Prezident İlham Əliyev Tovuzda Göytəpə neolit dövrü arxeoloji abidəsi ilə tanış olmuşdur

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də Tovuz rayonu ərazisində Göytəpə neolit dövrü arxeoloji abidəsi ilə tanış olmuşdur. 
Dövlətimizin başçısına məlumat verildi ki, qədim Göytəpə arxeoloji abidəsi Azərbaycan ərazisində, eyni zamanda, Cənubi Qafqazda neolit dövrünün erkən mərhələsinə aid yaşayış məskənlərinin ən böyüyüdür. Bu yaşayış məskəni 2 hektardan çox ərazini əhatə edir.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası 2006-cı ildə Fransa mütəxəssisləri ilə birlikdə Göytəpə qədim yaşayış məskənində kəşfiyyat müşahidələri apararaq, təpənin toroplanını çəkmiş, yerüstü materiallar toplamışlar. Abidənin dəqiq tarixinin təyin edilməsi üçün üst qatdan götürülən kömür qalıqlarının üzərində Fransanın Milli Araşdırmalar Mərkəzində radio-karbon analizi aparılmışdır. Analizin nəticəsinə əsasən, Göytəpə yaşayış məskəninin bizim eradan əvvəl VI minilliyə aid olduğu müəyyən edilmişdir. Bu da onu deməyə əsas verir ki, Tovuzun 8 min illik şəhər mədəniyyəti tarixi vardır.
Prezident İlham Əliyev Göytəpə neolit dövrü arxeoloji abidəsinin ərazisini gəzdi.
Məlumat verildi ki, abidənin qədimliyi dünyanın bir çox nüfuzlu elm adamlarının və mütəxəssislərin ciddi marağına səbəb olmuşdur. 2008-ci ildən başlayaraq hər il Fransa Milli Araşdırmalar Mərkəzinin, Tokio Universitetinin əməkdaşlarının iştirakı ilə stasionar arxeoloji qazıntılar aparılmışdır. Göytəpə yaşayış yeri Azərbaycanda və Qafqazın cənubunda neolit dövründə baş verən inkişaf prosesinin əsas xüsusiyyətlərinin öyrənilməsində müstəsna əhəmiyyətə malikdir. Burada aparılan arxeoloji qazıntı işləri neolit dövrünə aid tikinti mədəniyyətini, Kür çayının orta axarı boyunca erkən neolit həyat tərzinin öyrənilməsinə imkan yaratmışdır.
Sonra dövlətimizin başçısı yaşayış məskənində aşkar edilən daş və sümük alətlərə baxdı. Bildirildi ki, aşkar olunan maddi-mədəniyyət nümunələrinin elmi təhlili Tovuz ərazisinin Qafqazın ən qədim yaşayış məskəni olduğunu sübut edir. Dünya arxeologiyasında Göytəpə yaşayış məskəni tipli neolit dövrünə aid arxeoloji abidələr ilkin sivilizasiyanın başlanğıc nöqtəsi, proto-şəhər, yəni insanların yığcam yaşayış tərzinin bərqərar olduğu ilkin şəhər mədəniyyətinin formalaşması dövrü kimi dəyərləndirilir.
Daha sonra Prezident İlham Əliyev Göytəpə qədim yaşayış məskənində bu günə qədər görülən işlər və əldə olunan nəticələri, eləcə də aşkar olunmuş tikililərin bərpası, abidənin açıq səma altında muzeyə - arxeoparka çevrilməsi istiqamətində təklifləri əks etdirən stendlərə baxdı. Qeyd olundu ki, 2008-2011-ci illərdə Göytəpədə aparılan qazıntılar qədim yaşayış yerinin neolit dövrünə aid olan mükəmməl memarlığını üzə çıxarmışdır. Tədqiqatçıların fikirincə, Göytəpədə aşkar olunan tikililərin möhkəmliyinə Azərbaycanın heç bir neolit dövrü abidələrində rast gəlinməmişdir. Dəyərli maddi-mədəniyyət nümunələri ilə zəngin olan abidənin 2009-cu ildə Tokio Universitetində, 2010-cu ildə Londonda fəaliyyət göstərən "Britaniya Muzeyi"ndə, həmin ildə Parisdə "Kollec-de-Frans" təhsil müəssisəsində, 2011-ci ildə Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutunda və Gürcüstanın Milli Tarix Muzeyində təqdimatı olmuşdur. Ötən ilin avqustunda Rusiya, Ukrayna, Moldova, Gürcüstan, Özbəkistan və Qırğızıstan nümayəndələrinin iştirakı ilə Azərbaycanda ilk dəfə olaraq "Cənubi Qafqazın qədim mədəniyyətləri" mövzusunda beynəlxalq layihə çərçivəsində MDB-nin gənc mütəxəssislərindən ibarət "Gənc arxeoloqların yay məktəbi" tədbiri Göytəpə yaşayış məskəni ərazisində keçirilmişdir.
Məlumat verildi ki, abidə rayonun turizm marşrutuna daxil edilmişdir. Ölkəmizdə "2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, cari ildə abidənin ətrafının abadlaşdırılması, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant-layihəsinə uyğun olaraq əsaslı şəkildə elmi tədqiqat işlərinin davam etdirilməsi və ərazidə arxeoparkın yaradılması nəzərdə tutulmuşdur.
Yaşayış məskəni ilə tanışlıqdan sonra dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında