Prezident İlham Əliyev Astarada Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir

Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astara Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir.
İdmançılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyevə məlumat verildi ki, son illər Astarada idmanın müxtəlif növlərinin inkişafına xüsusi diqqət göstərilir. Müasir olimpiya kompleksinin istifadəyə verilməsi isə gənclərin idmana olan maraq və həvəsini daha da artıracaqdır.
Dövlətimizin başçısı Astara Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Prezidenti kompleksdə yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, ərazisi 5 hektar olan kompleksin tikintisinə 2006-cı ildə başlanmış, inşaat işləri yüksək səviyyədə aparılmışdır. Burada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, eyni zamanda, Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edən fotoguşələr yaradılmışdır.
Qeyd edildi ki, kompleksin 936 nəfərlik böyük idman zalında mini futbol, voleybol, basketbol, tennis yarışları keçirmək üçün hər cür şərait vardır. Məşq zalları, eləcə də 172 tamaşaçı yeri olan üzgüçülük hovuzu da beynəlxalq standartlara cavab verir.
Bildirildi ki, kompleksin daxilində yaradılan qonaq otağında və konfrans zalında müxtəlif tədbirlər keçirmək mümkündür.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, rayonun idman məktəbinin yetirmələri Cəbrayıl Həsənov və Sona Əhmədli İstanbulda sərbəst güləş üzrə keçirilən dünya çempionatında bürünc medal qazanmışlar. Cəbrayıl Həsənov 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmışdır. Bundan başqa, Azərbaycan Şahmat Federasiyasının qərarı ilə rayonun şahmat məktəbində bir həftə ərzində 150 idmançı arasında respublika çempionatı keçirilmişdir. 2012-ci ilin "İdman ili" elan edilməsi ilə bağlı rayonda görüləcək işlər barədə geniş proqram hazırlanmışdır. Yeni tikilmiş Olimpiya İdman Kompleksi isə "İdman ili"nə ən böyük hədiyyədir.
Dövlətimizin başçısı Olimpiya İdman Kompleksinin ərazisində inşa olunan 4 kottecdə yaradılan şəraitlə də tanış oldu. Bildirildi ki, ikimərtəbəli kotteclərdə eyni vaxtda 40 nəfər qala bilər.
Azərbaycan Prezidenti kompleksin açılışı mərasimində çıxış etdi.
Mərasim iştirakçılarını salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Əziz dostlar, əziz astaralılar! Bu gün Astara rayonunun həyatında çox əlamətdar bir gündür. Astarada gözəl Olimpiya İdman Mərkəzi açılmışdır. Bu münasibətlə mən sizin hamınızı ürəkdən təbrik edirəm.
Bu Olimpiya İdman Mərkəzində idmanla məşğul olmaq üçün bütün şərait vardır. Mən vaxtilə Olimpiya Mərkəzinin inşası ilə bağlı göstəriş vermişdim. Ondan sonra Astarada olarkən tikintinin gedişi ilə tanış olmuşdum. Keçən il də mən Astarada idim. Bu gün bu gözəl, möhtəşəm Olimpiya Mərkəzinin açılışında biz bərabər iştirak edirik. Əminəm ki, Astara idmançıları və Astara sakinləri bu imkanlardan səmərəli şəkildə istifadə edəcəklər. Çünki burada bütün şərait vardır. Gözəl idman zalları, açıq meydançalar, üzgüçülük hovuzu, trenajor zalları - bir sözlə, artıq Astarada da gözəl, müasir Olimpiya Mərkəzi yaradılıbdır.
İdmana Azərbaycanda çox böyük diqqət göstərilir. Bizim dövlət siyasətimiz də idmanın inkişafına yönəldilibdir. Azərbaycan dövlətinin idmana münasibətini görmək üçün, sadəcə olaraq, uğurlarımıza fikir vermək kifayətdir. Son illər ərzində idmançılarımız bütün beynəlxalq yarışlarda böyük qələbələr qazanırlar. Dünya çempionatlarında, Olimpiya oyunlarında, Avropa çempionatlarında milli bayrağımız dalğalanır. Bu, çox sevindirici haldır. İldən-ilə idmançılarımızın uğurları, medalların sayı artır və ölkəmizin idman şöhrəti yüksəklərə qaldırılır.
Bu il Azərbaycanda "İdman ili" elan edilibdir. Bu da çox gözəl göstəricidir. Bu, onu göstərir ki, Azərbaycan dövləti idmanın inkişafına nə qədər diqqət yetirir. "İdman ili" çərçivəsində müxtəlif tədbirlər keçiriləcəkdir. Ancaq bu il ilk istifadəyə verilən olimpiya idman kompleksi Astara Olimpiya İdman Mərkəzidir.
Əminəm ki, bu il idmançılarımız bizi yenə də öz uğurları ilə sevindirəcəklər. Bu il Olimpiya oyunları ilidir. İdmançılarımız bu oyunlara çox fəal hazırlaşırlar və ümid edirik ki, Olimpiya oyunlarında da bizim böyük uğurlarımız olacaqdır. Belə fikirləşməyə əsas verən bizim əvvəlki dövrlərdə Olimpiya oyunlarındakı çıxışlarımızdır. İldən-ilə Olimpiya oyunlarında medalların sayı artır və Azərbaycan idman dövləti kimi özünü dünyaya, dünya idman ictimaiyyətinə təqdim edir.
Ölkəmizdə müxtəlif beynəlxalq yarışların keçirilməsi artıq gözəl bir ənənəyə çevrilibdir. Azərbaycanda istənilən beynəlxalq idman yarışının keçirilməsi mümkündür. Avropa, dünya çempionatlarının keçirilməsi artıq bizim yaxşı ənənəmizdir və bütün bu böyük yarışlar yüksək səviyyədə keçirilir. Bu amili və bütövlükdə ölkəmizin uğurlu inkişafını nəzərə alaraq Azərbaycan 2020-ci ilin Olimpiya oyunlarının Bakıda keçirilməsi üçün müraciət etmişdir və bu müraciətə baxılır. Mən hesab edirəm ki, ölkəmizin paytaxtı Bakı Olimpiya oyunlarının keçirilməsi üçün də bütün imkanlara malikdir. Bizim gözəl infrastruktur imkanlarımız vardır. İnsanların Olimpiya oyunlarının Azərbaycanda keçirilməsinə böyük dəstəyi vardır. Beynəlxalq qurumlar tərəfindən keçirilmiş rəy sorğuları da bunu göstərir. Ölkə vətəndaşlarının 95 faizi Olimpiya oyunlarının Azərbaycanda keçirilməsinə öz dəstəyini vermişdir.
Bizim kifayət qədər idman qurğularımız vardır. Tikilməkdə olan, tikilmiş və nəzərdə tutulan böyük idman qurğuları. Artıq bu məsələ də gündəlikdədir. Bizim gözəl idmançılarımız, idman uğurlarımız vardır.
Azərbaycanda təhlükəsizlik tədbirləri çox yüksək səviyyədə təmin edilir. Ölkəmizdə hökm sürən sabitlik, ictimai-siyasi asayiş Olimpiya oyunlarının keçirilməsi üçün də mühüm amil kimi özünü göstərir. Bir sözlə, biz Bakıda Olimpiya oyunlarının keçirilməsi üçün tam hazırıq və deyə bilərəm ki, bizim bu istəyimiz, eyni zamanda, ölkəmizin gücünü göstərir.
Biz, sadəcə olaraq, 20 ildir ki, müstəqil ölkə kimi yaşayırıq. Bu 20 il ərzində Azərbaycan böyük və şərəfli yol keçibdir. İstənilən sahədə biz böyük uğurlara nail ola bilmişik. Biz iqtisadi sahədə dünyada misli görünməmiş inkişaf yaşayırıq və bu, bütün statistik göstəricilərdə özünü əks etdirir.
Ölkəmizdə sosial məsələlərin həlli çox uğurla aparılır. Sosial infrastrukturun yaradılması prosesi uğurla gedir. Biz bunu Astara rayonunun timsalında görə bilərik. Astarada son illər ərzində 20-dən çox məktəb tikilibdir. Bu gün biz Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmirdən sonra açılışını qeyd edəcəyik. Gözəl, möhtəşəm Olimpiya Mərkəzi yaradılıbdır, kənd yolları qaydaya salınır. Yəni, Azərbaycanda sosial məsələlərin həlli də çox müsbət istiqamətdə inkişaf edir.
Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir. İyirmi il müstəqillik dövründə Azərbaycan özünü dünyaya etibarlı tərəfdaş və inamlı dost kimi təqdim edə bilmişdir. Məhz bunun nəticəsidir ki, dünya birliyi, dünya ictimaiyyəti Azərbaycana böyük etimad göstərərək bizi BMT Təhlükəsizlik Şurasına üzv seçdi. 155 ölkə gənc, ancaq qüdrətli və müstəqil Azərbaycan dövlətinə öz səsini verdi. Bu, beynəlxalq müstəvidə əldə edilmiş ən böyük uğurdur. Bu uğur bir də onu göstərir ki, bizim xarici siyasətimiz düzgün siyasətdir. Bizim xarici siyasətimiz həm ölkənin maraqlarının təmin edilməsi üçün aparılır, eyni zamanda, ölkəmizin beynəlxalq imici də çox müsbətdir. Əks təqdirdə 155 ölkə bizə səs verməzdi.
Bir sözlə, bu 20 il ərzində ölkəmizdə istənilən sahədə böyük nailiyyətlər vardır. Biz haqlı olaraq bu nailiyyətlərdən danışırıq. Ancaq, eyni zamanda, bizim bütün gələcək fikirlərimiz gələcək inkişafa istiqamətləndirilib. Biz əlavə nə etməliyik? Ölkəmizi bundan sonra necə inkişaf etdirməliyik? Bu məsələlərlə bağlı bizdə kifayət qədər dəqiq planlar, proqramlar və fikirlərimiz vardır. Bu barədə mən dəfələrlə müxtəlif tədbirlərdə fikirlərimi ifadə edirəm. Son müddət ərzində sahibkarlarla görüşdə ölkəmizin ümumi iqtisadi inkişafı, uzunmüddətli iqtisadi inkişafı və onun perspektivləri haqqında öz fikirlərimi söylədim.
Bir daha demək istəyirəm ki, ölkəmiz dinamik şəkildə inkişaf edir. Ölkəmizin çox gözəl beynəlxalq imici vardır. Ölkə hərtərəfli inkişaf edir. Biz indi ölkə iqtisadiyyatımızın şaxələndirilməsi ilə məşğuluq və bu sahədə də uğurlar əldə edə bilmişik. Bütün bölgələrdə canlanma, inkişaf vardır. Ən ucqar bölgələrdə, ən ucqar kənddə inkişaf vardır. Hər bir rayonun inkişafı, əslində, ölkəmizin inkişafını gücləndirir. Ölkənin inkişafı bölgələrin inkişafı olmadan mümkün deyildir. Biz hazırda qeyri-neft sektorunun, kənd təsərrüfatının, turizmin, qeyri-neft sənayesinin inkişafı üçün çox əhəmiyyətli addımlar atırıq.
Bu gün hər bir bölgədə gələcəklə bağlı konkret planlar vardır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci mərhələsi artıq başa çatmaq üzrədir. Gələn il bu proqram da yekunlaşacaq və beləliklə, son 8-10 il ərzində nəzərdə tutduğumuz məsələlər öz həllini tapacaqdır. Çalışmalıyıq ki, 2013-cü ilin sonuna qədər bütün bölgələrdə qazlaşdırma layihələri maksimum dərəcədə başa çatsın. O cümlədən Astara rayonunda bu proses sürətlə gedir. Artıq kəndlər də qazlaşdırılır.
Su-kanalizasiya layihələrinin həyata keçirilməsi hər bir rayon, hər bir şəhər üçün çox aktual məsələdir, o cümlədən Astara üçün də aktualdır. Bu məsələ də öz həllini tapır.
Avtomobil yollarının tikintisi. İndi Bakı-Astara magistral avtomobil yolu inşa edilir. Ümid edirəm ki, biz yaxın illərdə bu yolun açılışını qeyd edəcəyik. Kənd yolları tikilir. Keçən dəfə Astarada olarkən bir neçə kəndi birləşdirən kənd yolunun açılışında iştirak etdim. Bu gün yenə də Astara rayonunda digər kəndləri birləşdirən yolun açılışında iştirak edəcəyəm. Biz çalışırıq ki, hər bir yaşayış məntəqəsində normal yaşamaq və işləmək üçün yaxşı şərait, ilk növbədə, infrastruktur, sosial infrastruktur olsun. Yəqin xatırlayırsınız ki, ölkəmizdə ilk modul tipli elektrik stansiyalarının tikintisi də məhz Astaradan başlamışdır. 90 meqavat gücündə olan birinci elektrik stansiyası məhz Astarada tikilmişdir. Bu stansiya indi həm Astara, həm bütün bölgə üçün vacib enerji mənbəyidir.
Bu, çox gözəl hadisədir. Mən ürəkdən sevinirəm ki, bu gün Astarada da idmanla məşğul olmaq üçün çox gözəl şərait yaradılıbdır. Ancaq, eyni zamanda, bu gözəl Olimpiya Mərkəzi məhz əvvəlki dövrlərdə düzgün seçilmiş strategiya və taktikanın nəticəsində mümkün olmuşdur. Əgər biz iqtisadi gücü yaratmasaydıq heç bir sosial infrastruktur, yaxud da ki, idman qurğusunun tikilməsinə imkanımız çatmazdı. Əgər biz güclü iqtisadiyyat yaratmasaydıq, bu gün ölkəmizin dünyadakı mövqeləri bu qədər güclü olmazdı. Biz öz gücümüzə, Azərbaycan xalqının istedadına arxalanırıq. Əldə edilmiş bütün uğurlar məhz Azərbaycan xalqının xidmətidir.
Biz tam şəkildə müstəqil siyasət aparırıq, heç kimdən asılı deyilik və bundan sonra da heç kimdən asılı olmayacağıq. Biz müstəqilliyin qədrini bilirik. Müstəqillik sadəcə olaraq dövlət atributları deyildir. Müstəqillik müstəqil siyasət aparmaq imkanlarıdır. Bu gün Azərbaycan bölgədə sabitləşdirici rolu oynayır. Dünya birliyi tərəfindən Azərbaycanın fəaliyyəti təqdirlə qarşılanır. Ölkə daxilində proseslər çox müsbət istiqamətdə gedir. Bizim imkanımız var ki, belə gözəl idman qurğuları yaradaq və hər bir bölgənin, xüsusilə cənub zonasının inkişafı ilə bağlı əlavə konkret addımlar ataq.
Bu gün çox gözəl bir gündür. Mən Astarada dəfələrlə olmuşam. Hər dəfə rayonda, şəhərdə olarkən yenilikləri görəndə çox sevinirəm. Keçən il də Astarada olmuşam. Keçən il də, yenə də demək istəyirəm ki, həm yolun, həm Gənclər evinin açılışını qeyd etmişdik. Astara gözəlləşir, müasir gözəl şəhərə çevrilir. Mən bu uğurlarla bağlı bütün astaralıları ürəkdən təbrik edirəm, 34-cü Olimpiya İdman Kompleksinin açılışı münasibətilə təbrik edirəm. Arzu edirəm ki, hər bir gənc və hər bir vətəndaş bu kompleksin imkanlarından istifadə etsin, hər bir insan özünü rahat hiss etsin, hər bir ailədə sosial vəziyyət, dolanışıq yaxşı olsun, imkanlar artsın, ölkəmiz inkişaf etsin, insanlar rifah içində yaşasınlar.
Əziz dostlar, bir daha bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm, sizə və bütün astaralılara cansağlığı, yeni uğurlar arzulayıram. Sağ olun.
* * *
Yüngül atletika üzrə 16 qat respublika çempionu Fikrət QAFAROV dövlətimizin başçısına minnətdarlıq edərək dedi:
- Möhtərəm cənab Prezident, icazə verin, rayonumuzun bütün gəncləri və idmançıları adından ürək sözlərimi ifadə edərək bizim Astaraya "Xoş gəlmisiniz!" deyim.
Sizin rayonumuza sayca beşinci səfəriniz gözəl bir ərəfəyə - Novruz bayramı günlərinə təsadüf edir. Bu doğma diyar da bahar gülləri, bahar çiçəkləri ilə Sizi qarşılayır. Gəlişiniz sevincimizə sevinc qatıb. Çünki bu səfərlərin hər biri rayonumuzda mühüm dəyişikliklərlə yadda qalır. Yeni-yeni obyektlərin təməli qoyulur, açılışlar edilir. Ötən il rayonumuzun sosial həyatının yaxşılaşdırılmasına xidmət edən iki tarixi sərəncam imzalamağınız və il tamam olmamış ikinci dəfə rayonumuza səfər etməyiniz dediklərimizə əyani sübutdur. Bu səfərlərin hər biri rayon sakinlərinə, gənclərimizə və idmançılarımıza böyük uğurlar gətirir.
Möhtərəm cənab Prezident, bu gün Sizin rəhbərliyinizlə müstəqil Azərbaycanımız bütün sahələrdə sürətlə inkişaf edir. Qazanılan uğurlar bizi hədsiz sevindirir, yeni-yeni qələbələrə ruhlandırır. Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyev Azərbaycanın uğurlu inkişafında gənclərin rolunu xüsusi qeyd edərək, onlara böyük ümidlər bəsləyir, etimad göstərirdi. Bu ənənəyə sadiq qalaraq Siz də gənclərimizin hərtərəfli biliyə malik olması, mənəvi və fiziki cəhətdən sağlam yetişməsi üçün əvəzsiz xidmət göstərir, ulu öndərin ideyalarını layiqincə həyata keçirirsiniz.
Bu yaxınlarda - martın 2-də imzaladığınız sərəncamınızla Azərbaycanda vətənpərvər, sağlam düşüncəli gənclərin yetişdirilməsi, onların azərbaycançılıq ruhunda tərbiyə olunması üçün Gənclər Fonduna 5 milyon manat vəsait ayırmağınız dediklərimizə bariz nümunədir. Ölkəmizdə idmanın inkişafı üçün bütün imkanlar yaradılmışdır. Dövlətimizin başçısı və Milli Olimpiya Komitəsinin prezidenti kimi göstərdiyiniz böyük diqqət və qayğının nəticəsidir ki, idmançılarımız ən nüfuzlu beynəlxalq yarışlarda uğurla çıxış edirlər. Dünya miqyaslı yarışlarda və Olimpiya oyunlarında idmançılarımızın qələbələri ilə dövlət himnimiz səsləndirilir, bayrağımız qaldırılır. Bu, əlbəttə, Sizin qayğınız və misilsiz əməyinizin bəhrəsidir. Buna görə də, cənab Prezident, Sizinlə birlikdə 2020-ci ildə keçiriləcək Yay Olimpiya oyunlarına da ev sahibliyi etmək arzusundayıq. Sərəncamınızla 2012-ci ilin "İdman ili" elan edilməsi ümumilikdə idmanımızın daha da inkişaf etdirilməsinə xidmət edir, idmançılarımıza yeni ruh verir. Buna tam əmin ola bilərsiniz ki, gənclərimiz "İdman ili"ində etimadınızı doğruldacaq, öhdələrinə düşən vəzifələri ləyaqətlə yerinə yetirəcəklər.
Möhtərəm cənab Prezident, Azərbaycanın idman şöhrətinin artmasına astaralı idmançılar da həmişə layiqli töhfələr vermişlər. 1952-ci il Helsinki Olimpiadasının iştirakçısı Xandadaş Mədətov, ikiqat Avropa çempionu Aslan Ağayev, indi isə onların davamçıları olan ikiqat Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı, 2012-ci il London Olimpiadasına lisenziya qazanmış Cəbrayıl Həsənov, Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı Sona Əhmədli və başqaları mötəbər yarışlarda Azərbaycanın üçrəngli bayrağını göylərə qaldırırlar. Ümumilikdə Astara idmançıları 2011-ci ildə 160 medal qazanmışlar. Bunlardan 92-si qızıl medaldır. Qazanılan medalların 16-sı beynəlxalq yarışların payına düşür. Özüm kross üzrə Azərbaycan rekordçusu, 16 dəfə Azərbaycan çempionu, 3 dünya, 3 Avropa çempionatının iştirakçısı və mükafatçısı olmuşam.
Möhtərəm cənab Prezident, regionumuzu nura qərq etmiş "Astara" modul tipli elektrik stansiyasının təməlqoyma mərasimində əhali ilə görüşdə gənclərimizin sağlam böyüməsi üçün rayonumuzda Olimpiya İdman Kompleksinin tikiləcəyinə söz vermişdiniz. Bu gün söz və işin vəhdətinin şahidiyik. Ötənilki səfəriniz zamanı rayon gənclərinə Gənclər evini hədiyyə etdiniz. Bu il isə açılışını etdiyiniz əzəmətli Olimpiya İdman Kompleksi ilə bizi yenidən sevindirirsiniz. Bu kompleksin məhz "İdman ili"ndə açılışı Astara gənclərinə, Astara idmançılarına ən gözəl hədiyyənizdir. Belə bir idman kompleksinin istifadəyə verilməsini biz çoxdan gözləyirdik. Siz bizi bu arzuya qovuşdurdunuz. Buna görə bütün astaralı gənclərin dərin minnətdarlığını və səmimi təşəkkürünü Sizə çatdırıram.
Burada müxtəlif növlər üzrə idmançıların yetişməsi, idman yarışlarının keçirilməsi üçün hər cür şərait vardır. Bir idmançı kimi Sizi inandırıram ki, gənclərimiz bu əvəzsiz töhfəyə cavab olaraq respublikamızın idman şöhrətini daha da yüksəklərə qaldıracaqlar. Onların sorağı dünyanın ən mötəbər idman arenalarından gələcəkdir. Yaradılmış şərait və imkanlardan istifadə edərək, dünya və Avropa miqyaslı yarışlarda bundan sonra da böyük uğurlar qazanacaq, Azərbaycan idmanına layiqli töhfələr verəcəyik.
Möhtərəm cənab Prezident, gənclərimiz göstərdiyiniz qayğıdan fərəhlənir, Sizi sevir, müstəqil Azərbaycanımızın bütün sahələrdə inkişafında ən yaxın köməkçilərinizdir. Tam əmin ola bilərsiniz ki, Azərbaycan gəncliyinin tərkib hissəsi olan Astara gəncləri daim Sizinlədir və həmişə Sizinlə olacaqlar. Diqqətinizə görə çox sağ olun.
* * *
Mərasim geniş konsert proqramı ilə davam etdi.
Konsertdə respublikamızın tanınmış incəsənət ustaları çıxış etdilər.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında