"Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir

Azərbaycan Prezidenti İlham Əliyev konfransda iştirak etmişdir
Fevralın 28-də "Baku Expo" Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak etmişdir.
Mərkəzdə Dövlət Proqramın üçüncü ilinin yekunları ilə bağlı təqdimat olmuşdur. Təqdimatda ölkəmizin son illərdə sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlar əksini tapmışdır.
2011-ci ildə ölkəmizdə həyata keçirilən sosial müdafiə tədbirləri, o cümlədən tikilən və əsaslı təmir olunan təhsil və səhiyyə müəssisələri və digər sosial obyektlər barədə ətraflı məlumatların yer aldığı təqdimatda əhalinin elektrik enerjisi və təbii qazla təchizatının yaxşılaşdırılması, yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülən işlər müxtəlif cədvəl və diaqramlarla diqqətə çatdırılmışdır.
Təqdimatda Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə inşa olunan təhsil və səhiyyə müəssisələri haqqında da göstəricilər ətraflı şəkildə əks olunmuşdur.
Naxçıvan Muxtar Respublikasına həsr olunan bölmədə ötən il muxtar respublikada sosial-iqtisadi sahədə əldə edilən uğurlardan söhbət açılır.
Sahibkarlığın inkişafına həsr olunan stendlərdə ümumi daxili məhsulun artımında, müxtəlif istehsal və xidmət sahələrində özəl bölmənin payı barədə statistik rəqəmlər yerləşdirilmişdir.
Təqdimatda ölkəmizdə və beynəlxalq səviyyədə keçirilən yarışlarda idmançılarımızın qazandığı uğurlar, yeni idman komplekslərinin tikintisi, ümumiyyətlə idmanın inkişafına olan dövlət qayğısı barədə məlumat verilir.
Ekoloji məsələlərə həsr olunan bölmədə isə Azərbaycanda həyata keçirilən meşə-bərpa və digər ekoloji tədbirlər barədə məlumatlar əksini tapmışdır.
İnformasiya-kommunikasiya texnologiyalarının iqtisadiyyatın mühüm sahələrindən birinə çevrilməsi bu mövzuya həsr olunan təqdimatda statistik rəqəmlər və diaqramlarla nümayiş etdirilmişdir.
Ötən il Azərbaycanın "Eurovision-2011" müsabiqəsində qələbəsinə həsr olunan xüsusi guşənin yaradıldığı təqdimatda ölkəmizin turizm potensialının inkişafı sahəsində görülən işlər də əksini tapmışdır.
Prezident İlham Əliyev konfransda giriş nitqi söyləmişdir.

{nl}

Prezident İlham Əliyevin giriş nitqi
- Ölkəmizin uğurlu inkişafı artıq reallıqdır. Bunu Azərbaycan əhalisi bilir və görür. Dünya ictimaiyyəti də Azərbaycanın uğurları haqqında kifayət qədər dolğun məlumat əldə edir. Uğurlarımızın təməlində düşünülmüş siyasət, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik və uğurlu iqtisadi islahatlar dayanır.
İctimai-siyasi sabitlik Azərbaycanda 1990-cı illərdə təmin edilmişdir. 1990-cı illərin əvvəllərində ölkəmizdə hökm sürən xaos, anarxiya ölkəmizi uçuruma aparırdı. Ölkəmiz üçün həlledici illərdə bütün xoşagəlməz hallara ulu öndər Heydər Əliyevin rəhbərliyi altında son qoyuldu və Azərbaycanın uğurlu inkişafı təmin edildi. Məhz o illərdə yaradılmış və bu gün daha da möhkəmlənən ictimai-siyasi sabitlik ölkəmizə investisiyaların gətirilməsinə şərait yaratmışdır və ölkəmizin uğurlu inkişafına imkan vermişdir. Eyni zamanda, bizim əsas iqtisadi islahatlarımız da 1990-cı illərin ortalarında başlamışdır. Bu gün bu islahatlar davam edir və keyfiyyətcə yeni mərhələyə qədəm qoyur.
Ölkəmizin müasir inkişaf dövrü də çox uğurludur. İnkişafımızın təməlində, bir daha demək istəyirəm ki, siyasətimiz dayanır. Ölkəmizdə siyasət həm ictimai, həm də iqtisadi sahədə bir məqsədi güdür: Azərbaycan xalqının maraqlarını təmin etmək, ölkəmizi gücləndirmək, regionda mövqelərimizi möhkəmləndirmək! Bizim əsas istiqamətimiz bundan ibarətdir.
Müasir dövrdə ölkəmizin sürətli inkişafına nail olmaq üçün kifayət qədər geniş proqramlar icra edilir. Bu proqramların içində əlbəttə ki, ən önəmlisi və ən vacibi 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramıdır. Bu proqramın qəbul edilməsindən sonra ölkəmizin bölgələri çox sürətlə inkişaf etməyə başlamışdır.
Proqramın qəbul edilməsi 2004-cü ilə təsadüf edir. Ancaq Proqram haqqında mən ondan əvvəlki illərdə də fikirləşirdim və 2003-cü ilin prezident seçkiləri ərəfəsində bildirmişdim ki, əgər xalq mənə etimad göstərərsə qəbul edilmiş proqramlar nəticəsində beş il ərzində - yəni, 2008-ci ilə qədər ölkəmizdə 600 minə qədər yeni iş yeri açılacaqdır. O vaxt bəziləri bu rəqəmlərə inanmırdı, bəziləri buna şübhə ilə yanaşırdı. Ancaq mən bilirdim ki, bunu etmək mümkündür. Çox şadam ki, qısa müddət ərzində - yəni, ondan da az dövrdə, təxminən dörd il ərzində 600 min yeni iş yeri yaradılmışdır. Bütövlükdə 2004-2008-ci illərdə ölkəmizdə 760 min yeni iş yeri açılmışdır ki, bu da həm işsizliyin aradan qaldırılması, həm də yoxsulluğun aşağı salınması üçün xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, 2004-cü ildə qəbul edilmiş Proqram bizim bütün iqtisadi inkişafımıza təkan vermişdir.
Əlbəttə, iqtisadiyyatımızın böyük hissəsi neft-qaz sektorunda formalaşır. Ancaq neft-qaz sektorunda böyük sayda iş yerlərinin yaradılması mümkün deyildir. Ona görə bizim əsas istiqamətimiz qeyri-neft sektoruna yönəldilmişdir. Bu sektorun inkişafı həm ölkə iqtisadiyyatının şaxələndirilməsinə, həm də işsizliyin aradan qaldırılmasına yönəldilməli idi və belə də oldu.
Onu da qeyd etmək istəyirəm ki, bəzi hallarda bizim uğurlu iqtisadi inkişafımızı yalnız neft-qaz amili ilə bağlayırlar. Əlbəttə ki, neft-qaz amili mühüm rol oynayır və bundan sonra da oynayacaqdır. Ancaq demək istəyirəm ki, bizim əsas neft ixrac kəmərimiz - Bakı-Tbilisi-Ceyhan neft kəməri yalnız 2006-cı ilin yayında istifadəyə verilmişdir. Proqram isə 2004-cü ildə qəbul edilmişdir. Qəbul edildikdən dərhal sonra Proqram icra edilməyə başlanmışdır.
Bir sözlə, keçən dövr haqqında kifayət qədər məlumat vardır və bir də görülən bütün bu işlər göz qabağındadır. 2009-cu ilin əvvəlində Proqramın yeni dövrü başlamışdır. Artıq o proqram Dövlət İnkişaf Proqramı adlandırıldı. Ancaq bu Proqramın əsas istiqaməti yenə bölgələrin inkişafına yönəldilmişdir. Artıq üç ildir ki, ikinci Dövlət Proqramı icra edilir. Deyə bilərəm ki, bütün vəzifələr artıqlaması ilə icra edilir. Birinci Proqrama gəldikdə, orada nəzərdə tutulmuş məsələlər, təbii ki, öz həllini tapmışdır. Onda əlavə tədbirlər də görülmüşdür. İndi də məhz belə mənzərə müşahidə olunur. Biz bu Proqramı daha da böyük həcmdə icra edirik və beləliklə, inkişafımıza davam edirik.
Birinci mərhələdə əsas istiqamət biznes imkanlarının genişlənməsinə, sənaye potensialının formalaşmasına yönəldilmişdi. Bu məqsədlə ilk növbədə elektrik enerjisi məsələləri öz həllini tapmalı idi. Ona görə biz bu məsələni prioritet kimi nəzərə almışdıq və qısa müddət ərzində enerji təhlükəsizliyimizi təmin edə bilmişdik. Çünki əvvəlki dövrdə bizdə istehsal olunan elektrik enerjisi tələbatımızı ödəmirdi. İndi biz elə güclü sistem yaratmışıq ki, nəinki öz tələbatımızı ödəyirik, eyni zamanda, bütün qonşu ölkələrə elektrik enerjisini ixrac edirik.
Ondan sonrakı mərhələdə infrastruktur layihələrinin icrası prosesi başlamışdır. Bu da çox geniş bir istiqamətdir. Biz infrastruktur deyəndə hər şeyi nəzərdə tuturuq. Həm yollar, həm elektrik enerjisi, qazlaşdırma, su ilə təchizat, sosial infrastruktur məsələləri də çox vacibdir. Proqramımızda yəni, indiki proqramda bütün bu məsələlər öz əksini tapır. Burada əlbəttə ki, istiqamətlərin biri infrastruktur layihələri ilə bağlıdır. Biz bu sahəni dövlət tərəfindən qoyulan vəsait hesabına inkişaf etdirə bilmişik. Digər istiqamət sosial infrastruktur ilə bağlıdır. Birinci Proqram qəbul olunandan sonra ölkəmizdə 2300-dən çox yeni məktəb tikilmişdir. Keçən il 200-dən çox məktəb tikilmiş və təmir edilmişdir. Bu il isə 400-dən çox məktəb tikiləcək və əsaslı təmir ediləcəkdir.
Səhiyyə infrastrukturunun yaradılması böyük əhəmiyyətə malik olan bir məsələdir. Azərbaycanda 400-dən artıq müasir tibb ocağı yaradılmışdır.
Magistral yolların inkişafı böyük əhəmiyyətə malik idi. Çünki yollarımız çox bərbad vəziyyətdə idi. Yol olmadan inkişaf ola bilməz. Heç bir müəssisə, heç bir turizm obyekti tikilə bilməz. Biznesin inkişafı üçün yol, elektrik enerjisi əsasdır. İnsanların rahat yaşaması üçün isə sosial infrastrukturun yaradılması prosesi sürətlə gedir və hazırda biz bu layihələri daha da sürətlə inkişaf etdiririk. Hazırda böyük su-kanalizasiya layihələri icra olunur ki, bu, bütün ölkəmizi əhatə edir. Bu layihə sırf sosialyönümlüdür. Əgər elektrik enerjisinin təchizatı ilə bağlı verilən göstərişlər həm sosialyönümlü, həm biznesyönümlüdürsə, su layihələri sırf sosial məna daşıyır. İndi imkanımız var ki, sosial infrastrukturun yaradılmasına daha da böyük həcmdə vəsait qoyaq. Əlbəttə, bu imkanları biz özümüz əldə etmişik.
Dünyada neftlə zəngin olan kifayət qədər çox ölkələr vardır. Bizdən qat-qat çox neft, qaz hasil edən, ixrac edən ölkələr vardır. Ancaq heç də hər bir ölkədə iqtisadi inkişaf bizdəki kimi sürətli deyildir. Ona görə, mən bir daha demək istəyirəm ki, uğurlarımızın təməlində düşünülmüş iqtisadi siyasətdir, iqtisadi islahatlardır. Bu islahatlar dünya birliyi tərəfindən qiymətləndirilir. Dünyanın aparıcı iqtisadi qurumları Azərbaycanda gedən prosesləri dəstəkləyir, qiymətləndirir və bəzi hallarda bizdə gedən prosesləri heyranlıqla müşahidə edir. Böyük reytinq agentlikləri inkişaf etmiş ölkələrin kredit reytinqlərini aşağı salırlar, Azərbaycanın kredit reytinqlərini qaldırırlar. Böhranlı illərdə ən aparıcı beynəlxalq maliyyə qurumları Azərbaycanda gedən islahatları yüksək qiymətləndirirlər. Yəni, bu da çox vacibdir. Əlbəttə, bizim üçün ən vacib olan məsələ odur ki, bildiyimizi edək, iqtisadi inkişafımızı, insanların yaxşı yaşamasını təmin edək. Ancaq görəndə ki, uğurlarımız mötəbər beynəlxalq qurumlar tərəfindən qeyd edilir, əlbəttə ki, bu, bizi daha da sevindirir.
2011-ci il də ölkəmizin inkişafı üçün uğurlu il olmuşdur. 2011-ci ilin xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, Azərbaycanda qeyri-neft sektoru sürətlə artmışdır. Əgər ümumi iqtisadi inkişaf təqribən 1 faiz ətrafında, bəlkə ondan da az idi, qeyri-neft iqtisadiyyatımızın inkişafı isə 10 faizdən çox olmuşdur.
Bax, budur bizim vaxtilə qəbul etdiyimiz proqramların nəticəsi. Bizim məqsədimiz məhz bundan ibarətdir. Qeyri-neft sektorunun, qeyri-neft sənayesinin inkişafı. İndi bu ilin birinci ayının yekunları da onu göstərir - qeyri-neft sənayesi 10 faizdən çox artmışdır. Çox güclü sənayeləşmə prosesi gedir. Mən bu məsələ ilə bağlı bir neçə il əvvəl danışmışdım. Demişdim ki, Azərbaycanda sənayeləşmə prosesi sürətlə getməlidir və biz bunu görürük.
Yaradılan və yaradılmaqda olan yeni sənaye müəssisələri bizim uzunmüddətli inkişaf strategiyamızı müəyyən edəcəkdir. Azərbaycan dövləti öz üzərinə düşən bütün vəzifələri icra edir və artıqlaması ilə icra edir. Azərbaycandakı kimi özəl sektora dəstək bəlkə heç bir ölkədə yoxdur. Bu dəstək, ilk növbədə siyasi dəstəkdir.
Sahibkarlarla mənim təkcə Bakıda deyil, bölgələrdə də mütəmadi görüşlərim olur. Mənim iştirakımla bölgələrdə 500-ə qədər sənaye müəssisəsi açılmışdır. Ancaq mənim iştirakım olmadan çoxlu müəssisələr açılmışdır. Bütövlükdə 40 mindən çox yeni müəssisə yaradılmışdır. Müəssisə yaradılması iş yerləridir, maaşdır, yerli istehsaldır, idxalı əvəzləmək üçün imkanlardır, ölkəmizin inkişafıdır, canlanmasıdır.
Azərbaycan dövləti sahibkarlara siyasi dəstəkdən başqa, iqtisadi dəstək də verir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu günə qədər, əgər 2012-ci ili də nəzərə alsaq, güzəştli şərtlərlə 900 milyon manat kredit verilmişdir. Onların mütləq əksəriyyəti bölgələrə və demək olar ki, hamısı iqtisadiyyatın real sektoruna yönəldilib. Beləliklə, bu kreditlərin hesabına böyük işlər görülür və mən çox şadam ki, sahibkarlar da dövlətin bu dəstəyinə çox böyük məsuliyyətlə yanaşırlar. Kreditlərin hamısı vaxtında qaytarılır və hazırda bu il üçün nəzərdə tutulmuş 200 milyon manat kreditin böyük hissəsini əvvəlki illərdə verilən və qaytarılan kreditlər təşkil edir. Yəni, bu, artıq böyük bir məbləğdir. Əlbəttə ki, sahibkarlara veriləcək kreditlərin həcmi ildən-ilə artacaq və hər bir sahibkara daha da böyük məbləğdə kreditin verilməsi mümkündür.
Uğurlarımızın təməlində bir daha demək istəyirəm ki, həm iqtisadi siyasət, islahatlar, eyni zamanda, ölkədə mövcud olan ictimai-siyasi sabitlik, icra strukturlarındakı güclü nizam-intizam dayanır. Nizam-intizam olmadan, biz uğurlara nail ola bilməzdik. Mən bütün icra orqanlarının rəhbərlərinə demişdim, bu gün də deyirəm ki, sahibkarlarla bir yerdə olun, onlara kömək edin, onların işinə qarışmayın, onlara maneçilik törətməyin. Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır. Biz bu istiqaməti seçmişik və bu istiqamət bizə uğurlar gətirir. Ancaq bununla bərabər, indi böhran içində çabalayan inkişaf etmiş ölkələrin təcrübəsini öyrənirik və görürük, bir daha yəqin edirik ki, sırf bazar iqtisadiyyatı prinsipləri bəzi hallarda işləmir. Avropada biz nəyi görürük? Dövlət öz üzərinə böyük öhdəliklər götürür. Bankları, böyük müəssisələri müflisləşmədən xilas etmək üçün dövlət tərəfindən vəsait qoyulur. Biz bu siyasəti 2004-cü ildən başlamışıq. Xatırlayıram, o vaxt biz bəzi hallarda daha çox beynəlxalq maliyyə qurumlarının kreditlərindən asılı idik. Bizə məsləhətlər, tövsiyələr verilirdi ki, dövlət bu işlərə qarışmasın, özəl sektor özü inkişaf etsin, dövlət kənarda dayansın. Necə ola bilər? Bu, bizim ölkəmizdir. İstər dövlət, istər özəl şirkət olsun, bu, Azərbaycan şirkətidir. Necə ola bilər ki, biz ona kömək etməyək?! Ona görə bizim dəstəyimiz vacibdir. Həm siyasi sahədə, həm ümumiyyətlə Azərbaycanda hökm sürən gözəl ictimai ab-hava bu dəstəyi gücləndirdi.
Maliyyə dəstəyi, kreditlərin verilməsi və eyni zamanda, xüsusilə kiçik sahibkarlar üçün biznes planların hazırlanması da artıq dövlət işi olmuşdur. İqtisadi İnkişaf Nazirliyi çox dəqiq tövsiyə planları hazırlamışdır. Onlar sahibkarların imkanları ilə bağlı olan planlardır. Kimin nəyə imkanı çatır, o həcmdə də özü üçün biznes qura bilər. Yəni, biz buna da razıyıq, təki inkişaf olsun. Eyni zamanda, sahibkarlar yaxşı bilirlər ki, nə qədər güzəştlər verilir. Sahibkarlar kənd təsərrüfatında bütün vergilərdən, - torpaq vergisi istisna olmaqla, - azaddırlar.
Bu qərar 1990-cı illərdə o vaxt kənd təsərrüfatını stimullaşdırmaq üçün verilmişdi. İndi kənd təsərrüfatını stimullaşdırmaq üçün o qədər də böyük ehtiyac yoxdur. Ancaq bu qərar qüvvədədir, biz onu ləğv etmirik ki, sahibkarlara kömək edək.
Gübrələr, yanacaq güzəştli şərtlərlə verilir. Hər hektar taxıl əkini üçün vəsait verilir. Yəni, biz bunu edirik və etməliyik. Sahibkarlar da öz tərəfindən öz işi ilə həm özlərinə, həm də dövlətə qulluq etməlidirlər. Mənim sahibkarlardan tələblərim bundan ibarətdir ki, yaşadıqları bölgələrdə və fəaliyyət göstərdikləri sahələrdə yaxşı işləsinlər, vergiləri vaxtında versinlər. Dövlət qarşısında onların heç bir borcu olmasın. İş yerləri yaratsınlar, bizneslərini daha da genişləndirsinlər, daha da yaxşı yaşasınlar, daha da zəngin olsunlar. Mən hesab edirəm ki, bu fikirlə sahibkarların fikirləri arasında heç bir fərq ola bilməz.
Əlbəttə ki, sahibkarlar müxtəlif sosial layihələrə qoşulduqda bu, mənim onlara, necə deyərlər, münasibətimi daha da yaxşılaşdırır. Mən deyə bilərəm ki, son illərdə sahibkarlar bu sahədə də məsuliyyət göstərirlər və sosialyönümlü layihələri icra edirlər. Bölgələrdə, xüsusilə məktəb tikintisinə, sosialyönümlü tədbirlərə yardımlar edirlər. Mən bunu dəstəkləyirəm. Ancaq yenə də demək istəyirəm ki, belə bir tələb sahibkarlar qarşısında qoyulmur. Bu, könüllü məsələdir. Etsələr, sağ olsunlar. Etməsələr, edənlərə baxıb onlar da çalışsınlar, bu işlərə öz dəstəklərini versinlər...
Azərbaycan dövləti bundan sonra da ölkəmizin hərtərəfli inkişafı üçün əlindən gələni edəcəkdir. Bizim düşünülmüş proqramımız, siyasətimiz vardır. 2013-cü ilə qədər ikinci Dövlət Proqramı icra ediləcəkdir. Mən əminəm ki, 2009-cu ildə qəbul edilmiş Proqram artıqlaması ilə icra ediləcəkdir. Beləliklə, 2013-cü ilin sonuna qədər ölkəmizdə əsas infrastruktur məsələləri öz həllini tapmalıdır və tapacaq. Çünki icrası davam edən və bitmək üzrə olan böyük infrastruktur layihələri artıq bu inamı yaradır. Əlbəttə, mən hesab edirəm ki, gələcək 2 il ərzində biz hamımız çox fəal işləməliyik ki, Dövlət Proqramını vaxtından əvvəl və böyük həcmdə icra edək, ölkəmizin uğurlu inkişafını təmin edək.
Azərbaycana böyük həcmdə investisiya qoyulur. Bu, çox müsbət haldır. Biz xarici investisiyaları alqışlayırıq. Bizim uğurlu iqtisadi inkişafımız məhz xaricdən gələn investisiyalar hesabına başlamışdır. "Əsrin kontraktı"nın imzalanması Azərbaycanı dünyaya tanıtdırdı və birinci dövrdə əlbəttə ki, xarici şirkətlər qeyri-neft sektoruna vəsait qoymaq istəmirdilər. Onları məcbur etmək də mümkün deyildi. Ancaq biz neftin satışından əldə edilən gəlirləri qeyri-neft sektoruna istiqamətləndirdik və beləliklə, dövlət investisiya yükünü öz üzərinə götürmüşdür. Əgər neft-qaz sektorunda bu vaxta qədər əsas investisiyalar xaricdən gəlirdisə, - halbuki indi bu balans da dəyişilir, - qeyri-neft sektorunda əsas yük Azərbaycan dövlətinin üzərindədir. Keçən il ölkəmizə 20 milyard dollardan çox investisiya qoyulmuşdur və onlardan 13 milyardı daxili investisiyalardır. Builki Dövlət İnvestisiya Proqramı da çox böyükdür. Ümumiyyətlə, ancaq dövlət xətti ilə bu il ölkə iqtisadiyyatına 7 milyard manat investisiya qoyuluşu gözlənilir. Onlardan 5,7 milyard manatı Dövlət İnvestisiya Proqramı, yəni büdcə hesabına, 1,3 milyard dövlət zəmanətli kreditlər hesabına qoyulacaqdır. Bu, çox böyük məbləğdir. Bu məbləğ bizə imkan verəcək ki, 2012-ci ildə iqtisadi inkişafımızı, xüsusilə qeyri-neft sektorunun inkişafını yüksək templərlə təmin edə və daha da böyük işlər görə bilək. Mən ümid edirəm ki, bu il özəl sektorda təxminən o səviyyədə sərmayə qoyulmalıdır.
Bunun üçün imkanlar vardır. İcrada olan və yeni başlayan layihələr belə imkanları yaradır. Mən hesab edirəm ki, bu il də ölkə iqtisadiyyatına qoyulacaq investisiya 20 milyard dollardan aşağı olmamalıdır. Beləliklə, biz bu investisiyaların nəticəsində ölkəmizin hərtərəfli inkişafını daha da sürətlə təmin edəcəyik. Proqramın icrası və əslində ölkəmizin inkişafı daha da uğurlu olacaqdır.
Bir daha demək istəyirəm ki, bütövlükdə ölkə qarşısında iqtisadi sahədə mən heç bir problem görmürəm. Biz dünya maliyyə və iqtisadi böhranı illərində - 2008-2009-cu illərdə də uğurlu inkişafımızı təmin edə bilmişik. Azərbaycan əhalisi demək olar ki, o böhranın fəsadlarını hiss etməmişdir. İndi böhranın ikinci mərhələsi haqqında dünyada müzakirələr gedir. Ancaq Azərbaycanda bu da hiss olunmur. Nəyə görə?! Çünki bizim siyasətimiz düşünülmüş siyasətdir, ağıllı siyasətdir. Biz imkanlarımıza görə öz proqramlarımızı icra edirik. Bizə lazımdır ki, bax belə vəziyyətdə, belə şəraitdə, sakit şəraitdə Azərbaycan inkişaf etsin.
Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, hədəfimiz inkişaf etmiş ölkələrin sırasına daxil olmaqdır. Əgər bir neçə il bundan əvvəl mən bu sözləri deyəndə ola bilər, bəziləri buna şübhə ilə yanaşırdı. İndi mən əminəm, hamı görür ki, bu, mümkündür. Ölkəmizin siyasi çəkisi artır. Biz dünya işlərində həlledici sözə malik oluruq. Bizi dünya ictimaiyyəti dəstəkləyir. Biz BMT Təhlükəsizlik Şurasına üzv olmuşuq. Regionda imkanlarımız genişlənir. Bizimlə əməkdaşlıq etmək istəyənlərin sayı artır. İndi Azərbaycan investisiyalarını öz ölkələrinə cəlb etmək üçün başqa ölkələrdə müəyyən dərəcədə işlər gedir. Biz indi öz sərmayəmizlə, öz şirkətlərimizlə xarici bazarlara çıxırıq. Bu barədə hələ mən danışacağam, biz öz şirkətlərimizi nəinki Azərbaycanda, xaricdə də dəstəkləməliyik. Bizim Dövlət Neft Şirkəti beynəlxalq enerji şirkətinə, böyük nüfuza, böyük biznes imkanlarına malik olan şirkətə çevrilibdir. Avropada, başqa qitələrdə SOCAR-ın fəaliyyət dairəsi genişlənir. Bəzi ölkələrin yanacaq balansında Azərbaycanın rolu 20-30 faizə çatıbdır. Biz enerji təhlükəsizliyi məsələlərini uğurla həll edirik. Bugünkü toplantı əlbəttə ki, qeyri-neft sektorunun inkişafına həsr edilibdir. Ancaq biz yaxşı bilirik ki, əgər enerji siyasətində hər hansı birimiz səhv buraxsaydıq, bugünkü uğurlardan danışmaq mümkün olmazdı.
Bizim enerji siyasətimiz qüsursuzdur. Neft strategiyamızın təməlini ulu öndər 1990-cı illərin əvvəllərində qoymuşdur və bu strategiya davam edir. Əlbəttə ki, indi yeni məsələlər, yeni çağırışlar ortaya çıxır. Azərbaycan həm neft, həm qaz ixrac edən ölkəyə çevrilir və dünya üçün qaz ixrac edən ölkə kimi bəlkə daha da önəmlidir. Biz bu məsuliyyətə hazırıq. Biz ölkə daxilində və bizim strateji tərəfdaşlarımızla birlikdə elə təşəbbüslər irəli sürürük ki, bu təşəbbüslər yalnız və yalnız Azərbaycana uğur gətirəcəkdir. Biz heç bir mövqeyimizi əldən verməmişik, əksinə mövqelərimizi möhkəmləndirə, iradəmizi müdafiə edə bilmişik.
Bu gün Azərbaycanın qaz resursları Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün vacib rol oynayır. Gələcək illərdə bu rol daha da artacaqdır. Biz bunu bilirik. Onu da bilirik ki, qaz bərpa olunan enerji növü deyildir. Avropanı qazla təchiz edən bəzi ölkələrin qaz ehtiyatları tükənir. Avropada qaza tələbat getdikcə artacaqdır. Bunu da biz bilirik ki, nə dərəcədə artacaqdır. Nəzərə alsaq ki, Yaponiyada baş vermiş dəhşətli qəza nəticəsində bəzi Avropa ölkələrində nüvə enerjisinə qadağa qoyulur, qaza olan tələbat daha da artacaqdır. Belə olan halda, Azərbaycan qazına tələbat daha da böyük dərəcədə artacaqdır.
Bizim enerji siyasətimiz ondan ibarətdir ki, çoxşaxəli ixrac imkanları yaradaq və əslində yaratmışıq. Bizim dörd qaz kəmərimiz vardır. Hazırda əksər qonşulara Azərbaycan qazı nəql edilir. Gələcəkdə daha da böyük həcmdə nəql olunacaqdır. Bu sahədə əlbəttə ki, biz qazın sahibi və ixracatçısı kimi öz siyasətimizi müdafiə edirik. Bizim siyasətimiz istehlakçıların maraqlarına da uyğundur.
Biz indi böyük transmilli layihələr üzərində işləyirik. Bu layihələr həyata keçirilərsə ölkəmizin uzunmüddətli uğurlu inkişafı təmin ediləcəkdir. Onsuz da təmin ediləcəkdir, amma bu layihələrlə Azərbaycan daha da güclü dövlətə çevriləcəkdir. Azərbaycanın sözü daha da əhəmiyyətli olacaqdır. Həm regionda, həm dünyada mövqelərimiz daha da təsirli olacaqdır. Mən bunu istəyirəm. Biz güclü dövlət yaradırıq. Güclü iqtisadiyyat və güclü siyasət əsasında güclü dövlət yaradırıq.
Bizim iqtisadi potensialımız, şaxələndirilmiş iqtisadiyyat, neft-qaz amili, tranzit imkanlarımız, - hansı ki, biz özümüz yaratmışıq, - çox böyük dəyərlərdir. Biz, yenə də deyirəm ki, öz gücümüzü bilirik. Sadəcə olaraq, bəzi hallarda bunu göstərmək istəmirik. Amma lazım gəldikdə göstəririk. Biz özümüzə çox arxayınıq. Azərbaycanın güclü olması, mən hesab edirəm ki, bölgə üçün, dünya üçün çox vacib olan məsələdir. Çünki bizim siyasətimiz xoşniyyətlidir. Bizim siyasətimiz əməkdaşlığa yönəldilibdir. Bizim enerji siyasətimiz də düşmənçiliyə yox, dostluğa yönəldilibdir. Biz enerji siyasətində də bir çox hallarda dostlarımıza kömək göstəririk. Çünki əvvəla, buna onların ehtiyacı vardır. İkincisi, ona görə ki, bizim fəlsəfəmiz belədir. Üçüncüsü isə, dostluq münasibətləri bizim biznes maraqlarımızı daha da böyük dərəcədə təmin edəcəkdir. Biz görürük ki, bu gün enerji sahəsində Azərbaycan ilə işləmək istəyənlərin sayı artır. Azərbaycanı, SOCAR-ı özəlləşdirmə layihələrinə dəvət edirlər. Yəni, bizə inanırlar, güvənirlər və bizimlə hesablaşırlar.
Biz bundan sonra da bütün istiqamətlər üzrə müstəqil siyasətimizi davam etdirəcəyik. Azərbaycan bu gün artıq regional müstəvidən çıxıbdır, dünya müstəvisindədir. Biz artıq "Böyük iyirmilik"in toplantılarında iştirak edirik. Bu yaxınlarda Meksikada keçirilmiş "Böyük iyirmilik"in xarici işlər nazirlərinin yığıncağında bizim xarici işlər naziri iştirak etmişdir. Oraya cəmi 10, yəni "iyirmiliyə" daxil olmayan ölkələr dəvət edilmişdi. Onlardan biri Azərbaycan idi. Reallıq bundan ibarətdir.
Ölkəmizi daha da sürətlə inkişaf etdirmək üçün, mən bir daha qayıdıram bizim əsas mövzumuza. Biznes şəraitinin yaxşılaşdırılması davam etdirilməlidir, sahibkarlığa daha da yaxşı şərait yaradılmalıdır. Dövlət öz üzərinə düşən vəzifəni icra edir. Eyni zamanda, ölkədə hələ də mövcud olan xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılır. Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bir gün də dayanmır. Bu mübarizənin artıq yaxşı nəticələri var, daha da yaxşı nəticələri olacaqdır. Biz bu böyük bəlanı ölkəmizdən yığışdırmalıyıq, təmizləməliyik. Elə etməliyik ki, Azərbaycan hər sahədə - həm siyasi, həm iqtisadi, həm korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə sahəsində nümunə olsun və olacaqdır.
Beləliklə, bugünkü toplantının keçirilməsi, mən hesab edirəm ki, proqramın icrasına yeni təkan verəcəkdir. Bugünkü iclasda həm sahibkarlar, həm yerli icra orqanlarının rəhbərləri iştirak edirlər. Bu format artıq ənənəvi xarakter daşıyır. Bu gün aparılan müzakirələr və bundan sonra veriləcək qərarlar 2012-ci ildə Dövlət Proqramının icrası üçün yeni imkanlar yaradacaqdır.

{nl}


Sonra iqtisadi inkişaf naziri Şahin MUSTAFAYEV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
Hörmətli konfrans iştirakçıları!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətləri olan qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsinin təmin olunması, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və əhalinin rifahının daha da yüksəlməsi nəticəsində ölkənin davamlı sosial-iqtisadi tərəqqisinə nail olunmuş və əvvəlki illərdə olduğu kimi, 2011-ci ildə də inkişaf davam etmişdir.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ölkə iqtisadiyyatının dinamik inkişafında müstəsna rol oynamışdır.
Azərbaycan Respublikasının Prezidenti proqramın icrasını və regionların inkişafını həmişə olduğu kimi diqqət mərkəzində saxlamış, 34 rayon və şəhərdə 300-ə yaxın müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə tanış olmuşdur.
Yerlərdə ictimaiyyətin nümayəndələri ilə keçirilmiş görüşlərdə qaldırılmış məsələləri nəzərə alaraq, müvafiq rayonların inkişafı ilə bağlı tədbirlərə 140 milyon manat əlavə vəsaitin ayrılması barədə Azərbaycan Prezidenti 40 Sərəncam imzalamış, müvafiq tapşırıq və tövsiyələrini vermişdir.
Ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş məqsədyönlü siyasət nəticəsində 2011-ci ildə 72 min 400-ü daimi olmaqla, 94 min yeni iş yeri və 5 mindən çox müəssisə açılmışdır. Ümumilikdə, 2009-cu ildən ötən müddət ərzində Dövlət Proqramının icrası nəticəsində ölkə üzrə 14,7 min müəssisə fəaliyyətə başlamış və 241 min yeni iş yeri yaradılmışdır ki, bunun 180 mini daimidir. Yoxsulluğun səviyyəsi 7,6 faizə enmişdir.
Möhtərəm cənab Prezident!
Ötən il regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci ilinin yekunları ilə bağlı keçirilmiş konfransda Proqramın icrasına dair verdiyiniz tapşırıqlara uyğun olaraq zəruri tədbirlər görülmüşdür.
Regionların sosial-iqtisadi inkişafının infrastruktur təminatının gücləndirilməsi mühüm istiqamət kimi diqqət mərkəzində saxlanılmış, ötən il regionların inkişafı üçün əsas kapitala 6 milyard manatdan çox vəsait yönəldilmişdir.
Əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədi ilə 2011-ci ildə 310 transformator və 25 yarımstansiya quraşdırılıb istifadəyə verilmişdir.
Hazırda ölkədə elektrik enerjisinin 70 faizindən çoxu regionlarda istehsal edilir ki, bu da enerji təhlükəsizliyinin təmin edilməsində bölgələrin vacib rol oynadığını göstərir.
Tapşırığınıza əsasən elektrik ötürücü xətlərin çəkilişi və yenilənməsi işi prioritet istiqamət kimi müəyyən edilmiş, ötən il 3 min 700 kilometrədək xətt çəkilmiş, bu sahədə müvafiq tədbirlər davam etdirilir.
Ölkədə alternativ enerjinin əldə edilməsi istiqamətində görülən işlər çərçivəsində Qobustan rayonunun ərazisində 5 meqavat gücündə hibrid tipli eksperimental poliqonu və tədris mərkəzi istifadəyə verilmiş, külək, günəş və bioqaz stansiyaları ilə təchiz edilmişdir.
Yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində işlər davam etdirilmiş, 5 min kilometrdən çox qaz kəməri çəkilərək əlavə 148 yaşayış məntəqəsi qazlaşdırılmış, 1537 kilometr qaz kəməri əsaslı təmir edilmişdir.
Proqram çərçivəsində 690 kilometrədək respublika və yerli əhəmiyyətli avtomobil yolları, o cümlədən 220 kilometr kənd yolları tikilmiş və təmir olunmuş, 25 yeni körpü və tunel inşa edilmişdir. Bundan başqa, Qaxda və Qubada avtovağzal kompleksləri, Qəbələdə müasir beynəlxalq hava limanı istifadəyə verilmişdir.
Ötən il informasiya və rabitə xidmətlərinin yaxşılaşdırılması məqsədilə 60 ATS və 31 poçt şöbəsi istifadəyə verilmiş, kənd yerlərində poçt şöbələrinin sayı 1200-ə çatdırılmışdır. Ölkədə hər 100 nəfərə düşən kompyuterlərin sayı 2009-cu ildəki 12 ədəddən 20 ədədə çatmış, hər 100 nəfərdən 65-i isə internet istifadəçisi olmuşdur. Ölkənin bütün yaşayış məntəqələrinin telefonlaşdırılması başa çatdırılmış, rəqəmsal yayım şəbəkəsinin təşkili ilə bağlı rayonlarda 9 verici stansiya quraşdırılmışdır.
Dövlət Proqramında əhalinin su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı nəzərdə tutulmuş işlər 2011-ci ildə də davam etdirilmiş, ölkənin 36 şəhər və rayonunun su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır.
Kür-Araz çayları ətrafında yaşayan əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatının yaxşılaşdırılması məqsədi ilə Dövlət Proqramı çərçivəsində ümumilikdə 18 rayonun 188 yaşayış məntəqəsində modul tipli su təmizləyici qurğular quraşdırılmış, nəticədə 340 min nəfərdən artıq əhali içməli su ilə təmin olunmuşdur.
İl ərzində kənd təsərrüfatı torpaqlarında 91 min metr kollektor-drenaj şəbəkələri, 63 min metrdən çox suvarma kanalları tikilmiş və yenidən qurulmuşdur. Bununla yanaşı, 90 min hektara yaxın əkin sahəsinin suvarılmasını yaxşılaşdıracaq Vəlvələçay-Taxtakörpü su kanalının və Şəmkirçay dəryaçasının tikintisi davam etdirilmişdir.
Respublika üzrə 18,6 min hektar sahədə su təminatı, 19 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılmış və 1100 hektar sahədə yeni suvarılan torpaqlar istifadəyə verilmişdir.
Aparılan sənayeləşmə siyasəti regionların dinamik inkişafına ciddi təkan vermiş, Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və sənaye qazları, Qaradağda müasir tikinti materialları, Abşeronda mebel və MDF istehsalı, Naxçıvanda biskvit və şokolad, tikiş, dam örtüyü və qarışıq yem fabrikləri, İmişlidə yem və bitki yağları, Samuxda meyvə qurudulması və emalı, Oğuzda qlükoza istehsalı, Ağcabədidə və Tovuzda süd emalı, Qəbələdə limonad, Ağsuda və Şəkidə şirə və şərab, Xaçmazda kondensator zavodları və digər sənaye müəssisələri istismara verilmişdir.
Hazırda yeni istehsal və emal sənayesi müəssisələrinin, o cümlədən Gəmiqayırma zavodunun, Qaradağ və Ağstafa rayonlarında yeni sement zavodlarının, Qaradağ sement zavodunda yeni quru texnologiyalı sobanın, Günəş panelləri zavodunun, Hacıqabulda kafel-metlax, Sumqayıtda kağız emalı, bitki yağları zavodları, xovlu iplik, parça və boya fabriklərinin, gübrə zavodunun, eləcə də müxtəlif regionlarda süd və ət emalı, konserv, çörək zavodlarının, quşçuluq fabriklərinin və digər sənaye müəssisələrinin tikintisi davam etdirilir.
Bununla yanaşı, ölkə Prezidentinin Sumqayıtda və Balaxanıda sənaye parklarının yaradılması ilə bağlı müvafiq fərman və sərəncamları innovativ və yüksək texnologiyalara əsaslanan müəssisələrin təşkil edilməsi və sənayeləşmə sahəsində yeni dövrün başlanmasına təkan vermişdir.
Ölkə iqtisadiyyatının prioritet sahələrindən olan aqrar sektorda intensiv metodların tətbiqinin genişləndirilməsi, dövlət dəstəyi tədbirlərinin davam etdirilməsi, quşçuluq və heyvandarlıq komplekslərinin, intensiv bağçılıq təsərrüfatlarının, istixanaların və məhsulların saxlanılması üçün anbar infrastrukturunın yaradılması regionların sosial-iqtisadi inkişafını sürətləndirməklə kənd təsərrüfatı məhsullarının istehsalını artırmış, bir sıra əsas ərzaq məhsulları üzrə tələbatın yerli istehsal hesabına təmin olunmasına, ərzaq mallarının qiymətlərinin sabitləşməsinə, qeyri-neft ixracının artırılmasına imkan vermişdir.
Eyni zamanda, bir çox məhsul növləri üzrə yerli istehsal hesabına təminat səviyyəsi artmış və yaxın 2-3 ildə bu sahədə daha yüksək nəticələr əldə etmək üçün zəmin yaradılmışdır. Belə ki, təkcə Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə etməklə, hazırda 23 quşçuluq fabrikinin, 5 heyvandarlıq kompleksinin, 14 soyuducu və taxıl anbarının, 13 istixana kompleksinin, 5 süd emalı, 3 ət emalı, 4 konserv, 8 çörək zavodlarının və digər müəssisələrin tikintisi aparılır.
Ümumilikdə, 2011-ci ildə Fondun vəsaitləri hesabına 1643 sahibkara 138 milyon manat güzəştli kredit verilmiş və bu kreditlər hesabına 6 min 500-dək yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Verilmiş kreditlərin 75 faizi regionların payına düşür.
İl ərzində güzəştli kreditlər hesabına maliyyələşdirilmiş 33 istehsal, emal, infrastruktur müəssisələri istifadəyə verilmiş, 96 müəssisənin bu il istifadəyə verilməsi gözlənilir.
"Aqrolizinq" xətti ilə kənd təsərrüfatı texnikası, avadanlıqlar və damazlıq heyvanlar gətirilərək güzəştli şərtlərlə fermerlərə lizinqə verilmiş, rayon aqroservis filiallarının maddi-texniki bazası möhkəmləndirilmişdir.
Möhtərəm cənab Prezident!
Tapşırığınıza əsasən üzümçülüyün inkişafına dair Dövlət Proqramı hazırlanmış və Sərəncamınızla təsdiq edilərək icrasına başlanmışdır. Bu Proqramın icrası ölkədə üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsinə, aqrar sahənin gəlirliliyinin və ixracat potensialının artırılmasına və kənd əhalisinin maddi rifahının yüksəldilməsinə əlverişli şərait yaradacaqdır.
Dövlət Proqramının icrası ilə əlaqədar regionlarda sosial infrastruktur obyektlərinin, xüsusən də təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması işləri davam etdirilmişdir.
Ötən il 247 təhsil müəssisəsi tikilmiş və əsaslı təmir olunmuş, məktəblərin 87 faizi, o cümlədən şəhərlərdə 94 faizi, kənd yerlərində isə 84 faizi kompyuterlərlə təchiz edilmişdir. Qarşıdakı iki il ərzində təkcə regionlarda 325 məktəbin tikintisi və ya əsaslı təmiri nəzərdə tutulur. Bu da o deməkdir ki, proqramın icrası başa çatdıqdan sonra qəzalı vəziyyətdə olan məktəb qalmayacaqdır.
Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə 54 səhiyyə obyekti, o cümlədən yeni müalicə və diaqnostika mərkəzləri, xəstəxanalar, ambulatoriya-poliklinika müəssisələri tikilmiş və ya əsaslı təmir olunmuşdur.
Ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması və aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində nəzərdə tutulmuş tədbirlər Dövlət Proqramına uyğun olaraq ardıcıllıqla davam etdirilmişdir. Əlil və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə 6 rayon və şəhərin hər birində 36 mənzilli yaşayış binası tikilmiş, 33 şəhid ailəsi yeni mənzillə təmin olunmuşdur.
Məcburi köçkünlərin yaşayış səviyyəsinin və mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədi ilə ötən il Ağcabədi rayonu ərazisində 560 məcburi köçkün ailəsi üçün 10 yaşayış binasının və Taxtakörpü ərazisində 552 məcburi köçkün ailəsi üçün yeni qəsəbənin, Goranboy rayonu ərazisində 525 ailəlik 9 yaşayış binasının tikintisi başa çatdırılmışdır.
Dövlətimizin başçısı tərəfindən 2011-ci ilin "Turizm ili" elan edilməsi turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi istiqamətində görülən işlərə təkan vermiş, ölkənin müxtəlif regionlarında, o cümlədən Qəbələ, Balakən, Qax, Şəki, Qusar, Naftalan, Qobustan, Füzuli, Lənkəran və Lerikdə yeni turizm və mədəniyyət obyektlərinin açılışı olmuşdur.
Əvvəlki illərdə olduğu kimi, təhsil, səhiyyə, mədəniyyət və digər sosial sahələrdə görülmüş işlərə Heydər Əliyev Fondunun müstəsna töhfəsi olmuşdur.
Ötən il də ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində genişmiqyaslı işlər aparılmış, Dövlət Proqramı çərçivəsində 10,5 min hektar sahədə meşə-bərpa tədbirləri yerinə yetirilmiş, yaşıllıqlar və parklar salınmışdır.
Əhalinin sağlam həyat tərzinin təmin olunması məqsədi ilə hər bir vətəndaşın bədən tərbiyəsi və idmanla məşğul olması üçün aparılan işlər davam etdirilmiş, 4 rayon və şəhərdə Olimpiya İdman kompleksləri inşa edilmiş, şahmat məktəbləri açılmış, Şəki Olimpiya İdman Kompleksi əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Möhtərəm cənab Prezident! Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində infrastruktur təminatı yaxşılaşmış, sahibkarlıq fəaliyyəti üçün imkanlar daha da genişlənmiş, bölgələrimizin siması dəyişmiş və investisiya cəlbediciliyi artmışdır.
Bu da regionlarda rəqabət qabiliyyətli və ixrac yönümlü məhsullar istehsal edən, müasir texnologiyalara əsaslanan müəssisələrin yaradılmasına şərait yaratmışdır. Regionlarda istehsal olunan bir çox məhsullarımız artıq Avropa və Amerika bazarlarına da ixrac olunur ki, bu da bütövlükdə qeyri-neft ixracını artırmışdır. İxrac yönümlü müəssisələrə dövlət dəstəyinin genişləndirilməsi və ixrac imkanlarının daha da artırılması istiqamətində işlər davam etdirilir.
Proqramların icrasının ən əhəmiyyətli yekunlarından biri də ondan ibarətdir ki, ümumilikdə regionlarda məşğulluğun artması, gəlir əldə etmək imkanlarının genişlənməsi və həyat səviyyəsinin yüksəlməsi nəticəsində əhalinin paytaxta axını əks proseslə əvəz olunmuşdur.
Möhtərəm cənab Prezident! Çıxışımın sonunda bildirmək istəyirəm ki, Sizin uzaqgörən, sistemli və qətiyyətli sosial-iqtisadi inkişaf siyasətiniz və regionlara göstərdiyiniz diqqət qarşıdakı illərdə də Dövlət Proqramından irəli gələn vəzifələrin, verdiyiniz tapşırıqların vaxtında və yüksək səviyyədə yerinə yetirilməsini, regionların və bütövlükdə ölkəmizin inkişafının daha da sürətlənməsini təmin edəcəkdir.
Diqqətinizə görə minnətdaram!
* * *
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar VƏLİYEV hazırda şəhərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri barədə dövlətimizin başçısına məlumat verərək dedi:
- İcazə verin, bu mötəbər kürsüdən bütün gəncəlilərin hörmət və ehtiramını, hərarətli salamlarını Sizə çatdırım.
Müstəqil Azərbaycanın ən yeni tarixinə intibah illəri kimi düşən bu qısa zaman kəsiyi, ölkəmizin bütün bölgələrində olduğu kimi, Gəncə şəhərinin tarixində də xüsusi bir yüksəliş mərhələsi olmuşdur.
Cənab Prezident!
Xüsusilə vurğulamaq istəyirəm ki, hər dəfə olduğu kimi, bu il yanvarın 21-də Gəncəyə etdiyiniz səfər şəhərimizin inkişafına yeni təkan vermişdir. Gəncə sakinləri hələ də bu tarixi səfərin yaratdığı yüksək əhval-ruhiyyənin təsiri altında yaşayırlar.
Sizin söylədiyiniz "Gəncə qədim simasını saxlamaqla yeni, müasir yanaşma ilə daha da gözəlləşir. Belə getsə, Gəncə ən gözəl şəhər olacaqdır və olmalıdır" fikri indi hər bir gəncəlinin qürur mənbəyinə çevrilmişdir.
Bu yüksəlişi, Gəncə şəhərinin gələcək müqəddəratını, cənab Prezident, Sizin qəbul etdiyiniz sərəncamlar, verdiyiniz tapşırıqlar müəyyən və təmin etmiş oldu. Gəncənin uşaqdan böyüyə hər bir sakini sevimli şəhərinə dövlət başçısının səmimi münasibətini, qayğısını duyur və yüksək qiymətləndirir.
Gəncənin müasir sənaye, mədəniyyət və turizm şəhəri kimi yenidən qurulması ilə əlaqədar verdiyiniz tapşırıqlar məhz verilən sərəncamlara söykənərək böyük məsuliyyətlə həyata keçirilir.
Möhtərəm cənab Prezident!
Uzun illər Gəncə şəhərinin su təchizatı məsələsi böyük problem olaraq qalırdı. Yalnız Sizin tapşırıq və göstərişinizdən sonra ikinci Dövlət Proqramı çərçivəsində bu məsələyə yenidən baxılmışdır. Hazırda bu layihə mərhələli şəkildə həyata keçirilir. Layihəyə görə işlərin tamamlanması nəticəsində şəhərə üç istiqamətdən - Göygöl, Qızılqaya və Şəmkirçaydan saniyədə 1500 litrə yaxın su daxil olacaqdır.
Elmar Vəliyev Gəncə şəhərinin təbii qaz və elektrik enerjisi ilə təchizatı, həmçinin şəhərdaxili prospekt və yolların genişləndirilməsi, küçə və meydanların abadlaşdırılması, tarixi abidələrin bərpası istiqamətində görülən işlərdən də danışdı:
- Əhalinin qaz və elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. 2011-ci ildə şəhərin mərkəzi və digər küçələrində 53 kilometrdən çox qaz xətti yer altına salınaraq polietilen borularla əvəz edilmişdir. Eyni zamanda, bu il Hacıkənd qəsəbəsinin qazlaşdırılması da başa çatdırılmışdır.
Sizin göstərişinizlə şəhər daxilində ümumi uzunluğu 360 kilometr olan yüksək gərginlikli hava elektrik xətlərinin yeraltı kabellə əvəz olunması əhali tərəfindən çox böyük minnətdarlıqla qarşılanır.
Şəhərin prospekt və küçələrinin, yeni park və meydanlarının işıqlandırılması üçün 2 min 250 müasir tipli işıq dirəkləri quraşdırılmış, 650 min kvadratmetrdən çox asfalt örtüyü salınmış, 120 kilometr səki daşları düzülmüş, ayrı-ayrı küçələrdə, park və meydanlarda, müxtəlif obyektlərin qarşısında 500 min kvadratmetrdən çox qranit plitə döşənmişdir.
Cənab Prezident! İcazə verin, Sizə məruzə edim ki, şəhərdaxili yolların genişləndirilməsi ilə əlaqədar icra hakimiyyəti qarşısında qoyduğunuz vəzifə və tapşırıqlara uyğun olaraq, mərkəzdə və ümumilikdə 22 küçədə yollar genişləndirilərək əsaslı şəkildə yenidən qurulmuşdur. Hazırda bu istiqamətdə işimizi davam etdiririk.
Sizin təşəbbüsünüzlə 2010-cu ilin "Ekologiya ili" elan edilməsi ilə əlaqədar görülən işlərin davamı olaraq son bir ildə 140 mindən çox ağac, 620 mindən çox gül və çiçək kolları əkilmiş, 5,3 hektar ərazidə yaşıllaşdırma işləri aparılmışdır.
Ulu öndər Heydər Əliyevin adını daşıyan prospekt tamamilə yenidən qurulmuş, bütün kommunikasiya xətləri təzələnmişdir. Bu prospekt də daxil olmaqla ümumilikdə 200-ə yaxın binanın dam örtüyü mansard formasında təzələnmiş, 78 binanın fasadı daşla üzlənmişdir.
Möhtərəm cənab Prezident! Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında Sərəncamınıza uyğun olaraq, Gəncədə "Xəmsə" abidə kompleksinin yenidən qurulması, Nizami Gəncəvi Mərkəzinin, muzeyinin, şəhərciyinin yaradılması, Nizami Gəncəvinin məqbərəsi və onun ətrafının tamamilə yenidən qurulması şəhər sakinləri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Şübhəsiz, bütün bunlar Nizami Gəncəvi irsini öyrənən yeni ziyalı nəslinin yaranmasına və formalaşmasına təkan vermişdir.
Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzinin tikintisinin başa çatdırılması, Nizami Gəncəvi, Mirzə Şəfi Vazeh, Abbas Səhhət, Məhəmməd Hadi və Əziz Əliyev adına mədəniyyət və istirahət parklarının salınması, bünövrəsi Sizin xeyir-duanızla qoyulmuş Gəncə Dövlət Filarmoniyasının, Heydər Əliyev Mərkəzinin tikintisinin başlanması və Uğurlu Xan karvansarasının yenidən qurulması 2012-ci ildə Gəncənin mədəni həyatında baş verəcək ən mühüm hadisələrdən olacaqdır.
Eyni zamanda, məruzə etmək istəyirəm ki, təkcə bir ildə 50-dən çox ölkə və yerli əhəmiyyətli tarixi binada əsaslı bərpa işləri aparılmış və son dövrdə rəsmi qeydiyyata alınmış 500-ə yaxın tarixi və mədəniyyət abidələri peşəkar mütəxəssislər tərəfindən bərpa olunaraq turist marşrutlarına əlavə ediləcəkdir.
Cənab Prezident! Şəddadilər və Atabəylər dövlətinin paytaxtı olmuş Gəncənin Aran memarlıq məktəbinin formalaşmasında əvəzsiz rolunu layiqincə qiymətləndirən Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun xətti ilə şəhərdə XII əsr memarlığının nümunəsi olan Comərd Qəssab türbəsini, Çökək Hamam tarixi abidəsini, Cavad Xan məqbərəsini bərpa etdirmiş, Fatimeyi Zəhra məscidini tikdirmiş, dahi Nizaminin "Xəmsə"sini ayrı-ayrılıqda və tam külliyyat şəklində bənzərsiz tərtibatda çap etdirərək yubiley tədbirlərinə töhfə etmişdir.
Gəncədə təhsil və səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində 2012-ci ildə genişmiqyaslı işlər görüləcəkdir. Belə ki, 12 məktəb, 4 uşaq bağçası, 4 peşə liseyi əsaslı surətdə təmir və bərpa olunacaq, Uşaq incəsənət mərkəzinin, Gənclik mərkəzinin yeni binası tikiləcəkdir.
Hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin, Gəncə Dövlət Universitetinin, Azərbaycan Texnologiya Universitetinin və Müəllimlər İnstitutunun Gəncə filialının bütün tədris korpuslarında əsaslı təmir işləri aparılır.
Sizin tapşırığınızla 2012-ci ildə Mərkəzi Klinik Xəstəxananın Gəncədə fəaliyyət göstərməsi üçün vəsait ayrılmış, müvafiq hazırlıq və təmir işlərinin aparılmasına başlanmışdır. Bu il, eyni zamanda, Gəncənin ən böyük tibb müəssisələrindən olan Abbas Səhhət adına xəstəxanada və təcili tibbi yardım stansiyasında əsaslı təmir işləri aparılacaq, ən müasir avadanlıqla təmin olunacaqdır.
Möhtərəm cənab Prezident!
İcazə verin, bütün gəncəlilər adından şəhərimizə göstərdiyiniz sonsuz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirim və əmin edim ki, bundan sonra da qarşımıza qoyduğunuz vəzifə və tapşırıqların yerinə yetirilməsi üçün var qüvvəmizi sərf edəcəyik.
Diqqətinizə görə minnətdaram!
* * *
"Atena" süd zavodu və heyvandarlıq kompleksi idarə heyətinin sədri Elşad RƏSULOV sahibkarlığa dövlət qayğısının təzahürü olaraq yaradılan şirkətin iqtisadi səmərəsindən danışaraq dedi:
- 2008-ci ildə şirkətimiz Qarabağ bölgəsinin Ağcabədi rayonunun Ağabəyli kəndində günlük emal gücü 250 ton olan "Atena" süd zavodunun inşasına başlamışdır. Layihənin ümumi dəyəri 40 milyon manatdır. Bu layihədə bank kreditlərindən və Sahibkarlığa Kömək Milli Fondunun 2,5 milyon manat güzəştli kreditindən istifadə olunmuşdur. Layihənin həyata keçirilməsində süd emalı sahəsində dünya liderı olan "Danone" şirkəti bizə bütün mərhələlərdə məsləhət vermişdir. Bu sahədə lider şirkətlərlə əlaqə qurulmuş və kontraktlar imzalanmışdır. Tam avtomatlaşdırılmış, bir operator tərəfindən idarə olunan istehsal sahəsi yaradılmışdır. Bu gün dünya süd texnologiyasında istifadə olunan ən yüksək standart bizim süd zavodunda tətbiq olunur.
Mükəmməl laboratoriya sistemi qurulmuş və akkreditasiya olunmuşdur. Bizim laboratoriyada 108 növ analiz götürmək mümkündür. Tək süd istehsalında 98 növ analiz tətbiq edilir.
Respublikamızda 30-a yaxın çeşiddə "Atena" markalı süd məhsulları artıq alıcıların rəğbətini qazanmış və uzun müddət vitrinlərdə hökmranlıq edən, qonşu ölkələrdən gətirilən tanınmış süd brendlərinin mövqelərini zəiflətmişdir. Bu il çeşid daha da genişləndiriləcək və 50-yə çatdırılacaqdır. 2013-cü ildə süd zavodunda orqanik süd məhsullarının istehsalı da nəzərdə tutulur. Biz süd istehsalında tamamilə yeni "ESL" adlanan texnologiya tətbiq edirik və südün tərkibindəki vitamin və proteinləri qoruyub saxlayırıq. Devizimiz heç bir qatqı maddə olmadan, tam təzə süd məhsullarını 48 saat ərzində alıcılarımıza çatdırmaqdır.
Hazırda istehsal etdiyimiz məhsulları ixrac etmək üçün müəyyən hazırlıq mərhələsini keçirik. Biz artıq dünya bazarında tətbiq olunan "ISO 22000" qida məhsullarının təhlükəsizliyinin idarə edilməsi sertifikatını almışıq. İndi isə Böyük Britaniya Ticarət Birliyinin "BRC" gigiyena standartının tətbiq olunmasını həyata keçiririk. Bu standartlar bütün dünyada qəbul olunduğu üçün məhsullarımızın ixracında bizə yardım edəcəkdir.
Elşad Rəsulov "Atena" müəssisəsinin yaradılmasının bölgədə heyvandarlığın inkişafına əlavə stimul verdiyini də diqqətə çatdıraraq bildirdi:
-Ağcabədi və qonşu rayonların kəndlərində 21 süd qəbulu məntəqəsi yaratmışıq və fermer təsərrüfatlarından südün alınmasını təşkil etmişik. Artıq 2 min 200 ailə-kəndli təsərrüfatından müqavilə əsasında hər gün 30 tona yaxın süd qəbul edirik. Bu fermerlərə biz daim müxtəlif məsləhətlər veririk, yardımlar göstəririk, onları inkişaf etdiririk və gəlirlərini artırmalarına kömək edirik.
Beləliklə, Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının biz sahibkarlara verdiyi tövsiyələrinin ən vaciblərini - müasir texnologiyaların mənimsənilməsi, yüksək keyfiyyətli məhsulların istehsalı, onların həm daxili, həm də xarici bazarlarda rəqabətə davamlılığının təmin edilməsi, yüksək ixtisaslı kadrların yetişdirilməsi prinsiplərini həyata keçirməyə çalışırıq.
2011-ci il mayın 6-da bizim müəssisənin açılışında möhtərəm cənab Prezident, Siz şəxsən iştirak etdiniz, işimizə müsbət qiymət verməklə yanaşı, süd zavodunun xammal bazası ilə maraqlandınız və xammal bazasının genişləndirilməsi barədə öz tövsiyələrinizi verdiniz. Məhz bundan sonra 3 min başlıq sağmal cins inəyi olan heyvandarlıq kompleksi layihəsinin həyata keçirilməsinə qərar verdik. Layihənin ümumi dəyəri 25 milyon manatdır. Bunun da 7,5 milyon manatı güzəştli kreditdir. Layihəni biz əsasən bu sahədə dünya liderləri olan Almaniya və İsveç şirkətləri vasitəsilə həyata keçiririk. Bu layihə həyata keçirildikdən sonra bizim süd zavodu hər gün 100 tona yaxın yüksək keyfiyyətli südlə təmin olunacaqdır.
Qazanılan nailiyyətlər, əlbəttə ki, ölkə rəhbərliyinin bu sahəyə diqqəti, dövlət qurumlarının bizə əməli köməyi sayəsində mümkün olmuşdur.
Möhtərəm cənab Prezident! Azərbaycan Respublikasının sahibkarları adından bizə göstərdiyiniz böyük diqqət və qayğıya, hər addımda verdiyiniz dəstəyə görə bir daha Sizə öz minnətdarlığımızı bildirir və Sizi əmin edirik ki, ölkə iqtisadiyyatının modernləşdirilməsi, onun dünya iqtisadiyyatına inteqrasiyası yolunda apardığınız böyük işlərdə həmişə Sizinlə olacağıq.
Diqqətinizə görə çox sağ olun.
* * *


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında