın bütün ərazisində, xüsusilə Bakı şəhəri və turizm xəritəsinə aid olan mərkəzlərdə fəaliyyət göstərən mehmanxanalarda, ticarət, iaşə, istirahət və əyləncə obyektlərində, taksilərdə, yanacaq doldurma məntəqələrində və digər sahələrdə posterminalların quraşdırılması təmin edilir. Artıq Bakı şəhərində posterminal quraşdırılmalı 25 445 aktiv obyektin 18 minində və ya 71 faizində, turizm sektoruna aid olan obyektlərin isə 90 faizindən çoxunda posterminallar fəaliyyət göstərir. Qalan obyektlərdə isə yaxın 15-20 gün ərzində posterminalların quraşdırılması başa çatdırılacaqdır. Beləliklə, 6-10 min arası əlavə posterminal fəaliyyət göstərəcəkdir.
Görülmüş işlər nəticəsində respublika üzrə posterminalların sayı artıq 23 mini ötmüşdür. Cari ilin birinci rübü ərzində quraşdırılmış posterminalların sayında 2011-ci ilin müvafiq dövrünə nisbətən 9,3 dəfə, o cümlədən regionlarda 4,6 dəfə artım müşahidə edilmişdir. Prosesinq mərkəzləri tərəfindən əvvəllər gün ərzində maksimum 15-20 posterminalın qeydiyyatının aparılması mümkün olduğu halda, hazırda elektron prosedurların tətbiqi nəticəsində bu rəqəm 400-ə çatdırılmışdır.
Prezident İlham ƏLİYEV: 15-dən 400-ə.
Nazir Fazil MƏMMƏDOV: Cənab Prezident, onlar bir neçə çox vacib texniki məsələlərdir, banklarla birlikdə işlənilib. Azərbaycanda dörd prosessor mərkəzi vardır. Qısa müddət ərzində həmin texniki vəsaitlər Finlandiyadan gətirildi. Onlar banklara inteqrasiya olundu, lazım olsa, bu rəqəmi hətta 500-dək çatdırmaq imkanımız vardır. Əminliklə deyə bilərik ki, bunlar banklarla birlikdə çox fəal işləyir.
Nazirlər Kabinetinin yanacaqdoldurma məntəqələrində nəzarət-kassa aparatlarının tətbiqi haqqında müvafiq Qərarının icrası ilə əlaqədar çek vurulmadan neft məhsullarının və maye qazın buraxılmasını istisna edən nəzarət-kassa aparatlarının tətbiqinə başlanılmış, artıq mövcud yanacaqdoldurma məntəqələrinin 67,8 faizində bu tipli aparatların quraşdırılması təmin edilmişdir.
Möhtərəm cənab Prezident!
Dünya birliyinə fəal inteqrasiya edən müstəqil Azərbaycan bu gün regionun iqtisadi və mədəni mərkəzi hesab edilir. Güclü iqtisadi potensial ölkəmizi investisiya ixrac edən ölkəyə çevirməklə Avropa İttifaqı və MDB məkanında irihəcmli investisiya layihələrinin iştirakçısı etmişdir. Ölkədə istehsal olunan rəqabət qabiliyyətli qeyri-neft məhsullarının mövcud və potensial xarici bazarlara ixrac imkanlarının daha da genişləndirilməsi məqsədi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən cari ilin ilk rübündə yerli və xarici iş adamlarının və beynəlxalq təşkilatların iştirakı ilə 73 biznes forum, "dəyirmi masa", sərgi və ikitərəfli görüşlər təşkil edilmişdir.
Artıq respublikamız "Eurovision" mahnı müsabiqəsi kimi nüfuzlu tədbirə, dünya miqyaslı idman yarışlarına və mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməkdədir.
Bütün bunlar Azərbaycanın iqtisadi qüdrətinin göstəricisi olmaqla, ümummilli lider Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" müdrik kəlamının bir daha təsdiqini tapması deməkdir.
Cənab Prezident, Sizin Avronest Parlament Assambleyasının ikinci sessiyasının rəsmi açılış mərasimində söylədiyiniz "Biz qarşıdakı 10 ildə ümumi daxili məhsulumuzu iki dəfə artırmağı planlaşdırırıq. Başqa sözlə desək, artıq üç dəfə artmış ümumi daxili məhsulumuzu gələn illərdə iki dəfə artıracağıq. Beləliklə Azərbaycan yüksək gəlirli ölkəyə çevriləcəkdir" sözləriniz XXI əsrin qlobal çağırışlarına ən tutarlı cavabdır.
Qarşıda duran böyük hədəf və ən ümdə vəzifələrdən biri əldə olunmuş uğurların davamlı olması ilə yanaşı çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə qabaqlayıcı inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, yüksək beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Bu baxımdan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə 2011-ci il 29 noyabr tarixli Sərəncamınız məhz bu amala xidmət edərək qarşımıza böyük məsuliyyət qoyur.
Son illərdə respublikamızın əldə etdiyi uğurlu nəticələrin arxasında, möhtərəm cənab Prezident, Sizin həyata keçirdiyiniz məqsədyönlü siyasət, elmi əsaslara və ölkəmizin mövcud potensialına söykənən inkişaf prioritetləri dayanır. Əminliklə demək olar ki, Sizin tərəfinizdən yürüdülən bu siyasət nəticəsində respublikanın inkişaf tempi yüksələn xətlə davam edəcək və bu işdə qarşımıza qoyulan bütün vəzifələr tam şəkildə icra ediləcəkdir.
Diqqətinizə görə təşəkkürümü bildirirəm.
Səhiyyə naziri Oqtay ŞİRƏLİYEV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
Hörmətli müşavirə iştirakçıları!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən strateji siyasəti sayəsində, ölkəmiz öz tarixinin qüdrətlənmə və xalqa qayğı illərini yaşayır.
Dövlət başçısının daim diqqət mərkəzində olan insanların sağlamlığının qorunması istiqamətində də mühüm addımlar atılmışdır.
İldən-ilə səhiyyəyə ayrılan büdcə vəsaitinin və yatırılan investisiyaların artırılması, Azərbaycan Prezidentinin ehtiyat fondundan verilən vəsait səhiyyənin ən aktual problemlərinin həlli üçün geniş imkanlar açır. Belə ki, son bir neçə ildə ölkəmizdə 417 səhiyyə müəssisəsində tikinti və yenidənqurma işləri aparılmış, onlar müasir tibbi avadanlıq və cihazlarla təchiz olunmuşdur. Xüsusilə əlamətdardır ki, onların böyük bir qismi dövlət rəhbərinin bilavasitə iştirakı və xeyir-duası ilə açılıb istifadəyə verilmişdir.
Yeni səhiyyə ocaqlarının yaradılması prosesi bu il də davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına hazırda Bakı şəhərində müasir çoxprofilli klinikanın - Bakı Sağlamlıq Mərkəzinin, Respublika Uşaq Vərəm Xəstəlikləri Sanatoriyasının, Ağsu və Yevlax rayonlarında yeni xəstəxanaların tikintisi gedir.
Səhiyyə sahəsində qəbul edilmiş dövlət proqramları da uğurla icra olunur. Onların arasında ana və uşaq sağlamlığı üzrə proqram xüsusi əhəmiyyət daşıyır. Perinatal mərkəzlərin yaradılması, doğuşayardım xidmətinin təkmilləşdirilməsi, xarici mütəxəssislərin iştirakı ilə keçirilən təlimlərin nəticəsi olaraq, ölkədə uşaq və ana ölümü göstəriciləri son illərdə dinamik şəkildə ilbəil azalır. 2006-cı illə müqayisədə 2011-ci ildə ölkəmizdə ana ölümü əmsalı 34,2-dən 15,2-yə enmiş, uşaq ölümü göstəricisi 12,7-dən 10,8-dək azalmışdır.
Dövlət proqramları çərçivəsində səhiyyənin strateji əhəmiyyətli sahələrindən olan donor qanı ilə təminat və qanın təhlükəsizliyi məsələlərinə də böyük diqqət yetirilir. Qan xidmətinin strukturunun təkmilləşdirilməsi, səkkiz regional qan bankının yaradılması, ölkə başçısının xüsusi sərəncamı ilə bu xidmətdə çalışan işçilərin əməkhaqlarının iki dəfə artırılması ümumilikdə bu sahənin inkişafına xidmət edəcəkdir.
Hər bir ölkədə epidemioloji vəziyyət tək səhiyyənin deyil, ümumi inkişafın göstəricisidir. Son dövrlərdə qonşu ölkələrdə bəzi yoluxucu xəstəliklərin alovlanmaları baş versə də, Azərbaycanda həm vaksinasiya, həm də digər tədbirlər sayəsində epidemioloji sabitlik təmin olunmuşdur. Belə ki, əvvəllər poliomielit xəstəliyinə görə endemik sayılan Azərbaycan artıq bir neçə ildir ki, bu infeksiyadan azad ölkəyə çevrilmişdir. Digər idarəolunan xəstəliklərdən difteriya, qızılca, məxmərək və sair son bir neçə ildə ya ümumiyyətlə qeydə alınmamış, ya da eliminasiya səviyyəsinə endirilmişdir.
Ölkədə səhiyyənin inkişafı üçün ən vacib məsələlərdən biri də kadr potensialıdır. Vaxtilə ümummilli lider Heydər Əliyev Azərbaycan həkimlərini SSRİ-nin qabaqcıl klinikalarına göndərir, onların mükəmməl mütəxəssis olmasına imkan yaradırdı.
Bu gün də bu təcrübə ölkə başçısı tərəfindən davam etdirilir. Yüzlərlə azərbaycanlı həkim öz peşə səviyyəsini yüksəltmək, müasir təbabət üsullarını öyrənmək məqsədi ilə xarici ölkələrin klinikalarında ixtisaslarını artırır. Bundan əlavə, aparıcı mütəxəssislər praktiki təlimlər keçmək üçün Azərbaycana dəvət olunurlar.
Məhz belə tədbirlərin nəticəsidir ki, ölkəmizdə müalicəsi mümkün olmayan bir çox mürəkkəb xəstəliklər bu gün dövlət klinikalarında müalicə edilir. Son illərədək Azərbaycanda ürək əməliyyatları yalnız ödənişli əsaslarla, Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə xaricdən dəvət edilən mütəxəssislər tərəfindən həyata keçirilirdi. İndi isə Uşaq Kardiocərrahiyyə Mərkəzində öz həkimlərimiz hətta körpə uşaqlar üzərində çox çətin kardiocərrahiyyə əməliyyatları aparırlar.
Yeri gəlmişkən, bir məsələni də qeyd etmək lazımdır. Vaxtilə Bakı keçmiş SSRİ-də böyrəkköçürmə əməliyyatlarının həyata keçirildiyi ilk şəhərlərdən biri olub. İndi çox böyük fasilədən sonra Azərbaycanda dövlət xəstəxanalarında yerli mütəxəssislər tərəfindən orqan transplantasiyası üzrə uğurlu əməliyyatlar olunur.
Kadr potensialının gücləndirilməsi istiqamətində ən önəmli addımlardan biri də 2011-ci ildən başlayaraq tibb işçilərinin sertifikasiyasıdır. Beləliklə, bütün qabaqcıl ölkələrdə olduğu kimi, beş ildən bir imtahan verib sertifikat almayan tibb işçisi praktiki fəaliyyətlə məşğul ola bilməz. Mərkəzləşmiş qaydada, obyektiv və şəffaf surətdə keçirilən sertifikasiya tibb işçilərinin öz üzərində çalışmasına, həkim sənətinin məsuliyyətini daha dərindən dərk etməsinə imkan yaradır.
Bu istiqamətdə ən vacib addımlardan biri də "Təhsil haqqında" Qanuna uyğun olaraq, tibb təhsilində aparılan islahatlardır. Ötən ildən etibarən Azərbaycan Tibb Universitetində rezidentura pilləsi tətbiq olunur. Beləliklə, gənc həkimlərimiz daha təcrübəli, daha səriştəli, öz profilinə uyğun daha dərin biliklərə malik mütəxəssis kimi formalaşacaqlar.
Səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, tibb işçilərinin ixtisas səviyyəsinin artması nəticəsində indi əhalinin dövlət tibb müəssisələrinə etibarı artmış, müraciətlərin sayı çoxalmışdır. Dövlət xəstəxanalarında çarpayıların məşğulluq göstəricisi, ambulator-poliklinika müəssisələrinə müraciətlər dəfələrlə artmışdır. Son beş il ərzində icra olunan cərrahiyyə əməliyyatlarının sayı iki dəfə çoxalmış, bununla belə, əməliyyatdan sonra ölüm hallarının sayı iki dəfə azalmışdır.
Səhiyyənin inkişafında son illər əldə edilmiş dinamik inkişaf tibbi demoqrafik göstəricilərin yaxşılaşması üçün də zəmin yaratmışdır. Son 10 ildə doğum göstəricisinin artması, ölüm göstəricisinin isə aşağı düşməsi nəticəsində təbii artım göstəricisi 8,1-dən 13,5-dək yüksəlmişdir. Bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir. Bu müsbət tendensiya tək insanların sağlamlığından asılı olmasa da, onun dinamikasında tibbi qulluq və səhiyyə xidmətləri də əhəmiyyətli rol oynayır.
Azərbaycan səhiyyəsinin bugünkü inkişafı təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də müsbət qarşılanır və Azərbaycanın iqtisadi qüdrətinin və sosial-siyasi nüfuzunun göstəricisi kimi qəbul edilir. Təsadüfi deyil ki, Dünya Səhiyyə Təşkilatının tarixində yeganə haldır ki, ölkəmiz 2005-ci ildən etibarən ardıcıl olaraq bu qurumun və onun Avropa Regional Bürosunun rəhbər orqanlarında təmsil olunur.
Dünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin 61-ci Sessiyasının ötən il məhz Bakıda keçirilməsi də əslində Azərbaycan dövlətinin əhalinin sağlamlığına göstərdiyi qayğının beynəlxalq aləmdə tanınması deməkdir. Cənab Prezident, tədbirdə Sizin iştirakınız və çıxışınız, sessiya iştirakçılarının hər biri ilə görüşməyiniz beynəlxalq tibb ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirildi, Azərbaycan dövlətinin səhiyyəyə diqqəti kimi dəyərləndirildi.
Ölkəmizdə vətəndaşların səhhətinə göstərilən qayğı, qoyulan zəhmət Azərbaycanın həm bugünkü, həm də gələcək nəsillərinin sağlamlığının təminatıdır. Tibb işçilərimiz bu sahədə həyata keçirilən dövlət siyasətini reallaşdırmaq üçün bundan sonra da var qüvvə ilə çalışacaqlar.
Diqqətinizə görə minnətdaram.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu BAĞIROV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
Hörmətli müşavirə iştirakçıları!
Cənab Prezident, ölkəmizin iqtisadi, sosial-mədəni və digər sahələrdəki inkişafı ilə yanaşı, ətraf mühitin sağlamlaşdırılması məsələlərinə də göstərdiyiniz gündəlik diqqət və qayğının, həyata keçirilən ardıcıl tədbirlərin nəticəsində ekoloji durum əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Respublikanın iqtisadiyyatının sürətli inkişafı, o cümlədən milli neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsi ekoloji problemlərin həll edilməsi üçün gözəl imkanlar yaratmışdır.
Sizin iştirakınızla ekoloji məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədən ötən müddət ərzində təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyi deyil, digər qurumlar tərəfindən də ölkəmizdə ekoloji durumun yaxşılaşdırılması istiqamətində səmərəli tədbirlər görülmüşdür. Biomüxtəlifliyin mühafizəsi, meşələrin inkişafı, geoloji kəşfiyyat, yaşıllıqların artırılması, içməli su ilə təminat, tullantıların və çirkab suların idarə olunması, neftlə çirklənmiş ərazilərin reabilitasiyası və s. istiqamətlərdə layihələr həyata keçirilir.
Hörmətli cənab Prezident! İcazə verin bütün bunlarla bərabər, nazirlik tərəfindən ətraf mühitin sağlamlaşdırılması istiqamətində görülmüş və hazırda həyata keçirilən işlər barədə məlumat verim.
Apardığınız uğurlu siyasət nəticəsində təmin edilmiş yüksək iqtisadi inkişafın ahənginə tam uyğun olaraq geoloqlarımız bu müddətdə yeni ciddi nəticələr əldə etmişlər. 2003-2005-ci illərdə kəşf olunaraq balansa götürülmüş qızıl yataqlarının bazasında istehsal prosesi təşkil edilmiş, Azərbaycan qızıl istehsal edən ölkələr sırasına çıxmış və son illərdə artıq 4,5 ton qızıl emal olunmuşdur. Hazırda Daşkəsən rayonu ərazisində Çovdar qızıl yatağında istismara hazırlıq və zavod tikintisi işləri başa çatdırılmaq üzrədir. Cari ilin sonunadək Gədəbəy və Çovdar qızıl yataqlarından birlikdə 7,5 ton qızılın çıxarılması proqnozlaşdırılır.
Geoloqlarımızın səyləri nəticəsində son iki ildə Göygöl rayonunda yeni Tülallar qızıl yatağı aşkarlanmış, 80 ton qızıl, 290 ton gümüş ehtiyatı hesablanmışdır. Hazırda yataq istismar işlərinə hazırlanır. Daşkəsən rayonunda Qoşqardağ-Çanaqçı qızıl yatağı aşkarlanmış və 20 ton qızıl ehtiyatları proqnozlaşdırılmışdır.
Şəmkir rayonu ərazisində ölkədə ilk dəfə platin qrupu metalları müəyyənləşdirilmiş və yataq aşkarlanmışdır. Proqnoz ehtiyatları 50 ton hesablanmış yataqda geoloji qiymətləndirmə işləri aparılır.
Son dövrlərdə iqlim dəyişmələrinin təsirindən yaranan təhlükəli hidrometeoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi üçün hidrometeorologiya sahəsində yeni texnologiyaların tətbiqi, modernləşdirmə işləri aparılır.
Bu məqsədlə ölkədə çətin keçilən ərazilərdə hidrometeoroloji şəraiti daha dəqiq və fasiləsiz izləməyə imkan verən 18 Avtomat Meteoroloji Stansiya, 8 avtomat yağıntıölçən, 5 avtomat su səviyyəsi ölçən və 2 ultrasəs su sərfi ölçən cihaz qurulmuşdur. Eyni zamanda, Kür çayının mənsəbində səviyyə tərəddüdünü və Bazardüzü-Şahdağ-Tufandağ ekosisteminin 3700 metr yüksəkliyədək ərazilərində meteoroloji şəraiti real vaxt rejimində izləməyə imkan verən videogörüntülərin alınması ilə müşahidə olunan avadanlıq quraşdırılmışdır. Hazırda Kiş çayında sel axınlarını və Ləzədə meteoroloji şəraiti fasiləsiz izləməyə imkan verən avadanlıq qurulur.
Fransanın "Meteo France İnternational" və ABŞ-ın "Weather Central" şirkətləri ilə ölkəmizin meteorologiya sisteminin ən müasir tələblərə cavab verən səviyyəyə çatdırılması üçün layihə işləri başa çatdırılır.
Cənab Prezident, bioloji müxtəlifliyin qorunub saxlanılması fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Həyata keçirilmiş tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 2003-cü ildən etibarən 478 min hektardan 1 132,5 min hektaradək artırılır və nəticədə 10 milli park, biosfer rezervat, 11 qoruq və 24 yasaqlıqdan ibarət şəbəkə ölkə ərazisinin 13,1 faizini təşkil edəcəkdir ki, bu da dünyada qəbul olunmuş orta səviyyədən 11-12 faiz artıqdır.
Bu prosesdə bu gün biz Samur-Yalama Milli Parkının, Qızılağac Dənizkənarı Milli Parkının və Zaqatala-Balakən Biosfer Rezervatının formalaşdırılması prosesinin yekun mərhələsindəyik.
Bununla da Azərbaycanda bioloji müxtəlifliyin qorunması sahəsində hüquqi-təşkilati tədbirlər uğurla başa çatacaqdır. Əsas diqqət xüsusi mühafizə olunan təbiət ərazilərinin beynəlxalq standartlara uyğun infrastrukturunun daha da yaxşılaşdırılmasına və biomüxtəlifliyin səmərəli mühafizəsi və bərpası işlərinin daha da sürətləndirilməsi üzərində cəmləşəcək.
Sahəsi 130 min hektar olan Cənubi Qafqazın ən böyük Şahdağ Milli Parkını xüsusi qeyd etmək istəyirəm. Hazırda bu möhtəşəm təbiət ərazisində nümunəvi milli park yaradılması istiqamətində ölkəmizin daxili imkan və potensialına söykənən intensiv işlər aparılır. Parkın inzibati kompleksinin tikintisi sona çatmaq üzrədir, altı inzibati rayonda ekoturizm-məlumat və milli parkın giriş-çıxış mərkəzlərinin tikintisi aparılır.
Vəhşi təbiətin mühafizəsi istiqamətində aparılan işlər davam etdirilir. Heydər Əliyev Fondunun dəstəyi ilə 2010-cu ildən etibarən ceyranların tarixi ərazilərinə reintroduksiyası layihəsinə başlanmış, bu günədək 100-dək ceyran öz tarixi arealına buraxılmışdır.
Hazırda Azərbaycanda 1975-ci ildə nəsli kəsilmiş vəhşi bizonun ölkəmizdə tarixən məskunlaşdığı Şahdağ Milli Parkının ərazisinə reintroduksiyası imkanları üzərində iş aparılır.
Möhtərəm cənab Prezident, meşələrin mühafizəsi, bərpası, yeni meşəliklərin salınması sahəsindəki göstəricilər durmadan artır. Həyata keçirilmiş tədbirlər nəticəsində meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçmiş və ümumi ölkə ərazisinin 11,4 faizindən 11,8 faizinə çatmışdır. Təkcə son iki ildə ümumilikdə 22 min hektar ərazidə meşəbərpa işləri aparılmış, o cümlədən 7 471 hektar ərazidə yeni meşəliklər salınmışdır.
Yalnız cari ilin ilk rübündə 801 hektar sahədə 1,6 milyon ağac əkilmişdir. 60,7 hektar ərazidə tinglik sahəsi yaradılmış, 4 ton çox toxum tədarük olunmuşdur.
Sizin tapşırığınıza əsasən, paytaxtda və respublikamızın bölgələrində yaşıllaşdırma işləri geniş vüsət almışdır. Bakı və onun ətrafında 4 milyondan artıq ağac əkilmiş, bu iş daha geniş ərazilərdə həyata keçirilməkdədir. Artıq Hövsan ətrafında əvvəlki illərdə salınmış 200 hektar zeytun üstünlük təşkil edən qarışıq əkinlərə əlavə olaraq 300 hektar ərazidə zeytun massivləri salınmış və 97-98 faiz bitiş təmin olunmuşdur. Hazırda həmin ərazilərdə və eyni zamanda Bakı-Quba magistral avtomobil yolunun Zeynalabdin Tağıyev-Zabrat qəsəbələrarası ərazidə 350 hektarda, Bakı-Şamaxı magistral avtomobil yolunun Müşfiqabad qəsəbəsi-Çaylı kəndarası ərazidə 223 hektar, Bakı-Qazax magistral avtomobil yolunun Ələt-Atbulaq hissəsində 450 hektar, Bakı-Astara magistral avtomobil yolunun Ələt-Salyan hissəsində 250 hektar sahədə kompyuter ilə idarəetmə sisteminə malik ən müasir damcılı suvarma sistemlərinin quraşdırılması üçün avadanlığın Azərbaycana gətirilməsi prosesi sürətlə gedir. Nəticədə 160 kilometrdən çox yol boyu əraziləri əhatə edən bir şəbəkə yaradılacaqdır.
Sürüşməyə həssas və çətin bitmə şəraitinə malik Bayıl yamacında 60 hektar ərazidə quraqlığa davamlı və estetik görkəmə malik 156 min ağac və kol əkilmiş, bütün bu ərazidə xüsusi texnologiya üzrə dik yamaclarda adi yolla mümkün olmayan təbii yaşıl örtük yaradılır. Ağaclar üçün müasir damcılı, ot üçün isə səpilən suvarma sistemlərinin quraşdırılması tamamlanmaq üzrədir. Bu da suvarmanın ancaq torpağın üst qatında cəmləşərək, sürüşməyə təsir etməməsi üçün vacibdir.
Məlum olduğu kimi, bu işlərin aparılması hava şəraiti ilə sıx bağlıdır. Son ilin payız və qış mövsümlərinin həddindən artıq sərt keçməsi əkin mövsümünün gecikməsini şərtləndirsə də, hazırda əkin və meşə-texniki işləri yüksək sürətlə aparılır və qarşıya qoyulmuş məqsədlərə nail olunacaqdır.
Hesab edirik ki, məhz bunun nəticəsi kimi, bir sıra nüfuzlu elmi-tədqiqat mərkəzləri tərəfindən dünyanın 132 ölkəsi arasında aparılmış araşdırmada son 8-10 ildə ətraf mühitlə bağlı problemlərin həllində müsbət dəyişikliklərin tempi və əldə olunmuş nailiyyətlərə görə Azərbaycan ikinci yeri tutmuşdur. Meşələrin vəziyyətindəki müsbət dəyişikliklərə görə isə Azərbaycan ən yüksək nailiyyətlər əldə etmiş ölkə sayılmışdır. Hesab edirik ki, bu Sizin sərəncamlarınızla həyata keçirilən regionların qazlaşdırılması prosesi, meşələrdən sənaye məqsədləri üçün istifadənin demək olar ki, tam qarşısının alınması, meşəsalma və yaşıllaşdırma işlərinin tempi və keyfiyyətinin artması ilə bağlıdır.
Meşələrin mühafizəsində onların yanacaq mənbəyi və otarılma yeri kimi istifadəsi ilə bağlı müəyyən problemlərin qalmasına baxmayaraq, bu sahədə də nəzərəçarpacaq irəliləyişlər əldə olunmuşdur. Bu da Kolumbiya və Yel Universitetlərinin tədqiqatlarının nəticələrində öz əksini tapmışdır.
Cənab Prezident, təşəbbüsünüzlə həyata keçirilən, qısa zamanda geniş əraziləri əhatə etmiş və səmərəli nəticələr verən "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması Proqramı" üzrə fəaliyyət davam etdirilir.
2007-ci ildə qurulmuş ilk modul tipli sutəmizləyici qurğular artıq beşinci ildir ki, uğurla istismar olunur. Keçən ilin sonunadək 188 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğu quraşdırılmış, nəticədə 350 min nəfərdən artıq əhali keyfiyyətli içməli su ilə təmin olunmuşdur. Hazırda 45 min əhalisi olan daha 33 kənddə müvafiq işlər tamamlanmaq üzrədir. Bir çox kəndlərdə elektrik gərginliyinin aşağı olması, kəndlilərin ənənəvi olaraq su götürdüyü kanallara suyun fasilələrlə verilməsi və istismar prosesində bələdiyyələrin iştirakının təmin olunması ilə bağlı problemlər Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi və yerli icra orqanları ilə birgə operativ şəkildə həll olunur.
Yeri gəlmişkən, ənənəvi olaraq çox çirkli sudan istifadə edən 400 minə yaxın əhalinin təmiz su ilə təmin olunması yuxarıda qeyd etdiyimiz tədqiqatın nəticələrində də öz əksini tapmışdır. Belə ki, təbiətdən keçən xəstəliklərin insanların səhhətinə təsirinin azalması tendensiyalarına və templərinə görə də Azərbaycan 132 ölkə arasında birinci yeri tutmuşdur.
Gələcəkdə yarana biləcək su qıtlığı probleminin öhdəsindən səmərəli gəlmək üçün yeni yanaşmalar və texnologiyalar vacib rol oynayacaqdır. Bu baxımdan tükənməyən mənbə olan Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üçün yüksək texnologiyaya əsaslanan və Sizin tapşırığınız əsasında həyata keçirilən layihə çərçivəsində zavod və müasir tinglikdən ibarət kompleksin yaradılması üzrə pilot layihəsi uğurla davam etdirilir. Artıq avadanlığın 90 faizi gətirilmiş və quraşdırılır, saniyədə 230 litr içməli su istehsal etmək infrastrukturuna malik müəssisə inşa edilir. İlk mərhələdə ehtiyaclar nəzərə alınaraq zavodda dəniz suyundan sutkada 1000 kubmetr şirin su istehsal etmək üçün avadanlığın qurulması nəzərdə tutulmuşdur. Ehtiyac artdıqca zavodun istehsal imkanları 3 ay ərzində çox kiçik maliyyə sərfi hesabına layihə gücünə çatdırıla bilər.
Faktiki olaraq bu zavod Xəzər sahilində ən müasir və iri duzsuzlaşdırma müəssisəsi olacaqdır.
Möhtərəm cənab Prezident, əlbəttə, keçmişdən miras qalmış problemlər hələ ki, tam həll olunmamışdır. Lakin Sizin ətraf mühitin mühafizəsinə gündəlik diqqət və qayğınız, həmçinin rəhbərliyiniz altında həyata keçirilən qətiyyətli və məqsədyönlü tədbirlər nəticəsində yaxın müddətdə ölkədə mövcud olan ekoloji problemlərin əksəriyyətinin aradan qaldırılmasına nail olunacaqdır.
Çoxsaylı irimiqyaslı içməli və tullantı suların idarə olunması layihələrinin həyata keçirilməsi, bərk məişət tullantılarının emalı zavodunun tikintisi və bir sıra irimiqyaslı tədbirlər bunu deməyə imkan verir.
Çıxışımı yekunlaşdıraraq Sizi əmin etmək istərdim ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Sizin əzm və iradə ilə həyata keçirdiyiniz müasir dövlət quruculuğu istiqamətində fəaliyyətinizə bundan sonra da tam dəstək olacaqdır və bu istiqamətdə Sizin bütün tapşırıqlarınızı layiqincə yerinə yetirməyə bütün qüvvəsini səfərbər edəcəkdir.
Diqqətinizə görə minnətdaram.
{nl}
AzərTAc
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.