Masallıda "Masera" MMC-nin soyuducu anbar və istixana kompleksləri istifadəyə verilmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Masallıda "Masera" MMC-nin soyuducu anbar və istixana komplekslərinin açılışında iştirak etmişdir. 
Dövlətimizin başçısına məlumat verildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Masallıda 1,2 min tonluq soyuducu anbar kompleksi və 2 hektar ərazidə illik 0,7 min ton tərəvəz məhsulları istehsal etmək gücünə malik olan istixana kompleksi tikilmişdir. Layihəyə 5 milyon manat investisiya qoyulmuşdur ki, bunun da 1 milyon manatını Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti təşkil edir.
Qeyd edildi ki, soyuducu anbar və istixana komplekslərinin inşası zamanı "Aqrolizinq" ASC-dən də ümumi dəyəri 2,4 milyon manat olan avadanlıq və köməkçi vasitələr lizinq yolu ilə alınmışdır. Komplekslərin tikintisinə 2011-ci ildə başlanmışdır. Layihənin icrası nəticəsində 60 nəfər daimi, 20 nəfər isə mövsümi işlə təmin olunmuşdur.
Bildirildi ki, İtaliya avadanlığı ilə təchiz edilmiş soyuducu anbar kompleksi Masallı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarların yetişdirdiyi meyvə-tərəvəz məhsullarının uzun müddət itkisiz saxlanmasına və digər mövsümlərdə daxili bazarın tələbatının təmin olunmasına imkan yaradacaqdır. Türkiyə və Niderland texnologiyası əsasında qurulmuş istixana kompleksində istehsal olunacaq tərəvəz məhsulları xarici ölkələrə də ixrac ediləcəkdir. Daxili və xarici bazarların tərəvəz məhsulları ilə davamlı təmin edilməsi üçün Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditindən də istifadə etməklə istixana kompleksinin ərazisinin daha 2 hektar genişləndirilərək 4 hektara çatdırılması nəzərdə tutulmuşdur.
Dövlətimizin başçısına istixana kompleksində məhsulun yetişdirilməsi texnologiyası barədə məlumat verildi. İstixanada müasir standartlara cavab verən pomidor sortları yetişdirilir. Mövsüm ərzində hər hektardan 350-400 ton məhsul götürülə bilər. Burada pomidorla yanaşı, digər məhsulların da yetişdirilməsi mümkündür.
"Masera" MMC-nin soyuducu anbar və istixana kompleksləri ilə tanış olan Prezident İlham Əliyev kənd təsərrüfatının daha da inkişaf etdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verdi.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında