Paris, 9 dekabr (AzərTAc). Xüsusi müxbirimiz xəbər verir ki, Fransada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 9-da Parisdə Fransa Sahibkarlar Təşkilatına – MEDEF-ə üzv olan iş adamları ilə görüşmüşdür.
Görüşdə MEDEF-interneşnlın rəhbəri Jan BÜREL çıxış edərək dedi:
- Hörmətli cənab Prezident,
Hörmətli səfirlər,
Xanımlar və cənablar, dostlar.
Sizi burada - Parisdə bir daha görməyimizə çox şadıq. İki il bundan əvvəl Siz Prezident Jak Şirakla görüşmüşdünüz. Bu dəfə isə Prezident Sarkozi ilə görüşəcəksiniz. Burada Siz MEDEF-ə üzv olan şirkətlərin nümayəndələri ilə görüşürsünüz. Bir azdan xanım Paskal Janin, - Siz onu tanıyırsınız, bir neçə həftə öncə ölkənizə səfər etmişdi, - Sizə suallarla müraciət edəcəkdir. Düşünürəm ki, söhbətimiz faydalı olacaqdır.
Burada iştirak edənlərin hamısının Azərbaycana marağı böyükdür. Sizi dinləməyə və Sizə suallar verməyə həddindən artıq maraqlıyıq.
İcazənizlə, fürsətdən istifadə edərək, diqqətinizə bir daha çatdırım ki, MEDEF Fransanın 800 min şirkətinin birləşdiyi bir qurumdur. Bu quruma müxtəlif sahələrdə çalışan şirkətlər, o cümlədən bank sektoru, sığorta, ərzaq sahələri daxildir. Bəzi şirkətlər təyyarə, bəziləri isə avtomobil istehsalı ilə məşğuldur. Mühəndislik, kimya texnologiyaları sahələrində ixtisaslaşan şirkətlər də vardır. Bizim üçün vaxt ayırdığınıza görə bir daha Sizə təşəkkürümü bildirmək istəyirəm. Sözü həmkarım xanım Paskal Janinə verirəm.
{nl}
***
{nl}
“Derişübörq poliurban” şirkətinin rəhbəri xanım Paskal Janin PERES çıxış edərək bildirdi:
- Təşəkkür edirəm. Cənab Prezident,
Hörmətli səfirlər,
Xanımlar və cənablar.
İlk növbədə Sizinlə Parisdə yenidən görüşməyimdən nə qədər
məmnun olduğumu diqqətinizə çatdırmaq istəyirəm. Bir neçə həftə əvvəl bizi Bakıda qəbul etdiyiniz zaman göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Son illər ərzində ölkənizdə baş verən inkişaf və yeniliklər bizi çox valeh edib. Xüsusilə də qlobal iqtisadi böhran zamanı Azərbaycan öz mövqeyini qoruyub saxlaya bilmişdir.
Biz Bakıda olarkən ölkənizdə iqtisadiyyatınızı şaxələndirmək və müasirləşdirmək, eyni zamanda, karbohidrogen ehtiyatlarının ixracından asılılığını azaltmaq və qeyri-enerji sektoruna sərmayə yatırmaq istəyinizi tam anladıq. Fransanın işgüzar adamları Azərbaycandan bu ölkənin inkişafına daha çox cəlb olunmaq arzusu ilə ayrıldılar. Cənab Prezident, biz Sizin səylərinizi dəstəkləyirik. Sizi əmin etmək istəyirik ki, Fransa şirkətləri Azərbaycanın inkişafında bütün istiqamətlərdə iştirak etmək arzusundadır. Biz, eyni zamanda, Sizin 2010-cu ildə ekologiyaya daha çox əhəmiyyət vermək niyyətlərinizə heyran olduq. Fransanın bir neçə şirkəti bu sahədə dünyanın aparıcı şirkətləridir və ekoloji məsələlərin həllində sizlər üçün faydalı iş görə bilər.
Cənab Prezident, indi isə biz Sizi və Azərbaycanın prioritetləri haqqında fikirlərinizi dinləməyə çox maraqlıyıq. Fransa şirkətlərinin layihələrinizin icrasına cəlb olunmaqla necə yardımçı ola biləcəyini bilmək istərdik. Bir daha Sizə təşəkkür edirəm, cənab Prezident.
{nl}
***
{nl}
Sonra Azərbaycan Prezidenti İlham ƏLİYEV görüşdə çıxış edərək dedi:
- Təşəkkür edirəm, əziz dostlar. Bu görüşə görə də minnətdarlığımı bildirirəm. Bu, bizim ilk görüşümüz deyildir. Xatirimdədir, mən Fransaya ilk dəfə rəsmi səfərə gələndə, - bu, 2004-cü ilin əvvəlində, seçkilərdən cəmi iki ay sonra baş tutmuşdu, - o zaman biz görüşdük. Hesab edirəm ki, həmin görüş aramızdakı iqtisadi əməkdaşlığın inkişafı üçün əhəmiyyətli rol oynadı. Çünki o zaman Azərbaycan beynəlxalq biznes dairələri üçün o qədər də tanınan ölkə deyildi. Eyni zamanda, mən iki il bundan öncə baş tutan görüşümüzü də xatırlayıram. Bu gün də biz görüşürük. Beləliklə, mən hər dəfə Fransaya səfər edəndə görüşümüz olur. Bu, ilk növbədə əlaqələrimizin, digər tərəfdən isə iqtisadi əməkdaşlığımızın qarşılıqlı əhəmiyyətini əks etdirir.
Son illər ərzində ölkələrimiz arasında iqtisadi əməkdaşlıq uğurla inkişaf edir. Fransanın bir çox şirkətləri artıq Azərbaycanda fəaliyyətə başlayıb. Bir çox şirkətlər ölkəmizə sərmayələr yatırıb. Bəzi şirkətlər ölkəmizdə müqavilə əsasında çalışıb və bu gün də çalışmaqda davam edir. Əgər iqtisadi əlaqələrimizin ümumi statistikasına nəzər salsaq, ölkələrimiz arasında qarşılıqlı iqtisadi dövriyyədə böyük artımın olduğunu görərik. Ötən il ticarət dövriyyəmiz 2,5 milyard dollara yaxın olub. Nəzərə alsaq ki, biz kiçik rəqəmlərlə başlamışdıq, hesab edirəm, indi bu, böyük rəqəmdir.
İqtisadi əməkdaşlığımızın inkişafının bu mərhələsində düşünürəm ki, ötən illərdən fərqli olaraq, indi bizim daha yaxşı imkanlarımız vardır. Çünki Azərbaycan son illər ərzində uğurla inkişaf edib. Biz əsas iqtisadi çətinlikləri dəf etməyə nail olmuşuq. Hesab edirəm ki, iqtisadiyyatımız artıq keçid iqtisadiyyatı deyildir. Baxmayaraq ki, keçid dövrü bir qədər çox vaxt apardı. Bu da təbii haldır, çünki bir sistemdən digərinə keçərkən, yəni planlaşdırılan iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid üçün çox vacib islahatlar aparılmalıdır. Artıq bütün zəruri islahatlar aparılıb. Hesab edirəm ki, növbəti illərdə Azərbaycan iqtisadiyyatının davamlı inkişafı qarşılıqlı iqtisadi əməkdaşlıq üçün daha yaxşı şərait yaradacaqdır.
Ümumiyyətlə biz həm ikitərəfli, həm iqtisadi sahədə əlaqələrimizin səviyyəsindən çox razıyıq. Hesab edirəm ki, biz bu cür qarşılıqlı maraqla uğurla irəliləyə bilərik. Düşünürəm ki, 2004-cü ildəki görüşümüz iqtisadi əlaqələrimizin sürətlə inkişafı üçün əhəmiyyətli rol oynadı. Ümid edirəm ki, bu görüşdən və MEDEF-in bu yaxınlarda Bakı görüşündən sonra biz ölkəmizə gələcək sərmayə yatırımları ilə bağlı yeni prioritetləri, əməkdaşlığın yeni sahələrini Fransa sərmayədarlarının maraqları və Azərbaycan hökumətinin prioritetlərinə uyğun olaraq müəyyənləşdirəcəyik.
Böyük işlər görülüb. Lakin görüləsi işlər hələ də çoxdur. Bizim konkret tədbirlər proqramımız vardır. Bu, artıq ikinci proqramdır. İlk proqram 2004-cü ildə qəbul olunub və 2008-ci ilə qədərki dövrü əhatə edib. Sizə deyə bilərəm ki, 2004-2008-ci illər ərzində, yəni son 5 il ərzində Azərbaycan iqtisadiyyatı dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı olub. Ümumi daxili məhsul 2,6 dəfə, sənaye istehsalı isə 2,5 dəfə artıb. Bu, dünyanın ən sürətlə artan iqtisadiyyatı olub. Növbəti 5 il - 2009-2013-cü illər üçün bizim maliyyə və texniki imkanlarımıza və beynəlxalq biznes dairələri ilə artıq mövcud olan təcrübəmizə əsaslanan dəqiq tədbirlər proqramımız vardır.
{nl}
Bu proqram əsasən ölkəmizin hələ də mövcud olan mühüm iqtisadi, sosial və infrastruktur layihələrinin həyata keçirilməsinə kömək edəcəkdir. Ümid edirəm ki, növbəti illərdə də Fransa şirkətləri müxtəlif əhəmiyyətli layihələrin həyata keçirilməsində bizim tərəfdaşlarımız olacaqdır. İqtisadiyyatımız hətta 2009-cu ildə, qlobal maliyyə böhranı zamanı da sürətlə inkişaf edir. İlin on ayının göstəricilərinə əsasən, iqtisadi artım 8,4 faiz, sənaye istehsalı artımı isə 7,3 faiz olub. Nəzərə alsaq ki, enerji sektoru hələ də ölkə iqtisadiyyatının əsas sektoru sayılır və neftin qiyməti son bir il ərzində kəskin şəkildə aşağı düşüb, bu, bizim ümumi iqtisadi inkişafımıza təsir göstərməyib. Bu da məhz iqtisadiyyatımızın şaxələndirilməsinin, qeyri-enerji sektoruna sərmayə qoyuluşu siyasətinin nəticəsidir. Həmin sərmayələr o sahələrə yatırılır ki, gələcəkdə əlavə gəlir gətirsin.
Bir daha qeyd etmək istəyirəm ki, növbəti illər üçün böyük planlarımız vardır və ümid edirəm ki, bütün bu planlar həyata keçiriləcəkdir. Müxtəlif layihələrə gəldikdə isə onu deyə bilərəm ki, sizin nümayəndələriniz Bakıda olarkən bir sıra görüşlər keçiriblər. Onlarda artıq bizim nə edəcəyimiz barədə məlumatlar vardır. 2010-cu ildə bizim həm dövlət büdcəsindən, həm də Neft Fondundan maliyyələşən dövlət investisiya proqramı 4,5–5 milyard dollara yaxın olacaqdır. Bu qədər vəsait iqtisadiyyatımızın müxtəlif sahələrinə yatırılacaqdır. Biz Fransa şirkətlərini bu layihələrdə iştirak etməyə dəvət edirik.
Bəzi şirkətlər artıq nəhəng və əhəmiyyətli infrastruktur və sənaye layihələrinin icrasına başlayıb. Biz bu işlərin gedişindən məmnunuq. Əminəm ki, sizin gələn və növbəti illər ərzində icra olunacaq konkret sahələr və layihələr haqqında məlumatınız vardır. Hansı sahəyə daha çox diqqət yetirmək – artıq şirkətlərin öz işidir. Bizim prioritetlərə gəldikdə isə, qeyd etdiyim kimi, bu, əsasən qeyri-neft sektorudur. Çünki biz neft və qaz sahəsində planlaşdırılan bütün işləri görməyə nail olmuşuq və növbəti illər ərzində indiyədək gördüyümüz işlərdən bəhrələnəcəyik.
İnformasiya texnologiyaları, kənd təsərrüfatı, infrastruktur, təhsil, səhiyyə, ekologiya sahələri indi prioritetdir. Təsadüfi deyildir ki, 2010-cu il Ekologiya ili elan olunub. Biz bu sahəyə daha çox diqqət yetirməliyik. Çünki Azərbaycanda neft hasilatına başlanan ilk dövrlərdən ekoloji məsələlərə fikir verilməyib. İndi isə bu sahədə böyük işlərin görülməsinə ehtiyac vardır. Biz çirklənmiş bütün əraziləri, torpağı, Xəzər dənizini təmizləməliyik və bu layihə üçün böyük vəsait ayrılacaqdır. Biz digər layihələri də dünyanın aparıcı şirkətləri ilə birgə həyata keçirməyi planlaşdırırıq. Bu təcrübə artıq vardır. 1990-cı illərin əvvəlində Azərbaycan hətta qeyri-mütəşəkkil, kasıb və iqtisadiyyatı tənəzzülə uğramış ölkə olarkən, biz böyük beynəlxalq şirkətləri ölkəmizə sərmayə qoymağa cəlb etməyə nail olduq. O da həqiqətdir ki, həmin sərmayələrin əksəriyyəti enerji sektoruna yatırılmışdı və bu, təbii bir hal idi. Bu il isə biz tərəfdaşlarımızı ölkəmizin həm enerji, həm də qeyri-enerji sektorlarına sərmayə yatırmağa dəvət edirik.
Etibarlılığı artırmaq üçün biz Dövlət İnvestisiya Şirkətini yaratdıq. Bu şirkət müxtəlif layihələrin icrasında artıq həm sərmayədar kimi çalışır və həm də çalışacaq ki, potensial investorlar üçün etimadı artırsın. Biz bu məsələni bu yaxınlarda Bakıda da müzakirə etdik. Biz Fransa şirkətləri tərəfindən yatırılacaq sərmayələri alqışlayırıq. Biz Fransa şirkətlərinin müqavilə əsasında və ya müxtəlif birgə müəssisələrin, qurumların üzvləri kimi fəaliyyətini müsbət qarşılayarıq. Biz uğurlu əməkdaşlığımızı davam etdiririk.
Bu gün bir daha sizinlə burada olmağımdan və bu vacib məsələləri sizinlə müzakirə etməkdən çox məmnunam. Ümid edirəm ki, bu görüşdən sonra biz görülən işlərin əyani nəticələrinin şahidi olacağıq. Çox sağ olun.
{nl}
***
{nl}
Sonra dövlətimizin başçısı dünya iqtisadi böhranı fonunda Azərbaycanın inkişaf prosesləri, ölkəmizin iqtisadi prioritetləri, qeyri-neft sektoru, respublikamızda çalışan Fransa şirkətlərinin fəaliyyəti, enerji sahəsində görülən işlər, Azərbaycanın regionda hazırkı vəziyyəti və gələcək rolu, 2010-cu ildə - Ekologiya ilində görüləcək işlər, nəqliyyat, aviasiya, səhiyyə və digər sahələrdə əməkdaşlıq mövzularında suallara ətraflı cavab verdi.
Prezident İlham Əliyev ölkəmizin gələcək planlarından, müstəqilliyin ilk illərində üzləşdiyimiz sınaqlardan, eləcə də Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən danışdı. Dövlətimizin başçısı qeyd etdi ki, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan davamlı inkişaf yoluna qədəm qoydu. Hazırda sürətlə inkişaf edən Azərbaycan ümumi daxili məhsulun artım sürətinə görə dünyada lider ölkələrdən biridir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.