Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir
İyunun 1-də yeni inşa olunmuş Bakı Sərgi Mərkəzində XVII Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransı işə başlamışdır.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər.
Dövlətimizin başçısı əvvəlcə Bakı Sərgi Mərkəzinin açılışını bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu.
Məlumat verildi ki, inşasına 2008-ci ildə başlanmış sərgi mərkəzi bütün beynəlxalq standartlara cavab verir. Tikinti-quraşdırma işlərinin gedişində burada 2000-dən çox inşaatçı, o cümlədən 500-ə yaxın əcnəbi mütəxəssis çalışmışdır. İşlərin ən yüksək sürətlə aparıldığı dövrdə obyektdə çalışan fəhlə və mühəndislərin sayı 3000 nəfərə bərabər olmuşdur.
Bakı Sərgi Mərkəzinin ümumi sahəsi 9 hektardır. Mərkəzin sərgi sahəsi 12.800 kvadratmetrdir. Mərkəzi binanın ümumi sahəsi 36.163 kvadratmetr, birinci mərtəbənin ümumi sahəsi 31.797 kvadratmetr, ikinci mərtəbənin sahəsi isə 4366 kvadratmetrdir. Kompleksin giriş hissəsində sahəsi 4480 kvadratmetr, hündürlüyü 12 metr olan holl yerləşir. Kompleksdə ofislər, məlumat və mətbuat bölmələri, iclas zalı, yardımçı və texniki otaqlar, sərgi salonlarına və restorana aparan keçidlər yaradılmışdır. Sərgi mərkəzi lazımi mühəndis qurğuları və sistemləri ilə təmin edilmişdir. Binanın tikintisində müasir inşaat materiallarından və konstruksiyalarından istifadə olunmuşdur. Ərazidə avtomobil dayanacaqları inşa olunmuş, ətrafda yaşıllıq salınmışdır.
Sərgi mərkəzinin ərazisində Yaponiyanın "Nichia" firmasının istehsalı olan fırlanan media qülləsi quraşdırılmışdır. Qüllə üçbucaq formasında elektron tablolu 3 piramidadan ibarətdir. Qüllənin ümumi hündürlüyü 37 metr, hər bir piramidanın çəkisi isə 70 ton təşkil edir. Bu konstruksiya ən müasir reklam məhsulunun yüksək səviyyədə nümayiş etdirilməsinə imkan verir.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva XVII Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının açılışında iştirak etdilər.
Sərgi və konfransı açan İTE Group Plc şirkətinin baş məsləhətçisi Endryu Vud Bakı Sərgi Mərkəzinin istifadəyə verilməsi münasibətilə təbriklərini çatdırdı. "Bu, Azərbaycan Respublikasının həyata keçirdiyi tədbirlərin, bizim gördüyümüz və görə biləcəyimizi işlərin təntənəsidir", - deyən Endryu Vud sözü Prezident İlham Əliyevə verdi.
Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində nitq söylədi.
(Dövlətimizin başçısının nitqi qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunur).
Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerolin Braun Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kameronun tədbirin iştirakçılarına təbrik məktubunu oxudu.
(Təbrik məktubu qəzetin bugünkü nömrəsində dərc olunur).
Gürcüstanın energetika nazirinin birinci müavini xanım Məryəm Valişvili sərgi-konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür etdi. O, Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin sərgi və konfrans iştirakçılarına müraciətini çatdırdı.
(Müraciətin mətni qəzetin bugünkü nömrəsində dərc olunur).
Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Məhəmməd bin Dhayen əl-Həmli Bakıda keçirilən sərgi-konfransın əhəmiyyətini vurğulayaraq dedi ki, ölkəsi ilə Azərbaycan arasında münasibətlər güclüdür.
Məhəmməd bin Dhayen əl-Həmli dünyada neft hasilatının ən qədim mərkəzlərindən biri olan Azərbaycanda belə mühüm bir konfransda iştirak etmək üçün dəvət olunduğuna görə minnətdarlığını bildirdi. O, Azərbaycanın müxtəlif guşələrinə səfər etmək, xalqımızın mədəniyyətini və adət-ənənələrini daha yaxından öyrənmək arzusunu diqqətə çatdırdı.
Ölkəsi ilə Azərbaycan arasındakı əlaqələrin gələcəkdə daha da möhkəmlənməsini istədiyini diqqətə çatdıran nazir qeyd etdi ki, belə tədbirlər hökumət rəhbərləri, o cümlədən neft sənayesinin rəhbər işçilərinə vəziyyətlə yaxından tanış olmaq, fikir mübadiləsi aparmaq və qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək üçün yeni imkanlar açır. Azərbaycan və BƏƏ bir çox oxşarlıqlara malikdir. Bizim eyni dinimiz var və hər ikimiz neft hasil edən ölkələrik. Biz ümumi platformadan çıxış edərək, xalqlarımızın rifahı üçün sənayemizi uzunmüddətli şəkildə inkişaf etdirmək niyyətindəyik.
Neft sənayesinə xüsusi diqqət yetirilməsinin zəruriliyini vurğulayan Məhəmməd bin Dhayen əl-Həmli dünya neft bazarında mövcud vəziyyəti təhlil edərək bildirdi ki, dünyada neftə olan tələbat artır. O, alternativ enerji mənbələrindən istifadə imkanlarının geniş şəkildə araşdırılmasının da əhəmiyyətini vurğuladı.
Türkiyənin energetika və təbii ehtiyatlar nazirinin müavini Yusuf Yazar tədbirdə çıxış edərək bildirdi ki, neft-qaz sektorunda fəaliyyət göstərən ən böyük şirkətləri bir araya gətirən konfrans və sərgi Azərbaycanın iqtisadi inkişafının göstəricisidir.
Y.Yazar qeyd etdi ki, yaxın gələcəkdə də dünyanın enerji istehlakında əsas rol karbohidrogen ehtiyatlarının payına düşəcəkdir. Karbohidrogen ehtiyatlarının axtarışı, istehsalı, daşınması və dünya bazarına çıxarılması mühüm əhəmiyyətə malikdir. Qlobal iqtisadi böhranın təsirlərinin tədricən azaldığı və iqtisadi canlanmanın əlamətlərini açıq şəkildə görməyə başladığımız vaxtda Azərbaycanda belə bir sərgi və konfransın keçirilməsi çox əhəmiyyətlidir. Sərgi bu sektorda fəaliyyət göstərən şirkətlər arasındakı əlaqələrin və əməkdaşlığın inkişafına təkan verəcək və dünya karbohidrogen mənbələrinin daha səmərəli dəyərləndirilməsinə öz töhfəsini verəcəkdir.
Türkiyə-Azərbaycan əlaqələrinə də toxunan Y.Yazar dedi ki, Azərbaycan və Türkiyə arasındakı dostluq enerji sahəsindəki əlaqələrdən daha əvvəl mövcuddur.
Y.Yazar Türkiyənin dünya enerji sektorunda oynadığı rola diqqət çəkərək bildirdi ki, Azərbaycanla qurulan əlaqələr enerji sahəsində yaranan əməkdaşlığa da ciddi təkan verib. Ölkəsinin mühüm enerji dəhlizlərindən biri olduğunu bildirən Yusuf Yazar Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələrinin bu sırada mühüm əhəmiyyət daşıdığını dedi. Türkiyə rəsmisi bildirdi ki, Azərbaycan ilə bütün sahələrdə qurulan əməkdaşlıq dostluğa və qardaşlığa xidmət edir.
ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstar Bakıda gördüyü dəyişikliklərdən məmnun qaldığını, yeni Sərgi Mərkəzinin istifadəyə verilməsini isə müsbət dəyişikliklərin rəmzi olduğunu diqqətə çatdırdı. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycanın bugünkü inkişafa çatdığını vurğulayaraq, Birləşmiş Ştatlar ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğuladı və ABŞ-ın dövlət katibi xanım Hillari Klintonun Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunu oxudu.
(Təbrik məktubu qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunur).
Norveç Krallığı Xarici İşlər Nazirliyinin Xəzər regionu və Orta Asiya energetika məsələləri ilə bağlı xüsusi məsləhətçisi xanım Elizabet Valaas çıxışında sərgi-konfransın əhəmiyyətini vurğuladı.
Ölkəsinin Azərbaycan ilə əlaqələrə böyük əhəmiyyət verdiyini deyən qonaq, artıq 20 ildir ki, ölkələrimiz arasında iqtisadi sahədə uğurlu əməkdaşlığın qurulduğunu söylədi. Norveçin ən nüfuzlu neft şirkəti "Statoyl" Azərbaycanın neft sektorunda ikinci ən böyük sərmayədardır.
Elizabet Valaas Azərbaycanın enerji təchizatı yollarının şaxələndirilməsi istiqamətində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirdi. Artıq uzun illərdir ki, Norveç şirkətlərinin Azərbaycanda neft hasilatı ilə məşğul olduğunu deyən Valaas, ölkəsinin Azərbaycanın hasilat sənayesində şəffaflıq təşəbbüsünü alqışladığını söylədi. O, Norveçin və Azərbaycanın enerji sahəsində əməkdaşlığının bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə etdi.
Açılış mərasimindən sonra Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış oldu.
Dövlətimizin başçısı əvvəlcə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ekspozisiyasına baxdı.
Prezident İlham Əliyev Neft Daşlarının 60 illiyini, "Əsrin müqaviləsi"ni, ARDNŞ-in axtarış-kəşfiyyat işlərini, neft və qaz hasilatını, emalını, qazmada nanotexnologiyaların tətbiqini, "Azərikimya" və "Azəriqaz" istehsalat birliklərinin fəaliyyətini əks etdirən stendlərə, Azərbaycanın təbii qaz təchizatının sxeminə baxdı. Dövlətimizin başçısına şirkətin sosial inkişaf, təhsil, ekologiya və digər sahələrdə həyata keçirdiyi layihələr barədə məlumat verildi.
Sonra Prezident İlham Əliyev "bp-Azərbaycan", "Total", ENİ, "Petkim", TPAO, RWE, "Statoyl", "Gastech İnternational Fz.Co", "Tekfen" şirkətlərinin ekspozisiyaları ilə tanış oldu.
Xatırladaq ki, təməli "Əsrin müqaviləsi" ilə eyni vaxtda - 1994-cü ildə qoyulan sərgidə 17 il ərzində dünyanın 70-dən artıq ölkəsindən beş mindən çox şirkət iştirak etmişdir. Azərbaycan dövlətinin başçısının bilavasitə dəstəyi ilə keçirilən XVII Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransında isə dünyanın 25 ölkəsindən təxminən 280 şirkət təmsil olunur. Sərginin ekspozisiya sahəsi ötən illə müqayisədə 15 faiz artmışdır. Sərgi sahəsinin 40 faizdən çoxu dünyanın nüfuzlu şirkətləri tərəfindən tutulmuşdur. Bu şirkətlərin əksəriyyəti Xəzər neft və qaz sərgisinin daimi iştirakçılarıdır. Sərgi çərçivəsində iştirakçı şirkətlər tərəfindən seminarlar və təqdimatlar keçiriləcəkdir.
Ümumilikdə, sərgi ekspozisiyası iki geniş zalı, eləcə də kompleksə bitişik meydançanı əhatə edir. Azərbaycanda 2010-cu ilin "Ekologiya ili" elan edilməsi ilə əlaqədar olaraq, müxtəlif ekoloji layihələri əks etdirən alternativ enerji sektoru builki sərgi və konfransın xüsusi mövzusudur. Sərgi ziyarətçiləri yataqların hazırlanması və işlənilməsi, dünyanın aparıcı istehsalçılarının qazma avadanlığı və texnikaları, neft və qazın nəqli, saxlanılması və emalı bölmələri, eləcə də bir çox sahələrdə fəaliyyət göstərən şirkət və dövlət müəssisələri ilə tanış edir. Sərgi iyunun 4-dək davam edəcəkdir.
Sərgi çərçivəsində 400-dən çox nümayəndənin iştirak edəcəyi konfransın proqramına Azərbaycan, Gürcüstan, ABŞ, Türkiyə və Çexiyanın sənaye nazirlikləri nümayəndələrinin, eləcə də neft və qaz sektorunda fəaliyyət göstərən bir sıra şirkət və struktur rəhbərlərinin məruzələri daxil edilmişdir. Tədbirdə xüsusi diqqət Xəzər hövzəsinin təbii ehtiyatlarına və Azərbaycanın tranzit ölkə kimi artan roluna yönəldiləcəkdir. Konfrans "Avropanın enerji geosiyasəti və Azərbaycanın rolu" mövzusuna həsr edilmiş sessiya ilə açılacaqdır. Burada regional və milli neft şirkətlərinin yüksək vəzifəli nümayəndələri tərəfindən strateji məsələlərin xülasəsini əks etdirən əyani təqdimatlar keçiriləcəkdir. Konfransın ikinci günü Xəzər hövzəsində enerji resurslarının kəşfiyyatı və hasilatı perspektivlərinə, eləcə də bu gün çox aktual olan "Xəzər regionunun qaz infrastrukturu. Kəmərlərin geosiyasiliyi" mövzusuna həsr ediləcəkdir.
Prezident İlham Əliyev sərgi ilə tanışlıqdan sonra Fəxri qonaqlar kitabını imzaladı, sərgi-konfransın işinə uğurlar arzuladı.
AzərTAc
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.