- Mən yenidən qərb bölgəsində olmağımdan çox məmnunam. Birinci dəfə deyil ki, sizinlə görüşürəm. Hər dəfə qərb bölgəsində olarkən, burada inkişafı görərkən çox sevinirəm. Bu gün səhər Qazaxda, indi burada - Ağstafada tədbirlərdə iştirak edirəm. Bundan sonra Tovuza gedəcəyəm. Bir gün ərzində həm bölgə, həm də ölkəmiz üçün çox vacib tədbirlər keçirilir, çox vacib açılışlar təşkil edilir - kənd yollarının, yeni sənaye, emal müəssisələrinin açılışları. Bütün bu işlər ölkəmizin dinamik inkişafını göstərir. Azərbaycanın inkişafı bölgələrin inkişafından asılıdır. Uzunmüddətli dayanıqlı inkişaf istəyiriksə, mütləq qeyri-neft sektoru inkişaf etməlidir. Mən çox şadam ki, həm Ağstafada, həm Qazaxda, digər bölgələrdə bu sahədə görülən işlər təqdirəlayiqdir.
Ümumiyyətlə, ölkə iqtisadiyyatı sürətlə inkişaf edir. Bölgələrdə proseslər müsbət istiqamətdə gedir. Vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilir. Azərbaycan bu gün, sözün əsl mənasında, öz inkişaf dövrünü yaşayır. Çalışmalıyıq ki, bu dinamik inkişaf templərini saxlayaq.
İndi qarşımızda yeni məsələlər dayanır. Ümumi daxili məhsuldakı struktur islahatları bundan sonrakı dövrdə də aparılmalıdır. Biz növbəti 10 il ərzində inkişafımızı daha çox qeyri-neft sektoru hesabına təmin etməliyik. Belə olan halda, əminəm ki, 10 ildən sonra Azərbaycan dünya miqyasında yüksək gəlirli ölkəyə çevriləcəkdir. Bu gün açılan yeni müəssisələr - bu bölgədə yerləşən yeni müəssisələr minlərlə iş yeri deməkdir. Hər bir iş yerinin açılması ölkə iqtisadiyyatına da böyük töhfədir, hər bir ailəyə də böyük dəstəkdir. İş yeri olan zaman əlbəttə ki, insanlar yaxşı maaş alırlar, işləyirlər və biz idxaldan asılılığımızı daha da azaldırıq.
İqtisadi sahədəki bütün bu müsbət meyillərlə yanaşı, başqa sahələrdə də uğurlar göz qabağındadır. Ölkəmizin ümumi inkişafı artıq dünya birliyi tərəfindən qəbul edilir və tanınır. Dünya birliyi Azərbaycanı çox dəyərli və etibarlı, dost və tərəfdaş kimi qəbul edir.
Bizim 20 illik müstəqillik tarixində ən böyük diplomatik uğurumuz BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimizdir. Çox gərgin, amma ədalətli mübarizədə biz dünya birliyinin böyük dəstəyini əldə etmişik. 155 ölkə Azərbaycanı dəstəkləmişdir. Gənc müstəqil ölkə üçün bu, həddindən artıq çox böyük nəticədir. Bizim bu mötəbər quruma seçilmək cəhdlərimiz də uğurla nəticələndi. Birinci dəfədən Azərbaycan böyük səs çoxluğu ilə seçilibdir. Bu fakt özlüyündə bir çox məsələlərə eyham vurur.
Birinci növbədə, Azərbaycanın dünyadakı mövqeləri möhkəmlənir, Azərbaycanı daha da çox tanıyırlar. İkinci tərəfdən, Azərbaycanda gedən müsbət işlər, islahatlar ölkəmizin gücünü artırır. İndi bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı çoxalır. Yəni, bu sahədə də görülən işlər müsbətdir. Beləliklə, Azərbaycan indi nəinki regionda, dünyada da qlobal məsələlərin həllində öz sözünü deyir və deyəcəkdir. Biz birinci gündən Təhlükəsizlik Şurasında fəallığımızla seçilirik və prinsipial mövqeyimizi ortaya qoyuruq. Deyə bilərəm ki, müstəqillik tarixinin, bu 20 ilin ən yaddaqalan məqamlarından biri odur ki, biz müstəqil siyasət aparırıq. Artıq bu siyasətlə hesablaşmaq lazımdır, bu siyasət öz düzgünlüyünü təsdiq etmişdir və 20 il ərzində həm ölkə daxilində, həm regionda, həm dünyada Azərbaycan özünü göstərmişdir.
Azərbaycan dövləti güclü dövlətdir, güclü dövlətçilik əsaslarımız vardır. Elə etməliyik ki, bu müsbət dinamikanı gələcək illərdə də saxlayaq, ölkəmizin hərtərəfli inkişafına nail olaq və ölkə qarşısında duran bütün məsələləri həll edək. Bu məsələlər var, həm sosial, həm iqtisadi sahədə islahatların aparılması davam etdirilməlidir. Biz bütün bunlar haqqında kifayət qədər açıq və geniş proqrama malikik. Bu proqram vətəndaşlara təqdim edilib və vətəndaşların dəstəyi ilə bu işləri aparırıq.
Bu gün bu görüşdə bölgə ziyalıları toplaşmışlar. Mən ziyalılarla tez-tez görüşürəm, həm bölgələrdə, həm Bakıda. Bu görüşlərin çox böyük mənası, çox böyük əhəmiyyəti vardır. Həm xarici, həm daxili siyasətlə, həm də sosial sahə ilə bağlı bütün məsələlər həll olunur. Ancaq dövlətimizin əsasları bizim milli, mənəvi dəyərlərdir. Mən bu barədə dəfələrlə fikirlərimi bildirmişəm, bir daha demək istəyirəm ki, bu, sadəcə gözəl sözlər deyil, həqiqətdir. Əgər biz dövlətçiliyimizi güclü milli dəyərlər üzərində qurmasaydıq, bugünkü inkişaf yarımçıq olardı, uzunmüddətli olmazdı.
Xüsusilə indiki zəmanədə dünyada gedən proseslər əlbəttə ki, dünyanın həm siyasi xəritəsini dəyişdirir, həm ölkələr arasındakı münasibətlər yeni müstəviyə keçir. Qloballaşma meyilləri güclənir. Qloballaşmanın həm müsbət, həm mənfi tərəfləri vardır ki, biz bu barədə açıq danışmalıyıq və hər halda mən fürsət olanda bu barədə öz fikirlərimi ifadə edirəm. Belə olan halda mütləq hər bir dövlət, hər bir xalq öz mənəvi dəyərlərinə daha da bağlı olmalıdır.
Bizim üstünlüyümüz ondan ibarətdir ki, çox gözəl ənənələrimiz, gözəl dəyərlərimiz vardır. Bunlar Azərbaycan dəyərləridir. Bizim dəyərlər ümumbəşəri dəyərlərin bir hissəsidir. Azərbaycan dəyərləri deyə bilərəm ki, dünya üçün örnək ola bilər.
Gənc nəsil milli ruhda böyüməlidir. Gənc nəslin milli ruhda böyüməsi üçün gənc nəsil öz ölkəsində rahat yaşamalıdır, qürur hissi keçirməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona görə güclü Azərbaycan dövləti, eyni zamanda, bu milli mənəvi dəyərləri də gücləndirir. Bu dəyərlər təkcə keçmişdən bizə miras qalan dəyərlər deyildir. Halbuki əsas bundan ibarətdir.
Bugünkü uğurlu inkişaf, bizim hər sahədəki nailiyyətlərimiz, qələbələrimiz hər bir vətəndaşı daha da çox ruhlandırır. Hər bir vətəndaş öz ölkəsini daha çox sevir, ölkəsinə daha çox bağlı olur. Biz tariximizi yaxşı bilməliyik. Əfsuslar olsun ki, bizim nəsil, məndən yaşlı olanlar çox məhdud ideoloji çərçivələr arasında böyümüşdür. Müstəqillikdən sonra tariximizlə bağlı olan reallıqları dərk etməyə başlamışıq. Görmüşük ki, doğrudan da Azərbaycan xalqı nə qədər böyük əziyyətlər çəkib, bizə qarşı nə qədər ədalətsizliklər olub. Azərbaycan xalqının iradəsini sındırmaq istəyənlərin səyləri nə qədər çox olub. Amma buna baxmayaraq, biz milli mənliyimizi, dəyərlərimizi, ənənələrimizi saxlaya bilmişik.
Bu gün əlbəttə ki, gənc nəsil və biz tarixə, keçmişə ədalətli mövqedən yanaşırıq. Yəni, tarixi yenidən öyrənirik. Gənc nəsil bu tarixi bilməlidir, vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə almalıdır. Buna nail olmaq üçün, ilk növbədə, əsas vəzifə əlbəttə ki, dövlətin, dövləti idarə edənlərin, eyni zamanda, ziyalıların üzərinə düşür.
Mən çox istərdim ki, bizim ziyalılar bundan sonra da əsərləri, fikirləri, baxışları ilə bu müsbət meyilləri daha da gücləndirsinlər. Azərbaycan cəmiyyətində ziyalılara bütün dövrlərdə böyük hörmət olub - ictimai-siyasi quruluşdan asılı olmayaraq, sovet dövründə də, ondan əvvəlki dövrdə də, müstəqillik dövründə də. Bu, çox müsbət bir haldır. Biz heç də hər bir cəmiyyətdə buna rast gələ bilmərik. Bu, bizim xüsusiyyətimizdir və biz bu ənənəni yaşatmalıyıq.
Dövlət tərəfindən ziyalılara olan qayğı, dəstək artır, son zamanlar özünü daha da çox büruzə verir. Sovet İttifaqı dağıldıqda və müstəqilliyin ilk illərində imkanlarımız da yox idi. Dövlətin imkanları da yox idi ki, ziyalılara daha da çox diqqət göstərsin. Ancaq indi imkanlar artdıqca, ilk növbədə, bu məsələyə diqqət göstərilir. Yüzlərlə ziyalımız Prezident təqaüdü alır, mükafatlandırılırlar. Müxtəlif tədbirlər keçirilir. Uzun fasilədən sonra kitabların nəşri bərpa edilib və bu gün daha geniş vüsət almalıdır.
Ziyalılar da öz növbəsində, əlbəttə, vətəndaşlıq mövqeyi ilə ümumi işimizə töhfəsini verməlidirlər, verirlər. Öz əsərləri, fikirləri ilə qarşıda duran məqsədlərimizə çatmaq üçün səylərini daha da artırmalıdırlar.
Keçən il müstəqilliyimizin 20 illiyi qeyd olundu. Bu, tarix baxımından çox qısa bir dövrdür. İyirmi il tarix üçün bir an, bir saniyədir. Ancaq eyni zamanda, 20 il ərzində çox iş görmək olar və çox iş də görülübdür. Haradan haraya gəlmişik. Biz dağıdılmış, xaos içində çabalayan, heç bir dövlətçilik əsası olmayan ölkədən bu gün dünyanın sayılıb-seçilən ölkələri sırasına daxil olmuşuq, həm ölkədə gedən islahatlarla, həm beynəlxalq mövqelərimizin gücləndirilməsi hesabına.
Bu 20 illik müstəqillik tarixi hesab edirəm ki, bizim həm ədəbiyyatda, həm publisistikada, həm də digər sahələrdə daha da çox öz əksini tapmalıdır. Yəni, 20 il bir dövrdür ki, artıq bu dövrü təhlil etmək üçün imkanlar vardır. Əgər biz bunu düzgün, dəqiq təhlil etsək, həm tarixi həqiqətə töhfəmizi verərik, eyni zamanda, gələcək üçün də bir yol açılar. Yəni, 20 il arxada qaldı. Bundan sonra 20 il ərzində bizi nələr gözləyir?! Bizim planlarımız, ideyalarımız, fikirlərimiz nədir?! Əlbəttə ki, ölkə siyasətini siyasi hakimiyyət müəyyən edir. Ona görə də insanlar siyasi lideri - Prezidenti seçirlər, ona etimad göstərib seçirlər. Ancaq eyni zamanda, gələcəyə baxışlarımızın spektri çox geniş olmalıdır. Burada cəmiyyətin ziyalı zümrəsi, elitası öz rolunu oynamalıdır.
Mən çox istərdim ki, həm bizim 20 illik müstəqillik tariximizlə, həm də əvvəlki tariximizlə bağlı daha da dolğun, daha da mənalı və çoxsaylı materiallar üzə çıxsın. Əlbəttə ki, bu da çox vacibdir və bu istiqamətdə də işlər gedir. Ümumiyyətlə, ölkəmizin gələcək inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparılmalıdır.
Əsas istiqamətlər müəyyən edilibdir. Azərbaycan müstəqil ölkə kimi bundan sonra əbədi yaşayacaqdır. Müstəqil siyasət aparan ölkə kimi Azərbaycan dünya miqyasında özünü tanıtdıra bilibdir və bu reallıqlarla istər-istəməz bütün ölkələr hesablaşmalıdır. Bizi müstəqil siyasətdən döndərə biləcək bir qüvvə yoxdur. Bizim siyasətimiz xoşniyyətlidir, milli maraqlarımızı müdafiə edəndir, əməkdaşlığa geniş mənada hazırıq.
Biz gərək perspektivlərimiz haqqında dəqiq proqramları tətbiq edək. Bu proqramlar var, onlar daha çox iqtisadi və sosial məsələləri əhatə edir. O ki qaldı dövlətimizin ideoloji əsasları ilə bağlı məsələlərə, biz bu sahədə daha da çox işləməliyik. Biz 20 il bundan sonra ölkəmizi necə görmək istəyirik?! Bu gün yeniyetmə yaşında olan gəncləri biz necə tərbiyə edəcəyik?! Onlar hansı ruhda tərbiyə olunacaqlar, onlar öz dövlətinə nə qədər bağlı olacaqlar, öz milli mənliyini necə qoruyub saxlayacaqlar!? Çünki qloballaşma meyilləri gedir və bəzi hallarda böyük güc mərkəzləri qloballaşma adı altında öz siyasətini yeridirlər. Bu da heç kimə sirr deyil ki, kənar qüvvələrin bəzi çox gözəl şüarlar altında maraqlarını təmin etmək üçün səylər göstərilir. Gənclərimiz buna hazır olacaqlarmı?! Biz buna hazırıq və istənilən təzyiqə dözürük, dözəcəyik və öz seçimimizi müdafiə edirik və edəcəyik.
Ancaq qloballaşma dövründə təhsil, mədəniyyət, yenə də deyirəm, ziyalıların sözü müstəsna əhəmiyyətə malikdir. Ona görə də hesab edirəm ki, bugünkü görüşdə biz bu məsələlər ətrafında danışmalıyıq. Azərbaycanın bugünkü reallıqları belədir ki, yenə də demək istəyirəm, bizi gələcəkdə ancaq və ancaq inkişaf gözləyir. Mən buna tam əminəm və ölkəmizin bugünkü reallıqları, gələcək planlarımız bu əminliyi yaradır. Bizim 2023-cü ilə qədər artıq konkret proqramlarımız vardır. Yəqin ki, 2014-cü ildə yeni onillik inkişaf proqramı təsdiq olunacaqdır.
Ancaq sosial və iqtisadi məsələlərdən başqa, yenə də demək istəyirəm ki, ideoloji, siyasi məsələlər, daxili siyasətlə bağlı məsələlər vardır. Bizim uğurlu inkişafımızı təmin etmək üçün bax bütün bu vacib amillər olmalıdır.
Mən bir daha sizi salamlayıram. Mən çox şadam ki, qərb bölgəsinin ziyalıları həmişə olduğu kimi çox fəaldırlar. Bu gün də belədir, istəyirəm ki, gələcəkdə belə olsun.
* * *
Görüşdə "Ağstafa" qəzetinin redaktor müavini Firdovsi HEYDƏRLİ Prezident İlham Əliyevin Ağstafaya növbəti səfərinin rayon sakinləri arasında yaratdığı yüksək əhval-ruhiyyədən danışaraq dedi:
- Çox hörmətli cənab Prezident, sonsuz məhəbbətlə, böyük səbirsizliklə yolunuzu gözləyirdik. Bu bir neçə gündə çox xoşbəxt anlar yaşayan bütün ağstafalılar adından, Ağstafanın ziyalıları, ağsaqqalları adından Sizi ürəkdən salamlayır və bu təravətli bahar günlərində elimizə, obamıza "Xoş gəlmisiniz!" deyirəm.
Böyük minnətdarlıq, razılıq və fəxarət hissi ilə demək istəyirəm ki, bünövrəsi ulu öndərimiz, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi və mədəni inkişaf strategiyası müstəqil respublikamızın bütün bölgələrində olduğu kimi, bizim Ağstafada da çox böyük uğurla həyata keçirilir. Bircə kəlmə deməyi özümə borc bilirəm ki, bizim rayonumuzda baş verən yenilikləri, inkişafı, möhtəşəm yenidənqurmanı Ağstafanın nə keçmişi, nə də 4-5 il bundan əvvəlki vəziyyəti ilə müqayisə etmək qəti mümkün deyildir. Çox gözəl inkişaf baş veribdir.
Siz bizim bölgədə bir neçə dəfə olmusunuz. Amma mən bu gözəl gündə o səfərlərinizdən birini yada salmaq istəyirəm. Siz o vaxt Bakı-Ceyhan neft kəmərinin çəkilişi ilə əlaqədar "Qızıl qaynaq" mərasimində iştirak etmək üçün Böyük Kəsik ərazisinə gəlmişdiniz. Əlbəttə, oradakı böyük təntənədən sonra Siz Bakıya qayıtmaq üçün həmin bu Ağstafa vağzalına gəldiniz və gördünüz ki, burada çoxlu insanlar toplaşıb. Siz onlarla səmimi söhbət etdiniz. O səmimi söhbət zamanı Siz onları dinlədiniz, onlara sözünüzü dediniz, onlar Sizə öz sözlərini çatdırdılar və axırda, gedənə yaxın çox gözəl söz dediniz. Bildirdiniz ki, bu Ağstafanın gözəl, füsunkar təbiəti, onun gözəl coğrafi mövqeyi, mehriban, hər şeyə düzgün qiymət verməyi bacaran insanları mənim çox xoşuma gəldi. Mən bugünkü görüşdə sizə söz verirəm ki, yaxın zamanlarda Ağstafanı respublikanın qərb qapısında ən gözəl bir diyara çevirmək üçün əlimdən gələni əsirgəməyəcəyəm.
Bu qiymətli sözlər mənim yadımdadır və onu xatırlatmaqda məqsədim vardır. Bu gün iftixar, çox böyük fəxarət hissi ilə demək olar ki, Siz ölkənin doğrudan da gözəl Prezidenti, həmişə xalqın güzəranını, yaşayışını fikirləşən dövlət başçısı kimi o vədə əməl etdiniz. Özünüz gəldiniz, gəzdiniz, görülən işlərə baxdınız. Əminəm ki, bu da son tədbir deyildir.
Həm Ağstafa ziyalıları, həm ağsaqqalları adından əmin edirəm ki, Sizin hər bir addımınız, hər bir tədbiriniz ağstafalılar tərəfindən çox böyük razılıq hissi ilə qarşılanır. Minnətdarlıq bildirmək üçün adam söz tapmaqda çətinlik çəkir. Bu qədər gözəl işin müqabilində Prezidentə nə qədər böyük minnətdarlıq etsək də azdır. Çünki qədim tarixə malik Ağstafanın həyatında indiyədək belə yenilik, belə inkişaf heç vaxt görünməyibdir. Ona görə, biz ziyalılar, ağsaqqallar öz aramızda söhbət edəndə həmişə deyirik ki, Ağstafa yeni bir həyat yaşamağa başlayıb.
Möhtərəm Prezident, bunun da hamısı həqiqi mənada Sizin sayənizdədir. Çox sağ olun, bütün ağstafalılar adından, ziyalılar adından Sizə möhkəm cansağlığı arzulayıram, Allah Sizi qorusun! Qoy Ulu Tanrı Sizi heç vaxt bütün xalqımızın, o cümlədən Ağstafa camaatının başı üstündən əksik etməsin.
Prezident İlham ƏLİYEV: Çox sağ olun, xoş sözlərinizə görə çox minnətdaram. Mən çox şadam ki, doğrudan da Ağstafada gözəl, sürətli inkişaf vardır. Mən beşinci dəfədir ki, Prezident kimi Ağstafadayam. Əlbəttə, çox istəyirəm ki, bu rayon daha sürətlə inkişaf etsin. Bilirsiniz, indi bütün vacib olan proqramlar qəbul edilib.
Dövlət İnvestisiya Proqramında, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında bütün məsələlər öz əksini tapır.
Hər bir rayon, hər bir kənd üzrə bizim proqramlarımız vardır. Bu, təkcə Ağstafanı deyil, bölgəni deyil, bütün rayonları əhatə edir. Əsas məsələ ondadır ki, yerlərdə bu proqramlar düzgün icra olunsun. Yerlərdə işləyən məmurlar öz vəzifə borcunu ləyaqətlə yerinə yetirsinlər. Hesab edirəm ki, indiki dövrdə bizim əsas vəzifəmiz bundan ibarətdir.
Burada əlbəttə ki, kadrların düzgün seçilməsi məsələsi gündəmə gəlir. Mən çalışıram ki, bu kadrlar maksimum təhlil aparmaq şərti ilə seçilsin, təyin edilsin. Hər dəfə, hər bir yerə, hər bir rayona icra başçısı təyin edərkən dəvət edirəm, tövsiyələrimi, göstərişlərimi, istiqamətləri verirəm ki, necə işləməlisən. Tapşırıram ki, təmiz işləməlisən, insanlarla bir yerdə olmalısan, insanların qayğıları ilə yaşamalısan, öz təşəbbüsünü də göstərməlisən. Çünki indi bölgələrdə layihələrin bir çoxu dövlət qurumları tərəfindən icra edilir. Qazlaşdırma, su, kanalizasiya layihələri, elektrik xətlərinin çəkilişi, böyük investisiya layihələri.
Ancaq yerli icra orqanlarının da öz imkanları vardır. Onlar bu imkanlardan istifadə etməlidirlər. Harada ki, seçim düzgündür, orada işlər daha yaxşı gedir. Harada ki, bu seçimdə səhvə yol verilib, orada işlər o qədər də yaxşı getmir, yaxud da ki, pis gedir. Mən sizə deyə bilərəm ki, 8 ildən artıqdır ki, Prezidentəm. Bu illər ərzində elə yerlər var ki, orada icra başçısı bir neçə dəfə dəyişilib. Bir neçə dəfə. Etimadı doğrultmaq lazımdır. Harada ki, icra başçısı bunu doğruldur o, mənim tərəfimdən qiymətləndirilir, dəstəklənir. Harada ki, özünü doğrultmur əlbəttə ki, orada biz tədbirlər görürük və mənim bölgələrə səfərlərimin səbəblərindən biri də məhz bundan ibarətdir ki, gedim öz gözümlə görüm. Özüm görüm ki, insanların əhval-ruhiyyəsi necədir?! Abadlıq işləri, ümumən işlər necə gedir?! Əlbəttə, Prezidentin çox geniş, gərgin iş qrafiki vardır. Ancaq bölgələrə səfərlərim çox əhəmiyyətlidir, həm mənim üçün, həm də burada yaşayan insanlar üçün. Bu, dövlət məmurlarını da daim səfərbər vəziyyətdə saxlayır. Belə də olmalıdır.
Mən misal üçün, bu gün həm Qazaxda, həm Ağstafada görürəm ki, bax, bir il keçməyib həm oraya, həm buraya yeni icra başçılarını təyin etmişəm. Görürəm ki, inkişaf vardır. İnsanlar da görürlər, reaksiya da müsbətdir. Ona görə ziyalılar da, rayon fəalları da, bütün vətəndaşlar da bir yerdə olmalıdırlar. Dövlət nümayəndələri, vətəndaşlar, ziyalılar bir yerdə olmalıdırlar. Onda bütün işlərimiz daha da uğurla gedəcəkdir.
* * *
Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri Barat VÜSAL dövlətimizin başçısı ilə hər bir görüşün hamı kimi, sənət adamlarında da sonsuz məmnunluq və qürur hissi doğurduğunu diqqətə çatdıraraq dedi:
- Qərb bölgəsində Siz dəfələrlə olarkən biz hiss etmişik ki, sənətə və sənət adamlarına çox böyük ehtiram göstərirsiniz. Respublikada Heydər Əliyev dövründən qalan ənənəni yaşadırsınız. Mənim yadımdadır, Siz hakimiyyətə gələndə dediniz ki, mən Azərbaycanın gələcəyinə inanıram. Amma bu gələcək bircə şeydən asılıdır - Heydər Əliyev siyasətini davam etdirməkdən.
Siz həmin siyasəti çox böyük qüdrətlə dünya səviyyəsində Azərbaycana böyük nüfuz gətirəcək şəkildə davam etdirirsiniz və biz Sizi alqışlayırıq. Demək istəyirəm ki, qərb bölgəsi, Qazax-Ağstafa bölgəsi tarixən birlikdə Qazax mahalı adlanır. Bu mahaldan çox böyük ədəbi simalar çıxıbdır.
Xalq şairi Səməd Vurğun bu bölgəni vaxtilə "Şairlər vətəni" adlandırmışdır. Səməd Vurğun onların içərisində xüsusi yer tutur. Ulu öndər Heydər Əliyevin dediyi bir sözü xatırlatmaq istəyirəm: "Xalq şairi Səməd Vurğun millətimizin başını uca edən şəxsiyyətlərdəndir". Bəli, ölkəmizdə millətinin, xalqının başını uca edən hər bir adama böyük hörmət, ehtiram, qayğı vardır. Sizin verdiyiniz sərəncamlar əsasında Qazaxda Mütəfəkkirlər Parkı, xalq yazıçıları Mehdi Hüseynin, İsmayıl Şıxlının həm heykəlləri ucaldılıb, həm də onların adını daşıyan parklar salınıb, Dədə Qorqud Meydanı yaradılıbdır. Heydər Əliyev tərəfindən əsası qoyulmuş "Poeziya evi" Sizin tövsiyələriniz əsasında yüksək şəkildə bərpa olunub istifadəyə verilmişdir.
Bu qayğını və diqqəti bölgəmizin əhatə etdiyi beş rayonun ədəbi qüvvələrinin timsalında da aydın görürük. Bu bölgədə yaşayanlar Səməd Vurğun ədəbi məktəbindən öyrənirlər. Bayaq Siz dediyiniz kimi, mənəvi dəyərlərimizə nəsə əlavə etmək üçün əllərindən gələni edirlər. Deyim ki, burada olan yazıçıların hamısının kitabları çap olunur, onların bir çoxu Prezident təqaüdünə layiq görülmüşdür, mükafatlar, fəxri adlar almışlar. Hətta təvazökarlıqdan uzaq olsa da, deyim ki, keçən il 60 illiyimdə Siz mənə "Əməkdar incəsənət xadimi" fəxri adını verdiniz. Fürsətdən istifadə edib bütün bölgə yazarları adından təşəkkürümü bildirirəm.
Bu ehtiram, bu diqqət əlbəttə ki, Azərbaycan dövlətinin möhkəmlənməsi, millətimizin milli dəyərlərinin artması üçündür. Biz bu sahədə həmişə Sizə yardımçıyıq, köməkçiyik. Sizin tövsiyələriniz bizim üçün həmişə əsasdır. Deyim ki, bu etimadı vaxtilə Səməd Vurğunun dediyi bir söz daha çox doğruldur. Nə mənada? Bu gün biz Ağstafadayıq. Ağstafada Səməd Vurğunun adını daşıyan möhtəşəm park təzədən bərpa olunmuşdur. İnandırım ki, göz oxşayır. Üstəlik də, Ağstafada indi söhbət etdiyimiz yer "Poeziya evi" adlanır. Bunlar çox böyük hörmət hissi doğurur. Səməd Vurğunun o misralarını xatırlatmaq istəyirəm ki, "Bizdə şeir də var, sənət də vardır. Şairə, sənətə hörmət də vardır!".
Bütün bunların hamısı üçün Sizə təşəkkürümüzü bildiririk. "Var olun!" deyirik. İcazə versəniz, mən Qazax ziyalıları adından bir təklifi demək istərdim. Qazaxda, - Siz özünüz də vaxtilə ziyarət etmisiniz, - Mütəfəkkirlər Parkı heykəllər, büstlərdən ibarət möhtəşəm bir parkdır. O parkda əgər məsləhət bilsəydiniz, biz çox istərdik ki, gələcəkdə Bakıdakı Ədəbiyyat Muzeyinin filialı yaradılsın. Çünki Qazax elə bir strateji nöqtədə yerləşir ki, qonaq-qarası çox olur. Bizdə Vaqif Xatirə Muzeyi köhnə bir binada yerləşir. Yazıçılar Birliyinin filialı da onun kimi. Məsələn, məsləhət olsaydı və belə bir bina tikilsəydi, Vaqif Xatirə Muzeyi də, Yazıçılar Birliyinin filialı da oraya köçürülərdi. Sonra orada ayrı-ayrı otaqlar müxtəlif yazıçılara ayrılardı, əlyazmaları toplanardı, Mütəfəkkirlər Parkına ziyarətə gələnlər həmin muzeyin timsalında böyük bir mədəni xəzinə ilə tanış olardılar. Əgər məsləhət bilsəydiniz. Bunu bir təklif kimi deyirəm.
Sonda icazə versəydiniz, bölgə yazarlarının, yəni, həm Qazax, həm Ağstafa yazarlarının əsərlərindən ibarət, Səməd Vurğunun bir misrası ilə adlanan "Şairlər vətəni - bizim tərəflər" antologiyasını Sizə hədiyyə edərdim.
Sizə bütün işlərinizdə müvəffəqiyyətlər və cansağlığı arzulayıram. Var olun! Millətimiz var olsun! Azərbaycanımız var olsun!
***
Prezident İlham ƏLİYEV: Dediyiniz xoş sözlərə və verdiyiniz təklifə görə çox sağ olun. Mən bu təklifə mütləq baxacağam. Siz bəlkə bunu daha da konkretləşdirəsiniz və orada yeni bir muzey tikmək o qədər də böyük problem olmaz. Əsas odur ki, bunun daxili tərtibatı və funksional tərəfi də müsbət olsun. Filial kimi də öz fəaliyyətini göstərə bilər. Ümumiyyətlə bu, müsbət təklifdir.
Qeyd etdiyiniz kimi, bu gün biz Səməd Vurğun parkında toplaşmışıq. Bu park doğrudan da yenidən qurulub. Yeni büst qoyulub. Abadlıq işləri aparılıb. Gözəl bir kitab yaradılıb. Səməd Vurğunun ölməz əsərləri orada əks olunub. Doğrudan da bu, böyük milli sərvətimizdir. Ulu öndərin dediyi sözlər tam həqiqətdir. Ondan yaxşı bu sözləri heç kim deyə bilməzdi. Bir daha demək istəyirəm ki, siz də xatırlatdınız, mənim prezidentlik dövrümün əvvəlində və ondan əvvəl prezident seçkiləri ərəfəsində, 2003-cü ildə demişdim ki, əgər xalq etimad göstərərsə, mən Heydər Əliyev siyasətinə sadiq olacağam. Çalışıram ki, bu illər ərzində bu siyasəti davam etdirim. Bu siyasət bu gün yaşayır, sabah da yaşayacaqdır. Biz vaxtilə ulu öndər tərəfindən göstərilən təşəbbüsləri də davam etdiririk. Məsələn, Səməd Vurğun "Poeziya evi" vaxtilə ulu öndər tərəfindən tikdirilmişdir. Bəlkə xatırlayırsınız, 2004-cü ildə mən Gürcüstandan qayıdarkən yolüstü Ağstafada, Qazaxda oldum, "Poeziya evi"nə baş çəkdim və oradakı vəziyyətlə tanış oldum. Sözün düzü, bu, məni heç açmadı. Çünki vaxtilə tikilmiş gözəl bina artıq yararsız vəziyyətə düşmüşdü. Bütün ekspozisiyalar köhnəlmişdi. Divarlar demək olar ki, tökülürdü. Qabağındakı parkda bütün daşlar sındırılmışdı. Bakıya qayıdarkən dərhal göstəriş verdim və Sərəncam imzaladım ki, biz bu "Poeziya evi"ni bərpa edək. Bərpa etdik də. Ondan sonra yenidən orada oldum və gördüm ki, artıq bu, dahi şairimiz Səməd Vurğunun adına layiq olan bir "Poeziya evi"dir. Bu park da Səməd Vurğunun adını daşıyır.
Bu gün Səməd Vurğun sevgisi Azərbaycan xalqının ürəyində yaşayır. Dahi şəxsiyyət, dahi insan idi. Çox gözəl insan idi. Əlbəttə, onun ölməz əsərləri əbədi yaşayacaqdır.
Bir məsələyə də toxunmaq istəyirəm. Bu gün biz gənc nəslin tərbiyə olunmasından söhbət açırıq. İnsanlarımız Səməd Vurğunun, bizim digər görkəmli ədiblərimizin, şairlərimizin əsərləri əsasında tərbiyə almalıdırlar. Yəni, Azərbaycan dilini onlardan öyrənməliyik. Biz buna da çox böyük diqqət göstərməliyik, xüsusilə ziyalılar. Çünki sovet dövründə Azərbaycan dilinə istər-istəməz başqa dilin kəlmələri daxil edilmişdi. Əlbəttə, o vaxt təsir var idi. İndi televizora baxanda bəzən görürəm ki, başqa təsirlər də göstərilir. Biz Azərbaycan dilinin saflığını qorumalıyıq. Bu, çox ciddi məsələdir. Azərbaycan xalqı böyük xalqdır. Dünyada 50 milyondan artıq azərbaycanlı yaşayır.
Bu azərbaycanlılar, bizim qardaşlarımız Azərbaycan dilində danışırlar. Azərbaycan dilində. Yəqin, xatırlayırsınız ki, ulu öndər hakimiyyətə gələndən bir qədər sonra Azərbaycan dili ilə bağlı yeni diskussiyalar aparılırdı. Bəzi insanlar bizim dilimizin adını dəyişdirmək istəyirdilər.
Məhz ulu öndərin qətiyyəti, qətiyyətli mövqeyi və onun daxildən gələn duyğuları və inamı bax indiki vəziyyəti bərpa etdi. Bizim dilimiz Azərbaycan dilidir. Bizim dilimiz türk dilləri qrupuna aiddir. Bunu indi filoloqlar, dilçilər, ziyalılar yaxşı bilirlər ki, müxtəlif dil qrupları var. Roman, slavyan, türk dilləri qrupları vardır. Bütün bu dil qruplarına aid olan dillər ancaq ayrı-ayrı dillərdir. Mən yenə də deyirəm, Azərbaycan dilində danışan insanların sayı əlli milyondan çoxdur. Bizim çox zəngin dilimiz vardır. Əlbəttə ki, şairlər bunu hamıdan çox yaxşı bilirlər. Yəni, dilimiz o qədər zəngindir ki, biz indi başqa türkdilli dövlətlərə gedərkən bir çox hallarda onların nə dediyini anlayırıq, başa düşürük. Onlar da bizi başa düşürlər. Azərbaycan dili sinonimlərlə zəngindir. Yəni, bir məfhumun bir neçə sözlə ifadəsi vardır. Bu, dilimizin zənginliyidir. Ona görə də biz Azərbaycan dilini qorumalıyıq. Mən bu barədə dəfələrlə demişəm. Mən son dəfə Milli Elmlər Akademiyasının illik iclasında da demişəm. Digər elmi istiqamətlərlə, elmin inkişafı ilə bağlı digər məsələlərlə yanaşı, biz ilk növbədə, bu məsələyə diqqət verməliyik. Bizim dilimizə kənardan təsir artır və ola bilər ki, artacaqdır. Bəzi hallarda bu, təbii, bəzi hallarda süni xarakter daşıyır. Biz dilimizi qorumalıyıq. Kim bunu qorumalıdır? İlk növbədə ziyalılar, ədiblər, şairlər, eyni zamanda, nüfuzlu insanlar, söz sahibləri, bizim televiziya kanalları. Mən də baxıram bizim kanallara. Başqa qüsurlarla yanaşı, bax bu, məni çox incidir. Bizim dilimizə aid olmayan kəlmələr işlədilir. Nə üçün?! Axı bizim eyni məna daşıyan bir neçə kəlməmiz vardır. Sən Azərbaycan sözündən istifadə et. Başqa dili bilmək lazımdır. Mən hesab edirəm ki, bizim vətəndaşlarımız nə qədər çox dil bilsə, o qədər də yaxşıdır. Xüsusilə gənclərimiz. Həm rus dilini, ingilis dilini, həm türk dilini bilməlidirlər. Ancaq biz dilimizi qorumalıyıq. Ona görə ki, bu, çox ciddi məsələdir.
Mən müvafiq göstərişlər vermişəm. Yəqin siz də bilirsiniz ki, keçmişdə də olub. Azərbaycan dilinin qorunması ilə bağlı, dilimizin saflığı ilə bağlı müvafiq göstərişlər verilmişdir. Bəzən bunlar mətbuatda da dərc edilib, bəzi şifahi göstərişlər də olmuşdur. Hesab edirəm ki, burada biz hamımız, xüsusilə mətbuata çıxışı olan insanlar daha da diqqətli olmalıyıq. Ziyalılar öz sözünü deməlidirlər. Nəinki öz əsərləri, şeirləri ilə, həm də biz bir ziyalı kimi Azərbaycan dilini qorumalıyıq. Hesab edirəm ki, bu, dövlət işi olmalıdır. Belə də olacaqdır. Eyni zamanda, biz Azərbaycan dilinin nə qədər zəngin dil olduğunu həm bizim insanlara, həm bütün türk dünyasına, həm də bütün dünyaya göstərməliyik.
***
Şairə Cığatel QASIMOVA dövlətimizin başçısının Ağstafaya qayğısının yaradıcı ziyalılara da xüsusi ilham verdiyini vurğulayaraq dedi: Biz şairlər ilhamı gözəllikdən alırıq. Sizin xüsusi qayğınız, xüsusi göstərişiniz sayəsində ölkəmizin bütün bölgələri kimi, bizim Ağstafamız da inanılmaz dərəcədə gözəlləşmiş və gözəlləşməkdədir. Bu da biz şairlərin, yaradıcı insanların daha gözəl yazıb-yaratmağına böyük təkan verir.
Siz bizi mənən ruhlandırmaqla yanaşı, həm də gözəl yazıb-yaratmağımıza böyük şərait yaradırsınız. Təkcə bunu demək kifayətdir ki, Qazax mahalının, Ağstafanın, Azərbaycanın deyil, bütün türk dünyasının şairi olan, bizim dahi Səməd Vurğunun adını daşıyan bu gözəl parkda Sizin göstərişinizlə yeni quruculuq işləri aparılmışdır. Bu parkda yeni fəvvarələr, Səməd Vurğunun yeni büstü, indi əyləşdiyimiz "Poeziya evi", Vurğun kafesi və açıq etiraf etsək, ölkəmizin heç bir yerində olmayan Kitab abidəsi qurulmuşdur. Bu da ağstafalıları çox sevindirir və biz yazıçıları daha gözəl yazıb-yaratmağa ruhlandırır.
Cənab Prezident, bizim ulu öndərimiz "keçmişi qoru, gələcəyi qur" demişdir. Mən bir azərbaycanlı kimi, keçmişini qoruyan və gələcəyini milli mənəvi dəyərlər üzərində quran insanlar adından Sizə və Sizinlə çiyin-çiyinə çalışan Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm. Siz layiq olanı layiqincə qiymətləndirir və onun qayğısına qalırsınız. Azərbaycan gəlininin, - bəli, mən Mehriban xanıma Azərbaycan gəlini deyirəm, çünki Heydər Əliyev elə Azərbaycan deməkdir,- bizim ana laylamız olan muğamımızı, Dədə Qorqud yadigarı olan sazımızı dünyaya tanıtması bütün azərbaycanlılar kimi, biz ağstafalıları da çox sevindirir.
Cənab Prezident, anadan rəhbər doğulan ulu öndərimiz keçmişi yaxşı bilir, gələcəyi gözəl görür və deyirdi: "Azərbaycan dünyaya günəş kimi doğacaqdır!". Mən Ağstafanın bir şair qızı olaraq Sizin şeirə, sənətə verdiyiniz qiymətdən ürəklənib istəyirəm ki, ulu öndərin bu kəlamını bir bənd şeirlə ifadə edim. Əlbəttə ki, Sizin icazənizlə:
Prezident İlham ƏLİYEV: Buyurun.
Cığatel QASIMOVA :
{nl}
Yurdum Odlar yurdudur,
rəmzidi altun buta
Butaya kəc baxanı, butanın ahı tuta,
Görürdü gələcəyi,
deyirdi Heydər ata: -
"Mən azərbaycanlıyam,
başım qar, sinəm ocaq,
Azərbaycan dünyaya
Günəş kimi doğacaq".
{nl}
Bəli, cənab Prezident, Azərbaycan dünyaya Günəş kimi doğmaqdadır. Çünki:
{nl}
Torpaq qədim, kök dərin,
üstü yaşıl budaqdır,
Günəşdən qidalanan budaq
kökə dayaqdır,
Azərbaycan Anadır,
sığınana qucaqdır,
Anasını sevməyən körpə
ağlağan olur,
Rəhbər, rəhbər olanda
ölkə firavan olur.
Mənim gözəl Vətənim
əlanın əlasıdır,
Yurduma sahib olmaq
xəbisin xülyasıdır,
Gözəlliyi görməmək,
gözlərin bəlasıdır,
Açılar bəsirəti görəcək
zaman olur.
Rəhbər, rəhbər olanda
ölkə firavan olur.
{nl}
Cənab Prezident, rəhbər, bax belə gözəl rəhbər olanda ölkə firavan olur. Biz çox sevinirik ki, bizim Sizin kimi rəhbərimiz var, cənab Prezident.
Professor Nizami CƏFƏROV: Cənab Prezident, Ağstafa şairləri Qazax şairlərindən çox güclüdür. Bir dəfə hesabladıq, Qazaxda Səməd Vurğundur, amma Hüseyn Arif, Nəriman Həsənzadə, Vidadi Babanlı, İsa Hüseynov - hamısı ağstafalıdırlar.
Prezident İlham ƏLİYEV: İndi Qazax şairinin buna cavabı olacaq?!
Barat VÜSAL: Amma Ağstafa da Qazax mahalıdır. Səməd Vurğun, Osman Sarıvəlli, İsmayıl Şıxlı, Mehdi Hüseyn, Vaqif, Vidadi...
Nizami CƏFƏROV: Onlar keçmiş şairlərdir.
Prezident İlham ƏLİYEV: Əlbəttə, sağlam rəqabət olmalıdır.
Barat VÜSAL: Cənab Prezident, icazə versəydiniz, yəni elə söhbət gəlib yerinə çıxdı. Nizami müəllim, yadınızda olar, 91-ci ildə yazıçıların qurultayında mən Heydər Əliyevin dərin yaddaşına orada bir daha heyran oldum. Heydər Əliyev Moskvadan yeni gəlmişdi. Qurultayda fasilə zamanı bir nəfər dedi ki, Siz nəyə görə Moskvadan qayıtdınız. Cavab konkret idi: "İstidir hər quşun doğma yuvası". Oradakı ya alimlərdən, ya da ki, şairlərdən biri dedi: Bu, Vaqifin sözüdür. Ulu öndər cavab verdi ki, xeyr, bu, Səməd Vurğunun "Vaqif" dramında Vidadinin sözüdür.
Nizami CƏFƏROV: Ulu öndərimiz bir dəfə Səməd Vurğunu çox qəribə müdafiə etdi. Çünki Səməd Vurğunun kommunizm ruhunda şeirləri çoxdur. Bu söhbətlər olanda dedi ki, heç kim Səməd Vurğunun əvəzindən üzr istəməsin. Müdrik söz idi. Yəni ki, dövr ayrı şeydir və heç kimi günahkar çıxarmaq lazım deyil.
Prezident İlham ƏLİYEV: Bilirəm, bu barədə mənim xəbərim var, onu eşitmişəm. Sonra ailəmizdə də bu barədə söhbət olubdur. Onu o vaxt çox dərindən incitmişdi ki, belə cəhdlər olub və o, buna çox dərindən kədərlənmişdi.
***
Qazax şəhər 2 nömrəli orta məktəbin müəllimi, "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi Samir HÜSEYNOV ümummilli lider Heydər Əliyevin elmə, təhsilə və mədəniyyətə verdiyi önəmin bu gün də davam etməsinin məmnunluq hissi doğurduğunu bildirərək dedi:
-Gənclərin formalaşmasında biz müəllimlərin də böyük rolunu, xidmətini əvəzsiz hesab edirəm. Sizin biz müəllimlərə, ziyalılara böyük diqqət və qayğınız və 2008-ci ildən artıq "İlin ən yaxşı müəllimi", "İlin ən yaxşı məktəbi" müsabiqəsinin qaliblərinin sərəncamlarınızla mükafatlandırılması biz müəllimlərə daha da böyük ruh verir. Biz gələcək nəslin təlim-tərbiyəsində, onun formalaşmasında əlimizdən gələni edəcək, var gücümüzlə çalışacaq, gələcəkdə qloballaşan dünyada ölkəmizi təmsil edəcək, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında bilik və bacarığımızı ortaya qoyacağıq.
Cənab Prezident, mən rayonumuzun bütün ziyalıları adından Sizə cansağlığı, bizə olan bu diqqət və qayğınız qarşısında minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, biz ziyalılar gənc nəslin tərbiyəsində və təhsil almasında əlimizdən gələni edəcəyik.
Prezident İlham ƏLİYEV: Çox sağ olun. Əminəm ki, Ağstafa-Qazax ziyalıları həmişə olduğu kimi, ölkəmizin güclənməsi işində öz səylərini göstərəcəklər. Bizim ümumi işimiz vardır. Ümumi işimiz ondan ibarətdir ki, ölkəmizi daha da gözəl, abad, firavan görmək, Azərbaycanın dünyadakı mövqelərini möhkəmləndirmək, daxildəki vəziyyəti daim sabit saxlamaqdır. Mən əminəm ki, biz gələcəkdə bundan böyük hədəflərə çatacağıq. Biz həmişə qarşıya bəlkə də əlçatmaz kimi görünən çox böyük hədəfləri qoyuruq və o hədəflərə çatırıq. Əminəm ki, biz həyatda bütün hədəflərimizə çatacağıq və Azərbaycan dünya miqyasında daha da qüdrətli dövlətə çevriləcəkdir.
***
Gənc şairə Şahinə HƏSƏNZADƏ dövlət gənclər siyasətinin uğurlarından danışaraq dedi:
- Möhtərəm cənab Prezident, mən də Ağstafa gəncləri adından Sizi salamlayıram, doğma Ağstafamıza "Xoş gəlmisiniz" deyirəm. Sizin rəhbərliyiniz altında, xüsusən ulu öndərimiz Heydər Əliyevin ölməz idealları sayəsində Azərbaycanımız bu gün inkişafın ən yüksək mərhələsini yaşayır. Bu inkişafın nəticəsidir ki, Ağstafa rayonunda da geniş abadlıq-quruculuq işləri həyata keçirilir. Xüsusən inşa edilib bu gün istifadəyə verilən Gənclər Mərkəzi Ağstafa gənclərinin intellektual səviyyəsinin yüksəldilməsinə, yaradıcılıq potensialının artmasına xidmət göstərəcəkdir. Buna inanırıq. Biz Ağstafa gənclərinə bu Mərkəzi bəxş etdiyiniz üçün Sizə bütün Ağstafa gəncləri adından dərin təşəkkürümüzü bildiririk, "çox sağ olun" deyirik.
Mən istərdim ki, bir şeyi də qeyd edim. Yoldaşlar da qeyd etdilər ki, Siz dahi mütəfəkkirlərimizə yazıçı və şairlərimizə həmişə qayğı-diqqət göstərmisiniz. Bunun ən bariz nəticəsidir ki, dahi mütəfəkkirlərimizin, yazıçı və şairlərimizin kiril əlifbası ilə olan kitablarının kütləvi surətdə latın qrafikası ilə nəşrinə Sərəncam verdiniz və nəşr olundu. Həmin kitablar respublika kitabxanalarına hədiyyə olaraq verildi. Bu, Azərbaycanın yazıçı və şairlərinə, o cümlədən Azərbaycan oxucusuna göstərilən ən böyük ehtiramdır. Mən gənc yazıçı olduğum üçün Sizin gənc yazıçılara xüsusi diqqətinizi də vurğulamaq istəyirəm. Xüsusən gənc yazıçılara, gənc şairlərə Prezident təqaüdünün verilməsi biz gənc yazıçıları çox ruhlandırır. Buna görə də çox sağ olun, bir daha minnətdaram, var olun.
Prezident İlham ƏLİYEV: Çox sağ olun ki, bu məsələyə toxundunuz. Doğrudan da, çox ciddi məsələdir. Mən xatırlayıram, o vaxt - prezident seçkiləri ərəfəsində kiril əlifbasında dərc edilmiş kitabları latın əlifbasında yenidən dərc etmək üçün mənə ziyalılar tərəfindən müraciət olmuşdu. Ziyalılarla görüşdə Yazıçılar Birliyinin sədri Anar bu məsələni qaldırdı. Çünki doğrudan da, çox böyük problem yaranmışdı. Bizim məktəblərdə oxuyan uşaqlar latın əlifbasında dərs alırlar, amma bütün kitablar kiril əlifbasında olduğundan oxuya bilmirdilər. Çox qısa müddət ərzində bütün kitabları - həm Azərbaycan müəlliflərinin, həm də dünya müəlliflərinin kitablarını biz latın əlifbasında çap etdirdik və bu problem artıq öz həllini tapmışdır. Yəni, bu, ziyalıların təşəbbüsü idi və mən bu təşəbbüsü dəstəklədim. Doğrudan da, çox qısa müddət ərzində biz buna nail olduq. Bəziləri inanmırdı ki, biz buna nail olacağıq. O vaxt bizim dövlət büdcəmiz o qədər də böyük deyildi, indikindən 20 dəfə az idi. O vaxt bu məsələyə diqqət göstərmək və bu məqsədlər üçün pul ayırmaq çox çətin bir məsələ idi.
Bir neçə ay ərzində müzakirə edildi, nə qədər vəsait ayrılacaq, necə ayrılacaq?! Mən o vaxt dedim ki, bir halda, bu lazımdır və bir halda mən söz vermişəm, mütləq biz buna nail olacağıq.
İkinci, qaldırdığınız gənclər evlərinin, gənclər mərkəzlərinin tikintisi məsələsi də Azərbaycanda çox geniş vüsət alıb. Bu da çox böyük layihədir. Bildiyiniz kimi, keçən il "Azərbaycan gəncliyi" Dövlət Proqramı qəbul edilmişdir. O proqramda hər bir yerdə gənclər evlərinin tikintisi nəzərdə tutulur, artıq Gənclər Fondu təsis edilib. Prezidentin ehtiyat fondundan ilkin ödəmə təşkil edilib, beş milyon manat ayrılıb və əminəm ki, hər bir bölgədə bu vəsaitdən istifadə edəcəklər. Əlbəttə ki, sonra biz bu məbləği artıracağıq.
Bu gün həm Qazaxda, həm Ağstafada gənclər mərkəzləri açılıbdır. Çox gözəl mərkəzlərdir. Həm istirahət etmək üçün internet-klub, həm də karaoke vardır. Yəni, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün gözəl şərait yaradılıb.
Gənclər bizim gələcəyimizdir. Gələcəkdə bizim ölkəmizi gənclər idarə edəcəklər. Ona görə, bir daha qayıdıram söhbətimizin əvvəlinə, gənclər həm bilikli, savadlı, həm də vətənpərvər olmalıdırlar. Şadam ki, bizim gənclər belədirlər. Sağ olun.
***
Sonda xatirə şəkli çəkdirildi.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.