Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir

Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi

{nl}

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 16-da Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.
Bugünkü iclasda biz birinci rübün sosial-iqtisadi yekunlarını müzakirə edəcəyik. 2012-ci il uğurlu başlayıbdır. Deyə bilərəm ki, birinci rübdə bütün vəzifələr icra edilib. Əsas iqtisadi göstəricilərimiz də çox müsbətdir.
Ümumi iqtisadi inkişaf çox yüksək templərlə ölçülməsə də, qeyri-neft iqtisadiyyatımız sürətlə artmaqdadır. Birinci rübdə ümumi daxili məhsul 0,5 faiz artmışdır. Ancaq qeyri-neft sektorunda ümumi daxili məhsul 7,7 faiz artmışdır. Bu, çox gözəl göstəricidir və son ayların, illərin göstəricisidir.
İqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində atılmış addımlar bəhrəsini verir. Əgər sənaye istehsalına nəzər salsaq görərik ki, ümumi sənaye istehsalı 0,3 faiz azalmış, ancaq qeyri-neft sənayemiz 16,5 faiz artmışdır. Bu, səhv etmirəmsə, müstəqillik dövründə ən yüksək, rekord göstəricidir və yenə də son illər ərzində apardığımız islahatların məntiqi nəticəsidir. Çünki qeyri-neft sənayesinin inkişafı ilə bağlı mənim tərəfimdən dəfələrlə müvafiq göstərişlər verilmişdir, konkret addımlar atılmışdır. Dövlət İnvestisiya Proqramında bu məsələlər öz həllini tapmışdır. Özəl sektora göstərilən dəstək - həm siyasi, həm maddi dəstək, kreditlərin verilməsi qeyri-neft sənayesinin inkişafına gətirib çıxarır. Mən çox şadam ki, bu sahə çox yüksək templərlə inkişaf edir.
Ölkəmizdə yaradılan həm orta, həm kiçik, həm iri müəssisələr bu yeni reallıqları təmin edir. Beləliklə, demək olar ki, artıq sənayeləşmə siyasətinin gözəl nəticələri vardır. Hazırda tikilməkdə olan iri sənaye müəssisələri gələcəkdə fəaliyyətə başlayandan sonra bizim qeyri-neft sənayemizin inkişafına daha da böyük töhfə verəcəkdir.
Makroiqtisadi göstəricilər müsbətdir. İnflyasiya cəmi 3,1 faizdir. Əhalinin pul gəlirləri isə təxminən 14 faizdir. Bu da, ümumiyyətlə, son illər ərzində ənənəvi bir balansdır. Çünki inflyasiyanı əhalinin pul gəlirlərinin həcmindən ayrı hesablamaq düzgün olmaz. Əhalinin pul gəlirləri inflyasiyanı on faiz, ondan da çox üstələyir. Bütövlükdə bu, onu göstərir ki, bizim büdcəmiz ildən-ilə artır və bu ilin dövlət büdcəsi 20 milyard dollardan çoxdur. İcmal büdcə təqribən 25 milyard dollara bərabərdir. Sosial proqramlar uğurla icra edilir. Xüsusilə, sovet dövründən qalmış əmanətlərin qaytarılması prosesi başlayır. İnflyasiyanı belə aşağı səviyyədə saxlamaq çox böyük nəticədir. Beləliklə, insanların rifah halının yaxşılaşdırılması istiqamətində yeni, mühüm addımlar atılır.
Bizim strateji valyuta ehtiyatlarımız artır. O da bizim strateji xəttimizdir ki, biz daim - hər il və hər rüb strateji ehtiyatlarımızı artırmalıyıq. Baxmayaraq ki, Dövlət Neft Fondundan bu il də dövlət büdcəsinə kifayət qədər böyük transfert olunmuşdur və bu proses davam etməkdədir. Ancaq gəlirlər xərclərimizi üstələyir. Bu da çox müsbət göstəricidir. Biz imkan daxilində öz maddi resurslarımızdan istifadə edirik.
Dünyada davam edən qlobal maliyyə və iqtisadi böhran onu göstərir ki, kim öz hesabına yaşamır, borc hesabına yaşayır, eyni zamanda, sosial proqramları borcun götürülməsi hesabına icra edir, nəticədə bu ölkələr böyük çətinliklərlə üzləşəcəklər. Çünki gec-tez bu borclanma gəlib son həddə çatacaqdır.
Biz isə investisiya proqramlarımızı və sosial proqramları öz imkanımızla icra edirik. Beləliklə, bu ilin birinci rübündə strateji valyuta ehtiyatlarımız daha da artmışdır və 43 milyard dollardan çoxdur. Bu, nəinki ölkəmiz üçün, dünya miqyasında strateji valyuta ehtiyatlarına malik olan suveren ölkələr arasında çox gözəl göstəricidir. Biz o ehtiyatları ildən-ilə, rübdən-rübə daha da artıracağıq. Bu vəsaitin səmərəli işləməsi və bu vəsaitdən əldə ediləcək əlavə gəlirlər, əlbəttə ki, gələcəkdə maliyyə vəziyyətimizi daha da yaxşılaşdıracaq, ölkədə yeni investisiya layihələrinin həyata keçirilməsi üçün şərait yaradacaqdır.
Dövlət Neft Fondunun yeni strategiyası müəyyən edilibdir. Bu strategiya müasir dövrün tələblərinə uyğundur. Biz daim qabağa baxmalıyıq. Əlbəttə, Dövlət Neft Fondu yarandıqda, ilk növbədə oraya yığılan vəsaitin mühafizəkar şəkildə qorunması məsələsi gündəmə gətirilmişdi. Bu məsələ bu gün də çox aktualdır. Bizim əsas məqsədimiz bu vəsaiti qorumaqdır. Eyni zamanda, dünyada baş verən böhran faiz dərəcələrini əhəmiyyətli dərəcədə aşağı saldığı üçün biz yeni formalara müraciət edirik. Bu gün Dövlət Neft Fondunun investisiya və yerləşdirmə portfeli də genişlənir. Bu, təbiidir. Necə ki, biz ölkə iqtisadiyyatını şaxələndiririk, yeni sahələrə üstünlük veririk, strateji valyuta ehtiyatlarımız da həm əmniyyətli, həm də daha səmərəli şəkildə lazım olan sahələrə qoyulmalıdır.
Ümumiyyətlə, gələcəkdə böyük valyuta ehtiyatlarımızın idarə edilməsi və ölkə maraqlarına daha da çox xidmət göstərilməsi işində daha da çevik siyasət aparılmalıdır. Bu barədə mənim müəyyən fikirlərim vardır. Yaxın gələcəkdə bu fikirlər ortaya qoyulacaqdır. Hesab edirəm ki, Azərbaycan artıq özünü dünyada, dünyanın iqtisadi-maliyyə bazarlarında daha da qabarıq şəkildə göstərməlidir.
Azərbaycan artıq qlobal məsələlərin həllində siyasi güc kimi iştirak edir. Biz maliyyə resurslarımızı nəzərə alaraq maliyyə güc kimi də iştirak etməliyik. Artıq ilkin təşəbbüslər göstərilmişdir. Biz əvvəlki dövrlərdə - müstəqilliyimizin ilk illərində islahatları daha çox xaricdən gələn kreditlər, köməklər, qrantlar hesabına aparırdıq. Hazırda Azərbaycan donor ölkəsinə çevrilir və bu, yeni bir dövrdür. Biz buna hazırıq. Yəni, bu dövrü biz başlayırıq və bu, bizim təşəbbüsümüzdür. Bu təşəbbüs bizə həm iqtisadi, həm siyasi dividendlər gətirir və gələcəkdə daha da çox gətirəcəkdir.
Ölkəmizdə bütün istiqamətlərdə işlər plan üzrə, proqramlar üzrə gedir. Dövlət İnvestisiya Proqramı icra edilir və çalışmaq lazımdır ki, ilin sonuna qədər tam şəkildə icra edilsin. İndi son illərin reallıqları bundan ibarətdir ki, biz bəzi hallarda Dövlət İnvestisiya Proqramını tam şəkildə icra edə bilmirik. Çünki bəzi hallarda vəsait bizim texniki imkanlardan artıqdır. Yaxud da ki, bəzi hallarda müvafiq nazirliklər və dövlət qurumlarının hökumətə verdikləri sifarişlər o qədər böyük olur ki, onların icrasını il ərzində təmin edə bilmirlər. Biz buna da diqqət yetirməliyik. Real sifarişlər verilməlidir. Hər bir nazirlik, hər bir dövlət qurumu öz imkanlarını ölçüb-biçməlidir, qeyri-real təkliflər verməməlidir. Mən başa düşürəm, hər bir qurum, hər bir nazirlik istəyir ki, onun sahəsində daha da sürətli işlər getsin və beləliklə, Dövlət İnvestisiya Proqramı formalaşdıqda daha da böyük təkliflər irəli sürürlər. Ancaq bu təkliflər reallıqlara əsaslanmalıdır.
Əlbəttə ki, hökumətdə təhlillər aparılır. Ancaq hər bir dövlət qurumu, dövlət məmuru daha da məsuliyyətli olmalıdır ki, Dövlət İnvestisiya Proqramı tam şəkildə, vaxtında və ən önəmlisi yüksək keyfiyyətlə icra edilsin. Çünki bizim bugünkü uğurlu inkişafımız artıq reallıqdır. Əsas infrastruktur layihələrimiz ya başa çatıb, ya başa çatmaq üzrədir, yaxud da ki, o layihələrin icrası başlanmışdır.
Beləliklə, bir müddət əvvəl qarşıya vəzifə qoyulmuşdur ki, əsas infrastruktur layihələri növbəti iki il ərzində Azərbaycanda başa çatsın və ondan sonra biz Dövlət İnvestisiya Proqramına yeni prizmadan yanaşacağıq. Hazırda ölkə üzrə bütün bölgələrdə böyük infrastruktur layihələri icra edilir. Onların tam əksəriyyəti dövlət tərəfindən maliyyələşdirilir. Yollar, su-kanalizasiya layihələri, qazlaşdırma, elektrik xətlərinin, kənd yollarının çəkilməsi. Bu da son illər ərzində daha çox diqqət tələb edən məsələdir. İndi mən bölgələrdə olarkən demək olar ki, hər dəfə yeni kənd yolunun açılışında iştirak edirəm. Bu, müasir Azərbaycanın reallıqlarıdır. Əlbəttə ki, biz yol təsərrüfatına investisiya qoymağa başlayanda ilk növbədə, magistral yollara diqqət yetirirdik. Ancaq vaxt gəlib çatıb ki, biz kənd yollarını da abadlaşdıraq. Hazırda Azərbaycan kəndlərinə çəkilən yollar çox keyfiyyətlidir, yaxşıdır, rahatdır. Bu yollar insanlara rahatlıq gətirir və bölgələrin daha da sürətli inkişafını təmin edir.
Bir sözlə, Dövlət İnvestisiya Proqramı bizim üçün əsas inkişaf mexanizmidir. Dövlət tərəfindən qoyulan vəsait milyardlarla ölçülür. Əlbəttə ki, özəl sektor da bu inkişafı gördükdə, öz vəsaitini ölkə iqtisadiyyatına daha da böyük həvəslə, maraqla qoyur. Mən çox şadam ki, Azərbaycanın investisiya paketində daxili investisiyalar üstünlük təşkil edir. Bu təbiidir. Çünki daxili investisiyaların mütləq əksəriyyəti dövlət investisiyalarıdır. Bu da təbiidir. Ancaq vaxt gələcək ki, investisiyaların tərkibində özəl investisiyalar üstünlük təşkil edəcəkdir. Biz buna çalışmalıyıq. Nəzərə almalıyıq ki, gələcəkdə dövlət tərəfindən qoyulacaq investisiyaların həcmi azalmalıdır. Çünki bir daha demək istəyirəm ki, əsas infrastruktur layihələrinin icrasını biz 2014-cü ildə başa çatdırmalıyıq. Özəl sektor isə daha da böyük həcmdə vəsait qoyacaqdır.
Bizim inkişafımız hərtərəflidir, çoxşaxəlidir. Azərbaycanda çox böyük ixrac potensialı formalaşır. Biz də bu potensialın güclənməsində maraqlıyıq və öz növbəsində Azərbaycan dövləti bu işdə çox fəal rol oynayır. Azərbaycan şirkətlərinin, o cümlədən özəl şirkətlərin xarici bazarlara çıxması üçün çalışırıq və çalışacağıq.
Sahibkarlığın inkişafı ilə bağlı hazırda ciddi problem yoxdur. Sahibkarlar sinfi güclənir, formalaşır və Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu il 200 milyon manat güzəştli kreditlər nəzərdə tutulub. Bu kreditlər işləyir, yaxşı işləyir, qaytarılır və yeni iş yerlərinin açılmasına gətirib çıxarır. İş yerlərinin açılmasına gəldikdə, birinci rübdə 24 min yeni iş yerləri açılmışdır ki, onlardan təxminən 20 mini daimi iş yerləridir. Mənim bölgələrə mütəmadi səfərlərim də hər dəfə yeni iş yerlərinin açılmasına gətirib çıxarır və iştirak etdiyim zavodların, fabriklərin açılışlarında həmişə maraqlanıram ki, nə qədər yeni iş yerləri açılır və açılacaqdır. Qərb bölgəsinə son səfərim də Azərbaycanın iqtisadi sahədə ümumi inkişaf dinamikasını göstərmişdir. Həm kiçik müəssisələr, orta həcmli emal müəssisələri və böyük müəssisələr açılır və tikilir.
Bizim iqtisadi siyasətlə bağlı planlarımız bax bundan ibarətdir. Biz bu siyasəti uzun illərdir ki, aparırıq, iqtisadi islahatları davam etdiririk. Bu islahatların davam etdirilməsi prosesi hələ getməlidir. Çünki xüsusilə sistem xarakterli islahatlara böyük ehtiyac vardır. Azərbaycan beynəlxalq iqtisadi inkişafla bağlı reytinqlərdə həmişə yüksək yerlər tutur. Dünya İqtisadi Forumu, Davos İqtisadi Forumu iqtisadiyyatların rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı MDB məkanında birinci yerə layiq görür. "Standard and Poor" beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqini artırıb, halbuki inkişaf etmiş Avropa ölkələrinin kredit reytinqləri aşağı salınıb.
Biznesin sadələşdirilməsi və biznes imkanlarının genişləndirilməsi istiqamətində atılan addımlar da qiymətləndirilir. Bu il biznes proqramında Azərbaycan yüksək yerlərdədir. Mən müvafiq göstərişlər verdim, əlavə tədbirlər görülsün ki, bizim yerimiz daha da yüksək olsun. Bir sözlə, infrastruktur layihələri, regional inkişaf və ümumi iqtisadi təşəbbüslər Azərbaycan iqtisadiyyatını daha da gücləndirir. İqtisadiyyatımız ildən-ilə güclənir və çox şadam ki, biz bu gün qeyri-neft sektorunun da böyük uğurları haqqında danışa bilərik. Bu uğurları görürük. Bu uğurlar daha da əhəmiyyətli olmalıdır.
Birinci rübdə sosial məsələlərin həllində vacib addımlar atılmışdır. Bu sahə daim diqqət mərkəzindədir. Azərbaycan siyasəti bundan ibarətdir ki, ilk növbədə siyasətimizin mərkəzində insan amili dayanır. Sosial məsələlərin həlli üçün bundan sonra da səylərimizi əsirgəməyəcəyik.
Birinci rübdə sovet dövründən qalan əmanətlərin qaytarılması təşəbbüsü irəli sürülmüşdür. Bu, çox ədalətli və müsbət təşəbbüsdür. Mən hesab edirəm ki, müstəqil Azərbaycan dövləti sovet dövründə yığılan əmanətlərə cavabdehlik, məsuliyyət daşımır. Buna baxmayaraq, Azərbaycan dövlətinin güclü sosial siyasətini və yenə də deyirəm, insan amilinin diqqət mərkəzində olduğunu bir daha nəzərə alaraq qərar verildi və mənim tərəfimdən Sərəncam imzalandı ki, batmış əmanətlərə görə kompensasiya ödənilsin. Deyə bilərəm ki, bu, çox əhəmiyyətli kompensasiyadır. Postsovet məkanında bir neçə ölkədə buna oxşar təşəbbüslər irəli sürülmüşdür. Ancaq deyə bilərəm ki, Azərbaycandan başqa heç bir yerdə cəmi iki il ərzində bu məbləğ qaytarılmayıb. Biz kompensasiya üçün təxminən bir milyard manat həcmində vəsait nəzərdə tutmuşuq və iki il ərzində bu vəsaitin insanlara verilməsi prosesi təşkil edilməlidir. Onu da qeyd etməliyəm ki, mən adətən başqa ölkələrlə müqayisə aparmağı o qədər də istəmirəm. Çünki hesab edirəm ki, bu, o qədər də düzgün addım olmaz. Yəqin, fikir vermisiniz, baxmayaraq ki, Azərbaycan demək olar, bütün göstəricilərinə görə bir çox ölkələrdən üstündür, heç vaxt mən müqayisə üçün, yaxud da ki, uğurlarımızı daha da qabarıq göstərmək üçün kiminsə problemlərini üzə çıxarmıram, hesab edirəm kİ, bu, qeyri-etik davranışdır.
Ancaq ümumi sözlərlə deyə bilərəm ki, heç bir yerdə bizim qədər yüksək əmsal tətbiq edilmir. Müqayisə üçün deyə bilərəm ki, bizdə bu barədə kifayət qədər məlumatlar verilmişdir, mətbuatda da dərc edilmişdir. Bir daha xatırlatmaq istəyirəm ki, hələ 1992-ci ildə milli valyutaya keçid dövründə on sovet rublu bir Azərbaycan manatı nisbətində əvəz olunmuşdur - birə on. 2006-cı il yanvarın 1-də manatın denominasiyası həyata keçirilmişdir. Beləliklə, beş min Azərbaycan manatı - köhnə manat bir yeni manata bərabər olmuşdur. Buna baxmayaraq, hazırda min rublu olan əmanətçiyə 150 manat, yaxud da ki, 180 dollara yaxın kompensasiya ödənilir. İki min rublu olan 300 manat, yaxud da ki, 400 dollar alacaqdır. Bu cədvəli davam etdirmək olar. Yəni, bu, özlüyündə onu göstərir ki, ən yüksək əmsal və ən qısa dövr Azərbaycandadır. Bu, bir daha Azərbaycan dövlətinin həmin məsələyə nə qədər həssas olduğunu göstərir. Mən bilirəm ki, Azərbaycan vətəndaşları bu təşəbbüsü alqışlayırlar. Əlbəttə ki, bunun insanların yaşayış səviyyəsinə müsbət təsiri olacaqdır. Bir də ki, biz bir növ ədaləti bərpa edirik. Bütövlükdə, sovet dövründə 2 milyon 400 şəxsi hesab olmuşdur. İndi bizi böyük texniki işlər gözləyir ki, bu vəsait vaxtında və tam dəqiqliklə verilsin.
Birinci rübdə ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənmişdir. Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan ölkədir. Biz bu ildən başlayaraq BMT Təhlükəsizlik Şurasının üzvüyük və bu vəzifəyə çox böyük məsuliyyətlə yanaşırıq. Bu mötəbər quruma üzv seçildikdə mən demişəm, bir daha demək istəyirəm ki, biz Təhlükəsizlik Şurasında, ilk növbədə, beynəlxalq hüququ və ədaləti müdafiə edəcəyik və müdafiə edirik. Bizim mövqeyimiz ədalətlidir, ölkəmizin müstəqil siyasəti üzərində qurulubdur. Biz ədaləti müdafiə edirik və edəcəyik. İlk günlərdən Azərbaycan Təhlükəsizlik Şurasında öz prinsipiallığı, mövqeyi ilə seçilir. Biz heç vaxt öz mövqeyimizi gizlətməmişik və heç vaxt gizlətməyəcəyik, çünki bizim mövqeyimiz ədalətli mövqedir.
Gələn ay Azərbaycan Təhlükəsizlik Şurasında sədrlik funksiyasını üzərinə götürəcəkdir. Bu da tarixdə ilk dəfə olan bir addımdır. Azərbaycan dünyanın ən böyük, ən mötəbər, ən vacib qurumuna sədrlik edəcəkdir və əminəm ki, uğurlu sədrlik edəcəkdir.
Birinci rübdə Azərbaycan dövləti çox vacib olan beynəlxalq tədbirlərdə iştirak etmişdir. Koreyada keçirilmiş Nüvə Sammitində iştirak etmişdir. Baxmayaraq ki, Azərbaycanda nüvə sənayesi, atom stansiyaları yoxdur, Azərbaycan bu mötəbər toplantıya dəvət edilmişdir və bizim ədalətli mövqeyimiz bu qurumda səsləndi. Azərbaycan dünya birliyinin vacib oyunçusu kimi öz sözünü dedi.
Birinci rübdə ölkəmiz dünyanın iki ən böyük tədbirində - Davos Dünya İqtisadi Forumunda və Münxen Təhlükəsizlik Konfransında iştirak etmişdir. Deyə bilərəm ki, Avropada və bəlkə də dünyada bu hər iki tədbir çox böyük əhəmiyyət daşıyır. Biri iqtisadi, ikincisi isə təhlükəsizlik və siyasi məsələləri əhatə edir. Hər ikisində Azərbaycan təmsil olunmuşdur. Hər ikisində mən ölkəmizin baxışlarını, mövqeyini və siyasi xəttini ifadə etmişəm. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər, torpaqlarımızın işğal altında qalması və bir milyon soydaşımızın əziyyət çəkməsi məsələlərinə toxunmuşdum, dünya birliyinin diqqətini bu məsələlərə cəlb etmişdim.
Birinci rübdə, eyni zamanda, Bakıda Avronest Parlament Assambleyasının ikinci sessiyası keçirilmişdir. Deyə bilərəm ki, bu sessiya Avropa İttifaqının xaricində ilk dəfədir ki, keçirilir. Təsadüfi deyildir ki, sessiyanın birinci ünvanı Bakı seçilmişdir. Sessiya çox yüksək səviyyədə keçirildi və yenə də bu, bizə imkan verdi ki, Avropa Parlamenti deputatlarına birbaşa müraciət edərək Azərbaycanın həm gördüyü işlər, həm mövqeyi haqqında məlumatı verək, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və həqiqətləri, azərbaycanlılara qarşı törədilən soyqırımı, erməni faşizmi haqqında mövqeyimizi bildirək. Xocalıda o qanlı faciəni, soyqırımını törədənlər faşistlərdir, bunun başqa adı ola bilməz. Mən bu imkanlardan istifadə edərək həm həqiqətləri, həm Azərbaycanın mövqeyi və gələcəyə ümumi baxışları haqqında fikirlərimi bildirmişdim.
Bir sözlə, birinci rübdə beynəlxalq aləmdə də Azərbaycanla bağlı çox maraqlı və ciddi müzakirələr aparılmışdır. Ölkəmiz beynəlxalq aləmin dəyərli üzvü kimi, öz sözünü deyir və deyəcəkdir.
Bizim xarici siyasətimiz daxili siyasətimizin məntiqi davamıdır. Xarici siyasətimiz əməkdaşlığın dərinləşməsinə hesablanıb. Biz bu istiqamətdə addımlar atırıq. Bizim xarici siyasətimiz açıqdır, aydındır və birmənalıdır. Bölgədə, dünyada rolumuz artır. Bu, həqiqətdir və bu həqiqətlə hesablaşmaq lazımdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün beynəlxalq tədbirlərdə mən sözlərimi demişəm, Ermənistanın işğalçı siyasətini ifşa etmişəm. Bundan sonra da bütün beynəlxalq tədbirlərdə Ermənistanın işğalçı siyasətini ifşa edəcəyəm. Münaqişənin həlli ilə bağlı bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməli, işğalçı qüvvələr torpaqlarımızdan geri çəkilməlidir. Beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyümüz tam şəkildə bərpa ediləcəkdir. Mən buna şübhə etmirəm. Biz həm iqtisadi sahədə, həm beynəlxalq aləmdə güclənirik. Hərbi potensialımız da güclənir. Bu sahəyə daim böyük diqqət göstərilir və göstəriləcəkdir. Biz güclü hərbi sənaye yaradırıq, eyni zamanda, böyük həcmdə hərbi texnika, silah, sursat alırıq və alacağıq.
Mən hələ hava hücumuna qarşı silahlardan danışmıram, tanklar, artilleriya qurğuları, döyüş təyyarələri, müxtəlif silahlar, döyüş aparmaq üçün lazım olan bütün müasir ləvazimatlar alınır və alınacaqdır. Deyə bilərəm ki, hər bir yerdə olduğu kimi, bu sahədə də biz şaxələndirilmiş siyasət aparırıq, bir istehsalçıdan asılı deyilik. Bu sahədə bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır və imkanımız vardır. Biz bəzi başqa ölkələrdən fərqli olaraq heç nəyi müftə almırıq, pulla alırıq və bu siyasət davam edəcəkdir.
Azərbaycanın artıq güclü ordusu vardır. Bütün Silahlı Qüvvələr bu gün istənilən vəzifəni - ölkəmizin bütün maraqlarını müdafiə etmək üçün hazırdırlar, buna qadirdirlər. Dağlıq Qarabağda və işğal edilmiş torpaqlarda Azərbaycanın suverenliyini bərpa etməyə hazırdırlar. Sadəcə olaraq biz istəyirik ki, bunu qan tökülmədən, sülh, danışıqlar yolu ilə edək və hər an, hər gün biz qələbəyə yaxınlaşırıq. Hər gün Ermənistan daha da böyük tənəzzülə uğrayır, Azərbaycan daha da güclənir. Biz hər gün qələbə gününü yaxınlaşdırırıq. Gün gələcək Azərbaycan bayrağı Xankəndidə və Şuşada dalğalanacaqdır.
İndi isə keçək müzakirələrə. Söz verilir vergilər naziri Fazil Məmmədova.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında