Qazaxda müasir Şahmat Mərkəzi istifadəyə verilmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Qazax rayonuna səfəri çərçivəsində Şahmat Mərkəzinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyevə məlumat verildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş mərkəzin tikintisinə 2011-ci ilin dekabrında başlanılmışdır. Mərkəzin foyesində xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü ucaldılmışdır. Foyedə, həmçinin ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Qazax rayonuna səfərlərini, gənclərlə görüşlərini, həmçinin ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğını əks etdirən fotoşəkillərdən ibarət stendlər quraşdırılmışdır.
Diqqətə çatdırıldı ki, Qazax Şahmat Mərkəzi əvvəllər məşğələlərin keçirilməsi üçün lazımi şəraiti olmayan, ötən əsrin başlanğıcında tikilmiş 57 kvadratmetrlik köhnə binada yerləşirdi. Buna görə də mərkəz üçün şəhərin mərkəzində ümumi sahəsi 750 kvadratmetr olan yeni bina inşa edilmişdir.
Prezident İlham Əliyevə məlumat verildi ki, Qazax Şahmat Mərkəzində uşaqların və yeniyetmələrin idmanın bu qədim növünün sirlərinə dərindən yiyələnmələri üçün hər cür şərait yaradılmışdır. Mərkəzdə şahmat dərslərinin keçirilməsi üçün zəruri avadanlıqla təchiz olunmuş beş tədris, xidmət, müəllim otaqları, yeməkxana və oyun zalı fəaliyyət göstərir. Yüksək standartlara cavab verən, ümumi sahəsi 167 kvadratmetr olan oyun zalında yerli, regional və beynəlxalq səviyyəli yarışların keçirilməsi üçün bütün şərait mövcuddur. Şahmatla bağlı biliklərin əldə olunması və müasir yeniliklərin qavranılması üçün ayrıca kompyuter otağı da yaradılmışdır. Bu da dərslərin kompyuter vasitəsilə tədrisinə, ən son yeniliklərin qısa müddətdə öyrənilməsinə şərait yaradır.
Dövlətimizin başçısı gənc şahmatçıların oyunlarını izlədi.
Qeyd edildi ki, Qazax Şahmat Mərkəzi respublika səviyyəli yarışlara da ev sahibliyi etməyə hazırdır. Təsadüfi deyildir ki, Qazax şahmatçıları son illərdə beynəlxalq və respublika səviyyəli şahmat yarışlarında bir sıra uğurlar qazanmışlar.
Müasir memarlıq üslubunda tikilmiş mərkəzin binasının və ətrafındakı hasarın üzərində şahmat fiqurlarının təsvirləri həkk olunmuşdur. Mərkəzin həyətində geniş abadlıq işləri aparılmış, yaşıllıq zolağı salınmış, müasir işıqlandırma sistemi, oturacaqlar quraşdırılmış, göz oxşayan fəvvarə yaradılmışdır.
Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraiti yüksək qiymətləndirdi, kollektivə uğurlar arzuladı.
* * *
Həmin gün dövlətimizin başçısı Ağstafa və Tovuz rayonlarında da səfərdə olmuş, bir sıra obyektlərin açılışında iştirak etmişdir.
(Ağstafa və Tovuz rayonlarına səfərlə bağlı materiallar qəzetin növbəti nömrəsində dərc olunacaqdır).

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında