Prezident İlham Əliyev "AİTF-2012" XI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olmuşdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 13-də Bakı Sərgi Mərkəzində "AİTF-2012" XI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olmuşdur.  
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına məlumat verdi ki, 62 turizm istiqamətini təqdim edən "AİTF-2012" sərgisinə dünyanın 32 ölkəsindən 201 şirkət qatılmışdır. Ölkələrin və turizm istiqamətlərinin müxtəlifliyinə görə bu, rekord göstəricidir.
Bildirildi ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, "İTE Group plc" və onun tərəfdaşı "İteca Caspian" MMC şirkətlərinin təşkilatçılığı ilə keçirilən sərgidə tərəfdaş ölkə kimi Türkiyə, rəsmi hava yolları qismində isə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti çıxış edir. Builki sərgi "Bütün dünya-bir sərgi" devizi altında keçirilir.
Prezident İlham Əliyev sərginin pavilyonları ilə yaxından tanış oldu.
Mədəniyyət və Turizm Nazirliyinin stendi ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, milli motivlərlə zəngin olan bu stend Azərbaycan xalqının qonaqpərvərliyini əks etdirir. Burada genişləndirilmiş "GoMap.az" elektron onlayn naviqatorunun rəsmi təqdimatı da keçirildi. Onlayn naviqatora ilk dəfə Gürcüstanın da elektron xəritəsi daxil edilmişdir. Bu xəritədə Azərbaycan və Gürcüstan ərazisində mədəni, tarixi obyektlərə rahat şəkildə gedib çıxmağa imkan verən məlumatlar vardır.
Qeyd edildi ki, Dünya Turizm Təşkilatının sərgidə ayrıca stendlə çıxış etməsi bu qurumla Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin mühüm göstəricilərindən biridir.
Prezident İlham Əliyev "Gilan" turizm şirkətinin stendi ilə də tanış oldu. Bildirildi ki, bu şirkət hazırda Azərbaycanın iqtisadi inkişafına öz töhfəsini verən "Gilan" MMC-yə məxsusdur.
Diqqətə çatdırıldı ki, "Four seasons Hotel Baku"nun stendi bulvarın yaxınlığında yerləşən bu otelin imkanlarını nümayiş etdirir. İnşası davam etdirilən bu otel Bakının tarixi zənginliyi və müasirliyi ilə həmahəngdir.
Azərbaycan Prezidenti sərgidə Dubay stendinə də baxdı. Bu stenddə Dubay Əmirliyində turizm sektorunun planlaşdırılması, idarə olunması və inkişafı üzrə məlumatlar əksini tapmışdır. Dövlətimizin başçısına Dubayda Azərbaycan haqqında ingilis və ərəb dillərində nəşr edilən jurnal təqdim edildi. Bu jurnalda da Azərbaycanın turizm imkanları haqqında məlumatlar əksini tapmışdır.
Məlumat verildi ki, sərgidə təmsil olunan "Çex turizm" şirkəti Çexiyada jurnalistlər, səyahət agentlikləri və bu sahənin digər mütəxəssisləri ilə təmas quraraq onlar üçün tanışlıq səfərləri təşkil edir.
Dövlətimizin başçısı Hindistana məxsus stendə də baxdı. Fərqli adət-ənənələrin, vəhşi təbiət və ekosistemlərin heyranedici kaleydoskoplarının yerləşdiyi Hindistan turistləri ən çox cəlb edən ölkələrdəndir.
Diqqətə çatdırıldı ki, builki sərginin daha bir özəl xüsusiyyəti ondan ibarətdir ki, ekspozisiyanın bir hissəsi sağlamlıq mərkəzləri və sanatoriyalarda istirahətə həsr olunmuşdur. Rusiyanın Stavropol diyarının stendində müxtəlif xəstəliklər sahəsində sanatoriya müalicəsi üzrə özünəməxsus metodlarla məşhur olan Yessentuki, Jeleznovodsk, Kislovodsk, Mineralnıe vodı kimi kurort-şəhərlərin təklifləri ilə tanış olmaq mümkündür.
Gürcüstana məxsus stendlə tanışlıq zamanı bildirildi ki, bu dövlətin Milli Turizm Administrasiyasının məqsədi ölkəni dünya miqyasında turizm məkanı kimi təbliğ etməkdir.
Sərgidə müalicə turizmi istiqamətində fəaliyyət göstərən bir sıra debütantlar da təmsil olunur. Onların arasında Litvanın Milli SPA Assosiasiyası da vardır. Burada Prezident İlham Əliyevə Litvadakı müalicə kurortları, müalicəvi palçıqlar haqqında məlumat verildi.
Sloveniya stendinə baxan dövlətimizin başçısının diqqətinə bu ölkənin kurortları və orada göstərilən xidmətlər barədə məlumat da çatdırıldı. Bu stenddə termik müalicəvi SPA və sağlamlıq kurortları, dəniz sahilində məzuniyyət, xizək mərkəzləri və digər qış kurortları haqqında informasiyalar əksini tapmışdır.
Bildirildi ki, "AİTF-2012" sərgisində qonaq ölkə qismində Bolqarıstan iştirak edir. Bu ölkəyə məxsus stenddə Bolqarıstanda kurort və müalicəvi istirahətin bütün xüsusiyyətlərindən bəhs edilir.
Məlumat verildi ki, sərgidə dünyanın aparıcı aviaşirkətləri də təmsil olunur. Regionun ən böyük aviaşirkəti olan "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti də burada xidmətlərini təqdim edir. Beynəlxalq uçuş təhlükəsizliyi standartlarına cavab verən "Azərbaycan Hava Yolları" keyfiyyətli xidməti və genişmiqyaslı uçuş coğrafiyası ilə də diqqəti cəlb edir.
Bildirildi ki, ardıcıl olaraq 3-cü ildir sərginin tərəfdaş ölkəsi qismində çıxış edən Türkiyə öz milli stendində 16 aparıcı turizm şirkətini təqdim edir.
Qeyd olundu ki, "AİTF-2012" hər il dünya turizm sənayesinin nümayəndələrini bir araya gətirir və Azərbaycanın müasir turizm infrastrukturu sahəsində nailiyyətlərini nümayiş etdirir.
Turizm sənayesinin mütəxəssisləri və qonaqlar bu sərgidə tur-operatorların xüsusi təklifləri ilə tanış olur, turizm marşrutları və əlverişli qiymət təklifləri haqqında məlumat əldə edirlər.
Sərgiyə aprelin 14-də yekun vurulacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında