Astara Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı olmuşdur

Martın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Astara Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir. 
Dövlətimizin başçısı xəstəxananın təmirdən əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxdı.
Məlumat verildi ki, 1983-cü ildə tikilən üçmərtəbəli xəstəxana binası sonralar yararsız hala düşmüşdü. Ayrılan dövlət vəsaiti hesabına 90 çarpayılıq xəstəxana əsaslı şəkildə təmir olunaraq yenidən qurulmuş və ən müasir tibbi avadanlıqla təchiz edilmişdir.
Qeyd edildi ki, xəstəxananın birinci mərtəbəsində qəbul, mama-ginekologiya şöbələri, əməliyyat bloku, yeni doğulan uşaqların intensiv terapiya palatası, ultrasəs müayinə kabineti, 10 palata, mətbəx, bufet və xidməti otaqlar vardır. İkinci mərtəbədə cərrahiyyə, reanimasiya və intensiv terapiya şöbələri, əməliyyat bloku, iki əməliyyat zalı, iki intensiv terapiya palatası, 11 palata, mətbəx, bufet və xidməti otaqlar yerləşir. Üçüncü mərtəbədə isə terapiya şöbəsi, 13 palata, mətbəx, bufet və xidməti otaqlar fəaliyyət göstərir. Xəstəxananın ərazisi abadlaşdırılmış, 1,5 hektar sahədə müasir tələblərə cavab verən yeni istirahət parkı salınmış, yaşıllıq zolağı genişləndirilmişdir. Parkda yay istirahət yerləri quraşdırılmışdır.
Prezident İlham ƏLİYEV xəstəxananın kollektivi ilə görüşərək dedi:
- Sizi gözəl hadisə münasibətilə təbrik edirəm. Çox şadam ki, Mərkəzi Rayon Xəstəxanası artıq gözəl görkəm alıbdır. Əvvəlki şəkillərə baxanda təsəvvür etmək çətindir ki, burada xəstələrə necə qulluq edilirdi. İndi isə bütün gözəl imkanlar, şərait vardır. Vəsait ayrılmış və ondan səmərəli şəkildə istifadə olunmuşdur. Gözəl, müasir tibb mərkəzi yaradıldı. Mən indi baş həkimə deyirəm ki, bütün xəstələr - həm şəhərdən, həm də yaxın kəndlərdən olan xəstələr burada müalicə olunmalıdır. Əməliyyat şöbələri, reanimasiya, doğum şöbələri vardır. Bu da çox vacibdir.
Əlbəttə ki, həkimlərin peşəkarlığından da çox şey asılıdır. Burada gözəl avadanlıq quraşdırılıbdır. Gərək burada təlim kursları təşkil olunsun ki, xəstələrə gözəl qulluq edilsin. Astara Mərkəzi Rayon Xəstəxanasının istifadəyə verilməsindən sonra demək olar ki, bütün bölgədə artıq gözəl müasir tibb infrastrukturu yaradılmış olur. Çünki əvvəlki dövrlərdə Lənkəranda Müalicə-Diaqnostika Mərkəzi yaradılmışdır. Salyan Mərkəzi Rayon Xəstəxanası tikilmişdir. Biləsuvarda, Cəlilabadda diaqnostika mərkəzləri tikilmişdir. Yadımdadır ki, Lerikdə gözəl xəstəxana açılmışdı. Yəni, bölgənin bütün əhalisi bu gözəl şəraitlə təmin edilir. Artıq bir rayondan başqa rayona getmək üçün ehtiyac qalmır. Astara rayonunun sakinləri də mütləq tibbi xidmətdən istifadə etməlidir. Mən dedim ki, maarifləndirmə işləri də aparılmalıdır. Hər bir vətəndaş vaxtaşırı diaqnostikadan keçməlidir. Burada da şərait vardır. Ultrasəs və digər avadanlıq vardır. Çox şadam ki, Astarada gözəl tibb mərkəzi yaradılıb. Həkimlər, tibb bacıları da xəstələrə yaxşı qulluq etməlidir.
Xəstəxananın həkimi Aliyə HƏSƏNOVA bu xəstəxananın yenidən qurulmasına və bütövlükdə ölkədə səhiyyənin inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək dedi:
- Cənab Prezident!
İcazə verin, Sizi bütün astaralılar adından səmimi qəlbdən salamlayım və Sizə rayonumuza "Xoş gəlmisiniz!" deyim.
Bu gün sərəncamınız əsasında əsaslı təmir edilmiş və yenidən qurulmuş bu şəfa ocağının, gözəlliyi ilə göz oxşayan istirahət parkının açılışına toplaşmışıq. Cənab Prezident, bu, Sizin bütün astaralılara göstərdiyiniz qayğının təcəssümüdür.
Əvvəllər xəstəxanamız bərbad vəziyyətdə idi. Müasir tibb avadanlığına ciddi ehtiyac duyulurdu. Xəstələrin burada stasionar müalicəsi üçün heç bir şərait yox idi. Ona görə də əhali məcbur olub xeyli vaxt və vəsait sərf edib rayondan kənarda yerləşən tibbi mərkəzlərə üz tuturdu. Buna görə də Azərbaycanın cənub qapısı, ulu öndər Heydər Əliyevin dediyi kimi, Azərbaycanın cənub mirvarisi olan Astarada belə bir xəstəxananın yaradılmasına sərəncam verdiniz.
Bu gün açılışına gəldiyiniz bu xəstəxanada biz səhiyyə işçiləri əhaliyə daha yaxşı tibbi xidmət göstərəcəyik. Buna görə biz Sizə çox minnətdarıq, cənab Prezident.
Artıq həyatı xilas edilən hər bir insanın şəfa tapmasında Sizin böyük qayğınız danılmazıdır, cənab Prezident!
Cənab Prezident, icazə verin bu fərəhli anlardan istifadə edərək Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanın Əliyevaya da dərin minnətdarlığımızı çatdıraq. Biz Mehriban xanımla fəxr edirik. Azərbaycanın birinci xanımı dünyanın mötəbər məclislərində ölkəmizi şərəflə təmsil edir. Dünya Mehriban xanımın timsalında Azərbaycan qadınının parlaq simasını görür. Biz səhiyyə işçiləri, bütün astaralılar Mehriban xanımla fəxr edirik. Bu gün biz astaralılar, xüsusilə gənclər, ətrafınızda sıx birləşməklə, işıqlı ideyalarınızın həyata keçirilməsi üçün hər an Sizinləyik.
Ulu Tanrı sizə yar olsun! Çox sağ olun, cənab Prezident!
Prezident İlham ƏLİYEV: Çox sağ olun. Mən bir daha sizi təbrik etmək istəyirəm. Doğrudan da bu, gözəl hadisədir. Çünki insanların sağlamlığı hər şeydən üstündür, hər şeydən. Hər bir insan müəyyən dövrdə həkimlərə müraciət edir. Azərbaycanda hər bir yerdə gözəl tibbi xidmət göstərmək imkanı olmalıdır. Bizdə gözəl, peşəkar həkimlər vardır. Tibb məktəbi də güclüdür. Son illər səhiyyə sisteminin təkmilləşməsinə böyük vəsait ayrılıbdır. Ancaq vaxtilə tikilmiş xəstəxanalar əfsuslar olsun ki, sonra bərbad vəziyyətə düşmüşdür. Bunu oradakı şəkillərdən də görmək olar. Təsəvvür etmək çətindir ki, burada necə xidmət göstərmək olar? Ən gözəl həkim burada, belə şəraitdə xəstəyə kömək edə bilməzdi. Ona görə bizim borcumuz və vəzifəmiz ondan ibarətdir ki, belə gözəl tibb ocaqları yaradaq. Ona görə indi səhiyyə obyektlərinin yaradılması, yeni xəstəxanalar, poliklinikalar, diaqnostika mərkəzləri tikilməsi işi geniş vüsət alıbdır.
Çox şadam ki, nəhayət, Astarada da belə gözəl xəstəxana qapılarını artıq xəstələrin üzünə açır. Əminəm ki, burada ən yüksək səviyyədə tibbi xidmət göstəriləcəkdir. İcra başçısı mənə deyir ki, əvvəlki dövrdə müalicə üçün xaricə üz tuturdular. İndi hesab edirəm ki, xaricdən müalicə üçün buraya gələcəklər. Xəstəxananı yaxşı vəziyyətdə saxlayın. Ən önəmlisi odur ki, müasir səviyyədə tibbi xidmət göstərilməlidir. Bunu etmək üçün indi bütün imkanlar vardır.
* * *
Sonda xatirə şəkli çəkdirildi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında